Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Ölkədə iqtisadi fəallığı gücləndirmək və özəl təşəbbüslərə dəstək vermək, iqtisadiyyatda zəruri struktur dəyişiklikləri aparmaq və onun şaxələndirilməsini təmin etmək, sağlam rəqabət mühiti formalaşdırmaq, habelə milli iqtisadiyyatın səmərəliliyini yüksəltmək məqsədi ilə dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi iqtisadi siyasətin mühüm istiqaməti kimi müəyyənləşdirilmişdir. Bu sahədə aparılan işlərə təkan vermək, həmçinin dövlət əmlakından istifadə olunmasının səmərəliliyinin artırılması və onun idarə olunmasının təkmilləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin və aidiyyəti digər dövlət orqanlarının təklifləri əsasında:

1.1.1. orta müddətli dövr ərzində dövlət mülkiyyətində saxlanılacaq dövlət müəssisələrinin siyahısını müəyyənləşdirsin, həmin müəssisələrin restrukturizasiyasını həyata keçirsin və onların tabeliyində olan qeyri-profil müəssisə və obyektlərin çıxarılaraq özəlləşdirilməsi üçün tədbirlər görsün;

1.1.2. özəlləşdiriləcək dövlət müəssisələrinin sağlamlaşdırılması və onların borclarının tənzimlənməsi barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.1.3. özəlləşdirmə və idarəetməyə vermə prosesində meydana çıxan sosial problemlərin həllinə dair, o cümlədən istehsalat qəzası və peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə və ya bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borcların ödənilməsinə dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.1.4. dövlət müəssisələrinin özəlləşdirilməsi prosesində Bakı və digər şəhərlərin baş planları nəzərə alınmaqla özəlləşdirilən müəssisələrin yerləşdiyi torpaq sahələrinin sərhədlərinin şəhərsalma qanunvericiliyinə uyğun yenidən müəyyən edilməsinə dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. iri dövlət şirkətlərinin maliyyə-təsərrüfat fəaliyyətində şəffaflığı artırmaq və səmərəliliyi yüksəltmək məqsədi ilə müasir korporativ idarəetmə prinsiplərinin tətbiq olunması və vacib struktur dəyişikliklərinin aparılması üçün lazımi tədbirlərin həyata keçirilməsini təmin etsin;

1.3. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki, dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı prioritetlər müəyyənləşdirilərkən, ilk növbədə regionda rəqabət qabiliyyəti potensialı olan və sosial-iqtisadi inkişafa əhəmiyyətli töhfə verə biləcək fəaliyyəti dayanmış müəssisələrin özəlləşdirilməsinə üstünlük verilir.

3. Azərbaycan Respublikasının Özəlləşdirməyə Nəzarət üzrə Dövlət Komissiyası:

3.1. özəlləşdirmə prosesinə nəzarətin gücləndirilməsi və bu sahədə aşkarlığın təmin edilməsindən ötrü məqsədyönlü tədbirlər görsün;

3.2. dövlət əmlakının özəlləşdirilməsində şəffaflığın və məlumatlandırmanın təmin edilməsi, həmçinin müvafiq prosedurların elektron üsulla gerçəkləşdirilməsi üçün tədbirlər görsün.

4. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi:

4.1. bu Fərmanın 1.1-ci bəndində nəzərdə tutulan məsələlərə dair təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

4.2. bu Fərmanın 1.1.1-ci bəndi ilə müəyyən olunan siyahıya daxil olmayan, yerdə qalan dövlət müəssisələrinin və obyektlərinin özəlləşdirməyə açıq elan olunduğunu və qanunvericiliyə uyğun özəlləşdiriləcəyini geniş ictimaiyyətə və potensial yerli və xarici investorlara müvafiq informasiya vasitələri ilə bəyan etsin;

4.3. bu Fərman qüvvəyə mindiyi günədək “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən özəlləşdirilməsi barədə, müvafiq olaraq, Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qərar qəbul edilmiş dövlət əmlakının özəlləşdirilməsi prosesini sürətləndirsin;

4.4. dövlət mülkiyyətində olan hüquqi şəxslərin istifadəsindəki torpaqların vəziyyətini araşdırsın, tələbatdan artıq və ya istifadə olunmayan torpaq sahələrinin səmərəli istifadəsinin təmin edilməsinə yönəlmiş tədbirlər görsün;

4.5. dövlət əmlakının qanunazidd formada istifadə olunması, torpaq sahələrinin zəbt edilməsi hallarının qarşısının alınması üçün tədbirlərin görülməsini, aidiyyəti dövlət orqanlarına bu hallar barədə məlumat verilməsini təmin etsin.

5. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, dövlət mülkiyyətində olan hüquqi şəxslərə tapşırılsın:

5.1. dövlət əmlakından istifadə olunması barədə xüsusi hesabatın, eləcə də daşınmaz dövlət əmlakının tərkibindəki dəyişikliklərlə bağlı məlumatların dövlət əmlakının Registrində əksini tapması məqsədilə balanslarında olan əmlak və onun barəsində bağlanılmış əqdlər barədə məlumatların müəyyən olunmuş müddətlərdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim olunmasını təmin etsinlər;

5.2. dövlət əmlakından səmərəli istifadənin, onun qorunub saxlanılmasının təmin edilməsi üçün zəruri tədbirlər görsünlər.

6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 19 iyul 2016-cı il.

20 İyul 2016, 09:07

http://www.azertag.net

9591—9600 / 10511

26 Avqust 2014, 09:08

"Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 25 sentyabr tarixli 263 nömrəli qərarında dəyişikliklər edilməsi barədə   ətraflı...

26 Avqust 2014, 09:08

"Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli qərarında dəyişikliklər edilməsi barədə   ətraflı...

26 Avqust 2014, 09:08

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları"nda dəyişikliklər edilməsi barədə   ətraflı...

26 Avqust 2014, 09:08

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 142 nömrəli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə yüklərin daşınması qaydaları"nda dəyişikliklər edilməsi barədə   ətraflı...

25 Avqust 2014, 09:08

Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında   ətraflı...

22 Avqust 2014, 10:08

"Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin kollegiyasının tərkibi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 5 dekabr tarixli 269 nömrəli qərarında dəyişiklik edilməsi barədə   ətraflı...

22 Avqust 2014, 10:08

"Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 aprel tarixli 67 nömrəli qərarında dəyişiklik edilməsi barədə   ətraflı...

22 Avqust 2014, 10:08

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 aprel tarixli 60 nömrəli qərarı ilə təsdiq edilmiş "Yol hərəkəti haqqında"Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş pozuntulara görə inzibati tənbeh tətbiq edilmiş şəxslərin cərimə ballarının uçotu Qaydası"nda dəyişikliklər edilməsi barədə   ətraflı...

22 Avqust 2014, 10:08

"Narkomanlığa düçar olmuş şəxslərin müalicəsi, reabilitasiyası və resosializasiyası üzrə Proqram"ın təsdiq edilməsi barədə   ətraflı...

22 Avqust 2014, 10:08

"İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Qaydaları"nın təsdiq edilməsi haqqında   ətraflı...