Kənd təsərrüfatı kooperasiyası haqqında

Azərbaycan Respublikasının Qanunu

Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, kənd təsərrüfatı kooperasiyasının formalaşmasının və inkişafının, kənd təsərrüfatı kooperativlərinin təşkilinin və fəaliyyətinin hüquqi və iqtisadi əsaslarını müəyyən edir.

 

1-ci fəsil

 

Ümumi müddəalar

 

Maddə 1. Əsas anlayışlar

1.1. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.1.1. kənd təsərrüfatı kooperasiyası – kənd təsərrüfatı məhsulları istehsalçıları tərəfindən öz maddi və sosial tələbatlarının ödənilməsi məqsədilə kənd təsərrüfatı kooperativləri və onların ittifaqları vasitəsilə həyata keçirilən könüllü birgə fəaliyyət;

1.1.2. kənd təsərrüfatı kooperativi (bundan sonra - kooperativ) – kənd təsərrüfatı məhsulları istehsalçılarının birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub, iştirakçılarının maddi və sosial tələbatlarının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədi ilə yaradılan hüquqi şəxs;

1.1.3. kənd təsərrüfatı istehsal kooperativi (bundan sonra – istehsal kooperativi) – kənd təsərrüfatı məhsulları istehsalçıları olan fiziki şəxslərin gəlir əldə etmək məqsədilə şəxsi əməyi ilə iştirakına əsaslanan birgə istehsalat və digər təsərrüfat fəaliyyəti yerinə yetirmək üçün birləşməsi ilə yaradılan kommersiya hüquqi şəxs;

1.1.4. kənd təsərrüfatı istehlak kooperativi (bundan sonra - istehlak kooperativi) – kənd təsərrüfatı məhsulları istehsalçıları olan fiziki və (və ya) hüquqi şəxslərin kənd təsərrüfatı sahəsində fəaliyyəti dövründə üzvlərinin xərclərinin azalmasına və (və ya) gəlirlərinin artmasına və onların iqtisadi maraqlarının müdafiəsinə yönəlmiş xidmətlərin təşkili üçün birləşməsi yolu ilə yaradılan qeyri kommersiya hüquqi şəxs;

1.1.5. kənd təsərrüfatı istehsal-istehlak (qarışıq) kooperativi (bundan sonra – istehsal-istehlak kooperativi) – kənd təsərrüfatı məhsullarının istehsalı, tədarükü, emalı və satışı ilə bağlı birgə təsərrüfat fəaliyyətini həyata keçirmək, üzvləri istehsal vasitələri və maddi-texniki resurslarla təmin etmək, onlara iqtisadi, sosial və digər tələblərini ödəmək məqsədilə xidmətlər göstərmək üçün yaradılan kommersiya hüquqi şəxs;

1.1.6. kənd təsərrüfatı məhsulları istehsalçısı – əmtəəlik kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və ya hüquqi şəxs;

1.1.7. kooperativin təsərrüfat fəaliyyətində iştirak – kooperativ üzvlərinin kooperativə məhsul, xammal göndərməsi, kooperativdən mal alması, kooperativin xidmətindən istifadə etməsi.

1.2. Bu Qanunda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının Mülki Məcəlləsi və başqa normativ hüquqi aktlar ilə müəyyən edilmiş mənaları verir.

 

Maddə 2. Kənd təsərrüfatı kooperasiyası haqqında qanunvericilik

2.1. Kənd təsərrüfatı kooperasiyası haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, Azərbaycan Respublikasının torpaq qanunvericiliyindən, bu Qanundan və ona uyğun qəbul edilmiş digər normativ hüquqi aktlardan ibarətdir.

2.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə kənd təsərrüfatı kooperasiyası sahəsində müəyyən edilmiş normalar bu Qanunda nəzərdə tutulmuş normalardan fərqli olduqda beynəlxalq müqavilələrin normaları tətbiq olunur.

 

Maddə 3. Qanunun məqsədi

Bu Qanunun məqsədi Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsulları istehsalçılarının könüllü birləşməsi əsasında iri kənd təsərrüfatı müəssisələri yaratmaq, onların istehsal potensialından səmərəli istifadə etməklə rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsulları istehsal etmək və məhsuldarlığı artırmaq, kənd təsərrüfatı kooperasiyasının formalaşmasına və inkişafına təkan vermək, kooperasiya iştirakçılarının iqtisadi, sosial və digər maraqlarını qorumaqdır.

 

2-ci fəsil

Kooperativlər

 

Maddə 4. Kooperativin təşkili və fəaliyyətinin əsas prinsipləri

4.1. Kooperativə üzvlük könüllüdür və onun nizamnaməsi ilə müəyyən olunmuş öhdəlikləri qəbul edən hər kəs üçün açıqdır.

4.2. Kooperativ demokratik əsaslarla idarə olunur və onun fəaliyyətinə üzvləri nəzarət edir. Kooperativ üzvlərinin hər biri eyni səs hüququna (bir üzv - bir səs) malikdir.

4.3. Kooperativ üzvləri onun iqtisadi fəaliyyətində, pay fondunun və kapitalının formalaşmasında, gəlirlərin bölünməsində eyni əsaslarla iştirak edirlər.

4.4. Kooperativlər sərbəst və müstəqil fəaliyyət göstərirlər, onlar kooperativin inkişafı və iştirakçılarının mənafeyi naminə dövlət, bələdiyyə, özəl və qeyri-hökumət təşkilatları ilə müxtəlif əqdlər bağlaya bilərlər.

4.5. Kooperativin səmərəli inkişafını təmin etmək məqsədi ilə kooperativlər öz üzvlərinin və işçilərinin təhsil almasına, təlimlər keçməsinə imkan yaradır, onların sosial müdafiəsinə köməklik və qayğı göstərirlər.

4.6. Kooperativ üzvlərinin kooperativin fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulan qaydada məlumatlar almaq hüququ vardır. Kooperativlər fəaliyyətləri barədə dövri olaraq öz üzvlərini məlumatlandırırlar.

4.7. Kooperativlər onların səmərəli inkişafı, üzvlərinin mənafeyi naminə bir biri ilə, habelə müxtəlif səviyyəli kooperativ ittifaqlarında geniş əməkdaşlıq işləri aparırlar.

4.8. Kooperativlər təsisçilərinin vəsaiti hesabına yaradılır, fəaliyyətlərini öz xərcini ödəmə və özünü maliyyələşdirmə prinsipləri əsasında qururlar.

4.9. Kooperativin yaradılması, kooperativə üzvlük, üzvlərin hüquq və vəzifələri, kooperativin əmlakı, üzvlərin pay haqları və kooperativin pay fondu, kooperativin mənfəəti və onun bölüşdürülməsi, kooperativin və onun üzvlərinin əmlak məsuliyyəti, kooperativdə idarəetmə, üzvlüyə xitam verilməsi və payın keçməsi, kooperativin yenidən təşkili və ləğvi, habelə kooperativin fəaliyyəti ilə bağlı bu Qanunda nəzərdə tutulmayan digər məsələlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi və kooperativin nizamnaməsi ilə tənzimlənir.

 

Maddə 5. Kooperativlərin növləri və fəaliyyəti

5.1. Kooperativlər fəaliyyət xarakterinə görə istehsal, istehlak və istehsal istehlak növlü ola bilərlər.

5.2. Kooperativin firma adında onun fəaliyyət xarakteri qeyd edilməklə kənd təsərrüfatı kooperativi olduğu göstərilir.

5.3. Kooperativlər özlərinin fəaliyyətinin əlaqələndirilməsi, habelə ümumi mənafelərinin təmsil və müdafiə edilməsi məqsədi ilə kənd təsərrüfatı kooperativ ittifaqları (assosiasiyaları) yarada bilərlər. Bir kooperativ bir neçə müxtəlif fəaliyyət istiqamətli kooperativ ittifaqının üzvü ola bilər.

5.4. Kooperativin maliyyə-təsərrüfat fəaliyyətini tənzimləmək, kooperativ üzvlərinin maraqlarına zidd olan, kooperativin fəaliyyətini pisləşdirən və ya onun iflasına səbəb olacaq nöqsanların aradan qaldırılması və kooperativin idarə edilməsinin səmərəliliyini artırmaq məqsədi ilə kooperativdə “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq audit yoxlaması həyata keçirilir.

 

Maddə 6. İstehsal kooperativləri

6.1. İstehsal kooperativində görülən işlərin ən azı 70 faizi kooperativ üzvləri tərəfindən yerinə yetirilməlidir.

6.2. İstehsal kooperativlərində muzdla işləyən işçilərin əməyindən istifadə oluna bilər. Bu işçilərin sayı (mövsümi işlərə cəlb olunanlar istisna olmaqla) kooperativin üzvlərinin sayının 30 faizindən çox olmamalıdır. İstehsal kooperativinin işçisi eyni zamanda həmin kooperativin və eyni fəaliyyət növü ilə məşğul olan digər istehsal kooperativinin üzvü ola bilməz.

 

Maddə 7. İstehlak kooperativləri

7.1. İstehlak kooperativləri aşağıdakı fəaliyyət növləri ilə məşğul ola bilərlər:

7.1.1. emal kooperativləri – kənd təsərrüfatı məhsullarının emalı;

7.1.2. tədarük və satış (ticarət) kooperativləri – kənd təsərrüfatı məhsullarının tədarükü, topdan və pərakəndə satışı, həmçinin bu məhsulların saxlanması, çeşidləşdirilməsi, qurudulması, yuyulması, çəkilib bükülməsi, qablaşdırılması və daşınması, satış bazarının öyrənilməsi, məhsulun reklamı;

7.1.3. xidmət kooperativləri – aqroservis, baytarlıq və damazlıq, mexanikləşdirmə, elektrikləşdirmə, meliorasiya, nəqliyyat, təmir, tikinti, ekoloji bərpa işləri, telefonlaşdırma, sanatoriya-kurort, tibb, məsləhət, audit xidmətlərinin (işlərinin) həyata keçirilməsi;

7.1.4. təchizat kooperativləri – istehsal vasitələrinin, gübrələrin, yemlərin, neft məhsullarının, avadanlıqların, ehtiyat hissələrinin, pestisidlərin, aqrokimyəvi maddələrin və kənd təsərrüfatı məhsulları istehsalı üçün lazım olan digər vasitələrin alınması, gətirilməsi və satışı;

7.1.5. kredit kooperativləri – kooperativ üzvlərinin sərbəst pul vəsaitlərinin birləşdirilməsi, əmanətlərinin saxlanması və öz üzvlərinə kredit verilməsi;

7.1.6. sığorta kooperativləri – kənd təsərrüfatı məhsulları istehsalçılarının şəxsi və tibbi sığorta xidmətlərinin, bitkilərin və heyvanların, əkinlərin və digər əmlakın sığortalanmasının həyata keçirilməsi.

7.2. Kredit və sığorta istehlak kooperativlərinin yaradılması və fəaliyyəti müvafiq qanunlarla tənzimlənir.

7.3. İstehlak kooperativləri bu Qanunun 7.1-ci maddəsində göstərilən fəaliyyət növlərinin birini və ya bir neçəsini yerinə yetirə bilərlər.

7.4. İstehlak kooperativləri beşdən az olmayan fiziki və (və ya) hüquqi şəxs tərəfindən yaradılır.

7.5. İstehlak kooperativinin üzvləri bu kooperativdə öz əməyi ilə deyil, kooperativin təsərrüfat fəaliyyətində iştirakı ilə təmsil olunurlar.

7.6. İstehlak kooperativlərinin yerinə yetirdikləri işlərin (xidmətlərin) həcminin pul ifadəsində ən azı 70 faizi kooperativ üzvləri üçün həyata keçirilməlidir.

 

Maddə 8. İstehsal-istehlak kooperativləri

İstehsal-istehlak kooperativləri kənd təsərrüfatı məhsulları istehsalı ilə yanaşı istehlak kooperativlərinin fəaliyyət növünün birini və ya bir neçəsini yerinə yetirirlər.

 

Maddə 9. Kooperativin hüquqları

9.0. Kooperativin hüquqları aşağıdakılardır:

9.0.1. mülkiyyətində olan əmlak barəsində sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirmək;

9.0.2. kənd təsərrüfatı kooperasiyası iştirakçıları, habelə xarici fiziki və hüquqi şəxslərlə kənd təsərrüfatı məhsullarının istehsalına, satışına və xidmətlər göstərilməsinə dair müqavilələr bağlamaq;

9.0.3. dövlət tərəfindən tənzimlənən qiymətlər (tariflər) istisna olmaqla, öz məhsulu, işi və xidmətinə bazara uyğun qiymət (tarif) müəyyən etmək;

9.0.4. kooperativlər ittifaqlarında (assosiasiyalarında) birləşmək və beynəlxalq kooperativlər təşkilatlarının fəaliyyətində iştirak etmək;

9.0.5. kənd təsərrüfatı məhsullarının istehsalçıları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan güzəştlərdən və imtiyazlardan istifadə etmək;

9.0.6. Azərbaycan Respublikasının Mülki Məcəlləsi və kooperativin nizamnaməsi ilə müəyyən edilən digər hüquqları həyata keçirmək.

 

Maddə 10. Kooperativin torpaqları

10.1. Kooperativin torpaqları kooperativin mülkiyyətində, istifadəsində və ya icarəsində olan torpaq sahələrindən ibarətdir.

10.2. Kooperativin üzvləri və kooperativə üzv olmayan şəxslər öz torpaqlarını kooperativin istifadəsinə və ya icarəsinə verə bilərlər.

10.3. Kooperativ üzvlərinin kooperativin istifadəsinə və ya icarəsinə verdikləri torpaqlar onların əmlak pay haqqına aid edilmir və kooperativin xüsusi mülkiyyəti hesab olunmur. Bu torpaqlar kooperativin mənfəəti bölüşdürülərkən kooperativin nizamnaməsində nəzərdə tutulmuş hallarda və qaydada meyar kimi nəzərə alına bilər.

 

 3-cü fəsil

Kənd təsərrüfatı kooperasiyasının inkişafına dövlət dəstəyi

 

Maddə 11. Kənd təsərrüfatı kooperasiyası sahəsində dövlətin vəzifələri

11.0. Kənd təsərrüfatı kooperasiyası sahəsində dövlətin vəzifələri aşağıdakılardır:

11.0.1. kooperativlərin yaradılması və inkişafı üçün əlverişli şərait yaratmaq;

11.0.2. kooperativlərin və onların üzvlərinin iqtisadi müstəqilliyinin möhkəmləndirilməsinin və inkişafının dəstəklənməsini, onların fəaliyyətinin effektivliyinin artırılmasını, kooperativlərin təsərrüfat fəaliyyətinin və təşəbbüsünün məhdudlaşdırılmasının qarşısının alınmasını, habelə mallar, işlər və xidmətlər bazarında onların sərbəst və bərabər iştirakını təmin etmək;

11.0.3. kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, satışı, maddi-texniki təchizat və digər xidmət sahələri üzrə kooperasiya infrastrukturlarının formalaşmasına təkan vermək;

11.0.4. kənd təsərrüfatı kooperasiyası sahəsində normativ hüquqi aktlar qəbul etmək;

11.0.5. kənd təsərrüfatı kooperasiyasının inkişafı üzrə dövlət proqramını qəbul etmək;

11.0.6. kənd təsərrüfatı kooperasiyası üzrə orta ixtisas və ali təhsilli mütəxəssislərin hazırlanmasını, təkrar hazırlıq kurslarının keçirilməsini təşkil etmək, bu sahədə elmi-tədqiqat işlərinin genişləndirilməsini təmin etmək;

11.0.7. kooperativ üzvlərinin və digər kənd təsərrüfatı məhsulları istehsalçılarının, habelə aidiyyəti dövlət və bələdiyyə orqanlarının, müəssisə və təşkilatların işçilərinin maarifləndirilməsi üçün yerlərdə informasiya-məsləhət xidmətləri göstərmək;

11.0.8. kooperativlər və onların üzvləri arasında müqavilələrin bağlanması və icrası qaydalarına və kooperativlərdə uçot və hesabatın aparılmasına dair metodiki tövsiyələr, müqavilələrin və müxtəlif növ kooperativlərin nizamnamələrinin nümunəvi formalarına və kənd təsərrüfatı kooperasiyası sahəsində başqa məsələlərə dair tövsiyə xarakterli sənədlər hazırlamaq;

11.0.9. dövlət ehtiyacları üçün hər il kooperativlərdən kənd təsərrüfatı və ərzaq məhsullarının dövlət tədarükünə dair sifarişlər müəyyən etmək;

11.0.10. şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına olan ehtiyacının etibarlı ödənilməsi üçün şəhər və kənd bələdiyyələri və onların ittifaqları arasında kənd təsərrüfatı məhsullarının satışı üzrə əməkdaşlığın genişlənməsini təmin etmək;

11.0.11. kooperativlərə kooperativ bazarlar və digər satış şəbəkələrinin təşkili üçün torpaq sahələri ayırmaq, istifadəsiz və səmərəsiz istifadə olunan binaları və ya onların bir hissəsini icarəyə və ya istifadəyə vermək;

11.0.12. “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kooperativlərin inkişaf və fəaliyyət göstəricilərinin statistik məlumat sisteminin işlənib hazırlanmasını təşkil etmək.

 

Maddə 12. Kənd təsərrüfatı kooperasiyası sahəsində bələdiyyələrin vəzifələri

12.0. Kənd təsərrüfatı kooperasiyası sahəsində bələdiyyələrin vəzifələri aşağıdakılardır:

12.0.1. kənd təsərrüfatı kooperasiyasının yerli inkişaf proqramlarını qəbul etmək və regional proqramların hazırlanmasında iştirak etmək;

12.0.2. kooperativlərin yaradılmasını dəstəkləmək, onların təşkilinə köməklik göstərmək;

12.0.3. ərazilərində yaşayan sakinlərin ucuz və keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təminatını yaxşılaşdırmaq, kənd təsərrüfatı məhsulları bazarında rəqabəti genişləndirmək və kooperativlərin səmərəli fəaliyyətinə təkan vermək üçün:

1. kooperativ ittifaqının müraciəti əsasında kooperativ bazarların tikintisi üçün torpaq ayırmaq;

2. kənd təsərrüfatı məhsulları satış-yarmarkalarının təşkili üçün müvafiq yer vermək;

3. mövcud kənd təsərrüfatı bazarlarında kooperativlərə satış yerlərinin ayrılmasında iştirak etmək;

4. bələdiyyə və ictimai ehtiyaclar üçün kooperativlərlə kənd təsərrüfatı məhsullarının tədarükü və satışına dair müqavilələr bağlamaq;

5. kənd təsərrüfatı məhsullarının istehsalı, tədarükü, emalı və satışında kooperativlərə köməklik göstərmək.

 

Maddə 13. Kənd təsərrüfatı kooperasiyasının inkişafına dövlət dəstəyinin əsas istiqamətləri

13.1. Kənd təsərrüfatı kooperasiyasının formalaşması və inkişafına aşağıdakı istiqamətlər üzrə dövlət dəstəyi göstərilir:

13.1.1. kənd təsərrüfatı məhsulları istehsalçılarının kooperasiya meyillərinin stimullaşdırılması;

13.1.2. kooperativlərin və onların ittifaqlarının yaradılmasının dəstəklənməsi;

13.1.3. ölkədə istehsal edilən, daxili və xarici bazarda satılan yerli kənd təsərrüfatı məhsullarının ümumi həcmində kooperativlərin payının artmasının stimullaşdırılması;

13.1.4. kooperativlərin nəzdində fəaliyyət göstərən satış şəbəkələrinin təşkil edilməsi;

13.1.5. kredit təşkilatlarının, bələdiyyələrin, kənd təsərrüfatı və digər müəssisələrin və investorların kooperativlərə ortaq (assosiativ) üzv olmasının stimullaşdırılması;

13.1.6. kooperativlər üçün sığorta mexanizminin təkmilləşdirilməsi;

13.1.7. kooperativlərə və kənd sakinlərinə göstərilən maliyyə-kredit xidmətlərinin genişləndirilməsi;

13.1.8. kooperativlərin güzəştli şərtlərlə kreditləşməsinin təmin edilməsi;

13.1.9. kooperativlərin istehsal vasitələrinə olan tələbatının güzəştli lizinq şərtləri hesabına təmin edilməsi;

13.1.10. kooperativlər üçün kredit zəmanəti fondunun yaradılması.

13.2. Kooperativlərə müasir texnika və texnologiyaların, innovasiyaların tətbiqi, kənd təsərrüfatında məhsuldarlığın artırılması, ekoloji təmiz, idxalı əvəz edən və ixrac yönümlü kənd təsərrüfatı məhsullarının istehsalı və digər istiqamətlərdə dövlət dəstəyi göstərilə bilər.

 

 4-cü fəsil

Kənd təsərrüfatı məhsulları bazarı və kooperativlər

 

Maddə 14. Kənd təsərrüfatı məhsulları bazarında kooperativlərin iştirakı

14.1. Kooperativlər dövlət və bələdiyyə orqanları və hüquqi şəxslərlə birlikdə kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satış bazarlarının təşkilində iştirak edə və ya belə bazarları təşkil edə bilərlər.

14.2. Kənd təsərrüfatı məhsulları bazarlarında kooperativlərə ticarət yerlərinin verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

 Maddə 15. Satış şəbəkələrinin təşkili

15.1. Kənd təsərrüfatı məhsullarının istehsalçıları ilə istehlakçıları arasında birbaşa əlaqə yaratmaq, mövcud bazarlarla ədalətli rəqabət aparmaq və qiymətlərin bahalaşmasının qarşısını almaq məqsədilə kooperativlərin nəzdində fəaliyyət göstərən satış şəbəkələri (fermer mağazaları, yaşıl marketlər, kooperativ bazarlar, topdansatış mərkəzləri) təşkil edilir.

15.2. Kooperativlərin nəzdində satış şəbəkələrinin təşkili və fəaliyyəti qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

15.3. Dövlət və bələdiyyə mülkiyyətində olan, fəaliyyət göstərməyən və ya səmərəli istifadə edilməyən obyektlər satış şəbəkələri təşkil etmək üçün kooperativlərin icarəsinə verilə bilər.

15.4. Kooperativ bazarların və topdansatış mərkəzlərin yaradılması üçün torpaq sahələrinin ayrılması kooperativlərin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanı və bələdiyyələr tərəfindən təmin olunur.

 

Maddə 16. Kooperativ bazarlarının təşkili

16.1. Kooperativlərin səmərəli fəaliyyətini təmin etmək və kənd təsərrüfatında brend məhsullar istehsalını formalaşdırmaq məqsədilə kooperativ bazarlar təşkil edilir.

16.2. Kooperativ bazarı olan kooperativlər bazardakı ticarət yerləri ilə ilk növbədə üzvü olduğu kooperativ ittifaqının üzvlərinin tələbatını ödəməyə borcludurlar.

16.3. Kooperativ bazarlarda Azərbaycan Respublikasında fəaliyyət göstərən kooperativlərin istehsal etdiyi kənd təsərrüfatı və emal məhsullardan başqa digər məhsulların satışına, habelə kənd təsərrüfatı məhsul istehsalçısı olmayan digər fiziki və hüquqi şəxslərin satış etməsinə yol verilmir.

 

5-ci fəsil

Qanunun pozulmasına görə məsuliyyət və mübahisələrin həlli

 

Maddə 17. Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunun tələblərinin pozulmasına görə şəxslər Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.

 

Maddə 18. Mübahisələrin həlli

Kənd təsərrüfatı kooperasiyası ilə əlaqədar mübahisələr inzibati qaydada və məhkəmə qaydasında həll edilir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 14 iyun 2016-cı il .

19 İyul 2016, 09:07

http://www.azertag.net

141—150 / 10511

8 Fevral 2023, 08:02

“Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

8 Fevral 2023, 08:02

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

8 Fevral 2023, 08:02

“Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

8 Fevral 2023, 08:02

“Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 20 dekabr tarixli 738-VIQD nömrəli Qanununun tətbiqi və “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 173 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

8 Fevral 2023, 08:02

“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

8 Fevral 2023, 08:02

“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 20 dekabr tarixli 719-VIQD nömrəli Qanununun tətbiqi və “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 dekabr tarixli 684 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

8 Fevral 2023, 08:02

Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

8 Fevral 2023, 08:02

“Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 20 dekabr tarixli 736-VIQD nömrəli Qanununun tətbiqi və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 30 mart tarixli 692 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

8 Fevral 2023, 08:02

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu   ətraflı...

8 Fevral 2023, 08:02

“Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 20 dekabr tarixli 732-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...