Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Ölkə iqtisadiyyatının əsas prioritetlərindən olan qeyri-neft sektorunun inkişafında son illər ərzində bir sıra mühüm nailiyyətlər əldə edilmişdir. Aparılan iqtisadi islahatlar nəticəsində iqtisadiyyatın diversifikasiyası bu sahənin inkişafını təmin etməklə, onun ümumi daxili məhsulda xüsusi çəkisinin əhəmiyyətli artımına səbəb olmuş, ölkəmizin beynəlxalq aləmdə müsbət imici daha da möhkəmlənmiş, iqtisadi inkişafın davamlılığı təmin olunmuşdur.
Bununla belə son dövrlərdə istər regionda, istərsə də qlobal iqtisadiyyatda təzahür edən proseslər, neft gəlirlərinin kəskin azalması və mürəkkəb xarici iqtisadi mühit ölkənin makroiqtisadi və maliyyə sabitliyinə öz təsirini göstərməkdədir. Dünyada cərəyan edən iqtisadi proseslərin yaratdığı yeni çağırışlara uyğunlaşmaq və mövcud qlobal iqtisadi böhranın ölkəmizə təsirini minimuma endirmək məqsədi ilə iqtisadiyyatın mövcud vəziyyətinin dərin təhlili və ölkədə müəyyən olunmuş iqtisadi islahatların əsas strateji hədəflərinə uyğun olaraq sistem xarakterli bir sıra tədbirlərin həyata keçirilməsi qarşıda duran əsas prioritet vəzifələrdir.
Makroiqtisadi sabitliyin və milli iqtisadiyyatın rəqabət qabiliyyətinin qorunub saxlanılması cari, orta və uzunmüddətli perspektivdə ölkə iqtisadiyyatı üçün mövcud və potensial mənfi təsirlərin qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlərin görülməsini vacib edir.
Qeyd olunan məqsədlərə nail olunması üçün əlverişli biznes və investisiya mühiti, sahibkarlara öz hüquqlarını müdafiə etmək imkanları yaradılmalı, bank sisteminin etibarlılığı artırılmalı, sahibkarların maliyyə mənbələrinə çıxış imkanları sadələşdirilməli, normativ hüquqi bazanın qabaqcıl beynəlxalq təcrübə və milli iqtisadiyyatın xüsusiyyətləri nəzərə alınmaqla təkmilləşdirilməsi təmin olunmalıdır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkənin makroiqtisadi sabitliyinin daha da möhkəmləndirilməsi və maliyyə dayanıqlılığının təmin edilməsi, bu sahədə koordinasiya olunmuş siyasətin həyata keçirilməsi, habelə səmərəli tənzimləmə və hüquqtətbiqetmə praktikasına nail olunması məqsədilə qərara alıram:
1. Makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi məqsədilə aşağıdakı tərkibdə Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurası (bundan sonra – Şura) yaradılsın:
Şuranın sədri
Artur Rasi-zadə – Azərbaycan Respublikasının Baş naziri
Şuranın üzvləri:
Natiq Əmirov – Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi
Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri
Şahin Mustafayev – Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Elman Rüstəmov – Azərbaycan Respublikası Mərkəzi Bankının sədri
Rüfət Aslanlı – Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri
Şahmar Mövsümov – Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru.
2. Şuranın cari fəaliyyətinin təşkili məqsədilə Şuranın Katibliyi yaradılsın və Katibliyin funksiyasının həyata keçirilməsi Azərbaycan Respublikası Mərkəzi Bankına tövsiyə edilsin.
3. Müəyyən edilsin ki, bu Fərmanın 4.1-ci və 4.2-ci bəndlərində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi işinə Şura tərəfindən yerli və xarici ekspertlər, mütəxəssislər, beynəlxalq təşkilatlar və elmi müəssisələr cəlb oluna, müxtəlif dövlət orqanlarının və maraqlı tərəflərin nümayəndələrindən ibarət ayrı-ayrı istiqamətlər üzrə işçi qruplar yaradıla bilər.
4. Şuraya tapşırılsın ki:
4.1. bir ay müddətində ölkədə maliyyə–kredit sektorunun mövcud vəziyyətini təhlil etsin, habelə qanunvericilik bazasının ekspertizasını həyata keçirsin, maliyyə sabitliyinin tənzimlənməsi sahəsində qabaqcıl beynəlxalq prinsip və standartlar əsas götürülməklə gələcəkdə yarana biləcək təhdidlərin qarşısının alınması, makroiqtisadi sabitliyin, maliyyə dayanıqlığının təmin edilməsi ilə bağlı baxışa, orta perspektivdə atılacaq addımlara və icra mexanizmlərinə dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.2. makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi istiqamətində mütəmadi tədbirlər həyata keçirməklə bu barədə Azərbaycan Respublikası Prezidentinə hər rübdən sonrakı ayın 30-dək məlumat versin.
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
5.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
5.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
5.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
5.4. bu Fərmanın 3-cü hissəsində nəzərdə tutulmuş hallarda Şuranın müraciəti əsasında maliyyələşdirməni təmin etsin;
5.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 iyul 2016-cı il.
18 İyul 2016, 09:071 Fevral 2022, 08:02
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2006-cı il 18 aprel tarixli 391 nömrəli, “Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2007-ci il 26 fevral tarixli 532 nömrəli və “Yerli icra hakimiyyətləri haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2012-ci il 6 iyun tarixli 648 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
28 Yanvar 2022, 16:01
Xocalı soyqırımının otuzuncu ildönümü haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
28 Yanvar 2022, 14:01
Kunio Mikuriyanın “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
28 Yanvar 2022, 07:01
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ətraflı...
28 Yanvar 2022, 07:01
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 20 dekabr tarixli 433-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
27 Yanvar 2022, 07:01
“Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ətraflı...
25 Yanvar 2022, 14:01
“Sellülyar səyyar rabitə sistemlərinin inkişaf etdirilməsində və onlardan istifadə olunmasında əməkdaşlıq haqqında 1997-ci il 17 yanvar tarixli Sazişə dəyişikliklər edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ətraflı...
24 Yanvar 2022, 15:01
“Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
24 Yanvar 2022, 15:01
“Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında ümumvətəndaş pasportlarına malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
24 Yanvar 2022, 15:01
“Azərbaycan Respublikası və Dünya Bankı Qrupu Təşkilatları arasında Azərbaycan Respublikasında Ofislərin Qurulmasına və Fəaliyyətinə dair” Sazişin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ətraflı...