Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının yaradılması haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Ölkə iqtisadiyyatının əsas prioritetlərindən olan qeyri-neft sektorunun inkişafında son illər ərzində bir sıra mühüm nailiyyətlər əldə edilmişdir. Aparılan iqtisadi islahatlar nəticəsində iqtisadiyyatın diversifikasiyası bu sahənin inkişafını təmin etməklə, onun ümumi daxili məhsulda xüsusi çəkisinin əhəmiyyətli artımına səbəb olmuş, ölkəmizin beynəlxalq aləmdə müsbət imici daha da möhkəmlənmiş, iqtisadi inkişafın davamlılığı təmin olunmuşdur.

 

Bununla belə son dövrlərdə istər regionda, istərsə də qlobal iqtisadiyyatda təzahür edən proseslər, neft gəlirlərinin kəskin azalması və mürəkkəb xarici iqtisadi mühit ölkənin makroiqtisadi və maliyyə sabitliyinə öz təsirini göstərməkdədir. Dünyada cərəyan edən iqtisadi proseslərin yaratdığı yeni çağırışlara uyğunlaşmaq və mövcud qlobal iqtisadi böhranın ölkəmizə təsirini minimuma endirmək məqsədi ilə iqtisadiyyatın mövcud vəziyyətinin dərin təhlili və ölkədə müəyyən olunmuş iqtisadi islahatların əsas strateji hədəflərinə uyğun olaraq sistem xarakterli bir sıra tədbirlərin həyata keçirilməsi qarşıda duran əsas prioritet vəzifələrdir.

Makroiqtisadi sabitliyin və milli iqtisadiyyatın rəqabət qabiliyyətinin qorunub saxlanılması cari, orta və uzunmüddətli perspektivdə ölkə iqtisadiyyatı üçün mövcud və potensial mənfi təsirlərin qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlərin görülməsini vacib edir.

Qeyd olunan məqsədlərə nail olunması üçün əlverişli biznes və investisiya mühiti, sahibkarlara öz hüquqlarını müdafiə etmək imkanları yaradılmalı, bank sisteminin etibarlılığı artırılmalı, sahibkarların maliyyə mənbələrinə çıxış imkanları sadələşdirilməli, normativ hüquqi bazanın qabaqcıl beynəlxalq təcrübə və milli iqtisadiyyatın xüsusiyyətləri nəzərə alınmaqla təkmilləşdirilməsi təmin olunmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkənin makroiqtisadi sabitliyinin daha da möhkəmləndirilməsi və maliyyə dayanıqlılığının təmin edilməsi, bu sahədə koordinasiya olunmuş siyasətin həyata keçirilməsi, habelə səmərəli tənzimləmə və hüquqtətbiqetmə praktikasına nail olunması məqsədilə qərara alıram:

1. Makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi məqsədilə aşağıdakı tərkibdə Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurası (bundan sonra – Şura) yaradılsın:

 

Şuranın sədri

Artur Rasi-zadə – Azərbaycan Respublikasının Baş naziri

 

Şuranın üzvləri:

Natiq Əmirov – Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi

Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri

Şahin Mustafayev – Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Elman Rüstəmov – Azərbaycan Respublikası Mərkəzi Bankının sədri

Rüfət Aslanlı – Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri

Şahmar Mövsümov – Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru.

 

2. Şuranın cari fəaliyyətinin təşkili məqsədilə Şuranın Katibliyi yaradılsın və Katibliyin funksiyasının həyata keçirilməsi Azərbaycan Respublikası Mərkəzi Bankına tövsiyə edilsin.

3. Müəyyən edilsin ki, bu Fərmanın 4.1-ci və 4.2-ci bəndlərində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi işinə Şura tərəfindən yerli və xarici ekspertlər, mütəxəssislər, beynəlxalq təşkilatlar və elmi müəssisələr cəlb oluna, müxtəlif dövlət orqanlarının və maraqlı tərəflərin nümayəndələrindən ibarət ayrı-ayrı istiqamətlər üzrə işçi qruplar yaradıla bilər.

4. Şuraya tapşırılsın ki:

4.1. bir ay müddətində ölkədə maliyyə–kredit sektorunun mövcud vəziyyətini təhlil etsin, habelə qanunvericilik bazasının ekspertizasını həyata keçirsin, maliyyə sabitliyinin tənzimlənməsi sahəsində qabaqcıl beynəlxalq prinsip və standartlar əsas götürülməklə gələcəkdə yarana biləcək təhdidlərin qarşısının alınması, makroiqtisadi sabitliyin, maliyyə dayanıqlığının təmin edilməsi ilə bağlı baxışa, orta perspektivdə atılacaq addımlara və icra mexanizmlərinə dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.2. makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi istiqamətində mütəmadi tədbirlər həyata keçirməklə bu barədə Azərbaycan Respublikası Prezidentinə hər rübdən sonrakı ayın 30-dək məlumat versin.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

5.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

5.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

5.4. bu Fərmanın 3-cü hissəsində nəzərdə tutulmuş hallarda Şuranın müraciəti əsasında maliyyələşdirməni təmin etsin;

5.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 15 iyul 2016-cı il.

18 İyul 2016, 09:07

http://www.azertag.net

581—590 / 10511

28 İyun 2022, 18:06

“Onkoloji yardım haqqında” və “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

28 İyun 2022, 18:06

“Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

28 İyun 2022, 18:06

“Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 13 may tarixli 533-VIQD nömrəli Qanununun tətbiqi və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 iyul tarixli 430 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

28 İyun 2022, 18:06

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

28 İyun 2022, 18:06

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 13 may tarixli 530-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2006-cı il 6 mart tarixli 377 nömrəli, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2006-cı il 22 dekabr tarixli 499 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

28 İyun 2022, 18:06

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

28 İyun 2022, 18:06

A.İ.Vəzirovaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

25 İyun 2022, 10:06

“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli 106 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

25 İyun 2022, 10:06

“Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 14 iyul tarixli 2754 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

25 İyun 2022, 10:06

Qida təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanunu   ətraflı...