Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında
Azərbaycan Respublikasının Qanunu
Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 25-ci və 26-cı bəndlərinə uyğun olaraq Azərbaycan Respublikasında iqtisadi maraqların müdafiəsi məqsədi ilə yerli istehsal sahəsinə zərər vuran və ya zərər vurma təhlükəsi yaradan dempinqli, subsidiyalaşdırılmış və ya artmış idxala qarşı antidempinq, kompensasiya və mühafizə tədbirlərinin tətbiqi qaydalarını tənzimləyir.
FƏSİL 1
ÜMUMİ MÜDDƏALAR
Maddə 1. Əsas anlayışlar
1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir:
1.0.1. adi ticarət dövriyyəsi – malın mənşə və ya ixrac ölkəsinin daxili bazarında orta istehsal, orta ticarət, inzibati və ümumi xərclərinə əsaslanmaqla müəyyən olunan orta dəyərindən aşağı olmayan qiymətə alqı-satqısı;
1.0.2. antidempinq rüsumu – yerli istehsal sahəsinə zərər vuran dempinqli idxalla bağlı tətbiq edilən gömrük rüsumunun növü;
1.0.3. antidempinq tədbiri – yerli istehsal sahəsinə zərər vuran dempinqli idxala qarşı antidempinq, müvəqqəti antidempinq rüsumlarının tətbiqi və (və ya) ixracatçının qiymət öhdəliklərinin qəbulu formasında həyata keçirilən tədbir;
1.0.4. araşdırma orqanı – antidempinq, kompensasiya və mühafizə tədbirləri üzrə araşdırmanı həyata keçirən müvafiq icra hakimiyyəti orqanı;
1.0.5. birbaşa rəqabətli mal – təyinatına, istifadəsinə, keyfiyyət və texniki xassələrinə görə istehlak prosesində digər mal ilə əvəz edilən (edilə bilən) mal;
1.0.6. dempinqli idxal – malın normal dəyərindən aşağı qiymətə Azərbaycan Respublikasının gömrük ərazisinə (bundan sonra – gömrük ərazisi) idxal edilməsi;
1.0.7. dempinq marjası – araşdırılan malın ixrac qiyməti və normal dəyəri arasında faizlə ifadə olunan fərq;
1.0.8. xüsusi rüsum – malın idxalının artmış həcmi və şərtləri yerli istehsal sahəsinə zərər vurduqda, belə idxalla bağlı tətbiq edilən gömrük rüsumunun növü;
1.0.9. idxal kvotası – malın gömrük ərazisinə idxalının kəmiyyət və (və ya) dəyər hədləri ilə məhdudlaşdırılması;
1.0.10. kompensasiya rüsumu – yerli istehsal sahəsinə zərər vuran subsidiyalaşdırılmış idxalla bağlı tətbiq edilən gömrük rüsumunun növü;
1.0.11. kompensasiya tədbiri – subsidiyalaşdırılmış idxala müvəqqəti kompensasiya rüsumunun, kompensasiya rüsumunun tətbiqi və (və ya) subsidiya verən ixracatçı dövlətin və ya onların ittifaqının (bundan sonra - xarici dövlətin) səlahiyyətli orqanı və ya ixracatçının öhdəliklərinin qəbulu formasında həyata keçirilən tədbir;
1.0.12. malın ixrac qiyməti – bu Qanunun 5.9-cu maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, araşdırılan malın gömrük ərazisinə idxal olunduğu qiymət;
1.0.13. maraqlı tərəflər – ixracatçı, xarici istehsalçı, araşdırılan malın idxalatçısı və ya üzvlərinin əksəriyyəti araşdırılan malın istehsalçısı, ixracatçısı və ya idxalatçısı olan ticarət və ya sahibkarlıq subyektlərinin ittifaqları; araşdırılan malın ixracatçı və ya istehsalçı ölkəsinin səlahiyyətli orqanı; oxşar malın gömrük ərazisindəki istehsalçısı və ya üzvlərinin əksəriyyətini oxşar malın gömrük ərazisindəki istehsalçıları təşkil edən ticarət və ya sahibkarlıq subyektlərinin ittifaqları;
1.0.14. mühafizə tədbirləri – gömrük ərazisinə artmış idxala qarşı xüsusi rüsumun, müvəqqəti xüsusi rüsumun və (və ya) idxal kvotasının tətbiqi formasında həyata keçirilən tədbirlər;
1.0.15. normal dəyər – oxşar malın mənşə və ya ixrac ölkəsinin daxili bazarında adi ticarət dövriyyəsindəki satış qiyməti;
1.0.16. oxşar mal – mənşə ölkəsindən asılı olmayaraq araşdırılan malla xassələrinə görə eyni və ya yaxın olan mal;
1.0.17. subsidiyalaşdırılmış idxal – istehsalı, ixracı və ya daşınması zamanı bu Qanunun 10-cu maddəsinə uyğun olaraq xarici dövlətin spesifik subsidiyasının istifadə olunduğu malın gömrük ərazisinə idxalı;
1.0.18. yerli istehsal sahəsi – antidempinq və ya kompensasiya tədbirlərinin tətbiqi ilə bağlı araşdırma zamanı oxşar malların, mühafizə tədbirlərinin tətbiqi ilə bağlı araşdırma zamanı oxşar və (və ya) birbaşa rəqabətli malların Azərbaycan Respublikasındakı bütün istehsalçıları və ya belə malların yerli istehsalının əsas hissəsini təşkil edən istehsalçılar;
1.0.19. yerli istehsal sahəsinə vurulan zərər – antidempinq və kompensasiya tədbirləri ilə bağlı araşdırmanın məqsədləri üçün yerli istehsal sahəsinə maddi zərər vurulması, yerli istehsal sahəsinə maddi zərərin vurulması təhlükəsi və ya yerli istehsal sahəsinin yaradılmasının mühüm dərəcədə ləngiməsi, mühafizə tədbirləri ilə bağlı araşdırmanın məqsədləri üçün yerli istehsal sahəsinə ciddi zərər vurulması və ya ciddi zərərin vurulma təhlükəsi;
1.0.20. yerli istehsal sahəsinə vurulan ciddi zərər – idxal həcminin artması nəticəsində gömrük ərazisində oxşar və ya birbaşa rəqabətli malların istehsalı ilə əlaqədar vəziyyətin ümumi pisləşməsi ilə müşahidə olunan yerli istehsal sahəsində istehsal, ticarət və maliyyə vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi;
1.0.21. yerli istehsal sahəsinə vurulan maddi zərər – dempinqli və ya subsidiyalaşdırılmış idxal nəticəsində gömrük ərazisində oxşar malların istehsalının və satış həcminin azalması, bu cür mal istehsalının gəlirliliyinin aşağı düşməsi, əmtəə ehtiyatlarına, məşğulluğa, istehsalın bu sahəsində əməkhaqqının səviyyəsinə və qoyulan investisiyanın həcminə mənfi təsir göstərməsi ilə müşahidə olunan və sübutlarla təsdiqlənmiş yerli istehsal sahəsinin vəziyyətinin pisləşməsi;
1.0.22. yerli istehsal sahəsinə ciddi zərər vurulma təhlükəsi – yerli istehsal sahəsinə ciddi zərər vurulmasının qaçılmaz olması;
1.0.23. yerli istehsal sahəsinə maddi zərər vurulma təhlükəsi – yerli istehsal sahəsinə maddi zərər vurulmasının qaçılmaz olması.
Maddə 2. Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
2.1. Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Gömrük Məcəlləsindən, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunundan, bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
2.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə bu Qanundan fərqli qaydalar müəyyən edildikdə, həmin beynəlxalq müqavilələr tətbiq olunur.
Maddə 3. Konfidensiallığın qorunması
3.1. Bu Qanuna uyğun olaraq əldə edilmiş məlumatlardan təyinatına uyğun istifadə edilməlidir.
3.2. Maraqlı tərəflərin təqdim etdiyi əsaslandırılmış sübutlarla konfidensial hesab olunan və ya mahiyyətcə konfidensial məlumatların araşdırma orqanı tərəfindən konfidensiallığı qorunmalı və belə məlumatlar onu təqdim edən tərəfin icazəsi olmadan açıqlanmamalıdır.
3.3. Araşdırma orqanı konfidensial məlumatı təqdim edən tərəfdən həmin məlumatın konfidensial olmayan xülasəsinin təqdim edilməsini tələb etmək hüququna malikdir. Bu cür xülasələrdə konfidensial əsasda təqdim edilmiş məlumatın mahiyyətini başa düşməyə imkan verən izahlar olmalıdır. Maraqlı tərəf həmin məlumatın xülasəsinin hazırlanmasının mümkün olmadığını bildirdikdə bunun səbəblərini izah etməlidir.
3.4. Araşdırma orqanının vəzifəli şəxsləri konfidensial məlumatın açıqlanmasına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyır.
FƏSİL 2
ANTİDEMPİNQ VƏ KOMPENSASİYA TƏDBİRLƏRİNİN TƏTBİQİ ƏSASLARI
Maddə 4. Antidempinq və kompensasiya tədbirlərinin tətbiqinin ümumi əsasları
Antidempinq və ya kompensasiya tədbirləri bu Qanuna uyğun olaraq, yerli istehsal sahəsinə zərər vuran dempinqli və ya subsidiyalaşdırılmış idxala qarşı araşdırmanın nəticələrinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən tətbiq edilir.
Maddə 5. Dempinqli idxalın müəyyən edilməsi
5.1. Malın gömrük ərazisinə idxalı zamanı onun ixrac qiyməti normal dəyərindən aşağı olarsa dempinqli idxal hesab edilir.
5.2. İxracatçı ölkənin daxili bazarında adi ticarət dövriyyəsində oxşar malın satışı həyata keçirilmədikdə və ya bu Qanunun 5.3-cü maddəsinə uyğun olaraq kifayət edəcək miqdarda həyata keçirilmədikdə, yaxud ixracatçı ölkənin daxili bazarındakı xüsusi vəziyyətlə əlaqədar satışın müqayisəsinin aparılması mümkün olmadıqda, araşdırma orqanı tərəfindən dempinq marjası malın ixrac qiymətinin aşağıdakılardan biri ilə müqayisəsi əsasında müəyyən edilir:
5.2.1. oxşar malın uyğun gələn üçüncü ölkəyə ixrac qiyməti ilə, bu şərtlə ki, belə qiymət müqayisə oluna bilsin;
5.2.2. malın mənşə ölkəsindəki istehsal xərclərinin üzərinə əsaslandırılmış inzibati, satış, ümumi xərclərin və mənfəətin əlavə edilməsinin müqayisəsi əsasında.
5.3. İxracatçı ölkənin daxili bazarında istehlak üçün nəzərdə tutulmuş oxşar malın satış həcmi həmin malın gömrük ərazisinə idxal həcminin 5%-dən az olmadıqda normal dəyərin müəyyən edilməsi üçün kifayət edəcək miqdar hesab olunur. Maraqlı tərəflərin araşdırma orqanına təqdim etdiyi sübutlar əsasında müvafiq müqayisənin aparılmasını təmin edə biləcək hallarda satışın daha az həcmi də araşdırma orqanı tərəfindən normal dəyərin müəyyən edilməsi üçün məqbul hesab olunur.
5.4. Aşağıdakı şərtlər olduqda oxşar malın ixracatçı ölkənin daxili bazarında və ya hər hansı üçüncü ölkəyə məhsul vahidi üçün çəkilən xərclərdən aşağı qiymətə (inzibati, satış və ümumi xərclər də daxil olmaqla) satışını araşdırma orqanı adi ticarət dövriyyəsində olmayan hesab edir və normal dəyərin hesablanması üçün əsas götürmür:
5.4.1. satış ən azı 6 ay ərzində həyata keçirilmiş olsun;
5.4.2. satışın həcmi normal dəyərin müəyyən edilməsi üçün nəzərə alınan satışın həcminin 20%-dən az olmasın;
5.4.3. satışın qiyməti 6 ay ərzində çəkilən xərclərin bərpa olunmasına imkan verməsin.
5.5. Satış vaxtı məhsul vahidinə çəkilən xərclərdən aşağı olan qiymətlər araşdırma dövründə məhsul vahidi üçün hesablanmış çəkili orta xərclərdən yuxarı olduqda 6 ay ərzində çəkilən xərclərin bərpa olunmasına imkan verən qiymətlər hesab olunur.
5.6. Araşdırılan malın mənşə və ya ixrac ölkəsinin daxili bazarında qiymətlər dövlət tərəfindən tənzimləndikdə və ya həmin malın xarici ticarətində dövlət inhisarı olduqda malın normal dəyəri üçüncü ölkədə oxşar malın qiyməti və ya hesablanmış dəyəri, yaxud oxşar malın üçüncü ölkədən digər ölkəyə, o cümlədən gömrük ərazisinə ixrac qiyməti əsasında müəyyən olunur.
5.7. Malın normal dəyərini bu Qanunun 5.6-cı maddəsinə uyğun olaraq müəyyən etmək mümkün olmadıqda gömrük ərazisində oxşar mala görə faktiki ödənilmiş və ya ödənilməli olan qiymət əsasında (mənfəət nəzərə alınaraq bu qiymətə düzəlişlər edilməklə) müəyyən edilir.
5.8. Bu Qanunun 5.6-cı maddəsinin məqsədləri üçün araşdırılan malın mənşə ölkəsinin daxili bazarında qiymətlərin dövlət tərəfindən tənzimləndiyi və ya həmin malın xarici ticarətində dövlət inhisarının olduğu ölkə aşağıdakı meyarlar əsas götürülməklə müəyyən edilir:
5.8.1. araşdırılan malı ixrac edən xarici ölkənin valyutasının beynəlxalq valyuta bazarında dönərliliyi;
5.8.2. araşdırılan malın xarici ixracatçıları və ya xarici istehsalçıları tərəfindən oxşar malın qiymətinin, ixrac həcminin, istehsal xərclərinin müəyyən edilməsi, məhsul istehsalı, xammalın alınması, texnologiyanın istifadəsi və investisiya fəaliyyətinin səviyyəsinə dövlətin təsirinin dərəcəsi;
5.8.3. dövlətin araşdırılan malın xarici ixracatçısı və ya xarici istehsalçısı tərəfindən əməkhaqqının səviyyəsinin müəyyən edilməsinə təsir dərəcəsi.
5.9. Araşdırılan malın ixrac qiyməti ilə bağlı məlumatlar mövcud olmadıqda və ya bu malın ixracatçısı ilə idxalatçısı, o cümlədən onların üçüncü şəxslə əlaqəsi olduğundan və ya onlar arasında malın ixrac qiymətinə münasibətdə kompensasiya xarakterli razılaşma mövcud olduğundan bu malın ixrac qiyməti barədə məlumatların etibarlı olmamasına dair araşdırma orqanında sübutlar olduqda, araşdırılan malın ixrac qiyməti idxal olunmuş malın müstəqil alıcıya ilkin satıldığı qiymət əsasında hesablanır. İdxal olunmuş mal müstəqil alıcıya satılmadıqda və ya idxal olunduğu şərtlərlə satılmadıqda araşdırılan malın ixrac qiyməti araşdırma orqanı tərəfindən müəyyən edilən bu Qanuna zidd olmayan digər metod əsasında hesablanır.
Maddə 6. Dempinqli idxalla bağlı istehsal xərclərinin və mənfəətin hesablanması
6.1. Araşdırılan malın xarici ixracatçısının və ya xarici istehsalçısının mühasibat sənədləri ixracatçı ölkənin mühasibat uçotu qaydalarına uyğun olduqda araşdırılan malın satışı və istehsalı ilə bağlı xərcləri özündə əks etdirdikdə xərclərin hesablanması həmin mühasibat sənədləri əsasında həyata keçirilir.
6.2. İstehsalın inkişafı üçün nəzərdə tutulan dövri olmayan xərclər və ya araşdırma müddətində istehsalın təşkili əməliyyatlarının xərclərə təsir etdiyi hallar nəzərə alınmaqla bu Qanunun 6.1-ci maddəsinə uyğun olaraq istehsal, inzibati, satış və ümumi xərclərin bölüşdürülməsi zamanı xərclərə müvafiq düzəlişlər edilir. İstehsalın təşkili əməliyyatları ilə bağlı xərclərə düzəlişlərin edilməsi istehsalın təşkili dövrünün sonundakı xərcləri və ya əgər bu dövr araşdırma müddətindən kənara çıxarsa, araşdırma müddətində araşdırma orqanının nəzərə aldığı ən son xərcləri əks etdirməlidir.
6.3. Satış, ümumi, inzibati xərclərin və mənfəətin məbləğləri araşdırılan malın xarici ixracatçısı və ya xarici istehsalçısı tərəfindən təqdim olunmuş adi ticarət dövriyyəsində oxşar malın istehsalı və satışına dair məlumatlar əsasında müəyyən olunur.
6.4. Xərclərin və mənfəətin məbləğlərinin bu Qanunun 6.3-cü maddəsinə əsasən müəyyən edilməsi mümkün olmadıqda, həmin məbləğlər aşağıdakılar əsasında müəyyən edilir:
6.4.1. araşdırılan malın mənşə ölkəsinin daxili bazarında adi ticarət dövriyyəsində eyni kateqoriyadan olan malın satışı və ya istehsalı ilə bağlı araşdırılan malın xarici ixracatçısı və ya xarici istehsalçısı tərəfindən ödənilən və xərclənən faktiki məbləğlər;
6.4.2. araşdırılan malın mənşə ölkəsinin daxili bazarında bu malın digər xarici ixracatçısı və ya xarici istehsalçısı tərəfindən oxşar malın satışı və istehsalı ilə əlaqədar ödənilən və xərclənən məbləğlərin çəkili ortası;
6.4.3. digər əsaslandırılmış metodla, bu şərtlə ki, belə metodla müəyyən olunan mənfəət məbləği eyni kateqoriyadan olan malın digər xarici ixracatçısı və ya xarici istehsalçısı tərəfindən bu malın mənşə ölkəsində satışı zamanı əldə olunan mənfəətdən artıq olmasın.
Maddə 7. Dempinqli idxalla bağlı ixrac qiymətinin və normal dəyərin müqayisəsi
7.1. Araşdırılan malın ixrac qiyməti ilə onun normal dəyərinin müqayisəsi ticarət əməliyyatının eyni mərhələsində və malın mümkün qədər eyni vaxtda həyata keçirilmiş satışına münasibətdə aparılır.
7.2. Araşdırılan malın ixrac qiyməti ilə onun normal dəyərinin müqayisəsinə təsir edən, o cümlədən vergitutma, satış şərtləri, kəmiyyət göstəriciləri, fiziki xüsusiyyətlərdəki fərqlər və ya qiymətlərin müqayisəsinə təsir edən digər əsaslandırılmış sübutlar nəzərə alınmaqla qiymətlərə düzəlişlər edilir.
7.3. Bu Qanunun 5.9-cu maddəsində qeyd olunan hallarda ixrac qiymətinə düzəlişlər araşdırılan malın idxalı və satılması arasındakı dövrdə ödənilmiş rüsumlar və vergilər də daxil olmaqla bütün xərclər, eyni zamanda əldə olunmuş mənfəət üzrə edilməlidir.
7.4. Araşdırma orqanı araşdırılan malın ixrac qiyməti ilə normal dəyəri arasında müqayisənin aparılması üçün hansı məlumatların zəruri olduğunu maraqlı tərəflərə bildirir, lakin həmin tərəflərin üzərinə əsassız sübut etmə yükü qoyula bilməz.
7.5. Araşdırılan malın ixrac qiyməti ilə normal dəyərinin müqayisəsi zamanı onun dəyərinin bir valyutadan digər valyutaya çevrilməsi zərurəti yarandıqda, araşdırılan malın satış gününə olan valyuta məzənnəsi əsas götürülür.
7.6. Araşdırılan mal gömrük ərazisinə mənşə ölkəsi olmayan üçüncü ölkədən ixrac olunduqda, belə malın gömrük ərazisinə ixrac qiyməti araşdırılan malı ixrac edən xarici dövlətdə oxşar malın qiyməti ilə müqayisə edilir.
7.7. Araşdırılan mal üçüncü ölkəyə təkrar ixrac məqsədi ilə gətirildikdə, belə mallar həmin ölkədə istehsal olunmadıqda və ya bu ölkədə həmin mallar üçün müqayisə edilə bilən qiymət olmadıqda, bu Qanunun 7.6-cı maddəsi tətbiq edilmir və ixrac qiyməti araşdırılan malın mənşə ölkəsindəki qiymətlə müqayisə edilir.
Maddə 8. Dempinq marjasının müəyyən edilməsi
8.1. Araşdırma zamanı dempinq marjası aşağıdakı üsullardan biri ilə müəyyən edilir:
8.1.1. çəkili orta normal dəyərin bütün müqayisə olunan ixrac əməliyyatlarının çəkili orta qiymətləri ilə müqayisəsi yolu ilə;
8.1.2. normal dəyərlə ixrac qiymətinin hər bir sövdələşmə üzrə müqayisəsi yolu ilə.
8.2. Araşdırma orqanı tərəfindən araşdırılan malın ixrac qiymətinin alıcılardan, regionlardan və malların daşınması müddətindən asılı olaraq əhəmiyyətli dərəcədə fərqləndiyi müəyyən edildikdə və bu Qanunun 8.1-ci maddəsində göstərilən üsulların tətbiqi zamanı belə fərqlərin müvafiq qaydada nəzərə alınmadığına dair əsaslar əldə edildikdə araşdırılan malın çəkili orta normal dəyəri ayrı-ayrı ixrac əməliyyatlarının qiyməti ilə müqayisə olunur.
8.3. Bu Qanunun 8.4-cü və 8.6-cı maddələrində nəzərdə tutulan hallar istisna olmaqla araşdırma orqanı araşdırılan malın hər bir məlum xarici ixracatçısına və ya xarici istehsalçısına münasibətdə fərdi dempinq marjasını müəyyən edir.
8.4. Araşdırılan malın ixracatçılarının, xarici istehsalçılarının, idxalatçılarının sayının və ya araşdırılan malların növlərinin çoxluğu səbəbindən fərdi dempinq marjasının müəyyən edilməsi faktiki olaraq mümkün olmadıqda, araşdırma orqanı dempinq marjasının müəyyən edilməsini seçimin aparıldığı dövrdə malik olduğu məlumatlar əsasında maraqlı tərəflərin və malların dəqiq statistik məlumatlara əsaslanan sayı və ya müvafiq xarici dövlətin malın ixracındakı ən çox payı əsas götürülməklə məhdudlaşdıra bilər. Bu halda araşdırılan malın ixracatçılarının, xarici istehsalçılarının, idxalatçılarının və ya mal növlərinin seçilməsi müvafiq ixracatçılar, xarici istehsalçılar və idxalatçılarla məsləhətləşmələr aparılmaqla həyata keçirilir.
8.5. Araşdırma orqanı bu Qanunun 8.4-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş qaydada məhdudiyyət tətbiq etdikdə, həmçinin ilkin olaraq seçilməmiş, lakin araşdırmanın gedişində onlar üçün müəyyən edilmiş müddətdə zəruri məlumatları təqdim etmiş hər bir xarici istehsalçıya və ya ixracatçıya münasibətdə fərdi dempinq marjasını müəyyən edir.
8.6. Araşdırılan malın ixracatçılarının və ya xarici istehsalçılarının sayının çoxluğundan fərdi dempinq marjasının müəyyən edilməsi faktiki olaraq qeyri-mümkün olduqda və araşdırmanın vaxtında başa çatmasına mane olduqda, həmçinin bu Qanunun 5.6-cı maddəsində göstərilən halda araşdırma orqanı tərəfindən həmin malın bütün məlum ixracatçılarına və ya xarici istehsalçılarına münasibətdə vahid dempinq marjası müəyyən olunur.
Maddə 9. Xarici dövlətin subsidiyası
9.0. Xarici dövlətin səlahiyyətli orqanı və ya onun həvalə etdiyi qeyri-dövlət təşkilatı tərəfindən sahibkara güzəşt verərək onun aşağıdakı formalarda maliyyə cəhətdən dəstəklənməsi subsidiya hesab edilir:
9.0.1. pul vəsaitlərinin birbaşa köçürülməsi (o cümlədən, dotasiyalar, borclar, nizamnamə kapitalında iştirak) və ya belə vəsaitlərin köçürülməsi öhdəliyinin götürülməsi (o cümlədən, borclar üzrə zəmanətlər);
9.0.2. dövlət ödənişlərinin yığılmaması və ya yığılmasından imtina. İxrac olunan malların daxili istehlak üçün nəzərdə tutulmuş oxşar mallara tətbiq edilən rüsum və vergilərdən azad edilməsi və ya bu cür vergi və rüsumların faktiki ödənilmiş məbləğdən artıq olmayan həcmdə geri qaytarılması subsidiya hesab olunmur;
9.0.3. ümumi infrastrukturun, yəni konkret istehsalçı və ya ixracatçıya aid olmayan infrastrukturun inkişafı ilə əlaqəli hallar istisna olmaqla, mal və ya xidmətlərlə güzəştli qaydada təmin edilməsi, yaxud malların satın alınması;
9.0.4. birbaşa və ya dolayı yolla malın ixracının artırılması və ya idxalının azaldılması ilə nəticələnən gəlir və ya qiymətin hər hansı digər formada dəstəklənməsi.
Maddə 10. Subsidiyanın spesifikliyi
10.1. Bu Qanunun 9-cu maddəsində göstərilən xarici dövlətin subsidiyası aşağıdakı hallarda spesifik hesab olunur:
10.1.1. subsidiyaların əldə edilməsi imkanı konkret müəssisələrlə məhdudlaşdıqda, konkret müəssisələr bu imkandan üstün istifadə etdikdə və ya qeyri-proporsional olaraq subsidiyanın böyük hissəsi konkret müəssisələrə verildikdə;
10.1.2. subsidiya verən orqanın (təşkilatın) subsidiyanın verilməsi ilə əlaqədar diskresion səlahiyyətləri (öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətləri) geniş olduqda;
10.1.3. subsidiya yalnız müəyyən coğrafi ərazidə yerləşən müəssisələrə verildikdə;
10.1.4. subsidiya ixrac məqsədi ilə verildikdə;
10.1.5. subsidiya yerli malın idxal olunan mal əvəzinə istifadəsi şərtilə verildikdə.
10.2. Bu Qanunun 10-cu maddəsinin məqsədləri üçün konkret müəssisə dedikdə, xarici dövlətin konkret istehsalçısı, ixracatçısı, istehsal sahəsi və (və ya) onların ittifaqları nəzərdə tutulur.
10.3. Subsidiyanın əldə edilməsi və onun həcmi ilə bağlı hüquq verən obyektiv meyarlar və şərtlər müəyyən etdikdə və buna ciddi əməl olunduqda, xarici dövlətin subsidiyası spesifik hesab olunmur.
10.4. Bu Qanunun 10-cu maddəsinin müddəalarına uyğun olaraq subsidiyanın spesifikliyinin müəyyən edilməsi sübutlara əsaslanmalıdır.
Maddə 11. Spesifik subsidiyanın məbləğinin hesablanması
11.1. Spesifik subsidiyanın məbləği araşdırılan dövr üçün subsidiyanı alan tərəfə verilən güzəştə əsasən hesablanır. Bu dövr subsidiyanı alan tərəfin sonuncu hesabat ili hesab olunur. Hesabat ilinə dair məlumatlar olmadıqda, bu dövr kimi zəruri məlumatların olduğu araşdırma başlanılmazdan əvvəlki istənilən 6 aydan az olmayan müddət götürülür.
11.2. Subsidiya alan tərəfə verilən güzəştin hesablanması üçün istifadə edilən metodlar şəffaf, adekvat və aşağıda göstərilənlərə uyğun olmalıdır:
11.2.1. müəssisənin nizamnamə kapitalında dövlətin iştirakı o halda güzəştin verilməsi hesab olunur ki, investisiya qoyuluşu ilə bağlı qərar xarici dövlətin ərazisində özəl investorların adi investisiya təcrübəsinə (risk kapitalında iştirak da daxil olmaqla) uyğun deyildir;
11.2.2. dövlət tərəfindən ayrılmış kredit o halda güzəştin verilməsi hesab olunur ki, müəssisənin bu kredit üzrə ödəyəcəyi məbləğlə həmin müəssisə tərəfindən eyni məbləğ üçün bazar şəraitində kommersiya krediti üzrə ödəyəcəyi məbləğ arasında fərq mövcud olsun. Bu halda güzəşt bu iki məbləğ arasındakı fərq hesab olunur;
11.2.3. dövlət tərəfindən kredit zəmanətinin verilməsi o halda güzəştin verilməsi hesab olunur ki, müəssisənin belə kredit üzrə ödədiyi məbləğlə həmin kreditlə müqayisə oluna biləcək və dövlət zəmanəti verilməmiş kommersiya krediti üzrə ödəyəcəyi məbləğ arasında fərq mövcud olsun. Komissiya haqlarında olan fərqlər nəzərə alınmaqla, güzəşt bu iki məbləğ arasındakı fərq hesab olunur;
11.2.4. dövlət tərəfindən mal və ya xidmətlərlə təmin edilməsi və ya malların satın alınması o halda güzəşt hesab olunur ki, təminat mütənasib qiymətdən aşağı qiymətə və ya satınalma mütənasib qiymətdən artıq qiymətə həyata keçirilsin. Qiymətin mütənasibliyi malı və ya xidməti təmin edən və ya alan ölkədə bu mal və ya xidmətlər üçün mövcud olan bazar şərtləri (o cümlədən qiymət, keyfiyyət, satışa yararlılıq, nəqliyyat, satış və ya alışın digər şərtləri) ilə müəyyən edilir.
11.3. Subsidiyanın məbləği subsidiyalaşdırılmış idxalın hər mal vahidi üçün müəyyən edilir.
11.4. Subsidiyanın məbləği müəyyən edilərkən güzəştin ümumi həcmindən aşağıdakı xərclər çıxılır:
11.4.1 subsidiyanın əldə edilməsinə çəkilən ödəniş və xərclər;
11.4.2. gömrük ərazisinə ixrac olunan mallara subsidiyanın kompensasiya olunması məqsədi ilə tətbiq olunan ixrac rüsumları, vergilər və digər ödənişlər.
11.5. Subsidiya emal, istehsal və ya ixrac edilmiş malın miqdarına (sayına) proporsional olaraq ayrılmadıqda, araşdırılan hər mal vahidi üzrə subsidiyanın həcmi araşdırılan dövrdə subsidiyanın ümumi həcminin onun istehsalı, satışı və ya ixracı həcminə bölünməsi yolu ilə müəyyən edilir.
11.6. Subsidiya əsas vəsaitlərin alınması və ya inkişafı ilə bağlı olduqda, subsidiyanın ümumi həcmi subsidiyanın xarici dövlətin müvafiq istehsal sahəsində orta amortizasiya müddətinə bölünməsi yolu ilə hesablanır. Araşdırılan dövrə aid olan bu cür hesablanmış subsidiya həcmi (o cümlədən araşdırılan dövrdən əvvəl alınmış və amortizasiya müddəti araşdırılan dövrədək bitməmiş əsas vəsaitlərin alınması üçün subsidiya həcmi də daxil olmaqla) bu Qanunun 11.5-ci maddəsində qeyd olunan qaydada hər bir mal vahidi üzrə bölünür.
11.7. Əsas vəsaitlər amortizasiya olunmursa, subsidiya faizsiz kredit hesab olunur və bu Qanunun 11.2.2-ci maddəsi tətbiq olunur.
11.8. Xarici dövlətin ərazisində inflyasiyanın dərəcəsi hesablamanın nəticələrinə təsir etdikdə, inflyasiyanın göstəriciləri subsidiya məbləği hesablanarkən nəzərə alınmalıdır.
11.9. Bir neçə subsidiya verildikdə, onların cəmi hesablanır.
Maddə 12. Dempinqli və ya subsidiyalaşdırılmış idxal nəticəsində yerli istehsal sahəsinə vurulan maddi zərərin müəyyən edilməsi
12.1. Yerli istehsal sahəsinə vurulan maddi zərərin müəyyən edilməsi sübutlara əsaslanmaqla aşağıdakıların obyektiv təhlilini nəzərdə tutur:
12.1.1 dempinqli və ya subsidiyalaşdırılmış idxalın həcmi və həmin idxalın gömrük ərazisində oxşar malların qiymətinə təsiri;
12.1.2. dempinqli və ya subsidiyalaşdırılmış idxalın yerli istehsal sahəsinə təsirinin nəticələri.
12.2. Dempinqli və ya subsidiyalaşdırılmış idxalın həcminin təhlili zamanı araşdırma orqanı həmin idxalın mütləq göstəricilərdə və ya gömrük ərazisində oxşar malın istehsalına və istehlakına nisbətdə mühüm dərəcədə artmasını nəzərə alır.
12.3. Dempinqli və ya subsidiyalaşdırılmış idxalın gömrük ərazisində oxşar malın qiymətinə təsirini təhlil edərkən araşdırma orqanı aşağıdakı faktları müəyyən edir:
12.3.1. araşdırılan malın qiymətinin gömrük ərazisində oxşar malın qiymətindən əhəmiyyətli dərəcədə aşağı olub-olmaması;
12.3.2. dempinqli və ya subsidiyalaşdırılmış idxalın gömrük ərazisində oxşar malın qiymətinin əhəmiyyətli dərəcədə aşağı düşməsinə səbəb olub-olmaması;
12.3.3. dempinqli və ya subsidiyalaşdırılmış idxalın gömrük ərazisində oxşar malın qiymətinin potensial artımına əhəmiyyətli dərəcədə mane olub-olmaması.
12.4. Araşdırılan mal bir neçə ölkədən idxal edildikdə, araşdırma orqanı tərəfindən bu cür idxalın təsiri yalnız aşağıdakı hallarda birgə qiymətləndirilir:
12.4.1. bu Qanunun 27.7-ci maddəsinə uyğun olaraq hər bir ölkədən idxal üzrə dempinq marjası və ya subsidiyanın məbləği “de minimis”-dən yuxarı olduqda və hər bir ölkədən idxalın həcmi bu Qanunun 27.8-ci maddəsinə uyğun olaraq az əhəmiyyətli olmadıqda;
12.4.2. idxal edilmiş malların arasında və idxal edilmiş mallarla oxşar yerli mallar arasındakı rəqabət şərtlərini nəzərə alaraq birgə qiymətləndirmə mümkün olduqda.
12.5. Dempinqli və ya subsidiyalaşdırılmış idxalın yerli istehsal sahəsinə təsirinin təhlili istehsalın vəziyyəti, o cümlədən aşağıdakılarla bağlı müvafiq iqtisadi faktorların və göstəricilərin qiymətləndirilməsini nəzərdə tutur:
12.5.1. malın istehsalının, satışının, daxili bazarda payının, gəlirin, əmək məhsuldarlığının, cəlb olunmuş investisiyalardan gəlirlərin və ya istehsal gücündən istifadənin azalması;
12.5.2. gömrük ərazisində malın qiymətinə təsir edən faktorlar;
12.5.3. pul kütlələrinin hərəkətinə, əmtəə ehtiyatına, məşğulluq dərəcəsinə, əməkhaqqına, istehsalın artımına, investisiyaların cəlb olunması imkanına mövcud və potensial mənfi təsir;
12.5.4. dempinq marjasının həcmi;
12.5.5. kənd təsərrüfatı sahəsinə dövlət tərəfindən ayrılan xərclərin artırılması (subsidiyalaşdırılmış idxalın təsiri ilə bağlı).
12.5.6. yerli istehsalın vəziyyətini əks etdirən digər faktorlar.
12.6. Araşdırma orqanı bu Qanunun 12.2-ci, 12.3-cü və 12.5-ci maddələrində göstərilən faktorların birgə təhlili əsasında yerli istehsal sahəsinə vurulan zərəri müəyyən etməlidir.
12.7. Dempinqli və ya subsidiyalaşdırılmış idxal ilə yerli istehsal sahəsinə vurulmuş zərər arasında səbəbli əlaqənin müəyyən edilməsi araşdırma orqanının əldə etdiyi sübut və məlumatların təhlilinə əsaslanmalıdır.
12.8. Araşdırma orqanı dempinqli və ya subsidiyalaşdırılmış idxalla yanaşı yerli istehsal sahəsinə zərər vuran digər faktorları da təhlil edir və bu faktorlar nəticəsində vurulmuş zərər dempinqli və ya subsidiyalaşdırılmış idxal nəticəsində yerli istehsal sahəsinə vurulan zərərə aid edilmir.
12.9. Araşdırma orqanının malik olduğu məlumatlar istehsal prosesi, istehsalçılar tərəfindən malın satışı və mənfəət kimi meyarlar əsasında oxşar malın yerli istehsalının ayrıca fərqləndirilməsinə imkan verdikdə, dempinqli və ya subsidiyalaşdırılmış idxalın təsiri həmin istehsala nisbətdə qiymətləndirilir. Oxşar malın yerli istehsalını ayrıca fərqləndirmək mümkün olmadıqda, dempinqli və ya subsidiyalaşdırılmış idxalın təsiri oxşar malın daxil olduğu və haqqında zəruri məlumatların mövcud olduğu ən dar mal qrupunun (nomenklaturasının) istehsalına nisbətdə qiymətləndirilir.
Maddə 13. Dempinqli və ya subsidiyalaşdırılmış idxal nəticəsində yerli istehsal sahəsinə maddi zərərin vurulma təhlükəsinin müəyyən edilməsi
13.1. Maddi zərərin vurulma təhlükəsinin müəyyən edilməsi faktlara əsaslanmalıdır.
13.2. Dempinqli və ya subsidiyalaşdırılmış idxalın zərər vurmasına səbəb olacağını göstərən dəyişikliklər əvvəlcədən aydın görünən və qaçılmaz olmalıdır.
13.3. Maddi zərərin vurulması təhlükəsi müəyyən olunarkən, araşdırma orqanı tərəfindən bütün mövcud faktorlar, o cümlədən aşağıdakılar nəzərə alınır:
13.3.1. idxalın sonradan əhəmiyyətli dərəcədə artmasının mümkünlüyünü göstərən, gömrük ərazisinə dempinqli və ya subsidiyalaşdırılmış idxalın yüksək artım tempi;
13.3.2. digər bazarlara ixrac imkanlarını nəzərə almaqla, gömrük ərazisinə dempinqli və ya subsidiyalaşdırılmış idxalın əhəmiyyətli dərəcədə artmasının mümkünlüyünü göstərən xarici ixracatçının kifayət qədər ixrac imkanlarının olması və ya bu imkanın əhəmiyyətli dərəcədə artımının labüdlüyü;
13.3.3. araşdırılan malın qiyməti, bu şərtlə ki, qiymətin belə səviyyəsi gömrük ərazisində oxşar malın qiymətinin azalmasına və ya artımının qarşısının alınmasına və araşdırılan mala tələbin sonrakı artımına səbəb olur;
13.3.4. subsidiya və ya subsidiyaların xarakteri və onların ticarətə mümkün təsirləri (kompensasiya tədbirləri ilə bağlı);
13.3.5. araşdırılan malın ixracatçıda olan ehtiyatları.
13.4. Bu Qanunun 13.3-cü maddəsində sadalanan faktorlar ayrılıqda həlledici qərarın qəbul edilməsi üçün əsas ola bilməz və birgə təhlil olunaraq dempinqli və ya subsidiyalaşdırılmış ixracın davam etməsinin qaçılmaz olduğu və daxili bazarın qorunması ilə bağlı tədbirlərin görülməyəcəyi təqdirdə yerli istehsal sahəsinə maddi zərərin vurulacağı barədə nəticəyə gətirib çıxarmalıdır.
Maddə 14. Antidempinq və ya kompensasiya tədbirləri ilə bağlı araşdırma zamanı yerli istehsal sahəsinin müəyyən edilməsinin xüsusiyyətləri
14.1. Bu Qanunun 14.2-ci və 14.3-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, oxşar malların Azərbaycan Respublikasındakı bütün istehsalçıları və ya belə malların yerli istehsalının əsas hissəsini təşkil edən istehsalçılar yerli istehsal sahəsi hesab olunur.
14.2. Oxşar malın yerli istehsalçıları araşdırılan malın idxalatçısı olduqda və yaxud bu cür malın ixracatçıları və ya idxalatçıları ilə əlaqəli olduqda, onlar yerli istehsalçı hesab edilmir.
14.3. Aşağıdakı şərtlər olduqda, gömrük ərazisi istehsal sahəsi baxımından iki və daha çox rəqabətli bazara bölünə və hər bir bazar daxilindəki istehsalçılar ayrıca istehsal sahəsi kimi qiymətləndirilə bilər:
14.3.1. istehsalçılar həmin bazarda öz malının hamısını və ya əksər hissəsini satdıqda;
14.3.2. gömrük ərazisinin digər bölgələrində yerləşən araşdırılan malın istehsalçılarının bu bazarda həmin mala tələbatın ödənilməsindəki payı əhəmiyyətli dərəcədə olmadıqda.
14.4. Dempinqli və ya subsidiyalaşdırılmış idxal nəticəsində yerli istehsal sahəsinin əsas hissəsinə zərər vurulmasa da bu Qanunun 14.3-cü maddəsində nəzərdə tutulan hallarda araşdırılan malın satışı rəqabətli bazarlardan birində cəmləşdikdə və dempinqli və ya subsidiyalaşdırılmış idxal həmin bazarların hüdudlarında oxşar malın yerli istehsalçılarının hamısına və ya əksər hissəsinə zərər vurduqda yerli istehsal sahəsinə zərər vurulmuş hesab olunur.
14.5. Yerli istehsal sahəsi bu Qanunun 14.3-cü maddəsində müəyyən olunan qaydada müəyyən edildikdə və araşdırmanın nəticələrinə əsasən antidempinq və ya kompensasiya tədbirlərinin tətbiqi haqqında qərar qəbul edildikdə, belə tədbirlər aşağıdakı şərtlərə əməl olunmaqla araşdırılan malların gömrük ərazisinə bütün idxallarına tətbiq olunur:
14.5.1. araşdırılan malın ixracatçısına həmin malın gömrük ərazisinə dempinqli və ya subsidiyalaşdırılmış idxalının dayandırılması və ya bu Qanunun 16-cı və 17-ci maddələrində qeyd olunan öhdəliklərin qəbul edilməsi imkanları verildikdə;
14.5.2. araşdırılan malın ixracatçısı bu Qanunun 16-cı və 17-ci maddələrində qeyd olunan öhdəliklərin qəbul edilməsi imkanlarından istifadə etmədikdə.
14.6. Bu Qanunun 12.9-cu maddəsinin müddəaları bu Qanunun 14-cü maddəsi ilə tənzimlənən münasibətlərə tətbiq olunur.
14.7. Bu Qanun 14.2-ci maddəsinə müvafiq olaraq istehsalçılar yalnız aşağıdakı hallarda ixracatçılarla və ya idxalatçılarla əlaqəli hesab edilir, bu şərtlə ki, belə münasibət əlaqəli olmayan istehsalçılarla müqayisədə fərqli davranışa səbəb olur:
14.7.1 onların biri digərinə birbaşa və ya dolayı nəzarət edir;
14.7.2. onların hər ikisi birbaşa və ya dolayı yolla üçüncü şəxs tərəfindən nəzarət olunurlar;
14.7.3. onlar birlikdə birbaşa və ya dolayı yolla üçüncü şəxsə nəzarət edirlər.
14.8. Bu Qanunun 14.7-ci maddəsinin məqsədləri üçün bir şəxs digər şəxsə o halda nəzarət etmiş hesab olunur ki, həmin şəxs digər şəxsin fəaliyyətini məhdudlaşdırmaq və ya istiqamətləndirmək imkanına malikdir.
Maddə 15. Müvəqqəti antidempinq və ya kompensasiya rüsumları
15.1. Müvəqqəti antidempinq və ya kompensasiya rüsumları aşağıdakı şərtlər olduqda tətbiq edilir:
15.1.1. bu Qanunun 27-ci maddəsinə uyğun olaraq araşdırma başlandıqda, maraqlı tərəflərə məlumatların və təkliflərin verilməsi imkanı yaradıldıqda;
15.1.2. dempinqli və ya subsidiyalaşdırılmış idxal və bunun nəticəsində yerli istehsal sahəsinə vurulan zərərlə bağlı bu Qanunun 27.16-cı maddəsinə uyğun olaraq ilkin təsdiqedici nəticə əldə edildikdə;
15.1.3. araşdırma orqanı araşdırma müddəti ərzində vurulacaq əlavə zərərin qarşısının alınması üçün belə tədbirlərin tətbiqinin zəruriliyini bu Qanunun 15.7-ci maddəsində qeyd olunan hesabatda göstərdikdə.
15.2. Araşdırma nəticəsində dempinqli və ya subsidiyalaşdırılmış idxal, yaxud bu idxalın yerli istehsal sahəsinə zərər vurması müəyyən edilmədikdə ödənilmiş müvəqqəti antidempinq və ya kompensasiya rüsumları gömrük qanunvericiliyinə uyğun olaraq geri qaytarılır.
15.3. Müvəqqəti antidempinq və ya kompensasiya rüsumunun dərəcəsi ilkin hesablanmış dempinq marjasından və ya subsidiya həcmindən çox ola bilməz.
15.4. Müvəqqəti antidempinq və ya kompensasiya rüsumlarının tətbiqi barədə qərar araşdırma başladığı gündən 60 gündən tez müddətdə qəbul oluna bilməz.
15.5. Müvəqqəti antidempinq rüsumlarının tətbiqi müddəti 4 aydan, araşdırılan malın dempinqli idxalının ümumi həcminin əhəmiyyətli hissəsini təşkil edən ixracatçıların müraciəti olduqda 6 aydan çox ola bilməz. Müvəqqəti antidempinq rüsumunun dərəcəsi ilkin hesablanmış dempinq marjasının həcmindən az olduqda, belə tədbirin tətbiqi müddəti 6 aydan, araşdırılan malın dempinqli idxalının ümumi həcminin əhəmiyyətli hissəsini təşkil edən ixracatçıların müraciəti olduqda 9 aydan çox ola bilməz.
15.6. Müvəqqəti kompensasiya rüsumunun tətbiq müddəti 4 aydan çox ola bilməz.
15.7. Müvəqqəti antidempinq və ya kompensasiya rüsumlarının tətbiqi barədə qərar araşdırma orqanının hesabatı əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Araşdırma orqanının müvafiq icra hakimiyyəti orqanına təqdim olunan hesabatında müvəqqəti antidempinq və ya kompensasiya rüsumunun dərəcəsinə dair təkliflər göstərilməlidir.
15.8. Müvəqqəti antidempinq və ya kompensasiya rüsumları tətbiq olunarkən, bu Qanunun müvafiq olaraq 18-ci və ya 19-cu maddələrinin müddəalarına əməl edilməlidir.
Maddə 16. Antidempinq tədbirləri üzrə araşdırmada qiymətlə bağlı öhdəliklər
16.1. Araşdırılan malın qiymətinə yenidən baxılması və ya həmin malın normal dəyərindən aşağı qiymətə gömrük ərazisinə ixracının dayandırılması barədə ixracatçıdan könüllü qaydada yazılı öhdəlik alındıqda və araşdırma orqanı təqdim etdiyi hesabatda bu öhdəliklərin qəbul edilməsi ilə dempinqli idxalın zərərli nəticələrinin aradan qaldırılacağını göstərdikdə müvəqqəti antidempinq və ya yekun antidempinq rüsumları tətbiq edilmədən müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu öhdəliklərin qəbul edilməsi haqqında qərar qəbul edilir. Qiymətlə bağlı öhdəliklər qəbul edildikdə, araşdırma orqanı tərəfindən araşdırmaya xitam verilir.
16.2. Bu Qanunun 16.1-ci maddəsində qeyd olunan öhdəliklərə əsasən araşdırılan malın qiymətinin artımı bu Qanunun 8-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş dempinq marjasından çox ola bilməz, yerli istehsal sahəsinə vurulan zərərin aradan qaldırılması üçün kifayət etdikdə isə dempinq marjasından az olmalıdır.
16.3. Araşdırma orqanı dempinqli idxalın mövcudluğu və bununla əlaqədar yerli istehsal sahəsinə zərərin vurulması barədə bu Qanunun 27.16-cı maddəsinə uyğun olaraq ilkin təsdiqedici nəticəyə gələnədək bu Qanunun 16.1-ci maddəsində qeyd olunan öhdəliklərin qəbul edilməsi barədə qərar qəbul edilə və ya belə öhdəliklərin qəbulu ixracatçıya təklif edilə bilməz.
16.4. Araşdırma orqanının müvafiq icra hakimiyyəti orqanına təqdim etdiyi hesabatda ixracatçıların sayının çoxluğu və dövlətin maraqları səbəbindən öhdəliklərin qəbul edilməsi qeyri-mümkün hesab olunduqda, təklif edilmiş öhdəliklər qəbul edilmir. Bu halda araşdırma orqanı tərəfindən ixracatçıya öhdəliyin qəbul edilməməsinin səbəbləri bildirilir və ona bununla bağlı rəy bildirmək imkanı verilir.
16.5. Qiymətlə bağlı öhdəliklər qəbul edildiyi halda dempinq və zərərlə bağlı araşdırma araşdırılan malın ixracatçısının xahişi və ya müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən davam etdirilir.
16.6. Araşdırma orqanı dempinqli idxalın olmadığı və ya yerli istehsal sahəsinə zərər vurulmadığı nəticəsinə gəldikdə, qiymətlə bağlı öhdəlikləri qəbul edən ixracatçı belə öhdəliklərdən azad olunur. Araşdırma orqanının gəldiyi bu nəticə əhəmiyyətli dərəcədə qiymət öhdəliklərinin mövcudluğu ilə bağlı olduqda, araşdırma orqanı araşdırılan malın ixracatçılarından qiymətlə bağlı öhdəliklərinin qüvvədə qalmasını tələb edir.
16.7. Araşdırma orqanı dempinqli idxalın olması və bununla bağlı yerli istehsal sahəsinə zərər vurulması nəticəsinə gələrsə, ixracatçıların qiymətlə bağlı öhdəlikləri bu öhdəliklərin şərtlərinə uyğun olaraq qüvvəsini saxlayır.
16.8. Araşdırma orqanı tərəfindən ixracatçılara qiymətlə bağlı öhdəliklərin qəbul edilməsi təklif edilə bilər və ixracatçı belə öhdəliklərin qəbul edilməsinə məcbur edilə bilməz.
16.9. İxracatçıların qiymətlə bağlı öhdəlikləri təklif etməmələri və ya təklif edilmiş öhdəlikləri qəbul etməmələri işə baxılmasına mane olmur.
16.10. İxracatçıların qiymətlə bağlı öhdəlikləri qəbul edildikdə, araşdırma orqanı həmin ixracatçılardan öhdəliklərin yerinə yetirilməsi barədə dövri məlumat almaq və bu məlumatların yoxlanılması üçün icazə verməyi tələb etmək hüququna malikdir.
16.11. İxracatçı tərəfindən qiymətlə bağlı öhdəliklərə əməl olunmadıqda, araşdırma orqanının hesabatı əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən aşağıdakı təcili tədbirlər görülür:
16.11.1. araşdırma başa çatmayıbsa, müvəqqəti antidempinq rüsumları tətbiq edilir;
16.11.2. araşdırma başa çatıbsa və bu Qanunun 4-cü maddəsində qeyd olunan əsasların mövcudluğu müəyyən olunarsa, yekun antidempinq rüsumları tətbiq edilir.
16.12. İxracatçı tərəfindən qiymətlə bağlı öhdəliklərə əməl olunmadıqda, ona bununla əlaqədar izahat təqdim etmək imkanı yaradılır.
16.13. Bu Qanunun 16.11-ci maddəsində nəzərdə tutulan hesabatda araşdırma orqanının müvəqqəti antidempinq və ya yekun antidempinq rüsumunun dərəcəsinə dair təklifləri göstərilməlidir.
16.14. Bu Qanunun 20-ci maddəsi (20.7, 20.9 və 20.10-cu maddələr istisna olmaqla), qiymətlə bağlı öhdəliklərə də tətbiq olunur.
Maddə 17. Kompensasiya tədbirləri ilə bağlı araşdırmada öhdəliklər
17.1. Araşdırma müvəqqəti və yekun kompensasiya rüsumları tətbiq edilmədən xarici dövlətin və ya ixracatçının yazılı formada aşağıdakı könüllü öhdəliklərindən birinin qəbul edilməsi haqqında müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında araşdırma orqanı tərəfindən dayandırıla və ya ona xitam verilə bilər:
17.1.1. araşdırılan malı ixrac edən xarici dövlət subsidiyalaşmanın ləğv edilməsi və ya azaldılması, yaxud subsidiyalaşmanın nəticələrinin aradan qaldırılmasına razılaşır;
17.1.2. araşdırılan malın ixracatçısı malın onun tərəfindən müəyyən olunmuş qiymətinə yenidən baxmağa razılaşır və araşdırma orqanı ixracatçının bu cür öhdəliyinin qəbul edilməsinin subsidiyalaşdırılmış idxalın mənfi nəticələrinin aradan qaldıracağı qənaətinə gəlir.
17.2. Bu Qanunun 17.1.2-ci maddəsində qeyd olunan öhdəliyə əsasən araşdırılan malın qiymətinin artımı bu Qanunun 11-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş subsidiyanın məbləğindən çox ola bilməz, yerli istehsal sahəsinə vurulan zərərin aradan qaldırılması üçün kifayət etdikdə isə bu məbləğdən az olmalıdır.
17.3. Araşdırma orqanı subsidiyalaşdırılmış idxalın mövcudluğu və bunun nəticəsində yerli istehsal sahəsinə zərərin vurulması barədə bu Qanunun 27.16-cı maddəsinə uyğun olaraq ilkin təsdiqedici nəticəyə gələnədək bu Qanunun 17.1-ci maddəsində qeyd olunan öhdəliklərin qəbul edilməsi barədə qərar qəbul edilmir. Araşdırılan malın ixrac olunduğu xarici dövlətin razılığı olmadan həmin malın ixracatçısının bu Qanunun 17.1.2-ci maddəsində göstərilən öhdəliklərinin qəbul edilməsi haqqında qərar qəbul edilmir.
17.4. Araşdırma orqanının müvafiq icra hakimiyyəti orqanına təqdim etdiyi hesabatda ixracatçıların sayının çoxluğu və dövlətin maraqları səbəbindən öhdəliklərin qəbul edilməsi qeyri-mümkün hesab olunduqda, təklif edilmiş öhdəliklər qəbul edilmir. Bu halda araşdırma orqanı tərəfindən ixracatçıya öhdəliyin qəbul edilməməsinin səbəbləri bildirilir və ona bununla bağlı rəyini bildirmək imkanı verilir.
17.5. Öhdəliklər qəbul edildiyi halda subsidiyalaşdırılmış idxalın mövcudluğu və bunun nəticəsində yerli istehsal sahəsinə zərər vurulmasına münasibətdə araşdırma araşdırılan malın ixrac olunduğu ölkənin səlahiyyətli orqanının xahişi və ya müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən davam etdirilir.
17.6. Araşdırma orqanı subsidiyalaşdırılmış idxalın olmadığı və ya yerli istehsal sahəsinə zərərin vurulmadığı nəticəsinə gəldikdə, öhdəlikləri qəbul edən ixracatçı belə öhdəliklərdən azad olunur. Araşdırma orqanının gəldiyi bu nəticə əhəmiyyətli dərəcədə öhdəliklərin mövcudluğu ilə bağlı olduqda, araşdırma orqanı araşdırılan malın ixracatçılarından öhdəliklərinin qüvvədə qalmasını tələb edir.
17.7. Araşdırma orqanı subsidiyalaşdırılmış idxalın olması və bunun nəticəsində yerli istehsal sahəsinə zərərin vurulması nəticəsinə gələrsə, öhdəliklər bu öhdəliklərin şərtlərinə uyğun olaraq qüvvəsini saxlayır.
17.8. Araşdırma orqanı tərəfindən öhdəliklərin qəbul edilməsi təklif oluna bilər və ixracatçı belə öhdəliklərin qəbul edilməsinə məcbur edilə bilməz.
17.9. İxracatçıların və ya xarici dövlətlərin öhdəlikləri təklif etməmələri və ya təklif edilmiş öhdəlikləri qəbul etməmələri işə baxılmasına mane olmur.
17.10. İxracatçıların və ya xarici dövlətlərin öhdəlikləri qəbul edildikdə, araşdırma orqanı onlardan bu öhdəliklərin yerinə yetirilməsi barədə dövri məlumat almaq və bu məlumatların yoxlanılması üçün icazə verməyi tələb etmək hüququna malikdir.
17.11. İxracatçı tərəfindən öhdəliklərə əməl olunmadıqda, araşdırma orqanının hesabatı əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən aşağıdakı təcili tədbirlər görülür:
17.11.1. araşdırma başa çatmadıqda, müvəqqəti kompensasiya rüsumları tətbiq edilir;
17.11.2. araşdırma başa çatdıqda və bu Qanunun 4-cü maddəsində qeyd olunan əsasların mövcudluğu müəyyən olunduqda yekun kompensasiya rüsumları tətbiq edilir.
17.12. Öhdəliklərə əməl olunmadıqda ixracatçılara və ya xarici dövlətlərin səlahiyyətli orqanlarına bununla əlaqədar izahat təqdim etmək imkanı yaradılır.
17.13. Bu Qanunun 17.11-ci maddəsində nəzərdə tutulan hesabatda araşdırma orqanının müvəqqəti kompensasiya və ya yekun kompensasiya rüsumunun dərəcəsinə dair təklifləri göstərilməlidir.
17.14. Bu Qanunun 20-ci maddəsi (20.7, 20.9 və 20.10-cu maddələr istisna olmaqla) bu Qanunun 17.1-ci maddəsində nəzərdə tutulan öhdəliklərə də tətbiq olunur.
Maddə 18. Antidempinq rüsumlarının tətbiqi
18.1. Qiymətlə bağlı öhdəliklərin qəbul edilməsi halı istisna olmaqla, antidempinq rüsumları dempinqli və yerli istehsal sahəsinə zərər vuran bütün idxallara tətbiq edilir.
18.2. Antidempinq rüsumlarının tətbiqi barədə qərar araşdırmanın nəticələrinə dair araşdırma orqanının təqdim etdiyi hesabat əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir.
18.3. Araşdırma orqanı tərəfindən bu Qanunun 8.3-cü maddəsinə uyğun olaraq fərdi dempinq marjası müəyyən olunduqda, antidempinq rüsumu araşdırılan malın məlum olan hər ixracatçısına və ya xarici istehsalçısına münasibətdə fərdi olaraq, bu Qanunun 8.6-cı maddəsinə uyğun olaraq vahid dempinq marjası müəyyən olunduqda, araşdırılan malın məlum olan bütün ixracatçılarına və ya xarici istehsalçılarına münasibətdə ayrı-seçkilik etmədən tətbiq olunur.
18.4. Araşdırma orqanı tərəfindən bu Qanunun 8.4-cü maddəsinə müvafiq olaraq məhdudiyyət tətbiq olunduqda, fərdi dempinq marjasının müəyyən olunması üçün seçilməyən, lakin araşdırma zamanı onlar üçün müəyyən olunmuş müddətdə zəruri məlumatları təqdim edən araşdırılan malların ixracatçılarına və ya xarici istehsalçılarına tətbiq olunan antidempinq rüsumunun dərəcəsi araşdırılan malın fərdi dempinq marjası üçün seçilmiş ixracatçılarına və ya xarici istehsalçılarına müəyyən olunmuş çəkili orta dempinq marjasından artıq olmamalıdır.
18.5. Araşdırılan malın xarici istehsalçısı və ya ixracatçısı araşdırma orqanına zəruri məlumatları təqdim etməkdən imtina edərsə və ya bu Qanunun 27.10-cu maddəsi ilə müəyyən edilmiş müddətdə həmin məlumatı təqdim etməzsə, araşdırma orqanında olan məlumat əsasında hesablanmış ən yüksək antidempinq rüsumu tətbiq edilir.
18.6. Araşdırmanın nəticələrinə dair araşdırma orqanının müvafiq icra hakimiyyəti orqanına təqdim etdiyi hesabatda antidempinq rüsumunun dərəcəsinə dair təkliflər göstərilir.
Maddə 19. Kompensasiya rüsumlarının tətbiqi
19.1. Kompensasiya rüsumları spesifik subsidiya verən xarici dövlətə məsləhətləşmələrin aparılması təklif olunduqdan sonra və xarici dövlət təklif olunan məsləhətləşmələrdən imtina etdikdə və ya bu cür məsləhətləşmələrin gedişi zamanı qarşılıqlı razılıq əldə olunmadıqda tətbiq olunur.
19.2. Kompensasiya rüsumlarının tətbiqi barədə qərar araşdırmanın nəticələrinə dair araşdırma orqanının təqdim etdiyi hesabat əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir.
19.3. Öhdəliklərin qəbul edilməsi halı istisna olmaqla, kompensasiya rüsumları subsidiyalaşdırılmış və yerli istehsal sahəsinə zərər vuran bütün idxallara tətbiq edilir.
19.4. Kompensasiya rüsumlarının dərəcəsi subsidiyalaşdırılmış və gömrük ərazisinə idxal olunan mal vahidinə hesablanmış, xarici dövlətin spesifik subsidiyasının həcmindən çox ola bilməz.
19.5. Kompensasiya rüsumlarının dərəcəsi yerli istehsal sahəsinə vurulan zərərin aradan qaldırılması üçün kifayət etdikdə, xarici dövlətin spesifik subsidiyasının həcmindən az olmalıdır.
19.6. Kompensasiya rüsumlarının dərəcələrinin müəyyən edilməsi zamanı kompensasiya rüsumlarının tətbiq edilməsi iqtisadi maraqlarına toxuna biləcək yerli istehlakçıların və araşdırılan malın sənaye məqsədi ilə istifadəçilərinin araşdırma orqanına yazılı formada təqdim edilmiş rəyi nəzərə alınır.
19.7. Araşdırmanın nəticələrinə dair araşdırma orqanının müvafiq icra hakimiyyəti orqanına təqdim etdiyi hesabatda kompensasiya rüsumunun dərəcəsinə dair təkliflər göstərilir.
Maddə 20. Antidempinq və ya kompensasiya tədbirlərinin qüvvədə olma müddəti və onlara yenidən baxılma
20.1. Antidempinq və ya kompensasiya tədbiri dempinqli və ya subsidiyalaşdırılmış idxal nəticəsində yerli istehsal sahəsinə vurulmuş zərərin aradan qaldırılması üçün bu Qanunla müəyyən edilmiş həddə və müddətdə tətbiq olunur.
20.2. Antidempinq və ya kompensasiya rüsumu bu tədbirin tətbiqinə başlanılması günündən və ya bu Qanunun 20.3-cü, 20.9-cu və 20.10-cu maddələrinə uyğun olaraq həyata keçirilən təkrar araşdırmanın başa çatdığı gündən başlayaraq 5 ildən çox olmayan müddətdə tətbiq olunur.
20.3. Antidempinq və ya kompensasiya tədbirinin qüvvədə olma müddətinin uzadılması barədə qərar müddətin bitməsi ilə əlaqədar təkrar araşdırmanın nəticələri barədə araşdırma orqanının hesabatı əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir.
20.4. Antidempinq və ya kompensasiya tədbirinin tətbiqinin dayandırılmasının dempinqli və ya subsidiyalaşdırılmış idxala və bunun nəticəsində yerli istehsal sahəsinə yenidən zərər vurulmasına səbəb olacağı barədə məlumat maraqlı tərəfin müraciətində qeyd olunduqda və ya araşdırma orqanı tərəfindən belə məlumatlar əldə olunduqda maraqlı tərəflərin araşdırma orqanına bu Qanunun 26.1-ci maddəsinə uyğun olaraq təqdim olunmuş yazılı müraciəti və ya araşdırma orqanının təşəbbüsü əsasında təkrar araşdırma həyata keçirilir.
20.5. Antidempinq və ya kompensasiya tədbirinin qüvvədə olma müddətinin bitməsi ilə əlaqədar aparılan təkrar araşdırmanın həyata keçirilməsi zamanı dempinq marjasının və ya subsidiya məbləğinin, antidempinq və ya kompensasiya rüsumunun yenidən hesablanması zərurəti araşdırma orqanı tərəfindən onun malik olduğu məlumat əsasında müəyyən olunur.
20.6. Antidempinq və ya kompensasiya tədbirinin müddəti bitdikdə aparılan təkrar araşdırma zamanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən antidempinq tədbirinin tətbiqinin müddəti uzadılır.
20.7. Təkrar araşdırmanın nəticələrinə əsasən antidempinq tədbirinin tətbiqi üçün əsas olmadığı müəyyən edildikdə antidempinq və ya kompensasiya tədbirinin tətbiqinin uzadıldığı dövrdə alınan antidempinq və ya kompensasiya rüsumları gömrük qanunvericiliyinə uyğun olaraq geri qaytarılır.
20.8. Araşdırma orqanı öz təşəbbüsü və ya maraqlı tərəfin m&14 İyul 2016, 09:07
14 Aprel 2023, 12:04
“Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
14 Aprel 2023, 12:04
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 dekabr tarixli 897 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
14 Aprel 2023, 12:04
“Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 827-VIQD nömrəli Qanununun tətbiqi və “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli 116 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
14 Aprel 2023, 12:04
“Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
14 Aprel 2023, 12:04
“Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 826-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” 1999-cu il 4 avqust tarixli 176 nömrəli, “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə” 2000-ci il 6 mart tarixli 291 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
14 Aprel 2023, 12:04
Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ətraflı...
14 Aprel 2023, 11:04
M.Q.Məmmədovun Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
12 Aprel 2023, 16:04
Dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
12 Aprel 2023, 16:04
Yengicə su anbarının tikintisi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
11 Aprel 2023, 11:04
“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 831-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 iyul tarixli 792 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...