Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması QAYDASI

Azərbaycan Respublikası Prezidentinin

2016-cı il 12 iyul tarixli

Fərmanı ilə təsdiq edilmişdir

 

1. Ümumi müddəalar

1.1. Bu Qayda Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 165.3-cü maddəsinə uyğun olaraq, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin (bundan sonra - ƏDV) həmin mallar gömrük qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisindən hava nəqliyyatı vasitəsilə aparılarkən geri qaytarılması qaydasını tənzimləyir.

1.2. Bu Qayda 1.3-cü bənddə göstərilən mallar istisna olmaqla, yalnız istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan və alındığı tarixdən 90 gün müddətində ölkə ərazisindən aparılan istehlak mallarına şamil edilir.

1.3. Bu Qayda aşağıdakı mallara şamil edilmir:

1.3.1. aksizli mallar;

1.3.2. ərzaq malları;

1.3.3. dərman preparatları və tibbi ləvazimatlar;

1.3.4. ölkənin mədəni-tarixi sərvəti hesab edilən, mədəni irsin qorunması üçün mühüm əhəmiyyət kəsb edən mallar;

1.3.5. ölkə daxilində satışı ƏDV-dən azad edilən mallar;

1.3.6. ixracı üçün lisenziya tələb olunan mallar;

1.3.7. çərçivəyə salınmamış, emal edilməmiş və ya çeşidlənməmiş qiymətli daşlar;

1.3.8. külçə şəklində qiymətli metallar;

1.3.9. müşayiət olunmayan baqajla Azərbaycan Respublikasının ərazisindən aparılan mallar;

1.3.10. nəqliyyat vasitələri və onların ehtiyat hissələri;

1.3.11. poçt və ya internet xidməti vasitəsilə ixrac edilən mallar.

1.4. Bu Qayda bir elektron vergi-hesab fakturası üzrə malların dəyəri (ƏDV ilə birlikdə) 300 manatdan çox olduğu hallarda tətbiq edilir.

1.5. Bu Qayda aşağıdakı şəxslərə münasibətdə tətbiq edilmir:

1.5.1. Azərbaycan Respublikasının vətəndaşlarına;

1.5.2. Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə verilmiş, haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsi verilmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər;

1.5.3. bilavasitə xidməti vəzifələrini icra edən hava nəqliyyatının heyət üzvü olan şəxslər;

1.5.4. 14 yaşınadək şəxslər.

1.6. ƏDV-nin alıcıya qaytarılması nağd ödəniş və ya bank kartına köçürmə yolu ilə həyata keçirilir.

1.7. Operatorun göstərdiyi xidmətlərə görə alıcıya ödəniləcək ƏDV məbləğindən 20 faiz həcmində xidmət haqqı tutulur. Xidmət haqqı vergi orqanlarının büdcədənkənar gəlirlərinə aid edilməklə bu Qaydanın 4.2-ci bəndində nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi üçün istifadə edilir.

2. Əsas anlayışlar

2.0. Bu Qaydanın məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.0.1. alıcı – istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malları Azərbaycan Respublikasının ərazisində alan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs;

2.0.2. satıcı – ƏDV-nin qaytarılması şərti ilə satış həyata keçirmək üçün qeydiyyata alınan ƏDV ödəyicisi;

2.0.3. operator – ƏDV-nin qaytarılması şərti ilə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə təqdim edilən elektron vergi-hesab fakturalarının (bundan sonra - e-VHF) tərtib edilməsinə, həmin e-VHF-lər barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının və vahid məlumat bazasının fəaliyyətini təşkil və idarə edən dövlət orqanı;

2.0.4. stiker – xüsusi hazırlanmış yapışqanlı kağız etiket;

2.0.5. risk – vergi və gömrük qanunvericiliyinin tələblərinin yerinə yetirilməməsi ehtimalı;

2.0.6. risk qiymətləndirmə sistemi – məlumatların toplanması, məlumat bazasının yenilənməsi, risklərin təhlili, müvafiq proseslər və onların nəticələrinin mütəmadi monitorinqi yolu ilə risklərin müəyyən edilməsi, onların təhlükəlilik ehtimalının və dövlətin iqtisadi, sosial və digər maraqlarına dəyəcək ziyanın dərəcəsinin qiymətləndirilməsi;

2.0.7. vahid məlumat bazası – operator tərəfindən idarə olunan, bu Qaydada nəzərdə tutulmuş hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ƏDV-nin qaytarılması üçün zəruri olan məlumatların inteqrasiya olunduğu vahid sistem;

2.0.8. müvəkkil bank – Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla operator tərəfindən müəyyən edilən müvəkkil bank və ya banklar.

3. Satıcının qeydiyyatı

3.1. ƏDV-nin qaytarılması şərti ilə malların satışı vergi orqanı tərəfindən satıcı qismində qeydiyyata alınmış ƏDV ödəyicisi olan şəxslər tərəfindən həyata keçirilir.

3.2. Satıcı aşağıdakı tələblərə cavab verməlidir:

3.2.1. ƏDV ödəyicisi kimi qeydiyyatdan keçməlidir;

3.2.2. pərakəndə ticarət fəaliyyəti ilə məşğul olmalıdır;

3.2.3. pərakəndə ticarət fəaliyyəti üçün vergi orqanında qeydiyyatda olan təsərrüfat subyektinə (obyektinə), həmin təsərrüfat subyektində (obyektində) vergi qanunvericiliyinə uyğun olaraq quraşdırılmış nəzarət kassa aparatına (bundan sonra – NKA) və işlək vəziyyətdə olan Pos-terminala malik olmalıdır;

3.2.4. Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vergilərlə bağlı dövlət büdcəsinə borcu və digər öhdəliyi (Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada borcun ödənilməsinə möhlət verilməsi və (və ya) vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin dəyişdirilməsi halları istisna olmaqla) olmamalıdır.

3.3. ƏDV-nin qaytarılması şərti ilə satış həyata keçirmək istəyən vergi ödəyicisi satıcı kimi qeydiyyata alınmaq üçün Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş formada ərizə ilə qeydiyyatda olduğu vergi orqanına müraciət edir.

3.4. Vergi orqanı müraciət edən vergi ödəyicisinin məlumatlarının bu Qaydanın 3.2.1-3.2.4-cü yarımbəndlərinin tələblərinə uyğunluğunu yoxlayır. Ərizədə aradan qaldırılması mümkün olan çatışmazlıqlar aşkar edildikdə, ərizənin daxil olduğu tarixdən 3 iş günündən gec olmayaraq vergi orqanı onların aradan qaldırılması üçün vergi ödəyicisinə bildiriş təqdim edir (və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir). Bütün çatışmazlıqlar ərizəçiyə eyni zamanda bildirilməlidir.

3.5. Vergi ödəyicisi aşkar olunmuş çatışmazlıqları aradan qaldırdıqdan sonra təkrar ərizə ilə vergi orqanına müraciət edə bilər.

3.6. Vergi ödəyicisi vergi orqanı tərəfindən 5 iş günündən gec olmayaraq satıcı qismində qeydiyyata alınır və ona bu barədə təsdiqedici sənəd təqdim edilir.

3.7. Vergi ödəyicisi ƏDV-nin qaytarılması şərti ilə satıcı qismində qeydiyyata alındıqdan sonra operator və satıcı arasında forması Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş xidmət müqaviləsi bağlanır.

3.8. Satıcı satış nöqtələrində ƏDV-nin qaytarılması şərti ilə malların satışı zamanı özündə bu Qaydanın 5.2-ci bəndində göstərilmiş məlumatları əks etdirən e-VHF-nin çap edilməsinə imkan verən proqram təminatı və texniki avadanlıqların operator tərəfindən quraşdırılmasına şərait yaratmalıdır.

3.9. Bu Qaydanın 3.7-ci bəndində nəzərdə tutulan xidmət müqaviləsi bağlandıqdan sonra 10 iş günü müddətində operator satıcıya məxsus ərizədə göstərilən təsərrüfat subyektini (obyektini) zəruri avadanlıq, proqram təminatı və stikerlərlə təchiz edir və bu barədə akt tərtib edilir.

3.10. Satıcının yeni təsərrüfat subyekti (obyekti) qeydiyyatdan keçdikdə, həmin təsərrüfat subyekti (obyekti) üzrə satıcı tərəfindən ƏDV-nin qaytarılması şərti ilə malların satışının həyata keçirilməsi üçün yenidən ərizə ilə müraciət edilir.

3.11. Vergi ödəyicisinin satıcı qismində qeydiyyatına bu Qaydanın 3.12-ci bəndində müəyyən olunmuş hallarda Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən və ya məhkəmə qaydasında xitam verilir.

3.12. Bu Qaydanın məqsədləri üçün satıcının qeydiyyatına aşağıdakı hallarda xitam verilir:

3.12.1. fəaliyyəti dövründə iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə cinayət məsuliyyətinə cəlb olunduqda;

3.12.2. vergi orqanına təqdim olunmuş vergi hesabatlarında aşkar olunmuş uyğunsuzluqlar və ziddiyyətlər qanunla müəyyən edilmiş müddətdə aradan qaldırılmadıqda;

3.12.3. satıcı Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən olunmuş müddətdə və qaydada vergi hesabatlarını vergi orqanlarına təqdim etməməklə vergilərin dövlət büdcəsinə ödənilməsindən yayındıqda;

3.12.4. satıcının ƏDV-nin qaytarılması şərti ilə satış həyata keçirilən təsərrüfat subyekti (subyektləri) ləğv edildikdə;

3.12.5. satıcının ƏDV qeydiyyatı ləğv edildikdə;

3.12.6. bu Qaydanın 5.5-ci bəndinin tələblərinə əməl edilmədikdə;

3.12.7. satıcı sahibkarlıq fəaliyyətini dayandırdıqda və ya bu fəaliyyətə qanunla müəyyən edilmiş qaydada xitam verildikdə;

3.12.8. vergilər, faizlər və vergi orqanı tərəfindən tətbiq edilmiş maliyyə sanksiyaları üzrə borc məbləği 30 təqvim günü müddətində ödənilmədikdə və bununla bağlı məhkəməyə şikayət verilmədikdə;

3.12.9. bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda;

3.12.10. bu barədə satıcının müraciəti olduqda.

4. Operator

4.1. Operatorun səlahiyyətlərini Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir.

4.2. Operator:

4.2.1. bu Qayda ilə müəyyən edilmiş hallarda malların satışının rəsmiləşdirilməsi və əlavə dəyər vergisinin qaytarılması işlərini təşkil edir;

4.2.2. aşağıdakı tələblərə cavab verən proqram təminatının və vahid məlumat bazasının yaradılmasını və idarə edilməsini təmin edir:

1. ƏDV-nin qaytarılması şərti ilə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə təqdim edilmiş mallar üzrə e-VHF-nin tərtib edilməsi, ştrix-kodla birlikdə çap edilməsi və həmin e-VHF-lər barədə məlumatların aidiyyəti üzrə ötürülməsi;

2. alıcı tərəfindən gömrük sərhəd buraxılış məntəqəsində təqdim edilən e-VHF-nin ştrix-kodu əsasında e-VHF-nin məlumatlarının eyniləşdirilməsi;

4.2.3. proqram təminatının daim işlək vəziyyətdə saxlanılmasını və fasiləsiz fəaliyyətini təmin edir;

4.2.4. stikerin formasını və tətbiqi qaydasını müəyyən edir.

5. Malların satışının rəsmiləşdirilməsi

5.1. Alıcı alınmış malların dəyərini ödəmək məqsədilə ödəniş nöqtəsinə yaxınlaşdıqda satıcı ondan ƏDV-nin qaytarılması hüququndan istifadə etmək barədə istəyinin olub-olmadığını dəqiqləşdirir. Alıcı ƏDV-nin qaytarılması hüququndan istifadə etmək istədikdə, satıcı ona bu Qaydanın tələbləri barədə ümumi məlumat verir.

5.2. Alıcı tərəfindən pasport və ya digər sərhədkeçmə sənədi (bundan sonra - pasport) təqdim edildikdən sonra satıcı aşağıdakı məlumatları özündə əks etdirən e-VHF-ni Azərbaycan Respublikasının Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalında elektron vergi-hesab faktura sistemi vasitəsilə tərtib edir və həmin məlumatları real vaxt rejimində vahid məlumat bazasına ötürür:

5.2.1. e-VHF-nin seriyası, nömrəsi və tarixi;

5.2.2. satıcının adı, soyadı, təsərrüfat subyektinin ünvanı və VÖEN-i;

5.2.3. alıcının adı və soyadı;

5.2.4. alıcının pasportunun seriyası və nömrəsi;

5.2.5. alıcının vətəndaşı olduğu ölkənin adı (vətəndaşlığı olmayan şəxsin gəldiyi ölkənin adı);

5.2.6. satılmış malın adı, miqdarı, vahidinin qiyməti və həmin qiymətin tərkibindəki ödənilmiş ƏDV-nin məbləği;

5.2.7. həmin e-VHF üzrə alınmış mala görə ödənilmiş ƏDV-nin qaytarılacağı son tarix (ingilis və rus dillərində);

5.2.8. alıcının bank kartının (və ya hesabının) rekvizitləri – alıcının istəyi əsasında;

5.2.9. operatorun və müvəkkil bankın əlaqə məlumatları və rekvizitləri.

5.3. E-VHF ştrix-kod əks olunmaqla iki nüsxədə çap edilir və hər iki nüsxə alıcıya təqdim edilir. E-VHF satıcının imzası və mərkəzində bu əməliyyatların ƏDV-nin qaytarılması şərti ilə həyata keçirildiyinə dair təsdiqedici qeyd (“Tax Free”) olan möhürlə təsdiqlənməklə təqdim edilir. E-VHF-nin forması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

5.4. Satış nöqtəsində texniki nasazlıq yaranması səbəbindən e-VHF-nin tərtibi və çapı mümkün olmadıqda, satıcı tərəfindən mətbəədə çap edilmiş ciddi hesabat blankı olan e-VHF 3 nüsxədə tərtib edilir və bu Qaydanın 5.3-cü bəndinə uyğun olaraq təsdiqlənir. Onun bir nüsxəsi satıcıda qalır, digər iki nüsxəsi isə alıcıya verilir.

5.5. Satıcı tərəfindən texniki nasazlıq bərpa olunduqdan dərhal sonra aparılmış əməliyyatlar üzrə, bu Qaydanın 5.2-ci bəndinə uyğun olaraq, e-VHF tərtib edilir və həmin məlumatlar real vaxt rejimində vahid məlumat bazasına ötürülür.

6. ƏDV-nin qaytarılması

6.1. Alıcı aldığı malları Azərbaycan Respublikası ərazisindən apardıqda, həmin mallar üzrə ödənilmiş ƏDV-nin qaytarılması məqsədilə gömrük sərhəd buraxılış məntəqəsində aşağıdakı ardıcıllıqla tədbirlər həyata keçirilir:

6.1.1. alıcı mallara dair e-VHF-ni pasportla birlikdə gömrük sərhəd buraxılış məntəqəsində gömrük orqanı əməkdaşına təqdim edir;

6.1.2. e-VHF-nin məlumatları gömrük orqanı tərəfindən vahid məlumat bazasında eyniləşdirildikdən sonra avtomatik risk qiymətləndirməsi aparılır;

6.1.3. risk qiymətləndirməsinin nəticələri əsasında alıcının və ona məxsus malların gömrük nəzarətindən keçməli olub-olmadığı proqram təminatı vasitəsilə açıqlanır. Alıcının və ona məxsus malların gömrük nəzarətindən keçməsi tələb edildiyi halda alıcı həmin malları gömrük baxışının keçirilməsi məqsədilə gömrük orqanı əməkdaşlarına təqdim edir. Gömrük orqanı əməkdaşları təqdim edilmiş mallarla vahid məlumat bazasına daxil edilmiş məlumatların uyğunluğunu yoxlayır, yoxlamanın nəticələrinə uyğun olaraq, alıcıya qaytarılacaq ƏDV məbləği barədə alıcının təqdim etdiyi e-VHF-də təsdiq qeydi aparır, möhürlə təsdiq etməklə alıcıya təqdim edir və vahid məlumat bazasında e-VHF-ni təsdiq etməklə bu barədə məlumatı real vaxt rejimində müvəkkil banka ötürür;

6.1.4. risk qiymətləndirməsinin nəticələri əsasında alıcıdan malları gömrük baxışı üçün təqdim etmək tələb olunmadıqda, qaytarılacaq ƏDV-nin yekun məbləğini əks etdirən e-VHF gömrük orqanı tərəfindən möhürlə təsdiq olunur və bu barədə məlumatlar real vaxt rejimində müvəkkil banka ötürülür.

6.2. Bu Qaydanın 5.4-cü bəndində nəzərdə tutulan halda gömrük orqanı e-VHF-nin satıcı tərəfindən sistemə daxil edilib-edilmədiyini yoxlayır. Məlumatlar sistemə daxil edildiyi halda bu Qaydanın 6.1.2 – 6.1.4-cü yarımbəndlərində göstərilən tədbirlər həyata keçirilir. Məlumatlar sistemə daxil edilmədiyi halda gömrük orqanı həmin e-VHF-nin seriya və nömrəsi əsasında bu Qaydanın 5.5-ci bəndində göstərilən tədbirləri həyata keçirir. Bu zaman gömrük orqanı tərəfindən e-VHF-də göstərilən malların faktiki mövcudluğu yoxlanılır, ona uyğun olaraq e-VHF hər iki nüsxədə ƏDV-nin yekun məbləği əks etdirilməklə təsdiq olunur və bu barədə məlumat real vaxt rejimində müvəkkil banka ötürülür.

6.3. E-VHF-nin bir nüsxəsi gömrük orqanında saxlanılır, digər nüsxəsi isə alıcıya qaytarılır.

6.4. Alıcı dövlət sərhədinin buraxılış məntəqəsindən keçdikdən sonra müvəkkil bank gömrük orqanı tərəfindən möhürlə təsdiq olunmuş e-VHF-yə əsasən qaytarılmalı olan ƏDV məbləğini alıcının istəyinə uyğun olaraq milli valyutada nağd ödəniş və ya 10 iş günündən gec olmayaraq xarici və ya milli valyutada bank kartına (və ya hesabına) köçürmə qaydasında qaytarır.

6.5. Alıcının istəyinə uyğun olaraq ƏDV-nin qaytarılması bank kartına (və ya hesabına) köçürmə qaydasında həyata keçirildiyi təqdirdə, alıcı gömrük orqanı tərəfindən təsdiqlənmiş, bu Qaydanın 5.2.8-ci yarımbəndində nəzərdə tutulan məlumatları əks etdirən e-VHF-nin bir nüsxəsini gömrük sərhəd buraxılış məntəqəsində bu məqsəd üçün yaradılmış xüsusi qutuya atır.

6.6. Bu Qaydanın 6.5-ci bəndində nəzərdə tutulan e-VHF-lər müvəkkil bank tərəfindən vahid məlumat bazasında təsdiq edilir və qaytarılmalı vəsait alıcının göstərdiyi bank kartına (və ya hesabına) köçürülür.

6.7. ƏDV məbləği alıcının bank kartına (və ya hesabına) köçürülən zaman xarici valyuta ekvivalenti müəyyən edilərkən, müvəkkil bankın ƏDV-nin qaytarıldığı tarixə müəyyən etdiyi məzənnə əsas götürülür.

6.8. Qaytarılacaq ƏDV məbləği müvəkkil bank tərəfindən bu Qaydanın 1.7-ci bəndində göstərilən və bank əməliyyatlarının aparılmasına görə xidmət haqları çıxılmaqla alıcıya ödənilir.

6.9. Müvəkkil bank hər ay bu Qaydaya əsasən qaytarılmış ƏDV məbləği barədə növbəti ayın 2-dən gec olmayaraq Azərbaycan Respublikasının Vergilər Nazirliyinə məlumat verir.

6.10. Azərbaycan Respublikasının Vergilər Nazirliyi bu Qaydanın 6.9-cu bəndində nəzərdə tutulan məbləğə dair rəyini növbəti ayın 5-dən gec olmayaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edir.

6.11. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Qaydanın 6.10-cu bəndində nəzərdə tutulmuş rəy daxil olduqdan sonra üç iş günü müddətində həmin məbləğin müvəkkil banka köçürülməsini Azərbaycan Respublikasının Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxil olan ƏDV üzrə faktiki mədaxilin həmin məbləğ həddində azaldılması hesabına təmin edir.

13 İyul 2016, 09:07

http://www.azertag.net

31—40 / 10511

14 Aprel 2023, 12:04

“Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

14 Aprel 2023, 12:04

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 dekabr tarixli 897 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

14 Aprel 2023, 12:04

“Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 827-VIQD nömrəli Qanununun tətbiqi və “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli 116 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

14 Aprel 2023, 12:04

“Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

14 Aprel 2023, 12:04

“Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 826-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” 1999-cu il 4 avqust tarixli 176 nömrəli, “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə” 2000-ci il 6 mart tarixli 291 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

14 Aprel 2023, 12:04

Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu   ətraflı...

14 Aprel 2023, 11:04

M.Q.Məmmədovun Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

12 Aprel 2023, 16:04

Dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

12 Aprel 2023, 16:04

Yengicə su anbarının tikintisi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

11 Aprel 2023, 11:04

“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 831-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 iyul tarixli 792 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...