Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Akademiyasının Nizamnaməsi

Azərbaycan Respublikası Prezidentinin

2016-cı il 24 iyun tarixli Fərmanı ilə

təsdiq edilmişdir

 

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Akademiyasının

Nizamnaməsi

 

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 12 iyun tarixli 2217 nömrəli Sərəncamına əsasən yaradılmış Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Akademiyası (bundan sonra – Akademiya) ali və əlavə təhsil proqramlarını, ali təhsilin bütün səviyyələrində kadr hazırlığını həyata keçirən, elmi tədqiqatlar aparan xüsusi təyinatlı dövlət ali hərbi təhsil müəssisəsidir.

1.2. Akademiya hüquqi şəxsdir, onun müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, o cümlədən hərbi əmlak, xəzinə və bank hesabları, Döyüş Bayrağı və şərti adı (hərbi hissənin nömrəsi), üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (bundan sonra – Dövlət Sərhəd Xidməti) adı və öz adı həkk olunmuş möhürü, ştampları və blankları vardır.

1.3. Akademiyanın fəaliyyətinin əsas məqsədi Dövlət Sərhəd Xidməti üçün xüsusi ixtisaslar üzrə ali hərbi təhsilli zabit kadrları hazırlamaq, dövlət sərhədinin mühafizəsi və hərbi iş sahəsində elmi tədqiqatlar aparılmasını təşkil etməkdir.

1.4. Akademiya öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Dövlət Sərhəd Xidmətinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin normativ hüquqi aktlarını, Dövlət Sərhəd Xidmətinin Hərbi Şurasının qərarlarını, Dövlət Sərhəd Xidməti rəisinin əmr və sərəncamlarını, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi nizamnamələrini və bu Nizamnaməni rəhbər tutur.

1.5. Akademiya dövlət orqanları və digər dövlətlərin müvafiq qurumları ilə əməkdaşlıq şəraitində fəaliyyət göstərir.

1.6. Akademiya “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq maliyyə hesabatlarını təqdim edir, fəaliyyətinin nəticələri barədə Dövlət Sərhəd Xidmətinin rəisinə hesabat verir.

1.7. Akademiya Bakı şəhərində yerləşir.

2. Akademiyanın fəaliyyətinin əsas istiqamətləri

2.1. Akademiyanın fəaliyyətinin əsas istiqamətləri tədris, təlim-tərbiyə, metodik, elmi tədqiqat və redaksiya-nəşriyyat işlərindən ibarətdir.

2.2. Tədris işi hərbi xidmətin tələblərinə uyğun komandirlik və rəhbərlik bacarığına, təlim və tədris potensialına malik kadrlar hazırlamaqdan, əlavə təhsili və təlim məşğələlərini keçirməkdən, kurs və diplom işlərinə, təcrübi məşğələlərə rəhbərlik etməkdən ibarətdir.

2.3. Təlim-tərbiyə işi şəxsiyyətin formalaşması üçün mütəşəkkil təşkil olunmuş məqsədyönlü prosesdir və hərbi vətənpərvərlik, mənəvi-əxlaqi, estetik, hüquqi və fiziki tərbiyə məsələlərinin həllinə kompleks yanaşma əsasında tədris prosesi ilə birgə aparılır. Təlim-tərbiyə işi aşağıdakılardan ibarətdir:

2.3.1. təhsilalanlara vətənpərvərlik və yüksək vətəndaş məsuliyyəti hissləri aşılamaq, onları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və digər qanunvericilik aktlarına, insan və vətəndaş hüquq və azadlıqlarına hörmət ruhunda tərbiyə etmək;

2.3.2. təhsilalanlara dövlətə, xalqa sədaqət, xidməti borcun yerinə yetirilməsinə məsuliyyətlə yanaşma, yüksək mənəviyyat, mətinlik, fiziki dözümlülük, ciddi intizam və hərbi peşəkarlıq keyfiyyətlərini aşılamaq;

2.3.3. hərbi intizamı, səfərbərlik hazırlığını təmin etmək.

2.4. Metodik işin məqsədi bütün növ tədris məşğələlərinin keçirilməsi metodikasını təkmilləşdirmək, onun keyfiyyətini və effektivliyini artırmaq, rəhbər heyətin, professor-müəllim heyətinin və təhsilalanların komandirlərinin peşə səviyyəsini artırmaqdır. Metodik iş aşağıdakılardan ibarətdir:

2.4.1. təhsilin səmərəli forma və metodlarından, müasir texnologiya və texniki vasitələrdən istifadə etməklə təhsil prosesini metodik baxımdan təmin etmək;

2.4.2. dövlət sərhədinin mühafizəsi və digər xidməti-döyüş fəaliyyəti üzrə təcrübəni, pedaqoji fəaliyyətin qabaqcıl nümunələrini, hüquqi aktları öyrənmək, ümumiləşdirmək və təhsil prosesində tətbiq etmək;

2.4.3. metodik materialların hazırlanmasında elmi əsaslara üstünlük vermək.

2.5. Akademiyanın elmi fəaliyyəti hərb elminin və sərhədşünaslığın müvafiq sahələrinin inkişafına və elmi tədqiqatların nəticələrinin tədris prosesində tətbiqinə yönəldilir. Elmi tədqiqat işi aşağıdakılardan ibarətdir:

2.5.1. fundamental və tətbiqi araşdırmalar aparmaq, o cümlədən sərhəd təhlükəsizliyi problemlərinin tədqiqində iştirak etmək;

2.5.2. elmi tədqiqat işlərinin aparılmasını təşkil etmək və metodik kömək göstərmək;

2.5.3. dərsliklər, dərs vəsaitləri, monoqrafiyalar, məcmuələr, mühazirə, elmi-metodik və konfrans materialları, məlumat bülletenləri hazırlamaq.

2.6. Redaksiya-nəşriyyat işi dərsliklərin, tədris vəsaitlərinin, monoqrafiyaların, məcmuələrin, mühazirə, elmi-metodik və konfrans materiallarının, məlumat bülletenlərinin və digər materialların redaktə və nəşr edilməsindən ibarətdir.

3. Akademiyanın vəzifələri və hüquqları

3.1. Akademiyanın vəzifələri aşağıdakılardır:

3.1.1. komanda, qərargah və digər vəzifələrdə xidmət etmək üçün ali təhsil pilləsinin bütün səviyyələrində ali hərbi təhsilli zabit kadrları hazırlamaq, əlavə təhsili həyata keçirmək;

3.1.2. təhsil proqramlarını və tədris planlarını hazırlamaq və təsdiq etmək;

3.1.3. təhsilalanların attestasiyasını keçirmək;

3.1.4. təhsil haqqında diplomlar, habelə “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təhsilə dair digər sənədlər vermək;

3.1.5. tədris prosesinin maddi-texniki təminatını həyata keçirmək, bina və otaqları mövcud norma və tələblərə uyğun qurmaq;

3.1.6. təhsilalanların təlim-tərbiyə prosesini yüksək səviyyədə təşkil etmək, intellektual, mədəni və mənəvi inkişafını təmin etmək, onlarda peşəkarlıq xüsusiyyətləri formalaşdırmaq;

3.1.7. fəaliyyət sahəsi üzrə elmi tədqiqatlar aparılmasını təşkil etmək;

3.1.8. elmi araşdırmalar aparmaq, Dövlət Sərhəd Xidməti üçün məlumat-analitik, elmi-metodik materiallar və tövsiyələr hazırlamaq;

3.1.9. elmi və elmi-pedaqoji kadrlar hazırlamaq;

3.1.10. dövlət orqanlarının nümayəndələrinə sərhəd təhlükəsiz-liyi məsələlərinin öyrədilməsini təşkil etmək;

3.1.11. kompyuter dəstəkli təlimlərin təşkilini və keçirilməsini təmin etmək;

3.1.12. Akademiyaya ayrılan maliyyə vəsaitlərindən təyinatı üzrə istifadə olunmasını təmin etmək;

3.1.13. tədris prosesinin təmin edilməsi üçün tədris, tədris-metodik, elmi ədəbiyyat, köməkçi materiallar hazırlamaq və nəşr etmək, maddi-tədris bazasını təkmilləşdirmək və inkişaf etdirmək;

3.1.14. dövlət sirrinin və məxfilik rejiminin qorunması və təhlükəsizliyin təmin olunması üçün zəruri tədbirlər görmək;

3.1.15. Dövlət Sərhəd Xidməti rəisinin səlahiyyətləri hüdudlarında müəyyən etdiyi vəzifələri yerinə yetirmək.

3.2. Akademiyanın aşağıdakı hüquqları vardır:

3.2.1. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Nizamnaməyə uyğun olaraq, tədris prosesini sərbəst həyata keçirmək;

3.2.2. Akademiyanın tədris, metodik, elmi tədqiqat və analitik-informasiya fəaliyyətini planlaşdırmaq və həyata keçirmək;

3.2.3. tədris prosesinin metodik təminatını təşkil etmək və təkmilləşdirmək;

3.2.4. müqavilə əsasında ödənişli təhsil xidmətləri göstərmək;

3.2.5. iclaslar, seminarlar, konfranslar keçirmək və onların işində iştirak etmək;

3.2.6. Dövlət Sərhəd Xidmətinin və Akademiyanın fəaliyyəti ilə bağlı redaksiya-nəşriyyat işlərini həyata keçirmək;

3.2.7. Akademiyanın hərbi qulluqçularına və işçilərinə fəxri adlar, digər dövlət təltifləri və mükafatlar verilməsi üçün Dövlət Sər-həd Xidmətinin rəisi qarşısında vəsatət qaldırmaq;

3.2.8. Dövlət Sərhəd Xidmətinin təlim mərkəzlərindən və digər hərbi obyektlərindən istifadə etmək;

3.2.9. Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən digər təhsil, elm və istehsalat müəssisələri ilə əməkdaşlıq etmək, qarşılıqlı razılıq əsasında tədris prosesində onların avadanlığından və elmi-tədris bazasının digər obyektlərindən istifadə etmək;

3.2.10. Akademiyanın fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarından, hüqu-qi və fiziki şəxslərdən zəruri məlumatların alınması barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

3.2.11. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, xarici dövlətlərin təhsil müəssisələri, aidiyyəti qurumları ilə əməkdaşlıq etmək və təcrübə mübadiləsi aparmaq;

3.2.12. Akademiyanın fəaliyyətinin təşkili məqsədi ilə qanuni aktlar qəbul etmək;

3.2.13. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

4. Akademiyanın strukturu və idarə olunması

4.1. Akademiyanın strukturunu, ştat cədvəlini və xərclər smetasını Dövlət Sərhəd Xidmətinin rəisi təsdiq edir.

4.2. Akademiyanın strukturuna rəhbərlik, elmi-tədris struktur bölmələri, digər şöbə və xidməti bölmələr daxildir. Akademiyanın nəzdində fəaliyyət istiqamətlərinə uyğun digər qurumlar, o cümlədən “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təhsil müəssisələri yaradıla bilər.

4.3. Akademiyanın rəhbərliyi Akademiyanın rəisindən və Akademiyanın rəis müavinlərindən ibarətdir.

4.4. Akademiyanın rəisini Dövlət Sərhəd Xidməti rəisinin təqdimatına əsasən Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. Akademiya rəisinin müavinlərini Dövlət Sərhəd Xidmətinin rəisi vəzifəyə təyin və vəzifədən azad edir.

4.5. Akademiyanın rəisi Akademiyanın bütün şəxsi heyətinin birbaşa rəisi olmaqla, Akademiyanın fəaliyyətini təşkil edir və Akademiyaya həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqlarının həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

4.6. Akademiyanın rəisi bu Nizamnamə ilə müəyyən olunmuş səlahiyyətləri çərçivəsində əmr və göstərişlər verir, Azərbaycan Respublikasının dövlət orqanları və digər qurumları ilə münasibətlərdə Akademiyanı təmsil edir.

4.7. Akademiyanın fəaliyyətinə ümumi rəhbərliyi Dövlət Sərhəd Xidməti həyata keçirir.

4.8. Akademiyanın fəaliyyətinə bilavasitə rəhbərliyi Akademiyanın rəisi həyata keçirir. Akademiyanın rəisi:

4.8.1. Akademiyanın tədris, metodik, təlim-tərbiyə, elmi tədqiqat, redaksiya-nəşriyyat, maliyyə-təsərrüfat fəaliyyətinə rəhbərlik edir;

4.8.2. Akademiyanın struktur bölmələrinin fəaliyyətini tənzimləyən sənədləri təsdiq edir;

4.8.3. Akademiyanın rəis müavinlərinin və digər vəzifəli şəxslərinin vəzifə borclarını müəyyən edir;

4.8.4. Akademiyada daxili intizam və günün nizam qaydalarını təsdiq edir;

4.8.5. Dövlət Sərhəd Xidmətinin rəisinə Akademiyanın ştat cədvəli, struktur bölmələrinin yaradılması, yenidən təşkili və ləğvi barədə təkliflər verir;

4.8.6. Akademiyanın maddi vəsaitlərinin uçotunu təşkil edir;

4.8.7. Dövlət Sərhəd Xidməti rəisinin əmr və sərəncamlarının yerinə yetirilməsini təmin edir;

4.8.8. zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının vəzifəyə təyin və vəzifədən azad edilməsinə, təltif edilməsinə dair təkliflər verir, onları hərbi rütbələrə təqdim edir;

4.8.9. daimi və dəyişən heyətin pul təminatını, əməyinin ödənilməsini və mükafatlandırılmasını təşkil edir;

4.8.10. Akademiyanın əməliyyat-xidməti, döyüş və səfərbərlik hazırlığını təmin edir;

4.8.11. professor-müəllim heyətinin, elmi və digər işçilərin əlavə təhsili üçün tədbirlər görür;

4.8.12. Dövlət Sərhəd Xidməti rəisinin müəyyən etdiyi vəzifələrə işçiləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq işə qəbul edir və işdən azad edir, Akademiyanın saxlanılması üçün Dövlət Sərhəd Xidməti rəisinin təsdiq etdiyi büdcə vəsaitlərinin xərclər smetasına uyğun ayrılan vəsait çərçivəsində əvəzçiliklə, saathesabı və müqavilə ödənişi şərtləri ilə mütəxəssis və elmi işçilər cəlb edir, Akademiyanın şəxsi heyətini attestasiyadan keçirir;

4.8.13. Akademiyanın Elmi Şurasının tərkibinə dair Dövlət Sərhəd Xidmətinin rəisinə təkliflər verir, Akademiyanın Elmi Şurasının işini təşkil edir və digər məşvərətçi orqanlarına rəhbərlik edir;

4.8.14. kargüzarlıq və arxiv işinin aparılmasını, dövlət sirrinin qorunmasını, təhlükəsizlik tədbirlərinin həyata keçirilməsini və məxfilik rejiminə riayət olunmasını təmin edir;

4.8.15. vətəndaşların qəbulunu və müraciətlərinə baxılmasını təmin edir.

4.9. Akademiya rəisinin müavinləri Akademiyanın rəisinə tabedirlər və Akademiyanın şəxsi heyəti üçün birbaşa rəisdirlər. Akademiya rəisinin müavinləri səlahiyyətləri daxilində Akademiyanı təmsil edir, həvalə olunmuş sahələrdə işin vəziyyətinə görə məsuliyyət daşıyırlar. Akademiyanın rəisi olmadıqda və ya üzrlü səbəblərdən öz səlahiyyətlərini icra edə bilmədikdə, Akademiya rəisinin müavinlərindən biri Akademiya rəisinin səlahiyyətlərini həyata keçirir.

4.10. Akademiyada tədris, tədris-metodik və elmi tədqiqat işləri “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin normativ hüquqi aktlarına uyğun təşkil edilir.

4.11. Akademiyanın fəaliyyətinin mühüm məsələlərinin müzakirəsi məqsədilə Akademiyanın Elmi Şurası (bundan sonra - Elmi Şura) yaradılır.

4.12. Elmi Şuranın tərkibini Dövlət Sərhəd Xidmətinin rəisi təsdiq edir. Elmi Şuranın tərkibinə Akademiyanın rəisi (Elmi Şuranın sədri), Akademiya rəisinin müavinləri, elmi-tədris struktur bölmələrinin rəhbərləri və digər mütəxəssislər daxil edilirlər. Elmi Şuranın tərkibinə Dövlət Sərhəd Xidmətinin digər qurumlarının vəzifəli şəxsləri daxil edilə bilərlər. Elmi Şuranın səlahiyyət müddəti 3 ildir.

4.13. Elmi Şuranın fəaliyyəti Dövlət Sərhəd Xidmətinin və Təhsil Nazirliyinin normativ hüquqi aktlarına uyğun təşkil edilir. Elmi Şura ictimai əsaslarla fəaliyyət göstərir.

4.14. Elmi Şuranın qərarları Akademiya rəisinin əmrləri ilə elan olunur.

4.15. Elmi Şura:

4.15.1. tədris, təlim-tərbiyə, metodik və elmi tədqiqat işlərinin mühüm məsələlərini həll edir;

4.15.2. Dövlət Sərhəd Xidmətinin nəzəri və təcrübi fəaliyyətinin elmi problemlərini müzakirə edir;

4.15.3. kadrların hazırlanması və əlavə təhsil istiqamətində təkliflər verir;

4.15.4. tədris planları və proqramlarının, metodik, təlim-tərbiyə, elmi tədqiqat, redaksiya-nəşriyyat işlərinin və əlavə təhsil üzrə planların layihələrini müzakirə edir;

4.15.5. Akademiyanın və onun struktur bölmələrinin hesabatlarını dinləyir;

4.15.6. Dövlət Sərhəd Xidmətinin Aparatından daxil olmuş hüquqi aktların layihələrinə rəy verir;

4.15.7. Akademiyanın hərbi qulluqçularını və işçilərini elmi adların verilməsi üçün təqdim edir;

4.15.8. dərsliklərin, dərs vəsaitlərinin, monoqrafiyaların, elmi və elmi-metodik ədəbiyyatın digər növlərinin layihələrini müzakirə edir;

4.15.9. dissertasiyaların mövzularını təsdiq edir, müraciət etmiş şəxslər sırasından adyunkturaya (doktoranturaya) qəbul, dissertant təhkim olunma, habelə yaradıcılıq məzuniyyətlərinin verilməsi üçün namizədləri tövsiyə edir;

4.15.10. təhsilalanlar sırasından adlı təqaüdlərin verilməsi üçün namizədləri təsdiq edir;

4.15.11. Akademiyanın fəxri adlarını təsis edir və verir;

4.15.12. professor-müəllim heyəti və elmi işçilər sırasından hərbi qulluqçu vəzifələrinə təyin olunmaq üçün mülki şəxsləri hərbi qulluğa tövsiyə edir;

4.15.13. Akademiyanın maddi-texniki bazasını təkmilləşdirmək və inkişaf etdirmək tədbirlərini müzakirə edir.

4.16. Tədris, təlim-tərbiyə, metodik, elmi tədqiqat, redaksiya-nəşriyyat fəaliyyəti, kadrlarla iş, təhlükəsizlik rejiminin təmin olunması, döyüş və səfərbərlik hazırlığı, inzibati-təsərrüfat və Akademiyanın bölmələrinin digər işləri ilə bağlı cari məsələlərə Akademiya rəhbərliyinin iclaslarında baxılır.

5. Akademiyaya qəbul

5.1. Akademiyaya daxil olmaq üçün namizədlərin seçilməsi Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçirilir.

5.2. Akademiyaya ali təhsilin bakalavriat səviyyəsinə tam orta təhsili və ya orta ixtisas təhsili olan şəxslər, zabit rütbəsi olmayan hərbi qulluqçular və hərbi vəzifəlilər qəbul olunurlar.

5.3. Akademiyaya ali təhsilin magistratura səviyyəsinə Dövlət Sərhəd Xidmətində və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən ali təhsilin bakalavriat səviyyəsini bitirən (ali hərbi ixtisas təhsili və ya ali ixtisas təhsili olan) zabitlər qəbul olunurlar.

5.4. Akademiyaya ali təhsilin adyunktura səviyyəsinə Dövlət Sərhəd Xidmətində və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən ali təhsilin magistratura səviyyəsini bitirən zabitlər qəbul olunurlar.

5.5. Akademiyada ali təhsilin bakalavriat və magistratura səviyyələrinə qəbul biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə əsasən “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

5.6. Akademiyada adyunkturaya qəbul qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir.

5.7. Akademiyaya xarici vətəndaşların qəbulu Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq həyata keçirilir.

5.8. Akademiyaya əlavə təhsilə hərbi qulluqçular Dövlət Sərhəd Xidməti rəisinin əmri ilə qəbul olunurlar.

5.9. Akademiyanın hərbi xidmətə qəbul edilən və əvvəllər hərbi and içməyən təhsilalanları hərbi and içirlər.

5.10. Abituriyentlərin Akademiyaya qəbul edilməsi Akademiya rəisinin əmri ilə təsdiq olunur.

6. Akademiyada tədris işinin təşkili

6.1. Akademiyada tədris işi bu Nizamnamə və Dövlət Sərhəd Xidmətinin rəisi tərəfindən təsdiq edilən “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Akademiyasında tədrisin təşkili haqqında Təlimat” əsasında təşkil olunur və aparılır.

6.2. Akademiya ali təhsilin aşağıdakı səviyyələri üzrə təhsil proqramlarını (kurikulumlarını) həyata keçirir:

6.2.1. bakalavriat;

6.2.2. magistratura;

6.2.3. adyunktura;

6.2.4. əlavə təhsil.

6.3. Akademiyada təhsil əyani və qiyabi formalarda təşkil olunur və Azərbaycan dilində aparılır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq Akademiyada təhsil xarici dildə aparıla bilər.

6.4. Akademiyada təhsilin müddəti, məcburi auditoriya dərsləri, həftəlik tədris işi ali təhsilin dövlət standartlarına müvafiq olaraq tədris proqramlarına və tədris planlarına əsasən müəyyən edilir.

6.5. Akademiyanın tədris məşğələlərinə mühazirə, seminar, praktik və laboratoriya məşğələləri, tematik mühakimə (kollokvium), məsləhət və müstəqil hazırlıq saatları daxildir. Akademiyada ayrı-ayrı fənlər üzrə nəzəri (elmi-praktik) konfranslar və Elmi Şuranın qərarı ilə müəyyən edilmiş digər növ məşğələlər keçirilə bilər.

7. Akademiyanın elmi tədqiqat fəaliyyəti

7.1. Akademiyanın elm sahəsində fəaliyyəti Dövlət Sərhəd Xidmətinin fəaliyyətinin aktual problemləri üzrə elmi tədqiqat işlərinin aparılmasına, Akademiyanın profilinə uyğun olaraq elmin müvafiq sahələrinin inkişafına, elmi tədqiqatların nəticələrinin tədris prosesində, eləcə də dövlətin müdafiə və sərhəd təhlükəsizliyi sahələrində tətbiqinə yönəldilir.

7.2. Akademiyada aparılan elmi tədqiqat işləri fundamental və tətbiqi xarakter daşıyır.

7.3. Akademiya apardığı elmi tədqiqat işlərinin nəticələrinin dövlətin müdafiəsi və sərhəd təhlükəsizliyi sahələrində, eləcə də tədris prosesində (mühazirə, məşğələ, seminar və laboratoriya dərslərində, kurs layihələrində, kurs və buraxılış işlərində, magistr dissertasiyalarında) tətbiq olunmasını və onların monoqrafiyalar, elmi məqalələr, metodik vəsaitlər şəklində dərc olunmaqla, elmi forumlarda məruzə edilərək yayılmasını təşkil edir.

7.4. Akademiyada həyata keçirilən elmi tədqiqat fəaliyyətinin məqsədi aşağıdakılardır:

7.4.1. fundamental və tətbiqi-nəzəri araşdırmalar aparılmasını, elmi tədqiqat və elmi-texniki işlərin həyata keçirilməsini təmin etmək;

7.4.2. elmi xarakterli tapşırıqları icra etmək;

7.4.3. kadrların elmi potensialından səmərəli istifadə etməklə təlimin keyfiyyətini yüksəltmək;

7.4.4. professor-müəllim heyətinin ixtisas səviyyəsini artırmaq;

7.4.5. tədris və elmi proseslərin vəhdətini təmin etmək;

7.4.6. elmi tədqiqatların nəticələrinin və nailiyyətlərinin tətbiqini təşkil etmək;

7.4.7. elmi tədqiqat işlərinin nəticələrini tədris prosesində və Dövlət Sərhəd Xidmətinin praktik fəaliyyətində tətbiq etmək;

7.4.8. elmi tədqiqat işlərinin əsas istiqamətləri üzrə milli və beynəlxalq təcrübəni öyrənmək və ümumiləşdirmək;

7.4.9. normativ hüquqi aktların layihələrinin hazırlanmasında və ekspertizasının keçirilməsində iştirak etmək;

7.4.10. müraciət əsasında Dövlət Sərhəd Xidməti üçün analitik, məsləhət və proqnozlaşdırma fəaliyyətini həyata keçirmək;

7.4.11. dərsliklər, dərs vəsaitləri, monoqrafiyalar, məqalələr, məruzələr, təkliflər və rəylər hazırlamaq;

7.4.12. yerli və xarici ekspertlərin iştirakı ilə elmi seminarlar, konfranslar, simpoziumlar və konqreslər keçirmək.

7.5. Akademiyada elmi tədqiqat işlərinin istiqamətlərini Elmi Şura müəyyən edir.

7.6. Akademiya elmi tədqiqat fəaliyyətini Dövlət Sərhəd Xidmətinin Aparatı ilə razılaşdırılmaqla Elmi Şuranın təsdiq etdiyi perspektiv və cari planlara uyğun olaraq həyata keçirir.

8. Akademiyanın daimi heyəti

8.1. Akademiyanın daimi heyəti rəhbərlikdən, təhsilalanların komandirlərindən, professor-müəllim heyətindən və elmi heyətdən, vəzifələri ştat cədvəli ilə təsdiq olunmuş digər hərbi qulluqçulardan və işçilərdən ibarətdir.

8.2. Daimi heyətdən olan şəxsləri Dövlət Sərhəd Xidmətinin rəisi vəzifəyə təyin və vəzifədən azad edir. Daimi heyətə aid olan müəyyən vəzifələrə təyin və həmin vəzifələrdən azad etmək hüququ Dövlət Sərhəd Xidməti rəisinin qərarı ilə Akademiyanın rəisinə verilə bilər.

8.3. Daimi heyətdən olan hərbi qulluqçuların hüquq və vəzifələri “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi”, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”, “Hərbi xidmət və hərbi vəzifə haqqında” Azərbaycan Respublikasının Qanunu, hərbi xidmət sahəsində Azərbaycan Respublikasının digər qanunları və Azərbaycan Respublikası Prezidentinin aktları, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Nizamnamə və Dövlət Sərhəd Xidmətinin normativ hüquqi aktları ilə müəyyən olunur.

8.4. Hərbi qulluqçular istisna olmaqla, daimi heyətin tərkibinə daxil olan digər şəxslərin, o cümlədən Akademiyanın inzibati, inzibati-idarəetmə, inzibati-təsərrüfat, mühəndis-texniki, tədris-köməkçi heyətinə aid şəxslərin hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Əmək Məcəlləsi, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, bu Nizamnamə və Dövlət Sərhəd Xidmətinin normativ hüquqi aktları ilə müəyyən olunur.

8.5. Daimi heyətə daxil olan şəxslər vəzifə borclarının yerinə yetirilməsi, təlim-tərbiyə prosesinin aparılması və ya təmin edilməsi ilə bağlı olmayan tədbirlərdə Dövlət Sərhəd Xidməti rəisinin icazəsi ilə iştirak edə bilərlər.

8.6. Professor-müəllim heyətinə elm-tədris struktur bölmələrinin rəisləri (müdirləri), onların müavinləri, silsilə rəisləri, professor, dosent, baş müəllim və müəllim vəzifələrini tutan hərbi qulluqçular və işçilər aiddirlər.

8.7. Professor-müəllim heyətinin say tərkibini tədris yükündən asılı olaraq Dövlət Sərhəd Xidmətinin rəisi müəyyən edir.

8.8. Professor-müəllim heyəti və elmi işçi vəzifələrinə peşə hazırlığına, sağlamlığına və mənəvi keyfiyyətlərinə görə dərs demək və elmi tədqiqatlar aparmaq bacarığı olan, Dövlət Sərhəd Xidmətində hərbi xidmətə (işə) qəbul tələblərinə cavab verən hərbi qulluqçular və işçilər təyin olunurlar.

8.9. Professor-müəllim heyəti vəzifələrinə təyinat zamanı elmi adı və elmi dərəcəsi, vəzifənin profilinə uyğun ali təhsili, pedaqoji təcrübəsi və xidmət (iş) stajı olan şəxslərə üstünlük verilir.

8.10. Professor-müəllim heyəti məşğələlərin keçirilməsi zamanı təhsilalanların rəisləri hesab olunur. Professor-müəllim heyətinin tədris məşğələlərinin keçirilməsi zamanı verdikləri göstərişlər təhsilalanlar tərəfindən mütləq yerinə yetirilməlidir.

8.11. Tədris, təlim-tərbiyə, metodik və elmi tədqiqat işləri kafedraların planları, həmçinin tədris ili üçün fərdi planlar əsasında Akademiyanın professor-müəllim heyəti tərəfindən həyata keçirilir.

8.12. Professor-müəllim heyəti və elmi işçilər təlim-tərbiyə sahəsində uğurlarına görə Silahlı Qüvvələrin hərbi nizamnamələrində, Dövlət Sərhəd Xidmətinin normativ hüquqi aktlarında nəzərdə tutulmuş həvəsləndirmə tədbirləri ilə bərabər, dövlət mükafatları, fəxri adlar, orden və medallar, döş nişanları, fəxri fərmanlarla da mükafatlandırıla bilərlər.

8.13. Pedaqoji heyətə fəxri adların verilməsi Azərbaycan Respublikası Prezidentinin aktları ilə tənzimlənir.

8.14. Professor-müəllim heyətinə və elmi işçilərə hərbi və əmək intizamını pozduqlarına görə intizam tənbehi tədbirləri hərbi qulluqçulara münasibətdə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi”ndə, digər işçilərə münasibətdə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada tətbiq edilir.

8.15. Professor-müəllim heyətinin və elmi işçilərin beynəlxalq tədbirlərdə iştirakına, onların kütləvi informasiya vasitələrində Akademiyanın adından çıxışlarına Dövlət Sərhəd Xidmətinin rəisi icazə verir.

8.16. Daimi heyətdən olan professor-müəllim heyətinin və elmi işçilərin vəzifələri aşağıdakılardır:

8.16.1. təhsil proqramlarının mənimsənilməsini təmin etmək;

8.16.2. ixtisas və elmi-pedaqoji səviyyələrini yüksəltmək, elmi araşdırmalar aparmaq;

8.16.3. elmi tədqiqatla məşğul olmaq, elmi tədqiqat işlərinin nəticələrindən Elmi Şuranın tövsiyəsi ilə tədris prosesində istifadə etmək və bu nəticələrin Dövlət Sərhəd Xidmətinin praktik fəaliy-yətində tətbiq olunmasına kömək göstərmək;

8.16.4. dərslik və dərs vəsaitlərinin, tədrisin qabaqcıl forma və metodlarını təmin edən elmi-metodik materialların işlənib hazırlan-masında, müasir texniki vasitələrin tətbiqində iştirak etmək;

8.16.5. vətəndaşlıq və xidməti borcunu ləyaqətlə yerinə yetirmək, Akademiyanın daxili intizam qaydalarına əməl etməklə, başqalarına şəxsi nümunə olmaq;

8.16.6. dəyişən heyətdə fəal vətəndaş mövqeyi formalaşdırmaq, onları vətənpərvərlik ruhunda tərbiyə etmək və xidməti fəaliyyətə hazırlamaq;

8.16.7. dəyişən heyəti elmi fəaliyyətə cəlb etmək;

8.16.8. şəxsi nümunəsi ilə dəyişən heyətdə Azərbaycan Respub-likasının müstəqilliyinə, Azərbaycan Respublikasının Konstitu-siyasına və qanunlarına, dövlət rəmzlərinə, Azərbaycan xalqının tarixinə, cəmiyyətə hörmət hissləri aşılamaq;

8.16.9. pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək;

8.16.10 təhsilalanlar tərəfindən tədris materiallarının yüksək səviyyədə mənimsənilməsini təmin edən üsul və vasitələri seçmək;

8.16.11. dəyişən heyətin fərdi keyfiyyətlərini öyrənmək, şərəf və ləyaqətinə hörmətlə yanaşmaq, onlardan dərs tapşırıqlarının yerinə yetirilməsini və hərbi intizama riayət olunmasını tələb etmək;

8.16.12. dəyişən heyəti zorakılığın bütün formalarından qorumaq, onları zərərli vərdişlərdən çəkindirmək;

8.16.13. dəyişən heyətin müstəqil hazırlığına, tədris materiallarının onlar tərəfindən mənimsənilməsinə kömək göstərmək;

8.16.14. attestasiyadan keçmək;

8.16.15. bu Nizamnamədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

8.17. Daimi heyətdən olan professor-müəllim heyətinin və elmi işçilərin aşağıdakı hüquqları vardır:

8.17.1. normal əmək, elmi-pedaqoji iş və təhsil şəraiti ilə, müasir standartlara cavab verən texnologiyalarla təmin olunmaq;

8.17.2. bu Nizamnaməyə uyğun olaraq, təhsil prosesinin təşkilində və idarə olunmasında iştirak etmək;

8.17.3. şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək;

8.17.4. Akademiyada vəzifə tutmaq;

8.17.5. əlavə təhsil almaq;

8.17.6. qanunlara və Azərbaycan Respublikası Prezidentinin aktlarına uyğun olaraq mükafatlandırılmaq və təltif olunmaq;

8.17.7. Dövlət Sərhəd Xidməti tərəfindən müəyyən olunmuş qaydada Dövlət Sərhəd Xidmətinin əməli fəaliyyətini əks etdirən aidiyyəti materiallarla tanış olmaq;

8.17.8. bu Nizamnaməyə uyğun olaraq, müəssisə və təşkilatlarda əvəzçilik qaydasında elmi və pedaqoji fəaliyyətlə məşğul olmaq;

8.17.9. bu Nizamnamədə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

8.18. Daimi heyətdən olan hərbi qulluqçuların vəzifə borcları bu Nizamnaməyə və Dövlət Sərhəd Xidmətinin normativ hüquqi aktlarına uyğun hazırlanır və Akademiyanın rəisi tərəfindən təsdiq edilir.

8.19. Dövlət Sərhəd Xidmətinin və Akademiyanın yüksək ixtisaslı kadrlara olan tələbatını nəzərə alaraq, Akademiya elmi-pedaqoji və elmi kadrların əlavə təhsilini təşkil edir və həyata ke-çirir.

8.20. Akademiyanın professor-müəllim heyətinin əlavə təhsili tədris-metodik və elmi işin bütün növlərinin aparılması zamanı, həmçinin ixtisas biliklərinin təkmilləşdirilməsi üçün müstəqil iş prosesində həyata keçirilir.

8.21. Akademiyanın professor-müəllim heyətinin əlavə təhsili “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Nizamnaməyə uyğun olaraq həyata keçirilir.

8.22. Elmi dərəcə almaq üçün dissertasiyaları müzakirə etmək məqsədi ilə Akademiyada ixtisaslaşdırılmış şuralar yaradılır.

9. Akademiyanın dəyişən heyəti

9.1. Akademiyanın dəyişən heyəti Akademiyada təhsil alan kursantlar, dinləyicilər və adyunktlardır (dissertantlardır).

9.2. Kursantlar - Akademiyada ali təhsilin bakalavriat səviyyəsinə qəbul olunmuş və əyani formada təhsil alan hərbi qulluqçulardır.

9.3. Dinləyicilər - Akademiyada ali təhsilin magistratura səviyyəsinə qəbul olunmuş, həmçinin əlavə təhsil istiqamətləri üzrə əyani (qiyabi) formada təhsil alan hərbi qulluqçular və mülki şəxslərdir.

9.4. Adyunktlar adyunkturada təhsil alan hərbi qulluqçulardır.

9.5. Dissertantlar müstəqil surətdə dissertasiya işini yerinə yetirən hərbi qulluqçular və mülki şəxslərdir.

9.6. Dinləyicilərin əlavə təhsil alması “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Nizamnaməyə uyğun olaraq həyata keçirilir.

9.7. Dəyişən heyətin tərkibinə daxil olan hərbi qulluqçuların pul, əşya, ərzaq, tibb və yaşayış yeri (yataqxana) təminatı dövlət tərəfindən həyata keçirilir.

9.8. Dəyişən heyətin təhsil müddətində hüquq və vəzifələri “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi”, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”, “Hərbi xidmət və hərbi vəzifə haqqında” Azərbaycan Respublikasının Qanunu, hərbi xidmət sahəsində Azərbaycan Respublikasının digər qanunları və Azərbaycan Respublikası Prezidentinin aktları, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Nizamnamə və Dövlət Sərhəd Xidmətinin normativ hüquqi aktları ilə müəyyən olunur.

9.9. Dəyişən heyətdən olan hərbi qulluqçular təhsildə əldə etdikləri yüksək göstəricilərə, elmi tədqiqat işlərində fəal iştiraka və hərbi xidməti borcun nümunəvi yerinə yetirilməsinə görə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi”ndə və Dövlət Sərhəd Xidmətinin normativ hüquqi aktlarında nəzərdə tutulmuş qaydada həvəsləndirilirlər.

9.10. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, xarici ölkələrin ali hərbi təhsil müəssisələrində Dövlət Sərhəd Xidmətinə ayrılmış yerlərdə təhsil almaq məqsədi ilə Akademiyanın təhsilalanları həmin ölkəyə ezam oluna bilərlər.

9.11. Hərbi və tədris intizamını pozduqlarına görə dəyişən heyətdən olan hərbi qulluqçulara “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi”ndə nəzərdə tutulmuş qaydada intizam tənbehi tədbirləri tətbiq edilir.

9.12. Dəyişən heyətə daxil olan şəxslər vəzifə borclarının yerinə yetirilməsi və təlim-tərbiyə prosesi ilə bağlı olmayan tədbirlərdə Dövlət Sərhəd Xidməti rəisinin icazəsi ilə iştirak edə bilərlər.

9.13. Xüsusi təyinatlı orta təhsil müəssisələrinin məzunları, müddətli həqiqi hərbi xidmət keçməyən vətəndaşlar sırasından Akademiyaya qəbul edilmiş kursantlara hərbi hazırlıq kursu keçdikdən sonra “əsgər” hərbi rütbəsi verilir. Akademiyaya qəbul olunana qədər həqiqi hərbi xidmət keçmiş və hərbi rütbə almış kur-santlar üçün həmin hərbi rütbələr saxlanılır.

9.14. Akademiyanın ştat cədvəli ilə “çavuş” hərbi rütbəsi nəzərdə tutulmuş vəzifələrə (taqım komandirinin müavini, manqa komandiri və s.) təyin olunmuş kursantlara “kiçik çavuş”, “çavuş” və “baş çavuş” hərbi rütbəsi verilə bilər.

9.15. Dərs əlaçıları olan, elmi tədqiqat işlərində fəal iştirak edən kursantlar adlı təqaüdlərlə mükafatlandırılırlar.

9.16. Dəyişən heyətin aşağıdakı hüquqları vardır:

9.16.1. dövlət təhsil standartına uyğun keyfiyyətli təhsil almaq;

9.16.2. təhsilin, elmin, texnikanın və mədəniyyətin müasir səviyyəsinə uyğun biliklər əldə etmək;

9.16.3. Akademiyanın mövcud infrastrukturundan (tədris, elmi tədqiqat, informasiya, mədəni-məişət, idman komplekslərindən, tibb məntəqəsindən, yataqxanalardan, kitabxanalardan) istifadə etmək;

9.16.4. elmi işlər nəşr etdirmək, elmi tədqiqat sahəsində müsabiqələrdə, habelə təhsil həyatı ilə bağlı digər tədbirlərin keçirilməsində iştirak etmək;

9.16.5. təhsilin, intizamın və məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı məsələlərin müzakirəsində, Elmi Şuranın, hərbi-elmi cəmiyyətin, yaradıcılıq dərnəklərinin işində iştirak etmək, idmanla məşğul olmaq;

9.16.6. Akademiyanın elmi, ictimai, sosial və mədəni həyatında iştirak etmək;

9.16.7. təhsildə, elmi tədqiqat işində müvəffəqiyyətlərinə və Akademiyanın ictimai həyatında iştiraklarına görə mükafatlandırılmaq, təltif olunmaq;

9.16.8. bu Nizamnamədə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

9.17. Dəyişən heyətin vəzifələri aşağıdakılardır:

9.17.1. qanunlara əməl etmək, hərbi andın, hərbi nizamnamələrin, Dövlət Sərhəd Xidmətinin qərarlarının, Dövlət Sərhəd Xidməti rəisinin əmr, göstəriş və sərəncamlarının, bu Nizamnamənin, habelə Akademiyanın daxili intizam və günün nizam qaydalarının tələblərini bilmək və yerinə yetirmək;

9.17.2. ixtisas üzrə nəzəri bilik, bacarıq və təcrübi vərdişlərə yiyələnmək, biliklərini artırmaq və dərinləşdirmək;

9.17.3. tədris tapşırıqlarını müəyyən edilmiş müddətlərdə yerinə yetirmək, təhsil proqramlarında nəzərdə tutulmuş imtahanları ver-mək;

9.17.4. fiziki hazırlığını daim inkişaf etdirmək;

9.17.5. əxlaq və etik normalara, birgəyaşayış qaydalarına riayət etmək;

9.17.6. dövlət sirrini və xidməti sirri qorumaq;

9.17.7. Akademiyanın əmlakını, o cümlədən kitabxana fondunu qorumaq, ərazidə və otaqlarda yaşayış və olma qaydalarına riayət etmək;

9.17.8. texnika və digər vasitələrdən istifadə zamanı təhlükəsizlik, o cümlədən yanğın təhlükəsizliyi qaydalarına riayət etmək;

9.17.9. Akademiyanın ərazisindən kənarda kursant (dinləyici, adyunkt) adını uca tutmaq, ictimai asayiş qaydalarına, vətəndaşlarla münasibətdə etik davranış qaydalarına riayət etmək;

9.17.10. dövlət maraqlarının, insan və vətəndaş hüquq və azadlıqlarının fəal müdafiəçisi olmaq, özündə yüksək mənəvi keyfiyyətlər tərbiyə etmək, dövlət və cəmiyyət qarşısında məsuliy-yətini dərk etmək;

9.17.11. Akademiyanın ənənələrini qorumaq;

9.17.12. pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;

9.17.13. bu Nizamnamədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

9.18. Kursantlar Akademiyadan aşağıdakı hallarda xaric edilirlər:

9.18.1. öz arzusu ilə;

9.18.2. digər ali təhsil müəssisəsinə keçirilməsi ilə əlaqədar;

9.18.3. səhhətinə görə (hərbi-həkim komissiyasının qərarına, uçuş ixtisasları üzrə həkim-uçuş komissiyasının qərarına əsasən);

9.18.4. təhsildə müvəffəqiyyətsizliyinə görə;

9.18.5. hərbi intizamı və Akademiyanın daxili intizam qaydalarını kobud şəkildə və dəfələrlə pozduğuna görə;

9.18.6. qanunla hərbi qulluqçular üçün müəyyən olunmuş tələblərə uyğun olmadığına görə;

9.18.7. dövlət sirri ilə işləməyə buraxılmaqdan imtina edilməsi üçün qanunla müəyyən olunmuş əsaslar yarandıqda;

9.18.8. cinayət əməlinə görə hərbi vəzifələri tutma hüququndan məhrumetmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğuna görə.

9.19. Dinləyicilər Akademiyadan aşağıdakı hallarda xaric edilir-lər:

9.19.1. öz arzusu ilə;

9.19.2. səhhətinə görə (hərbi qulluqçular hərbi-həkim komissiyasının qərarına əsasən);

9.19.3. təhsildə müvəffəqiyyətsizliyinə görə;

9.19.4. semestr ərzində üzrsüz səbəbdən tədris planı üzrə nəzərdə tutulmuş məşğələlərin ümumi saat hesabının 30 faizindən çoxunda iştirak etmədiyinə görə. Bu halda Elmi Şuranın qərarı əsas götürülür;

9.19.5. dinləyicini Akademiyaya göndərən qurumun qərarına əsasən;

9.19.6. şəxsi intizamsızlığına görə;

9.19.7. dövlət sirri ilə işləməyə buraxılmaqdan imtina edilməsi üçün qanunla müəyyən olunmuş əsaslar yarandıqda;

9.19.8. törətdiyi cinayət əməlinə görə məhkum olunduqda.

9.20. Kursantlar Akademiyadan digər ali təhsil müəssisəsinə Azərbaycan Respublikası Təhsil Nazirliyinin müəyyən etdiyi qaydada keçirilirlər.

9.21. Akademiyaya qəbul olunana qədər qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmətə çağırılmayan və ya çağırılan, lakin qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət müddətini tam keçməyən kursantlar (18 yaşınadək və ya xəstəliyi ilə əlaqədar hərbi xidmətə yararsız hesab olunduğuna görə xaric edilənlər istisna olmaqla) Akademiyadan xaric edildikdə, qanunla müəyyən olunmuş qaydada müddətli həqiqi hərbi xidmət keçmək üçün Dövlət Sərhəd Xidmətinin hərbi hissələrinə göndərilirlər.

9.22. Təhsil almaq məqsədilə xarici ölkəyə ezam olunmuş kursant (dinləyici) göndərildiyi hərbi təhsil müəssisəsindən təhsil almaq istəmədiyinə, təhsildə müvəffəqiyyətsizliyinə və şəxsi intizamsızlığına görə xaric olunduğu halda Akademiyadan da eyni əsaslarla xaric edilir. Digər səbəblərdən xarici ölkələrin hərbi təhsil müəssisəsindən xaric olunmuş kursantların (dinləyicilərin) Akademiyada təhsil alması məsələsinə Elmi Şurada baxılır.

9.23. Kursantların və dinləyicilərin Akademiyadan xaric edilməsi Akademiya rəisinin vəsatəti əsasında Dövlət Sərhəd Xidməti rəisinin əmri ilə həyata keçirilir.

9.24. Dövlət attestasiyasına daxil olan bütün sınaqlardan keçməmiş kursantlar bu Nizamnamənin 9.22-ci bəndində müəyyən olunmuş qaydada həqiqi hərbi xidmətlərini davam etdirmək üçün Dövlət Sərhəd Xidmətinin hərbi hissələrinə göndərilirlər. Bu bənddə nəzərdə tutulmuş hərbi qulluqçular növbəti tədris ilində dövlət attestasiyası sınaqlarına buraxılırlar.

9.25. Dövlət attestasiyasına daxil olan bütün sınaqlardan keçməmiş kursantlara və dinləyicilərə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada arayış verilir.

9.26. Akademiyadan xaric olunmuş kursantlar və dinləyicilər Akademiyaya Dövlət Sərhəd Xidməti rəisinin əmri ilə bərpa olunurlar.

9.27. Dövlət attestasiyasına daxil olan bütün sınaqlardan müvəffəqiyyətlə keçmiş kursantlara “bakalavr” ali peşə-ixtisas dərə-cəsi, təhsil haqqında dövlət sənədi (diplom) və döş nişanı verilir.

9.28. Dövlət attestasiyasına daxil olan bütün sınaqlardan müvəffəqiyyətlə keçmiş kursantlara Dövlət Sərhəd Xidməti rəisinin əmri ilə “leytenant” ilk zabit hərbi rütbəsi verilir.

9.29. Magistraturada təhsil proqramını (kurikulumunu) mənimsəmiş, dövlət buraxılış imtahanlarından müvəffəq qiymət almış və magistr dissertasiyasını müdafiə etmiş dinləyicilərə “magistr” ali elmi ixtisas dərəcəsi, təhsil haqqında dövlət sənədi (diplom) və döş nişanı verilir.

9.30. Adyunkturada və ya dissertantlıq yolu ilə təhsilini başa çatdırmış və müvafiq elmi dərəcə almış hərbi və mülki şəxslərə həmin elmi dərəcəni təsdiq edən vahid formalı dövlət sənədi - diplom verilir.

9.31. Əlavə təhsil üzrə kursların proqramını mənimsəmiş və imtahanlardan müvəffəq qiymət almış təhsilalanlara əlavə təhsilin istiqaməti üzrə dövlət sənədi verilir.

9.32. Dövlət Attestasiya Komissiyasının qərarı ilə fərqlənmə diplomu alan məzunların xidmət yeri seçmək hüququ (tələbat daxilində) vardır. Akademiyanı fərqlənmə diplomu ilə bitirmiş məzunların adları və şəkilləri Akademiyanın şərəf lövhəsində qeyd olunur.

10. Akademiyanın maliyyə-təsərrüfat fəaliyyəti

10.1. Akademiya Azərbaycan Respublikasının dövlət büdcəsindən Dövlət Sərhəd Xidmətinə ayrılan vəsait hesabına maliyyələşdirilir.

10.2. Akademiya dövlət büdcəsinin vəsaiti ilə yanaşı, ödənişli təhsildən, müqavilə əsasında digər təşkilatların işçilərinin ödənişli əlavə təhsilindən, həmçinin elmi tədqiqat fəaliyyətindən vəsait əldə edə bilər.

10.3. Akademiyanın öz vəzifələrini yerinə yetirmək məqsədilə büdcədənkənar vəsaitləri, qrantları, ianələri istifadə etməklə xüsusi fondlar yaratmaq və onlardan Dövlət Sərhəd Xidməti rəisinin müəyyənləşdirdiyi qaydada istifadə etmək hüququ vardır.

10.4. Akademiyanın maliyyə vəsaitləri hesabına Akademiyanın daimi heyətinə daxil olan şəxslərin vəzifə maaşlarına əlavə ödəniş və artımlar müəyyən oluna, mükafatlar və digər həvəsləndirici ödənişlər verilə bilər.

10.5. Akademiyanın maddi-tədris bazası müəyyən olunmuş ixtisaslar üzrə tədris planlarına, proqramlarına və müasir tədris metodikasına uyğun olaraq təhsilalanların hazırlığını təmin etmək üçün nəzərdə tutulmuş maddi və texniki vasitələr kompleksidir.

10.6. Akademiyanın maddi-texniki bazasını torpaq sahələri, binalar, tikililər, müxtəlif qurğular, silah və hərbi texnika, hərbi-tədris əmlakı, laboratoriya avadanlığı, tədrisin texniki vasitələri, tədris-metodik materiallar, elmi və bədii ədəbiyyat, xüsusi texnika, nəqliyyat vasitələri, maşın və avadanlıqlar, tədris-idman bazaları, poliqonlar və digər hərbi obyektlər, habelə başqa qiymətli maddi-texniki təchizat vasitələri təşkil edir. Akademiyanın maddi-tədris bazası dövlət əmlakı hesab olunur və ondan səmərəli istifadə edilməlidir.

10.7. Dövlət Sərhəd Xidməti rəisinin razılığı olmadan Akademiya tərəfindən istifadə edilən bina və qurğuların, torpaq sahələrinin xidməti təyinatının dəyişdirilməsinə icazə verilmir.

10.8. Akademiya əldə etdiyi gəlirlərdən və mülkiyyət obyektlərindən tədris, elmi və maddi-tədris bazasının inkişafı, işçilərin sosial-məişət şəraitinin yaxşılaşdırılması, habelə öz fəaliyyəti ilə bağlı digər ehtiyaclar üçün istifadə edir.

10.9. Akademiyanın maddi-tədris bazasının inkişafı və təkmilləşdirilməsi Dövlət Sərhəd Xidməti tərəfindən təsdiq edilən perspektiv planlar və Akademiya rəisinin təsdiq etdiyi illik planlar əsasında həyata keçirilir.

10.10. Akademiya maddi dəyərlilərin, pul vəsaitlərinin vəziyyəti və onlardan istifadə edilməsi barədə Dövlət Sərhəd Xidmətinin müvafiq qurumları qarşısında hesabat verir, cari mühasibat uçotunu həyata keçirir.

10.11. Akademiya bilavasitə mənfəət əldə etmək məqsədi güdmür.

11. Beynəlxalq əməkdaşlıq

Akademiyanın xarici əlaqələri və beynəlxalq əməkdaşlığı Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, o cümlədən Dövlət Sərhəd Xidməti ilə xarici ölkələrin dövlət qurumları, beynəlxalq təşkilatlar arasında bağlanmış sazişlər əsasında həyata keçirilir.

12. Akademiyanın yenidən təşkili və ləğvi

 12.1. Akademiyanın yenidən təşkili və ləğvi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.

12.2. Akademiya ləğv edildikdə, onun əmlakına Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq sərəncam verilir.

28 İyun 2016, 09:06

http://www.azertag.net

111—120 / 10511

9 Fevral 2023, 15:02

“İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

9 Fevral 2023, 08:02

“Pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

9 Fevral 2023, 08:02

Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

9 Fevral 2023, 08:02

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

9 Fevral 2023, 08:02

“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

9 Fevral 2023, 08:02

“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

9 Fevral 2023, 08:02

“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

9 Fevral 2023, 08:02

“Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

9 Fevral 2023, 08:02

Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

9 Fevral 2023, 08:02

“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...