Azərbaycan Respublikası Adından

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 28 sentyabr tarixli 217 saylı və 2014-cü il 26 dekabr tarixli 399 saylı Qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair

 

2 iyun 2016-cı il                      Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov və Kamran Şəfiyevdən (məruzəçi-hakim) ibarət tərkibdə, məhkəmə katibi Fəraid Əliyevin, sorğuverən orqanın nümayəndəsi Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının Elmi-analitik sektorunun müdiri Mahir Məmmədovun, cavabverən orqanın nümayəndəsi Azərbaycan Respublikası Maliyyə Nazirliyi Aparatının Hüquq mühafizə orqanlarının maliyyəsi şöbəsinin sektor müdiri Vüqar Şəfiyevin və Hüquq şöbəsinin sektor müdiri Ceyran Qənbərovanın, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının baş müəllimi Elşad Nəsirovun, mütəxəssis Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hüquq idarəsinin rəisi, ədliyyə polkovniki Rauf Kişiyevin iştirakı ilə, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VII hissəsinə müvafiq olaraq konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 28 sentyabr tarixli 217 saylı və 2014-cü il 26 dekabr tarixli 399 saylı Qərarlarının Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I, III, IV və V hissələrinə, 37-ci maddəsinə, 149-cu maddəsinin I və V hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) sorğusu ilə əlaqədar konstitusiya işinə baxdı.

İş üzrə hakim K.Şəfiyevin məruzəsini, sorğuverən və cavabverən orqanların nümayəndələrinin və mütəxəssisin çıxışlarını, ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN   ETDİ:

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək “Təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etməyən hərbi qulluqçuya (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 28 sentyabr tarixli 217 saylı Qərarının (bundan sonra – Nazirlər Kabinetinin 2012-ci il 28 sentyabr tarixli 217 saylı Qərarı) və “1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin dövrün təqvim illərində istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 dekabr tarixli 399 saylı Qərarının (bundan sonra – Nazirlər Kabinetinin 2014-cü il 26 dekabr tarixli 399 saylı Qərarı) Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 25-ci maddəsinin I, III, IV və V hissələrinə, 37-ci maddəsinə, 149-cu maddəsinin I və V hissələrinə uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

Sorğuda göstərilir ki, Nazirlər Kabinetinin 2012-ci il 28 sentyabr tarixli 217 saylı və 2014-cü il 26 dekabr tarixli 399 saylı Qərarlarında digər hərbi qulluqçulardan fərqli olaraq hərbi tribunallarda (hərbi məhkəmələrdə) xidmət etmiş, xidmətdən ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların (hakimlərin, dəftərxana rəislərinin, mühafizə rəislərinin, təsərrüfat hissəsi rəislərinin və s.) vəziyyətinə aydınlıq gətirilməmiş, onların məzuniyyətdə olmadıqları təqvim illərinə (1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək) görə qanunla müəyyən edilmiş kompensasiyanın hansı dövlət orqanı tərəfindən verilməli olması müəyyən edilməmişdir.

Sorğuverən orqanın fikrincə, yaranmış bu qeyri-müəyyənlik oxşar vəziyyətdə olub kompensasiya ala bilən şəxslərlə müqayisədə hərbi tribunallarda (hərbi məhkəmələrdə) xidmət etmiş hərbi qulluqçuların (hakimlərin, dəftərxana rəislərinin, mühafizə rəislərinin, təsərrüfat hissəsi rəislərinin və s.) məzuniyyətdə olmadıqları təqvim illərinə görə qanunla müəyyən edilmiş kompensasiyanı ala bilməməsi ayrı-seçkiliyi ifadə edərək Konstitusiyada təsbit olunmuş bərabərlik, istirahət, sosial təminat və s. hüquqların pozulmasına səbəb olur.

Sorğunun məzmununu və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 32.5.7-ci maddəsinin tələblərini nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mövcud konstitusiya işinin predmetini Nazirlər Kabinetinin 2012-ci il 28 sentyabr tarixli 217 saylı və 2014-cü il 26 dekabr tarixli 399 saylı Qərarlarının Konstitusiyanın 37-ci maddəsi ilə uyğunluğunun yoxlanılması təşkil edir.

Konstitusiya Məhkəməsinin Plenumu sorğu ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

“Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə əlavə edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 11 may tarixli 1005-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 iyun tarixli 281 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti 2012-ci il 28 sentyabr tarixli 217 saylı Qərarı qəbul etmişdir.

Bundan sonra Nazirlər Kabineti Konstitusiya Məhkəməsinə sorğu verərək “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 1-ci bəndinin iyirminci abzasının və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 121-ci maddəsinin ikinci hissəsinin şərh edilməsini xahiş etmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu 28 mart 2014-cü il tarixli Qərarı ilə “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 1-ci bəndinin iyirminci abzasında və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 121-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulan təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya almaq hüququnun 2010-cu ilin 12 iyun tarixinədək ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara da şamil olunması qərarına gəlmişdir. Eyni zamanda, həmin Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq 2010-cu ilin 12 iyun tarixinədək ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara həqiqi hərbi xidmətdə olduqları dövrün təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın məbləğinin və ödəmə qaydalarının müəyyən edilməsi Nazirlər Kabinetinə tövsiyə edilmişdir.

Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2014-cü il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyi nəzərə alaraq Nazirlər Kabineti 2014-cü il 26 dekabr tarixli 399 saylı Qərar qəbul etmişdir.

Lakin sorğuda da göstərildiyi kimi, Nazirlər Kabinetinin müvafiq Qərarlarında digər hərbi qulluqçulardan fərqli olaraq hərbi tribunalların hakimləri, hərbi kollegiyaya daxil olan Ali Məhkəmənin üzvləri və onların aparatlarında xidmət etmiş, xidmətdən ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi məsələsinə aydınlıq gətirilməmişdir.

Sorğuda qaldırılan məsələ ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyanın və bəzi qanunvericilik aktlarının normalarının təhlil edilməsini məqsədəmüvafiq hesab edir.

Konstitusiyanın 37-ci maddəsinə əsasən, hər kəsin istirahət hüququ vardır. Əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyən edilmiş, lakin gündə 8 saatdan artıq olmayan iş günü, istirahət və bayram günləri, ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət verilməsi təmin edilir.

İstirahət hüququ, o cümlədən ödənişli məzuniyyətdən istifadə etmək hüququ “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 24-cü maddəsində, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 7-ci maddəsinin “d” bəndində və “Ödənişli məzuniyyətlər haqqında” Beynəlxalq Əmək Təşkilatının 1970-ci ildə qəbul etdiyi 132 saylı Konvensiyanın 3-cü maddəsinin birinci bəndində öz əksini tapmışdır.

İstirahət hüququnu realizə etməklə fərd əmək münasibətlərindən irəli gələn vəzifələrin icrasından azad edilir və bu vaxtdan istədiyi kimi istifadə edərək, ilk növbədə, öz mənəvi və fiziki qüvvələrinin, əmək qabiliyyətinin bərpa edilməsinə və sağlamlığının möhkəmləndirilməsinə nail olur. Bununla yanaşı, istirahət hüququnun digər vacib təyinatı şəxsiyyətin qabiliyyət və istedadlarının inkişafından və təkmilləşdirilməsindən, şəxsi və ictimai həyatda iştirakının təmin edilməsindən ibarətdir.

Sorğuda qaldırılan məsələnin araşdırılması ilə bağlı hərbi qulluqçu statusuna malik olan şəxslərin dairəsi müəyyənləşdirilməli və hərbi tribunalların hakimləri, hərbi kollegiyaya daxil olan Ali Məhkəmənin üzvləri və onların aparatlarında xidmət etmiş şəxslərin bu statusa malik olub-olmaması məsələsinə aydınlıq gətirilməlidir.

Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2014-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, qanunverici özünün konstitusiya səlahiyyətləri çərçivəsində hərbi qulluqçuların xüsusi hüquqi statusunu təsbit edərkən həm onların hüquq və azadlıqlarının həyata keçirilməsi üçün müəyyən əlavələr və ya məhdudiyyətlər müəyyənləşdirir, həm də bu şəxslərin üzərinə hərbi qulluğun vəzifələrindən, prinsiplərindən və funksiyalarından, eləcə də hərbi qulluq keçən şəxslərin fəaliyyət xüsusiyyətlərindən irəli gələn əlahiddə vəzifələr qoyur.

“Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 3-cü maddələrinə görə, hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edirlər.

2001-ci il 30 noyabr tarixinədək qüvvədə olmuş “Hərbi tribunallar haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Hərbi tribunallar haqqında” Qanun) 1-ci maddəsinin 1-ci hissəsində göstərilmişdi ki, hərbi tribunallar Azərbaycan Respublikasının məhkəmələridir, vahid məhkəmə sisteminə daxildir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində fəaliyyət göstərirlər. Qanunverici bü müddəada konkret olaraq hərbi tribunalların fəaliyyətinin Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin daxilində təşkil olunmasını qeyd etmişdi.

Həmin Qanunun 6-cı maddəsində hərbi tribunalların hakimliyinə, hərbi kollegiyaya daxil olan Ali Məhkəmə üzvlüyünə və xalq iclasçılığına namizədlərə irəli sürülən tələblər müəyyən edilmişdi. Belə ki, həmin maddəyə əsasən 25 yaşına çatan, həqiqi hərbi xidmətdə olan, ali hüquq təhsili və zabit heyətinə aid əsgəri rütbəsi olan Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikası Qanunvericiliyində müəyyən edilmiş qaydada hərbi tribunalların hakimləri, hərbi kollegiyaya daxil olan Ali Məhkəmənin üzvləri seçilirdilər. Həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikasının vətəndaşı yaşından asılı olmayaraq hərbi tribunalın xalq iclasçısı seçilə bilərdi. 25 yaşına çatan, hərbi xidmətdə olan Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikası Ali Məhkəməsi hərbi kollegiyasının xalq iclasçıları seçilə bilərdilər. Hərbi tribunalların, hərbi kollegiyaya daxil olan Ali Məhkəmə üzvlərinin seçilməsinə və səlahiyyətinə aid digər məsələlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada həll edilirdi.

Qeyd olunan maddənin məzmunundan göründüyü kimi, qanunverici hərbi tribunalların hakimliyinə, hərbi kollegiyaya daxil olan Ali Məhkəmənin üzvlüyünə, hətta hərbi tribunalın xalq iclasçılığına namizədlərə əsas tələb kimi onların həqiqi hərbi xidmətdə olmalarını müəyyən etmişdi.

Beləliklə, təhlil olunan maddənin mənasına görə, həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən həqiqi hərbi xidmətdə olmayan şəxs hərbi tribunallarda hakim, hərbi kollegiyaya daxil olan Ali Məhkəmənin üzvü vəzifəsinə təyin edilə bilməzdi və hərbi tribunalın xalq iclasçısı seçilə bilməzdi.

Bununla yanaşı, “Hərbi tribunallar haqqında” Qanunun 21-ci maddəsində hərbi tribunalların strukturu, ştatları və komplektləşdirilməsi barədə müddəalar nəzərdə tutulmuşdu. Belə ki, həmin maddəyə əsasən, hərbi tribunalların aparatının strukturunu və ştatlarını Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə razılaşdırmaqla müəyyən edirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi hərbi kollegiyası aparatının strukturunu və ştatlarını Azərbaycan Respublikası Ali Məhkəməsinin Rəyasət heyəti Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə razılaşdırmaqla müəyyən edirdi. Hərbi tribunalların və Azərbaycan Respublikası Ali Məhkəməsi hərbi kollegiyasının maliyyə və maddi-texniki təminatı, mühafizəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəsaiti hesabına həyata keçirilirdi.

Göründüyü kimi, hərbi tribunalların və Ali Məhkəmənin hərbi kollegiyasının maliyyə və maddi-texniki təminatı bilavasitə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəsaiti hesabına həyata keçirilirdi.

Qanunvericiliyin yuxarıda göstərilən normalarının təhlilindən belə nəticəyə gəlmək olar ki, Nazirlər Kabinetinin 2012-ci il 28 sentyabr tarixli 217 saylı və 2014-cü il 26 dekabr tarixli 399 saylı Qərarlarında nəzərdə tutulmuş “hərbi qulluqçu” müddəası hərbi tribunalların hakimlərini, hərbi kollegiyaya daxil olan Ali Məhkəmənin üzvlərini və onların aparatlarında xidmət etmiş hərbi qulluqçuları da ehtiva edir.

Belə olan halda Nazirlər Kabinetinin mübahisələndirilən qərarları ilə hərbi tribunalların hakimlərinə, hərbi kollegiyaya daxil olan Ali Məhkəmənin üzvlərinə və onların aparatlarında xidmət etmiş hərbi qulluqçulara istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi istisna edilmir.

Bu baxımdan, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Nazirlər Kabinetinin 2012-ci il 28 sentyabr tarixli 217 saylı və 2014-cü il 26 dekabr tarixli 399 saylı Qərarları Konstitusiyanın 37-ci maddəsi ilə ziddiyyət təşkil etmir.

Lakin Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hərbi tribunalların hakimlərinə, hərbi kollegiyaya daxil olan Ali Məhkəmənin üzvlərinə və onların aparatlarında xidmət etmiş hərbi qulluqçulara 1994-cü il fevralın 1-dən “Hərbi tribunallar haqqında” Qanun qüvvədə olduğu dövrədək istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının Nazirlər Kabineti tərəfindən müəyyən edilməsi məqsədəmüvafiq olardı.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VII hissəsini və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA ALDI:

 

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 28 sentyabr tarixli 217 saylı və 2014-cü il 26 dekabr tarixli 399 saylı Qərarları ilə hərbi tribunalların hakimlərinə, hərbi kollegiyaya daxil olan Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvlərinə və onların aparatlarında xidmət etmiş hərbi qulluqçulara istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi istisna edilmədiyindən, həmin Qərarlar Azərbaycan Respublikası Konstitusiyasının 37-ci maddəsi ilə ziddiyyət təşkil etmir.

2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.

3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

 Sədr                                            Fərhad Abdullayev

14 İyun 2016, 09:06

http://www.azertag.net

81—90 / 10511

20 Fevral 2023, 14:02

Azərbaycan Respublikası Prezidentinin “Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli, “Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında “bir pəncərə” prinsipinin tətbiqi haqqında” 2008-ci il 11 noyabr tarixli 12 nömrəli, “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin və Komitənin strukturunun təsdiq edilməsi barədə” 2012-ci il 4 iyun tarixli 646 nömrəli, “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli, “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında” 2016-cı il 21 may tarixli 920 nömrəli, “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 22 fevral tarixli 1255 nömrəli, “Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi Qaydası”nın və “www.azexport.az” internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2017-ci il 12 sentyabr tarixli 1598 nömrəli, “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 26 iyun tarixli 148 nömrəli fərmanlarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikasından Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracının tənzimlənməsi haqqında” 2005-ci il 1 aprel tarixli 218 nömrəli Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

20 Fevral 2023, 14:02

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Baytarlıq haqqında”, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 789-VIQD nömrəli Qanununun tətbiqi və “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

20 Fevral 2023, 14:02

Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Baytarlıq haqqında”, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

15 Fevral 2023, 15:02

N.K.Əliyevin Azərbaycan Rəssamlıq Akademiyasının rektoru təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

15 Fevral 2023, 15:02

Ö.H.Eldarovun Azərbaycan Rəssamlıq Akademiyasının rektoru vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

15 Fevral 2023, 07:02

Ş.S.Bağırovun Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

15 Fevral 2023, 07:02

Ş.S.Bağırovun Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

13 Fevral 2023, 11:02

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin dövlət qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

11 Fevral 2023, 11:02

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 790-VIQD nömrəli Qanununun tətbiqi və “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

11 Fevral 2023, 11:02

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...