Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə QAYDALARI
Azərbaycan Respublikası Prezidentinin
2016-cı il 21 may tarixli Fərmanı ilə
təsdiq edilmişdir
Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün
“Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə
QAYDALARI
1. Ümumi müddəalar
1.1. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları” (bundan sonra – Qaydalar) “Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 mart tarixli 1853 nömrəli Sərəncamının 3.2-ci bəndinin icrası ilə əlaqədar hazırlanmışdır və gömrük sərhəd buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi ilə bağlı münasibətləri tənzimləyir.
1.2. Bu Qaydaların məqsədi gömrük rəsmiləsdirilməsinin daha çevik və şəffaf həyata keçirilməsi və məmur-sahibkar münasibətlərinin müasir idarəçilik prinsipləri əsasında inkişaf etdirilməsi, o cümlədən risk qiymətləndirilməsinin nəticələri əsasında, avtomatlaşdırılmış elektron informasiya sisteminin (bundan sonra – elektron sistem) imkanlarından istifadə etməklə, yarana biləcək təhlükənin səviyyəsinin əvvəlcədən müəyyən edilməsi, gömrük nəzarətinin formalarının idxal-ixrac prosedurları üzrə tətbiqinin daha da optimallaşdırılmasından ibarətdir.
1.3. Bu Qaydalarda nəzərdə tutulmuş risk qiymətləndirilməsinin və idxalatçıların risk qrupları üzrə bölgüsünün aparılması, habelə buraxılış sistemlərinin və gömrük nəzarəti tədbirlərinin tətbiqi ilə bağlı bütün proseslər məmur-sahibkar təması olmadan elektron sistem vasitəsilə həyata keçirilir.
1.4. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi (bundan sonra – Komitə) həyata keçirilən xarici ticarət əməliyyatları zamanı risk qrupları üzrə buraxılış sistemlərindən istifadə ilə bağlı, ayda bir dəfədən az olmayaraq, öz rəsmi internet saytında ümumiləşdirilmiş məlumat verir.
1.5. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.5.1. “Yaşıl dəhliz” – əvvəlcədən elektron formada təqdim olunmuş qısa idxal bəyannaməsi əsasında aparılmış gömrük nəzarətinə və risk qiymətləndirilməsinin nəticələrinə uyğun olaraq, gömrük sərhəd buraxılış məntəqələrində gömrük qanunvericiliyi ilə müəyyən edilmiş məlumatlandırma və qeydiyyat əməliyyatlarının yerinə yetirilməsi vasitəsilə malların və nəqliyyat vasitələrinin fiziki yoxlanması aparılmadan gömrük proseduruna uyğun gömrük ərazisinə buraxılışını nəzərdə tutan buraxılış sistemi;
1.5.2. “Mavi dəhliz” – əvvəlcədən elektron formada təqdim olunmuş qısa idxal bəyannaməsi əsasında aparılmış gömrük nəzarətinə və risk qiymətləndirilməsinin nəticələrinə uyğun olaraq, gömrük sərhəd buraxılış məntəqələrində gömrük qanunvericiliyi ilə müəyyən edilmiş məlumatlandırma və qeydiyyat əməliyyatlarının yerinə yetirilməsi vasitəsilə gömrük sərhəd buraxılış məntəqəsindən keçirilən malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə buraxılışından sonra gömrük nəzarəti formalarının tətbiqini nəzərdə tutan buraxılış sistemi;
1.5.3. “Sarı dəhliz” – əvvəlcədən elektron formada təqdim olunmuş qısa idxal bəyannaməsi əsasında aparılmış gömrük nəzarətinə və risk qiymətləndirilməsinin nəticələrinə uyğun olaraq, gömrük sərhəd buraxılış məntəqəsindən keçirilən malların və nəqliyyat vasitələrinin, məlumatların, elektron və ya kağız daşıyıcıda sənədlərin, o cümlədən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmiş ekvivalentlik prinsipinə uyğun olaraq ixracatçı ölkə tərəfindən əvvəlcədən verilən baytarlıq, fitosanitar, gigiyenik və digər sertifikatların (şəhadətnamələrin), mülki dövriyyəsi məhdudlaşdırılmış malların dövriyyəsinə verilən xüsusi icazənin mövcudluğunun və digər hüquq müəyyənedici sənədlərlə müşayiət olunmasının yoxlanmasını və gömrük nəzarəti formalarının tətbiqini nəzərdə tutan buraxılış sistemi;
1.5.4. “Qırmızı dəhliz” – əvvəlcədən elektron formada təqdim olunmuş qısa idxal bəyannaməsi əsasında aparılmış gömrük nəzarətinə və risk qiymətləndirilməsinin nəticələrinə uyğun olaraq, gömrük məqsədləri üçün lazım olan məlumatların və sənədlərin, eləcə də malların və nəqliyyat vasitələrinin, habelə tələb olunan hallarda şəxsin yoxlanmasını nəzərdə tutan buraxılış sistemi;
1.5.5. gömrük nəzarəti – gömrük qanunvericiliyinə riayət olunmasını təmin etmək məqsədi ilə gömrük orqanlarının həyata keçirdiyi tədbirlər;
1.5.6. risk – gömrük qanunvericiliyinin tələblərinin yerinə yetirilməməsi ehtimalı;
1.5.7. risklərin idarə edilməsi – məlumatların toplanması, məlumat bazasının yeniləşdirilməsi, risklərin təhlili, müvafiq proseslər və onların nəticələrinin mütəmadi monitorinqi yolu ilə risklərin müəyyən edilməsi, onların təhlükəlilik ehtimalının və dövlətin iqtisadi, sosial və digər maraqlarına dəyəcək ziyanın dərəcəsinin qiymətləndirilməsi;
1.5.8. risk qruplarının müəyyənləşdirilməsi meyarları – idxalatçının fəaliyyətinin xüsusiyyətləri ilə bağlı olan və idxalatçının müxtəlif risk qruplarına aid olunması üçün istifadə edilən kəmiyyət və (və ya) keyfiyyət göstəricilərinin məcmusu;
1.5.9. avtomatlaşdırılmış elektron informasiya sistemi – malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən buraxılış sistemini müəyyən etmək məqsədi ilə məlumatların təhlili və risk qruplarının müəyyənləşdirilməsi ilə bağlı tətbiq olunan proqram təminatı.
1.6. Bu Qaydalarda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının Gömrük Məcəlləsi (bundan sonra – Gömrük Məcəlləsi) ilə müəyyənləşdirilmiş mənaları ifadə edir.
2. Qısa idxal bəyannaməsi təqdim edilən mallar və nəqliyyat vasitələri üzrə
buraxılış sistemləri və gömrük nəzarəti
2.1. Qısa idxal bəyannaməsi əsasında malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə buraxılmasının yaşıl, mavi, sarı və qırmızı dəhliz buraxılış sistemləri mövcuddur.
2.2. Qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir.
2.3. Nəqliyyatın növündən asılı olaraq, normativ hüquqi aktlarla qısa idxal bəyannaməsinin təqdim edilməsinin bu Qaydaların 2.2-ci bəndində nəzərdə tutulduğundan fərqli müddətləri müəyyən oluna bilər.
3. “Yaşıl dəhliz” buraxılış sistemindən istifadənin şərtləri
3.1. “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə edilməsi üçün mallar və nəqliyyat vasitələri gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi göndərilir.
3.2. Qısa idxal bəyannaməsi malları gömrük ərazisinə gətirən və ya onların daşınmasına cavabdeh olan şəxslər, həmin şəxslərin nümayəndələri, idxalatçı, malın alıcısı, yaxud malları gömrük rəsmiləşdirilməsi üçün gömrük orqanına təqdim edən şəxs tərəfindən göndərilə bilər.
3.3. Qısa idxal bəyannaməsi daxil olduqdan sonra elektron sistemdə avtomatik olaraq qeydiyyata alınır və qeydiyyatın nəticəsi barədə idxalatçıya real vaxt rejimində elektron bildiriş göndərilir.
3.4. Qısa idxal bəyannaməsinin qeydiyyatı aparıldıqdan sonra elektron sistem vasitəsilə aşağıdakılar yoxlanılaraq təhlil edilir:
3.4.1. qısa idxal bəyannaməsində gömrük nəzarətinin həyata keçirilməsi üçün zəruri olan məlumatlar;
3.4.2. malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodları göstərilməklə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmiş ekvivalentlik prinsipinə uyğun olaraq ixracatçı ölkə tərəfindən əvvəlcədən verilən baytarlıq, fitosanitar, gigiyenik və digər sertifikatlara (şəhadətnamələrə), sənədlərə, habelə mülki dövriyyəsi məhdudlaşdırılmış malların dövriyyəsinə verilən xüsusi icazəyə dair məlumatlar;
3.4.3. xarici ölkələrin gömrük və digər səlahiyyətli dövlət orqanları ilə həyata keçirilən elektron informasiya mübadiləsi nəticəsində əldə olunan məlumatlar;
3.4.4. ərazisində xüsusi təhlükəli xəstəliklərin qeydə alındığı xarici ölkələr və eləcə də karantin nəticəsində idxalı qadağan olunmuş mallar barədə məlumatlar;
3.4.5. beynəlxalq yükdaşıma fəaliyyətini həyata keçirən rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər barədə məlumatlar;
3.4.6. gömrük məqsədləri üçün lazım olan digər məlumatlar.
3.5. Bu Qaydaların 3.4-cü bəndində qeyd olunan məlumatların elektron sistem vasitəsilə təhlili nəticəsində qısa idxal bəyannaməsində göstərilən məlumatların gömrük qanunvericiliyi ilə təsbit edilmiş tələb və şərtlərə uyğunluğu müəyyənləşdirildiyi təqdirdə, elektron sistem tərəfindən avtomatik olaraq idxalatçının uyğun gəldiyi risk qrupu üzrə istifadə edəcəyi buraxılış sistemi müəyyən olunur.
3.6. İdxalatçının buraxılış sistemindən istifadə ilə bağlı bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq elektron sistem tərəfindən müəyyən edilən nəticələr konfidensial məlumat hesab olunmaqla, bu Qaydaların 8-ci hissəsində nəzərdə tutulmuş prosedurların tətbiqinə qədər proqram təminatı tərəfindən açıqlanmır.
4. “Yaşıl dəhliz” buraxılış sistemindən istifadəyə dair tələblər
4.1. “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə edilməsi üçün aşağıdakılara riayət olunmalıdır:
4.1.1. mallar və nəqliyyat vasitələri gömrük ərazisinə gətirilməzdən əvvəl bu Qaydaların 2.2-ci bəndində müəyyən olunmuş müddətdə gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilməlidir;
4.1.2. qısa idxal bəyannaməsində gömrük qanunvericiliyi ilə tələb olunan məlumatlar əks etdirilməlidir;
4.1.3. nəqliyyat vasitəsinin texniki konstruksiyası onun texniki sənədləri ilə müəyyən edilmiş normalar həddində olmalıdır;
4.1.4. mallar və nəqliyyat vasitələri üzərində vizual müayinə aparılması üçün gömrük orqanının əməkdaşlarına şərait yaradılmalıdır;
4.1.5. idxalatçının informasiya mübadiləsini həyata keçirməsi və həmin informasiyanın mühafizəsini təmin etməsi üçün müvafiq imkanları olmalıdır.
4.2. “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə edən idxalatçılar gömrük sərhəd buraxılış məntəqələrində gömrük orqanının əməkdaşlarını məlumatlandırmaqla, gömrük qanunvericiliyi ilə müəyyən edilmiş qeydiyyat əməliyyatları yerinə yetirildikdən sonra öz mallarını və nəqliyyat vasitələrini gömrük sərhəd buraxılış məntəqəsindən gömrük ərazisinə keçirir.
4.3. Bu Qaydaların 4.4-cü bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə edilməklə gömrük ərazisinə gətirilən mallar və nəqliyyat vasitələri gömrük ərazisinə buraxılış zamanı və gömrük ərazisinə buraxıldıqdan sonra fiziki yoxlanılmadan azaddır.
4.4. “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə edən idxalatçılar və (və ya) beynəlxalq yükdaşıma fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən gömrük ərazisinə gətirilən mallar və nəqliyyat vasitələri ilə bağlı dövlətin iqtisadi maraqlarına və təhlükəsizliyinə təhdid yaranması və (və ya) onlara zərər vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından, xarici ölkələrin gömrük və digər səlahiyyətli orqanlarından, habelə beynəlxalq təşkilatlardan gömrük orqanına konkret faktlarla əlaqədar müraciətlər (məlumatlar) daxil olduqda və ya belə faktların mövcudluğuna dair gömrük orqanlarında əsaslı şübhə olduqda, həmin mallar və nəqliyyat vasitələri barədə yoxlamaların keçirilməsi istisna edilmir.
4.5. “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə edən idxalatçılar malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçdiyi andan Gömrük Məcəlləsi ilə müəyyən olunmuş qaydada və müddətdə gömrük proseduruna uyğun gömrük bəyannaməsini təqdim etməli və gömrük ödənişlərini həyata keçirməlidirlər.
5. Digər buraxılış sistemlərindən istifadə
5.1. “Mavi dəhliz” buraxılış sistemindən istifadə edən idxalatçılar tərəfindən bu Qaydaların 4.1.1 – 4.1.5-ci yarımbəndlərində və 4.5-ci bəndində nəzərdə tutulan tələblərə əməl olunmaqla yanaşı, aşağıdakılara riayət edilməlidir:
5.1.1. təyinat yerlərində gömrük nəzarəti formalarının tətbiq edilməsi üçün gömrük orqanının əməkdaşlarına şərait yaradılmalıdır;
5.1.2. malları istifadəsində olan yerə aparmaq istəyən idxalatçının mallarla yük və saxlanc əməliyyatları aparması üçün infrastrukturu olmalıdır;
5.1.3. gömrük orqanı əməkdaşlarının iştirakı olmadan, mallara və nəqliyyat vasitələrinə vurulmuş gömrük təminatının tamlığı pozulmamalıdır.
5.2. “Mavi dəhliz” buraxılış sistemindən istifadə edən idxalatçılar gömrük sərhəd buraxılış məntəqələrində gömrük orqanının əməkdaşlarını məlumatlandırmaqla, gömrük qanunvericiliyi ilə müəyyən edilmiş qeydiyyat əməliyyatları yerinə yetirildikdən sonra öz mallarını və nəqliyyat vasitələrini gömrük sərhəd buraxılış məntəqəsindən gömrük ərazisinə keçirir.
5.3. “Mavi dəhliz” buraxılış sistemindən istifadə etməklə gömrük ərazisinə buraxılan mallar və nəqliyyat vasitələri üzərində gömrük yoxlaması gömrük ərazisinə buraxılışdan sonra, idxalatçının bu Qaydaların 5.1.2-ci yarımbəndinə uyğun olaraq müəyyən etdiyi yerdə, lakin gömrük orqanlarının iş vaxtı və Gömrük Məcəlləsi ilə müəyyən edilmiş gömrük bəyannaməsinin təqdim edilməsi və gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün son müddət nəzərə alınmaqla həyata keçirilir.
5.4. “Mavi dəhliz” buraxılış sistemindən istifadə zamanı bu Qaydaların 5.3-cü bəndi ilə müəyyən olunmuş hallar nəzərə alınmaqla, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş qaydada və müddətdə gömrük bəyannaməsi təqdim edilməklə gömrük rəsmiləşdirilməsi aparıldıqdan sonra malların yerləşdirildiyi gömrük proseduru nəzərə alınaraq, onlar şəxsin istifadəsinə və ya sərəncamına verilir.
5.5. “Sarı dəhliz” buraxılış sistemindən istifadə edən idxalatçılar tərəfindən bu Qaydaların 4.1.1 – 4.1.5-ci yarımbəndlərində, 4.5-ci bəndində və 5.1.1 – 5.1.3-cü yarımbəndlərində nəzərdə tutulan tələblərlə yanaşı, aşağıdakılara riayət edilməlidir:
5.5.1. mallar və nəqliyyat vasitələri gömrük orqanları tərəfindən müəyyən edilmiş müddətdə və marşrut üzrə təhlükəsiz qaydada təyinat yerlərinə çatdırılmalıdır;
5.5.2. daşınan malların qablaşdırılması onların təhlükəsiz qaydada təyinat yerlərinə çatdırılmasını istisna etməməlidir;
5.5.3. mallar təyinat yerlərinə gətirildiyi andan etibarən 1 (bir) saatdan gec olmayaraq, gömrük orqanının iş vaxtından kənar vaxtda gətirildikdə isə iş vaxtı başlandıqdan sonra 1 (bir) saatdan gec olmayaraq gömrük orqanlarına məlumat verilməlidir;
5.5.4. gömrük orqanlarının icazəsi olmadan gömrük nəzarəti altında olan mallarin ilkin yerlərinin dəyişdirilməsi, nəqliyyat vasitələrindən boşaldılması, yaxud onlara yenidən yüklənməsi, qablaşdırmaların açılması və yenidən qablaşdırılması, eyniləşdirmə vasitələrinin (əlamətlərinin, nişanlarının) dəyişdirilməsi, qoparılması və ya məhv edilməsi hallarına yol verilməməlidir;
5.5.5. malların üzərində gömrük qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yoxlamaların aparılmasına şərait yaradılmalıdır;
5.5.6. malların bəyan edildiyi gömrük proseduru altında yerləşdirilməsi üçün bu Qaydaların 3.4.1 və 3.4.2-ci yarımbəndlərində qeyd olunan məlumat və sənədlərin təqdim edilməsi tələb olunursa, həmin məlumat və sənədlər gömrük orqanının əməkdaşlarına təqdim edilməlidir.
5.6. “Sarı dəhliz” buraxılış sistemindən istifadə edən idxalatçılarla bağlı gömrük sərhəd buraxılış məntəqələrində elektron formada əldə olunmuş və ya kağız daşıyıcıda olan sənədlərin, o cümlədən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmiş ekvivalentlik prinsipinə uyğun olaraq ixracatçı ölkə tərəfindən əvvəlcədən verilən baytarlıq, fitosanitar, gigiyenik və digər sertifikatların (şəhadətnamələrin), mülki dövriyyəsi məhdudlaşdırılmış malların dövriyyəsinə verilən xüsusi icazənin və digər hüquq müəyyənedici sənədlərin mövcudluğu yoxlandıqdan və gömrük qanunvericiliyi ilə tələb olunan gömrük nəzarəti formaları tətbiq olunduqdan sonra mallar və nəqliyyat vasitələri gömrük ərazisinə buraxılır.
5.7. “Sarı dəhliz” buraxılış sistemindən istifadə etməklə gömrük ərazisinə buraxılan mallar və nəqliyyat vasitələri barədə bu Qaydaların 5.6-cı bəndində nəzərdə tutulmuş sənədlərin yoxlanması gömrük sərhəd buraxılış məntəqəsində, gömrük nəzarətinin digər formaları gömrük ərazisinə buraxılışdan sonra, gömrük orqanlarının müəyyən etdiyi vaxtda və yerdə həyata keçirilir.
5.8. “Qırmızı dəhliz” buraxılış sistemindən istifadə edən idxalatçılar tərəfindən gömrük sərhəd buraxılış məntəqələrində və ya gömrük orqanları tərəfindən müəyyənləşdirilən digər yerlərdə gömrük nəzarətinin tələb olunan bütün formaları tətbiq edilməklə mallar və nəqliyyat vasitələri gömrük ərazisinə buraxılır.
5.9. “Qırmızı dəhliz” buraxılış sistemindən istifadə edən idxalatçılar tərəfindən bu Qaydalarla “Mavi dəhliz” və “Sarı dəhliz” buraxılış sistemindən istifadə edən idxalatçılar üçün müəyyən olunmuş tələblərlə yanaşı, Gömrük Məcəlləsində nəzərdə tutulmuş malların, nəqliyyat vasitələrinin, həmçinin şəxsin yoxlanması və gömrük nəzarətinin həmin Məcəllədə nəzərdə tutulan digər formalarının həyata keçirilməsi üçün zəruri olan tələblərə əməl olunmalıdır.
5.10. Bu Qaydalarla nəzərdə tutulmuş hallarda “Sarı dəhliz” və “Qırmızı dəhliz” buraxılış sistemindən istifadə zamanı təyinat gömrük orqanında və ya gömrük orqanlarının müəyyən etdiyi digər yerlərdə gömrük bəyannaməsi əsasında gömrük rəsmiləşdirilməsi aparıldıqdan sonra mallar, onların yerləşdirildiyi gömrük proseduru nəzərə alınmaqla, şəxsin istifadəsinə və ya sərəncamına verilir.
5.11. “Mavi dəhliz”, “Sarı dəhliz” və “Qırmızı dəhliz” buraxılış sistemlərindən istifadə edildiyi zaman, mallar və nəqliyyat vasitələri gömrük orqanlarına aşağıdakı şəxslərdən biri tərəfindən təqdim olunur:
5.11.1. malları gömrük ərazisinə gətirmiş şəxs;
5.11.2. malları gömrük ərazisinə gətirmiş şəxsin adından çıxış edən şəxs;
5.11.3. mallar gömrük ərazisinə gətirildikdən sonra onların daşınmasına görə məsul olan şəxs;
5.11.4. malları dərhal müvafiq gömrük proseduru altında yerləşdirən şəxs;
5.11.5. müvəqqəti saxlanc yerinin sahibi.
6. Risklərin idarə olunması
6.1. Bu Qaydalarda nəzərdə tutulmuş buraxılış sistemlərindən istifadə olunması, gömrük nəzarətinin həyata keçirilməsi və gömrük yoxlamalarının aparılmasının zəruriliyinin müəyyən olunması məqsədi ilə idxalatçılar yüksək, orta və aşağı risk qruplarına bölünürlər.
6.2. İdxalatçıların risk qrupları üzrə bölgüsü risk qruplarının müəyyənləşdirilməsi meyarları əsasında aparılır və həmin meyarlara əsasən aşağı risk qrupuna aid edilmiş idxalatçıların orta və ya yüksək risk qrupuna keçirilməsi üçün əsaslar yaranmadıqda dəyişməz qalır. Orta və yüksək risk qrupuna aid edilmiş idxalatçıların risk qrupunun dəyişdirilməsi məsələsinə 6 (altı) aydan bir yenidən baxılmalıdır.
6.3. Risk qruplarının müəyyənləşdirilməsi meyarları Gömrük Məcəlləsinə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qaydalara uyğun olaraq, idxalatçıların xarici ticarət fəaliyyətinin kəmiyyət və (və ya) keyfiyyət göstəriciləri (xüsusiyyətləri) əsasında müəyyən edilir və bu zaman aşağıdakı amillər nəzərə alınır:
6.3.1. idxalatçının xarici ticarət əməliyyatları sahəsində fəaliyyətinin miqyası;
6.3.2. idxalatçının xarici ticarət əməliyyatları sahəsində fəaliyyət göstərdiyi müddət;
6.3.3. idxalatçı tərəfindən idxal olunan məhsulların xüsusiyyətləri (çeşidləri);
6.3.4. idxalatçı tərəfindən əvvəllər aparılmış xarici ticarət əməliyyatlarının nəticələri;
6.3.5. idxalatçının maliyyə intizamlılığı;
6.3.6. idxalatçı tərəfindən gömrük ödənişləri və Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vergilərlə bağlı dövlət büdcəsinə borcunun olmaması (Gömrük Məcəlləsində və Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada müvafiq olaraq borcun ödənilməsinə möhlət verilməsi və (və ya) vergi öhdəliyinin yerinə yetirilməsi müddətlərinin dəyişdirilməsi halları istisna olmaqla);
6.3.7. idxalatçının əvvəllər iqtisadi sahədə cinayətlərə görə cinayət məsuliyyətinə, həmçinin vergi və ya gömrük qaydalarının pozulmasına görə inzibati və ya cinayət məsuliyyətinə cəlb olunmaması;
6.3.8. idxalatçının gömrük sərhədindən keçirilən mallarının uçotunda və onlar haqqında hesabatlarda uyğunsuzluqların və ziddiyyətlərin olmaması;
6.3.9. sahibkarlıq sahəsində yoxlama aparmaq səlahiyyəti verilmiş dövlət orqanları tərəfindən aparılan yoxlamaların nəticələri;
6.3.10. xarici ölkələrin gömrük və digər orqanlarının məlumatı.
6.4. Bu Qaydaların 6.3-cü bəndində qeyd olunan meyarlara uyğun yoxlanılacaq məlumatların konfidensiallığı Komitə tərəfindən təmin olunur.
6.5. Xarici ticarət iştirakçılarının risk qruplarının müəyyənləşdirilməsi meyarları Komitə tərəfindən təsdiq edilir.
6.6. Gömrük yoxlamasının həyata keçirilməsi məqsədi ilə risk qruplarına aid olan idxalatçıların bölgüsü aparılarkən aşağıdakı tələblərə əməl olunmalıdır:
6.6.1. aşağı risk qrupuna aid olan idxalatçıların ümumilikdə 10 faizindən çox olmayan hissəsində gömrük yoxlaması həyata keçirilə bilər;
6.6.2. orta risk qrupuna aid olan idxalatçıların ümumilikdə 50 faizindən çox olmayan hissəsində gömrük yoxlaması həyata keçirilə bilər;
6.7. Yüksək risk qrupuna aid olan bütün idxalatçılarda gömrük yoxlaması həyata keçirilir.
6.8. İdxalatçıların müəyyən risk qrupuna aid edilməsi və ya onların risk qrupunun dəyişdirilməsi barədə məlumat Komitə tərəfindən öz rəsmi internet saytında yerləşdirilir. İdxalatçı Komitənin rəsmi internet saytında qeydiyyatdan keçməklə yalnız özünün risk qrupuna aid məlumatla tanış ola bilər.
6.9. İdxalatçının risk qrupunun müəyyən edilməsi və ya dəyişdirilməsi Komitənin qərarı ilə həyata keçirilir. Həmin qərarlar əsaslandırılmalıdır. İdxalatçının risk qrupunun dəyişdirilməsi üçün bu Qaydalarda müəyyən olunmuş əsaslar yarandıqda, aidiyyəti gömrük orqanı tərəfindən Komitəyə müraciət olunur.
6.10. İdxalatçı bu Qaydaların 6.9-cu bəndində nəzərdə tutulmuş qərardan Komitənin Apellyasiya Şurasına və məhkəməyə şikayət edə bilər.
7. Risk qruplarına uyğun buraxılış sistemlərinin müəyyən olunması
7.0. Mallar və nəqliyyat vasitələri bu Qaydaların 6.6-cı bəndində müəyyən edilmiş tələblərə əməl olunmaqla aşağıdakı qaydada gömrük sərhəd buraxılış məntəqələrindən gömrük ərazisinə buraxılır:
7.0.1. aşağı və orta risk qrupuna aid olan və bu Qaydaların 6.6.1 və 6.6.2-ci yarımbəndlərinə uyğun olaraq seçmə üsulu ilə gömrük yoxlaması aparılmadan gömrük ərazisinə buraxılması müəyyən edilən mallar və nəqliyyat vasitələri – “Yaşıl dəhliz” buraxılış sistemi vasitəsilə;
7.0.2. aşağı risk qrupuna aid olan və bu Qaydaların 6.6.1-ci yarımbəndinə uyğun olaraq seçmə üsulu ilə gömrük yoxlaması aparılmaqla gömrük ərazisinə buraxılması müəyyən edilən mallar və nəqliyyat vasitələri – “Mavi dəhliz” buraxılış sistemi vasitəsilə;
7.0.3. orta risk qrupuna aid olan və bu Qaydaların 6.6.2-ci yarımbəndinə uyğun olaraq seçmə üsulu ilə gömrük yoxlaması aparılmaqla gömrük ərazisinə buraxılması müəyyən edilən mallar və nəqliyyat vasitələri – “Sarı dəhliz” buraxılış sistemi vasitəsilə;
7.0.4. yüksək risk qrupuna aid olan mallar və nəqliyyat vasitələri – “Qırmızı dəhliz” buraxılış sistemi vasitəsilə.
8. Malların və nəqliyyat vasitələrinin gömrük sərhəd buraxılış
məntəqəsinə faktiki daxil olması
8.0. Mallar və nəqliyyat vasitələri gömrük sərhəd buraxılış məntəqəsinə daxil olduqda aşağıdakı tədbirlərdən biri həyata keçirilir:
8.0.1. mallar nəqliyyat vasitəsilə daşındıqda, nəqliyyat vasitəsinin qısa idxal bəyannaməsinə əsasən sistemdə qeydiyyata alınmış dövlət qeydiyyat nömrəsi avtomatik oxunma cihazı vasitəsilə oxunaraq, bildirişin nömrəsi ilə eyniləşdirmə aparıldıqdan sonra daşıyıcı müvafiq buraxılış sistemindən istifadəyə ünvanlandırılır;
8.0.2. mallar müşayiət olunan baqajla aparıldıqda, bildirişin nömrəsi daşıyıcı tərəfindən gömrük sərhəd buraxılış məntəqəsində quraşdırılmış terminala daxil edildikdən və ya daşıyıcının müraciəti əsasında gömrük orqanının əməkdaşı tərəfindən elektron sistemə daxil edildikdən sonra daşıyıcı müvafiq buraxılış sistemindən istifadəyə ünvanlandırılır.
9. Gömrük sərhəd buraxılış məntəqəsində buraxılış sistemlərinin
tətbiqi ilə bağlı infrastruktur
9.1. Gömrük sərhəd buraxılış məntəqəsində bu Qaydalarda nəzərdə tutulan buraxılış sistemlərinin tətbiqi ilə əlaqədar müvafiq infrastruktur yaradılır və xüsusi ayrılmış hərəkət zolaqları müəyyən edilir.
9.2. Xüsusi ayrılmış hərəkət zolaqları nişanlanır və hər kəsin yaxşı görə biləcəyi məlumatlandırma lövhələrində hərəkət istiqamətləri əks etdirilir.
9.3. Mallar və nəqliyyat vasitələri gömrük sərhəd buraxılış məntəqələrinə daxil olduqdan və gömrük qanunvericiliyi ilə müəyyən edilmiş qeydiyyat əməliyyatları yerinə yetirildikdən sonra müəyyən edilmiş xüsusi hərəkət zolağına istiqamətləndirilir.
10. Keçid müddəalar
10.1. Bu Qaydalar qüvvəyə mindiyi gün idxalatçıların ilk dəfə risk qrupları üzrə bölüşdürülməsi zamanı aşağıdakı şərtlərə əməl edilməlidir:
10.1.1. bu Qaydalar qüvvəyə mindiyi tarixədək son 3 (üç) il ərzində ən azı bir dəfə idxal əməliyyatı həyata keçirmiş idxalatçılar aşağı risk qrupuna aid edilirlər;
10.1.2. bu Qaydalar qüvvəyə mindiyi tarixədək son 3 (üç) il ərzində heç bir idxal əməliyyatı həyata keçirməmiş idxalatçılar yüksək risk qrupuna aid edilirlər.
10.2. Bu Qaydaların 10.1-ci bəndinə əsasən müvafiq risk qrupuna aid edilmiş idxalatçının risk qrupunun dəyişdirilməsi bu Qaydaların 6-cı hissəsində müəyyən edilmiş qaydada həyata keçirilir.
23 May 2016, 09:05
8 Oktyabr 2018, 08:10
“Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 23 may tarixli 2834 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
5 Oktyabr 2018, 08:10
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
5 Oktyabr 2018, 08:10
Azərbaycan Respublikasının təhsil işçilərinə “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
5 Oktyabr 2018, 08:10
Azərbaycan Respublikasının təhsil işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
5 Oktyabr 2018, 08:10
“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 iyun tarixli 729 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
5 Oktyabr 2018, 08:10
“Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
5 Oktyabr 2018, 08:10
“Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların rəsmiləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 sentyabr tarixli 326 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
5 Oktyabr 2018, 08:10
Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə Avstriya Respublikasının Metrologiya və Mərzçəkmə Federal Qurumu arasında daşınmaz əmlakın kadastrı və coğrafi məlumat sistemi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
5 Oktyabr 2018, 08:10
Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
5 Oktyabr 2018, 08:10
Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında sənaye və yeni texnologiyalar sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...