Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə QAYDALARI

Azərbaycan Respublikası Prezidentinin

2016-cı il 21 may tarixli Fərmanı ilə

təsdiq edilmişdir

 

Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün

 “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə

QAYDALARI 

 

1. Ümumi müddəalar

 

1.1. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları” (bundan sonra – Qaydalar) “Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 mart tarixli 1853 nömrəli Sərəncamının 3.2-ci bəndinin icrası ilə əlaqədar hazırlanmışdır və gömrük sərhəd buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi ilə bağlı münasibətləri tənzimləyir.

 

1.2. Bu Qaydaların məqsədi gömrük rəsmiləsdirilməsinin daha çevik və şəffaf həyata keçirilməsi və məmur-sahibkar münasibətlərinin müasir idarəçilik prinsipləri əsasında inkişaf etdirilməsi, o cümlədən risk qiymətləndirilməsinin nəticələri əsasında, avtomatlaşdırılmış elektron informasiya sisteminin (bundan sonra – elektron sistem) imkanlarından istifadə etməklə, yarana biləcək təhlükənin səviyyəsinin əvvəlcədən müəyyən edilməsi, gömrük nəzarətinin formalarının idxal-ixrac prosedurları üzrə tətbiqinin daha da optimallaşdırılmasından ibarətdir.

1.3. Bu Qaydalarda nəzərdə tutulmuş risk qiymətləndirilməsinin və idxalatçıların risk qrupları üzrə bölgüsünün aparılması, habelə buraxılış sistemlərinin və gömrük nəzarəti tədbirlərinin tətbiqi ilə bağlı bütün proseslər məmur-sahibkar təması olmadan elektron sistem vasitəsilə həyata keçirilir.

1.4. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi (bundan sonra – Komitə) həyata keçirilən xarici ticarət əməliyyatları zamanı risk qrupları üzrə buraxılış sistemlərindən istifadə ilə bağlı, ayda bir dəfədən az olmayaraq, öz rəsmi internet saytında ümumiləşdirilmiş məlumat verir.

1.5. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.5.1. “Yaşıl dəhliz” – əvvəlcədən elektron formada təqdim olunmuş qısa idxal bəyannaməsi əsasında aparılmış gömrük nəzarətinə və risk qiymətləndirilməsinin nəticələrinə uyğun olaraq, gömrük sərhəd buraxılış məntəqələrində gömrük qanunvericiliyi ilə müəyyən edilmiş məlumatlandırma və qeydiyyat əməliyyatlarının yerinə yetirilməsi vasitəsilə malların və nəqliyyat vasitələrinin fiziki yoxlanması aparılmadan gömrük proseduruna uyğun gömrük ərazisinə buraxılışını nəzərdə tutan buraxılış sistemi;

1.5.2. “Mavi dəhliz” – əvvəlcədən elektron formada təqdim olunmuş qısa idxal bəyannaməsi əsasında aparılmış gömrük nəzarətinə və risk qiymətləndirilməsinin nəticələrinə uyğun olaraq, gömrük sərhəd buraxılış məntəqələrində gömrük qanunvericiliyi ilə müəyyən edilmiş məlumatlandırma və qeydiyyat əməliyyatlarının yerinə yetirilməsi vasitəsilə gömrük sərhəd buraxılış məntəqəsindən keçirilən malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə buraxılışından sonra gömrük nəzarəti formalarının tətbiqini nəzərdə tutan buraxılış sistemi;

1.5.3. “Sarı dəhliz” – əvvəlcədən elektron formada təqdim olunmuş qısa idxal bəyannaməsi əsasında aparılmış gömrük nəzarətinə və risk qiymətləndirilməsinin nəticələrinə uyğun olaraq, gömrük sərhəd buraxılış məntəqəsindən keçirilən malların və nəqliyyat vasitələrinin, məlumatların, elektron və ya kağız daşıyıcıda sənədlərin, o cümlədən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmiş ekvivalentlik prinsipinə uyğun olaraq ixracatçı ölkə tərəfindən əvvəlcədən verilən baytarlıq, fitosanitar, gigiyenik və digər sertifikatların (şəhadətnamələrin), mülki dövriyyəsi məhdudlaşdırılmış malların dövriyyəsinə verilən xüsusi icazənin mövcudluğunun və digər hüquq müəyyənedici sənədlərlə müşayiət olunmasının yoxlanmasını və gömrük nəzarəti formalarının tətbiqini nəzərdə tutan buraxılış sistemi;

1.5.4. “Qırmızı dəhliz” – əvvəlcədən elektron formada təqdim olunmuş qısa idxal bəyannaməsi əsasında aparılmış gömrük nəzarətinə və risk qiymətləndirilməsinin nəticələrinə uyğun olaraq, gömrük məqsədləri üçün lazım olan məlumatların və sənədlərin, eləcə də malların və nəqliyyat vasitələrinin, habelə tələb olunan hallarda şəxsin yoxlanmasını nəzərdə tutan buraxılış sistemi;

1.5.5. gömrük nəzarəti – gömrük qanunvericiliyinə riayət olunmasını təmin etmək məqsədi ilə gömrük orqanlarının həyata keçirdiyi tədbirlər;

1.5.6. risk – gömrük qanunvericiliyinin tələblərinin yerinə yetirilməməsi ehtimalı;

1.5.7. risklərin idarə edilməsi – məlumatların toplanması, məlumat bazasının yeniləşdirilməsi, risklərin təhlili, müvafiq proseslər və onların nəticələrinin mütəmadi monitorinqi yolu ilə risklərin müəyyən edilməsi, onların təhlükəlilik ehtimalının və dövlətin iqtisadi, sosial və digər maraqlarına dəyəcək ziyanın dərəcəsinin qiymətləndirilməsi;

1.5.8. risk qruplarının müəyyənləşdirilməsi meyarları – idxalatçının fəaliyyətinin xüsusiyyətləri ilə bağlı olan və idxalatçının müxtəlif risk qruplarına aid olunması üçün istifadə edilən kəmiyyət və (və ya) keyfiyyət göstəricilərinin məcmusu;

1.5.9. avtomatlaşdırılmış elektron informasiya sistemi – malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən buraxılış sistemini müəyyən etmək məqsədi ilə məlumatların təhlili və risk qruplarının müəyyənləşdirilməsi ilə bağlı tətbiq olunan proqram təminatı.

1.6. Bu Qaydalarda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının Gömrük Məcəlləsi (bundan sonra – Gömrük Məcəlləsi) ilə müəyyənləşdirilmiş mənaları ifadə edir.

2. Qısa idxal bəyannaməsi təqdim edilən mallar və nəqliyyat vasitələri üzrə

buraxılış sistemləri və gömrük nəzarəti

2.1. Qısa idxal bəyannaməsi əsasında malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə buraxılmasının yaşıl, mavi, sarı və qırmızı dəhliz buraxılış sistemləri mövcuddur.

2.2. Qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir.

2.3. Nəqliyyatın növündən asılı olaraq, normativ hüquqi aktlarla qısa idxal bəyannaməsinin təqdim edilməsinin bu Qaydaların 2.2-ci bəndində nəzərdə tutulduğundan fərqli müddətləri müəyyən oluna bilər.

3. “Yaşıl dəhliz” buraxılış sistemindən istifadənin şərtləri

3.1. “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə edilməsi üçün mallar və nəqliyyat vasitələri gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi göndərilir.

3.2. Qısa idxal bəyannaməsi malları gömrük ərazisinə gətirən və ya onların daşınmasına cavabdeh olan şəxslər, həmin şəxslərin nümayəndələri, idxalatçı, malın alıcısı, yaxud malları gömrük rəsmiləşdirilməsi üçün gömrük orqanına təqdim edən şəxs tərəfindən göndərilə bilər.

3.3. Qısa idxal bəyannaməsi daxil olduqdan sonra elektron sistemdə avtomatik olaraq qeydiyyata alınır və qeydiyyatın nəticəsi barədə idxalatçıya real vaxt rejimində elektron bildiriş göndərilir.

3.4. Qısa idxal bəyannaməsinin qeydiyyatı aparıldıqdan sonra elektron sistem vasitəsilə aşağıdakılar yoxlanılaraq təhlil edilir:

3.4.1. qısa idxal bəyannaməsində gömrük nəzarətinin həyata keçirilməsi üçün zəruri olan məlumatlar;

3.4.2. malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodları göstərilməklə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmiş ekvivalentlik prinsipinə uyğun olaraq ixracatçı ölkə tərəfindən əvvəlcədən verilən baytarlıq, fitosanitar, gigiyenik və digər sertifikatlara (şəhadətnamələrə), sənədlərə, habelə mülki dövriyyəsi məhdudlaşdırılmış malların dövriyyəsinə verilən xüsusi icazəyə dair məlumatlar;

3.4.3. xarici ölkələrin gömrük və digər səlahiyyətli dövlət orqanları ilə həyata keçirilən elektron informasiya mübadiləsi nəticəsində əldə olunan məlumatlar;

3.4.4. ərazisində xüsusi təhlükəli xəstəliklərin qeydə alındığı xarici ölkələr və eləcə də karantin nəticəsində idxalı qadağan olunmuş mallar barədə məlumatlar;

3.4.5. beynəlxalq yükdaşıma fəaliyyətini həyata keçirən rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər barədə məlumatlar;

3.4.6. gömrük məqsədləri üçün lazım olan digər məlumatlar.

3.5. Bu Qaydaların 3.4-cü bəndində qeyd olunan məlumatların elektron sistem vasitəsilə təhlili nəticəsində qısa idxal bəyannaməsində göstərilən məlumatların gömrük qanunvericiliyi ilə təsbit edilmiş tələb və şərtlərə uyğunluğu müəyyənləşdirildiyi təqdirdə, elektron sistem tərəfindən avtomatik olaraq idxalatçının uyğun gəldiyi risk qrupu üzrə istifadə edəcəyi buraxılış sistemi müəyyən olunur.

3.6. İdxalatçının buraxılış sistemindən istifadə ilə bağlı bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq elektron sistem tərəfindən müəyyən edilən nəticələr konfidensial məlumat hesab olunmaqla, bu Qaydaların 8-ci hissəsində nəzərdə tutulmuş prosedurların tətbiqinə qədər proqram təminatı tərəfindən açıqlanmır.

4. “Yaşıl dəhliz” buraxılış sistemindən istifadəyə dair tələblər

4.1. “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə edilməsi üçün aşağıdakılara riayət olunmalıdır:

4.1.1. mallar və nəqliyyat vasitələri gömrük ərazisinə gətirilməzdən əvvəl bu Qaydaların 2.2-ci bəndində müəyyən olunmuş müddətdə gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilməlidir;

4.1.2. qısa idxal bəyannaməsində gömrük qanunvericiliyi ilə tələb olunan məlumatlar əks etdirilməlidir;

4.1.3. nəqliyyat vasitəsinin texniki konstruksiyası onun texniki sənədləri ilə müəyyən edilmiş normalar həddində olmalıdır;

4.1.4. mallar və nəqliyyat vasitələri üzərində vizual müayinə aparılması üçün gömrük orqanının əməkdaşlarına şərait yaradılmalıdır;

4.1.5. idxalatçının informasiya mübadiləsini həyata keçirməsi və həmin informasiyanın mühafizəsini təmin etməsi üçün müvafiq imkanları olmalıdır.

4.2. “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə edən idxalatçılar gömrük sərhəd buraxılış məntəqələrində gömrük orqanının əməkdaşlarını məlumatlandırmaqla, gömrük qanunvericiliyi ilə müəyyən edilmiş qeydiyyat əməliyyatları yerinə yetirildikdən sonra öz mallarını və nəqliyyat vasitələrini gömrük sərhəd buraxılış məntəqəsindən gömrük ərazisinə keçirir.

4.3. Bu Qaydaların 4.4-cü bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə edilməklə gömrük ərazisinə gətirilən mallar və nəqliyyat vasitələri gömrük ərazisinə buraxılış zamanı və gömrük ərazisinə buraxıldıqdan sonra fiziki yoxlanılmadan azaddır.

4.4. “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə edən idxalatçılar və (və ya) beynəlxalq yükdaşıma fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən gömrük ərazisinə gətirilən mallar və nəqliyyat vasitələri ilə bağlı dövlətin iqtisadi maraqlarına və təhlükəsizliyinə təhdid yaranması və (və ya) onlara zərər vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından, xarici ölkələrin gömrük və digər səlahiyyətli orqanlarından, habelə beynəlxalq təşkilatlardan gömrük orqanına konkret faktlarla əlaqədar müraciətlər (məlumatlar) daxil olduqda və ya belə faktların mövcudluğuna dair gömrük orqanlarında əsaslı şübhə olduqda, həmin mallar və nəqliyyat vasitələri barədə yoxlamaların keçirilməsi istisna edilmir.

4.5. “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə edən idxalatçılar malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçdiyi andan Gömrük Məcəlləsi ilə müəyyən olunmuş qaydada və müddətdə gömrük proseduruna uyğun gömrük bəyannaməsini təqdim etməli və gömrük ödənişlərini həyata keçirməlidirlər.

5. Digər buraxılış sistemlərindən istifadə

5.1. “Mavi dəhliz” buraxılış sistemindən istifadə edən idxalatçılar tərəfindən bu Qaydaların 4.1.1 – 4.1.5-ci yarımbəndlərində və 4.5-ci bəndində nəzərdə tutulan tələblərə əməl olunmaqla yanaşı, aşağıdakılara riayət edilməlidir:

5.1.1. təyinat yerlərində gömrük nəzarəti formalarının tətbiq edilməsi üçün gömrük orqanının əməkdaşlarına şərait yaradılmalıdır;

5.1.2. malları istifadəsində olan yerə aparmaq istəyən idxalatçının mallarla yük və saxlanc əməliyyatları aparması üçün infrastrukturu olmalıdır;

5.1.3. gömrük orqanı əməkdaşlarının iştirakı olmadan, mallara və nəqliyyat vasitələrinə vurulmuş gömrük təminatının tamlığı pozulmamalıdır.

5.2. “Mavi dəhliz” buraxılış sistemindən istifadə edən idxalatçılar gömrük sərhəd buraxılış məntəqələrində gömrük orqanının əməkdaşlarını məlumatlandırmaqla, gömrük qanunvericiliyi ilə müəyyən edilmiş qeydiyyat əməliyyatları yerinə yetirildikdən sonra öz mallarını və nəqliyyat vasitələrini gömrük sərhəd buraxılış məntəqəsindən gömrük ərazisinə keçirir.

5.3. “Mavi dəhliz” buraxılış sistemindən istifadə etməklə gömrük ərazisinə buraxılan mallar və nəqliyyat vasitələri üzərində gömrük yoxlaması gömrük ərazisinə buraxılışdan sonra, idxalatçının bu Qaydaların 5.1.2-ci yarımbəndinə uyğun olaraq müəyyən etdiyi yerdə, lakin gömrük orqanlarının iş vaxtı və Gömrük Məcəlləsi ilə müəyyən edilmiş gömrük bəyannaməsinin təqdim edilməsi və gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün son müddət nəzərə alınmaqla həyata keçirilir.

5.4. “Mavi dəhliz” buraxılış sistemindən istifadə zamanı bu Qaydaların 5.3-cü bəndi ilə müəyyən olunmuş hallar nəzərə alınmaqla, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş qaydada və müddətdə gömrük bəyannaməsi təqdim edilməklə gömrük rəsmiləşdirilməsi aparıldıqdan sonra malların yerləşdirildiyi gömrük proseduru nəzərə alınaraq, onlar şəxsin istifadəsinə və ya sərəncamına verilir.

5.5. “Sarı dəhliz” buraxılış sistemindən istifadə edən idxalatçılar tərəfindən bu Qaydaların 4.1.1 – 4.1.5-ci yarımbəndlərində, 4.5-ci bəndində və 5.1.1 – 5.1.3-cü yarımbəndlərində nəzərdə tutulan tələblərlə yanaşı, aşağıdakılara riayət edilməlidir:

5.5.1. mallar və nəqliyyat vasitələri gömrük orqanları tərəfindən müəyyən edilmiş müddətdə və marşrut üzrə təhlükəsiz qaydada təyinat yerlərinə çatdırılmalıdır;

5.5.2. daşınan malların qablaşdırılması onların təhlükəsiz qaydada təyinat yerlərinə çatdırılmasını istisna etməməlidir;

5.5.3. mallar təyinat yerlərinə gətirildiyi andan etibarən 1 (bir) saatdan gec olmayaraq, gömrük orqanının iş vaxtından kənar vaxtda gətirildikdə isə iş vaxtı başlandıqdan sonra 1 (bir) saatdan gec olmayaraq gömrük orqanlarına məlumat verilməlidir;

5.5.4. gömrük orqanlarının icazəsi olmadan gömrük nəzarəti altında olan mallarin ilkin yerlərinin dəyişdirilməsi, nəqliyyat vasitələrindən boşaldılması, yaxud onlara yenidən yüklənməsi, qablaşdırmaların açılması və yenidən qablaşdırılması, eyniləşdirmə vasitələrinin (əlamətlərinin, nişanlarının) dəyişdirilməsi, qoparılması və ya məhv edilməsi hallarına yol verilməməlidir;

5.5.5. malların üzərində gömrük qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yoxlamaların aparılmasına şərait yaradılmalıdır;

5.5.6. malların bəyan edildiyi gömrük proseduru altında yerləşdirilməsi üçün bu Qaydaların 3.4.1 və 3.4.2-ci yarımbəndlərində qeyd olunan məlumat və sənədlərin təqdim edilməsi tələb olunursa, həmin məlumat və sənədlər gömrük orqanının əməkdaşlarına təqdim edilməlidir.

5.6. “Sarı dəhliz” buraxılış sistemindən istifadə edən idxalatçılarla bağlı gömrük sərhəd buraxılış məntəqələrində elektron formada əldə olunmuş və ya kağız daşıyıcıda olan sənədlərin, o cümlədən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmiş ekvivalentlik prinsipinə uyğun olaraq ixracatçı ölkə tərəfindən əvvəlcədən verilən baytarlıq, fitosanitar, gigiyenik və digər sertifikatların (şəhadətnamələrin), mülki dövriyyəsi məhdudlaşdırılmış malların dövriyyəsinə verilən xüsusi icazənin və digər hüquq müəyyənedici sənədlərin mövcudluğu yoxlandıqdan və gömrük qanunvericiliyi ilə tələb olunan gömrük nəzarəti formaları tətbiq olunduqdan sonra mallar və nəqliyyat vasitələri gömrük ərazisinə buraxılır.

5.7. “Sarı dəhliz” buraxılış sistemindən istifadə etməklə gömrük ərazisinə buraxılan mallar və nəqliyyat vasitələri barədə bu Qaydaların 5.6-cı bəndində nəzərdə tutulmuş sənədlərin yoxlanması gömrük sərhəd buraxılış məntəqəsində, gömrük nəzarətinin digər formaları gömrük ərazisinə buraxılışdan sonra, gömrük orqanlarının müəyyən etdiyi vaxtda və yerdə həyata keçirilir.

5.8. “Qırmızı dəhliz” buraxılış sistemindən istifadə edən idxalatçılar tərəfindən gömrük sərhəd buraxılış məntəqələrində və ya gömrük orqanları tərəfindən müəyyənləşdirilən digər yerlərdə gömrük nəzarətinin tələb olunan bütün formaları tətbiq edilməklə mallar və nəqliyyat vasitələri gömrük ərazisinə buraxılır.

5.9. “Qırmızı dəhliz” buraxılış sistemindən istifadə edən idxalatçılar tərəfindən bu Qaydalarla “Mavi dəhliz” və “Sarı dəhliz” buraxılış sistemindən istifadə edən idxalatçılar üçün müəyyən olunmuş tələblərlə yanaşı, Gömrük Məcəlləsində nəzərdə tutulmuş malların, nəqliyyat vasitələrinin, həmçinin şəxsin yoxlanması və gömrük nəzarətinin həmin Məcəllədə nəzərdə tutulan digər formalarının həyata keçirilməsi üçün zəruri olan tələblərə əməl olunmalıdır.

5.10. Bu Qaydalarla nəzərdə tutulmuş hallarda “Sarı dəhliz” və “Qırmızı dəhliz” buraxılış sistemindən istifadə zamanı təyinat gömrük orqanında və ya gömrük orqanlarının müəyyən etdiyi digər yerlərdə gömrük bəyannaməsi əsasında gömrük rəsmiləşdirilməsi aparıldıqdan sonra mallar, onların yerləşdirildiyi gömrük proseduru nəzərə alınmaqla, şəxsin istifadəsinə və ya sərəncamına verilir.

5.11. “Mavi dəhliz”, “Sarı dəhliz” və “Qırmızı dəhliz” buraxılış sistemlərindən istifadə edildiyi zaman, mallar və nəqliyyat vasitələri gömrük orqanlarına aşağıdakı şəxslərdən biri tərəfindən təqdim olunur:

5.11.1. malları gömrük ərazisinə gətirmiş şəxs;

5.11.2. malları gömrük ərazisinə gətirmiş şəxsin adından çıxış edən şəxs;

5.11.3. mallar gömrük ərazisinə gətirildikdən sonra onların daşınmasına görə məsul olan şəxs;

5.11.4. malları dərhal müvafiq gömrük proseduru altında yerləşdirən şəxs;

5.11.5. müvəqqəti saxlanc yerinin sahibi.

6. Risklərin idarə olunması

6.1. Bu Qaydalarda nəzərdə tutulmuş buraxılış sistemlərindən istifadə olunması, gömrük nəzarətinin həyata keçirilməsi və gömrük yoxlamalarının aparılmasının zəruriliyinin müəyyən olunması məqsədi ilə idxalatçılar yüksək, orta və aşağı risk qruplarına bölünürlər.

6.2. İdxalatçıların risk qrupları üzrə bölgüsü risk qruplarının müəyyənləşdirilməsi meyarları əsasında aparılır və həmin meyarlara əsasən aşağı risk qrupuna aid edilmiş idxalatçıların orta və ya yüksək risk qrupuna keçirilməsi üçün əsaslar yaranmadıqda dəyişməz qalır. Orta və yüksək risk qrupuna aid edilmiş idxalatçıların risk qrupunun dəyişdirilməsi məsələsinə 6 (altı) aydan bir yenidən baxılmalıdır.

6.3. Risk qruplarının müəyyənləşdirilməsi meyarları Gömrük Məcəlləsinə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qaydalara uyğun olaraq, idxalatçıların xarici ticarət fəaliyyətinin kəmiyyət və (və ya) keyfiyyət göstəriciləri (xüsusiyyətləri) əsasında müəyyən edilir və bu zaman aşağıdakı amillər nəzərə alınır:

6.3.1. idxalatçının xarici ticarət əməliyyatları sahəsində fəaliyyətinin miqyası;

6.3.2. idxalatçının xarici ticarət əməliyyatları sahəsində fəaliyyət göstərdiyi müddət;

6.3.3. idxalatçı tərəfindən idxal olunan məhsulların xüsusiyyətləri (çeşidləri);

6.3.4. idxalatçı tərəfindən əvvəllər aparılmış xarici ticarət əməliyyatlarının nəticələri;

6.3.5. idxalatçının maliyyə intizamlılığı;

6.3.6. idxalatçı tərəfindən gömrük ödənişləri və Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vergilərlə bağlı dövlət büdcəsinə borcunun olmaması (Gömrük Məcəlləsində və Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada müvafiq olaraq borcun ödənilməsinə möhlət verilməsi və (və ya) vergi öhdəliyinin yerinə yetirilməsi müddətlərinin dəyişdirilməsi halları istisna olmaqla);

6.3.7. idxalatçının əvvəllər iqtisadi sahədə cinayətlərə görə cinayət məsuliyyətinə, həmçinin vergi və ya gömrük qaydalarının pozulmasına görə inzibati və ya cinayət məsuliyyətinə cəlb olunmaması;

6.3.8. idxalatçının gömrük sərhədindən keçirilən mallarının uçotunda və onlar haqqında hesabatlarda uyğunsuzluqların və ziddiyyətlərin olmaması;

6.3.9. sahibkarlıq sahəsində yoxlama aparmaq səlahiyyəti verilmiş dövlət orqanları tərəfindən aparılan yoxlamaların nəticələri;

6.3.10. xarici ölkələrin gömrük və digər orqanlarının məlumatı.

6.4. Bu Qaydaların 6.3-cü bəndində qeyd olunan meyarlara uyğun yoxlanılacaq məlumatların konfidensiallığı Komitə tərəfindən təmin olunur.

6.5. Xarici ticarət iştirakçılarının risk qruplarının müəyyənləşdirilməsi meyarları Komitə tərəfindən təsdiq edilir.

6.6. Gömrük yoxlamasının həyata keçirilməsi məqsədi ilə risk qruplarına aid olan idxalatçıların bölgüsü aparılarkən aşağıdakı tələblərə əməl olunmalıdır:

6.6.1. aşağı risk qrupuna aid olan idxalatçıların ümumilikdə 10 faizindən çox olmayan hissəsində gömrük yoxlaması həyata keçirilə bilər;

6.6.2. orta risk qrupuna aid olan idxalatçıların ümumilikdə 50 faizindən çox olmayan hissəsində gömrük yoxlaması həyata keçirilə bilər;

6.7. Yüksək risk qrupuna aid olan bütün idxalatçılarda gömrük yoxlaması həyata keçirilir.

6.8. İdxalatçıların müəyyən risk qrupuna aid edilməsi və ya onların risk qrupunun dəyişdirilməsi barədə məlumat Komitə tərəfindən öz rəsmi internet saytında yerləşdirilir. İdxalatçı Komitənin rəsmi internet saytında qeydiyyatdan keçməklə yalnız özünün risk qrupuna aid məlumatla tanış ola bilər.

6.9. İdxalatçının risk qrupunun müəyyən edilməsi və ya dəyişdirilməsi Komitənin qərarı ilə həyata keçirilir. Həmin qərarlar əsaslandırılmalıdır. İdxalatçının risk qrupunun dəyişdirilməsi üçün bu Qaydalarda müəyyən olunmuş əsaslar yarandıqda, aidiyyəti gömrük orqanı tərəfindən Komitəyə müraciət olunur.

6.10. İdxalatçı bu Qaydaların 6.9-cu bəndində nəzərdə tutulmuş qərardan Komitənin Apellyasiya Şurasına və məhkəməyə şikayət edə bilər.

 7. Risk qruplarına uyğun buraxılış sistemlərinin müəyyən olunması

7.0. Mallar və nəqliyyat vasitələri bu Qaydaların 6.6-cı bəndində müəyyən edilmiş tələblərə əməl olunmaqla aşağıdakı qaydada gömrük sərhəd buraxılış məntəqələrindən gömrük ərazisinə buraxılır:

7.0.1. aşağı və orta risk qrupuna aid olan və bu Qaydaların 6.6.1 və 6.6.2-ci yarımbəndlərinə uyğun olaraq seçmə üsulu ilə gömrük yoxlaması aparılmadan gömrük ərazisinə buraxılması müəyyən edilən mallar və nəqliyyat vasitələri – “Yaşıl dəhliz” buraxılış sistemi vasitəsilə;

7.0.2. aşağı risk qrupuna aid olan və bu Qaydaların 6.6.1-ci yarımbəndinə uyğun olaraq seçmə üsulu ilə gömrük yoxlaması aparılmaqla gömrük ərazisinə buraxılması müəyyən edilən mallar və nəqliyyat vasitələri – “Mavi dəhliz” buraxılış sistemi vasitəsilə;

7.0.3. orta risk qrupuna aid olan və bu Qaydaların 6.6.2-ci yarımbəndinə uyğun olaraq seçmə üsulu ilə gömrük yoxlaması aparılmaqla gömrük ərazisinə buraxılması müəyyən edilən mallar və nəqliyyat vasitələri – “Sarı dəhliz” buraxılış sistemi vasitəsilə;

7.0.4. yüksək risk qrupuna aid olan mallar və nəqliyyat vasitələri – “Qırmızı dəhliz” buraxılış sistemi vasitəsilə.

8. Malların və nəqliyyat vasitələrinin gömrük sərhəd buraxılış

məntəqəsinə faktiki daxil olması

8.0. Mallar və nəqliyyat vasitələri gömrük sərhəd buraxılış məntəqəsinə daxil olduqda aşağıdakı tədbirlərdən biri həyata keçirilir:

8.0.1. mallar nəqliyyat vasitəsilə daşındıqda, nəqliyyat vasitəsinin qısa idxal bəyannaməsinə əsasən sistemdə qeydiyyata alınmış dövlət qeydiyyat nömrəsi avtomatik oxunma cihazı vasitəsilə oxunaraq, bildirişin nömrəsi ilə eyniləşdirmə aparıldıqdan sonra daşıyıcı müvafiq buraxılış sistemindən istifadəyə ünvanlandırılır;

8.0.2. mallar müşayiət olunan baqajla aparıldıqda, bildirişin nömrəsi daşıyıcı tərəfindən gömrük sərhəd buraxılış məntəqəsində quraşdırılmış terminala daxil edildikdən və ya daşıyıcının müraciəti əsasında gömrük orqanının əməkdaşı tərəfindən elektron sistemə daxil edildikdən sonra daşıyıcı müvafiq buraxılış sistemindən istifadəyə ünvanlandırılır.

9. Gömrük sərhəd buraxılış məntəqəsində buraxılış sistemlərinin

tətbiqi ilə bağlı infrastruktur

9.1. Gömrük sərhəd buraxılış məntəqəsində bu Qaydalarda nəzərdə tutulan buraxılış sistemlərinin tətbiqi ilə əlaqədar müvafiq infrastruktur yaradılır və xüsusi ayrılmış hərəkət zolaqları müəyyən edilir.

9.2. Xüsusi ayrılmış hərəkət zolaqları nişanlanır və hər kəsin yaxşı görə biləcəyi məlumatlandırma lövhələrində hərəkət istiqamətləri əks etdirilir.

9.3. Mallar və nəqliyyat vasitələri gömrük sərhəd buraxılış məntəqələrinə daxil olduqdan və gömrük qanunvericiliyi ilə müəyyən edilmiş qeydiyyat əməliyyatları yerinə yetirildikdən sonra müəyyən edilmiş xüsusi hərəkət zolağına istiqamətləndirilir.

10. Keçid müddəalar

10.1. Bu Qaydalar qüvvəyə mindiyi gün idxalatçıların ilk dəfə risk qrupları üzrə bölüşdürülməsi zamanı aşağıdakı şərtlərə əməl edilməlidir:

10.1.1. bu Qaydalar qüvvəyə mindiyi tarixədək son 3 (üç) il ərzində ən azı bir dəfə idxal əməliyyatı həyata keçirmiş idxalatçılar aşağı risk qrupuna aid edilirlər;

10.1.2. bu Qaydalar qüvvəyə mindiyi tarixədək son 3 (üç) il ərzində heç bir idxal əməliyyatı həyata keçirməmiş idxalatçılar yüksək risk qrupuna aid edilirlər.

10.2. Bu Qaydaların 10.1-ci bəndinə əsasən müvafiq risk qrupuna aid edilmiş idxalatçının risk qrupunun dəyişdirilməsi bu Qaydaların 6-cı hissəsində müəyyən edilmiş qaydada həyata keçirilir.

 

23 May 2016, 09:05

http://www.azertag.net

1581—1590 / 10511

29 Yanvar 2021, 19:01

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” 2017-ci il 15 may tarixli 1388 nömrəli, “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Kolumbiya Respublikasının Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Sazişin təsdiq edilməsi haqqında” 2017-ci il 7 avqust tarixli 1577 nömrəli, “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Sazişin təsdiq edilməsi haqqında” 2017-ci il 29 noyabr tarixli 1694 nömrəli və “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Türkmənistanın Turizm üzrə Dövlət Komitəsi arasında turizm sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə” 2017-ci il 29 noyabr tarixli 1698 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

29 Yanvar 2021, 19:01

Azərbaycan Respublikası Prezidentinin “2011-ci il aprelin 8-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Bolqarıstan Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Saziş”in təsdiq edilməsi haqqında” 2011-ci il 7 iyun tarixli 447 nömrəli, “2011-ci il aprelin 9-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və İraq Respublikasının Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə” 2011-ci il 7 iyun tarixli 449 nömrəli, “Azərbaycan Respublikası və Monteneqro arasında 2011-ci il sentyabrın 16-da Bakı şəhərində imzalanmış sənədlər haqqında” 2011-ci il 24 noyabr tarixli 530 nömrəli, “Azərbaycan Respublikası və Çexiya Respublikası arasında 2012-ci il aprelin 5-də Praqa şəhərində imzalanmış sazişlərin təsdiq edilməsi haqqında” 2012-ci il 19 iyun tarixli 660 nömrəli, “2012-ci il aprelin 12-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və San Marino Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” 2012-ci il 19 iyun tarixli 662 nömrəli, “2012-ci il noyabrın 29-da Tirana şəhərində imzalanmış “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Albaniya Respublikasının Turizm, Mədəniyyət, Gənclər və İdman Nazirliyi arasında mədəniyyət və turizm sahələrində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” 2013-cü il 7 mart tarixli 840 nömrəli və “2013-cü il fevralın 14-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Saziş”in təsdiq edilməsi barədə” 2013-cü il 15 mart tarixli 848 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

29 Yanvar 2021, 19:01

Azərbaycan Respublikası Prezidentinin “2013-cü il martın 11-də Zaqreb şəhərində imzalanmış “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Xorvatiya Respublikasının Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə” 2013-cü il 3 may tarixli 885 nömrəli, “2013-cü il martın 12-də Mədinə şəhərində imzalanmış “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Səudiyyə Ərəbistanı Krallığının Turizm və Qədim Abidələr üzrə Baş Komissiyası arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə” 2013-cü il 11 iyun tarixli 909 nömrəli, “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə İtaliya Respublikasının Mədəni İrs və Fəaliyyət, Turizm Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” 2014-cü il 9 sentyabr tarixli 258 nömrəli, “Azərbaycan Respublikası Hökuməti ilə Argentina Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə” 2015-ci il 30 oktyabr tarixli 665 nömrəli, “Azərbaycan Respublikası ilə Uruqvay Şərq Respublikası arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə” 2015-ci il 30 oktyabr tarixli 666 nömrəli və “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Ukraynanın Mədəniyyət Nazirliyi arasında 2016–2020-ci illər üzrə mədəniyyət və incəsənət sahəsində əməkdaşlığa dair Proqramın təsdiq edilməsi haqqında” 2016-cı il 4 oktyabr tarixli 1057 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

29 Yanvar 2021, 19:01

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında” 1997-ci il 24 iyun tarixli 609 nömrəli, “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” 1997-ci il 6 sentyabr tarixli 629 nömrəli, “Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 12 mart tarixli 115 nömrəli, “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqramın təsdiq edilməsi barədə” 2000-ci il 15 iyul tarixli 371 nömrəli, “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” 2000-ci il 15 iyul tarixli 376 nömrəli və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” 2000-ci il 30 avqust tarixli 393 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

29 Yanvar 2021, 19:01

Azərbaycan Respublikası Prezidentinin “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları”nın təsdiq edilməsi barədə” 2007-ci il 11 aprel tarixli 564 nömrəli, “Yaşlı və gənc nəsil yazıçı, rəssam və bəstəkarların yaradıcılıq fəaliyyətini təmin etmək üçün xüsusi təqaüd fondu haqqında” 2007-ci il 6 avqust tarixli 612 nömrəli, “Turizm haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 5 iyun tarixli 374-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” 2007-ci il 16 avqust tarixli 615 nömrəli, “Turizm və rekreasiya zonaları haqqında nümunəvi Əsasnamə”nin təsdiq edilməsi barədə” 2008-ci il 20 iyun tarixli 773 nömrəli, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə” 2010-cu il 24 may tarixli 272 nömrəli, “Daşınmaz dövlət əmlakı obyektlərinin müsabiqə əsasında icarəyə verilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” 2010-cu il 22 iyun tarixli 284 nömrəli və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barədə” 2011-ci il 15 fevral tarixli 382 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

29 Yanvar 2021, 19:01

Azərbaycan Respublikası Prezidentinin “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə” 2000-ci il 23 dekabr tarixli 432 nömrəli, “Kinematoqrafiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında” 2001-ci il 4 iyul tarixli 526 nömrəli, “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 21 fevral tarixli 679 nömrəli Fərmanının icrasının təmin edilməsi haqqında” 2002-ci il 24 avqust tarixli 769 nömrəli və “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın təsdiq edilməsi haqqında” 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

29 Yanvar 2021, 19:01

Azərbaycan Respublikası Prezidentinin “Qeyri-dövlət mülkiyyətində olan xüsusi əhəmiyyətli mədəniyyət sərvətlərinin satılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2003-cü il 23 oktyabr tarixli 944 nömrəli, “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” 2003-cü il 24 noyabr tarixli 4 nömrəli, “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2004-cü il 29 yanvar tarixli 16 nömrəli, “Turizm haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2004-cü il 23 aprel tarixli 56 nömrəli, “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” 2005-ci il 28 dekabr tarixli 344 nömrəli, “Ailə kəndli təsərrüfatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar əlavə tədbirlər barədə” 2006-cı il 1 sentyabr tarixli 456 nömrəli və “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2007-ci il 6 fevral tarixli 529 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

29 Yanvar 2021, 19:01

Azərbaycan Respublikası Prezidentinin “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında” 2016-cı il 1 iyun tarixli 923 nömrəli, “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2016-cı il 12 iyul tarixli 985 nömrəli, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli, “Ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 20 fevral tarixli 1252 nömrəli və “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 22 fevral tarixli 1255 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

29 Yanvar 2021, 19:01

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkili barədə” 2011-ci il 27 may tarixli 432 nömrəli, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” 2012-ci il 13 fevral tarixli 593 nömrəli, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2012-ci il 6 iyun tarixli 648 nömrəli, “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə” 2013-cü il 8 iyul tarixli 938 nömrəli, “Bakı Xoreoqrafiya Akademiyasının Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2014-cü il 26 dekabr tarixli 432 nömrəli, “Tikinti işlərinin dayandırılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2015-ci il 22 may tarixli 533 nömrəli, “Azərbaycan Turizm və Menecment Universitetinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2015-ci il 21 dekabr tarixli 710 nömrəli, “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 18 yanvar tarixli 745 nömrəli və “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 15 fevral tarixli 795 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

29 Yanvar 2021, 19:01

M.M.Kajlayevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...