2016-cı il iyunun 18-nə təyin edilmiş 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 17 may 2016-cı il tarixli 03 saylı, 18 may 2016-cı il tarixli 04 və 05 saylı müraciətlərə baxılması barədə

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2016-cı il iyunun 18-nə təyin edilmiş 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərdə Azərbaycan Ümid Partiyasının səlahiyyətli nümayəndəsi Dadaşov Təbriz Söhrab oğlu 2016-cı il mayın 17-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, deputatlığa namizəd Ağa-zadə İqbal Fehruz oğlunun xeyrinə imza vermiş seçicilərə həmin seçki dairəsi dairə seçki komissiyasının sədri və deputatlığa qeydə alınmış namizəd Cavid Osmanov tərəfindən təzyiqlər göstərildiyini, imzalarından imtina edilməsi barədə onlardan ərizələrin yığıldığını, Azərbaycan Ümid Partiyasının səlahiyyətli nümayəndəsi Əliyev Taleh Məhəmməd oğlu və həmin partiyanın sədr müavini Abbasov Elman Abdulla oğlu imza toplayan şəxs qismində 2016-cı il mayın 18-də Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, 2016-cı il mayın 6, 7, 8-də deputatlığa namizəd İ.F.Ağa-zadənin müdafiəsi üçün seçici imzaları toplanılarkən qeydə alınmış namizəd C.Osmanovun tərəfdarlarının onlara qarşı təzyiqlər göstərdiklərini, yerli icra və bələdiyyə qurumlarının da onlara bu işdə yaxından köməklik etdiklərini, baş vermiş pozuntularla bağlı müvafiq dairə seçki komissiyası sədrinə dəfələrlə müraciət olunsa da, onun tərəfindən heç bir tədbir görülmədiyini, həmçinin C.Osmanov tərəfindən sosial şəbəkələrdə və Ağdaş rayonunun Xınaxlı kəndində vaxtından əvvəl seçkiqabağı təşviqat aparıldığını iddia edib, bununla bağlı qanunla müəyyən olunmuş tədbirlərin görülməsini xahiş etmişlər.

 

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvləri tərəfindən bir icraatda birləşdirilərək bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Araşdırma prosesində müraciət etmiş səlahiyyətli nümayəndə T.Dadaşovla əlaqə saxlanılmış, əlavə sənədlər və materiallar təqdim etmək, araşdırmada, habelə iclasda iştirak etmək hüquqlarının olması izah edilmiş, iclasda iştirak etməyə dəvət olunmuş və onun iclasda iştirakı təmin edilmişdir. T.Dadaşov müraciətində iddia olunan qanun pozuntularını özündə ehtiva edən hər hansı dəlil, sənəd və ya materiala malik olmadığını bildirmişdir.

T.Dadaşovun müraciətinin araşdırılması zamanı müəyyən edilmişdir ki, 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərdə İ.F.Ağa-zadənin deputatlığa namizədliyi Azərbaycan Ümid Partiyası tərəfindən irəli sürülmüş və həmin dairə seçki komissiyasının 6 may 2016-cı il tarixli, 7/19 saylı qərarı ilə onun namizədliyin irəli sürülməsi təsdiq edilmişdir. Bundan sonra səlahiyyətli nümayəndə Ə.Ağazadəyə namizədin müdafiəsi üçün imza toplamaq məqsədi ilə zəruri olan sayda imza vərəqi verilmiş, 2016-cı il mayın 14-də imza vərəqələri və ona əlavə edilmiş digər sənədlər həmin dairə seçki komissiyasına namizədin qeydə alınması üçün təqdim edilmişdir.

Araşdırma ilə bağlı 90 saylı Ağdaş seçki dairəsi dairə seçki komissiyasının sədri tərəfindən təqdim olunmuş izahatda bildirmişdir ki, deputatlığa digər namizədlər kimi, seçkilərdə namizədliyi Azərbaycan Ümid Partiyası tərəfindən irəli sürülmüş İ.F.Ağa-zadəyə də passiv seçki hüququndan istifadə etmək üçün bərabər imkan və şərait yaradılmış, onun deputatlığa namizədliyi təsdiq edilmiş və imza toplamaq üçün zəruri olan sayda imza vərəqələri verilmişdir. Hazırda qaytarılmış imza vərəqələri və digər seçki sənədləri dairə seçki komissiyasının nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən yoxlanılmaqdadır.

Bundan başqa, adıçəkilən seçki dairəsi dairə seçki komissiyası sədrinin izahatında onun nə özü tərəfindən, nə də dairə seçki komissiyasının üzvləri və katibliyin əməkdaşları tərəfindən seçicilərə hər hansı formada təzyiq göstərilmədiyi də qeyd edilmişdir.

 

Araşdırma zamanı şikayətdə adıçəkilən qeydə alınmış namizəd C.Osmanov da təqdim etdiyi izahatında deputatlığa namizəd İ.F.Ağa-zadəyə heç bir qərəzli münasibət bəsləmədiyini, onun xeyrinə imza vermiş şəxslərə öz imzalarından imtina etməklə bağlı hər hansı təzyiq göstərmədiyini və onun xeyrinə imza vermiş şəxsləri tanımadığını bildirmişdir.

Şikayətdə iddia olunan pozuntular araşdırma zamanı öz təsdiqini tapmadığından həmin müraciət əsassız hesab edilərək təmin olunmamalıdır.

Bundan başqa, Azərbaycan Ümid Partiyasının səlahiyyətli nümayəndəsi T.M.Əliyevin və həmin partiyanın sədr müavini E.A.Abbasovun müraciətləri nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, 6, 7 və 8 may 2016-ci il tarixlərində seçici imzalarının toplanması zamanı qanun pozuntularına yol verilməsinin iddia edilməsi hissəsində müraciətlər seçki qanunvericiliyində nəzərdə tutulmuş müddət ötürülməklə verilmiş və bu səbəbdən də ekspert qrupunun üzvləri müraciətlərin ərizəçilərə geri qaytarılması barədə rəy vermişlər. Belə ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112.1-ci maddəsinə və yuxarıda göstərilən Təlimatın 4.1.2-ci yarımbəndinə əsasən, seçki subyektləri vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət verilə bilər.

Araşdırma zamanı 90 saylı Ağdaş seçki dairəsi dairə seçki komissiyası sədrinin təqdim etdiyi yazılı izahatdan görünür ki, Mərkəzi Seçki Komissiyasına müraciət etmiş Azərbaycan Ümid Partiyasının təmsilçiləri tərəfindən həmin komissiyaya imzatoplama kampaniyasında baş verməsi iddia olunan qanun pozuntuları ilə bağlı heç bir yazılı və ya şifahi müraciət daxil olmamışdır. Bu səbəbdən də müraciətlər həmin hissədə əsassız hesab edilərək təmin olunmamalıdır.

Bundan əlavə, müraciətin C.Osmanov tərəfindən sosial şəbəkələrdə və Ağdaş rayonunun Xınaxlı kəndində vaxtından əvvəl seçkiqabağı təşviqat aparılması iddiası ilə bağlı araşdırılması müvafiq dairə seçki komissiyasının səlahiyyətlərinə aid olduğundan müraciət həmin hissədə dairə seçki komissiyasına göndərilməlidir.

Belə ki, “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 8.6-cı maddəsinə əsasən şikayət aidiyyət qaydalarının pozulması ilə daxil olmuşdursa, onda həmin müraciətin aidiyyəti üzrə göndərilməsinə dair qərar qəbul edilməlidir.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

 

1. 2016-cı il iyunun 18-nə təyin edilmiş 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərdə Azərbaycan Ümid Partiyasının səlahiyyətli nümayəndəsi Dadaşov Təbriz Söhrab oğlunun 17 may 2016-cı tarixli 03 saylı müraciəti əsassız olduğundan təmin edilməsin.

2. Azərbaycan Ümid Partiyasının səlahiyyətli nümayəndəsi Əliyev Taleh Məhəmməd oğlu və həmin partiyanın sədr müavini Abbasov Elman Abdulla oğlunun imza toplayan şəxs qismində 18 may 2016-cı il tarixli 04 və 05 saylı müraciətləri qanunvericiliklə müəyyən olunmuş şikayətvermə müddəti ötürülməklə verildiyindən həmin hissə üzrə ərizəçilərə geri göndərilsin, dairə seçki komissiyası sədrinin hərəkətsizliyi hissəsində isə əsassız olduğundan təmin edilməsin.

3. Qeydə alınmış namizəd C.Osmanov tərəfindən seçkiqabağı təşviqatla bağlı qanunvericiliyin tələblərinin pozulması iddia olunan hissəsində müraciət araşdırılması üçün aidiyyəti üzrə 90 saylı Ağdaş seçki dairəsi dairə seçki komissiyasına göndərilsin.

4. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

20 May 2016, 09:05

http://www.azertag.net

1331—1340 / 10511

29 May 2021, 18:05

Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması işlərinin davam etdirilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

29 May 2021, 18:05

Azərbaycan Respublikasının Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismarı ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

29 May 2021, 18:05

Azərbaycan Respublikası Prezidentinin “Yerin təkindən istifadə olunmasının, onun mühafizəsi və idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsi, bu sahəyə dövlət nəzarətinin gücləndirilməsi tədbirləri haqqında” 2018-ci il 16 iyul tarixli 205 nömrəli və “Yerin təki haqqında”, “İstehsalat və məişət tullantıları haqqında”, “Qaz təchizatı haqqında”, “Energetika haqqında” və “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 22 oktyabr tarixli 1683-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2019-cu il 29 noyabr tarixli 865 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

28 May 2021, 19:05

Ağdam Sənaye Parkının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

28 May 2021, 19:05

“Sənaye parkları haqqında Nümunəvi Əsasnamə”nin təsdiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 aprel tarixli 865 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

26 May 2021, 20:05

Azərbaycan Respublikasında modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

26 May 2021, 20:05

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

26 May 2021, 20:05

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2019-cu il 29 yanvar tarixli 500 nömrəli, “Xüsusi rabitə ilə bağlı bəzi məsələlər haqqında” 2019-cu il 11 aprel tarixli 622 nömrəli, “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” 2020-ci il 29 oktyabr tarixli 1170 nömrəli və “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” 2020-ci il 30 dekabr tarixli 1241 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

26 May 2021, 20:05

“Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

24 May 2021, 20:05

Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...