Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti haqqında Əsasnamə

Azərbaycan Respublikası Prezidentinin

2016-cı il 28 aprel tarixli

Fərmanı ilə təsdiq edilmişdir

 

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti (bundan sonra - Xidmət) antiinhisar (rəqabət), dövlət satınalmaları, reklam və istehlakçıların hüquqlarının müdafiəsi sahələrində (bundan sonra – müvafiq sahələr) dövlət siyasətinin və dövlət nəzarətinin həyata keçirilməsini təmin edən icra hakimiyyəti orqanıdır.

1.2. Xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnaməni, bu Əsasnaməni və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin (bundan sonra - Nazirlik) hüquqi aktlarını rəhbər tutur.

 

1.3. Xidmət bu Əsasnamədə nəzərdə tutulan vəzifə və funksiyalarını Azərbaycan Respublikasının bütün ərazisində bilavasitə və öz regional bölmələri vasitəsilə həyata keçirir.

1.4. Xidmət öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları, qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.5. Xidmətin müstəqil balansı, istifadəsində dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.

1.6. Xidmətin saxlanması xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunla nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.

1.7. Xidmət Bakı şəhərində yerləşir.

2. Xidmətin fəaliyyət istiqamətləri

2.0. Xidmət aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:

2.0.1. müvafiq sahələrdə dövlət siyasətinin hazırlanması ilə bağlı Nazirliyə təkliflər verir və bu sahələrdə müəyyən olunmuş siyasətin həyata keçirilməsini təmin edir;

2.0.2. antiinhisar (rəqabət), dövlət satınalmaları, reklam və istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə, o cümlədən ticarət, ictimai iaşə, məişət və digər növ xidmət qaydalarına riayət edilməsinə dövlət nəzarətini həyata keçirir;

2.0.3. inhisarçılıq fəaliyyətinin, haqsız rəqabətin və istehlakçıların hüquqlarının və qanuni maraqlarının pozulması hallarının qarşısının alınması və belə pozuntuların aradan qaldırılması üçün tədbirlər görür;

2.0.4. dövlət satınalmaları zamanı dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi, dövlət satınalmalarının müsabiqə və aşkarlıq əsasında həyata keçirilməsi, dövlət satınalmaları haqqında qanunvericiliyin pozulmasının qarşısının alınması üçün tədbirlər görür.

3. Xidmətin vəzifələri

3.0. Xidmət bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

3.0.1. müvafiq sahələri tənzimləyən normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak edir, onlara dair rəy və təkliflər verir;

3.0.2. inhisarsızlaşdırma, bazarda rəqabət mühitinin inkişafı, istehlakçıların hüquqlarının müdafiəsi və dövlət satınalmaları sahələrində dövlət proqramlarının və inkişaf konsepsiyalarının layihələrinin hazırlanmasında və həyata keçirilməsində iştirak edir;

3.0.3. rəqabətin təşviqi və qorunması, rəqabət mühiti yaradan iqtisadi strukturların, kiçik və orta müəssisələrin inkişafı üçün tədbirlər görür;

3.0.4. inhisarçılıq fəaliyyətinin qarşısının alınması, rəqabətin qorunması, dövlət satınalmaları, reklam fəaliyyəti və istehlakçıların hüquqlarının müdafiəsi sahələrində dövlət və yerli özünüidarəetmə orqanlarının, qeyri-hökumət təşkilatlarının fəaliyyətini əlaqələndirir;

3.0.5. mülkiyyət formasından asılı olmayaraq, əmtəə istehsalı, satışı (əldə edilməsi), işlər görülməsi və xidmətlər (o cümlədən maliyyə xidmətləri) göstərilməsi ilə məşğul olan hüquqi və fiziki şəxslər və ya onların birlikləri (bundan sonra - təsərrüfat subyektləri), dövlət və yerli özünüidarəetmə orqanları tərəfindən antiinhisar (rəqabət) qanunvericiliyinin tələblərinə riayət olunmasına dövlət nəzarətini həyata keçirir, rəqabətin məhdudlaşdırılmasına, yaxud aradan qaldırılmasına, təsərrüfat subyektlərinin və istehlakçıların mənafelərinin pozulmasına gətirib çıxaran və ya gətirib çıxara bilən hərəkətlərin qarşısının alınması üçün tədbirlər hazırlayır və həyata keçirir;

3.0.6. antiinhisar (rəqabət) qanunvericiliyinin pozulması, sahibkarlıq fəaliyyətinin ədalətsiz üsullarla aparılması, bazar subyektlərinin tətbiq etdiyi haqsız rəqabət hallarının, təsərrüfat subyektlərinin kartel sövdələşmələrinin aşkarlanması, aradan qaldırılması, bazarda ilkin (qeyri-inhisar) vəziyyətin bərpa edilməsi və qanun pozuntusuna yol vermiş şəxslərin antiinhisar (rəqabət) qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilməsi məqsədi ilə tədbirlər görür;

3.0.7. əmtəə və maliyyə xidmətləri bazarlarında istehsal və xidmətlərin həcmi, idxal-ixrac əməliyyatlarına dair və qanunla nəzərdə tutulan digər mənbələrdən əldə olunan məlumatlar əsasında rəqabətin vəziyyətini araşdırır və təsərrüfat subyektlərinin hökmran mövqeyini müəyyən edir;

3.0.8. təsərrüfat subyektlərinin, dövlət və bələdiyyə müəssisələrinin yaradılması, yenidən təşkili, ləğv edilməsi, onlar arasında bağlanmış əqdlərin həyata keçirilməsi, o cümlədən nizamnamə kapitalındakı payların (səhm zərfinin) alınması zamanı antiinhisar (rəqabət) qanunvericiliyində nəzərdə tutulmuş hallarda və qaydada razılıq alınmaqla aparılmalı olan belə hərəkətlərin həyata keçirilməsinə razılıq verir;

3.0.9. hökmran mövqedən sui-istifadə edən, inhisarçılıq fəaliyyəti göstərən, öz hərəkətləri ilə rəqabəti məhdudlaşdıran və istehlakçıların mənafelərini pozan təsərrüfat subyektləri ilə bağlı antiinhisar (rəqabət) qanunvericiliyində nəzərdə tutulmuş tədbirlər görür;

3.1.10. təsərrüfat subyektlərinin, icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının xarici ölkələrin hüquqi və fiziki şəxsləri ilə bağladıqları saziş və müqavilələrin milli bazarda rəqabətin məhdudlaşdırılmasına gətirib çıxardığı hallarda tədbirlər görür;

3.0.11. qiymətlərlə süni şəkildə manipulyasiya edilməsinə, qiymət ayrı seçkiliyinə və qiymətlərin dempinqinə qarşı antiinhisar (rəqabət) qanunvericiliyi ilə müəyyən edilmiş qaydada tədbirlər görür;

3.0.12. qiymətlərin artmasına təsir göstərən inhisarlaşma, rəqabətin məhdudlaşdırılması, bazarların bölüşdürülməsi, razılaşdırılmış qiymətlərin tətbiq edilməsi hallarının qarşısının alınması məqsədi ilə hər bir əmtəə bazarı üzrə monitorinqlər aparır;

3.0.13. təbii inhisar subyektlərinin fəaliyyətinə dövlət nəzarətini həyata keçirir, onların istehlakçıların mənafeyinə və rəqabətə mənfi təsir göstərə bilən hərəkətlərinin qarşısının alınması və aradan qaldırılması üçün antiinhisar (rəqabət) qanunvericiliyi ilə müəyyən edilmiş qaydada tədbirlər görür;

3.0.14. təbii inhisar subyektlərinin hər biri üçün tətbiq edilməli olan tənzimləmə üsullarını müəyyən edir və onların tətbiqini təmin edir;

3.0.15. təbii inhisar subyektlərinin dövlət nəzarətində olan hərəkətlərinin həyata keçirilməsinə razılıq verir;

3.0.16. təbii inhisar subyektlərinin siyahısının müəyyən edilməsi məqsədi ilə təkliflər verir, həmçinin maliyyə-sənaye qruplarının, habelə müvafiq əmtəə bazarında payı “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş həddən çox olan müəssisələrin dövlət reyestrini aparır;

3.0.17. maliyyə-sənaye qruplarının fəaliyyətinə nəzarət edir, onların fəaliyyətində aşkar edilmiş nöqsanların aradan qaldırılması, qanun pozuntusuna yol vermiş şəxslərin maliyyə-sənaye qrupları və antiinhisar (rəqabət) qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi məqsədi ilə tədbirlər görür;

3.0.18. maliyyə-sənaye qruplarının dövlət qeydiyyatından keçirilməsinə, yaradılması haqqında müqavilə şərtlərində və qrup iştirakçılarının tərkibində edilən dəyişikliklərin antiinhisar (rəqabət) qanunvericiliyinin tələblərinə uyğunluğu barədə rəy verir;

3.0.19. dövlət satınalmaları zamanı antiinhisar (rəqabət) qanunvericiliyinin tələblərinə riayət edilməsinə nəzarət edir, bütün malgöndərənlərin satınalmalarda iştirakı üçün bərabər rəqabət mühitinin yaradılması məqsədi ilə tədbirlər görür;

3.0.20. dövlət vəsaiti hesabına malların (işlərin və xidmətlərin) müsabiqə əsasında “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun satın alınmasına nəzarət edir, mübahisəli məsələləri araşdırır, qanunvericiliyin pozulması hallarını aşkar etdikdə, satınalma prosedurunu dayandırır və satınalan təşkilat qarşısında tenderin nəticələrinin ləğv edilməsi barədə məsələ qaldırır;

3.0.21. satınalan təşkilatın tender təkliflərinin, oferta və kotirovkaların aksept olunana qədər rədd edilməsi və dövlət satınalmalarında saxtakarlıq halları ilə bağlı qəbul etdiyi qərarları təsdiq edir;

3.0.22. açıq tender və kotirovka sorğusu metodları istisna olmaqla, satınalan təşkilatın satınalmaları digər satınalma metodlarının tətbiqi ilə həyata keçirməsi haqqında qərarlarını təsdiq edir;

3.0.23. tenderin yekun protokolunun surətini alır, həmin sənəd əsasında satınalan təşkilatın tender prosedurlarının keçirilməsi ilə əlaqədar qərarını təsdiq edir;

3.0.24. satınalma müqaviləsi imzalanarkən, malların (işlərin və xidmətlərin) hər vahidinin qiymətini və meyarlarını dəyişdirməmək şərtilə, malların (işlərin və xidmətlərin) həcmini 15 faizə qədər artırıb-azaltmağa satınalan təşkilata razılıq verir;

3.0.25. dövlət satınalmalarında iştirak edən iddiaçıların və malgöndərənlərin (podratçıların) şikayətlərinə baxır, bu barədə satınalan təşkilata (və ya təsdiq edən orqana), satınalma prosedurlarında iştirak edən və bu şikayətə aidiyyəti olan bütün malgöndərənlərə (podratçılara) bildiriş göndərir, şikayətə baxılması üzrə əsaslandırılmış qərar qəbul edir və onun bir nüsxəsini həmin şəxslərə göndərır;

3.0.26. dövlət satınalmalarının təşkili və aparılması üzrə satınalan təşkilatlara metodiki və təşkilati kömək göstərir, məsləhətlər verir, mütəxəssislərin ixtisas səviyyəsinin artırılması üçün kurslar yaradır, seminarlar və konfranslar keçirir, müvafiq tədris-metodiki materialları hazırlayır;

3.0.27. dövlət satınalmalarına dair hesabatların tərtibi qaydaları ilə bağlı Nazirliyə təkliflər verir, dövlət satınalmalarını tənzimləyən normativ hüquqi aktların və bu sahədə məlumatların ictimaiyyətə çatdırılmasını təmin edir;

3.0.28. dövlət satınalmaları üzrə illik hesabatları hazırlayır və Nazirliyə təqdim edir;

3.0.29. dövlət satınalmaları sahəsində məlumat bazasını, dövlət satınalmaları üzrə tenderlər, təkliflər sorğusu və kotirovka sorğusu barədə elanların və onların nəticələri barədə məlumatların yerləşdirildiyi dövlət satınalmalarının rəsmi internet saytını yaradır;

3.0.30. reklamvericinin, reklam yaradıcısının, reklam istehsalçısının, reklam agentinin və reklam yayıcısının reklam fəaliyyətinə dövlət nəzarətini həyata keçirir, reklam haqqında qanunvericiliyin tələblərinə cavab verməyən reklam yayımının qarşısının alınması və qanun pozuntusuna yol vermiş şəxslərin reklam qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi məqsədi ilə tədbirlər görür;

3.0.31. reklamvericilərdən, reklam yaradıcılarından, istehsalçılarından, yayıcılarından və agentliklərindən reklam materiallarını əldə edir, onlara qanunvericiliyin pozulmasına yol verdikləri haqqında xəbərdarlıq edir, reklamın təkzib olunması və digər pozuntuların aradan qaldırılması haqqında icrası məcburi olan göstərişlər (qərarlar) verir;

3.0.32. istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə, o cümlədən ticarət, ictimai iaşə, məişət və digər növ xidmət qaydalarına riayət olunmasına dövlət nəzarətini həyata keçirir, bu sahədə qanun pozuntularının qarşısının alınması və pozuntuya yol vermiş şəxslərin qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi məqsədi ilə tədbirlər görür;

3.0.33. malların (işlərin, xidmətlərin) müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğunu qiymətləndirir, həmin tələblərə cavab verməyən mallar (işlər, xidmətlər) barədə qanunla müəyyən edilmiş tədbirlər görür, aşkarlanmış nöqsanların aradan qaldırılması ilə bağlı müvafiq qurumlara təqdimatlar verir;

3.0.34. müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə cavab verməyən, insanların həyatı və sağlamlığı, ətraf mühit üçün təhlükə yaradan, məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış, mənşəyi məlum olmayan, saxlanma və yararlılıq müddəti ötmüş malların (işlərin, xidmətlərin) satışının (icrasının) qarşısını alır;

3.0.35. istehlakçıların hüquqlarının müdafiəsi və haqsız rəqabətin qarşısının alınması məqsədi ilə saxtalaşdırmaya qarşı tədbirlər görür;

3.0.36. malların saxlanılması və ya satışı zamanı mal qonşuluğunun və satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulmasına qarşı tədbirlər görür;

3.0.37. istehlakçıların çəkidə (ölçüdə), qiymətdə, hesabda aldadılmasına, mallar (işlər və xidmətlər) barədə istehlakçılara tam və düzgün məlumatların (keyfiyyəti, kəmiyyəti və s.) verilməməsinə, satış (icra) və mallara (işlərə və xidmətlərə) müvafiq zəmanətlərin verilməsi zamanı istehlakçılarla müqavilə şərtlərinin və ticarət qanunvericiliyinin tələblərinin pozulmasına qarşı tədbirlər görür;

3.0.38. özgənin ticarət markalarından və əmtəə (xidmət) nişanlarından, əmtəənin mənşə yerinin adından və ya eynicinsli əmtəələrin adına oxşar adlardan qeyri-qanuni istifadə olunmasına qarşı tədbirlər görür, o cümlədən aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı aidiyyəti dövlət orqanlarına təqdimatlar verir;

3.0.39. qiymətləri dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) satışı (icrası) zamanı qiymət intizamına nəzarət edir;

3.0.40. istehlakçıların hüquqlarını məhdudlaşdıran müqavilə şərtlərinin dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı tədbirlər görür;

3.0.41. taxıl məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə taxıl haqqında qanunvericiliyə uyğun qaydada dövlət nəzarətini həyata keçirir, bu məqsədlə monitorinq, araşdırma və ekspertizalar keçirir, taxıl məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin akkreditasiya olunmuş laboratoriyalarda vahid metodika əsasında qiymətləndirilməsini təmin edir, aşkar olunmuş pozuntuların aradan qaldırılması üçün göstərişlər verir və qanunla nəzərdə tutulmuş digər tədbirlər görür;

3.0.42. Nazirliyin tabeliyindəki hüquqi şəxs vasitəsilə malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizalar keçirir və belə ekspertizaların nəticələrinə uyğun olaraq, malın mənşə ölkəsini təsdiq edən sertifikat verir;

3.0.43. səlahiyyətlərinə aid edilmiş inzibati xətalar haqqında işlərə baxır və inzibati tənbeh tədbirləri tətbiq edir;

3.0.44. antiinhisar (rəqabət) qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə verilmiş qərarlar (göstərişlər) yerinə yetirilmədikdə, onların məcburi icrası məqsədi ilə məhkəməyə müraciət edir;

3.0.45. antiinhisar (rəqabət) qanunvericiliyini pozan şəxslər maliyyə sanksiyasını vaxtında ödəmədiyi və ya qismən ödədiyi halda, maliyyə sanksiyasının, yaxud onun ödənilməmiş hissəsinin məcburi qaydada ödənilməsi üçün tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir və bu qərarın məcburi qaydada icrası üçün onu icra məmurlarına göndərir;

3.0.46. antiinhisar (rəqabət) və istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericiliyin pozulması ilə əlaqədar təsərrüfat subyektinə verilmiş lisenziyanın dayandırılması üçün onu vermiş icra hakimiyyəti orqanlarına təqdimat göndərir;

3.1.47. istifadəyə yararsız malların götürülməsi, zərərsizləşdirilməsi, təkrar emalı və ya məhv edilməsi barədə qərar qəbul edir;

3.0.48. Avropa İttifaqı ölkələrinə ixrac edilən yeyinti məhsullarının istehsalı və emalı müəssisələrində infrastruktur və məhsulların təhlükəsizlik meyarları üzrə ekspertizaların keçirilməsini təşkil edir, belə ekspertizaların nəticələrinə uyğun olaraq, müəssisələrə təsdiqedici kod nömrələri və ixracatçılara keyfiyyət sertifikatları verir, həmin məhsulların istehsal və emal müəssisələrinin reyestrini aparır və Avropa İttifaqının bu sahədə tələblərinin icrasını həyata keçirir;

3.0.49. fəaliyyət istiqamətləri üzrə aparılan araşdırmalar, monitorinqlər, yoxlamalar, ekspertizalar və onların nəticələri ilə bağlı görülən işlərə dair məlumatları təhlil edir və vahid informasiya bankı yaradır;

3.0.50. Xidmətin fəaliyyətinin təşkili ilə bağlı ayrılan büdcə vəsaitlərindən, kreditlərdən, qrantlardan, xüsusi vəsaitlərdən və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin edir;

3.0.51. fəaliyyət istiqamətləri üzrə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin icrasını təmin edir;

3.0.52. dövlət sirrinin və məxfilik rejiminin qorunmasını təmin edir, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görür;

3.0.53. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin edir;

3.0.54. fəaliyyət istiqamətləri üzrə kadr hazırlığını təmin edir, həmçinin mütəxəssislərin hazırlanması və ixtisasının artırılması üçün tədbirlər görür;

3.0.55. Xidmətin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində tədbirlər görür;

3.0.56. fəaliyyət istiqamətləri üzrə daxil olan ərizə, şikayət və təkliflərə baxır;

3.0.57. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirir.

4. Xidmətin hüquqları

4.0. Xidmət öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqları həyata keçirir:

4.0.1. müvafiq sahələr üzrə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə təkliflər verir;

4.0.2. fəaliyyət istiqamətlərindən və vəzifələrindən irəli gələn tədbirlərin həyata keçirilməsi üçün dövlət və yerli özünüidarəetmə orqanlarına, təsərrüfat subyektlərinə, təbii inhisar, dövlət inhisarı və reklam subyektlərinə, satınalan təşkilatlara, malgöndərənlərə (podratçılara), vəzifəli şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu verir və onlardan həmin məlumatları (sənədləri), habelə antiinhisar (rəqabət), dövlət satınalmaları, reklam, taxıl və istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericiliyin pozulması ilə bağlı yazılı (şifahi) izahatlar alır;

4.0.3. müvafiq sahələrdə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq edir, xarici dövlətlərin təcrübəsini öyrənir;

4.0.4. fəaliyyət istiqamətlərinə və vəzifələrinə uyğun olaraq analitik materiallar hazırlayır, təhlillər, ümumiləşdirmələr, tədqiqatlar aparır, rəy və təkliflər verir;

4.0.5. maliyyə-sənaye qruplarının və müvafiq əmtəə bazarında payı qanunvericiliklə müəyyən edilmiş həddən artıq olan təsərrüfat subyektlərinin dövlət reyestrinə daxil edilməsi və ya dövlət reyestrindən çıxarılması barədə qərarlar qəbul etmək üçün aidiyyəti dövlət və yerli özünüidarəetmə orqanlarından, təsərrüfat subyektlərindən məlumatlar alır;

4.0.6. maliyyə-sənaye qruplarından, təbii inhisar subyektlərindən, inhisarçı müəssisələrdən fəaliyyətləri haqqında hesabatlar və məlumatlar, o cümlədən təbii inhisar subyektlərinin investisiya layihələrini alır;

4.0.7. antiinhisar (rəqabət), istehlakçıların hüquqlarının müdafiəsi və taxıl haqqında qanunvericiliyə dövlət nəzarətini həyata keçirmək məqsədi ilə tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, hüquqi və fiziki şəxslərin satış, xidmət və saxlama sahələrinə, o cümlədən antiinhisar (rəqabət) qanunvericiliyinin pozulması hallarının qarşısını almaq məqsədi ilə istehsal sahələrinə qanuna uyğun qaydada daxil olur, nəzarət sahəsinə aid məlumat və sənədləri alır, satılan və ya satılması nəzərdə tutulan istehlak mallarının müayinəsini həyata keçirir;

4.0.8. dövlət satınalmaları sahəsində elmi-texniki, iqtisadi və normativ hüquqi məlumat bazalarını yaradır, məsləhət xidmətlərinin göstərilməsini təşkil edir, dövlət satınalmaları sahəsində əldə olunmuş müsbət təcrübəni öyrənir və geniş yaymaq məqsədi ilə müvafiq tədbirlər keçirir, məlumatlar verir;

4.0.9. vəzifə və hüquqlarının həyata keçirilməsi ilə bağlı məhkəmələrə iddialarla (ərizələrlə) müraciət edir və öz adından məhkəmələrdə iştirak edir;

4.0.10. fəaliyyət istiqamətləri üzrə məsləhət xidmətləri göstərir;

4.0.11. müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb edir;

4.0.12. öz vəzifələrini icra edərkən, hüquq mühafizə və digər dövlət orqanları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir;

4.0.13. dövri mətbuat orqanı təsis edir, xüsusi bülletenlər və digər nəşrlər buraxır;

4.0.14. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirir.

5. Xidmətin fəaliyyətinin təşkili

5.1. Xidmətin strukturunu və işçilərinin ümumi say həddini Azərbaycan Respublikasının Prezidenti müəyyən edir.

5.2. Xidmətə Azərbaycan Respublikasının iqtisadiyyat naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən rəis rəhbərlik edir.

5.3. Rəis Xidmətə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə və hüquqların həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır.

5.4. Xidmət rəisinin Azərbaycan Respublikasının iqtisadiyyat naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən üç müavini vardır.

5.5. Xidmətin rəisi:

5.5.1. Xidmətin işini təşkil edir və ona rəhbərlik edir;

5.5.2. Xidmət rəisinin müavinləri arasında vəzifə bölgüsü aparır;

5.5.3. müəyyən edilmiş əməyin ödənilməsi fondu və işçilərin say həddi daxilində Xidmətin aparatının, regional bölmələrinin strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində xərclər smetasını təsdiq edilmək üçün Nazirliyə təqdim edir;

5.5.4. Xidmət rəisinin müavinləri istisna olmaqla, Xidmətin digər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, barələrində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;

5.5.5. Xidmətə dövlət büdcəsindən ayrılmış vəsaitlərin xərclənməsinə dair hesabatları Nazirliyə təqdim edir;

5.5.6. tabeliyində olan qurumlara icrası məcburi olan əmr və göstərişlər verir;

5.5.7. dövlət və yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslərlə münasibətlərdə Xidməti təmsil edir;

5.5.8. Xidmətin fəaliyyəti barədə Nazirliyə rübdə bir dəfə hesabat verir.

5.6. Xidmətin regional bölmələrini, müəyyən olunmuş əməkhaqqı və işçilərin say həddi daxilində, Nazirlik yaradır və ləğv edir.

29 Aprel 2016, 09:04

http://www.azertag.net

3521—3530 / 10511

7 İyun 2018, 08:06

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

7 İyun 2018, 08:06

“Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci 13 dekabr tarixli 328 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

7 İyun 2018, 08:06

“İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 6 sentyabr tarixli 629 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

7 İyun 2018, 08:06

“Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 dekabr tarixli 1704 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

7 İyun 2018, 08:06

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

6 İyun 2018, 08:06

Goranboy şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

6 İyun 2018, 08:06

Naftalan şəhərində yeni körpələr evi-uşaq bağçası binasının tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

5 İyun 2018, 08:06

Yevlax rayonunun Mingəçevir–Stansiya Mingəçevir–Bəhrəmtəpə (36 km)–Qoyunbinəsi–Hacımahmudlu–Nurallar–Qaramanlı–Nəmirli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

5 İyun 2018, 08:06

Su təsərrüfatı və meliorasiya işçilərinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

5 İyun 2018, 08:06

Su təsərrüfatı və meliorasiya işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...