Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci, 12-ci və 13-cü bəndlərinə uyğun olaraq, tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsinin hüquqi və iqtisadi əsaslarını müəyyən edir.

 

1-ci fəsil

 

Ümumi müddəalar

 

Maddə 1. Bu Qanunun məqsədi

Bu Qanunun məqsədi bu Qanunun 3.1-ci maddəsində göstərilən tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsini təmin etməkdən ibarətdir.

 

Maddə 2. Əsas anlayışlar

2.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.0.1. xüsusi maliyyələşmə - bu Qanunun 3.1-ci maddəsində göstərilən tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin “Tik-idarə et-təhvil ver” modelinə uyğun maliyyələşdirilməsi;

2.0.2. “Tik-idarə et-təhvil ver” modeli (bundan sonra “TİT” modeli) - bu Qanunun 3.1-ci maddəsində göstərilən tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin investisiya xərclərinin (əldə ediləcək gəlir də daxil olmaqla) investora, onun istehsal etdiyi mal və xidmətlərin istehlakçılar və ya səlahiyyətli orqan tərəfindən müqaviləyə uyğun olaraq satınalma yolu ilə ödənməsi;

2.0.3. investor – “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq investisiya fəaliyyətini həyata keçirən rezident və qeyri-rezident hüquqi şəxslər, onların filialları və ya daimi nümayəndəlikləri;

2.0.4. səlahiyyətli orqan - bu Qanunun 3.1-ci maddəsində göstərilən tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin “TİT” modelinə uyğun həyata keçirilməsini təmin etmək məqsədi ilə investorlarla müqavilə bağlamaq və müqavilə müddəti başa çatdıqdan sonra həmin obyekti təhvil almaq səlahiyyəti olan müvafiq icra hakimiyyəti orqanı;

2.0.5. əməkdaşlıq yardımı – investorun investisiya layihəsi üzrə çəkdiyi xərclərin istehlakçılar tərəfindən xidmət haqları formasında tam və ya qismən ödənilməsi mümkün olmadığı hallarda onların ödədiyi xidmət haqları və investorun itkiləri nəzərə alınmaqla, tərəflərin razılığı ilə müəyyən edilən və səlahiyyətli orqan tərəfindən verilən maddi yardım;

2.0.6. xidmət haqqı – “TİT” modelinə uyğun investisiya qoyuluşu nəticəsində istehsal olunan mal və xidmətlərin əvəzində səlahiyyətli orqan və ya istehlakçılar tərəfindən müqaviləyə müvafiq olaraq ödənilən məbləğ.

 

Maddə 3. Bu Qanunun tətbiq dairəsi

3.1. Bu Qanun aşağıdakı tikinti və infrastruktur obyektlərinin və onlara oxşar obyektlərin “TİT” modelinə uyğun olan maliyyələşmə əsasında tikintisinə (inşasına, cari və əsaslı təmirinə, yenidən qurulmasına, bərpasına), idarə edilməsinə və təhvil verilməsinə investisiyanın cəlb olunmasının hüquqi əsaslarını müəyyən edir:

3.1.1. körpülər, tunellər;

3.1.2. su anbarları, sutəmizləmə qurğuları, suvarma, içməli və məişət su, habelə kanalizasiya sistemləri, o cümlədən magistral qaz kəmərləri, yeraltı qaz anbarları, şəhərdaxili qaz şəbəkələri;

3.1.3. mətbuat və konfrans mərkəzləri, habelə təhsil, səhiyyə, mədəniyyət və turizm obyektləri;

3.1.4. kommersiya məqsədli binalar, topdansatış bazarları, fabriklər və zavodlar;

3.1.5. idman mərkəzləri, yataqxanalar, istirahət və əyləncə parkları;

3.1.6. sənaye parkları, yüksək texnologiya parkları, aqroparklar, yüksək texnologiyalara əsaslanan avtomatlaşdırılmış idarəetmə sistemləri və informasiya texnologiyaları sahəsində digər sistemlər;

3.1.7. kənd təsərrüfatı məhsullarının tədarük anbarları və bu tipli digər obyektlər;

3.1.8. geotermik və tullantıların istilikyaratma qabiliyyəti əsasında işləyən obyektlər və qızdırıcı sistemlər, elektrik enerjisinin istehsalı, ötürülməsi, paylanması və satışı ilə məşğul olan müəssisələr;

3.1.9. şoselər, avtomagistrallar, dəmir yolu və relsli sistemlər, avtovağzal kompleksləri, stansiyalar, funikulyor və qaldırıcı sistemlər, logistika mərkəzləri, yeraltı və yerüstü avtomobil dayanacaqları, metro xətləri və stansiyaları;

3.1.10. xüsusi iqtisadi zonalar, mülki məqsədlərlə istifadə edilən dəniz və hava limanları, yük, sərnişindaşıma və yaxta limanlarından ibarət komplekslər.

3.2. Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi üzrə münasibətlər bu Qanunla yanaşı Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir.

3.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə bu Qanundan fərqli qaydalar müəyyən edildikdə, həmin beynəlxalq müqavilələrin normaları tətbiq edilir.

 

2-ci fəsil

 

“TİT” modeli çərçivəsində fəaliyyətin əsasları

 

Maddə 4. “TİT” modeli əsasında bağlanılan müqavilələrə dair tələblər

Bu Qanunun 3.1-ci maddəsində göstərilən tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin investorlar tərəfindən “TİT” modeli çərçivəsində həyata keçirilməsinin şərtlərini, tikinti və infrastruktur obyektlərinin növlərinə uyğun olaraq investorlar qarşısında qoyulan tələbləri, bağlanılan müqavilələrin xüsusiyyətlərini və şərtlərini, investisiya qoyuluşu nəticəsində əldə olunacaq mal və xidmətlərin dəyərinin müəyyənləşdirilməsinin qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

 

Maddə 5. Məsuliyyət və zərərin əvəzinin ödənilməsi

5.1. İnvestor öhdəlik götürdüyü tikinti və infrastruktur obyektinin müqavilədə müəyyən edilmiş müddətdə layihələndirilməsinə, maliyyələşdirilməsinə, tikintisinə (inşasına, cari və əsaslı təmirinə, yenidən qurulmasına, bərpasına) və istifadəyə verilməsinə görə məsuliyyət daşıyır.

5.2. Müqavilədə öhdəliklərin investor tərəfindən yerinə yetirilməməsi nəticəsində yaranacaq zərərin əvəzinin ödənilməsi ilə bağlı müddəalar nəzərdə tutulmalıdır.

 

Maddə 6. Müddət

6.1. Müqavilədə investorun öhdəlik götürdüyü tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihəsinin həyata keçirilməsinin müddəti müəyyənləşdirilərkən, investisiya xərclərinin (əldə ediləcək gəlir daxil olmaqla) və investisiya məqsədi ilə götürülmüş kreditlərin geri qaytarılması müddəti, habelə layihənin xüsusiyyətləri, investisiyanın məbləği və obyektlərin idarə olunma prinsipləri nəzərə alınmalıdır.

6.2. “TİT” modelinə uyğun bağlanan müqavilələrin müddəti 49 ildən artıq ola bilməz.

 

Maddə 7. Dəyərin müəyyən edilməsi

7.1. “TİT” modeli üzrə həyata keçirilən investisiya qoyuluşları nəticəsində istehsal olunan mal və xidmətlərin dəyəri onların növləri, istehlakının və ya istifadəsinin miqdarı, keyfiyyəti, təhlükəsizliyi və digər meyarlar nəzərə alınmaqla, tərəflərin razılığı əsasında müəyyənləşdirilir (qiymətləri dövlət tərəfindən tənzimlənən mal və xidmətlər istisna olmaqla).

7.2. Tərəflərin razılığına əsasən səlahiyyətli orqan investorun istehsal etdiyi mal və xidmətlərin müəyyən həddə qədər satın alınmasına dair Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq qarantiya öhdəliyi götürə bilər.

7.3. Bu Qanunun 7.1-ci və 7.2-ci maddələri əməkdaşlıq yardımına da tətbiq edilir.

 

Maddə 8. Təhvil vermə

İnvestor tərəfindən bu Qanuna uyğun olaraq həyata keçirilmiş investisiya layihələrinin predmeti olan tikinti və infrastruktur obyektləri müqavilədə nəzərdə tutulmuş müddət başa çatdıqdan sonra bütün borc və öhdəliklərdən azad, amortizasiya nəzərə alınmaqla təyinatı üzrə istifadəyə yararlı vəziyyətdə, əvəzsiz olaraq səlahiyyətli orqanın idarəçiliyinə verilir.

 

Maddə 9. Dövlət ehtiyacları üçün geri alınma

“TİT” modelinə uyğun yaradılan (inşa, təmir və bərpa edilən, yenidən qurulan) tikinti və infrastruktur obyektləri tərəflərin razılaşmasına əsasən, onlar üzrə çəkilən xərclər və əldə ediləcək gəlirlər tam ödənilməklə, müqavilədə nəzərdə tutulan müddətdən əvvəl dövlət ehtiyacları üçün geri alına bilər.

 

Maddə 10. Dövlət zəmanəti

10.1. “TİT” modelinə uyğun bağlanmış müqavilə üzrə investorlar qarşısında götürülmüş öhdəliklərin icrasına dövlət zəmanəti verilir.

10.2. Müqaviləyə investorun təşəbbüsü ilə vaxtından əvvəl xitam verildikdə, səlahiyyətli orqan həmin investisiya layihəsi üzrə investorun götürdüyü öhdəliklərə görə məsuliyyət daşımır.

 

Maddə 11. Güzəştlər

Bu Qanunun 3.1-ci maddəsində göstərilən tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrini “TİT” modelinə uyğun həyata keçirən investor həyata keçirdiyi fəaliyyətlə bağlı dövlət rüsumlarından və yığımlardan azaddır.

 

3-cü fəsil

Yekun müddəalar

Maddə 12. Bu Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyır.

Maddə 13. Keçid müddəalar

13.1. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları xüsusi maliyyələşmə əsasında həyata keçirilən investisiya layihələrinə şamil edilmir.

13.2. Bu Qanunun qüvvəyə minməsindən əvvəl “TİT” modelinə uyğun bağlanan müqavilələr əsasında həyata keçirilən investisiya layihələrinə bu Qanunun müddəaları şamil olunmur.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 15 mart 2016-cı il.

 

22 Aprel 2016, 09:04

http://www.azertag.net

81—90 / 10511

20 Fevral 2023, 14:02

Azərbaycan Respublikası Prezidentinin “Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli, “Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında “bir pəncərə” prinsipinin tətbiqi haqqında” 2008-ci il 11 noyabr tarixli 12 nömrəli, “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin və Komitənin strukturunun təsdiq edilməsi barədə” 2012-ci il 4 iyun tarixli 646 nömrəli, “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli, “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında” 2016-cı il 21 may tarixli 920 nömrəli, “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 22 fevral tarixli 1255 nömrəli, “Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi Qaydası”nın və “www.azexport.az” internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2017-ci il 12 sentyabr tarixli 1598 nömrəli, “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 26 iyun tarixli 148 nömrəli fərmanlarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikasından Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracının tənzimlənməsi haqqında” 2005-ci il 1 aprel tarixli 218 nömrəli Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

20 Fevral 2023, 14:02

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Baytarlıq haqqında”, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 789-VIQD nömrəli Qanununun tətbiqi və “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

20 Fevral 2023, 14:02

Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Baytarlıq haqqında”, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

15 Fevral 2023, 15:02

N.K.Əliyevin Azərbaycan Rəssamlıq Akademiyasının rektoru təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

15 Fevral 2023, 15:02

Ö.H.Eldarovun Azərbaycan Rəssamlıq Akademiyasının rektoru vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

15 Fevral 2023, 07:02

Ş.S.Bağırovun Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

15 Fevral 2023, 07:02

Ş.S.Bağırovun Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

13 Fevral 2023, 11:02

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin dövlət qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

11 Fevral 2023, 11:02

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 790-VIQD nömrəli Qanununun tətbiqi və “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

11 Fevral 2023, 11:02

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...