Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci, 12-ci və 13-cü bəndlərinə uyğun olaraq, tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsinin hüquqi və iqtisadi əsaslarını müəyyən edir.

 

1-ci fəsil

 

Ümumi müddəalar

 

Maddə 1. Bu Qanunun məqsədi

Bu Qanunun məqsədi bu Qanunun 3.1-ci maddəsində göstərilən tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsini təmin etməkdən ibarətdir.

 

Maddə 2. Əsas anlayışlar

2.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.0.1. xüsusi maliyyələşmə - bu Qanunun 3.1-ci maddəsində göstərilən tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin “Tik-idarə et-təhvil ver” modelinə uyğun maliyyələşdirilməsi;

2.0.2. “Tik-idarə et-təhvil ver” modeli (bundan sonra “TİT” modeli) - bu Qanunun 3.1-ci maddəsində göstərilən tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin investisiya xərclərinin (əldə ediləcək gəlir də daxil olmaqla) investora, onun istehsal etdiyi mal və xidmətlərin istehlakçılar və ya səlahiyyətli orqan tərəfindən müqaviləyə uyğun olaraq satınalma yolu ilə ödənməsi;

2.0.3. investor – “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq investisiya fəaliyyətini həyata keçirən rezident və qeyri-rezident hüquqi şəxslər, onların filialları və ya daimi nümayəndəlikləri;

2.0.4. səlahiyyətli orqan - bu Qanunun 3.1-ci maddəsində göstərilən tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin “TİT” modelinə uyğun həyata keçirilməsini təmin etmək məqsədi ilə investorlarla müqavilə bağlamaq və müqavilə müddəti başa çatdıqdan sonra həmin obyekti təhvil almaq səlahiyyəti olan müvafiq icra hakimiyyəti orqanı;

2.0.5. əməkdaşlıq yardımı – investorun investisiya layihəsi üzrə çəkdiyi xərclərin istehlakçılar tərəfindən xidmət haqları formasında tam və ya qismən ödənilməsi mümkün olmadığı hallarda onların ödədiyi xidmət haqları və investorun itkiləri nəzərə alınmaqla, tərəflərin razılığı ilə müəyyən edilən və səlahiyyətli orqan tərəfindən verilən maddi yardım;

2.0.6. xidmət haqqı – “TİT” modelinə uyğun investisiya qoyuluşu nəticəsində istehsal olunan mal və xidmətlərin əvəzində səlahiyyətli orqan və ya istehlakçılar tərəfindən müqaviləyə müvafiq olaraq ödənilən məbləğ.

 

Maddə 3. Bu Qanunun tətbiq dairəsi

3.1. Bu Qanun aşağıdakı tikinti və infrastruktur obyektlərinin və onlara oxşar obyektlərin “TİT” modelinə uyğun olan maliyyələşmə əsasında tikintisinə (inşasına, cari və əsaslı təmirinə, yenidən qurulmasına, bərpasına), idarə edilməsinə və təhvil verilməsinə investisiyanın cəlb olunmasının hüquqi əsaslarını müəyyən edir:

3.1.1. körpülər, tunellər;

3.1.2. su anbarları, sutəmizləmə qurğuları, suvarma, içməli və məişət su, habelə kanalizasiya sistemləri, o cümlədən magistral qaz kəmərləri, yeraltı qaz anbarları, şəhərdaxili qaz şəbəkələri;

3.1.3. mətbuat və konfrans mərkəzləri, habelə təhsil, səhiyyə, mədəniyyət və turizm obyektləri;

3.1.4. kommersiya məqsədli binalar, topdansatış bazarları, fabriklər və zavodlar;

3.1.5. idman mərkəzləri, yataqxanalar, istirahət və əyləncə parkları;

3.1.6. sənaye parkları, yüksək texnologiya parkları, aqroparklar, yüksək texnologiyalara əsaslanan avtomatlaşdırılmış idarəetmə sistemləri və informasiya texnologiyaları sahəsində digər sistemlər;

3.1.7. kənd təsərrüfatı məhsullarının tədarük anbarları və bu tipli digər obyektlər;

3.1.8. geotermik və tullantıların istilikyaratma qabiliyyəti əsasında işləyən obyektlər və qızdırıcı sistemlər, elektrik enerjisinin istehsalı, ötürülməsi, paylanması və satışı ilə məşğul olan müəssisələr;

3.1.9. şoselər, avtomagistrallar, dəmir yolu və relsli sistemlər, avtovağzal kompleksləri, stansiyalar, funikulyor və qaldırıcı sistemlər, logistika mərkəzləri, yeraltı və yerüstü avtomobil dayanacaqları, metro xətləri və stansiyaları;

3.1.10. xüsusi iqtisadi zonalar, mülki məqsədlərlə istifadə edilən dəniz və hava limanları, yük, sərnişindaşıma və yaxta limanlarından ibarət komplekslər.

3.2. Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi üzrə münasibətlər bu Qanunla yanaşı Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir.

3.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə bu Qanundan fərqli qaydalar müəyyən edildikdə, həmin beynəlxalq müqavilələrin normaları tətbiq edilir.

 

2-ci fəsil

 

“TİT” modeli çərçivəsində fəaliyyətin əsasları

 

Maddə 4. “TİT” modeli əsasında bağlanılan müqavilələrə dair tələblər

Bu Qanunun 3.1-ci maddəsində göstərilən tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin investorlar tərəfindən “TİT” modeli çərçivəsində həyata keçirilməsinin şərtlərini, tikinti və infrastruktur obyektlərinin növlərinə uyğun olaraq investorlar qarşısında qoyulan tələbləri, bağlanılan müqavilələrin xüsusiyyətlərini və şərtlərini, investisiya qoyuluşu nəticəsində əldə olunacaq mal və xidmətlərin dəyərinin müəyyənləşdirilməsinin qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

 

Maddə 5. Məsuliyyət və zərərin əvəzinin ödənilməsi

5.1. İnvestor öhdəlik götürdüyü tikinti və infrastruktur obyektinin müqavilədə müəyyən edilmiş müddətdə layihələndirilməsinə, maliyyələşdirilməsinə, tikintisinə (inşasına, cari və əsaslı təmirinə, yenidən qurulmasına, bərpasına) və istifadəyə verilməsinə görə məsuliyyət daşıyır.

5.2. Müqavilədə öhdəliklərin investor tərəfindən yerinə yetirilməməsi nəticəsində yaranacaq zərərin əvəzinin ödənilməsi ilə bağlı müddəalar nəzərdə tutulmalıdır.

 

Maddə 6. Müddət

6.1. Müqavilədə investorun öhdəlik götürdüyü tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihəsinin həyata keçirilməsinin müddəti müəyyənləşdirilərkən, investisiya xərclərinin (əldə ediləcək gəlir daxil olmaqla) və investisiya məqsədi ilə götürülmüş kreditlərin geri qaytarılması müddəti, habelə layihənin xüsusiyyətləri, investisiyanın məbləği və obyektlərin idarə olunma prinsipləri nəzərə alınmalıdır.

6.2. “TİT” modelinə uyğun bağlanan müqavilələrin müddəti 49 ildən artıq ola bilməz.

 

Maddə 7. Dəyərin müəyyən edilməsi

7.1. “TİT” modeli üzrə həyata keçirilən investisiya qoyuluşları nəticəsində istehsal olunan mal və xidmətlərin dəyəri onların növləri, istehlakının və ya istifadəsinin miqdarı, keyfiyyəti, təhlükəsizliyi və digər meyarlar nəzərə alınmaqla, tərəflərin razılığı əsasında müəyyənləşdirilir (qiymətləri dövlət tərəfindən tənzimlənən mal və xidmətlər istisna olmaqla).

7.2. Tərəflərin razılığına əsasən səlahiyyətli orqan investorun istehsal etdiyi mal və xidmətlərin müəyyən həddə qədər satın alınmasına dair Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq qarantiya öhdəliyi götürə bilər.

7.3. Bu Qanunun 7.1-ci və 7.2-ci maddələri əməkdaşlıq yardımına da tətbiq edilir.

 

Maddə 8. Təhvil vermə

İnvestor tərəfindən bu Qanuna uyğun olaraq həyata keçirilmiş investisiya layihələrinin predmeti olan tikinti və infrastruktur obyektləri müqavilədə nəzərdə tutulmuş müddət başa çatdıqdan sonra bütün borc və öhdəliklərdən azad, amortizasiya nəzərə alınmaqla təyinatı üzrə istifadəyə yararlı vəziyyətdə, əvəzsiz olaraq səlahiyyətli orqanın idarəçiliyinə verilir.

 

Maddə 9. Dövlət ehtiyacları üçün geri alınma

“TİT” modelinə uyğun yaradılan (inşa, təmir və bərpa edilən, yenidən qurulan) tikinti və infrastruktur obyektləri tərəflərin razılaşmasına əsasən, onlar üzrə çəkilən xərclər və əldə ediləcək gəlirlər tam ödənilməklə, müqavilədə nəzərdə tutulan müddətdən əvvəl dövlət ehtiyacları üçün geri alına bilər.

 

Maddə 10. Dövlət zəmanəti

10.1. “TİT” modelinə uyğun bağlanmış müqavilə üzrə investorlar qarşısında götürülmüş öhdəliklərin icrasına dövlət zəmanəti verilir.

10.2. Müqaviləyə investorun təşəbbüsü ilə vaxtından əvvəl xitam verildikdə, səlahiyyətli orqan həmin investisiya layihəsi üzrə investorun götürdüyü öhdəliklərə görə məsuliyyət daşımır.

 

Maddə 11. Güzəştlər

Bu Qanunun 3.1-ci maddəsində göstərilən tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrini “TİT” modelinə uyğun həyata keçirən investor həyata keçirdiyi fəaliyyətlə bağlı dövlət rüsumlarından və yığımlardan azaddır.

 

3-cü fəsil

Yekun müddəalar

Maddə 12. Bu Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyır.

Maddə 13. Keçid müddəalar

13.1. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları xüsusi maliyyələşmə əsasında həyata keçirilən investisiya layihələrinə şamil edilmir.

13.2. Bu Qanunun qüvvəyə minməsindən əvvəl “TİT” modelinə uyğun bağlanan müqavilələr əsasında həyata keçirilən investisiya layihələrinə bu Qanunun müddəaları şamil olunmur.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 15 mart 2016-cı il.

 

22 Aprel 2016, 09:04

http://www.azertag.net

3011—3020 / 10511

5 Fevral 2019, 09:02

Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

5 Fevral 2019, 09:02

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

5 Fevral 2019, 09:02

Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 may tarixli 920 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1368 nömrəli 2001-ci il 12 sentyabr tarixli, 1373 nömrəli 2001-ci il 28 sentyabr tarixli və 1377 nömrəli 2001-ci il 12 noyabr tarixli qətnamələrinin yerinə yetirilməsinin təmin edilməsinə dair tədbirlər planı”nda, 2007-ci il 28 iyun tarixli 2271 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram (2007–2012-ci illər)”ında və 2013-cü il 24 iyun tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013–2018-ci illər üçün Dövlət Proqramı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

5 Fevral 2019, 09:02

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 1880 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nda, 2011-ci il 27 dekabr tarixli 1938 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda, 2014-cü il 24 iyul tarixli 667 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014–2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda və “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2017–2019-cu illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” 2016-cı il 18 noyabr tarixli 2451 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

5 Fevral 2019, 09:02

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması haqqında” 2016-cı il 3 fevral tarixli 760 nömrəli və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 461-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 23 dekabr tarixli 1175 nömrəli fərmanlarında və 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

4 Fevral 2019, 08:02

S.A.Şirinovun və U.A.Şirinovun “İgidliyə görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

4 Fevral 2019, 08:02

Gənclər siyasəti sahəsində fəallığı ilə fərqlənən şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

4 Fevral 2019, 08:02

2019-cu il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

4 Fevral 2019, 08:02

Azərbaycan Respublikası Milli Məclisi komitələrinin sədr müavinlərinin seçilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı   ətraflı...

4 Fevral 2019, 08:02

Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun tikintisi və avadanlıqlarla təchizatına dair tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...