İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Dünyada baş verən iqtisadi proseslər fonunda ölkə iqtisadiyyatının inkişafı, investisiya və biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın genişləndirilməsi üçün əlverişli imkanlar yaradılması, qeyri-neft ixrac potensialının artırılması, idxalın əvəzlənməsi, o cümlədən yerli sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi istiqamətində son vaxtlar bir sıra mühüm qərarlar qəbul edilmişdir.
Mövcud qlobal iqtisadi şərait aparılan iqtisadi islahatları daha da genişləndirməklə onların müntəzəmliyinin təmin edilməsini, sahibkarlıq subyektləri tərəfindən mütərəqqi elmi-texniki çağırışlardan, stimullaşdırıcı mexanizmlərdən və innovasiyalardan istifadə etməklə yeni konseptual yanaşmaların tətbiqini, mövcud iqtisadi potensialdan və əlverişli investisiya mühitindən daha səmərəli istifadəni və bu sahədə təşviqat və ictimai iştirakçılıq sistemlərinin tətbiqini zəruri edir.
Aparılan iqtisadi islahatların əhatə dairəsinin genişləndirilməsini və bu sahədə işlərin səmərəli əlaqələndirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi” publik hüquqi şəxs yaradılsın.
2. “İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).
3. Müəyyən edilsin ki:
3.1. “İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (bundan sonra – Mərkəz) 3 nəfər üzvdən ibarət Müşahidə Şurası yaradılır, Şuranın sədrinin və üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir;
3.2. Mərkəzin icra orqanının funksiyalarını Mərkəzin Müşahidə Şurası tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İcraçı direktor həyata keçirir.
4. Mərkəzdə təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakı dövlət orqanlarına həvalə edilsin:
4.1. Azərbaycan Respublikasının Prezidentinə:
4.1.1. nizamnamənin və maliyyə hesabatlarının təsdiq edilməsi;
4.1.2. nizamnamə fondunun miqdarının müəyyən edilməsi;
4.1.3. Mərkəzin yenidən təşkil və ləğv edilməsi;
4.2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:
4.2.1. təsərrüfat cəmiyyətlərinin yaradılması, habelə idarə, filial və nümayəndəliklərin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verilməsi;
4.2.2. xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), habelə Mərkəzə aidiyyəti olan şəxslərlə əqdin (əqdin dəyəri aktivlərin 5 faiz və daha çox hissəsini təşkil etdikdə) bağlanmasına razılıq verilməsi.
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
5.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
5.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
5.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
5.4. Mərkəzin nizamnamə fondunun formalaşdırılması və fəaliyyətinin təşkili ilə əlaqədar məsələləri həll etsin;
5.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
7. Azərbaycan Respublikasının Vergilər Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 aprel 2016-cı il.
Azərbaycan Respublikası Prezidentinin
2016-cı il 20 aprel tarixli
Fərmanı ilə təsdiq edilmişdir
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin
Nizamnaməsi
1. Ümumi müddəalar
1.1. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (bundan sonra – Mərkəz) Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 879 nömrəli Fərmanı ilə yaradılmışdır.
1.2. Mərkəz öz fəaliyyətində müstəqildir və Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikasının digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları və bu Nizamnaməni rəhbər tutur.
1.3. Mərkəzin fəaliyyətinə nəzarət Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.
1.4. Mərkəz öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları, digər hüquqi və fiziki şəxslər ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.5. Mərkəz ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Mərkəz sahibkarlıq fəaliyyəti ilə o hallarda məşğul ola bilər ki, həmin fəaliyyət bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin. Mərkəzin fəaliyyəti nəticəsində əldə olunan vəsaitlər (gəlirlər) onun fəaliyyətinin təmin edilməsinə yönəldilir.
1.6. Mərkəz publik hüquqi şəxsdir və bu Nizamnamə ilə müəyyən edilmiş istiqamətlərdə fəaliyyət göstərir.
1.7. Mərkəzin müstəqil balansı, sərəncamında olan əmlakı, xəzinə və bank hesabları, üzərində öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.
1.8. Qanuna uyğun olaraq Mərkəzin əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır, o, məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edir.
1.9. Mərkəz Bakı şəhərində yerləşir.
2. Mərkəzin fəaliyyətinin məqsədləri və vəzifələri
2.1. Mərkəzin fəaliyyətinin məqsədləri ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzun müddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.
2.2. Mərkəz bu Nizamnamə ilə müəyyən edilmiş məqsədlərə nail olmaq üçün aşağıdakı vəzifələri yerinə yetirir:
2.2.1. qlobal iqtisadi çağırışlara uyğun olaraq ölkənin iqtisadi inkişaf strategiyasının təhlilini (yeni texnologiyalar, innovativ metodlar, preventiv anti-böhran tədbirləri, qlobal maliyyə və iqtisadi konyunkturun tətbiqi imkanları və s. sahələrdə), həmin strategiyanın iqtisadi və digər aspektlərinin ekspertizasını həyata keçirir və onların səmərəli tətbiqi üsulları barədə təkliflər hazırlayır;
2.2.2. mövcud maliyyə-iqtisadi vəziyyəti nəzərə almaqla, ölkə daxilində baş verən sosial-iqtisadi prosesləri təhlil edir, gözlənilən iqtisadi dəyişiklikləri proqnozlaşdırır;
2.2.3. müxtəlif təşkilatların, o cümlədən yerli və beynəlxalq kredit təşkilatlarının ayrı-ayrı sahələr üzrə həyata keçirdikləri layihələr çərçivəsində nəzərdə tutulan islahat xarakterli tədbirlər görülməsində iştirak edir;
2.2.4. ölkənin iqtisadi potensialının artırılması, qeyri-neft sektorunun inkişafı, əlverişli investisiya mühitinin yaradılması, habelə yerli və xarici investorların cəlb edilməsi məqsədi ilə beynəlxalq təcrübəni təhlil edir;
2.2.5. yerli və xarici biznes subyektlərinin iştirakı ilə müvafiq təşviqedici kampaniyaların (həm paytaxtda, həm də regionlarda: elmi dairələrdə və ali təhsil müəssisələrində dəyirmi masaların, sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün biznes ideyalarının formalaşdırılması, biznesin təşkili və inkişaf etdirilməsi istiqamətlərində təlim proqramlarının) keçirilməsi yolu ilə onların aparılan islahatlar prosesində yaxından iştirakını və bu sahədə aidiyyəti dövlət orqanları ilə əməkdaşlığını təmin edir;
2.2.6. xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb edilməsi baxımından Azərbaycan Respublikasının xaricdə müsbət imicinin formalaşdırılması məqsədi ilə ölkədən kənarda kütləvi informasiya vasitələrində müxtəlif materiallar yayır, müvafiq təbliğat-təşviqat kampaniyaları (biznes konfranslar və s.) keçirir, aparılan iqtisadi islahatların beynəlxalq səviyyədə lobbiləşdirilməsini, müxtəlif sahələr üzrə xarici investorlarla birgə işçi qrupların fəaliyyətini təşkil edir və əlaqələndirir;
2.2.7. qlobal iqtisadi tendensiyaları araşdırır, ölkə daxilində və xaricdə maliyyə-iqtisadi münasibətləri təhlil edir, qonşu dövlətlərlə iqtisadi münasibətlərin inkişafına dair tədqiqatlar aparır, bu sahədə mövcud çağırışları qiymətləndirir və bununla bağlı elmi-analitik və proqnoz xarakterli təkliflər hazırlayır;
2.2.8. aparılan iqtisadi islahatların nəticələrini, islahatların gedişi prosesində dövlət, özəl sektor və ictimaiyyət arasında qarşılıqlı etimadın inkişaf tendensiyasını təhlil edir;
2.2.9. həyata keçirilən iqtisadi islahatların məzmunu və mahiyyəti, islahatların sahibkarlıq fəaliyyəti, investisiya mühiti və ümumilikdə iqtisadiyyat üçün üstünlükləri və verəcəyi səmərələr barədə sahibkarların və ictimaiyyətin məlumatlandırılmasını təmin edir;
2.2.10. təhlilin, tədqiqatın və sorğuların nəticələrini dövlət orqanlarına təqdim edir;
2.2.11. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görür;
2.2.12. beynəlxalq əlaqələr yaradır və əməkdaşlıq edir;
2.2.13. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet səhifəsinin yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin səhifədə yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin edir;
2.2.14. strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görür;
2.2.15. fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə baxır;
2.2.16. qanunla və Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirir.
3. Mərkəzin hüquqları
3.0. Mərkəz öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqları həyata keçirir:
3.0.1. iqtisadi islahatların həyata keçirilməsini nəzərdə tutan hüquqi aktların hazırlanması prosesində iştirak edir;
3.0.2. ali təhsil müəssisələrində və elmi mərkəzlərdə tədqiqatların aparılmasının təşəbbüsçüsü və sifarişçisi kimi çıxış edir;
3.0.3. müqavilə əsasında konsaltinq xidmətləri göstərir;
3.0.4. səlahiyyətlərinə aid olan məsələlər barədə zəruri məlumatları və sənədləri əldə etmək üçün dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə sorğu verir və onlardan belə məlumatları əldə edir;
3.0.5. müqavilə əsasında ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb edir;
3.0.6. həyata keçirilən tədbirlərlə bağlı ictimaiyyəti məlumatlandırır, elmi-analitik jurnal, bülleten buraxır, internet səhifəsi yaradır, kitablar, məqalələr və digər materiallar nəşr edir, habelə aidiyyəti dövlət orqanlarının, özəl sektorun və ictimai birliklərin nümayəndələri ilə birlikdə müvafiq tədbirlər həyata keçirir;
3.0.7. beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədi ilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin müvafiq təşkilatları ilə əməkdaşlıq edir və təcrübə mübadiləsi aparır;
3.0.8. fəaliyyət istiqamətlərinə uyğun olaraq konfranslar, müşavirələr, simpoziumlar və digər tədbirlər təşkil edir;
3.0.9. qanunla və Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirir.
4. Mərkəzin idarə olunması
Mərkəz Müşahidə Şurası və İcraçı direktor tərəfindən idarə olunur.
5. Müşahidə Şurası
5.1. Mərkəzin fəaliyyətinə ümumi rəhbərliyi 3 nəfər üzvdən ibarət Müşahidə Şurası (bundan sonra – Şura) həyata keçirir. Şuranın sədrini və digər üzvlərini Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. Şura üzvlərinin səlahiyyət müddəti 5 ildir.
5.2. Şuranın sədri və üzvləri ödənişsiz qaydada ictimai əsaslarla fəaliyyət göstərirlər.
5.3. Şura qərar qəbul etməkdə müstəqildir.
5.4. Şura aşağıdakı vəzifələri yerinə yetirir:
5.4.1. Mərkəzin strukturunu, işçilərinin ümumi say həddini və əməkhaqlarını müəyyən edir;
5.4.2. Mərkəzin strateji inkişaf istiqamətlərinə dair qərarlar qəbul edir;
5.4.3. Mərkəzin fəaliyyətinə, əmlakından istifadə olunmasına nəzarət edir;
5.4.4. Mərkəzin İcraçı direktorunun fəaliyyətinə nəzarət edir;
5.4.5. Mərkəzin illik büdcəsini təsdiq edir;
5.4.6. Şuranın, İcraçı direktorun və əməkdaşların fəaliyyəti zamanı maraqlar münaqişəsinin istisna olunmasının qayda və şərtlərini müəyyənləşdirir və onların icrasına nəzarət edir;
5.4.7. Mərkəzin fəaliyyətinin daxili qaydalarını, struktur bölmələrinin, strukturuna daxil olan qurumların və tabeliyindəki digər qurumların (hüquqi şəxslərin, təşkilatların və s.) əsasnamələrini və nizamnamələrini (törəmə publik hüquqi şəxslər istisna olmaqla) təsdiq edir;
5.4.8. işçilərinin ümumi say həddinə uyğun olaraq ştat cədvəlini və xərclər smetasını müəyyən edir;
5.4.9. Mərkəzə işə qəbul, o cümlədən əməkdaşların qiymətləndirilməsi qaydalarını müəyyən edir;
5.4.10. altı aydan bir Mərkəzin maliyyə hesabatını və fəaliyyətinə dair hesabatı hazırlayır və Azərbaycan Respublikasının Prezidentinə təqdim edir.
5.5. Şuranın sədri:
5.5.1. Şuranın işini təşkil edir və onun fəaliyyətinə rəhbərlik edir;
5.5.2. Şuranın iclaslarının gündəliyini müəyyənləşdirir, iclaslar çağırır və iclaslarda sədrlik edir;
5.5.3. öz təşəbbüsü əsasında və ya Şuranın hər hansı üzvünün və ya İcraçı direktorun xahişi əsasında digər şəxsləri Şuranın iclasında iştirak etməyə dəvət edir;
5.5.4. Şuranın fəaliyyətinin təşkili ilə bağlı digər tədbirləri görür.
5.6. Şura üzvləri:
5.6.1. Şuranın səlahiyyətlərinə aid məsələlərin həllində iştirak edir;
5.6.2. Şuranın iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olur;
5.6.3. Şurada qəbul ediləcək qərarlara dair fikir bildirir;
5.6.4. Şuranın səlahiyyətlərinə aid məsələlərə Şuranın iclaslarında baxılması barədə təkliflər verir;
5.6.5. Şuranın qərarları, iclas protokolları və digər sənədləri ilə tanış olur;
5.6.6. Şuranın iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalıdır;
5.6.7. Şuranın iclaslarını üzrsüz səbəbdən buraxmamalıdır;
5.6.8. Şura üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidir.
6. Şuranın iclaslarının keçirilmə qaydası
6.1. Şuranın sədri üç ayda bir dəfədən az olmayaraq Şuranın iclasını çağırır və ona sədrlik edir.
6.2. Şuranın iclası Şuranın hər hansı bir üzvünün və ya İcraçı direktorun tələbi ilə də çağırıla bilər.
6.3. Şuranın sədri İcraçı direktorla məsləhətləşməklə, müzakirə olunacaq məsələləri müəyyən edir və iclasın gündəliyini hazırlayır. Hər bir iclasın reqlamentini, müzakirə ediləcək məsələlərdən asılı olaraq, Şuranın sədri müəyyənləşdirir.
6.4. Şuranın üzvlərinə iclasın keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3 iş günü qalmış, zəruri sənədlər əlavə edilməklə, yazılı məlumat verilir.
6.5. Şuranın iclasında İcraçı direktor da iştirak edir.
6.6. Şuranın sədri öz təşəbbüsü və ya Şuranın hər hansı üzvünün və ya İcraçı direktorun xahişi əsasında digər şəxsləri Şuranın iclasında iştirak etməyə dəvət edə bilər.
6.7. Şuranın qərarları açıq səsvermə yolu ilə, iclasda iştirak edən üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səs hüququna malikdir. Səslər bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledicidir.
6.8. İclasın gündəliyinə Şuranın hər hansı üzvünün maraqlarına toxunan məsələ çıxarıldıqda, həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli və bu məsələnin müzakirəsində iştirak etməməlidir. Bu zaman həmin üzv məsələyə dair səsvermədə iştirak etmir və onun iştirakı yetərsay müəyyən edilərkən nəzərə alınmır.
6.9. Gündəliyə daxil edilməmiş və ya tələb olunan bütün aidiyyəti sənədləri iclasdan qabaq təqdim edilməmiş məsələlər barədə, bütün iştirakçı üzvlərin razılığı olduğu hallar istisna olmaqla, qərar qəbul edilə bilməz.
6.10. Şuranın iclasının nəticəsi Şuranın üzvləri və Şuranın katibi tərəfindən imzalanmış protokolda əks olunmaqla rəsmiləşdirilir. Şuranın katibi Şuranın iclasında iştirak edə bilmədikdə, Şuranın sədri onu əvəz edəcək şəxsi təyin edir. Protokol Şura tərəfindən təsdiq edilərək İcraçı direktora göndərilir.
6.11. Şuranın katibi Şuranın üzvü olmayan əməkdaşlar sırasından Şuranın sədri tərəfindən təyin olunur və Şuranın sədrinə hesabat verir.
6.12. Şuranın katibi:
6.12.1. Şuranın iclaslarını təşkil edir;
6.12.2. Şuranın iclaslarının keçiriləcəyi yer və vaxt barədə Şuranın üzvlərinə, habelə bu Nizamnamənin 6.5-ci və 6.6-cı bəndlərində göstərilən şəxslərə iclasa azı 3 iş günü qalmış yazılı məlumat verir;
6.12.3. Şuranın iclaslarının protokollarını tərtib edir və imzalanmaq üçün Şuranın üzvlərinə təqdim edir;
6.12.4. Şuranın qərarlarının layihələrini hazırlayır, baxılmaq və imzalanmaq üçün Şuranın sədrinə təqdim edir;
6.12.5. Şuranın qəbul etdiyi qərarların aidiyyəti üzrə göndərilməsini təmin edir.
7. İcraçı direktor
7.1. Mərkəzin cari fəaliyyətinə rəhbərliyi İcraçı direktor həyata keçirir.
7.2. Mərkəzin İcraçı direktoru aşağıdakı vəzifələri yerinə yetirir:
7.2.1. Şuranın qərarlarını icra edir;
7.2.2. Mərkəzin fəaliyyətini təşkil edir, onun cari fəaliyyətinə rəhbərlik edir və onu təmsil edir;
7.2.3. Mərkəzin qarşısına qoyulmuş məqsədlərə uyğun olaraq Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasına və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq təkliflər təqdim edir;
7.2.4. Mərkəzin strukturunun, işçilərinin ümumi say həddinin və əməkhaqlarının müəyyən edilməsi barədə Şuraya təkliflər verir;
7.2.5. müəyyən edilmiş əməkhaqqı fondu və işçilərin ümumi say həddi daxilində Mərkəzin ştat cədvəlinin müəyyən edilməsinə, xərclər smetasının təsdiq edilməsinə dair Şuraya təkliflər verir;
7.2.6. Mərkəzin fəaliyyətinə dair hesabatları və onun maliyyə hesabatlarını hazırlayıb Şuraya təqdim edir;
7.2.7. bu Nizamnamənin 5.4.9-cu yarımbəndində göstərilən qaydalara uyğun olaraq, işçilərin işə qəbul edilməsi, onların digər vəzifələrə təyin və vəzifədən azad edilməsi, habelə onlar barəsində həvəsləndirmə və tənbeh tədbirlərinin görülməsinə dair əmrlər verir.
7.2.8. Mərkəzin fəaliyyəti ilə bağlı əmrlər verir və Şura tərəfindən qərarların qəbul olunmasında iştirak edir;
7.2.9. Mərkəzin fəaliyyətinə dair illik iş proqramlarını, onların yerinə yetirilməsi haqqında hesabatları təsdiq edir;
7.2.10. Mərkəzin inkişaf strategiyasının formalaşdırılmasına dair Şuraya təkliflər verir;
7.2.11. Şuranın səlahiyyətlərinə aid edilməyən bütün digər məsələlər barədə qərar verir;
7.2.12. cari və operativ məsələlər barədə Şuranı məlumatlandırır;
7.2.13. bu Nizamnamənin 5.4.6-cı və 5.4.7-ci yarımbəndlərində göstərilən məsələlərlə əlaqədar təkliflər hazırlayır və təsdiq olunmaq üçün Şuraya təqdim edir;
7.2.14. barəsində qərar verilməsi Şuranın səlahiyyətlərinə aid olan məsələlərə dair məlumat hazırlayaraq Şuraya təqdim edir;
7.2.15. Mərkəzin fəaliyyət istiqamətləri üzrə məşvərətçi komitələr və işçi qruplar yaradır.
8. Mərkəzin nizamnamə fondu, əmlakı və mənfəəti
8.1. Mərkəzin əmlakı təsisçi tərəfindən ödənilən nizamnamə fondundan, ona təsisçi tərəfindən verilmiş digər əmlakdan, fəaliyyət istiqamətlərinə uyğun olaraq sərəncamında olan əmlakın özgəninkiləşdirilməsindən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalardan və qanunla qadağan edilməyən digər vəsaitlərdən formalaşır.
8.2. Mərkəzin əmlakı əsas fondlardan, dövriyyə vəsaitlərindən və digər maddi və qeyri-maddi aktivlərdən ibarətdir. Mərkəzin əmlakı onun müstəqil balansında əks olunur.
8.3. Mərkəzin sərəncamına verilmiş torpaq sahələri və digər əmlak üzərində sahiblik, istifadə və sərəncam vermək hüquqları Mərkəzə məxsusdur.
8.4. Mərkəz ona verilmiş əmlakdan yalnız bu Nizamnamədə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir.
8.5. Mərkəzin nizamnamə fondu 1.000.000 (bir milyon) manatdır.
9. Ləğvetmə və yenidən təşkiletmə
Mərkəzin ləğvi və yenidən təşkili barədə qərarları Azərbaycan Respublikasının Prezidenti qəbul edir.
21 Aprel 2016, 09:04
2 İyun 2022, 14:06
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2017-ci il 13 iyul tarixli 3082 nömrəli, “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli, “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2017-ci il 27 noyabr tarixli 3406 nömrəli, “2018–2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 14 fevral tarixli 3672 nömrəli, “İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında” 2018-ci il 29 mart tarixli 3851 nömrəli, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 16 noyabr tarixli 711 nömrəli və “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 27 dekabr tarixli 852 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
2 İyun 2022, 14:06
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının fövqəladə hallar atlası”nın nəşri haqqında” 2016-cı il 2 mart tarixli 1843 nömrəli, “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016–2020-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2016-cı il 20 sentyabr tarixli 2345 nömrəli, “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 1 sentyabr tarixli 2295 nömrəli və “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2019-cu il 29 aprel tarixli 1143 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
2 İyun 2022, 14:06
Azərbaycan Respublikası Prezidentinin “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” 2020-ci il 27 noyabr tarixli 2306 nömrəli, “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” 2020-ci il 27 noyabr tarixli 2307 nömrəli, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” 2021-ci il 22 fevral tarixli 2517 nömrəli, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” 2021-ci il 30 mart tarixli 2552 nömrəli, “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” 2021-ci il 30 mart tarixli 2554 nömrəli, “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması haqqında” 2021-ci il 19 aprel tarixli 2584 nömrəli və “Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyasının yaradılması haqqında” 2021-ci il 4 may tarixli 2622 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
1 İyun 2022, 15:06
Azərbaycan Respublikası vətəndaşlarının 2022-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
1 İyun 2022, 15:06
Azərbaycan Respublikası mülki aviasiya işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
1 İyun 2022, 15:06
Azərbaycan Respublikasının mülki aviasiya işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
1 İyun 2022, 13:06
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası tərəfindən 1995-ci il yanvarın 10-da təsdiq edilmiş birləşmiş millətlər təşkilatının iqlim dəyişmələri üzrə çərçivə konvensiyasına uyğun Azərbaycan Respublikasının qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsinə dair tədbirlər haqqında” 1997-ci il 30 aprel tarixli 560 nömrəli, “Azərbaycan Respublikasında sərhəd-nəzarət buraxılış məntəqələrinin fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması üzrə Komissiya haqqında” 2000-ci il 20 may tarixli 423 nömrəli, “YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında” 2005-ci il 15 sentyabr tarixli 1006 nömrəli, “Azərbaycan Respublikasında biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə Dövlət Komissiyası və Dövlət Proqramının hazırlanması haqqında” 2006-cı il 6 mart tarixli 1348 nömrəli, “Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə” 2006-cı il 16 oktyabr tarixli 1737 nömrəli, “Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə” 2006-cı il 25 dekabr tarixli 1852 nömrəli, “Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” 2006-cı il 28 dekabr tarixli 1876 nömrəli, “Dövlət əmlakının özəlləşdirilməsinə nəzarət üzrə Dövlət Komissiyası haqqında” 2007-ci il 28 fevral tarixli 2006 nömrəli və “Azərbaycan Respublikası Hökuməti ilə Yunanıstan Respublikası Hökuməti arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq üzrə birgə komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə” 2007-ci il 6 mart tarixli 2015 nömrəli sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
1 İyun 2022, 13:06
Azərbaycan Respublikası Prezidentinin “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin nəqliyyatda cinayətkarlıqla mübarizədə əməkdaşlığı haqqında” Saziş üzrə səlahiyyətli orqanların müəyyən edilməsi barədə” 2007-ci il 17 sentyabr tarixli 2391 nömrəli, “Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında ikitərəfli əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” 2007-ci il 28 sentyabr tarixli 2413 nömrəli, “2007-ci il avqustun 28-də Lyublyana şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Sloveniya Respublikası Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” 2007-ci il 12 noyabr tarixli 2497 nömrəli, “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” 2007-ci il 22 noyabr tarixli 2505 nömrəli, “Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” 2009-cu il 10 avqust tarixli 437 nömrəli və “2009-cu il sentyabrın 23-də Nyu-York şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Estoniya Respublikası Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” 2009-cu il 30 oktyabr tarixli 557 nömrəli sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
1 İyun 2022, 13:06
Azərbaycan Respublikası Prezidentinin “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 23 fevral tarixli 66 nömrəli, “Azərbaycan Respublikasının Hökuməti ilə Bolqarıstan Respublikasının Hökuməti arasında elektron rabitə, informasiya texnologiyaları və elektron idarəçilik sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə” 2015-ci il 22 may tarixli 524 nömrəli, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 20 aprel tarixli 866 nömrəli, “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Fransa Respublikasının İqtisadiyyat və Maliyyə Nazirliyi arasında innovasiya, informasiya və kommunikasiya texnologiyaları sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında” 2017-ci il 5 aprel tarixli 1327 nömrəli, “Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi Qaydası”nın və “www.azexport.az” internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2017-ci il 12 sentyabr tarixli 1598 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
1 İyun 2022, 13:06
Azərbaycan Respublikası Prezidentinin “Dövlət sirrinə aid edilən məlumatların Siyahısı”nın təsdiq edilməsi haqqında” 2005-ci il 3 iyun tarixli 248 nömrəli, “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2005-ci il 9 avqust tarixli 277 nömrəli, “Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2005-ci il 30 avqust tarixli 284 nömrəli, “Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli, “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2005-ci il 16 noyabr tarixli 312 nömrəli, “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2005-ci il 26 dekabr tarixli 341 nömrəli və “Fövqəladə hallarda, fövqəladə və ya hərbi vəziyyət şəraitində zəruri telekommunikasiya şəbəkələrinin, qurğularının və vasitələrinin istifadəsində üstünlük hüququna malik olan və onların istifadəsini dayandıra, məhdudlaşdıra və ya rabitədən istifadə üçün xüsusi qaydalar tətbiq edə bilən səlahiyyətli dövlət hakimiyyəti orqanlarının siyahısı”nın təsdiq edilməsi haqqında” 2006-cı il 7 iyun tarixli 417 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...