Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Dövlət qulluğu üçün kadrların seçilməsini və Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli 13 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na əsaslanaraq, təhsil müəssisələrinə tələbə qəbulunu beynəlxalq təcrübəyə uyğunlaşdırmaq məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

1. Azərbaycan Respublikasında dövlət qulluğu üçün kadrların müsabiqə əsasında seçilməsini, ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsini (attestasiyasını), orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə mərkəzləşdirilmiş qəbul imtahanlarının keçirilməsini təşkil etmək məqsədi ilə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs yaradılsın.

2. “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

3. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin təsisçisinin aşağıdakı səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir:

3.1. Nizamnamənin təsdiqi;

3.2. nizamnamə fondunun miqdarının müəyyən edilməsi;

3.3. icra orqanlarının (kollegial və ya təkbaşçı) yaradılması, onların səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi.

4. Müəyyən edilsin ki:

4.1. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin idarəetmə orqanı 7 nəfər üzvdən ibarət Direktorlar Şurasıdır. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurası sədrinin, sədr müavinlərinin və digər üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir;

4.2. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin ilkin nizamnamə fondu Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına formalaşır və 1 (bir) milyon manatdır.

5. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi dövlət qeydiyyatına alındığı andan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ləğv edilsin və onların istifadəsində olan dövlət əmlakı Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin balansına verilsin.

6. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

6.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

6.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

6.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

6.4. bu Fərmanın 5-ci hissəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın və Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının istifadəsində olan dövlət əmlakının Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin balansına verilməsini təmin etsin;

6.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

8. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

8.1. bu Fərmanın 4.2-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin ilkin nizamnamə fondunun formalaşdırılması ilə bağlı məsələləri həll etsin;

8.2. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin ilkin mərhələdə fəaliyyətini Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası üçün nəzərdə tutulmuş xərclər hesabına təmin etsin.

9. Ləğv edilənədək Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən qəbul edilmiş normativ hüquqi aktlarda dəyişikliklər etmək, həmin aktların qüvvəsini dayandırmaq və ləğv etmək səlahiyyəti Azərbaycan Respublikasının Nazirlər Kabinetinə verilsin.

10. Azərbaycan Respublikası Vergilər Nazirliyi Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin dövlət qeydiyyatı ilə bağlı zəruri tədbirləri həyata keçirsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 11 aprel 2016-cı il.

12 Aprel 2016, 09:04

http://www.azertag.net

1611—1620 / 10511

22 Yanvar 2021, 18:01

Azərbaycan Respublikası Prezidentinin “Sumqayıt Kimya Sənaye Parkının yaradılması haqqında” 2011-ci il 21 dekabr tarixli 548 nömrəli və “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” 2014-cü il 8 oktyabr tarixli 288 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

22 Yanvar 2021, 18:01

Azərbaycan Respublikası Prezidentinin “İnvestisiya fəaliyyətinin təşviqi üzrə əlavə tədbirlər haqqında” 2006-cı il 30 mart tarixli 1395 nömrəli, “Neftçala Sənaye Məhəlləsinin yaradılması haqqında” 2015-ci il 2 fevral tarixli 1011 nömrəli, “Mingəçevir Sənaye Parkının yaradılması haqqında” 2015-ci il 26 fevral tarixli 1077 nömrəli, “Qaradağ Sənaye Parkının yaradılması haqqında” 2015-ci il 3 iyun tarixli 1255 nömrəli, “Masallı Sənaye Məhəlləsinin yaradılması haqqında” 2016-cı il 13 iyun tarixli 2115 nömrəli, “Pirallahı Sənaye Parkının yaradılması haqqında” 2016-cı il 14 sentyabr tarixli 2336 nömrəli, “Hacıqabul Sənaye Məhəlləsinin yaradılması haqqında” 2017-ci il 25 iyul tarixli 3127 nömrəli və “Sabirabad Sənaye Məhəlləsinin yaradılması haqqında” 2017-ci il 27 noyabr tarixli 3407 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

19 Yanvar 2021, 17:01

Qarabağ Dirçəliş Fondunun fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

19 Yanvar 2021, 17:01

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

19 Yanvar 2021, 17:01

Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

16 Yanvar 2021, 19:01

Xüsusi karantin rejiminin müddətinin uzadılması və sərtləşdirilmiş karantin rejimində tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı   ətraflı...

16 Yanvar 2021, 19:01

“Azərlotereya” Açıq Səhmdar Cəmiyyətinin idarəetməyə verilməsi ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

15 Yanvar 2021, 20:01

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

15 Yanvar 2021, 20:01

“Azərbaycan Respublikasının hərbi əməliyyatlar nəticəsində işğal olunmuş və bununla əlaqədar zərər çəkmiş ərazilərinin bərpası və yenidən qurulması üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 12 iyul tarixli 471 nömrəli Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

15 Yanvar 2021, 20:01

“Azərbaycan Respublikasının Hərbi Əməliyyatlar Nəticəsində İşğal Olunmuş və Bununla Əlaqədar Zərər Çəkmiş Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Dövlət Komissiyasının nəzdində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Agentliyin yaradılması barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 iyul tarixli 854 nömrəli Sərəncamının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...