Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının NİZAMNAMƏSİ

Azərbaycan Respublikası Prezidentinin

2016-cı il 10 mart tarixli

Fərmanı ilə təsdiq edilmişdir

 

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (bundan sonra - Palata) “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 760 nömrəli Fərmanına əsasən qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru) və ödəniş sistemləri sahəsində fəaliyyətin lisenziyalaşdırılması, tənzimlənməsi və ona nəzarət, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində nəzarət sisteminin təkmilləşdirilməsini, həmçinin bu sahələr (bundan sonra – maliyyə bazarları) üzrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin etmək məqsədi ilə yaradılmışdır.

1.2. Palata öz fəaliyyətində müstəqildir və Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikasının digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları və bu Nizamnaməni rəhbər tutur.

1.3. Palata sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməz. Onun əsas məqsədi mənfəət götürmək deyildir. Palatanın fəaliyyəti nəticəsində əldə olunan vəsaitlər (gəlirlər) onun fəaliyyətinin təmin edilməsinə yönəldilir.

1.4. Palata publik hüquqi şəxsdir və bu Nizamnamə ilə müəyyən edilmiş istiqamətlərdə fəaliyyət göstərir.

1.5. Palata Azərbaycan Respublikasının Vergi Məcəlləsində onun üçün nəzərdə tutulmuş vergi güzəştlərinə malikdir.

1.6. Palata müstəqil balansa, sərəncamında olan əmlakına, banklarda, o cümlədən Azərbaycan Respublikasının Mərkəzi Bankında hesablara, habelə xəzinə hesablarına, üzərində öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

1.7. Palata Bakı şəhərində yerləşir.

2. Palatanın fəaliyyətinin məqsədi və istiqamətləri

2.1. Palatanın əsas məqsədi Azərbaycan Respublikasında maliyyə bazarlarının səmərəli fəaliyyətini və dayanıqlığını təmin etmək, kreditorların, sığortalıların, investorların və maliyyə bazarlarının digər istehlakçılarının hüquqlarını qorumaqdır. Palata bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyəti həyata keçirərkən maliyyə bazarlarının tənzimlənməsi sahəsində qabaqcıl beynəlxalq prinsip və standartları əsas götürür.

2.2. Palatanın fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.2.1. maliyyə bazarlarında vahid siyasətin formalaşdırılmasında iştirak və bu siyasətin həyata keçirilməsinin təmin edilməsi;

2.2.2. makroprudensial nəzarətin həyata keçirilməsi;

2.2.3. maliyyə bazarlarının tənzimlənməsi ilə bağlı normativ xarakterli aktların qəbul edilməsi və müvafiq hüquqi aktların layihələrinin hazırlanmasında iştirak;

2.2.4. maliyyə bazarlarında fəaliyyətlərin lisenziyalaşdırılması, icazələrin verilməsi və ləğv edilməsi;

2.2.5. maliyyə bazarlarında davamlı və hərtərəfli nəzarətin həyata keçirilməsi, yoxlamalar aparılması və ya bu yoxlamaların keçirilməsinin üçüncü şəxslərə həvalə edilməsi, hesabatların alınması;

2.2.6. cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində nəzarətin təmin edilməsi, bu sahədə monitorinq iştirakçılarının, monitorinqdə iştirak edən digər şəxslərin, nəzarət və digər dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, onlardan daxil olan məlumatların toplanması və təhlili;

2.2.7. əmanətlərin sığortalanması sahəsində nəzarət sisteminin fəaliyyətinin təmin edilməsi;

2.2.8. maliyyə bazarlarında vahid informasiya sisteminin tətbiqinin təmin edilməsi.

3. Palatanın hüquq və vəzifələri

3.1. Palata “Banklar haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “Kredit İttifaqları haqqında”, “Poçt haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İcbari sığortalar haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “İnvestisiya fondları haqqında”, “Lotereyalar haqqında”, “Valyuta tənzimi haqqında”, “Əmanətlərin sığortalanması haqqında”, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş maliyyə bazarlarına nəzarət orqanının və maliyyə monitorinqi orqanının səlahiyyətlərini həyata keçirir.

3.2. Palata bu Nizamnamənin 3.1-ci bəndində göstərilənlərlə yanaşı, aşağıdakı vəzifələri yerinə yetirir:

3.2.1. Palatanın nəzarət etdiyi subyektlərdə stress-testlərin keçirilmə qaydasını müəyyənləşdirir və onları təşkil edir, maliyyə bazarlarında sistem risklərini təhlil edir, stress-test və ssenarilərin təhlilini aparır, bu təhlil əsasında maliyyə bazarlarının tənzimlənməsi istiqamətlərini müəyyən və tətbiq edir;

3.2.2. Palatanın nəzarət etdiyi subyektlərə münasibətdə təsir tədbirlərini tətbiq edir;

3.2.3. Palatanın nəzarət etdiyi subyektlərin sağlamlaşdırılması sahəsində tədbirlər planı hazırlayır, onun icrasını əlaqələndirir və icrasına nəzarət edir;

3.2.4. Palatanın nəzarət etdiyi subyektlərdə korporativ idarəetmə standartlarını müəyyənləşdirir və onların tətbiqinə nəzarət edir;

3.2.5. aksiz markalarının sifarişi, onların satışı və uçotunun aparılması qaydalarını müəyyən edir və bu qaydalara riayət olunmasına nəzarəti həyata keçirir;

3.2.6. maliyyə bazarlarında istehlakçıların və investorların hüquqlarını müdafiə edir;

3.2.7. maliyyə bazarlarının inkişafı istiqamətləri üzrə təkliflər verir;

3.2.8. dövlət orqanlarının maliyyə bazarlarında fəaliyyətini əlaqələndirir;

3.2.9. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsində iştirak edir, beynəlxalq əlaqələr yaradır və əməkdaşlıq edir, Palatanın fəaliyyəti ilə bağlı beynəlxalq müqavilələrin layihələrinin hazırlanmasında iştirak edir, beynəlxalq konfransların, seminarların və digər beynəlxalq tədbirlərin keçirilməsini təşkil edir və onların işində iştirak edir;

3.2.10. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görür;

3.2.11. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet səhifəsinin yaradılmasını, malik olduğu və siyahısı qanunla müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin səhifədə yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin edir;

3.2.12. maliyyə bazarlarının və alətlərinin təbliği, maliyyə bazarları və investisiyalar sahəsində əhalinin maarifləndirilməsi məqsədi ilə tədbirlər görür;

3.2.13. strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görür;

3.2.14. fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə baxır;

3.2.15. qanunla və Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirir.

3.3. Palata bu Nizamnamənin 3.1-ci bəndində göstərilənlərlə yanaşı, aşağıdakı hüquqları həyata keçirir:

3.3.1. maliyyə bazarlarını tənzimləyən hüquqi aktların təkmilləşdirilməsi prosesində iştirak edir və təkliflər verir;

3.3.2. zəruri məlumatların (sənədlərin) alınması üçün dövlət və yerli özünüidarəetmə orqanlarına, Palatanın nəzarət etdiyi subyektlərə, fiziki və hüquqi şəxslərə sorğu göndərir;

3.3.3. beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) və mərkəzi bankları ilə əməkdaşlıq edir, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənir;

3.3.4. müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb edir;

3.3.5. xüsusi bülletenlər və digər nəşrlər buraxır;

3.3.6. maliyyə bazarlarında qabaqcıl təcrübəni öyrənir;

3.3.7. maliyyə bazarlarında tədqiqatlar aparır, analitik və metodik materiallar hazırlayır;

3.3.8. qanunla və Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirir.

4. Palatanın idarə olunması

4.1. Palatanın idarəetmə orqanları Direktorlar Şurası və İdarə Heyətidir.

4.2. Palata öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.

4.3. İqtisadiyyat və ya hüquq sahəsində ali təhsili, iqtisadiyyat, hüquq, maliyyə və ya bank sahəsi üzrə peşəkar təcrübəsi olan, mülkiyyət əleyhinə, iqtisadi fəaliyyət sahəsində, qulluq mənafeyi əleyhinə, habelə ağır və xüsusilə ağır cinayətlərə görə məhkum edilməmiş, xarici dövlətlərin qarşısında heç bir öhdəliyi olmayan Azərbaycan Respublikası vətəndaşları Direktorlar Şurasının və İdarə Heyətinin üzvü ola bilərlər.

4.4. Direktorlar Şurasının və İdarə Heyətinin üzvləri, habelə Palatanın bütün digər vəzifəli şəxsləri Palatada işlədikləri dövrdə elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, digər ödənişli fəaliyyətlə, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməzlər. Direktorlar Şurasının və İdarə Heyətinin üzvləri, habelə Palatanın bütün digər vəzifəli şəxsləri hüquqi şəxslərin idarəetmə orqanlarında vəzifə tuta bilməzlər.

4.5. Direktorlar Şurasının və İdarə Heyətinin üzvləri, onların yaxın qohumları, habelə Palatanın bütün digər vəzifəli şəxsləri Palatanın nəzarət etdiyi hüquqi şəxslərdə mühüm iştirak payına malik ola bilməzlər və onların fəaliyyətindən gəlir əldə etmək maraqları olmamalıdır.

4.6. Direktorlar Şurasının və İdarə Heyətinin üzvləri, habelə Palatanın bütün digər vəzifəli şəxsləri siyasi partiyalarda və ictimai birliklərdə üzv ola bilməz və vəzifə tuta bilməzlər.

4.7. Direktorlar Şurasına və ya İdarə Heyətinə üzvlük üçün tələblərə cavab verməyən üzv istefa verməlidir. Direktorlar Şurasının və İdarə Heyətinin üzvləri maraqların toqquşması və ya uyğunsuzluq yaradan bütün mövcud və ya potensial halları Palatanın daxili audit bölməsinə məlumat verilməsi üçün Direktorlar Şurasının katibinə bildirməlidirlər.

5. Direktorlar Şurası

5.1. Direktorlar Şurası Palatanın, o cümlədən İdarə Heyətinin fəaliyyətinə nəzarət edir və onu yoxlayır. Direktorlar Şurası, sədr və sədrin müavini daxil olmaqla, 5 nəfər üzvdən ibarətdir. Direktorlar Şurasının sədrini, onun müavinini və digər üzvlərini Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. Direktorlar Şurasının üzvlərinin səlahiyyət müddəti 5 ildir.

5.2. Direktorlar Şurası qərar qəbul etməkdə müstəqildir.

5.3. Direktorlar Şurası aşağıdakı funksiyaları həyata keçirir:

5.3.1. Palatanın strateji məqsəd və planlarını müəyyən edir və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verir;

5.3.2. normativ xarakterli aktları, o cümlədən iqtisadi tənzimləmə (prudensial) normativlərini təsdiq edir;

5.3.3. Palatanın Baş icraçı direktoru İdarə Heyətinə üzvlük tələblərinə cavab verməzsə, bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verir;

5.3.4. Palatanın Baş icraçı direktoru istisna olmaqla, onun müavinlərini və İdarə Heyətinin digər üzvlərini vəzifəyə təyin və vəzifədən azad edir;

5.3.5. Palataya işə qəbul, o cümlədən əməkdaşların qiymətləndirilməsi qaydalarını müəyyən edir;

5.3.6. Azərbaycan Respublikasının maliyyə və kapital bazarında uyğun əməkhaqqı səviyyəsini nəzərə almaqla, Palatada əməyin ödənilməsi formalarını və miqdarını bu Nizamnamənin 13-cü hissəsində göstərilən qaydada müəyyənləşdirir;

5.3.7. Direktorlar Şurasının və İdarə Heyətinin üzvləri tərəfindən təqdim edilən müraciətlərə baxır və qərar qəbul edir;

5.3.8. İdarə Heyətinin fəaliyyətinə nəzarət edir və onun fəaliyyətini yoxlayır;

5.3.9. Palatanın Direktorlar Şurasının, icra strukturlarının və əməkdaşlarının fəaliyyəti zamanı maraqlar münaqişəsinin istisna olunmasının qayda və şərtlərini müəyyənləşdirir və onların icrasına nəzarət edir;

5.3.10. Palatanın fəaliyyətinə dair daxili qaydaları, idarəetmə prosedurlarını, habelə struktur bölmələrinin, strukturuna daxil olan qurumların və tabeliyindəki digər qurumların (hüquqi şəxslərin, təşkilatların və s.) əsasnamələrinin və nizamnamələrinin (törəmə publik hüquqi şəxslər istisna olmaqla) təsdiqi barədə qərar qəbul edir;

5.3.11. Palatanın daxili audit bölməsinin fəaliyyətinə nəzarət edir və fəaliyyətinə dair hesabatlar alır, habelə onun üzvlərini vəzifəyə təyin və vəzifədən azad edir;

5.3.12. Palatanın kənar auditorunu təyin edir və audit hesabatını qəbul edir;

5.3.13. Palatanın maliyyə planlaşdırmasını və büdcəsini təsdiq edir;

5.3.14. Palatanın maliyyə hesabatını və fəaliyyətinə dair hesabatı hazırlayır və Azərbaycan Respublikasının Prezidentinə təqdim edir;

5.3.15. hər il martın 31-dək əvvəlki ildə ölkənin maliyyə bazarlarındakı vəziyyət və inkişaf perspektivləri barədə Azərbaycan Respublikasının Prezidentinə hesabat təqdim edir;

5.3.16. Palatanın fəaliyyətinə dair hesabatı ictimaiyyətə açıqlayır;

5.3.17. Palatanın kapital ehtiyatlarının formalaşdırılması və bu ehtiyatlardan istifadə qaydasını müəyyən edir;

5.3.18. bu Nizamnamənin 13-cü hissəsinə uyğun olaraq Palatanın ştat cədvəlini və təsdiq olunmuş büdcə daxilində xərclər smetasını təsdiq edir;

5.3.19. Palatanın nəzarət etdiyi subyektlər tərəfindən ödənilən haqların məbləğini və bu haqların ödənilmə qaydasını müəyyən edir;

5.3.20. qanunla müəyyən olunmuş hallarda maliyyə bazarlarında lisenziyalaşdırma və icazələr barədə müvafiq qərarlar qəbul edir;

5.3.21. Palatanın nəzarət etdiyi subyektlərdə müvəqqəti inzibatçını təyin edir və səlahiyyətinə xitam verilməsi barədə qərar qəbul edir;

5.3.22. Direktorlar Şurasının katibini vəzifəyə təyin və vəzifədən azad edir;

5.3.23. Palatanın fəaliyyətinə dair aşağıdakı məsələlər barədə qərar qəbul edir:

1. maliyyə bazarlarına mühüm təsir göstərən və ya Palatanın nəzarət etdiyi subyektlərdən birində və ya bir neçəsində müşahidə olunan sistematik məsələlər;

2. ictimaiyyət üçün xüsusi əhəmiyyət kəsb edən məsələlər;

3. Palata üçün yüksək öhdəlik riski daşıyan və ya Palatanın nüfuzuna təsir göstərən məsələlər;

4. Direktorlar Şurasının hər hansı bir üzvü tərəfindən qaldırılan məsələlər.

5.4. Direktorlar Şurasının hər bir üzvü bu Nizamnamənin 5.3.9-cu yarımbəndinin tələbləri gözlənilməklə, bütün məsələlərdə İdarə Heyətinə məlumat sorğusu göndərmək hüququna malikdir.

5.5. Direktorlar Şurası 6 aydan bir Azərbaycan Respublikasının Prezidentinə bu Nizamnamənin 5.3.14-cü yarımbəndində göstərilən hesabatları verir.

6. Direktorlar Şurasının iclaslarının keçirilmə qaydası

6.1. Direktorlar Şurasının iclaslarında Direktorlar Şurasının sədri, o olmadıqda sədrin müavini rəhbərlik edir.

6.2. Direktorlar Şurasının iclasları Direktorlar Şurasının hər hansı bir üzvünün və ya Baş icraçı direktorun tələbi ilə çağırıla bilər.

6.3. Direktorlar Şurasının sədri Baş icraçı direktor ilə məsləhətləşməklə, müzakirə olunacaq məsələləri müəyyən edir və iclasın gündəliyini hazırlayır. Hər bir iclasın reqlamentini, müzakirə ediləcək məsələlərdən asılı olaraq, Direktorlar Şurasının sədri müəyyənləşdirir.

6.4. Direktorlar Şurasının üzvlərinə iclasın keçirilməsinin yeri və vaxtı, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3 iş günü qalmış, zəruri sənədlər əlavə edilməklə, yazılı məlumat verilir.

6.5. Şuranın iclaslarında Baş icraçı direktor iştirak edir. İdarə Heyətinin üzvləri Şuranın iclaslarında Direktorlar Şurası sədrinin və ya sədrin müavininin təşəbbüsü ilə iştirak edə bilərlər.

6.6. Direktorlar Şurasının sədri öz təşəbbüsü əsasında və ya Şuranın hər hansı üzvünün və ya Baş icraçı direktorun xahişi əsasında digər şəxsləri Şuranın iclasında iştirak etməyə dəvət edə bilər.

6.7. Direktorlar Şurasının qərarları açıq səsvermə yolu ilə, iclasda iştirak edən üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səs hüququna malikdir. Səslər bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledicidir.

6.8. İclasın gündəliyinə Direktorlar Şurasının hər hansı üzvünün maraqlarına toxunan məsələ çıxarıldıqda, həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli və bu məsələnin müzakirəsində iştirak etməməlidir. Bu zaman həmin üzv məsələyə dair səsvermədə iştirak etmir və onun iştirakı yetərsay müəyyən edilərkən nəzərə alınmır.

6.9. Gündəliyə daxil edilməmiş və ya tələb olunan bütün aidiyyəti sənədləri iclasdan qabaq təqdim edilməmiş məsələlər barədə, bütün iştirakçı üzvlərin razılığı olduğu hallar istisna olmaqla, qərar qəbul edilə bilməz.

6.10. Şuranın iclaslarının nəticəsi Direktorlar Şurasının üzvləri və Direktorlar Şurasının katibi tərəfindən imzalanmış iclas protokolunda əks olunmaqla rəsmiləşdirilir. Direktorlar Şurasının katibi Şuranın iclasında iştirak edə bilmədikdə, Direktorlar Şurasının sədri onu əvəz edəcək şəxsi təyin edir. Protokol Direktorlar Şurası tərəfindən təsdiq edilərək İdarə Heyətinə göndərilir.

6.11. Direktorlar Şurasının katibi Direktorlar Şurasının sədri tərəfindən Direktorlar Şurasının üzvü olmayan əməkdaşlar sırasından təyin olunur və Direktorlar Şurasının sədrinə hesabat verir.

6.12. Direktorlar Şurasının katibi:

6.12.1. Şuranın iclaslarını təşkil edir;

6.12.2. Şuranın iclaslarının keçirilməsi vaxtı barədə Şuranın üzvlərinə, habelə bu Nizamnamənin 6.5-ci və 6.6-cı bəndlərində göstərilən şəxslərə iclasa azı 3 iş günü qalmış yazılı məlumat verir;

6.12.3. Şuranın iclaslarının protokolunu tərtib edir və imzalanması üçün Şuranın üzvlərinə təqdim edir;

6.12.4. Şuranın qərarlarının layihələrini hazırlayır, baxılması və imzalanması üçün Direktorlar Şurasının sədrinə təqdim edir;

6.12.5. Şuranın qəbul etdiyi qərarların aidiyyəti üzrə göndərilməsini təmin edir.

7. İdarə Heyəti

7.1. İdarə Heyəti Baş icraçı direktor, onun iki müavini və digər altı nəfər üzvdən ibarətdir. Baş icraçı direktoru 5 il müddətinə Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. Baş icraçı direktorun müavinlərini və İdarə Heyətinin digər üzvlərini Baş icraçı direktorun təqdimatı əsasında Direktorlar Şurası vəzifəyə təyin və vəzifədən azad edir. İdarə Heyətinin üzvləri vəzifəyə 5 il müddətinə təyin edilirlər.

7.2. Palatanın İdarə Heyəti aşağıdakı vəzifələri həyata keçirir:

7.2.1. Direktorlar Şurasının qərarlarını icra edir;

7.2.2. barəsində qərar verilməsi Direktorlar Şurasının səlahiyyətlərinə aid olan məsələlərə dair məlumat hazırlayaraq Direktorlar Şurasına təqdim edir və Direktorlar Şurasına hesabat verir;

7.2.3. müvafiq idarəetmə və nəzarət sistemlərini tətbiq edir və həmin sistemlərin səmərəliliyi barədə Direktorlar Şurasına hesabat verir;

7.2.4. bu Nizamnamənin 5.3.9-cu və 5.3.10-cu yarımbəndlərində göstərilən məsələlərlə əlaqədar təkliflər hazırlayır və təsdiq üçün Direktorlar Şurasına təqdim edir;

7.2.5. Direktorlar Şurasının və ya Palatanın daxili audit bölməsinin vəzifələrinə aid edilməyən bütün digər məsələlər barədə qərar verir;

7.2.6. cari və operativ məsələlər barədə Direktorlar Şurasını məlumatlandırır.

7.3. Baş icraçı direktor aşağıdakı vəzifələri həyata keçirir:

7.3.1. Palatanın cari fəaliyyətinə rəhbərlik edir;

7.3.2. öz səlahiyyətləri çərçivəsində Palatanın fəaliyyəti ilə bağlı əmrlər verir və qərarların qəbul olunmasında iştirak edir;

7.3.3. Baş icraçı direktorun müavinlərinin və İdarə Heyətinin digər üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi barədə Direktorlar Şurasına təqdimat verir;

7.3.4. Palatanın fəaliyyət istiqamətləri üzrə məşvərətçi komitələr və işçi qruplar yaradır;

7.3.5. Direktorlar Şurasına Palatanın fəaliyyətinə dair hesabatlar təqdim edir;

7.3.6. bu Nizamnamənin 5.3.5-ci yarımbəndində göstərilən qaydalara uyğun olaraq, işçilərin (daxili audit bölməsinin üzvləri istisna olmaqla) işə qəbul edilməsi, onların digər vəzifələrə təyin və işdən azad edilməsi, habelə onlara qarşı həvəsləndirmə və tənbeh tədbirlərinin görülməsi barədə qərarlar qəbul edir.

8. Palatanın daxili audit bölməsi

8.1. Palatanın daxili audit bölməsi birbaşa Direktorlar Şurasına tabedir və ona hesabat verir. Palatanın daxili audit bölməsinin üzvləri Direktorlar Şurası tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər. Daxili audit bölməsi məlumat almaq, sənədlərə və məlumat bazasına çıxış əldə etmək səlahiyyətinə malikdir. Daxili audit bölməsinin əməkdaşları Palatanın işçi heyətini təşkil edirlər və Palatanın bütün işçilərinə aid olan qaydalara əməl etməlidirlər.

8.2. Daxili audit bölməsi aşağıdakı vəzifələri həyata keçirir:

8.2.1. audit fəaliyyətinin risk əsaslı illik planını hazırlayır və təsdiq üçün Direktorlar Şurasına təqdim edir;

8.2.2. davamlı peşəkar inkişafın milli və beynəlxalq standartlarına uyğunluğunu təmin etməklə, öz audit fəaliyyətində yüksək keyfiyyətin təmin edilməsinə nail olur;

8.2.3. risklərin idarə olunması, daxili idarəetmə və nəzarət sistemləri və idarəetmə prosesini qiymətləndirmək üçün sistemli və məqsədyönlü yanaşma tətbiq etməklə, öz məqsədlərinə nail olmaqda Palatanı dəstəkləyir və risklərin idarə olunması, daxili idarəetmə və nəzarət sistemlərinin və idarəetmə prosesinin təkmilləşdirilməsinə kömək edir;

8.2.4. Palatanın struktur bölmələrinin auditini həyata keçirir və hüquqi, tənzimləyici və digər qaydalara əməl edilməsi vəziyyətini yoxlayır;

8.2.5. sənədlərin, hesabatların və Palatada toplanan digər məlumatların düzgünlüyünü yoxlayır;

8.2.6. müntəzəm olaraq həyata keçirdiyi auditin nəticələri barədə Direktorlar Şurasına hesabat təqdim edir;

8.2.7. xüsusi əhəmiyyətli hər hansı bir hal müşahidə etdikdə, Direktorlar Şurasını bu barədə dərhal məlumatlandırır;

8.2.8. hesabat Direktorlar Şurasına təqdim olunmazdan əvvəl hesabatda adları çəkilən strukturlara və şəxslərə fikir bildirmək imkanı yaradır;

8.2.9. audit zamanı aşkar etdiyi nöqsanların aradan qaldırılması barədə Direktorlar Şurasına və Palatanın struktur bölmələrinə tövsiyələr verir;

8.2.10. Direktorlar Şurasının müəyyən etdiyi digər səlahiyyətləri həyata keçirir.

9. İmza səlahiyyəti

9.1. Palata fəaliyyətini həyata keçirərkən imza səlahiyyətli iki şəxs vasitəsilə ortaq imza səlahiyyəti prinsipini tətbiq edir.

9.2. Direktorlar Şurasının qərarlarını (normativ xarakterli aktlar istisna olmaqla), Azərbaycan Respublikasının Prezidentinə, dövlət orqanlarına və digər dövlət qurumlarına ünvanlanan məktubları Direktorlar Şurasının sədri, sədr olmadıqda sədrin müavini və Baş icraçı direktor və ya İdarə Heyətinin müvafiq üzvü imzalayır.

9.3. Palatanın normativ xarakterli aktlarını Direktorlar Şurasının sədri imzalayır.

9.4. Palatanın cari fəaliyyəti ilə bağlı bütün sənədləri Baş icraçı direktor, o olmadıqda müavinlərindən biri və İdarə Heyətinin müvafiq üzvü imzalayır.

10. Palatanın nizamnamə fondu

Palatanın nizamnamə fondu 5.000.000 (beş milyon) manatdır.

11. Palatanın əmlakının formalaşma mənbələri, maliyyə fəaliyyətinin əsasları

11.1. Palatanın əmlakı təsisçi tərəfindən ödənilən nizamnamə fondundan, ona təsisçi tərəfindən verilmiş digər əmlakdan, qanunla müəyyən olunmuş hallarda Palatanın nəzarət etdiyi subyektlər tərəfindən ödənilən haqlardan və qanunla qadağan edilməyən digər vəsaitlərdən formalaşır.

11.2. Palatanın əmlakı üzərində sahiblik, istifadə və sərəncam vermək hüquqları Palataya məxsusdur. Palatanın sərbəst maliyyə aktivləri Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyində saxlanılır.

11.3. Palata ona verilmiş əmlakdan yalnız bu Nizamnamədə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir.

11.4. Dövlət Palatanın öhdəlikləri üçün cavabdeh deyildir və onun fəaliyyəti ilə bağlı zərər üçün Palataya verdiyi əmlakın dəyəri həddində risk daşıyır.

12. Palatanın fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi

12.1. Palatanın fəaliyyətinə nəzarət Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.

12.2. Palatanın fəaliyyətinə dair hesabat, habelə maliyyə hesabatı Direktorlar Şurası tərəfindən Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir.

12.3. Palata hər il mart ayının 31-dək əvvəlki ildə ölkənin maliyyə bazarlarındakı vəziyyət və inkişaf perspektivləri barədə Azərbaycan Respublikasının Prezidentinə hesabat təqdim edir.

13. Palatanın strukturu, ştat vahidləri və işçilərin əmək haqları

Palata strukturunu, ştat vahidlərinin ümumi sayını və işçilərin əmək haqlarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən edir.

11 Mart 2016, 09:03

http://www.azertag.net

8241—8250 / 10511

31 Avqust 2015, 09:08

Beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hazırlanıb keçirilməsi üzrəəsas hərəkət və tədbirlərin TƏQVİM PLANI   ətraflı...

31 Avqust 2015, 09:08

“Beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hazırlanıb keçirilməsi üzrəəsas hərəkət və tədbirlərin Təqvim Planı”nın təsdiq edilməsi barədə   ətraflı...

31 Avqust 2015, 09:08

Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin təyin edilməsi haqqında   ətraflı...

28 Avqust 2015, 09:08

Biləsuvar rayonunun Əsgərabad-Muğan avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

26 Avqust 2015, 09:08

Ağcabədi rayonunun Hüsülü-Kürdlər-Şərəfxanlı-Mirzəhaqverdili avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

25 Avqust 2015, 09:08

Sabirabad rayonunun Nizami-Əliləmbəyli-Azadkənd-Sarxanbəyli avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

25 Avqust 2015, 09:08

Heyvandarlığın maddi-texniki təchizatının yaxşılaşdırılması ilə bağlı tədbirlər haqqında   ətraflı...

25 Avqust 2015, 09:08

Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında   ətraflı...

25 Avqust 2015, 09:08

E.B.Həmidova tibb xidməti general-mayoru ali hərbi rütbəsinin verilməsi haqqında   ətraflı...

18 Avqust 2015, 10:08

Cəlilabad rayonunun Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...