8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik
Hörmətli xanımlar!
Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, hamınıza cansağlığı, səadət və uğurlar arzulayıram.
Azərbaycan qadınının cəmiyyətimizdə qazandığı yüksək mövqe və elmdə, təhsildə, mədəniyyətdə fəth etdiyi zirvələr bizim tarixi nailiyyətimiz, əbədi qürur mənbəyimizdir. Onun ictimai nüfuzu dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünü vahid məfkurə ətrafında birləşmiş şəkildə qarşılamağa hazırlaşan Azərbaycanın müasir həyatının diqqətəlayiq gerçəkliyidir. Azərbaycan xanımları ülvi amallar naminə zəngin ictimai fəaliyyətləri boyunca özlərinin daxili aləmlərinin ahəngdarlığını həmişə layiqincə qoruyub saxlamış, mürəkkəb sosial-siyasi dəyişikliklərin baş verdiyi ən müxtəlif dövrlərdə cəmiyyətimizin əsl mənəvi dayağı olmuşlar.
İnsan qəlbinin gözəlliklərinin tərənnümçüsü kövrək təbiətli qadın şair və musiqiçilərimizin, xeyirxahlıq, insanpərvərlik rəmzi qadın həkim və müəllimlərimizin adları yaxın keçmişimizin hər bir səhifəsini bəzəyir. Milliliklə müasirliyin vəhdətini mənəviyyatının ayrılmaz tərkib hissəsinə çevirən Azərbaycan qadınının zərifliyi, saflığı və sədaqəti söz, sənət abidələrimizdə əhatəli bədii təcəssümünü tapmışdır. Xalqımızın onun cəmiyyət həyatında yaxından iştirakına münasibətinin nəticəsidir ki, Azərbaycanda qadın hərəkatının görkəmli xadimləri öz dərin zəkalarına, tükənməz potensiallarına güvənərək yeni tarixi şəraitdə böyük müvəffəqiyyətlər qazanmışlar.
İnanıram ki, sürətlə qloballaşan dünyada gənc nəslin çoxəsrlik tarixi-mədəni irsimizə ehtiram, vətənpərvərlik və azərbaycançılıq məfkurəsinə sədaqət ruhunda yetişdirilməsi üçün siz bundan sonra da əlinizdən gələni əsirgəməyəcək, bütün gücünüzü, istedad və bacarığınızı ölkənin intellektual-mənəvi sərvətlərinin zənginləşdirilməsi yolunda səfərbər edəcəksiniz.
Bayramınız mübarək olsun!
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 mart 2016-cı il.
7 Mart 2016, 09:0324 Dekabr 2012, 21:12
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası ətraflı...