Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Gömrük sistemində həyata keçirilən son islahatlar nəticəsində dövlət sərhədinin buraxılış məntəqələrinin buraxılış qabiliyyətini artırmaq və vətəndaşların rahatlığını təmin etmək üçün malların və nəqliyyat vasitələrinin yoxlanılmasında “bir pəncərə” prinsipinin daha da təkmilləşdirilməsi, ticarət-iqtisadi münasibətlərdə idxal-ixrac əməliyyatlarının rəsmiləşdirilməsinin sadələşdirilməsi, bütün istiqamətlərdə gömrük işinin beynəlxalq standartlara uyğun aparılması, normativ hüquqi bazanın yaradılması, ticarətin asanlaşdırılması, gömrük sərhədindən mal dövriyyəsinin sürətləndirilməsi, ölkədə sahibkarlığın inkişafında və biznes mühitinin formalaşmasında, iqtisadi təhlükəsizliyin möhkəmləndirilməsində gömrük sisteminin rolunun daha da artırılması üçün bir sıra məqsədyönlü işlər görülmüşdür.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, bu islahatların davam etdirilməsi məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. məcburi sertifikatlaşdırılmalı olan malların siyahısının azaldılması məqsədi ilə “Məhsulların (işlərin, xidmətlərin) sertifikatlaşdırılmasının mərhələlər üzrə tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 1 iyul tarixli 343 nömrəli qərarının yeni redaksiyasını iki ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
1.2. baytarlıq, fitosanitar və sanitariya nəzarətinə aid malların, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodları göstərilməklə, vahid siyahısını iki ay müddətində müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. bu Sərəncamın 2.1, 2.3, 2.6-cı bəndlərində və 5-ci hissəsində nəzərdə tutulmuş tədbirlərin maliyyələşməsini müəyyən olunmuş qaydada təmin etsin;
1.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi:
2.1. məmur-vətəndaş təmasının minimuma endirilməsi və elektron gömrük xidmətlərinin daha da genişləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Gömrük Məcəlləsində nəzərdə tutulmuş bütün bəyannamələrin gömrük orqanlarında elektron formada qəbulunu iki ay müddətində təmin etsin;
2.2. elektron xidmətlər göstərilməsi ilə əlaqədar olaraq, müvafiq sahələrdə ayrı-ayrı dövlət orqanları ilə qarşılıqlı elektron informasiya mübadiləsinin həyata keçirilməsini təmin etsin;
2.3. gömrük nəzarətinin səmərəliliyini artırmaq məqsədi ilə gömrük sistemində mövcud olan müasir texnologiya və avadanlıqdan istifadə etməklə, gömrük işi sahəsində risklərin avtomatlaşdırılmış idarəetmə sistemini təkmilləşdirsin;
2.4. gömrük sərhədindən mal dövriyyəsini sürətləndirmək məqsədi ilə beynəlxalq təcrübədə qəbul olunmuş və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmiş ekvivalentlik prinsipinə uyğun olaraq ixracatçı ölkə tərəfindən əvvəlcədən verilən baytarlıq, fitosanitar, gigiyenik və digər sertifikatlar (şəhadətnamələr), sənədlər əsasında malların gömrük sərhədindən keçirilməsinə şərait yaradılmasını və aidiyyəti dövlət orqanlarının bu barədə elektron formada məlumatdırılmasını təmin etsin;
2.5. vaxt itkisinin aradan qaldırılması məqsədi ilə qısa idxal bəyannaməsinin və ona əlavə olunmuş baytarlıq, fitosanitar, gigiyenik və ya digər sertifikatın (şəhadətnamənin) və mülki dövriyyəsi məhdudlaşdırılmış malların dövriyyəsinə verilən xüsusi icazənin əvvəlcədən yoxlanılmasını və gömrük nəzarətinin həyata keçirilməsinin nəticəsi əsasında malların gömrük ərazisinə buraxılışını həyata keçirsin;
2.6. Azərbaycan Respublikasının ərazisindən keçən tranzit dəhlizlərinin rəqabət qabiliyyətinin və səmərəliliyinin artırılması, həmin dəhlizlərə əlavə tranzit yük axınlarının cəlb edilməsi, o cümlədən yükdaşımaların keyfiyyətinin yüksəldilməsi, yüklərin çatdırılma müddətinin azaldılması üçün müvafiq tədbirlər görsün;
2.7. risklərin azaldılması, beynəlxalq ticarət-təchizat zəncirinin fəaliyyətində təhlükəsizliyin təmin edilməsi, xarici ticarətin asanlaşdırılmasına şərait yaradılması məqsədi ilə gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə daxil olması, oradan çıxması və tranziti ilə bağlı əldə edilən məlumatların başqa ölkələrin gömrük və digər səlahiyyətli dövlət orqanları ilə elektron informasiya mübadiləsinin həyata keçirilməsi üçün əlavə tədbirlər görsün;
2.8. xarici ticarətin gömrük statistikasını beynəlxalq təcrübəyə və standartlara uyğun inkişaf etdirmək, onun düzgünlüyünü və operativliyini təmin etmək məqsədi ilə xarici iqtisadi fəaliyyətin mal nomenklaturasında malların növlərə görə ətraflı təsvir edilməsini və xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının beynəlxalq əsaslarına edilən dəyişiklik və əlavələrin, bu əsasların təfsiri üzrə beynəlxalq şərhlərin (qeydlərin), qərarların gömrük işində operativ tətbiqini təmin edən mexanizmlər hazırlasın.
3. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə razılaşdırmaqla, iki ay müddətində:
3.1. gömrük rəsmiləşdirilməsi zamanı tələb olunan sənədlərin və prosedurların sayının minimuma endirilməsi ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.2. malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin daha çevik və şəffaf həyata keçirilməsi və məmur-vətəndaş münasibətlərinin müasir idarəçilik prinsipləri əsasında inkişaf etdirilməsi məqsədi ilə gömrük orqanlarına əvvəlcədən elektron formada qısa idxal bəyannaməsini təqdim etmək yolu ilə malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və beynəlxalq təcrübədə mövcud olan digər buraxılış sisteminin yaradılmasını təmin edəcək Qaydaların layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.3. şəffaflığın artırılması məqsədi ilə gömrük qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
4. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti ilə razılaşdırmaqla, iki ay müddətində:
4.1. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin məlumat bazasının “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə inteqrasiya edilməsi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin qeyd olunan sistemin “Sərhədkeçmə” informasiya resursundan istifadəyə buraxılışının təmin olunması və sistem daxilində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti arasında məlumat mübadiləsinin aparılması məqsədi ilə müvafiq normativ hüquqi aktların layihələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.2. Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən şəxslərin, nəqliyyat vasitələrinin, yüklərin və digər əmlakın buraxılışı həyata keçirilərkən sərhəd və gömrük orqanlarının səlahiyyət bölgüsü barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
5. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 244.2-ci maddəsinə uyğun olaraq gömrük borcu üzrə ödənişlərin həyata keçirilməsi məqsədi ilə gömrük sərhəd buraxılış məntəqələrində poçt şöbələrinin yaradılmasını altı ay müddətində təmin etsinlər.
6. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi:
6.1. ziyanverici orqanizmlərin və xəstəliklərin ölkə ərazisinə yayılmasına yol verməmək məqsədi ilə beynəlxalq təcrübədə qəbul edilmiş risklər əsasında müvafiq qoruyucu tədbirlər müəyyən etsinlər;
6.2. ərazisində xüsusi təhlükəli xəstəliklərin baş verməsi qeydə alınan xarici ölkələr və eləcə də karantin nəticəsində idxalı qadağan olunmuş mallar barədə məlumatların qabaqcadan operativ surətdə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə ötürülməsini təmin etsinlər.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 mart 2016-cı il.
7 Mart 2016, 09:0328 Dekabr 2022, 15:12
“Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında”, “Maliyyə-sənaye qrupları haqqında” və “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
28 Dekabr 2022, 15:12
Apellyasiya məhkəmələri sədrlərinin müavinlərinin, məhkəmə kollegiyaları sədrlərinin və birinci instansiya məhkəmələri sədrlərinin, sədrləri müavinlərinin və hakimlərinin təyin edilməsi ilə bağlı bəzi məsələlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
28 Dekabr 2022, 15:12
Məhkəmə orqanlarında uzunmüddətli səmərəli fəaliyyət göstərmiş şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
28 Dekabr 2022, 15:12
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin təyin edilməsi və onların fəaliyyətinin təmin olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
28 Dekabr 2022, 11:12
Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri R.S.Mustafayevin iqamətgahı Haaqa şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
28 Dekabr 2022, 11:12
M.M.Əliyevin Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
28 Dekabr 2022, 11:12
R.F.İsmayılovun Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
28 Dekabr 2022, 08:12
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
28 Dekabr 2022, 08:12
“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 10 illiyi (2012-2022)” Azərbaycan Respublikasının yubiley medalının və “ASAN xidmət” ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 20 dekabr tarixli 697-VIQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
28 Dekabr 2022, 08:12
“ASAN xidmət” ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalının təsviri ətraflı...