İctimai asayişin qorunmasında vətəndaşların iştirakı Qaydası
Azərbaycan Respublikası Prezidentinin
2016-cı il 2 mart tarixli Fərmanı ilə təsdiq
edilmişdir
İctimai asayişin qorunmasında vətəndaşların iştirakı Qaydası
1. Ümumi müddəalar
1.1. Bu Qayda cəmiyyətdə polis-vətəndaş münasibətlərinin daha da möhkəmləndirilməsi məqsədi ilə beynəlxalq təşkilatlarla birgə həyata keçirilmiş “Cəmiyyət dəstəkli polis” layihəsinin davamı olaraq hazırlanmışdır və vətəndaşların ictimai asayişin qorunmasında iştirakı, habelə polis orqanları tərəfindən vətəndaşların könüllülük əsasında ictimai asayişin təmin olunması işinə cəlb edilməsi qaydalarını müəyyən edir.
1.2. “Polis haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq vətəndaşların ictimai asayişin qorunması ilə bağlı fəaliyyəti hüquqazidd və cəmiyyətə qarşı hörmətsiz davranışın qarşısını almaq məqsədi ilə maarifləndirmə və təbliğat işinin aparılması, narkomaniyanın, alkoqolizmin, yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası, habelə cinayətlərin və digər hüquqpozmaların qarşısının alınmasını və araşdırılmasını təmin etmək üçün zəruri məlumatların polis orqanlarına verilməsi istiqamətləri üzrə həyata keçirilir.
1.3. İctimai asayişin qorunmasında vətəndaşların iştirakı könüllülük, qanunçuluq, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinin üstünlüyü, insanların şərəf və ləyaqətinə hörmət, müvafiq dövlət orqanları ilə qarşılıqlı əməkdaşlıq və polis orqanlarının səlahiyyətlərinin əvəzlənməsinin yolverilməzliyi prinsiplərinə əsaslanır.
1.4. Vətəndaşların ictimai asayişin qorunmasında iştirakı digər şəxslərin hüquq və azadlıqlarını pozmamalıdır.
1.5. Vətəndaşları ictimai asayişin qorunması ilə bağlı onların həyat və sağlamlığına təhlükə yaradan fəaliyyətə cəlb etmək qadağandır.
1.6. İctimai asayişin qorunmasında iştirak edən vətəndaşlar özlərini polis orqanlarının vəzifəli şəxsi kimi təqdim edə, habelə bu Qaydada nəzərdə tutulmuş fəaliyyəti ictimai asayişin təmini ilə bağlı olmayan məqsədlərlə həyata keçirə bilməzlər.
2. Vətəndaşların ictimai asayişin qorunmasında polis orqanları ilə əməkdaşlığı
2.1. Vətəndaşların polis orqanları ilə əməkdaşlığı (polisə ictimai dəstək) onların həmin orqanların vəzifəli şəxslərinin rəhbərliyi altında ictimai asayişin qorunması üzrə vəzifələrin yerinə yetirilməsində iştirakını nəzərdə tutur.
2.2. Polis orqanları ilə əməkdaşlıq edən vətəndaşlar ictimai asayişin qorunması ilə bağlı aşağıdakı tədbirləri həyata keçirə bilərlər:
2.2.1. hüquqazidd əməllərə son qoyulması ilə bağlı vətəndaşlara və vəzifəli şəxslərə qarşı qanuni tələb irəli sürmək;
2.2.2. insanların həyat və sağlamlığına, ətraf mühitə zərər verə bilən təhlükəni aradan qaldırmaq, habelə əmlakın talanmasının və məhv edilməsinin qarşısını almaq;
2.2.3. ictimai asayişin pozulması, normal həyat fəaliyyətinə təhlükə yaradan hərəkətlər, onların başvermə səbəbləri və şəraiti barədə dəqiq məlumatı toplayıb polis orqanlarına təqdim etmək;
2.2.4. ictimai asayişin qorunması sahəsində polis orqanları tərəfindən həyata keçirilən tədbirlərdə iştirak etmək;
2.2.5. əhalinin hüquqi maarifləndirilməsində iştirak etmək;
2.2.6. qanunvericiliyə zidd olmayan digər tədbirlər həyata keçirmək.
3. İctimai asayişin qorunmasında polis orqanları ilə əməkdaşlığın xüsusiyyətləri
3.1. Polis orqanları ilə əməkdaşlığa şəxsi və işgüzar keyfiyyətlərinə görə fərqlənən, müddətli həqiqi hərbi xidmət keçmiş (qadınlar istisna olmaqla), yaşı 20-dən az və 24-dən çox olmayan Azərbaycan Respublikası vətəndaşları könüllülük əsasında cəlb edilə bilərlər.
3.2. Polis orqanları ilə əməkdaşlığın təşkili qaydası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilir.
3.3. Aşağıdakı şəxslər polis orqanları ilə əməkdaşlığa cəlb edilə bilməzlər:
3.3.1. cinayət törətdiyinə görə əvvəllər məhkum olunmuş şəxslər;
3.3.2. psixi xəstəliklə, narkomanlıqla, alkoqolizmlə bağlı müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan şəxslər;
3.3.3. fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyətliliyi məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq edilmiş şəxslər;
3.3.4. inzibati xəta törətdiyinə görə barəsində son bir il ərzində inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxslər.
3.4. Polis orqanları ilə əməkdaşlıq edən şəxslər fəaliyyətə başlamazdan əvvəl Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada müvafiq hazırlıq keçirlər.
3.5. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi polis orqanları ilə əməkdaşlıq edən şəxsləri xüsusi geyim forması, döş nişanı və vahid nümunəli vəsiqə ilə təmin edir. Geyim formasının, döş nişanının və vəsiqənin təsviri və nümunələri Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təsdiq edilir.
3.6. Polis orqanları ilə əməkdaşlıq edən şəxslərin fəaliyyəti bu məqsədlər üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə ayrılan dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilir.
3.7. Polis orqanları ilə əməkdaşlıq edən şəxslərlə onların hüquq və vəzifələrini, sosial və digər təminatlarını müəyyən edən müqavilə bağlanır. Müqavilənin forması Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təsdiq edilir.
3.8. Polis orqanları ilə əməkdaşlıq edən şəxslər ictimai vəzifələrini yerinə yetirərkən dövlət tərəfindən müdafiə olunurlar.
3.9. Polis orqanları ilə əməkdaşlıq edən şəxslərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mülki işçiləri üçün müəyyən olunmuş təminatlar şamil edilir.
3.10. Daxili işlər orqanlarında xidmətə qəbul zamanı ictimai asayişin qorunmasında 2 il ərzində polis orqanları ilə əməkdaşlıq etmiş şəxslərə üstünlük verilir.
3.11. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi polis orqanları ilə əməkdaşlıq edən şəxsləri həvəsləndirmə qaydasında mükafatlandıra bilər.
3.12. Polis orqanları ilə əməkdaşlıq edən şəxslər xüsusi xidmətlərinə, göstərdikləri fədakarlıq və cəsarətə görə dövlət təltiflərinə təqdim edilə bilərlər.
3 Mart 2016, 09:03
30 Sentyabr 2015, 09:09
Mərkəzi Seçki Komissiyasının 26 sentyabr 2015-ci il tarixli iclas protokolunun təsdiq edilməsi barədə ətraflı...
30 Sentyabr 2015, 09:09
“Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamənin təsdiq edilməsi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın tərkibi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 9 dekabr tarixli 224 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında ətraflı...
30 Sentyabr 2015, 09:09
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli 113 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə ətraflı...
30 Sentyabr 2015, 09:09
“Torpaq sahəsinin planı və ölçüsü nümunələrinin və təsvirlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 fevral tarixli 536 nömrəli Fərmanının ləğv edilməsi barədə ətraflı...
30 Sentyabr 2015, 09:09
“Azərbaycan Respublikasının dövlət təbiət və biosfer qoruqlarının ümumi Əsasnaməsi”nin və “Azərbaycan Respublikasının milli parklarının ümumi Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 4 iyul tarixli 531 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə ətraflı...
30 Sentyabr 2015, 09:09
“Azərbaycan Respublikasında yaradılmış milli parkların əsasnamələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 3 avqust tarixli 106 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə ətraflı...
30 Sentyabr 2015, 09:09
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 23 noyabr tarixli 147 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Altıağac Milli Parkı haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə ətraflı...
30 Sentyabr 2015, 09:09
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 27 aprel tarixli 227 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Abşeron Milli Parkı haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə ətraflı...
30 Sentyabr 2015, 09:09
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 19 noyabr tarixli 18 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Göygöl Milli Parkı haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə ətraflı...
30 Sentyabr 2015, 09:09
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 25 iyun tarixli 929 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Samur-Yalama Milli Parkı haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə ətraflı...