Gəncə şəhərinin “2016-cı il Avropa gənclər paytaxtı” seçilməsi ilə əlaqədar tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikasında gənc nəslin hərtərəfli inkişafının təmin edilməsi dövlət siyasətinin mühüm tərkib hissəsidir. Müstəqillik dövründə cəmiyyət həyatının bütün sahələrində qazanılmış uğurlar gənclər qarşısında yeni imkanlar açmış, onların fiziki, intellektual və mənəvi potensialının gücləndirilməsi, innovativ ideya və təşəbbüslərinin reallaşdırılması, sosial problemlərinin həlli və ictimai fəallığının artırılması yönündə ardıcıl tədbirlərin həyata keçirilməsini mümkün etmişdir. Təqdirəlayiq haldır ki, gənclərimiz xaricdəki həmyaşıdları ilə geniş əlaqələr quraraq beynəlxalq platformalarda da geniş təmsil olunur, ölkəmizin tanıdılması və milli maraqlarımızın qorunması işinə dəyərli töhfə verirlər.
Son dövrlər Azərbaycan region, qitə və dünya miqyaslı forumlara, konfranslara, zirvə toplantılarına, idman yarışlarına və gənclərlə bağlı müxtəlif tədbirlərə ev sahibliyi etmişdir. Ötən illərdə Bakı şəhərində Gənc alimlərin beynəlxalq forumu, Gənclər siyasəti üzrə birinci qlobal forum və Kompyuter oyunları üzrə VI dünya çempionatı keçirilmişdir. 2013-cü il noyabrın 21-də qitədəki gənclər təşkilatlarının ən böyük platforması olan Avropa Gənclər Forumunun Baş Assambleyasında nüfuzlu beynəlxalq münsiflər heyətinin qərarı ilə Gəncə şəhəri “2016-cı il Avropa gənclər paytaxtı” elan edilmişdir. Beləliklə, Gəncə 2016-cı il ərzində Avropa gənclərinin diqqət mərkəzində olacaqdır. Bu isə bir şəhərin simasında Azərbaycanın tarix və mədəniyyətinin, cəmiyyətimizə xas olan multikulturalizm ənənələrinin və tolerantlıq mühitinin təbliğ edilməsinə, ölkəmizlə bağlı həqiqətlərin qitə və dünya ictimaiyyətinə çatdırılmasına əlverişli imkan yaradacaqdır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, Gəncə şəhərinin “2016-cı il Avropa gənclər paytaxtı” seçilməsi ilə əlaqədar tədbirlərin keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində beynəlxalq, ölkə səviyyəli və bu qəbildən olan digər tədbirlər üzrə nəzərdə tutulmuş vəsait hesabına Gəncə Şəhər İcra Hakimiyyətinə 1,0 (bir) milyon manat ayırsın.
2. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Xarici İşlər Nazirliyi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, fəaliyyət istiqamətlərinə uyğun olaraq, Gəncə şəhərinin “2016-cı il Avropa gənclər paytaxtı” seçilməsi ilə əlaqədar tədbirlər hazırlayıb həyata keçirsinlər, habelə Gəncə şəhərində keçirilməsi nəzərdə tutulan tədbirlərin təşkilinə kömək göstərsinlər.
3. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna tövsiyə edilsin ki, 2016-cı ildə keçirəcəyi maliyyə yardımı müsabiqələrində Gəncə şəhərinin “2016-cı il Avropa gənclər paytaxtı” seçilməsi ilə bağlı layihələri prioritet istiqamətlərdən biri kimi nəzərdə tutsun.
4. “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AzərTAc) Gəncə şəhərinin “2016-cı il Avropa gənclər paytaxtı” seçilməsi ilə bağlı keçiriləcək tədbirlərin işıqlandırılmasını təmin etsinlər.
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 fevral 2016-cı il.
25 Fevral 2016, 09:028 Oktyabr 2021, 09:10
Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
8 Oktyabr 2021, 09:10
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
8 Oktyabr 2021, 09:10
“Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 yanvar tarixli 500 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
8 Oktyabr 2021, 09:10
“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 may tarixli 701 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
8 Oktyabr 2021, 09:10
“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
8 Oktyabr 2021, 09:10
“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
7 Oktyabr 2021, 09:10
H.X.Orucovun Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
7 Oktyabr 2021, 09:10
L.S.Qəndilovun Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
7 Oktyabr 2021, 09:10
“Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının strukturlarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 1015 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 oktyabr tarixli 761 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
7 Oktyabr 2021, 09:10
M.İ.Adnayevanın Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...