Publik hüquqi şəxslər haqqında

Azərbaycan Respublikasının Qanunu

Maddə 1. Bu Qanunun tətbiq dairəsi

1.1. Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndinə uyğun olaraq, publik hüquqi şəxslərin yaradılması, fəaliyyət göstərməsi və təşkili qaydalarını müəyyən edir.

1.2. Bu Qanun dövlətə məxsus müəssisələrə şamil edilmir.

Maddə 2. Bu Qanunda istifadə edilən anlayışlar

2.1. Publik hüquq – ümumdövlət və ya ictimai maraqların təmin edilməsi ilə bağlı olan münasibətləri tənzimləyən hüquq normalarının məcmusudur.

2.2. Publik hüquqi şəxs – dövlət və bələdiyyə adından və ya publik hüquqi şəxs tərəfindən yaradılan, ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır.

Maddə 3. Publik hüquqi şəxsin fəaliyyəti

3.1. Publik hüquqi şəxslər sahibkarlıq fəaliyyəti ilə yalnız o hallarda məşğul ola bilərlər ki, bu fəaliyyət onların yaradılması zamanı və nizamnaməsində qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin.

3.2. Publik hüquqi şəxs nizamnaməsində nəzərdə tutulmuş halda təsərrüfat cəmiyyətləri yarada və ya onlarda iştirak edə bilər.

3.3. Publik hüquqi şəxsin mənfəəti onun nizamnaməsində nəzərdə tutulmayan məqsədlər üçün yalnız təsisçinin qərarı ilə müvafiq olaraq dövlət büdcəsinə və yerli büdcəyə köçürülə bilər.

Maddə 4. Publik hüquqi şəxsin yaradılması

4.1. Publik hüquqi şəxs dövlət adından müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə adından isə müvafiq bələdiyyə orqanları tərəfindən yaradılır.

4.2. Bu Qanunun 4.1-ci maddəsinə uyğun olaraq yaradılan publik hüquqi şəxslər tərəfindən də nizamnaməsində nəzərdə tutulmuş halda publik hüquqi şəxslər yaradıla bilər.

4.3. Bu Qanunla müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, publik hüquqi şəxsin yaradılması ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir.

4.4. Publik hüquqi şəxs “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra hüquqi şəxs statusunu əldə edir.

Maddə 5. Publik hüquqi şəxsin hüquq qabiliyyəti

5.1. Publik hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malik olmaqla mülki vəzifələr daşıyır və publik hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir.

5.2. Publik hüquqi şəxs yalnız nizamnaməsində nəzərdə tutulmuş fəaliyyət ilə məşğul ola bilər.

5.3. Dövlət orqanları və bələdiyyə orqanları qanunvericiliklə onlara həvalə edilmiş hüquq və vəzifələri yaratdıqları publik hüquqi şəxslərə ötürə bilməzlər.

Maddə 6. Publik hüquqi şəxsin nizamnaməsi

6.1. Muxtəlif sahələr üzrə publik hüquqi şəxsin nümunəvi nizamnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən oluna bilər.

6.2. Publik hüquqi şəxsin nizamnaməsində aşağıdakılar göstərilir:

6.2.1. adı, olduğu yer və publik hüquqi şəxs olduğu;

6.2.2. nizamnamənin qəbulu və ona dəyişikliklərin edilməsi qaydası;

6.2.3. fəaliyyətin məqsədi və istiqamətləri;

6.2.4. idarə olunma qaydası;

6.2.5. publik hüquqi şəxsin üzərində nəzarətin forması və əhatə dairəsi;

6.2.6. nizamnamə fondu;

6.2.7. əmlakının formalaşma mənbələri, maliyyə fəaliyyətinin əsasları;

6.2.8. təsərrüfat cəmiyyətlərinin yaradılması və ya onlarda iştirak etmək hüququ (verildiyi halda);

6.2.9. publik hüquqi şəxsin fəaliyyəti barədə ictimaiyyətin məlumatlandırılması qaydası;

6.2.10. ləğvi və yenidən təşkili qaydası.

6.3. Dövlətin adından yaradılan publik hüquqi şəxsin və onun törəmə publik hüquqi şəxsin nizamnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bələdiyyə adından yaradılan publik hüquqi şəxsin və onun törəmə publik hüquqi şəxsin nizamnaməsi isə müvafiq bələdiyyə tərəfindən təsdiq edilir.

Maddə 7. Publik hüquqi şəxsin əmlakı

7.1. Publik hüquqi şəxsin nizamnamə fondu təsisçi (təsisçilər) tərəfindən verilmiş əmlak hesabına formalaşdırılır.

7.2. Publik hüquqi şəxsin əmlakı nizamnamə fondundan, ona təsisçilər tərəfindən verilmiş digər əmlakdan, habelə dövlət və ya yerli büdcələrdən ayrılan vəsaitlərdən, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalardan, ianələrdən, qrantlardan və nizamnamədə müəyyən edilmiş digər mənbələrdən daxil olan vəsaitlərdən formalaşa bilər.

7.3. Publik hüquqi şəxsin əmlakı üzərində sahiblik, istifadə və sərəncam vermək hüquqlarının həyata keçirilməsi qaydası onun nizamnaməsi ilə müəyyən edilir.

7.4. Publik hüquqi şəxslərə verilmiş müvafiq olaraq dövlət və bələdiyyə əmlakı onlar tərəfindən yalnız nizamnamədə müəyyən edilmiş məqsədlərə uyğun olaraq istifadə edilir.

7.5. Dövlət və bələdiyyə müvafiq olaraq yaratdıqları publik hüquqi şəxsin öhdəlikləri üçün cavabdeh deyildir və onun fəaliyyəti ilə bağlı zərər üçün publik hüquqi şəxsə verdiyi əmlakın dəyəri həddində risk daşıyır.

7.6. Dövlət və bələdiyyə müvafiq olaraq yaratdıqları publik hüquqi şəxsin üzərinə götürdüyü hər hansı öhdəliklərə görə cavabdeh deyildir.

Maddə 8. İdarəçilik

8.1. Publik hüquqi şəxsin idarə edilməsi qaydası onun nizamnaməsi ilə müəyyən edilir.

8.2. Publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aşağıdakılar aiddir:

8.2.1. nizamnamənin və strukturunun təsdiqi;

8.2.2. nizamnamə fondunun miqdarının müəyyən edilməsi;

8.2.3. inkişaf istiqamətlərinin müəyyən edilməsi, illik maliyyə hesabatlarının təsdiqi;

8.2.4. icra orqanlarının (kollegial və ya təkbaşçı) yaradılması, onların səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;

8.2.5. təsərrüfat cəmiyyətlərinin yaradılması, habelə idarə, filial və nümayəndəliklərinin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verilməsi;

8.2.6. xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), habelə publik hüquqi şəxsə aidiyyəti olan şəxslərlə əqdin (əqdin dəyəri aktivlərin 5 faiz və daha çox hissəsini təşkil etdikdə) bağlanmasına razılıq verilməsi.

8.3. Bu Qanunun 4.1-ci maddəsinə uyğun olaraq yaradılan publik hüquqi şəxs həmin orqanın təyin etdiyi rəhbər və ya kollegial icra orqanı (bundan sonra – rəhbər) tərəfindən idarə olunur.

8.4. Rəhbər Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən olunmuş tələblərə cavab verməlidir.

8.5. Publik hüquqi şəxsin əmlakı üzərində rəhbərin sərəncam vermək hüququnun müəyyən şərtlərlə məhdudlaşdırılması nizamnamədə nəzərdə tutula bilər.

Maddə 9. Publik hüquqi şəxsin yenidən təşkili və ləğvi

Publik hüquqi şəxsin ləğvi və yenidən təşkili ilə bağlı məsələlər onun nizamnaməsi və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 29 dekabr 2015-ci il.

8 Fevral 2016, 09:02

http://www.azertag.net

41—50 / 10511

11 Aprel 2023, 11:04

“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

11 Aprel 2023, 11:04

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2004-cü il 19 iyul tarixli 90 nömrəli, “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” 2005-ci il 19 yanvar tarixli 175 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

11 Aprel 2023, 11:04

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

11 Aprel 2023, 11:04

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

10 Aprel 2023, 10:04

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 825-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 29 dekabr tarixli 435 nömrəli, “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydalarının təsdiq edilməsi barədə” 2001-ci il 3 sentyabr tarixli 569 nömrəli, “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunun təsdiq edilməsi haqqında” 2003-cü il 4 avqust tarixli 911 nömrəli, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2012-ci il 6 iyun tarixli 648 nömrəli və “Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 21 iyun tarixli 1480 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

10 Aprel 2023, 10:04

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

10 Aprel 2023, 10:04

“Müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli 3493 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

7 Aprel 2023, 12:04

R.K.Qurbanovun Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

7 Aprel 2023, 12:04

A.X.Hüseynovun Azərbaycan Respublikasının Yunanıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

7 Aprel 2023, 12:04

“Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...