Publik hüquqi şəxslər haqqında
Azərbaycan Respublikasının Qanunu
Maddə 1. Bu Qanunun tətbiq dairəsi
1.1. Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndinə uyğun olaraq, publik hüquqi şəxslərin yaradılması, fəaliyyət göstərməsi və təşkili qaydalarını müəyyən edir.
1.2. Bu Qanun dövlətə məxsus müəssisələrə şamil edilmir.
Maddə 2. Bu Qanunda istifadə edilən anlayışlar
2.1. Publik hüquq – ümumdövlət və ya ictimai maraqların təmin edilməsi ilə bağlı olan münasibətləri tənzimləyən hüquq normalarının məcmusudur.
2.2. Publik hüquqi şəxs – dövlət və bələdiyyə adından və ya publik hüquqi şəxs tərəfindən yaradılan, ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır.
Maddə 3. Publik hüquqi şəxsin fəaliyyəti
3.1. Publik hüquqi şəxslər sahibkarlıq fəaliyyəti ilə yalnız o hallarda məşğul ola bilərlər ki, bu fəaliyyət onların yaradılması zamanı və nizamnaməsində qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin.
3.2. Publik hüquqi şəxs nizamnaməsində nəzərdə tutulmuş halda təsərrüfat cəmiyyətləri yarada və ya onlarda iştirak edə bilər.
3.3. Publik hüquqi şəxsin mənfəəti onun nizamnaməsində nəzərdə tutulmayan məqsədlər üçün yalnız təsisçinin qərarı ilə müvafiq olaraq dövlət büdcəsinə və yerli büdcəyə köçürülə bilər.
Maddə 4. Publik hüquqi şəxsin yaradılması
4.1. Publik hüquqi şəxs dövlət adından müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə adından isə müvafiq bələdiyyə orqanları tərəfindən yaradılır.
4.2. Bu Qanunun 4.1-ci maddəsinə uyğun olaraq yaradılan publik hüquqi şəxslər tərəfindən də nizamnaməsində nəzərdə tutulmuş halda publik hüquqi şəxslər yaradıla bilər.
4.3. Bu Qanunla müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, publik hüquqi şəxsin yaradılması ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir.
4.4. Publik hüquqi şəxs “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra hüquqi şəxs statusunu əldə edir.
Maddə 5. Publik hüquqi şəxsin hüquq qabiliyyəti
5.1. Publik hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malik olmaqla mülki vəzifələr daşıyır və publik hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir.
5.2. Publik hüquqi şəxs yalnız nizamnaməsində nəzərdə tutulmuş fəaliyyət ilə məşğul ola bilər.
5.3. Dövlət orqanları və bələdiyyə orqanları qanunvericiliklə onlara həvalə edilmiş hüquq və vəzifələri yaratdıqları publik hüquqi şəxslərə ötürə bilməzlər.
Maddə 6. Publik hüquqi şəxsin nizamnaməsi
6.1. Muxtəlif sahələr üzrə publik hüquqi şəxsin nümunəvi nizamnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən oluna bilər.
6.2. Publik hüquqi şəxsin nizamnaməsində aşağıdakılar göstərilir:
6.2.1. adı, olduğu yer və publik hüquqi şəxs olduğu;
6.2.2. nizamnamənin qəbulu və ona dəyişikliklərin edilməsi qaydası;
6.2.3. fəaliyyətin məqsədi və istiqamətləri;
6.2.4. idarə olunma qaydası;
6.2.5. publik hüquqi şəxsin üzərində nəzarətin forması və əhatə dairəsi;
6.2.6. nizamnamə fondu;
6.2.7. əmlakının formalaşma mənbələri, maliyyə fəaliyyətinin əsasları;
6.2.8. təsərrüfat cəmiyyətlərinin yaradılması və ya onlarda iştirak etmək hüququ (verildiyi halda);
6.2.9. publik hüquqi şəxsin fəaliyyəti barədə ictimaiyyətin məlumatlandırılması qaydası;
6.2.10. ləğvi və yenidən təşkili qaydası.
6.3. Dövlətin adından yaradılan publik hüquqi şəxsin və onun törəmə publik hüquqi şəxsin nizamnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bələdiyyə adından yaradılan publik hüquqi şəxsin və onun törəmə publik hüquqi şəxsin nizamnaməsi isə müvafiq bələdiyyə tərəfindən təsdiq edilir.
Maddə 7. Publik hüquqi şəxsin əmlakı
7.1. Publik hüquqi şəxsin nizamnamə fondu təsisçi (təsisçilər) tərəfindən verilmiş əmlak hesabına formalaşdırılır.
7.2. Publik hüquqi şəxsin əmlakı nizamnamə fondundan, ona təsisçilər tərəfindən verilmiş digər əmlakdan, habelə dövlət və ya yerli büdcələrdən ayrılan vəsaitlərdən, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalardan, ianələrdən, qrantlardan və nizamnamədə müəyyən edilmiş digər mənbələrdən daxil olan vəsaitlərdən formalaşa bilər.
7.3. Publik hüquqi şəxsin əmlakı üzərində sahiblik, istifadə və sərəncam vermək hüquqlarının həyata keçirilməsi qaydası onun nizamnaməsi ilə müəyyən edilir.
7.4. Publik hüquqi şəxslərə verilmiş müvafiq olaraq dövlət və bələdiyyə əmlakı onlar tərəfindən yalnız nizamnamədə müəyyən edilmiş məqsədlərə uyğun olaraq istifadə edilir.
7.5. Dövlət və bələdiyyə müvafiq olaraq yaratdıqları publik hüquqi şəxsin öhdəlikləri üçün cavabdeh deyildir və onun fəaliyyəti ilə bağlı zərər üçün publik hüquqi şəxsə verdiyi əmlakın dəyəri həddində risk daşıyır.
7.6. Dövlət və bələdiyyə müvafiq olaraq yaratdıqları publik hüquqi şəxsin üzərinə götürdüyü hər hansı öhdəliklərə görə cavabdeh deyildir.
Maddə 8. İdarəçilik
8.1. Publik hüquqi şəxsin idarə edilməsi qaydası onun nizamnaməsi ilə müəyyən edilir.
8.2. Publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aşağıdakılar aiddir:
8.2.1. nizamnamənin və strukturunun təsdiqi;
8.2.2. nizamnamə fondunun miqdarının müəyyən edilməsi;
8.2.3. inkişaf istiqamətlərinin müəyyən edilməsi, illik maliyyə hesabatlarının təsdiqi;
8.2.4. icra orqanlarının (kollegial və ya təkbaşçı) yaradılması, onların səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;
8.2.5. təsərrüfat cəmiyyətlərinin yaradılması, habelə idarə, filial və nümayəndəliklərinin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verilməsi;
8.2.6. xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), habelə publik hüquqi şəxsə aidiyyəti olan şəxslərlə əqdin (əqdin dəyəri aktivlərin 5 faiz və daha çox hissəsini təşkil etdikdə) bağlanmasına razılıq verilməsi.
8.3. Bu Qanunun 4.1-ci maddəsinə uyğun olaraq yaradılan publik hüquqi şəxs həmin orqanın təyin etdiyi rəhbər və ya kollegial icra orqanı (bundan sonra – rəhbər) tərəfindən idarə olunur.
8.4. Rəhbər Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən olunmuş tələblərə cavab verməlidir.
8.5. Publik hüquqi şəxsin əmlakı üzərində rəhbərin sərəncam vermək hüququnun müəyyən şərtlərlə məhdudlaşdırılması nizamnamədə nəzərdə tutula bilər.
Maddə 9. Publik hüquqi şəxsin yenidən təşkili və ləğvi
Publik hüquqi şəxsin ləğvi və yenidən təşkili ilə bağlı məsələlər onun nizamnaməsi və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 dekabr 2015-ci il.
8 Fevral 2016, 09:0226 Dekabr 2020, 23:12
Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ətraflı...
25 Dekabr 2020, 21:12
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
25 Dekabr 2020, 21:12
“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
25 Dekabr 2020, 21:12
“Azərbaycan Respublikasının Şamaxı rayonunun Saqiyan kəndinin Günəşli kəndi adlandırılması haqqında” Azərbaycan Respublikasının 2020-ci il 15 dekabr tarixli 212-VIQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 yanvar tarixli 500 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
25 Dekabr 2020, 21:12
Azərbaycan Respublikasının Şamaxı rayonunun Saqiyan kəndinin Günəşli kəndi adlandırılması haqqında Azərbaycan Respublikasının Qanunu ətraflı...
25 Dekabr 2020, 21:12
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 963 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə Qaydası”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
25 Dekabr 2020, 21:12
Səfərbərlik üzrə hərbi xidmətdən tərxisetmə haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
24 Dekabr 2020, 20:12
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
23 Dekabr 2020, 18:12
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 1999-cu il 9 dekabr tarixli 226 nömrəli, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2004-cü il 10 avqust tarixli 113 nömrəli və “Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi barədə” 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
23 Dekabr 2020, 18:12
Azərbaycan Respublikasının Meşə Məcəlləsində, Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Torpaq islahatı haqqında”, “Torpaq bazarı haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...