Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Son vaxtlar dünyada baş verən iqtisadi-siyasi proseslər ölkədə qiymətli kağızlar bazarının, investisiya fondu, bank və sığorta fəaliyyəti sahələrinin, habelə ödəniş sistemlərinin fəaliyyətinin çevikliyinin və şəffaflığının təmin olunmasını, həmçinin bu sahələrdə tənzimləmə və nəzarət sisteminin təkmilləşdirilməsini, eləcə də ictimai nəzarət sisteminin yaradılmasını zəruri edir.
Ölkənin maliyyə sisteminin daha da sabit və dayanıqlı, rəqabətqabiliyyətliliyinin isə daha yüksək olması üçün maliyyə bazarlarının fəaliyyətinin səmərəli şəkildə təmin olunması, eləcə də kreditorların, investorların və sığorta olunanların hüquqlarının qorunması tələb olunur.
Azərbaycan Respublikasının maliyyə sektorunun dayanıqlılığını təmin etmək və bu sahədə nəzarət mexanizmlərini təkmilləşdirmək məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru) və ödəniş sistemləri fəaliyyətinin lisenziyalaşdırılması, tənzimlənməsi və nəzarəti, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində nəzarət sisteminin təkmilləşdirilməsini, həmçinin bu sahələr üzrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxs yaradılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin təsisçisinin aşağıdakı səlahiyyətləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir:
2.1. nizamnamənin və strukturunun təsdiqi;
2.2. nizamnamə fondunun miqdarının müəyyən edilməsi;
2.3. icra orqanlarının (kollegial və ya təkbaşçı) yaradılması, onların səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi.
3. Müəyyən edilsin ki:
3.1. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasında 5 nəfər üzvdən ibarət Direktorlar Şurası yaradılır;
3.2. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədrinin və üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.
4. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsi qüvvəyə mindiyi gündən Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti ləğv edilsin və onların istifadəsində olan dövlət əmlakı Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına verilsin.
5. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyətinin təmin edilməsi ilə əlaqədar aşağıdakı tərkibdə İşçi qrupu yaradılsın:
İşçi qrupunun rəhbəri
Rüfət Aslanlı - Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri
İşçi qrupunun üzvləri
Asim Məmmədli - “Xalq Bank” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri
Cəlal Qasımov - “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri
Faiq Hüseynov - “Unibank” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri
Rövşən Cavadov - Azərbaycan Respublikası Dövlət Neft Fondunun investisiya departamentinin direktoru
Zəka Mirzəyev - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin maliyyə və sığorta bazarlarının tənzimlənməsi şöbəsində sektor müdiri
6. İşçi qrupuna tapşırılsın ki:
6.1. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsinin layihəsini, habelə Palatanın strukturu və işçilərinin ümumi say həddi barədə təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
6.2. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması ilə əlaqədar:
6.2.1. “Qiymətli kağızlar bazarı haqqında”, “Banklar haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında” və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanunlarının uyğunlaşdırılması barədə təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
6.2.2. Azərbaycan Respublikasının digər qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
6.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
7. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
7.1. bu Fərmanın 4-cü hissəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin və Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin istifadəsində olan dövlət əmlakının Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına verilməsini həll etsin;
7.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
7.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
7.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 fevral 2016-cı il.
8 Fevral 2016, 09:0225 Fevral 2015, 09:02
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 2 fevral tarixli 1179-IVQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında ətraflı...
25 Fevral 2015, 09:02
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında ətraflı...
25 Fevral 2015, 09:02
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 2 fevral tarixli 1178-IVQD nömrəli Qanununun tətbiqi və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında ətraflı...
25 Fevral 2015, 09:02
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə ətraflı...
24 Fevral 2015, 09:02
Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi haqqında ətraflı...
24 Fevral 2015, 09:02
S.G. İlyasovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
24 Fevral 2015, 09:02
İş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında ətraflı...
24 Fevral 2015, 09:02
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 6 sentyabr tarixli 251 nömrəli qərarı ilə təsdiq edilmiş "Xüsusi gömrük prosedurları daxilində ekvivalent mallardan istifadə Qaydaları"nda dəyişiklik edilməsi barədə ətraflı...
24 Fevral 2015, 09:02
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 25 sentyabr tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş "Təhlükəsiz ixrac sxemi çərçivəsində malların qablaşdırılması, yüklənməsi, daşınması və boşaldılması Qaydaları"nda dəyişiklik edilməsi barədə ətraflı...
24 Fevral 2015, 09:02
"Dövlət və yerli əhəmiyyətli hidrotexniki qurğuların siyahısının, mühafizə rejimi və təhlükəsizliyi üzrə Təsnifatı"nın, "Hidrotexniki qurğuların dövlət reyestrinin tərtib olunması və aparılması Qaydaları"nın və "Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 21 avqust tarixli 109 nömrəli qərarında dəyişiklik edilməsi barədə ətraflı...