Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi haqqında
ƏSASNAMƏ
Azərbaycan Respublikası Prezidentinin
2015-ci il 21 dekabr tarixli
Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi (bundan sonra — Agentlik) Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində (bundan sonra – müvafiq sahədə) tənzimləməni və dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.
1.2. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.
1.3. Agentlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.4. Agentliyin müstəqil balansı, qanunvericiliyə uyğun istifadəsində olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.
1.5. Agentliyin saxlanması xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.
1.6. Agentlik bu Əsasnamə ilə müəyyən edilmiş öz fəaliyyət istiqamətlərinə uyğun olaraq vəzifələrini və hüquqlarını Bakı şəhərinin inzibati ərazisində, müvafiq olaraq, yerinə yetirir və həyata keçirir.
1.7. Agentlik Bakı şəhərində yerləşir.
2. Agentliyin fəaliyyət istiqamətləri
2.0. Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.0.1. müvafiq sahədə dövlət nəzarətinin həyata keçirilməsini təmin edir;
2.0.2. avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşımaların və taksi minik avtomobilləri ilə sərnişindaşımaların (bundan sonra – müvafiq sərnişindaşıma) mərkəzləşdirilmiş qaydada tənzimlənməsini və idarə edilməsini təşkil edir;
2.0.3. nəqliyyat axınının mərkəzləşdirilmiş qaydada idarə olunmasını təşkil edir və aidiyyəti qurumlarla birlikdə nəqliyyat axınının tənzimlənməsini təmin edir;
2.0.4. müvafiq sahənin inkişafını təmin edir.
3. Agentliyin vəzifələri
3.0. Agentlik bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:
3.0.1. müvafiq sərnişindaşıma işini təşkil etmək;
3.0.2. dövlət sifarişi əsasında avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşımalara müsabiqə qaydasında daşıyıcıları cəlb etmək və müsabiqənin qalibləri ilə müvafiq müqavilə bağlamaq, habelə müqavilənin şərtlərinə riayət edilməsinə nəzarət etmək;
3.0.3. avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşımalar üzrə marşrut şəbəkəsini, marşrutların sxemini, hərəkət cədvəlini, reysi, avtonəqliyyat vasitələrinin növünü müəyyən etmək və onlara dair tələbləri müəyyən etmək;
3.0.4. avtomobil yollarının, avtovağzalların (avtostansiyaların), dayanacaq məntəqələrinin, avtomobil duracaqlarının, yerüstü və yeraltı keçidlərin, metro çıxışlarının, velosiped və xüsusi operativ nəqliyyat vasitələri üçün əlavə yolların inşasına, cari və əsaslı təmirinə, yenidən qurulmasına və bərpasına dair layihələrə razılıq vermək;
3.0.5. müvafiq sərnişindaşıma xidmətlərini yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələrinin və avtomobil duracaqlarının, habelə nəqliyyat qovşaqlarının yerlərini Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ilə razılaşdırmaqla müəyyən etmək, habelə dayanacaq məntəqələrinin və avtomobil duracaqlarının yerləşdirilməsini, həmçinin nəqliyyat qovşaqlarının yaradılmasını təmin etmək;
3.0.6. nəqliyyat axınının tənzimlənməsi üçün yol nişanlarını və svetoforları Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ilə razılaşdırmaqla quraşdırmaq və dəyişdirmək;
3.0.7. müntəzəm sərnişindaşıma xidmətlərini yerinə yetirən avtomobil nəqliyyatında mərkəzləşdirilmiş vahid dispetçer xidməti yaratmaq və həyata keçirilməsini təmin etmək;
3.0.8. müvafiq sahəyə aid normativ hüquqi aktların müddəalarına riayət edilməsinə nəzarət etmək, həmin müddəaları və sərnişin və baqaj daşınması qaydalarını pozmuş şəxslər barəsində tədbir görmək və ya müvafiq tədbir görülməsi üçün aidiyyəti dövlət orqanlarına təqdimat vermək;
3.0.9. müvafiq sərnişindaşıma xidmətləri yerinə yetirilərkən ətraf mühitin mühafizəsinin təmin edilməsinə dair tələblərə riayət olunmasına nəzarət etmək;
3.0.10. marşrut istiqamətləri üzrə avtobusların və taksi minik avtomobillərinin kvotasını (yuxarı həddini) müəyyən etmək;
3.0.11. müvafiq sərnişindaşıma xidmətlərini yerinə yetirən avtomobil nəqliyyatı vasitələri üçün “Fərqlənmə nişanı” vermək;
3.0.12. müvafiq sərnişindaşıma xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin artırılması üçün tədbirlər görmək;
3.0.13. yollarda tıxac yaranması səbəblərini araşdırmaq, təhlillər aparmaq və müvafiq təkliflər vermək;
3.0.14. yollarda tıxac yaranmaması və nəqliyyat axınının tənzimlənməsi üçün ticarət, iaşə, sənaye və tikinti obyektlərinə və həmin obyektlərdən yükdaşımaların iş vaxtı rejiminə dair təkliflər hazırlamaq və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etmək;
3.0.15. müvafiq sərnişindaşıma xidmətlərini yerinə yetirən avtomobil nəqliyyatı sürücülərinin peşə fəaliyyətinə və davranışına dair xüsusi proqram üzrə hazırlıq keçməsini təşkil etmək və həyata keçirmək;
3.0.16. müvafiq sərnişindaşıma xidmətlərini yerinə yetirən avtomobil nəqliyyatı bazasının möhkəmləndirilməsi məqsədi ilə investorların cəlb olunmasını təşviq etmək;
3.0.17. müvafiq sahədə daşıyıcılar arasında azad rəqabətin təmin olunması, habelə müvafiq sərnişindaşıma xidmətlərindən istifadə edən hüquqi və fiziki şəxslərin qanuni maraqlarının dövlət tərəfindən qorunması üçün tədbirlər görmək;
3.0.18. inzibati xətalar haqqında işlərə baxmaq, təqsirkar şəxslərə müəyyən edilmiş qaydada inzibati tənbeh tədbirləri tətbiq etmək;
3.0.19. qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;
3.0.20. dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının aidiyyəti üzrə ayrılan vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatına uyğun, səmərəli istifadə olunmasını təmin etmək;
3.0.21. qanuna uyğun olaraq, dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;
3.0.22. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;
3.0.23. Agentliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində tədbirlər görmək;
3.0.24. Agentliyin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə baxmaq və müvafiq tədbirlər görmək.
4. Agentliyin hüquqları
4.0. Agentlik öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:
4.0.1. müvafiq sahə ilə bağlı normativ hüquqi və qeyri-normativ hüquqi aktların layihələrini hazırlamaq və təqdim etmək və ya onların hazırlanmasında iştirak etmək;
4.0.2. müvafiq sahə üzrə daşıyıcılardan məlumatlar (sənədlər) almaq üçün sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
4.0.3. tabeliyində olan hüquqi şəxs vasitəsilə müvafiq sahəyə aid Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş ödənişli xidmətlər göstərmək;
4.0.4. sərnişinlərin gediş haqqını ödəməsini asanlaşdırmaq üçün dayanacaq məntəqələrində elektron avadanlıq quraşdırmaq;
4.0.5. müvafiq sahə üzrə xarici dövlətlərin təcrübəsini öyrənmək;
4.0.6. fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, müvafiq sahə üzrə tədqiqatlar aparmaq, təkliflər vermək;
4.0.7. müstəqil ekspertləri və mütəxəssisləri müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək.
5. Agentliyin fəaliyyətinin təşkili
5.1. Agentliyin aparatı və strukturuna daxil olmayan tabeliyindəki qurumlar (hüquqi şəxslər, təşkilatlar və sair) Agentliyin vahid sistemini təşkil edir. Agentlik öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir.
5.2. Agentliyin strukturunu və Agentlik aparatı işçilərinin ümumi say həddini Azərbaycan Respublikasının Prezidenti müəyyən edir. Agentliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.
5.3. Agentliyin fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən Agentliyin baş direktoru rəhbərlik edir. Baş direktor Agentliyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.
5.4. Agentliyin baş direktorunun Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən bir müavini vardır. Agentliyin baş direktorunun müavini Agentliyin baş direktoru tərəfindən ona həvalə olunmuş vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyır.
5.5. Agentliyin baş direktoru:
5.5.1. Agentliyin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
5.5.2. Agentlik aparatının struktur bölmələrinin əsasnamələrini təsdiq edir, Agentliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların nizamnamələrini isə təsdiq olunmaq üçün təqdim edir;
5.5.3. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Agentliyin aparatının və Agentliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir;
5.5.4. Agentlik aparatının işçilərini və Agentliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;
5.5.5. icrası məcburi olan əmr və sərəncamlar verir, onların icrasına nəzarəti həyata keçirir, normativ hüquqi və qeyri-normativ hüquqi aktların icrasını təşkil edir;
5.5.6. Agentliyin vəzifəli şəxslərinin qanunvericiliyə zidd qərarlarını ləğv edir;
5.5.7. Agentliyi təmsil edir.
5.6. Agentliyin baş direktorunun, baş direktor müavininin və aparatının işçilərinin əməyinin ödənilməsi normaları və digər təminatları müvafiq olaraq Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin, rəhbər müavininin və aparatının işçilərinin əməyinin ödənilməsi normalarına və təminatlarına bərabər tutulur.
5.7. Müvafiq sahədə elmi-texniki nailiyyətlərin və qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və həyata keçirilməsi üçün Agentlikdə ictimai əsaslarla fəaliyyət göstərən Elmi-Texniki Şura yaradıla bilər. Elmi-Texniki Şura haqqında Əsasnaməni Agentliyin baş direktoru təsdiq edir.
22 Dekabr 2015, 09:1226 Yanvar 2023, 14:01
“Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
26 Yanvar 2023, 14:01
Ə.C.Əhmədovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
26 Yanvar 2023, 14:01
Milli Aviasiya Akademiyasının bir qrup əməkdaşının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
25 Yanvar 2023, 08:01
“Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədindən buraxılış məntəqələrinin və onlara nəqliyyat giriş yollarının əlaqələndirilmiş inkişafı məqsədilə əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
25 Yanvar 2023, 08:01
“Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı sahəsində Nəzarət üzrə Federal Xidmət (Rusiya Federasiyası) arasında Beynəlxalq tibbi sanitariya qaydalarının (2005-ci il) tətbiqi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
25 Yanvar 2023, 08:01
“Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı sahəsində Nəzarət üzrə Federal Xidmət (Rusiya Federasiyası) arasında taunun sərhədyanı təbii ocaqları olan ərazilərdə epidemioloji salamatlığın təmin olunması haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
25 Yanvar 2023, 08:01
“Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında fiziki şəxslər tərəfindən nağd pul vəsaitinin və (və ya) pul alətlərinin transsərhəd hərəkəti zamanı cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasına (yuyulmasına) və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində informasiya əməkdaşlığı haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
25 Yanvar 2023, 08:01
Azərbaycan Respublikası Prezidentinin “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2021-ci il 18 may tarixli 1340 nömrəli və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” 2021-ci il 23 dekabr tarixli 1513 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
25 Yanvar 2023, 08:01
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 1998-ci il 13 mart tarixli 684 nömrəli, “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin aparılması qaydası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2004-cü il 14 oktyabr tarixli 134 nömrəli, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2006-cı il 24 fevral tarixli 373 nömrəli, “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2006-cı il 2 avqust tarixli 438 nömrəli, “Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinin yaradılması haqqında” 2007-ci il 12 mart tarixli 543 nömrəli, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” 2012-ci il 13 fevral tarixli 593 nömrəli və “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
25 Yanvar 2023, 08:01
“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 2 dekabr tarixli 666-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 22 yanvar tarixli 265 nömrəli, “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 6 mart tarixli 297 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...