Dini ekstremizmə qarşı mübarizə haqqında
Azərbaycan Respublikasının Qanunu
Bu Qanun Azərbaycan Respublikasında dini ekstremizmə qarşı mübarizənin hüquqi və təşkilati əsaslarını müəyyən edir, dini ekstremizm əleyhinə mübarizəni həyata keçirən dövlət orqanlarının və vətəndaşların hüquq və vəzifələrini təsbit edir.
I fəsil
Ümumi müddəalar
Maddə 1. Əsas anlayışlar
1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə edilir:
1.0.1. dini ekstremizm (dini ekstremist fəaliyyət) - dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində:
1.0.1.1. Azərbaycan Respublikasının konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına, yaxud hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlərin törədilməsi;
1.0.1.2. qanunsuz silahlı birləşmələrin və ya qrupların yaradılması, həmin birləşmə və ya qruplarda iştirak edilməsi;
1.0.1.3. terror fəaliyyətinin həyata keçirilməsi;
1.0.1.4. Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak edilməsi;
1.0.1.5. milli, sosial və ya dini nifrətin salınması, milli ləyaqətin alçaldılması, milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlərin törədilməsi;
1.0.1.6. şəxsin hər hansı dinə (dini cərəyana) etiqad etməyə, o cümlədən dini ayin və mərasimləri yerinə yetirməyə və ya dini ayin və mərasimlərdə iştirak etməyə, habelə dini təhsil almağa məcbur edilməsi;
1.0.1.7. bu Qanunun 1.0.1.1 – 1.0.1.5-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsinə açıq çağırışların edilməsi;
1.0.1.8. dini ekstremist materialların, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialların hazırlanması, saxlanması və ya yayılması;
1.0.1.9. dini ekstremizmin maliyyələşdirilməsi;
1.0.2. dini radikalizm – hər hansı dini etiqad çərçivəsində ifrat dini baxışlara bağlılığı ifadə edən, həmin dini baxışların müstəsnalığının təsbit edilməsində barışmaz mövqe nümayiş etdirən və yayılmasında aqressiv üsul və vasitələrdən istifadə edilməsi ilə səciyyələnən davranış;
1.0.3. dini fanatizm – dini ekstremizmin ideoloji əsaslarından biri olmaqla, dini inamın hər hansı tənqidi yanaşmanı istisna edən və dini normalara kor-koranə riayət etmə ilə müşayiət edilən ifrat dərəcəsi;
1.0.4. dini ekstremist - hər hansı formada dini ekstremist fəaliyyətin həyata keçirilməsində iştirak edən şəxs;
1.0.5. dini ekstremist təşkilat – dini ekstremist fəaliyyətin həyata keçirilməsi məqsədilə yaradılan və ya məqsədlərinə nail olmaq üçün belə fəaliyyəti həyata keçirən təşkilatdır. Əgər struktur bölmələrindən biri təşkilatın hər hansı bir rəhbər orqanının razılığı ilə ekstremist fəaliyyət ilə məşğuldursa, həmin təşkilat dini ekstremist təşkilat hesab edilir;
1.0.6. dini ekstremizmə qarşı mübarizə - dini ekstremist fəaliyyətin aşkar edilməsi, qarşısının alınması, habelə dini ekstremist fəaliyyət nəticəsində dəyə biləcək zərərin minimuma endirilməsi ilə bağlı fəaliyyət;
1.0.7. dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyatlar – dini ekstremist fəaliyyətin qarşısının alınması, insanların təhlükəsizliyinin təmin edilməsi, dini ekstremistlərin zərərsizləşdirilməsi, habelə dini ekstremist fəaliyyət nəticəsində dəyə biləcək zərərin minimuma endirilməsi məqsədilə həyata keçirilən xüsusi tədbirlər;
1.0.8. dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılma zonası - ərazinin və ya akvatoriyanın ayrıca sahələrində, nəqliyyat vasitələrində, binalarda, tikililərdə, qurğularda, yaşayış evlərində və onlara bitişik ərazilərdə xüsusi əməliyyatların aparıldığı hüdudlar.
Maddə 2. Dini ekstremizmə qarşı mübarizə haqqında qanunvericilik
Dini ekstremizmə qarşı mübarizə haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir.
Maddə 3. Dini ekstremizmə qarşı mübarizənin məqsədi
3.0. Azərbaycan Respublikasında dini ekstremizmə qarşı mübarizə aşağıdakı məqsədlərlə həyata keçirilir:
3.0.1. Azərbaycan Respublikasının konstitusiya quruluşunun əsaslarının, habelə ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsi;
3.0.2. insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi;
3.0.3. dini ekstremist fəaliyyətin aşkar edilməsi, qarşısının alınması və dini ekstremizm nəticəsində gözlənilən zərərin minimuma endirilməsi;
3.0.4. dini ekstremizmin yaranması və dini ekstremist fəaliyyətin həyata keçirilməsi səbəblərinin və şəraitinin, habelə dini ekstremizmin maliyyələşdirilməsi hallarının aşkar və ləğv edilməsi.
Maddə 4. Dini ekstremizmə qarşı mübarizənin əsas prinsipləri
4.0. Azərbaycan Respublikasında dini ekstremizmə qarşı mübarizə aşağıdakı prinsiplərə əsaslanır:
4.0.1. qanunçuluğun təmin edilməsi;
4.0.2. dini ekstremizmə görə cəzanın labüdlüyü;
4.0.3. dini ekstremizmə qarşı mübarizə zamanı açıq və gizli metodların əlaqələndirilməsi;
4.0.4. hüquqi, siyasi, ideoloji, sosial-iqtisadi və təşkilati profilaktik tədbirlərdən kompleks istifadə;
4.0.5. dini ekstremizm nəticəsində təhlükəyə məruz qalmış şəxslərin hüquqlarının müdafiəsinin üstünlüyü;
4.0.6. dini ekstremizm əleyhinə aparılan əməliyyatların həyata keçirilməsində iştirak edən şəxsi heyətin, o cümlədən bu məqsədlə istifadə edilən texniki üsulların və taktikanın elan edilməsində minimal aşkarlıq.
II fəsil
Dini ekstremizm əleyhinə xüsusi əməliyyatların aparılması
Maddə 5. Dini ekstremizm əleyhinə xüsusi əməliyyatlar aparan orqanlar
Dini ekstremizm əleyhinə xüsusi əməliyyatlar müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır.
Maddə 6. Dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyatların qüvvə və vasitələrlə təmin edilməsi
Dini ekstremizm əleyhinə xüsusi əməliyyatların aparılması üçün dini ekstremizmə qarşı mübarizədə iştirak edən müvafiq icra hakimiyyəti orqanlarının tabeliyində olan lazımi qüvvələrdən və vasitələrdən istifadə olunur.
Maddə 7. Dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zonasının hüquqi rejimi
7.1. Dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılma zonasının hüdudları əməliyyatı aparan orqan tərəfindən müəyyən edilir.
7.2. Dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılma zonasında bu əməliyyatı aparan şəxslər aşağıdakı hüquqlara malikdirlər:
7.2.1. dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılma zonasında nəqliyyat vasitələrinin və piyadaların hərəkətini müvəqqəti məhdudlaşdıran və ya qadağan edən tədbirləri tətbiq etmək, ərazinin müəyyən sahələrinə və obyektlərə nəqliyyat vasitələrini və piyadaları buraxmamaq;
7.2.2. fiziki şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər olmadan, onların günün müəyyən edilmiş vaxtında küçələrdə və ya digər ictimai yerlərdə olmalarını qadağan etmək;
7.2.3. dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılma zonasına giriş və ya bu zonadan çıxış zamanı fiziki şəxslərə, onların əşyalarına, nəqliyyat vasitələrinə və nəqliyyat vasitələrində olan əşyalara texniki vasitələr tətbiq etməklə baxış keçirmək;
7.2.4. fiziki şəxslərin şəxsiyyətini təsdiq edən sənədləri yoxlamaq, belə sənədlər olmadıqda isə şəxsiyyətinin müəyyən edilməsi məqsədilə həmin şəxsləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada və müddətə tutmaq;
7.2.5. dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması məqsədi ilə fiziki şəxslərin mənzilinə və digər yaşayış yerlərinə, onların torpaq sahələrinə, nəqliyyat vasitələrinə, habelə mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə maneəsiz daxil olmaq;
7.2.6. dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan şəxslərin qanuni tələblərinə mane olmağa yönəlmiş hərəkətlər törədən şəxsləri tutmaq;
7.2.7. müqavimət göstərən dini ekstremistləri zərərsizləşdirmək;
7.2.8. dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması ilə əlaqədar zərurət yarandıqda fiziki şəxsləri əməliyyatın aparılma zonasından köçürtmək, binaların, qurğuların və digər tikililərin sökülməsini təmin etmək;
7.2.9. dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılma zonasında fiziki və hüquqi şəxslərə rabitə xidmətlərinin və kommunal xidmətlərin göstərilməsini müvəqqəti dayandırmaq;
7.2.10. dini ekstremist fəaliyyəti aşkar etmək, həmin fəaliyyətə qarşı mübarizə aparmaq və onun qarşısını almaq məqsədi ilə telefon danışıqlarına qulaq asma, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər əməliyyat-axtarış tədbirlərini tətbiq etmək;
7.2.11. dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılma zonasında sanitar-epidemioloji, baytarlıq və digər karantin tədbirlərini tətbiq etmək;
7.2.12. dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılma zonasında tərkibində narkotik və ya psixotrop maddələr olan dərman vasitələrinin dövriyyəsini məhdudlaşdırmaq.
7.3. Dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanın göstərişlərinin icrası əməliyyat zonasında bütün fiziki və hüquqi şəxslər üçün məcburidir.
Maddə 8. Dəymiş ziyana görə məsuliyyətdən azad olma
Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zamanı dini ekstremistlərin həyatına, sağlamlığına və ya əmlakına ziyan vurulmasına yol verilir. Dini ekstremizmə qarşı mübarizədə iştirak edən şəxs dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zamanı dini ekstremistlərin həyatına, sağlamlığına və ya əmlakına vurulmuş ziyana görə məsuliyyət daşımır.
Maddə 9. Dini ekstremizm əleyhinə xüsusi əməliyyatlar barədə ictimaiyyətə məlumatın verilməsi
9.1. Dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılma zonasında kütləvi informasiya vasitələri işçilərinin fəaliyyəti əməliyyat aparan orqan tərəfindən müəyyən edilir.
9.2. Dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat barədə ictimaiyyətə məlumatlar əməliyyat aparan orqanın müəyyən etdiyi formada və həcmdə verilir.
9.3. Aşağıdakı məlumatların yayılmasına yol verilmir:
9.3.1. dini ekstremizm əleyhinə xüsusi əməliyyatların aparılması taktikası və texniki üsulları haqqında məlumatlar;
9.3.2. dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zonasında və ya bu zonanın hüdudlarından kənarda olan insanların həyatına və sağlamlığına təhlükə yaradan və dini ekstremizm əleyhinə xüsusi əməliyyatların aparılmasına maneə törədən məlumatlar;
9.3.3. dini ekstremizmə bəraət qazandıran və ya onun təbliğinə xidmət edən məlumatlar;
9.3.4. dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyatlarda iştirak edən, habelə bu əməliyyatların aparılmasına kömək edən şəxslər haqqında məlumatlar.
9.4. Kütləvi informasiya vasitələrinin işçiləri bu Qanunun 9.3-cü maddəsində nəzərdə tutulmuş məlumatların yayılmasına görə məsuliyyət daşıyırlar.
Maddə 10. Dini ekstremizmə qarşı mübarizə aparan dövlət orqanlarına kömək göstərilməsi
10.1. Dövlət və yerli özünüidarəetmə orqanları, fiziki və mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslər dini ekstremizmə qarşı mübarizə aparan dövlət orqanlarına kömək etməyə borcludurlar.
10.2. Dini ekstremizm, dini fanatizm və dini radikalizm hallarının aşkar edilməsinə və qarşısının alınmasına, habelə bu hallar nəticəsində dəyə biləcək zərərin minimuma endirilməsinə kömək edə biləcək məlumatları müvafiq dövlət orqanlarına vermək hər kəsin borcudur.
Maddə 11. Dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyatın başa çatmasının elan edilməsi
Dini ekstremizm əleyhinə xüsusi əməliyyatın başa çatması əməliyyat aparan orqan tərəfindən elan edilir.
III fəsil
Yekun müddəalar
Maddə 12. Dini ekstremizmə qarşı mübarizənin həyata keçirilməsində qanunların icrasına nəzarət
Dini ekstremizmə qarşı mübarizənin həyata keçirilməsində qanunların icrasına nəzarəti Azərbaycan Respublikasının Baş prokuroru və onun tərəfindən müvəkkil edilmiş prokurorlar həyata keçirirlər.
Maddə 13. Dini ekstremist fəaliyyətdə iştiraka görə məsuliyyət
Dini ekstremist fəaliyyətdə iştirak edən şəxslər Azərbaycan Respublikasının Cinayət, İnzibati Xətalar və Mülki məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.
Maddə 14. Dini ekstremist təşkilatların qadağan edilməsi
Dini ekstremist fəaliyyətlə məşğul olan hüquqi şəxslər ləğv edilir və onların fəaliyyəti qadağan edilir.
Maddə 15. Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanunun pozulmasına görə fiziki və hüquqi şəxslər Azərbaycan Respublikasının Cinayət, İnzibati Xətalar və Mülki məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 dekabr 2015-ci il.
7 Dekabr 2015, 09:1211 Aprel 2023, 11:04
“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
11 Aprel 2023, 11:04
“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2004-cü il 19 iyul tarixli 90 nömrəli, “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” 2005-ci il 19 yanvar tarixli 175 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
11 Aprel 2023, 11:04
“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
11 Aprel 2023, 11:04
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
10 Aprel 2023, 10:04
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 825-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 29 dekabr tarixli 435 nömrəli, “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydalarının təsdiq edilməsi barədə” 2001-ci il 3 sentyabr tarixli 569 nömrəli, “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunun təsdiq edilməsi haqqında” 2003-cü il 4 avqust tarixli 911 nömrəli, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2012-ci il 6 iyun tarixli 648 nömrəli və “Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 21 iyun tarixli 1480 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
10 Aprel 2023, 10:04
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
10 Aprel 2023, 10:04
“Müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli 3493 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
7 Aprel 2023, 12:04
R.K.Qurbanovun Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
7 Aprel 2023, 12:04
A.X.Hüseynovun Azərbaycan Respublikasının Yunanıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
7 Aprel 2023, 12:04
“Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...