2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 13 noyabr 2015-ci il tarixli 177 saylı müraciətə baxılması barədə

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 18 saylı Nərimanov-Nizami seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş və qeydə alınmış Hüseynov Ramin Nizami oğlu 13 noyabr 2015-ci ildə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək dairə seçki komissiyasının 7 noyabr 2015-ci il tarixli 24/56 saylı qərarını mübahisələndirmiş, həmin qərarın ləğv edilməsini, seçki dairəsinin əhatə etdiyi 14 seçki məntəqəsində səsvermənin nəticələrinin etibarsız sayılmasını və seçki dairəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

                                                                    

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Araşdırma prosesində müraciət etmiş deputatlığa namizədlə əlaqə saxlanılmış, ona dairə seçki komissiyasına təqdim etdiyi sənədlərdən əlavə materiallar təqdim etmək, araşdırmada və iclasda iştirak etmək hüququnun olması izah edilmiş, eyni zamanda iclasın keçiriləcəyi tarix və vaxt barədə məlumat verilmişdir. Namizəd bildirmişdir ki, özü araşdırmada iştirak edə bilməyəcək, ancaq nümayəndələrini göndərəcəkdir. Nümayəndə araşdırmada iştirak etməyə gəlməmiş, namizəd isə iclasda iştirak etməmişdir.

Namizəd müraciətində iddia etmişdir ki, seçki dairəsinin əhatə etdiyi 3, 5, 7, 9, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22 və 28 saylı seçki məntəqələrində səsvermə günü seçki qanunvericiliyinin pozulması halları müşahidə edilmiş və bu barədə dairə seçki komissiyasına müraciət edərək seçki dairəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılmasını xahiş etmişdir. R.N.Hüseynov dairə seçki komissiyası tərəfindən şikayətinin araşdırılması prosesinə dəvət edilməmiş, ancaq iclasa dəvət olunmuş və iclasda iştirak etmişdir. Dairə seçki komissiyasının qərarında baş vermiş pozuntularla bağlı müraciətə əlavə etdiyi seçki prosesini müşahidə etmiş müşahidəçilərin tərtib etdikləri müvafiq aktlara hüquqi qiymət verilərək göstərilmişdir ki, eyni müşahidəçilərin eyni saatlarda ayrı-ayrı məntəqələrdə olması müşahidənin tamlığına şübhələr yaradır. Bundan əlavə, R.N.Hüseynovun təqdim etdiyi aktları tərtib etmiş seçki subyektlərin izahatları alınmayıb. Həmçinin, qərarda qeyd edilir ki, seçki məntəqələri ilə əlaqədar pozuntular ilk növbədə məntəqə seçki komissiyasına verilməli idi. Həmin aktlar müvafiq məntəqə seçki komissiyalarına verilmədiyinə görə ehtimal olunan pozuntusunun olub-olmamasını araşdırmaq mümkün deyildir.

Göstərilənlərlə bağlı qeyd edilməlidir ki, şikayətçi tərəfindən təqdim edilmiş şikayətə hər hansı bir sənəd əlavə edilmədiyindən və araşdırma prosesinə dəvət edilsə də, iştirak edərək göstərdiyi hallarla bağlı dairə seçki komissiyasına təqdim etdiyi aktlardan əlavə digər sənəd təqdim edilmədiyindən, araşdırma dairə seçki komissiyası tərəfindən alınmış izahatlar üzrə aparılmışdır. Belə ki, müraciət etmiş namizədin şikayətində yuxarıda qeyd edilən məntəqələr üzrə mənbəyi müəyyən olunmayan məlumatlar sadalanmışdır. Həmin məlumatların səsvermə gününə aid olması ehtimal olunsa da təqdim edən şəxslərin statusunun müəyyən edilməməsi və imzalarının olmaması qeyd edilən məlumatların mötəbər sübut kimi qəbul edilməsi mümkün deyildir. Şikayətə əlavə edilmiş bir ədəd CD diskdə olan görüntülər və foto şəkillər müşahidə aparılması prinsipinin pozulması ilə əldə edildiyindən sübut kimi qəbul edilə bilməz. Belə ki, Seçki Məcəlləsinin 41.1.3-cü maddəsinə əsasən, müşahidə açıq aparılmalıdır və həmin Məcəllənin 42.2.8-ci maddəsinə əsasən, müşahidəçinin səsvermənin təşkili ilə əlaqədar təklif və iradlarla məntəqə seçki komissiyasının sədrinə və ya onu əvəz edən şəxsə müraciət etmək hüququ vardır. Müraciətdə göstərilən halda isə şikayətçi müşahidəçilərin seçki qanunvericiliyinin yuxarıda qeyd edilən tələblərinə riayət etməmələrini nəzərə almamışdır.

Dairə seçki komissiyasına edilmiş müraciətlə bağlı məntəqə seçki komissiyalarının müxtəlif siyasi qüvvələri təmsil edən komissiya üzvlərindən və mübahisələndirilən seçki məntəqələrində müşahidə aparmış müşahidəçilərdən, o cümlədən 3 saylı seçki məntəqəsində müşahidə aparmış L.Qurbanova, 5 saylı seçki məntəqəsində müşahidə aparmış A.Qasımov, D.Qəmbərova, A.Ağayeva, 7 saylı seçki məntəqəsində müşahidə aparmış E.Abbasova, P.Qüdrətova, A.Vəliyeva, 9 saylı seçki məntəqəsində müşahidə aparmış S.Sadıqova, T.Tağıyeva, 14 saylı seçki məntəqəsində müşahidə aparmış F.Seyidova, S.Balakişiyeva, 15 saylı seçki məntəqəsində müşahidə aparmış A.Rəhimova, İ.Hacıyeva, 16 saylı seçki məntəqəsində müşahidə aparmış İ.Abdullayeva, 17 saylı seçki məntəqəsində müşahidə aparmış T.Qəmbərova, G.Dadaşova, 18 saylı seçki məntəqəsində müşahidə aparmış M.İsmayılova, 19 saylı seçki məntəqəsində müşahidə aparmış S.Seyidova, M.Yusifova, 20 saylı seçki məntəqəsində müşahidə aparmış G,Babayeva, 21 saylı seçki məntəqəsində müşahidə aparmış A.Dadaşova, Z.Babayeva, 22 saylı seçki məntəqəsində müşahidə aparmış J.Xəlilova, 28 saylı seçki məntəqəsində müşahidə aparmış E.Məmmədova, O.Biryukova, M.Məmmədova, G.Yusifzadə izahatlarında səsvermə prosesində, səslərin sayılmasında və nəticələrin müəyyən edilərək protokolların tərtib edilməsində seçki qanunvericiliyinin tələblərinə riayət edildiyini, qanun pozuntularına yol verilmədiyini, müşahidə prosesinə müdaxilə hallarının olmadığını təsdiq etmişlər. Qeyd edilən seçki məntəqələrinin məntəqə seçki komissiyasinin üzvləri də izahatlarında müraciətdə göstərilənləri təkzib etmişlər.

Şikayətin araşdırılması ilə əlaqədar dairə seçki komissiyasının əhatə etdiyi 3, 4, 7, 9, 12, 16, 17, 19, 22 və 27 saylı seçki məntəqələrində quraşdırılmış vebkameralarda olan görüntülərdən istifadə edilməklə mübahisələndirilən seçki məntəqələri üzrə seçmə üsulu ilə görüntülərə baxış keçirilmişdir. Pozuntunun olduğu iddia edilən 7 saylı seçki məntəqəsi üzrə görüntülərə baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin məntəqədə əsasən gözdən əlil seçicilər səs vermişlər, onların səsverməsi üçün bütün şərait yaradılmış, ancaq onlar fiziki qüsurlarına görə seçki məntəqəsinə digər şəxslərin köməyi və müşaiyəti ilə gəlmişlər və öz hüquqlarından istifadə etmişlər. Görüntülərə baxış keçirilərkən pozuntu aşkar edilməmişdir. Eyni zamanda qeyd edilməlidir ki, 18 sayli Nərimanov-Nizami seçki dairəsi üzrə gözdən əlil Əliyev Vüqar Elbrus oğlu qeydə alınmış namizəd olmuşdur, onun özü və müşahidəçiləri tərəfindən səsvermə günü pozuntu baş verməsi ilə əlaqədar müraciət daxil olmamışdır.

Araşdırma ilə müəyyən edilmişdir ki, dairə seçki komissiyası tərəfindən deputatlığa namizəd R.N.Hüseynovun müraciəti ilə bağlı ətraflı araşdırma aparılmış, iclasda onun iştirakı təmin edilmiş, o, araşdırma ilə əlaqədar aidiyyəti şəxslərdən alınan izahatlar və digər sənədlərlə tanış olmuşdur. Müraciətdə qanun pozuntularının olduğunun iddia edildiyi 14 seçki məntəqəsi üzrə səsvermə günü müxtəlif maraqları təmsil etməklə həmin məntəqələrdə müşahidə aparmış çoxsaylı müşahidəçilər tərəfindən tərtib edilmiş 103 ədəd aktlar və izahatlarla şikayətçinin göstərdiyi seçki məntəqələrində iddia edilən pozuntuların baş vermədiyi öz əksini tapmış və namizədin müraciətində göstərdiyi pozuntu halları təkzib edilmişdir.

Hərtərəfli və obyektiv araşdırma nəticəsində dairə seçki komissiyası namizəd R.N.Hüseynovun şikayətinin təmin edilməməsi barədə düzgün nəticəyə gəlmişdir.

Hazırkı müraciətin araşdırılması prosesində dairə seçki komissiyasının şikayət edilən qərarı ilə bağlı araşdırmanın nəticələrinə hüquqi qiymət verilməklə yanaşı səsvermə günü seçki məntəqələrində səsvermə başlanandan səslərin sayılması və səsvermənin nəticələrinə dair protokolların tərtib edilməsinin başa çatmasına kimi müşahidə aparmış və izahat vermiş bir sıra müşahidəçilərlə əlaqə saxlanılmış, onlar səsvermə günü müşahidə apardıqları seçki məntəqələri üzrə seçki qanunvericiliyinin tələblərinin pozulmadığına dair akt tərtib edilərək imza etdiklərini təsdiq etmişlər.

Göstərilənlərə əsasən şikayətin təmin edilməsi və dairə seçki komissiyasının şikayətlə bağlı qərarının ləğv edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən müraciət əsassız hesab edilərək təmin edilməməli, 18 saylı Nərimanov-Nizami seçki dairəsi dairə seçki komissiyasının 7 noyabr 2015-ci il tarixli 24/56 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

 

1. 2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 18 saylı Nərimanov-Nizami seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş və qeydə alınmış Hüseynov Ramin Nizami oğlunun 13 noyabr 2015-ci il tarixli 177 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 7 noyabr 2015-ci il tarixli 24/56 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr           Məzahir Pənahov

Katib          Arifə Muxtarova

Katib          Mikayıl Rəhimov

 

17 Noyabr 2015, 09:11

http://www.azertag.net

841—850 / 10511

14 Fevral 2022, 16:02

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuları və mülki işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

14 Fevral 2022, 16:02

“Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

10 Fevral 2022, 15:02

“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 yanvar tarixli 2446 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

10 Fevral 2022, 15:02

E.A.Əliyevin Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

10 Fevral 2022, 15:02

E.A.Əliyev Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

10 Fevral 2022, 15:02

R.Ç.Nəcəfin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

10 Fevral 2022, 15:02

R.Ç.Nəcəfin Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

10 Fevral 2022, 15:02

R.İ.Abdullayevin Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

10 Fevral 2022, 15:02

“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli 844 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

10 Fevral 2022, 15:02

R.İ.Abdullayevin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...