Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Son illərdə Azərbaycan Respublikasının tranzit potensialının artırılması istiqamətində bir sıra irimiqyaslı layihələr həyata keçirilmişdir. Belə ki, Xəzər hövzəsində ən böyük liman olan yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Bakı Gəmiqayırma Zavodu fəaliyyətə başlamış, Bakı–Böyük Kəsik dəmir yolunun yenidən qurulması və Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin inşası reallaşmaqdadır.
Azərbaycanda bir neçə beynəlxalq hava limanının tikintisi, yeni təyyarə və gəmilərin alınması, müasir avtomobil yolları şəbəkəsinin yaradılması ölkəmizin nəqliyyat infrastrukturunun güclənməsində mühüm rol oynamış və tranzit daşımalarda iştirak imkanlarını genişləndirmişdir.
Ölkənin nəqliyyat sektorunda icra edilən layihələrlə yanaşı, Azərbaycan Respublikasının ərazisindən keçən tranzit dəhlizlərin rəqabət qabiliyyətinin və səmərəliliyinin artırılması, həmin dəhlizlərə əlavə tranzit yük axınlarını cəlb etmək istiqamətində bir sıra tədbirlərin görülməsi, o cümlədən yükdaşımaların keyfiyyətinin yüksəldilməsi, yüklərin çatdırılma müddətinin və nəqliyyat xərclərinin azaldılması da vacibdir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə tranzit yüklərin daşınması sahəsində vahid, çevik və şəffaf tarif siyasətinin həyata keçirilməsi, sərhədkeçmə prosedurlarının və daşıma proseslərinin asanlaşdırılması, habelə bu sahədə fəaliyyət göstərən dövlət qurumları arasında əlaqələndirmə işlərinin təmin edilməsi məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası yaradılsın.
2. “Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
3. “Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının tərkibi” təsdiq edilsin (əlavə olunur).
4. Azərbaycan Respublikasının ərazisindən dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə tranzit yüklərin daşınmasında “bir pəncərə” prinsipi tətbiq olunsun.
5. Azərbaycan Respublikasının ərazisindən dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə tranzit yüklərin daşınmasında “bir pəncərə” prinsipinin tətbiqi üzrə vahid dövlət orqanının səlahiyyətlərinin həyata keçirilməsi Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasına həvalə edilsin.
6. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
6.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
6.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
6.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
6.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
7. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi:
7.1. dəmir yolları və dəniz nəqliyyatı ilə tranzit yükdaşıma xidmətlərinin, habelə tranzit yüklərlə bağlı liman qurğularının istismarı, yükaşırma və dəniz limanında göstərilən digər xidmətlərin tariflərinin və həmin tariflər üzrə güzəştlərin müəyyən edilməsi qaydasını iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
7.2. Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası ilə birlikdə ölkənin dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə tranzit yükdaşımalarla bağlı özündə yükdaşımaların vahid tariflərini, sərhədkeçmə prosedurlarını, yükdaşımalar üzrə daşıma qaydalarını və şərtlərini, o cümlədən müqavilələrin şərtlərini və bağlanma qaydasını, Azərbaycan Respublikasının dövlət sərhədindən keçmə zamanı inzibati prosedurlara dair elektron müraciətlərin qəbulu və yüklərin daşınması sahəsində müqavilələrin elektron üsullarla bağlanması imkanlarını, yüklərin izlənməsi və daşıma prosesləri ilə əlaqədar digər məsələləri əks etdirən elektron portalın yaradılmasını təmin etsin.
8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
9. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının cari fəaliyyətinin təşkili Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının Katibliyi tərəfindən həyata keçirilir.
10. Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası Azərbaycan Respublikasında dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə tranzit yüklərin daşınması sahəsində görülən işlər barədə Azərbaycan Respublikasının Prezidentinə ildə iki dəfə məlumat təqdim olunmasını təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 oktyabr 2015-ci il.
22 Oktyabr 2015, 09:10
6 Fevral 2017, 09:02
“İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə ətraflı...
6 Fevral 2017, 09:02
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 491-VQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
6 Fevral 2017, 09:02
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə ətraflı...
6 Fevral 2017, 09:02
“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 469-VQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
6 Fevral 2017, 09:02
“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə ətraflı...
6 Fevral 2017, 09:02
“Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə ətraflı...
6 Fevral 2017, 09:02
Azərbaycan Respublikası Hökuməti ilə Lixtenşteyn Knyazlığı Hökuməti arasında 2013-cü il 29 noyabr tarixli “Azərbaycan Respublikası və Avropa İttifaqı arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında” Sazişdə nəzərdə tutulan qaydaların qarşılıqlı olaraq tətbiq edilməsi barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin və Lixtenşteyn Knyazlığı Xarici İşlər, Təhsil və Mədəniyyət Nazirliyinin notalar mübadiləsi formasında bağlanmış Sazişin təsdiq edilməsi haqqında ətraflı...
6 Fevral 2017, 09:02
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 54.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI ətraflı...
6 Fevral 2017, 09:02
S.C.Həsənovaya “Əməkdar hüquqşünas” fəxri adının verilməsi haqqında ətraflı...
3 Fevral 2017, 09:02
Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının tabeliyində “Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi” publik hüquqi şəxsin yaradılması ilə bağlı tədbirlər haqqında ətraflı...