2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 11 oktyabr 2015-ci il tarixli 89 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 28 saylı Sabunçu üçüncü seçki dairəsi üzrə namizədliyi Ümid Partiyası tərəfindən irəli sürülmüş Bağırzadə Aynur Qafar qızı 11 oktyabr 2015-ci ildə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək namizəd kimi qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının qərarını mübahisələndirmiş, müvafiq qərar qəbul edilməsi yolu ilə pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir.
Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.
Namizəd A.Q.Bağırzadə müraciətində qeyd etmişdir ki, 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 28 saylı Sabunçu üçüncü seçki dairəsi üzrə namizədliyi Ümid Partiyası tərəfindən irəli sürülmüş, həmin dairənin ərazisində seçicilərin imzası toplanılaraq imza vərəqələri və ona əlavə edilmiş digər zəruri sənədlər dairə seçki komissiyasına təqdim edilmiş, ancaq dairə seçki komissiyası əsassız olaraq namizədliyinin qeydə alınmasından imtina etmişdir.
Araşdırma prosesində müraciət etmiş deputatlığa namizəd ilə əlaqə saxlanılmış, ona əlavə sənədlər və materiallar təqdim etmək, araşdırmada və iclasda iştirak etmək hüquqlarının olması izah edilmişdir.
Dairə seçki komissiyasının mübahisələndirilən 7 oktyabr 2015-ci il tarixli 14/42 saylı qərarında namizədliyi özü tərəfindən irəli sürülmüş A.Q.Bağırzadənin namizəd kimi qeydə alınmasından imtinanın əsası kimi namizəd tərəfindən təqdim edilmiş 500 seçici imzasını vermiş 77 seçicinin yazılı ərizə ilə dairə seçki komissiyasına müraciət edərək aldadılma nəticəsində imza verdikləri, həmin imzaların ərizəçinin müdafiəsi üçün olduğunu bilmədikləri göstərilmişdir.
Aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, dairə seçki komissiyası, imzalarının etibarsız hesab edilməsi barədə ərizə ilə müraciət etmiş seçicilərin müraciətləri əsasında bütün halları araşdıraraq öz qərarında əks etdirmiş və Seçki Məcəlləsinin 113.1.1-ci maddəsinə əsasən deputatlığa namizəd A.Q.Bağırzadənin namizədliyinin qeydə alınmasından imtina edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir.
Belə ki, deputatlığa namizəd tərəfindən namizədin qeydə alınması üçün təqdim olunmuş 10 imza vərəqəsindəki 500 seçici imzası vermiş seçicilərdən 77 nəfəri yazılı ərizə ilə dairə seçki komissiyasına müraciət edərək aldadılma nəticəsində imza verdiklərini və həmin imzaların deputatlığa namizədin müdafiəsi üçün olduğunu bilmədiklərini göstərmişlər. Mərkəzi Seçki Komissiyasında aparılan araşdırma prosesində həmin seçicilər imzalarının etibarsız hesab edilməsi barədə ərizə ilə dairə seçki komissiyasına müraciət etdiklərini təsdiq etmişlər.
Seçki Məcəlləsinin 113.1.1-ci maddəsində göstərilir ki, seçki komissiyası namizədin qeydiyyata alınmasından, onun tərəfindən bu Məcəlləyə uyğun təqdim etdikləri məlumatlar həqiqi olmadıqda və ya onların etibarsızlığı əhəmiyyətli xarakter daşıdıqda (bu Məcəllənin 60.3-cü maddəsində göstərilən hallar istisna olmaqla) imtina edə bilər.
Namizəd tərəfindən namizədliyin qeydə alınması üçün təqdim edilmiş imzalardan 77-nin qeyd edilən əsaslara görə etibarsızlığı əhəmiyyətli xarakter daşıdığından və həmin imzalar çıxıldıqdan sonra yerdə qalan 423 imza namizədin qeydə alınması üçün kifayət etmədiyindən, Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən digər imzaların yoxlanılmasına zərurət qalmamışdır.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 147.1-ci maddəsinə əsasən, namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanılmalıdır.
Bundan başqa, ərizəçinin imza vərəqələrinin və qeydiyyat üçün zəruri sənədlərinin yoxlanılması, dairə seçki komissiyasının iclasında iştiraka dəvət edilməməsi, habelə, işçi qrupunun imzaların yoxlanılmasının nəticələrinə dair protokolunun ona verilməməsinə dair iddialar öz təsdiqini tapmamışdır.
Göstərilənlərə əsasən şikayət əsassız olduğundan təmin edilməməli, namizədin qeydə alınmasından imtinaya dair 28 saylı Sabunçu üçüncü seçki dairəsi dairə seçki komissiyasının 7 oktyabr 2015-ci il tarixli 14/42 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 59-cu, 112-ci, 112-1-ci, 113.1.1-ci, 147.1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:
1. 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 28 saylı Sabunçu üçüncü seçki dairəsi üzrə namizədliyi Ümid Partiyası tərəfindən irəli sürülmüş Bağırzadə Aynur Qafar qızının 11 oktyabr 2015-ci il tarixli 89 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 7 oktyabr 2015-ci il tarixli 14/42 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
14 Oktyabr 2015, 09:1030 Noyabr 2017, 10:11
Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Sazişin təsdiq edilməsi haqqında ətraflı...
30 Noyabr 2017, 10:11
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 avqust tarixli 446 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ədliyyə orqanlarında ali xüsusi rütbəli vəzifələrin Siyahısı”nda dəyişiklik edilməsi haqqında ətraflı...
30 Noyabr 2017, 10:11
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Avropa İttifaqı ilə əməkdaşlığı üzrə Dövlət Komissiyasının yaradılması haqqında” 2005-ci il 1 iyun tarixli 834 nömrəli, “İxrac Nəzarəti üzrə Komissiyanın və idarələrarası ekspertlər qrupunun yaradılması haqqında” 2006-cı il 19 dekabr tarixli 1839 nömrəli və “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası üzrə Milli Fəaliyyət Qrupunun yaradılması haqqında” 2013-cü il 29 may tarixli 2918 nömrəli sərəncamlarında dəyişikliklər edilməsi barədə ətraflı...
30 Noyabr 2017, 10:11
T.E.Həsənova ədliyyə general-mayoru ali xüsusi rütbəsinin verilməsi haqqında ətraflı...
30 Noyabr 2017, 10:11
Ağcabədi şəhərində çoxmənzilli binaların əsaslı təmiri və abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
30 Noyabr 2017, 10:11
Tərtər şəhərində çoxmənzilli binaların əsaslı təmiri və abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
28 Noyabr 2017, 10:11
“Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 27 oktyabr tarixli 661 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə ətraflı...
28 Noyabr 2017, 10:11
Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün DÖVLƏT PROQRAMI ətraflı...
28 Noyabr 2017, 10:11
“Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında ətraflı...
28 Noyabr 2017, 10:11
“İqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan–Vyetnam Hökumətlərarası Komissiyasının Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 27 oktyabr tarixli 1476 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə ətraflı...