2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 11 oktyabr 2015-ci il tarixli 89 saylı müraciətə baxılması barədə

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 28 saylı Sabunçu üçüncü seçki dairəsi üzrə namizədliyi Ümid Partiyası tərəfindən irəli sürülmüş Bağırzadə Aynur Qafar qızı 11 oktyabr 2015-ci ildə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək namizəd kimi qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının qərarını mübahisələndirmiş, müvafiq qərar qəbul edilməsi yolu ilə pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir.

 

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.

Namizəd A.Q.Bağırzadə müraciətində qeyd etmişdir ki, 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 28 saylı Sabunçu üçüncü seçki dairəsi üzrə namizədliyi Ümid Partiyası tərəfindən irəli sürülmüş, həmin dairənin ərazisində seçicilərin imzası toplanılaraq imza vərəqələri və ona əlavə edilmiş digər zəruri sənədlər dairə seçki komissiyasına təqdim edilmiş, ancaq dairə seçki komissiyası əsassız olaraq namizədliyinin qeydə alınmasından imtina etmişdir.

Araşdırma prosesində müraciət etmiş deputatlığa namizəd ilə əlaqə saxlanılmış, ona əlavə sənədlər və materiallar təqdim etmək, araşdırmada və iclasda iştirak etmək hüquqlarının olması izah edilmişdir.

Dairə seçki komissiyasının mübahisələndirilən 7 oktyabr 2015-ci il tarixli 14/42 saylı qərarında namizədliyi özü tərəfindən irəli sürülmüş A.Q.Bağırzadənin namizəd kimi qeydə alınmasından imtinanın əsası kimi namizəd tərəfindən təqdim edilmiş 500 seçici imzasını vermiş 77 seçicinin yazılı ərizə ilə dairə seçki komissiyasına müraciət edərək aldadılma nəticəsində imza verdikləri, həmin imzaların ərizəçinin müdafiəsi üçün olduğunu bilmədikləri göstərilmişdir.

Aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, dairə seçki komissiyası, imzalarının etibarsız hesab edilməsi barədə ərizə ilə müraciət etmiş seçicilərin müraciətləri əsasında bütün halları araşdıraraq öz qərarında əks etdirmiş və Seçki Məcəlləsinin 113.1.1-ci maddəsinə əsasən deputatlığa namizəd A.Q.Bağırzadənin namizədliyinin qeydə alınmasından imtina edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir.

Belə ki, deputatlığa namizəd tərəfindən namizədin qeydə alınması üçün təqdim olunmuş 10 imza vərəqəsindəki 500 seçici imzası vermiş seçicilərdən 77 nəfəri yazılı ərizə ilə dairə seçki komissiyasına müraciət edərək aldadılma nəticəsində imza verdiklərini və həmin imzaların deputatlığa namizədin müdafiəsi üçün olduğunu bilmədiklərini göstərmişlər. Mərkəzi Seçki Komissiyasında aparılan araşdırma prosesində həmin seçicilər imzalarının etibarsız hesab edilməsi barədə ərizə ilə dairə seçki komissiyasına müraciət etdiklərini təsdiq etmişlər.

Seçki Məcəlləsinin 113.1.1-ci maddəsində göstərilir ki, seçki komissiyası namizədin qeydiyyata alınmasından, onun tərəfindən bu Məcəlləyə uyğun təqdim etdikləri məlumatlar həqiqi olmadıqda və ya onların etibarsızlığı əhəmiyyətli xarakter daşıdıqda (bu Məcəllənin 60.3-cü maddəsində göstərilən hallar istisna olmaqla) imtina edə bilər.

Namizəd tərəfindən namizədliyin qeydə alınması üçün təqdim edilmiş imzalardan 77-nin qeyd edilən əsaslara görə etibarsızlığı əhəmiyyətli xarakter daşıdığından və həmin imzalar çıxıldıqdan sonra yerdə qalan 423 imza namizədin qeydə alınması üçün kifayət etmədiyindən, Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən digər imzaların yoxlanılmasına zərurət qalmamışdır.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 147.1-ci maddəsinə əsasən, namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanılmalıdır.

Bundan başqa, ərizəçinin imza vərəqələrinin və qeydiyyat üçün zəruri sənədlərinin yoxlanılması, dairə seçki komissiyasının iclasında iştiraka dəvət edilməməsi, habelə, işçi qrupunun imzaların yoxlanılmasının nəticələrinə dair protokolunun ona verilməməsinə dair iddialar öz təsdiqini tapmamışdır.

Göstərilənlərə əsasən şikayət əsassız olduğundan təmin edilməməli, namizədin qeydə alınmasından imtinaya dair 28 saylı Sabunçu üçüncü seçki dairəsi dairə seçki komissiyasının 7 oktyabr 2015-ci il tarixli 14/42 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 59-cu, 112-ci, 112-1-ci, 113.1.1-ci, 147.1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

 

1. 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 28 saylı Sabunçu üçüncü seçki dairəsi üzrə namizədliyi Ümid Partiyası tərəfindən irəli sürülmüş Bağırzadə Aynur Qafar qızının 11 oktyabr 2015-ci il tarixli 89 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 7 oktyabr 2015-ci il tarixli 14/42 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

14 Oktyabr 2015, 09:10

http://www.azertag.net

4371—4380 / 10511

19 Dekabr 2017, 09:12

Ə.Ə.Əliyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında   ətraflı...

18 Dekabr 2017, 09:12

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli 394 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin büdcədən maliyyələşdirilən işçilərinin say həddi”ndə dəyişiklik edilməsi haqqında   ətraflı...

18 Dekabr 2017, 09:12

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 901-VQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

18 Dekabr 2017, 09:12

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə   ətraflı...

18 Dekabr 2017, 09:12

“Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 17 noyabr tarixli 867-VQD nömrəli Qanununun tətbiqi və “Reklam haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1281-IVQ nömrəli Qanununun tətbiqi və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 noyabr tarixli 644 nömrəli Fərmanının ləğvi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 554 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə   ətraflı...

18 Dekabr 2017, 09:12

“Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə   ətraflı...

18 Dekabr 2017, 09:12

“Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 17 noyabr tarixli 865-VQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

18 Dekabr 2017, 09:12

“Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə   ətraflı...

18 Dekabr 2017, 09:12

“Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 17 noyabr tarixli 864-VQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

18 Dekabr 2017, 09:12

“İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 17 noyabr tarixli 862-VQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...