Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi haqqında ƏSASNAMƏ

Azərbaycan Respublikası Prezidentinin

2014-cü il 20 fevral tarixli Fərmanı ilə  təsdiq edilmişdir

Əlavə 1

 

1. Ümumi müddəalar

 

1.1. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi (bundan sonra - Nazirlik) Azərbaycan Respublikasının iqtisadi siyasətini, iqtisadi və sosial proqnozlarını işləyib hazırlayan, iqtisadiyyatın ayrı-ayrı sahələrinin, o cümlədən sənayenin inkişafı, ölkə iqtisadiyyatında struktur və innovasiya, investisiya fəaliyyəti, investisiyaların cəlb edilməsi, qoyulması və təşviqi, sahibkarlığın inkişafı, sahibkarlığa dövlət dəstəyi, rəqabətin qorunması, inkişafı və təşviqi, haqsız rəqabətin aradan qaldırılması, istehlakçıların hüquqlarının qorunması, daxili ticarət, xarici iqtisadi və ticarət əlaqələri, regionların sosial-iqtisadi inkişafı və mənzil-kommunal təsərrüfatı sahələrində (bundan sonra – müvafiq sahədə) dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

1.2. Nazirlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.

1.3. Nazirlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.4. Nazirliyin müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Azərbaycan Respublikasının dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.

1.5. Nazirliyin saxlanma xərcləri və fəaliyyəti, habelə maddi-texniki təminatı Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunla nəzərdə tutulmuş digər mənbələr hesabına maliyyələşdirilir.

1.6. Nazirlik Bakı şəhərində yerləşir.

 

2. Nazirliyin fəaliyyət istiqamətləri

 

2.0. Nazirlik aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:

2.0.1. ölkənin iqtisadi və sosial inkişafı sahəsində dövlət siyasətini hazırlayır və aidiyyəti dövlət orqanları ilə birlikdə həyata keçirilməsini təmin edir;

2.0.2. sənaye sahəsində dövlət siyasətini hazırlayır və aidiyyəti dövlət orqanları ilə birlikdə həyata keçirilməsini təmin edir;

2.0.3. dövlət idarəetməsi, maliyyə, o cümlədən büdcə, vergi, pul-kredit və valyuta, bank, sığorta, qiymətli kağızlar bazarı, qiymət-tarif, dövlət satınalmaları və digər sahələrdə dövlət siyasətinin hazırlanmasında iştirak edir;

2.0.4. sənaye parklarının və xüsusi iqtisadi zonaların yaradılması və fəaliyyəti sahəsində dövlət siyasətini hazırlayır və həyata keçirilməsini təmin edir;

2.0.5. ölkədə investisiya fəaliyyəti, investisiyaların cəlb edilməsi, qoyulması və təşviqi sahəsində dövlət siyasətini aidiyyəti dövlət orqanları ilə birlikdə hazırlayır və həyata keçirilməsini təmin edir;

2.0.6. sahibkarlığın inkişafı və sahibkarlığa dövlət dəstəyi sahəsində dövlət siyasətini hazırlayır və aidiyyəti dövlət orqanları ilə birlikdə həyata keçirilməsini təmin edir;

2.0.7. ölkədə rəqabətin qorunması, inkişafı və təşviqi, o cümlədən haqsız rəqabət hallarının aradan qaldırılması sahəsində dövlət siyasətini hazırlayır və həyata keçirilməsini təmin edir;

2.0.8. istehlakçıların hüquqlarının qorunması və istehlak mallarının (işlərin, xidmətlərin) keyfiyyətinin təmin olunması sahəsində dövlət siyasətini aidiyyəti dövlət orqanları ilə birlikdə hazırlayır və həyata keçirilməsini təmin edir;

2.0.9. daxili ticarət, istehlak bazarı və xidmət sahəsində dövlət siyasətini aidiyyəti dövlət orqanları ilə birlikdə hazırlayır və həyata keçirilməsini təmin edir;

2.0.10. xarici iqtisadi əlaqələrin və xarici ticarət fəaliyyətinin inkişafı və tənzimlənməsi sahəsində dövlət siyasətini aidiyyəti dövlət orqanları ilə birlikdə hazırlayır və həyata keçirilməsini təmin edir;

2.0.11. regionların sosial-iqtisadi inkişafı sahəsində dövlət siyasətini aidiyyəti dövlət orqanları ilə birlikdə hazırlayır və həyata keçirilməsini təmin edir;

2.0.12. mənzil-kommunal təsərrüfatı sahəsində dövlət siyasətini aidiyyəti dövlət orqanları ilə birlikdə hazırlayır və həyata keçirilməsini təmin edir;

2.0.13. ölkənin iqtisadi və sosial inkişaf proqnozlarını hazırlayır;

2.0.14. makroiqtisadi proqnozlaşdırmanı həyata keçirir, dövlət və icmal büdcələrin gəlir və xərclərinin əsaslandırılmasında iştirak edir;

2.0.15. ölkə iqtisadiyyatında struktur və innovasiya siyasətini hazırlayır və aidiyyəti dövlət orqanları ilə birlikdə həyata keçirir;

2.0.16. ölkənin iqtisadi təhlükəsizliyi və davamlı inkişafı, iqtisadi maraqlarının qorunması sahəsində tədbirlərin hazırlanmasını və həyata keçirilməsini aidiyyəti dövlət orqanları ilə birlikdə təmin edir;

2.0.17. aidiyyəti dövlət orqanları ilə birlikdə sosial-iqtisadi inkişaf, o cümlədən prioritet sahələrin inkişafı üzrə konsepsiyaların və dövlət proqramlarının hazırlanmasını, icrasının əlaqələndirilməsini və nəzarətini (monitorinqini) həyata keçirir;

2.0.18. müvafiq sahənin inkişafını təmin edir;

2.0.19. müvafiq sahədə normayaratma fəaliyyətini həyata keçirir.

 

3. Nazirliyin vəzifələri

 

3.0. Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Nazirliyin vəzifələri aşağıdakılardır:

3.0.1. ölkənin iqtisadi və sosial inkişafının əsas istiqamətlərini hazırlamaq, aidiyyəti dövlət orqanlarının iştirakı ilə onların həyata keçirilməsini təmin etmək;

3.0.2. ölkənin sosial-iqtisadi vəziyyətini, inkişaf dinamikasını təhlil etmək, proqnozlaşdırmaq, iqtisadiyyatın dövlət tənzimlənməsi, iqtisadi və sosial inkişafın prioritet istiqamətləri barədə təkliflər hazırlamaq və aidiyyəti dövlət orqanlarına təqdim etmək;

3.0.3. aidiyyəti dövlət orqanları ilə birlikdə toplu maliyyə və tədiyə balanslarını proqnozlaşdırmaq;

3.0.4. dövlət büdcəsinin formalaşdırılması üçün ölkənin iqtisadi və sosial inkişafının proqnoz göstəricilərini hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;

3.0.5. ölkə iqtisadiyyatında, o cümlədən sənayesində struktur siyasətinin əsas istiqamətlərini hazırlamaq və aidiyyəti dövlət orqanları ilə birlikdə həyata keçirilməsini təmin etmək;

3.0.6. iqtisadiyyatda, o cümlədən sənayedə innovasiya və elmi-texniki siyasətin formalaşmasını aidiyyəti dövlət orqanları ilə birlikdə təmin etmək;

3.0.7. aidiyyəti dövlət orqanları ilə birlikdə ölkənin iqtisadi və ərzaq təhlükəsizliyi ilə bağlı tədbirlər hazırlamaq və həyata keçirmək;

3.0.8. dövlət idarəetməsi, maliyyə, o cümlədən dövlət büdcəsi, vergi, pul-kredit və valyuta, bank, sığorta, qiymətli kağızlar bazarı, qiymət-tarif, dövlət satınalmaları və digər sahələrdə dövlət siyasətinin işlənib hazırlanmasında və tənzimlənməsində, prioritetlərin müəyyən olunmasında iştirak etmək;

3.0.9. ölkənin sosial siyasətinin, o cümlədən sosial sahələrin inkişafına dövlət dəstəyi mexanizmlərinin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

3.0.10. aidiyyəti dövlət orqanları ilə birlikdə minimal sosial standartların hazırlanmasında iştirak etmək;

3.0.11. əmək ehtiyatları və məşğulluq sahəsində əsas istiqamətlərin müəyyənləşdirilməsi və həyata keçirilməsi üçün aidiyyəti dövlət orqanları ilə birlikdə tədbirlər görmək;

3.0.12. qiymət-tarif siyasətinin ümumi prinsiplərinə, dövlət tərəfindən qiymətləri tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısına, o cümlədən sosial əhəmiyyətli və təbii inhisar subyektlərinin məhsullarının qiymətlərinin tənzimlənməsinə, habelə tənzimlənən qiymətlərin formalaşdırılmasına dair təkliflər vermək, tətbiqi qaydalarına nəzarəti həyata keçirmək, ayrı-ayrı sahələr üzrə müəssisə və təşkilatlara, investorlara güzəştlərin verilməsinə dair təkliflər hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;

3.0.13. aidiyyəti dövlət orqanları ilə birlikdə mərkəzləşdirilmiş valyuta ehtiyatlarından istifadə istiqamətlərinin müəyyənləşdirilməsində iştirak etmək;

3.0.14. ölkədə əsas fondların təzələnməsi siyasətinin hazırlanmasında, onların yenidən qiymətləndirilməsində, amortizasiya normalarının hazırlanmasında və tətbiq edilməsində iştirak etmək;

3.0.15. ölkədə aparılan iqtisadi siyasətə uyğun olaraq, aidiyyəti dövlət orqanları ilə birlikdə rüsumların və vergilərin, digər icbari ödənişlərin dərəcələri ilə bağlı təkliflər hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;

3.0.16. təbii, o cümlədən enerji resurslarından səmərəli istifadə mexanizminin, ölkənin yanacaq-enerji balansının işlənib hazırlanmasında və onun strukturunun təkmilləşdirilməsində iştirak etmək;

3.0.17. dövlət aktivlərinin idarə edilməsinə dair dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində, dövlət mülkiyyətinin strukturunun təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanmasında iştirak etmək;

3.0.18. sənayenin, o cümlədən onun ayrı-ayrı sahələrinin mövcud vəziyyətini təhlil etmək, gələcək inkişafını proqnozlaşdırmaq, sənaye sektorunun inkişafı və islahatı prioritetlərinin müəyyən olunmasına və dövlət tənzimləməsi mexanizmlərinin təkmilləşdirilməsinə dair təkliflər hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;

3.0.19. Nazirliyə həvalə olunan hallarda və qaydada dövlət müəssisələrində və ya nizamnamə kapitalında dövlətin payı olan müəssisələrdə dövlətin maraqlarını təmsil etmək;

3.0.20. Nazirliyə həvalə olunan hallarda və qaydada nizamnamə kapitalında dövlətin payı olan sənaye müəssisələrinin yenidən qurulması, təkmilləşdirilməsi və sağlamlaşdırılması məqsədi ilə təkliflər hazırlamaq və aidiyyəti üzrə təqdim etmək, bu məqsədlə aidiyyəti dövlət orqanlarından və təşkilatlardan belə müəssisələrin vəziyyəti haqqında lazımi məlumatlar almaq, onları təhlil etmək;

3.0.21. ölkənin sənaye məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsini genişləndirmək məqsədi ilə tədbirlər hazırlamaq və həyata keçirmək;

3.0.22. yerli resurslardan səmərəli istifadə etməklə rəqabətqabiliyyətli son sənaye məhsulu istehsalının, yeni sənaye sahələrinin, o cümlədən yüksək əlavə dəyər yaradan istehsal sahələrinin yaradılmasının və fəaliyyətinin, habelə sənaye sahələri üzrə innovasiya fəaliyyətinin stimullaşdırılması, dəstəklənməsi və təşviqi ilə bağlı təkliflər vermək;

3.0.23. sənaye parklarının və xüsusi iqtisadi zonaların yaradılması və fəaliyyəti sahəsində dövlət siyasətini və tənzimlənməsini hazırlamaq və həyata keçirmək;

3.0.24. sənaye istehsalının regional strukturunun təkmilləşdirilməsi, sənaye zonalarının (sənaye klasterlərinin) yaradılması və ərazi planlaşdırılması sənədlərindən sənaye zonaları üçün ərazilərin planlaşdırılması ilə bağlı aidiyyəti dövlət və yerli özünüidarə orqanları ilə birlikdə tədbirlər həyata keçirmək;

3.0.25. sənaye müəssisələrinin fəaliyyətinin dəstəklənməsi, təkmilləşdirilməsi və onların infrastruktur təminatının yaxşılaşdırılması məqsədi ilə təkliflər vermək, müvafiq tədbirlər hazırlamaq və aidiyyəti dövlət orqanları ilə birlikdə həyata keçirmək;

3.0.26. aidiyyəti dövlət orqanları ilə birlikdə investisiya fəaliyyəti, investisiyaların cəlb edilməsi, qorunması və təşviqi sahələrində dövlət siyasətini və dövlət tənzimləmə mexanizmini hazırlamaq və həyata keçirmək;

3.0.27. ölkədə investisiya imkanlarını araşdırmaq, investisiya tələbatını öyrənmək, investisiya mühitinin yaxşılaşdırılmasına və investisiyaların stimullaşdırılmasına dair təkliflər hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;

3.0.28. aidiyyəti dövlət orqanları ilə birlikdə ölkə iqtisadiyyatına investisiyalar cəlb etmək, onlardan istifadə olunması tədbirlərini hazırlayıb həyata keçirmək, investorlara kömək etmək, investisiya fəaliyyəti ilə bağlı beynəlxalq iqtisadi (ticarət) və maliyyə (kredit) təşkilatları, xarici dövlətlərin müvafiq qurumları, hüquqi və fiziki şəxsləri ilə əməkdaşlıq etmək;

3.0.29. investisiya qoyuluşu sahəsində dövlət zəmanəti ilə alınan kreditlərin layihələri üzrə müqavilələrin (sazişlərin, kontraktların) və ya təkliflərin iqtisadi ekspertizasını aparmaq, belə kreditlərə dair xarici investorlarla danışıqlarda iştirak etmək, onların icrasına nəzarəti həyata keçirmək;

3.0.30. xarici dövlətlərin müvafiq orqanları ilə investisiyaların təşviqi və qorunması haqqında sazişlərin layihələrini hazırlamaq və bununla bağlı danışıqlar aparmaq;

3.0.31. dövlətə, dövlət orqanları və müəssisələrinə, nizamnamə kapitalında dövlətin payı olan müəssisələrə və digər dövlət təsisatlarına ayrılan qrant, maliyyə və texniki yardım layihələrinin və müvafiq müqavilə (saziş, kontrakt) layihələrinin iqtisadi ekspertizasını həyata keçirmək, onların iqtisadi nəticələrini qiymətləndirən sənədləri araşdırmaq, prioritet sahələri və əməkdaşlıq üçün əhəmiyyət kəsb edən layihələri müəyyənləşdirmək, həmin layihələrə dair danışıqlar aparmaq və ya danışıqlarda iştirak etmək, ayrılmış qrantları, maliyyə və texniki yardımları əlaqələndirmək, onlardan məqsədyönlü və səmərəli istifadə olunmasına nəzarəti həyata keçirmək, müvafiq hesabatları və sənədləri almaq;

3.0.32. dövlət büdcəsi hesabına əsaslı vəsait qoyuluşunun istiqamətlərini müəyyənləşdirmək, dövlət investisiya qoyuluşlarının səmərəliliyinin artırılması ilə bağlı tədbirlər görmək;

3.0.33. dövlət investisiya təkliflərini (layihələrini) qiymətləndirmək, dövlət investisiya proqramının layihəsini tərtib etmək, təsdiq olunduqdan sonra həmin proqramda nəzərdə tutulan tədbirlərin icrasının əlaqələndirilməsini və onların yerinə yetirilməsinə nəzarəti həyata keçirmək, habelə aidiyyəti dövlət orqanları ilə birlikdə dövlət investisiya proqramına daxil olan layihələrin icrasının monitorinqi ilə bağlı tədbirlər görmək;

3.0.34. sahibkarlığın inkişafı və sahibkarlığa dövlət dəstəyi sahəsində dövlət siyasətini və dövlət tənzimləməsini hazırlamaq və həyata keçirilməsi üçün aidiyyəti dövlət orqanları ilə birlikdə tədbirlər görmək;

3.0.35. sahibkarlığa dövlət dəstəyinin əsas istiqamətlərinin, ümumi şərtlərinin, formalarının və mexanizmlərinin hazırlanmasını təmin etmək və onların həyata keçirilməsində iştirak etmək;

3.0.36. sahibkarlığa dəstək tədbirlərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsi vəsaitlərinin, xarici və beynəlxalq kreditlərin (qrantların və digər maliyyə vəsaitlərinin) cəlb edilməsi üçün tədbirlər görmək;

3.0.37. dövlət orqanlarından və təşkilatlarından, yerli özünüidarə orqanlarından, digər şəxslərdən sahibkarların hüquqlarını və qanuni mənafelərini məhdudlaşdıran (pozan) hərəkətlərin dayandırılmasını tələb etmək;

3.0.38. sahibkarlığın inkişafı, sahibkarlıq mühiti, sahibkarlığa dövlət dəstəyi, özəl sektorda investisiya fəaliyyəti sahələrində mövcud vəziyyəti təhlil etmək, həmin sahələrin daha da inkişaf etdirilməsi məqsədi ilə təkliflərin hazırlanmasını və həyata keçirilməsini təmin etmək;

3.0.39. sahibkarların maarifləndirilməsi, o cümlədən sahibkarların iqtisadi və hüquqi informasiya ilə təmin edilməsi üçün tədbirlər görmək, kiçik və orta müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi məqsədi ilə beynəlxalq təcrübənin tətbiqini təmin etmək, onların rəqabət qabiliyyətinin artırılması istiqamətində təkliflər hazırlamaq;

3.0.40. sahibkarlıq fəaliyyətinin inkişafı və təşviqi üçün əhəmiyyət kəsb edən investisiya layihələrinin reallaşdırılması məqsədi ilə tədbirlər görmək;

3.0.41. sahibkarlığın inkişafı və əhalinin işgüzar fəaliyyətinin artırılması sahəsində dövlət maliyyə yardımının göstərilməsini Nazirliyin strukturuna daxil olan qurum vasitəsilə həyata keçirmək;

3.0.42. lisenziyalar və icazələr sisteminin tətbiqi sahəsində dövlət siyasətini və dövlət tənzimləməsinin əsas istiqamətlərini hazırlamaq və aidiyyəti dövlət orqanları ilə birlikdə həyata keçirmək, lisenziya və icazə verən dövlət orqanlarına metodiki rəhbərliyi və informasiya təminatını yerinə yetirmək, ölkədə vahid lisenziya reyestrini aparmaq;

3.0.43. dövlət orqanları tərəfindən sahibkarlara lisenziyaların, sertifikatların və şəhadətnamələrin verilməsi sahəsində qanunvericiliyə riayət edilməsinə nəzarət etmək, lisenziyalaşdırma qaydalarının tətbiqinə dair izahatlar vermək;

3.0.44. təbii inhisar subyektlərinin fəaliyyətinin dövlətin iqtisadi siyasətinə müvafiq olaraq həyata keçirilməsinin monitorinqini aparmaq və təbii inhisar subyektlərinin siyahısına dair təkliflər vermək, bu məqsədlə həmin müəssisələrdən texniki-iqtisadi göstəriciləri almaq, onları təhlil etmək və bununla bağlı tədbirlər görmək;

3.0.45. rəqabətin qorunması, inkişafı və təşviqi, haqsız rəqabət hallarının aradan qaldırılması sahəsində dövlət siyasətini hazırlamaq, həmin siyasətin və bu sahədə dövlət nəzarətinin həyata keçirilməsini Nazirliyin strukturuna daxil olan qurum vasitəsilə təmin etmək;

3.0.46. istehlakçıların hüquqlarının və qanuni maraqlarının qorunması, istehlak mallarının (işlərinin, xidmətlərinin) keyfiyyətinin təmin olunması sahəsində dövlət siyasətini aidiyyəti dövlət orqanları ilə birlikdə hazırlamaq, istehlakçıların hüquqlarının qorunmasını, ticarət, ictimai iaşə, məişət və digər növ xidmət sahələrində norma və qaydalara riayət olunmasına, istehlak bazarında malların (işlərin, xidmətlərin) keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsini Nazirliyin strukturuna daxil olan qurum vasitəsilə təmin etmək;

3.0.47. Azərbaycan Respublikasından Avropa İttifaqı ölkələrinə ixrac edilən yeyinti məhsullarının keyfiyyətinin təmin olunması ilə bağlı tədbirlər görmək;

3.0.48. daxili ticarət və xidmət sahələrində dövlət siyasətini və dövlət tənzimləməsini hazırlamaq, aidiyyəti dövlət orqanları ilə birlikdə bu siyasətin həyata keçirilməsi, habelə daxili ticarətin və istehlak bazarının inkişafı ilə bağlı tədbirlər görmək;

 

3.0.49. aidiyyəti dövlət orqanları ilə birlikdə xarici iqtisadi əlaqələrin və xarici ticarət fəaliyyətinin inkişafı və tənzimlənməsi sahələrində dövlət siyasətini hazırlayıb həyata keçirmək, bu sahədə vəziyyəti araşdırmaq və tədbirlər görmək;

3.0.50. xarici iqtisadi əlaqələr və xarici ticarət fəaliyyəti ilə bağlı xarici dövlətlərin müvafiq qurumları, hüquqi və fiziki şəxsləri ilə, beynəlxalq iqtisadi (ticarət) və maliyyə (kredit) təşkilatları, habelə digər beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək, bu sahədə danışıqlar aparmaq və müqavilələrin (sazişlərin, kontraktların) layihələrini hazırlamaq, verilmiş səlahiyyətlərə uyğun olaraq onları imzalamaq, imzalandıqdan sonra icrası üçün tədbirlər görmək, həmin təşkilatlarda müəyyən edilmiş qaydada ölkəni təmsil etmək;

3.0.51. ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasının təmin edilməsi və ticarət rejiminin təkmilləşdirilməsi məqsədi ilə təhlillər aparmaq, müvafiq təkliflər hazırlamaq və aidiyyəti dövlət orqanları ilə birlikdə onların həyata keçirilməsini təmin etmək, ölkənin dünya ticarət sisteminə inteqrasiyası istiqamətində aparılan fəaliyyəti əlaqələndirmək;

3.0.52. aidiyyəti dövlət orqanları ilə birlikdə ölkənin daxili bazarının qorunmasına dair təhlillər aparmaq, müvafiq təkliflər hazırlamaq və qəbul edildikdən sonra onların həyata keçirilməsi üçün tədbirlər görmək;

3.0.53. beynəlxalq nəqliyyat, malların tranziti, habelə xarici ticarət daşımaları ilə bağlı beynəlxalq müqavilələrin layihələrinin hazırlanmasında, razılaşdırılmasında və həyata keçirilməsində iştirak etmək;

3.0.54. xarici ticarətdə ölkənin rəqabət qabiliyyətinin artırılmasını, ixrac potensialının inkişaf etdirilməsini, yerli malların və xidmətlərin xarici bazarlara çıxarılması üçün əlverişli şərait yaradılmasını, ixracatçıların maraqlarının müdafiə olunmasını təmin etmək üçün tədbirlər hazırlamaq və aidiyyəti dövlət orqanları ilə birlikdə həyata keçirmək;

3.0.55. xarici iqtisadi və ticarət fəaliyyəti iştirakçılarının iqtisadi, hüquqi informasiya ilə təmin edilməsi üçün tədbirlər görmək, xarici iqtisadi və ticarət fəaliyyəti məsələləri üzrə informasiya sistemlərini yaratmaq;

3.0.56. dünya mal və xidmət bazarlarının konyunkturunu təhlil etmək, əldə olunan nəticələrə əsasən fəaliyyət istiqamətləri üzrə təkliflər hazırlamaq;

3.0.57. xarici ticarət fəaliyyətinin tənzimlənməsi tədbirlərinin tətbiq edilməsi haqqında aidiyyəti dövlət orqanına təkliflər vermək;

3.0.58. ticarət sahəsində ölkəyə qarşı ayrı-seçkilik hallarının mövcud olub-olmadığını müəyyənləşdirmək, belə hallar aşkarlandıqda onların aradan qaldırılması ilə bağlı təkliflər hazırlamaq və aidiyyəti dövlət orqanları ilə birlikdə həyata keçirmək;

3.0.59. ixrac nəzarəti sahəsində dövlət siyasətinin işlənib hazırlanmasında və bu siyasətin həyata keçirilməsində iştirak etmək;

3.0.60. Azərbaycan Respublikasının xarici dövlətlərdəki diplomatik nümayəndəliklərindəki və beynəlxalq təşkilatlardakı iqtisadi-ticarət nümayəndəsinin maliyyə təminatını həyata keçirmək;

3.0.61. aidiyyəti dövlət və yerli özünüidarə orqanlarını, qeyri-hökumət təşkilatlarını cəlb etməklə regionların sosial-iqtisadi inkişaf istiqamətlərini hazırlamaq, həyata keçirilməsi üçün tədbirlər görmək;

3.0.62. iqtisadi və sosial sahələrdə məqsədli proqramları və konsepsiyaları aidiyyəti dövlət orqanlarının iştirakı ilə hazırlamaq, qəbul edildikdən sonra onların əlaqələndirilməsini və icrasına nəzarəti (monitorinqi) həyata keçirmək;

3.0.63. aidiyyəti dövlət və yerli özünüidarə orqanları ilə birlikdə mənzil-kommunal təsərrüfatı sahəsində dövlət siyasətinin və dövlət tənzimləməsinin, bu sahədə islahatların istiqamətlərinin işlənib hazırlanmasını və həyata keçirilməsini təmin etmək, bununla bağlı işlərin icra vəziyyətinin monitorinqini aparmaq;

3.0.64. aidiyyəti dövlət orqanları ilə birlikdə korporativ idarəetmə prinsip və üsullarının tətbiqində iştirak etmək, korporativ idarəetmənin keyfiyyətinin yüksəldilməsi, o cümlədən müasir korporativ idarəetmə sistemlərinin tətbiq edilməsi ilə bağlı tədbirlər görmək;

3.0.65. iqtisadiyyatın səfərbərlik hazırlığına və səfərbərliyinə, habelə dövlət material ehtiyatlarının formalaşdırılmasına və istifadə olunmasına dair təkliflərin hazırlanmasında iştirak etmək;

3.0.66. müəyyən edilmiş hallarda və qaydada ayrı-ayrı fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya), icazə, sertifikat və digər hüquqmüəyyənedici sənədlər vermək, onların fəaliyyətini dayandırmaq və ləğv etmək, Azərbaycan Respublikasının kommersiya hüquqi şəxsləri tərəfindən qrant alınmasına (verilməsinə) dair müqavilələri (qərarları) qeydiyyata almaq, bununla əlaqədar olaraq digər vəzifələri həyata keçirmək;

3.0.67. müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn vəzifələri həyata keçirmək;

3.0.68. fəaliyyət istiqamətləri ilə bağlı Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini təmin etmək;

3.0.69. fəaliyyət istiqamətləri ilə bağlı insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaq;

3.0.70. qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, fəaliyyət istiqamətləri ilə bağlı elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;

3.0.71. fəaliyyət istiqamətləri ilə bağlı ayrılan büdcə vəsaitləri, kreditlər, qrantlar və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

3.0.72. Nazirliyin strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki digər qurumların vəzifələrin yerinə yetirmək üçün istifadə etdikləri məqsədli büdcə və digər vəsaitlərin xərclər smetalarını təsdiq etmək və onların təyinatı üzrə istifadəsi üzərində nəzarətin həyata keçirilməsini təmin etmək;

3.0.73. dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;

3.0.74. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunla müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yeniləşdirilməsini təmin etmək;

3.0.75. fəaliyyət istiqamətləri üzrə kadr hazırlığını təmin etmək, həmçinin mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görmək;

3.0.76. Nazirliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində tədbirlər görmək;

3.0.77. Nazirliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki digər qurumların işini əlaqələndirmək və onların fəaliyyətinə nəzarəti həyata keçirmək;

3.0.78. Nazirliyin fəaliyyət istiqamətləri və vəzifələri dairəsində elmi tədqiqatların aparılmasını təşkil etmək;

3.0.79. Nazirliyin fəaliyyəti ilə bağlı daxil olan ərizə, şikayət və təkliflərə baxmaq və müəyyən edilmiş qaydada tədbirlər görmək.

 

4. Nazirliyin hüquqları

 

4.0. Nazirliyin vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqları vardır:

4.0.1. müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn hüquqları həyata keçirmək;

4.0.2. fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə təşəbbüslə çıxış etmək;

4.0.3. fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

4.0.4. müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;

4.0.5. fəaliyyət istiqamətləri üzrə rəy vermək, təhlillər, ümumiləşdirmələr, monitorinqlər və tədqiqatlar aparmaq, analitik materiallar hazırlamaq;

4.0.6. müstəqil ekspertləri və mütəxəssisləri, məsləhətçi şirkətləri, elmi təşkilatları müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;

4.0.7. müəyyən edilmiş qaydada dövri mətbu orqan təsis etmək, xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;

4.0.8. fəaliyyət istiqamətləri ilə bağlı Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin (sazişlərin, konvensiyaların) icrasına nəzarət etmək və həmin müqavilələr üzrə öhdəliklərin yerinə yetirilməsi üçün tədbirləri görmək;

4.0.9. fəaliyyət istiqamətləri üzrə aidiyyəti dövlət orqanlarına təkliflər vermək;

4.0.10. beynəlxalq tədbirlərin, o cümlədən forumların, konfransların, sərgilərin və digər tədbirlərin işində iştirak etmək və belə tədbirlərin ölkədə və xaricdə keçirilməsini təşkil etmək;

4.0.11. müəyyən olunmuş qaydada istifadəsində olan dövlət əmlakına dair hüquqları həyata keçirmək;

4.0.12. fəaliyyət istiqamətləri üzrə xarici dövlətlərin təcrübəsini öyrənmək, beynəlxalq və xarici əməkdaşlığı həyata keçirmək, xarici dövlətlərin aidiyyəti orqanları və digər qurumları ilə, beynəlxalq təşkilatlarla, xarici hüquqi və digər şəxslərlə əməkdaşlığı təşkil etmək və həyata keçirmək, danışıqlar aparmaq və danışıqların aparılmasında iştirak etmək, beynəlxalq müqavilələrin (sazişlərin, kontraktların) layihələrini hazırlamaq və ya hazırlanmasında iştirak etmək.

 

5. Nazirliyin fəaliyyətinin təşkili

 

5.1. Nazirliyin aparatı, onun strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki digər qurumlar (hüquqi şəxslər, təşkilatlar və sair), habelə Naxçıvan Muxtar Respublikasının müvafiq iqtisadi orqanı Nazirliyin vahid sistemini təşkil edir. Nazirik öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir.

5.2. Nazirliyin strukturu, Nazirliyin aparatının və strukturuna daxil olan qurumların işçilərinin ümumi say tərkibi Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki digər qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.

5.3. Nazirliyin fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri (bundan sonra - nazir) rəhbərlik edir. Nazir Nazirliyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

5.4. Nazirin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad olunan beş müavini vardır. Nazir müavinləri onlara nazirin həvalə etdiyi vəzifələri yerinə yetirirlər və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.

5.5. Nazir:

5.5.1. Nazirliyin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

5.5.2. müavinləri arasında vəzifə bölgüsü aparır, onların, habelə Nazirliyin digər vəzifəli şəxslərinin ştat, kadr, maliyyə, təsərrüfat və digər məsələlər üzrə səlahiyyətlərini müəyyənləşdirir və qarşılıqlı fəaliyyətini təmin edir;

5.5.3. Nazirliyin aparatının struktur bölmələrinin, strukturuna daxil olan qurumların (əsasnamələri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən qurumlar istisna olmaqla) və elmi-texniki şurasının əsasnamələrinin təsdiqi barədə, həmçinin bu Əsasnamənin 5.11-ci bəndində Nazirliyin kollegiyasının səlahiyyətlərinə aid edilməmiş məsələlər barədə normativ hüquqi aktları qərarlar formasında qəbul edir;

5.5.4. Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki digər qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) nizamnamələrini təsdiq edilmək üçün müəyyən olunmuş qaydada təqdim edir;

5.5.5. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Nazirliyin aparatının, strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki digər qurumların strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir;

5.5.6. Nazirliyin aparatının və onun strukturuna daxil olan regional bölmələrin işçilərini, habelə Nazirliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki digər qurumların rəhbərlərini və onların müavinlərini vəzifəyə təyin və vəzifədən azad edir;

5.5.7. Nazirliyin aparatının və onun strukturuna daxil olan regional bölmələrinin işçiləri, habelə Nazirliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki digər qurumların rəhbərləri və onların müavinləri barəsində həvəsləndirmə və intizam tənbeh tədbirləri görür;

5.5.8. müvafiq dövlət orqanı ilə birgə təklif əsasında Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan Respublikasının xarici dövlətlərdəki diplomatik nümayəndəliklərində və beynəlxalq təşkilatlardakı iqtisadi-ticarət nümayəndələrini vəzifəyə təyin və vəzifədən azad edir;

5.5.9. müəyyən olunmuş əməkhaqqı və işçilərin say həddi daxilində Nazirliyin regional bölmələrini yaradır və ləğv edir;

5.5.10. əmr və sərəncam formasında qeyri-normativ hüquqi aktlar qəbul edir və onların, habelə Nazirlikdə qəbul edilmiş normativ hüquqi aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;

5.5.11. Nazirliyin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

5.5.12. Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət orqanlarına, idarə, müəssisə və təşkilatlarına, hüquqi və fiziki şəxslərinə, habelə beynəlxalq təşkilatlara münasibətdə Nazirliyi təmsil edir, danışıqlar aparır, verilmiş səlahiyyətlər daxilində müvafiq beynəlxalq sənədləri imzalayır;

5.5.13. Nazirliyə aid edilmiş məsələlər üzrə müvafiq il üçün dövlət büdcəsinin və büdcədənkənar fondların formalaşdırılması ilə bağlı təkliflər verir;

5.5.14. dövlət büdcəsindən ayrılmış vəsaitin səmərəli xərclənməsini təmin edir;

5.5.15. Nazirliyin aparatının və onun strukturuna daxil olan regional bölmələrin işçilərinə, habelə Nazirliyin strukturuna daxil olan qurumların rəhbərlərinə və onların müavinlərinə ixtisas dərəcələri verir.

5.6. Nazirliyin strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki digər qurumlar onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və funksiyaların həyata keçirilməsi üçün birbaşa məsuliyyət daşıyırlar.

5.7. Nazir öz səlahiyyətlərinin bir hissəsinin həyata keçirilməsini, yaxud vəzifələrinin müvəqqəti olaraq icrasını müavinlərindən birinə tapşıra bilər.

5.8. Nazirlikdə nazirdən (kollegiyanın sədri), nazirin müavinlərindən, Naxçıvan Muxtar Respublikasının müvafiq iqtisadi orqanının rəhbərindən və Nazirliyin rəhbər işçilərindən ibarət kollegiya yaradılır. Nazirliyin kollegiyasının tərkibinə həmçinin mütəxəssislər və alimlər də daxil edilə bilər.

5.9. Nazirliyin kollegiyası üzvlərinin sayını və tərkibini Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edilir.

5.10. Nazirliyin kollegiyası öz iclaslarında Nazirliyin fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir və onlar haqqında müvafiq qərarlar qəbul edir.

5.11. Nazirliyin kollegiyası qərarlar formasında aşağıdakı normativ hüquqi aktları qəbul edir:

5.11.1. Nazirliklə digər şəxslər (qurumlar) arasında münasibətləri tənzimləyən normativ hüquqi aktlar;

5.11.2. qəbul edilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən Nazirliyə tapşırılmış konkret normativ hüquqi aktlar;

5.11.3. bir neçə dövlət orqanının fəaliyyətini tənzimləyən vahid (birgə) normativ hüquqi aktlar;

5.11.4. qanunvericiliklə müəyyən edilmiş hallarda müvafiq dövlət orqanları ilə razılaşdırılmalı olan normativ hüquqi aktlar;

5.11.5. Nazirin təşəbbüsü ilə Nazirliyin kollegiyasının müzakirəsinə çıxarılan bu Əsasnamənin 5.5.3-cü yarımbəndində nəzərdə tutulmuş normativ hüquqi aktlar;

5.11.6. bu Əsasnamənin 5.11.1–5.11.5-ci yarımbəndlərinə uyğun olaraq Nazirliyin kollegiyasının qəbul etdiyi normativ hüquqi aktları ləğv edir və ya onlarda dəyişikliklər edir.

5.12. Nazirliyin kollegiyasının iclasları kollegiya üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Nazirliyin kollegiyasının qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Nazirliyin kollegiyasının qərarı qəbul edilərkən səslər bərabər olarsa, kollegiya sədrinin səsi həlledici hesab edilir.

5.13. Nazirliyin kollegiyasının üzvləri arasında fikir ayrılığı yarandığı hallarda nazir bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verərək, öz qərarını həyata keçirir. Nazirliyin kollegiyasının üzvləri şəxsi fikirlərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə çatdıra bilərlər.

5.14. Nazirliyin kollegiyasının iclaslarına digər icra hakimiyyəti orqanlarının və təşkilatların, habelə qeyri-hökumət təşkilatlarının nümayəndələri dəvət edilə bilərlər.

5.15. Müvafiq sahədə elmi-texniki nailiyyətlərin və qabaqcıl təcrübənin öyrənilməsi və həyata keçirilməsi üçün Nazirlikdə ictimai əsaslarla fəaliyyət göstərən elmi-texniki şura yaradıla bilər.

 

 

21 Fevral 2014, 09:02

http://www.azertag.net

231—240 / 10511

13 Yanvar 2023, 11:01

Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin artırılması və “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli 493 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

13 Yanvar 2023, 11:01

20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin artırılması və “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 yanvar tarixli 350 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

13 Yanvar 2023, 11:01

Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin artırılması və “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

13 Yanvar 2023, 11:01

Sosial müavinətlərin məbləğinin artırılması və “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

13 Yanvar 2023, 08:01

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində çalışan işçilərin aylıq əməkhaqlarının təkmilləşdirilməsi haqqında” 2012-ci il 25 sentyabr tarixli 2462 nömrəli və “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində çalışan işçilərin aylıq əməkhaqlarının artırılması və “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində çalışan işçilərin aylıq əməkhaqlarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 25 sentyabr tarixli 2462 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında” 2019-cu il 29 noyabr tarixli 1658 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

13 Yanvar 2023, 08:01

“Sosial sığorta haqqında”, “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 780-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2001-ci il 3 sentyabr tarixli 572 nömrəli, “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2004-cü il 17 iyun tarixli 77 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

13 Yanvar 2023, 08:01

“Sosial sığorta haqqında”, “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

13 Yanvar 2023, 08:01

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Konstitusiya Qanunu   ətraflı...

13 Yanvar 2023, 08:01

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

13 Yanvar 2023, 08:01

“İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...