2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 10 oktyabr 2015-ci il tarixli 79 saylı müraciətə baxılması barədə

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Vətəndaş Həmrəyliyi Partiyasının səlahiyyətli nümayəndəsi Hüseynli Tural Azər oğlu 10 oktyabr 2015-ci ildə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, namizədliyi 51 saylı Qusar seçki dairəsi üzrə həmin partiya tərəfindən irəli sürülmüş Şəfiyev Şəfi Əyyub oğlunun namizəd kimi qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının qərarını mübahisələndirmiş və müvafiq qərar qəbul edilməsi yolu ilə namizədin pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir.

 

Müraciətə Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən baxılmış, bu barədə müvafiq rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.

Səlahiyyətli nümayəndə Hüseynli Tural Azər oğlu müraciətində qeyd etmişdir ki, 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 51 saylı Qusar seçki dairəsi üzrə namizədliyi Vətəndaş Həmrəyliyi Partiyası tərəfindən irəli sürülmüş Ş.Ə.Şəfiyevin qeydə alınmasından imtina edilməsi barədə dairə seçki komissiyasının gəldiyi nəticə əsassız və qeyri-qanunidir.

Dairə seçki komissiyası namizədliyi irəli sürülmüş Ş.Ə.Şəfiyevin namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə qərarını onunla əsaslandırmışdır ki, namizədin müdafiəsi üçün təqdim edilmiş seçici imzaları Seçki Məcəlləsinin tələblərinin pozulması ilə toplanılmışdır.

Araşdırma prosesində müəyyən edilmişdir ki, namizədin qeydə alınması üçün təqdim olunmuş 10 imza vərəqəsindəki 500 seçici imzasından 80-ni həmin seçki dairəsi üzrə seçki məntəqəsi məntəqə seçki komissiyasının üzvü tərəfindən toplanılmışdır. Etibarlı imzaların sayı Ş.Ə.Şəfiyevin namizəd kimi qeydə alınması üçün kifayət etmir.

Seçki Məcəlləsinin 17.6.4-cü maddəsinə görə, seçki komissiyasının üzvləri hər hansı bir namizədin, siyasi partiyanın dəstəklənməsinə yönəldilən və ya dəstəklənməsi kimi başa düşülə bilən hərəkətlərə yol verməməlidir.

Seçki Məcəlləsinin 113.1.1-ci maddəsinə əsasən, seçki komissiyası namizədin qeydiyyata alınmasından onun tərəfindən bu Məcəlləyə uyğun təqdim etdikləri məlumatlar həqiqi olmadıqda və ya onların etibarsızlığı əhəmiyyətli xarakter daşıdıqda (bu Məcəllənin 60.3-cü maddəsində göstərilən hallar istisna olmaqla) imtina edə bilər.

Seçki Məcəlləsinin 147.1-ci maddəsinə əsasən, namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanılmalıdır.

Göstərilənlərə əsasən şikayət əsassız olduğundan təmin edilməməli, namizədliyin qeydə alınmasından imtinaya dair 51 saylı Qusar seçki dairəsi dairə seçki komissiyasının 7 oktyabr 2015-ci il tarixli 14/2-3 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 60-cı, 112-ci, 112-1-ci, 113.1.1-ci, 147.1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

 

1. 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Vətəndaş Həmrəyliyi Partiyasının səlahiyyətli nümayəndəsi Hüseynli Tural Azər oğlunun müraciəti əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 7 oktyabr 2015-ci il tarixli 14/2-3 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

12 Oktyabr 2015, 09:10

http://www.azertag.net

10511—10511 / 10511

24 Dekabr 2012, 21:12

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası   ətraflı...