2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 6 oktyabr 2015-ci il tarixli 40 saylı və 7 oktyabr 2015-ci il tarixli 54 saylı müraciətlərə baxılması
barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə "AZADLIQ-2015" siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi Əbil Bəybala Əlibala oğlu 6 oktyabr 2015-ci ildə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək həmin siyasi partiyalar bloku tərəfindən 43 saylı Sumqayıt üçüncü seçki dairəsi üzrə namizədliyi irəli sürülmüş Fəttayev Mirmahmud Mirəli oğlunun namizəd kimi qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının qərarını mübahisələndirmiş və həmin qərarın ləğv edilməsini xahiş etmişdir.
43 saylı Sumqayıt üçüncü seçki dairəsi üzrə qeydə alınmış namizəd Babayev Muxtar Bahadur oğlunun səlahiyyətli nümayəndəsi Ənsərov Vəzirxan Nəbi oğlu 7 oktyabr 2015-ci il tarixdə Mərkəzi Seçki Komissiyasına müraciət edərək dairə seçki komissiyası tərəfindən deputatlığa namizəd Fəttayev Mirmahmud Mirəli oğlunun namizədliyinin müdafiəsi üçün təqdim olunmuş imza vərəqələri və ona əlavə edilmiş digər seçki sənədlərinin, habelə onun qeydə alınmasına mane olan halların səthi araşdırıldığını və lazımınca qiymətləndirilmədiyini əsas gətirərək həmin sənədlərin yenidən yoxlanılmasını və məsələyə yenidən qiymət verilməsini xahiş etmişdir.
Müraciətlər Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvləri tərəfindən icraata qəbul edilmiş, mahiyyətcə eyni məsələyə aid olduqlarından bir icraatda birləşdirilərək araşdırılmış, birgə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.
Səlahiyyətli nümayəndə B.Ə.Əbil müraciətində qeyd etmişdir ki, 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə M.M.Fəttayevin namizədliyi 43 saylı Sumqayıt üçüncü seçki dairəsi üzrə "AZADLIQ-2015" siyasi partiyalar bloku tərəfındən irəli sürülmüş, həmin seçki dairəsi üzrə imzalar toplanaraq, onun namizəd kimi qeydə alınması üçün 550 imzadan ibarət 11 imza vərəqəsi və digər zəruri sənədlər dairə seçki komissiyasına təqdim edilmiş, lakin dairə seçki komissiyası 3 oktyabr 2015-ci il tarixli 20/57 saylı qərarı ilə M.M.Fəttayevin namizəd kimi qeydə alınmasından əsassız olaraq imtina etmişdir.
Araşdırma prosesində müraciət etmiş şəxslərlə əlaqə saxlanılmış, onlara əlavə sənəd təqdim etmək, araşdırmada və iclasda iştirak etmək hüquqlarının olması izah olunmuş, yalnız siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi B.Ə.Əbil bu hüququndan istifadə edərək araşdırmada və Mərkəzi Seçki Komissiyasının iclasında iştirak etmişdir.
Dairə seçki komissiyası namizədliyi irəli sürülmüş M.M.Fəttayevin namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə qərarını onunla əsaslandırmışdır ki, namizədin qeydə alınması üçün etibarlı seçici imzalarının sayı yetərli olmamışdır.
Ərizəçilərin müraciətləri əsasında namizədin qeydə alınması üçün təqdim edilmiş imza vərəqələri və digər seçki sənədləri Mərkəzi Seçki Komissiyasında yenidən araşdırılmışdır.
Araşdırma ilə müəyyən edilmişdir ki, namizədin qeydə alınması üçün təqdim edilmiş sənədlər və məlumatlar yoxlanılarkən gəlinən nəticə əsasən düzgün olsa da, seçici imzalarının etibarlılığına qiymət verilərkən dairə seçki komissiyası tərəfindən bəzi yanlışlıqlara yol verilmişdir.
Belə ki, Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən namizədin qeydə alınması üçün zəruri olan həmin sənədlərin yoxlanılması nəticəsində tərtib edilmiş 7 oktyabr 2015-ci il tarixli protokol və rəylərdən görünür ki, M.M.Fəttayevin namizəd kimi qeydə alınması üçün təqdim etdiyi imza vərəqələrində olan 550 imzadan 421-i etibarlıdır.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 147.1-ci maddəsinə əsasən, namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanılmalıdır.
Araşdırma ilə, həmçinin ərizəçinin namizədə və ya səlahiyyətli nümayəndələrə təqdim edilməli olan sənədlərin vaxtında verilmədiyinə, araşdırmada və iclasda iştiraka dəvət edilmədiklərinə dair iddiaları isə dairə seçki komissiyası tərəfindən təqdim edilmiş sübutlarla təkzib edilmişdir.
Beləliklə, dairə seçki komissiyası müəyyən etdiyi bütün halları və əsasları öz qərarında dəqiqliklə əks etdirməsə də, göstərilən əsaslarla deputatlığa namizəd M.M.Fəttayevin namizəd kimi qeydə alınmasından imtina edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir.
Göstərilənlərə əsasən "AZADLIQ-2015" siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi B.Ə.Əbilin şikayəti əsassız olduğundan təmin edilməməli, M.M.Fəttayevin namizəd kimi qeydə alınmasından imtinaya dair 43 saylı Sumqayıt üçüncü seçki dairəsi dairə seçki komissiyasının 3 oktyabr 2015-ci il tarixli 20/57 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
Həmin seçki dairəsi üzrə qeydə alınmış namizəd M.B.Babayevin səlahiyyətli nümayəndəsi V.N.Ənsərovun 7 oktyabr 2015-ci il tarixli 54 saylı müraciəti təmin edilmiş hesab olunmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 59-cu, 112-ci, 112-1-ci, 147-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:
1. "AZADLIQ-2015" siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi Əbil Bəybala Əlibala oğlunun 06 oktyabr 2015-ci il tarixli 40 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, 43 saylı Sumqayıt üçüncü seçki dairəsi dairə seçki komissiyasının 3 oktyabr 2015-ci il tarixli 20/57 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
2. 43 saylı Sumqayıt üçüncü seçki dairəsi üzrə qeydə alınmış namizəd Babayev Muxtar Bahadur oğlunun səlahiyyətli nümayəndəsi Ənsərov Vəzirxan Nəbi oğlunun 7 oktyabr 2015-ci il tarixli 54 saylı müraciəti təmin edilmiş hesab olunsun.
3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
9 Oktyabr 2015, 09:1016 May 2022, 16:05
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 mart tarixli 2555 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
16 May 2022, 16:05
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
16 May 2022, 16:05
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2516 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
16 May 2022, 16:05
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 mart tarixli 2553 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
16 May 2022, 16:05
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli 410 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası adından borc alınması və zəmanət verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
13 May 2022, 15:05
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 iyun tarixli 1043 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
13 May 2022, 15:05
“Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli 540 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
13 May 2022, 15:05
“Azərbaycan Respublikasının rayon, şəhər, şəhərlərdə rayon İcra hakimiyyəti başçılarının aparatlarında sənədlərlə iş barədə Təlimat”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 347 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
13 May 2022, 15:05
Səhiyyə və tibbi sığorta sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” 2006-cı il 25 may tarixli 413 nömrəli, “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 6 sentyabr tarixli 1592 nömrəli, “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 20 dekabr tarixli 418 nömrəli, “Milli Hematologiya və Transfuziologiya Mərkəzinin yaradılması haqqında” 2019-cu il 23 dekabr tarixli 895 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
13 May 2022, 15:05
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...