Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti haqqında ƏSASNAMƏ
Azərbaycan Respublikası Prezidentinin
2015-ci il 23 iyul tarixli Fərmanı ilə
təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti (bundan sonra – Dövlət Xidməti) kənd təsərrüfatı layihələrinin qiymətləndirilməsini, maliyyələşdirilməsini, təşkilini və icrasına nəzarəti həyata keçirən, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə dövlət dəstəyi məqsədi ilə dövlət büdcəsindən ayrılan və qanunla qadağan edilməyən digər mənbələrdən cəlb edilən maliyyə vəsaitinin müvəkkil kredit təşkilatları vasitəsilə güzəştli kredit şəklində verilməsini və həmin vəsaitdən təyinatı üzrə istifadəni təmin edən icra hakimiyyəti orqanıdır.
1.2. Dövlət Xidməti öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnaməni, bu Əsasnaməni və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin (bundan sonra - Nazirlik) hüquqi aktlarını rəhbər tutur.
1.3. Dövlət Xidməti bu Əsasnamədə nəzərdə tutulan vəzifələri yerinə yetirərkən və hüquqları həyata keçirərkən Azərbaycan Respublikasının digər icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları, qeyri-hökumət təşkilatları ilə, hüquqi və fiziki şəxslərlə əlaqəli fəaliyyət göstərir.
1.4. Dövlət Xidmətinin müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.
1.5. Dövlət Xidmətinin saxlanılması xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi, habelə qanunla və bu Əsasnamə ilə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.
1.6. Dövlət Xidməti Bakı şəhərində yerləşir.
2. Dövlət Xidmətinin fəaliyyət istiqamətləri
2.0. Dövlət Xidmətinin fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.0.1. aqrar sahənin kreditləşdirilməsi üzrə dövlət siyasətinin həyata keçirilməsində iştirak edir;
2.0.2. aqrar sahədə sahibkarlığın və rəqabət mühitinin inkişafına dəstək verir;
2.0.3. aqrar sahədə innovativ metodları və qabaqcıl təcrübəni təşviq edir;
2.0.4. aqrar sahədə sahibkarlığın inkişafına, innovasiyaların və qabaqcıl təcrübənin tətbiqinin genişləndirilməsinə dəstək məqsədi ilə layihələrin idarə edilməsini həyata keçirir və bu sahəyə investisiyalar cəlb edilməsi ilə bağlı təkliflər verir.
3. Dövlət Xidmətinin vəzifələri
3.0. Dövlət Xidməti bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:
3.0.1. aqrar sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə, o cümlədən ailə-kəndli təsərrüfatlarına müvəkkil kredit təşkilatları vasitəsilə güzəştli kreditlərin ayrılmasını təmin edir və həmin vəsaitin təyinatı üzrə istifadəsinə nəzarət edir;
3.0.2. dövlət büdcəsindən ayrılan və qanunla qadağan olunmayan digər mənbələrdən cəlb edilən maliyyə vəsaitinin güzəştli kredit şəklində yönəldilməsi üçün aqrar bölmənin prioritet hesab edilən sahələri barədə Nazirliyə təkliflər verir;
3.0.3. verilmiş kreditlər üzrə daxil olan maliyyə vəsaitindən təyinatı üzrə istifadəni təmin edir;
3.0.4. aqrar sahədə regionlar üzrə kredit vəsaitlərinə olan tələbatı öyrənir;
3.0.5. kənd təsərrüfatı sahəsində innovativ layihələrin maliyyələşdirilməsi məqsədi ilə müsabiqələr keçirir, müsabiqəyə təqdim edilən layihələrin ekspertizasını aparır və onları qiymətləndirir, habelə layihələrin icrasına nəzarət edir;
3.0.6. Azərbaycan Respublikasının kənd təsərrüfatı sahəsində tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsində iştirak edir, müvafiq beynəlxalq təşkilatlar və maliyyə qurumları ilə əməkdaşlıq edir;
3.0.7. Nazirlik ilə beynəlxalq təşkilatlar və maliyyə qurumları arasında bağlanılan sazişlərə uyğun olaraq, kənd təsərrüfatı sahəsində layihələrin icrasını təmin edən tədbirlər görür və ya bu tədbirlərin həyata keçirilməsində iştirak edir;
3.0.8. aqrar sahəyə aid maarifləndirici layihələrin, treninqlərin və elmi-praktik konfransların keçirilməsini təşkil edir və ya bu tədbirlərin həyata keçirilməsində iştirak edir;
3.0.9. kənd təsərrüfatı sahəsində informasiya-məsləhət xidmətini təşkil edir;
3.0.10. layihələrin icrası və informasiya-məsləhət xidmətinin fəaliyyəti ilə bağlı rübdə bir dəfə Nazirliyə hesabat verir;
3.0.11. güzəştli kreditlərin alınması ilə bağlı müvəkkil kredit təşkilatlarının müraciətlərinə baxır, təklif edilən layihələrin ekspertizasını keçirir, müraciətlərin təmin olunması və ya onlardan imtina edilməsi barədə qərar qəbul edir;
3.0.12. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, siyahısı qanunla müəyyən edilmiş açıqlanmalı olan informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin edir;
3.0.13. Dövlət Xidmətinə daxil olan ərizə, şikayət və təkliflərə baxır;
3.0.14. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirir.
4. Dövlət Xidmətinin hüquqları
4.0. Dövlət Xidməti bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:
4.0.1. normativ hüquqi aktlarının layihələrini hazırlamaq və Nazirliyə təqdim etmək;
4.0.2. Dövlət Xidməti tərəfindən aqrar sektorda layihələrin həyata keçirilməsi və bu sahədə kreditlərin verilməsi ilə bağlı beynəlxalq müqavilələrin bağlanılması barədə Nazirliyə təkliflər vermək;
4.0.3. aqrar sahə ilə bağlı dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
4.0.4. müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;
4.0.5. Dövlət Xidmətinin aqrar sahədə idarə etdiyi layihələr üzrə təhlil və tədqiqatlar aparmaq, analitik materiallar hazırlamaq və nəticələrə uyğun olaraq təkliflər vermək;
4.0.6. aqrar bölmədə informasiya-məsləhət xidmətinin təkmilləşdirilməsi sahəsində seminarlar, treninqlər, elmi-praktik konfranslar və simpoziumlar keçirmək, xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;
4.0.7. Dövlət Xidmətinin idarə etdiyi layihələrlə bağlı elmi tədqiqat və təcrübə-sınaq işlərinin görülməsi və informasiya-məsləhət xidmətlərinin göstərilməsi üçün işçi qrupları və komissiyalar yaratmaq, müqavilə əsasında elmi tədqiqat və təhsil müəssisələrini, şirkətləri, müstəqil ekspertləri və mütəxəssisləri cəlb etmək;
4.0.8. Dövlət Xidmətinin fəaliyyəti barədə məlumatları kütləvi informasiya vasitələrində dərc etdirmək;
4.0.9. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
5. Dövlət Xidmətinin fəaliyyətinin təşkili
5.1. Dövlət Xidmətinə Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən rəis rəhbərlik edir.
5.2. Dövlət Xidmətinin rəisi Dövlət Xidmətinə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsinə görə şəxsən məsuliyyət daşıyır.
5.3. Dövlət Xidməti rəisinin Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini vardır.
5.4. Dövlət Xidməti rəisinin müavinləri vəzifə bölgüsünə uyğun olaraq fəaliyyət göstərir və onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə görə şəxsən məsuliyyət daşıyırlar.
5.5. Dövlət Xidmətinin rəisi:
5.5.1. Dövlət Xidmətinin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
5.5.2. dövlət orqanları, yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər ilə münasibətlərdə Dövlət Xidmətini təmsil edir;
5.5.3. müəyyən edilmiş əməyin ödənilməsi fondu və işçilərin say həddi daxilində Dövlət Xidmətinin aparatının strukturunu, ştat cədvəlini və xərclər smetasını, habelə struktur bölmələrinin əsasnamələrini təsdiq olunmaq üçün Nazirliyə təqdim edir;
5.5.4. Dövlət Xidməti rəisinin müavinləri arasında vəzifə bölgüsünü müəyyən edir və həmin vəzifələrin həyata keçirilməsinə nəzarət edir;
5.5.5. Dövlət Xidmətinin rəis müavinləri və aparatının struktur bölmələrinin rəhbərləri istisna olmaqla, Dövlət Xidmətinin digər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;
5.5.6. Dövlət Xidmətinin işçiləri üçün icrası məcburi olan əmr və göstərişlər verir;
5.5.7. Dövlət Xidmətinin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflərini, o cümlədən normativ hüquqi aktların layihələrini hazırlayıb Nazirliyə təqdim edir;
5.5.8. Nazirliyin iş planında və kollegiyasının qərarlarında, Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirinin əmr, sərəncam, qərar və göstərişlərində nəzərdə tutulmuş aidiyyəti tədbirlərin yerinə yetirilməsini təmin edir;
5.5.9. Dövlət Xidmətində vətəndaşların qəbulunu və müraciətlərinə baxılmasını təmin edir;
5.5.10. Dövlət Xidmətinə dövlət büdcəsindən ayrılan və qanunla qadağan edilməyən digər mənbələrdən daxil olan vəsaitin xərclənməsinə dair hesabatları rübdə bir dəfə Nazirliyə təqdim edir;
5.5.11. Dövlət Xidmətinin fəaliyyəti barədə Nazirliyə mütəmadi olaraq hesabat verir;
5.5.12. Dövlət Xidmətinin xərclər smetasına uyğun olaraq ona ayrılmış vəsaitin təyinatı üzrə xərclənməsini təmin edir.
24 İyul 2015, 09:072 İyul 2014, 12:07
“Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”nın təsis edilməsi iləəlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 16 may tarixli 964-IVQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
2 İyul 2014, 12:07
“Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”nın TƏSVİRİ ətraflı...
2 İyul 2014, 09:07
“Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”nın təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə ətraflı...
1 İyul 2014, 09:07
Yaşıllıqların mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanunu ətraflı...
1 İyul 2014, 09:07
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında ətraflı...
1 İyul 2014, 09:07
Ağstafa rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında ətraflı...
1 İyul 2014, 09:07
“Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli 957-IVQ nömrəli Qanununun tətbiqi barədə ətraflı...
1 İyul 2014, 09:07
“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 973-IVQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
1 İyul 2014, 09:07
“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə ətraflı...
1 İyul 2014, 09:07
“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 971-IVQD nömrəli Qanununun tətbiqi barədə ətraflı...