“Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikasında sahibkarların və əhalinin maliyyə-bank xidmətlərinə çıxışının təmin olunması və ölkənin bank sisteminin inkişafı daim diqqət mərkəzində olan məsələlərdəndir. Bazar iqtisadiyyatına keçid illərində bu sahədə islahatların dərinləşdirilməsi, kredit təşkilatlarının maliyyə vasitəçiliyi potensialının artırılması və rəqabətin gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmiş, o cümlədən səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin də inkişafı, kapitallaşdırılması və maliyyə dayanıqlığının artırılması ilə bağlı çox iş görülmüşdür.

 

“Azərbaycan Beynəlxalq Bankı” ASC maliyyə göstəricilərinə görə ölkənin ən iri və sistem əhəmiyyətli bankı olaraq hesablaşmaların və sosial ödənişlərin həyata keçirilməsində, əhaliyə geniş spektrli bank xidmətlərinin göstərilməsində, sahibkarlara kredit verilməsində mühüm rol oynayır. “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin maliyyə sabitliyinin qorunması, öhdəlik və hesablaşmalarının fasiləsiz icra edilməsi, xüsusilə 2008-2009-cu illərin qlobal maliyyə böhranının bankın maliyyə mövqeyinə mənfi təsirinin qarşısının alınması məqsədi ilə müvafiq dövlət orqanları tərəfindən banka davamlı dəstək göstərilmiş, onun kapitalı və likvidliyi tələb olunan səviyyədə saxlanılmış, bank yerli və xarici kreditorlar üçün etibarlı tərəfdaş olmuşdur.

 

Lakin son illər bankın idarə edilməsində və investisiya-kredit siyasətində yol verilmiş nöqsanlar, o cümlədən səmərəsi aşağı olan riskli investisiya layihələrinin maliyyələşdirilməsi bankın maliyyə vəziyyətinin pisləşməsinə, problemli aktivlərinin artmasına və likvidliyinin daralmasına səbəb olmuşdur. Ona görə də yaranmış vəziyyətin aradan qaldırılması, bankın maliyyə mövqeyinin bərpası və dayanıqlığının təmin edilməsi üçün problemli aktivlərin bankın idarəetməsindən çıxarılaraq ixtisaslaşmış quruma verilməsi zərurəti yaranmışdır.

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin maliyyə durumunun sağlamlaşdırılması və dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Mərkəzi Bankı on beş gün müddətində “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə məxsus problemli aktivləri müəyyən etsinlər və həmin aktivlərin mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxarılması və dövlətə məxsus “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının (bundan sonra - “Aqrarkredit” QSC) idarəetməsinə verilməsi üçün tədbirlər görsünlər.

2. Müəyyən edilsin ki:

2.1. bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş aktivlərin “Aqrarkredit” QSC tərəfindən alınmasının və idarə edilməsinin maliyyələşdirilməsi dövlət zəmanəti əsasında uzunmüddətli, aşağı faizli borc istiqrazlarının “Aqrarkredit” QSC tərəfindən emissiya edilərək qiymətli kağızlar bazarında yerləşdirilməsi hesabına təmin edilir;

2.2. “Aqrarkredit” QSC tərəfindən emissiya ediləcək istiqrazların tələb olunan həcmi və müddətləri “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən aktivlərin alınması tədbirləri ilə uzlaşdırılır və buna müvafiq dövlət zəmanətinin həcmi hər ilin dövlət büdcəsinin daxili borclanma limitinin məbləğində nəzərə alınır;

2.3. “Aqrarkredit” QSC bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq alınmış aktivləri idarə edərkən aşağıdakı vəzifələri yerinə yetirir:

2.3.1. “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən alınacaq aktivlər üzrə əsas borclar (kreditlər) və faizlər, borcun təminatı olan girov (ipoteka), zaminlik üzrə tələb hüquqlarını qanunvericiliyə əsasən əldə etmək və həyata keçirmək;

2.3.2. ödəmə vaxtı keçmiş kredit borclarının (faizlərin) qaytarılması və borcalanlar tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər (məhkəmədə iddia qaldırmaq, tələbi girova yönəltmək və s.) görmək;

2.3.3. tələb girova (ipotekaya) yönəldildiyi halda, girov (ipoteka) qoyulmuş əmlakın idarə edilməsini həyata keçirmək, həmin əmlakın dövlət əmlakına aid edilməsi barədə təkliflər vermək və ya ixtisaslaşmış təşkilatlar tərəfindən açıq hərraclarda satışını təşkil etmək, əldə olunan vəsaitin borc öhdəliklərindən irəli gələn tələblərin ödənilməsinə yönəldilməsini təmin etmək;

2.3.4. aktivlərin idarə edilməsi ilə əlaqədar tələb olunan xərcləri bu Fərmanın 2.1-ci bəndinə əsasən əldə olunan vəsait hesabına, bu məqsədlər üçün hər il təsdiq olunan xərclər smetasına uyğun olaraq həyata keçirmək.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

3.1. “Aqrarkredit” QSC tərəfindən dövlət zəmanəti əsasında emissiya ediləcək istiqrazların buraxılması, həcmi, müddəti və ödənilmə şərtlərinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırılmış təkliflərini on beş gün müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. bu Fərmanın 2.3-cü bəndində nəzərdə tutulmuş vəzifələrin “Aqrarkredit” QSC tərəfindən yerinə yetirilməsinə nəzarəti təşkil etsin, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi ilə birlikdə “Aqrarkredit” QSC tərəfindən alınan aktivlərin idarə edilməsi zamanı həmin aktivlər üzrə borc tələbi girov qoyulmuş əmlaka yönəldildiyi halda, həmin əmlakın istifadə istiqamətlərinin ölkə iqtisadiyyatının inkişaf prioritetləri ilə uzlaşdırılması üzrə tədbirlər görsün;

 

3.3. “Azərbaycan Beynəlxalq Bankı” ASC-də dövlətə məxsus səhmlərin imkan verdiyi dərəcədə bankın restrukturlaşdırılması, maliyyə durumunun sağlamlaşdırılması və kapitallaşması, fəaliyyətinin səmərəliliyinin artırılması, idarə edilməsinin müasir korporativ idarəetmə standartları əsasında təşkili, ümumi yığıncaqda İdarə Heyətinin tərkibinin yenidən formalaşdırılması, bankın kredit, borclanma, kadr siyasətinin təkmilləşdirilməsi, habelə “Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən verilmiş və ödəmə vaxtı keçmiş kredit borclarının (faizlərin) qaytarılması üçün təsirli tədbirlər görsün;

3.4. restrukturizasiya və sağlamlaşdırılma tədbirləri başa çatdıqda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin və Azərbaycan Respublikası Mərkəzi Bankının rəyləri nəzərə alınmaqla “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin nizamnamə kapitalında dövlətə məxsus səhmlərin özəlləşdirilməsi üzrə tədbirlər planını altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.5. “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən cəlb edilmiş və ödəmə vaxtı keçmiş, o cümlədən bu Fərmanın 1-ci hissəsi ilə “Aqrarkredit” QSC-nin idarəetməsinə verilmiş kredit vəsaitinin borcalanlar tərəfindən təyinatı üzrə istifadə edilməsi, “Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən kreditlərin verilməsi zamanı bank və mülki qanunvericiliyin tələblərinə riayət edilməsi məsələlərini araşdırsın, aşkar olunmuş nöqsanlara yol vermiş şəxslərin hərəkətlərinə hüquqi qiymət verilməsi və onların məsuliyyətə cəlb olunması üçün hüquq mühafizə orqanları ilə birlikdə tədbirlər görsün.

4. Azərbaycan Respublikasının Mərkəzi Bankı:

4.1. bu Fərmanın 2.1-ci bəndinə uyğun olaraq “Aqrarkredit” QSC tərəfindən emissiya edilmiş istiqrazların satın alınması və likvidliyi üzrə zəruri tədbirlər həyata keçirsin;

4.2. “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin özəlləşdirməqabağı sağlamlaşdırılması üzrə tədbirlərin həyata keçirilməsində öz səlahiyyətləri daxilində iştirak etsin.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

5.1. bu Fərmanın 2.1-ci və 2.2-ci bəndlərinə uyğun olaraq “Aqrarkredit” QSC tərəfindən emissiya edilən istiqrazlara dövlət zəmanətinin verilməsini təmin etsin;

5.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 15 iyul 2015-ci il.

16 İyul 2015, 09:07

http://www.azertag.net

611—620 / 10511

10 İyun 2022, 20:06

“Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 sentyabr tarixli 595 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

9 İyun 2022, 18:06

Saatlı rayonunun Məmmədabad–Genişkənd avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

9 İyun 2022, 18:06

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu   ətraflı...

9 İyun 2022, 17:06

Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu   ətraflı...

9 İyun 2022, 17:06

“Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

8 İyun 2022, 19:06

“Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

8 İyun 2022, 19:06

“Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 13 may tarixli 536-VIQD nömrəli Qanununun tətbiqi və “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli 540 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

8 İyun 2022, 19:06

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

8 İyun 2022, 19:06

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 13 may tarixli 535-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2005-ci il 1 mart tarixli 203 nömrəli, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2012-ci il 6 iyun tarixli 648 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

8 İyun 2022, 16:06

R.T.Orucovun Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin birinci müavini təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...