“Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikasında sahibkarların və əhalinin maliyyə-bank xidmətlərinə çıxışının təmin olunması və ölkənin bank sisteminin inkişafı daim diqqət mərkəzində olan məsələlərdəndir. Bazar iqtisadiyyatına keçid illərində bu sahədə islahatların dərinləşdirilməsi, kredit təşkilatlarının maliyyə vasitəçiliyi potensialının artırılması və rəqabətin gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmiş, o cümlədən səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin də inkişafı, kapitallaşdırılması və maliyyə dayanıqlığının artırılması ilə bağlı çox iş görülmüşdür.

 

“Azərbaycan Beynəlxalq Bankı” ASC maliyyə göstəricilərinə görə ölkənin ən iri və sistem əhəmiyyətli bankı olaraq hesablaşmaların və sosial ödənişlərin həyata keçirilməsində, əhaliyə geniş spektrli bank xidmətlərinin göstərilməsində, sahibkarlara kredit verilməsində mühüm rol oynayır. “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin maliyyə sabitliyinin qorunması, öhdəlik və hesablaşmalarının fasiləsiz icra edilməsi, xüsusilə 2008-2009-cu illərin qlobal maliyyə böhranının bankın maliyyə mövqeyinə mənfi təsirinin qarşısının alınması məqsədi ilə müvafiq dövlət orqanları tərəfindən banka davamlı dəstək göstərilmiş, onun kapitalı və likvidliyi tələb olunan səviyyədə saxlanılmış, bank yerli və xarici kreditorlar üçün etibarlı tərəfdaş olmuşdur.

 

Lakin son illər bankın idarə edilməsində və investisiya-kredit siyasətində yol verilmiş nöqsanlar, o cümlədən səmərəsi aşağı olan riskli investisiya layihələrinin maliyyələşdirilməsi bankın maliyyə vəziyyətinin pisləşməsinə, problemli aktivlərinin artmasına və likvidliyinin daralmasına səbəb olmuşdur. Ona görə də yaranmış vəziyyətin aradan qaldırılması, bankın maliyyə mövqeyinin bərpası və dayanıqlığının təmin edilməsi üçün problemli aktivlərin bankın idarəetməsindən çıxarılaraq ixtisaslaşmış quruma verilməsi zərurəti yaranmışdır.

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin maliyyə durumunun sağlamlaşdırılması və dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Mərkəzi Bankı on beş gün müddətində “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə məxsus problemli aktivləri müəyyən etsinlər və həmin aktivlərin mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxarılması və dövlətə məxsus “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının (bundan sonra - “Aqrarkredit” QSC) idarəetməsinə verilməsi üçün tədbirlər görsünlər.

2. Müəyyən edilsin ki:

2.1. bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş aktivlərin “Aqrarkredit” QSC tərəfindən alınmasının və idarə edilməsinin maliyyələşdirilməsi dövlət zəmanəti əsasında uzunmüddətli, aşağı faizli borc istiqrazlarının “Aqrarkredit” QSC tərəfindən emissiya edilərək qiymətli kağızlar bazarında yerləşdirilməsi hesabına təmin edilir;

2.2. “Aqrarkredit” QSC tərəfindən emissiya ediləcək istiqrazların tələb olunan həcmi və müddətləri “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən aktivlərin alınması tədbirləri ilə uzlaşdırılır və buna müvafiq dövlət zəmanətinin həcmi hər ilin dövlət büdcəsinin daxili borclanma limitinin məbləğində nəzərə alınır;

2.3. “Aqrarkredit” QSC bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq alınmış aktivləri idarə edərkən aşağıdakı vəzifələri yerinə yetirir:

2.3.1. “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən alınacaq aktivlər üzrə əsas borclar (kreditlər) və faizlər, borcun təminatı olan girov (ipoteka), zaminlik üzrə tələb hüquqlarını qanunvericiliyə əsasən əldə etmək və həyata keçirmək;

2.3.2. ödəmə vaxtı keçmiş kredit borclarının (faizlərin) qaytarılması və borcalanlar tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər (məhkəmədə iddia qaldırmaq, tələbi girova yönəltmək və s.) görmək;

2.3.3. tələb girova (ipotekaya) yönəldildiyi halda, girov (ipoteka) qoyulmuş əmlakın idarə edilməsini həyata keçirmək, həmin əmlakın dövlət əmlakına aid edilməsi barədə təkliflər vermək və ya ixtisaslaşmış təşkilatlar tərəfindən açıq hərraclarda satışını təşkil etmək, əldə olunan vəsaitin borc öhdəliklərindən irəli gələn tələblərin ödənilməsinə yönəldilməsini təmin etmək;

2.3.4. aktivlərin idarə edilməsi ilə əlaqədar tələb olunan xərcləri bu Fərmanın 2.1-ci bəndinə əsasən əldə olunan vəsait hesabına, bu məqsədlər üçün hər il təsdiq olunan xərclər smetasına uyğun olaraq həyata keçirmək.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

3.1. “Aqrarkredit” QSC tərəfindən dövlət zəmanəti əsasında emissiya ediləcək istiqrazların buraxılması, həcmi, müddəti və ödənilmə şərtlərinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırılmış təkliflərini on beş gün müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. bu Fərmanın 2.3-cü bəndində nəzərdə tutulmuş vəzifələrin “Aqrarkredit” QSC tərəfindən yerinə yetirilməsinə nəzarəti təşkil etsin, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi ilə birlikdə “Aqrarkredit” QSC tərəfindən alınan aktivlərin idarə edilməsi zamanı həmin aktivlər üzrə borc tələbi girov qoyulmuş əmlaka yönəldildiyi halda, həmin əmlakın istifadə istiqamətlərinin ölkə iqtisadiyyatının inkişaf prioritetləri ilə uzlaşdırılması üzrə tədbirlər görsün;

 

3.3. “Azərbaycan Beynəlxalq Bankı” ASC-də dövlətə məxsus səhmlərin imkan verdiyi dərəcədə bankın restrukturlaşdırılması, maliyyə durumunun sağlamlaşdırılması və kapitallaşması, fəaliyyətinin səmərəliliyinin artırılması, idarə edilməsinin müasir korporativ idarəetmə standartları əsasında təşkili, ümumi yığıncaqda İdarə Heyətinin tərkibinin yenidən formalaşdırılması, bankın kredit, borclanma, kadr siyasətinin təkmilləşdirilməsi, habelə “Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən verilmiş və ödəmə vaxtı keçmiş kredit borclarının (faizlərin) qaytarılması üçün təsirli tədbirlər görsün;

3.4. restrukturizasiya və sağlamlaşdırılma tədbirləri başa çatdıqda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin və Azərbaycan Respublikası Mərkəzi Bankının rəyləri nəzərə alınmaqla “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin nizamnamə kapitalında dövlətə məxsus səhmlərin özəlləşdirilməsi üzrə tədbirlər planını altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.5. “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən cəlb edilmiş və ödəmə vaxtı keçmiş, o cümlədən bu Fərmanın 1-ci hissəsi ilə “Aqrarkredit” QSC-nin idarəetməsinə verilmiş kredit vəsaitinin borcalanlar tərəfindən təyinatı üzrə istifadə edilməsi, “Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən kreditlərin verilməsi zamanı bank və mülki qanunvericiliyin tələblərinə riayət edilməsi məsələlərini araşdırsın, aşkar olunmuş nöqsanlara yol vermiş şəxslərin hərəkətlərinə hüquqi qiymət verilməsi və onların məsuliyyətə cəlb olunması üçün hüquq mühafizə orqanları ilə birlikdə tədbirlər görsün.

4. Azərbaycan Respublikasının Mərkəzi Bankı:

4.1. bu Fərmanın 2.1-ci bəndinə uyğun olaraq “Aqrarkredit” QSC tərəfindən emissiya edilmiş istiqrazların satın alınması və likvidliyi üzrə zəruri tədbirlər həyata keçirsin;

4.2. “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin özəlləşdirməqabağı sağlamlaşdırılması üzrə tədbirlərin həyata keçirilməsində öz səlahiyyətləri daxilində iştirak etsin.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

5.1. bu Fərmanın 2.1-ci və 2.2-ci bəndlərinə uyğun olaraq “Aqrarkredit” QSC tərəfindən emissiya edilən istiqrazlara dövlət zəmanətinin verilməsini təmin etsin;

5.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 15 iyul 2015-ci il.

16 İyul 2015, 09:07

http://www.azertag.net

461—470 / 10511

18 Avqust 2022, 15:08

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

18 Avqust 2022, 15:08

Dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavələr müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

18 Avqust 2022, 15:08

Dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavələr müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

18 Avqust 2022, 15:08

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2006-cı il 18 aprel tarixli 391 nömrəli, “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılması haqqında” 2007-ci il 19 mart tarixli 560 nömrəli, “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”nın təsdiq edilməsi haqqında” 2010-cu il 10 fevral tarixli 218 nömrəli, “Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi haqqında” 2010-cu il 24 may tarixli 271 nömrəli, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2011-ci il 16 fevral tarixli 386 nömrəli, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” 2012-ci il 13 fevral tarixli 593 nömrəli, “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin və Komitənin strukturunun təsdiq edilməsi barədə” 2012-ci il 4 iyun tarixli 646 nömrəli, “Heydər Əliyev Mərkəzinin Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” 2012-ci il 8 oktyabr tarixli 709 nömrəli, “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Feldyeger Rabitəsi İdarəsi haqqında Əsasnamənin, onun strukturunun, habelə hərbi qulluqçularının və mülki işçilərinin ümumi say həddinin təsdiq edilməsi barədə” 2017-ci il 9 fevral tarixli 1227 nömrəli və “Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 18 iyul tarixli 215 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

18 Avqust 2022, 15:08

“Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 iyun tarixli 574-VIQD nömrəli Qanununun tətbiqi və “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 168 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

18 Avqust 2022, 15:08

“Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

17 Avqust 2022, 16:08

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

17 Avqust 2022, 16:08

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

17 Avqust 2022, 16:08

“Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 392 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

12 Avqust 2022, 16:08

Ağsu rayonunun Ağsu–Kürdəmir–Bəhrəmtəpə (19 km)–Ərəbmehdibəy–Dədəli–Qasımbəyli–Xəlilli–Mustafalı–Göydəlləkli–Təklə–Dəlilər–Qaraqoyunlu–Kəndoba avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...