“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmət növlərinin və elektron xidmətlərin genişləndirilməsi və “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. İnzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərarların elektron qaydada göndərilməsini və inzibati cərimələrin, məhkəmə qərarlarının icrası ilə əlaqədar ödənilməli olan vəsaitlərin elektron qaydada (o cümlədən “ASAN imza” vasitəsilə) ödənilməsini təmin edən çoxfunksiyalı “ASAN ödəniş” sistemi yaradılsın.
2. “ASAN ödəniş” sistemi aşağıdakıları təmin etməlidir:
2.1. inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərarların və xüsusi texniki vasitələrin köməyi ilə aşkar olunan yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinin foto və ya video görüntülərinin vətəndaşların elektron ünvanlarına, mobil telefon nömrələrinə elektron qaydada göndərilməsini;
2.2. inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra müddətinə nəzarət edilməsini və müddətlərin bitməsi barədə məlumatlandırılmasını;
2.3. inzibati cərimələrin mobil telefon aparatları vasitəsilə elektron qaydada ödənilməsini.
3. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə birlikdə “ASAN ödəniş” sisteminin təşkilini və fəaliyyətini təmin etsin, aşağıdakı ödənişlərin həmin sistem vasitəsilə həyata keçirilməsini aidiyyəti mərkəzi icra hakimiyyəti orqanları ilə birlikdə təşkil etsin:
3.1. inzibati cərimələrin yanacaqdoldurma məntəqələrində, avtomobil dayanacaqlarında, ticarət mərkəzlərində və əhalinin intensiv istifadə etdiyi digər ictimai yerlərdə xüsusi ödəmə terminalları ilə ödənilməsini;
3.2. yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə tətbiq edilən inzibati cərimələrin mobil telefon aparatları ilə ödənilməsini;
3.3. məhkəmə qərarlarının icrası ilə əlaqədar ödənilməli olan vəsaitlərin xüsusi ödəmə terminalları ilə ödənilməsini.
4. “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 858; 2013, № 2, maddə 109, № 3, maddə 254, № 4, maddə 377) aşağıdakı dəyişikliklər edilsin:
4.1. 5.7.1-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“5.7.1. mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;”;
4.2. aşağıdakı məzmunda 5.7.3-cü yarımbənd əlavə edilsin:
“5.7.3. fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;”;
4.3. 5.14-cü bənddə nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 5.15-ci və 5.16-cı bəndlər əlavə edilsin:
“5.15. yaşayış yeri üzrə qeydiyyata alındığı və ya qeydiyyatdan çıxarıldığı hallarda çağırışçıların və hərbi vəzifəli vətəndaşların hərbi qeydiyyata alınması və hərbi qeydiyyatdan çıxarılması;
5.16. xaricdə istifadə üçün nəzərdə tutulan sənədlərə dair Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən apostil verilməsi üçün sənədlərin qəbulu.”;
4.4. 6-cı hissədə “Dövlət Miqrasiya Xidmətinə,” sözlərindən sonra “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə,” sözləri əlavə edilsin;
4.5. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əsasnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
4.5.1. 3.1.7-1-ci yarımbənddə “xidmətlərin” sözündən sonra “səyyar formada göstərilməsinin təşkili qaydalarını müəyyən etmək və” sözləri əlavə edilsin;
4.5.2. aşağıdakı məzmunda 3.1.12-1-ci yarımbənd əlavə edilsin:
“3.1.12-1. “Elektron hökumət” portalının operatorunun rəyinə və əsaslandırılmış tələbinə uyğun olaraq portala qoşulmaq üçün müəyyən edilmiş texniki tələblərə cavab verməyən elektron xidmətlərlə, informasiya sistemləri və ehtiyatları ilə bağlı zəruri texniki tədbirlər və təkmilləşdirmələr aparmaq;”.
5. Aidiyyəti mərkəzi icra hakimiyyəti orqanları bu Fərmanın 4.1-4.3-cü bəndlərində nəzərdə tutulan xidmətlərin “ASAN xidmət” mərkəzlərində təşkilini “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında verilmiş tapşırıqlara uyğun olaraq təmin etsinlər.
6. Azərbaycan Respublikasının Daxili İşlər, Ədliyyə nazirlikləri və aidiyyəti mərkəzi icra hakimiyyəti orqanları bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan “ASAN ödəniş” sisteminin təşkili məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini zəruri informasiya resursları ilə təmin etsinlər.
7. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara dair işlərə baxılma qaydası və nəqliyyat vasitələrinin dövlət qeydiyyatının aparılması qaydası ilə bağlı şəffaf və operativ mexanizmin tətbiq edilməsi barədə təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
8. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
8.1. dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin reyestrinin elektronlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
8.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 fevral 2014-cü il.
12 Fevral 2014, 09:0229 May 2021, 18:05
Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması işlərinin davam etdirilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
29 May 2021, 18:05
Azərbaycan Respublikasının Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismarı ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
29 May 2021, 18:05
Azərbaycan Respublikası Prezidentinin “Yerin təkindən istifadə olunmasının, onun mühafizəsi və idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsi, bu sahəyə dövlət nəzarətinin gücləndirilməsi tədbirləri haqqında” 2018-ci il 16 iyul tarixli 205 nömrəli və “Yerin təki haqqında”, “İstehsalat və məişət tullantıları haqqında”, “Qaz təchizatı haqqında”, “Energetika haqqında” və “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 22 oktyabr tarixli 1683-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2019-cu il 29 noyabr tarixli 865 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
28 May 2021, 19:05
Ağdam Sənaye Parkının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
28 May 2021, 19:05
“Sənaye parkları haqqında Nümunəvi Əsasnamə”nin təsdiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 aprel tarixli 865 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
26 May 2021, 20:05
Azərbaycan Respublikasında modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
26 May 2021, 20:05
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
26 May 2021, 20:05
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2019-cu il 29 yanvar tarixli 500 nömrəli, “Xüsusi rabitə ilə bağlı bəzi məsələlər haqqında” 2019-cu il 11 aprel tarixli 622 nömrəli, “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” 2020-ci il 29 oktyabr tarixli 1170 nömrəli və “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” 2020-ci il 30 dekabr tarixli 1241 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
26 May 2021, 20:05
“Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
24 May 2021, 20:05
Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...