15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, bu Qanun 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşına fərdi identifikasiya kartının verilməsi, dəyişdirilməsi, müvəqqəti alınması, təhvil verilməsi və qüvvədən düşmüş hesab edilməsi ilə bağlı yaranan münasibətləri tənzimləyir.

Maddə 1. 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı

1.1. 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının (bundan sonra – vətəndaş) fərdi identifikasiya kartı Azərbaycan Respublikasının ərazisində onun şəxsiyyətini təsdiq edən sənəddir.

1.2. Fərdi identifikasiya kartını bu Qanunla müəyyən edilmiş qaydada vətəndaşın valideyninin, vətəndaşı övladlığa götürənin, vətəndaşın qəyyumunun və ya himayəçisinin (bundan sonra – qanuni nümayəndəsinin) müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanı verir.

1.3. Fərdi identifikasiya kartının təsvirini, spesifikasiyasını və nümunəsini müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.

1.4. Fərdi identifikasiya kartının tətbiqi sahələri müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə” ilə müəyyən edilir.

Maddə 2. Fərdi identifikasiya kartında göstərilən məlumatlar

2.1. Fərdi identifikasiya kartının üzərində vətəndaşın soyadı, adı, atasının adı, cinsi, doğulduğu tarix, qan qrupu, fərdi identifikasiya nömrəsi, kartın nömrəsi və etibarlılıq müddəti, habelə onun valideynlərinin soyadı, adı, atasının adı göstərilir.

2.2. Fərdi identifikasiya kartına yerləşdirilən elektron daşıyıcıya (çipə) aşağıdakı məlumatlar daxil edilir:

2.2.1. bu Qanunun 2.1-ci maddəsində göstərilən məlumatlar;

2.2.2. vətəndaşın soyadı, adı, atasının adı dəyişilibsə, əvvəlki soyadı, adı, atasının adı;

2.2.3. vətəndaşın doğulduğu yer;

2.2.4. vətəndaşın yaşayış yeri;

2.2.5. vətəndaşın gözlərinin rəngi;

2.2.6. vətəndaşın qanuni nümayəndəsinin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi və əlaqə məlumatları (poçt ünvanı, elektron poçt ünvanı, telefon nömrələri);

2.2.7. fərdi identifikasiya kartını verən orqanın adı və kartın verilmə tarixi;

2.2.8. “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulduğu halda digər məlumatlar.

2.3. Elektron daşıyıcıda (çipdə) saxlanılan məlumatlar oxunuş üçün açıqdır.

Maddə 3. Fərdi identifikasiya kartının verilməsi

3.1. Bu Qanun qüvvəyə minənədək doğum haqqında şəhadətnamə almış 15 yaşı tamam olmamış vətəndaşlar istisna olmaqla, fərdi identifikasiya kartı vətəndaşlara doğum haqqında şəhadətnamə ilə birlikdə verilir. Verilmiş fərdi identifikasiya kartı vətəndaşın 15 yaşı tamam olanadək etibarlıdır.

3.2. Fərdi identifikasiya kartının alınması üçün vətəndaşın qanuni nümayəndəsi ərizə ilə müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Ərizəyə vətəndaşın qan qrupunun və gözlərinin rənginin göstərildiyi tibbi arayış, doğum haqqında şəhadətnamə (bu Qanun qüvvəyə minənədək doğum haqqında şəhadətnamə verilmişdirsə), qanuni nümayəndənin şəxsiyyət vəsiqəsi və qanuni nümayəndə olduğunu təsdiq edən sənəd əlavə edilir.

3.3. Fərdi identifikasiya kartı bu Qanunun 3.2-ci maddəsində nəzərdə tutulmuş ərizə və ona əlavə edilən sənədlər müvafiq icra hakimiyyəti orqanına daxil olduqdan sonra ən geci 5 iş günü müddətində verilir.

3.4. Bu Qanunun 2.1-ci və 2.2-ci maddələrində göstərilən məlumatlar dəyişdikdə, eləcə də bu məlumatlarda səhv aşkar edildikdə və ya kart, yaxud onun elektron daşıyıcısı (çipi) yararsız hala düşdükdə, müvafiq olaraq kart və ya onun elektron daşıyıcısında (çipində) olan məlumatlar dəyişdirilməlidir. Dəyişdirilən fərdi identifikasiya kartı onu verən orqana təhvil verilir.

3.5. Bu Qanunun 3.4-cü maddəsində göstərilən hallardan biri baş verdikdə, vətəndaşın qanuni nümayəndəsi fərdi identifikasiya kartının və ya onun elektron daşıyıcısında (çipdə) olan məlumatların dəyişdirilməsi üçün bir ay müddətində fərdi identifikasiya kartını verən orqana müraciət etməlidir.

3.6. Fərdi identifikasiya kartının üzərində göstərilən məlumatlarda düzəliş edilməsi zərurəti yarandıqda, həmin kart bu Qanunun 3.3-cü maddəsində göstərilən müddətdə dəyişdirilir. Fərdi identifikasiya kartının elektron daşıyıcısına (çipinə) daxil edilmiş məlumatlarda düzəliş edilməsi zərurəti yarandıqda isə, həmin məlumatları daxil etmiş orqana kart təqdim edildikdən sonra ən geci 30 dəqiqə ərzində bu məlumatlar dəyişdirilir.

3.7. Vətəndaşa fərdi identifikasiya kartının verilməsinə, eləcə də kartın və ya onun elektron dayıcısına (çipinə) daxil edilmiş məlumatların dəyişdirilməsinə görə dövlət rüsumu ödənilmir.

3.8. Fərdi identifikasiya kartını verən orqanın iş qrafiki haqqında məlumatlar, habelə kartın verilməsi və dəyişdirilməsi üçün tələb olunan sənədlərin siyahısı müvafiq icra hakimiyyəti orqanının rəsmi internet saytında və identifikasiya kartını verən orqanın yerli qurumlarının binaları qarşısında hər kəsin yaxşı görə biləcəyi lövhələrdə yerləşdirilməlidir.

3.9. Fərdi identifikasiya kartının elektron daşıyıcısına (çipinə) daxil edilmiş məlumatların düzgünlüyünün vətəndaş və ya onun qanuni nümayəndəsi tərəfindən yoxlanılmasını təmin etmək üçün identifikasiya kartını verən orqanın yerli qurumlarının binalarında xüsusi avadanlıq quraşdırılmalı, vətəndaşın elektron daşıyıcıda (çipdə) toplanmış fərdi məlumatlarla ödənişsiz tanış olması, onların dəqiqləşdirilməsini və mühafizəsini tələb etməsi, işlənmə üsulları barədə məlumat alınması üçün onlara şərait yaradılmalıdır.

3.10. Bu Qanunla müəyyənləşdirilən qaydalara zidd olaraq fərdi identifikasiya kartının verilməsindən və ya dəyişdirilməsindən imtina etmək qadağandır.

Qeyd: 2015-ci il dekabırın 1-dək 15 yaşı tamam olmamış vətəndaşlara verilən şəxsiyyət vəsiqələri bu Qanunun 3.4-cü maddəsində göstərilən hallar baş verənədək qüvvədə qalır.

Maddə 4. Fərdi identifikasiya kartının itirilməsi və ya oğurlanması

4.1. Vətəndaşın fərdi identifikasiya kartı itirildikdə, onun harada, nə vaxt və hansı şəraitdə itdiyi göstərilməklə, vətəndaşın qanuni nümayəndəsi tərəfindən fərdi identifikasiya kartını verən orqana yazılı müraciət edilməlidir.

4.2. Yazılı müraciət daxil olduqdan sonra itirilmiş fərdi identifikasiya kartı barədə məlumat Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinə ötürülür. Bu məlumat Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinə daxil edildikdə, həmin kart qüvvədən düşmüş hesab edilir.

4.3. İtirilmiş və sonradan tapılmış fərdi identifikasiya kartı dərhal onu verən orqana təhvil verilməlidir.

4.4. Fərdi identifikasiya kartı oğurlandıqda, vətəndaşın qanuni nümayəndəsi bu barədə cinayətin baş verdiyi yerin polis orqanına yazılı müraciət etməlidir. Belə ərizənin qəbul edilməsi barədə vətəndaşın qanuni nümayəndəsinə arayış verilir və bu arayış oğurlanmış fərdi identifikasiya kartının qüvvədən düşməsi barədə Qüvvədən düşmüş sənədlərin dövlət reyestrində qeydiyyat aparılması və bunun əsasında vətəndaşa yeni fərdi identifikasiya kartının verilməsi üçün əsas hesab edilir.

4.5. Vətəndaşın fərdi identifikasiya kartı itirildikdə və ya oğurlandıqda vətəndaşa bu Qanunun 3-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə yeni fərdi identifikasiya kartı verilir.

Maddə 5. Fərdi identifikasiya kartının müvəqqəti alınması

5.1. Barəsində həbs və ona alternativ qətimkan tədbirləri seçilmiş, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş və ya qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilən vətəndaşlardan fərdi identifikasiya kartı təhqiqat, ibtidai istintaq, məhkəmə orqanları, cəzanı icra edən orqanlar və ya qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsi tərəfindən müvəqqəti alınır və həmin şəxs haqqında iş üzrə icraata və ya şəxsi işə əlavə edilir. Göstərilən əsaslar aradan qalxdıqda, fərdi identifikasiya kartı dərhal sahibinə və ya onun qanuni nümayəndəsinə qaytarılır.

5.2. Bu Qanunun 5.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, fərdi identifikasiya kartının alınması və ya girov götürülməsi qadağandır.

Maddə 6. Fərdi identifikasiya kartının təhvil verilməsi və qüvvədən düşmüş hesab edilməsi

6.1. Vətəndaşın 15 yaşı tamam olduqda fərdi identifikasiya kartı vətəndaşın şəxsiyyət vəsiqəsini verən orqana təhvil verilir və həmin orqan vətəndaşa şəxsiyyət vəsiqəsini verdikdən sonra fərdi identifikasiya kartını onu vermiş orqana göndərir.

6.2. Vətəndaş öldükdə onun fərdi identifikasiya kartı vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqana təhvil verilir.

6.3. Bu Qanunun 6.1-ci və 6.2-ci maddələrində nəzərdə tutulmuş hallarda fərdi identifikasiya kartı barədə məlumat Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinə daxil edilir və bundan sonra həmin kart qüvvədən düşmüş hesab edilir.

6.4. Bu Qanunda nəzərdə tutulmuş hallarda və müddətdə vətəndaş fərdi identifikasiya kartını dəyişmədikdə, fərdi identifikasiya kartı qüvvədən düşmüş hesab edilir.

Maddə 7. Bu Qanunun tələblərinin pozulmasına görə məsuliyyət

Bu Qanunun tələblərinə zidd olaraq fərdi identifikasiya kartının verilməsindən imtina etmək, onun verilməsi üçün vətəndaşın qanuni nümayəndəsindən nəzərdə tutulmayan sənədlər tələb etmək və ya fərdi identifikasiya kartının verilməsində (dəyişdirilməsində), kartın elektron daşıyıcısındakı (çipindəki) məlumatların dəyişdirilməsində süründürməçilik etmək, fərdi identifikasiya kartına və ya kartın elektron daşıyıcısına bu Qanunla nəzərdə tutulmuş məlumatları səhv daxil etmək, habelə fərdi identifikasiya kartını itirməkdə, qəsdən korlamaqda, oğurlamaqda, qanunsuz hazırlamaqda, saxtalaşdırmaqda, satmaqda və ya ondan qanunsuz istifadədə təqsirli bilinən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Maddə 8. Qanunun qüvvəyə minməsi

Bu Qanun 2015-ci il dekabrın 1-dən qüvvəyə minir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 17 dekabr 2013-cü il.

12 Fevral 2014, 08:02

http://www.azertag.net

461—470 / 10511

18 Avqust 2022, 15:08

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

18 Avqust 2022, 15:08

Dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavələr müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

18 Avqust 2022, 15:08

Dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavələr müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

18 Avqust 2022, 15:08

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2006-cı il 18 aprel tarixli 391 nömrəli, “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılması haqqında” 2007-ci il 19 mart tarixli 560 nömrəli, “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”nın təsdiq edilməsi haqqında” 2010-cu il 10 fevral tarixli 218 nömrəli, “Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi haqqında” 2010-cu il 24 may tarixli 271 nömrəli, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2011-ci il 16 fevral tarixli 386 nömrəli, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” 2012-ci il 13 fevral tarixli 593 nömrəli, “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin və Komitənin strukturunun təsdiq edilməsi barədə” 2012-ci il 4 iyun tarixli 646 nömrəli, “Heydər Əliyev Mərkəzinin Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” 2012-ci il 8 oktyabr tarixli 709 nömrəli, “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Feldyeger Rabitəsi İdarəsi haqqında Əsasnamənin, onun strukturunun, habelə hərbi qulluqçularının və mülki işçilərinin ümumi say həddinin təsdiq edilməsi barədə” 2017-ci il 9 fevral tarixli 1227 nömrəli və “Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 18 iyul tarixli 215 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

18 Avqust 2022, 15:08

“Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 iyun tarixli 574-VIQD nömrəli Qanununun tətbiqi və “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 168 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

18 Avqust 2022, 15:08

“Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

17 Avqust 2022, 16:08

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

17 Avqust 2022, 16:08

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

17 Avqust 2022, 16:08

“Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 392 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

12 Avqust 2022, 16:08

Ağsu rayonunun Ağsu–Kürdəmir–Bəhrəmtəpə (19 km)–Ərəbmehdibəy–Dədəli–Qasımbəyli–Xəlilli–Mustafalı–Göydəlləkli–Təklə–Dəlilər–Qaraqoyunlu–Kəndoba avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...