"Malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 34
Bakı şəhəri, 6 fevral 2014-cü il
"Malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında
"Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının 1.1.26-cı yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
"Malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları" təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 fevral tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmişdir
Malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi
QAYDALARI
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin (bundan sonra - Gömrük Məcəlləsi) 200.5-ci maddəsinin tələblərinə uyğun olaraq hazırlanmışdır və malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müəyyən edir.
1.2. Malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi gömrük orqanının icazəsi ilə həyata keçirilir.
2. Əsas anlayışlar
2.1. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1.1. emal əməliyyatları - quraşdırılma, yığılma və başqa mallara uyğunlaşdırılma da daxil olmaqla, malın hazırlanması, malın emalı və təkrar emalı, bərpaedilmə və qaydaya salınma da daxil olmaqla, malın təmiri, emal prosesinə xidmət edən və ya bunu asanlaşdıran bəzi mallardan tamamilə və ya qismən istifadə olunması;
2.1.2. emal məhsulları - emal xüsusi gömrük proseduru altında yerləşdirilərək, emal əməliyyatlarından keçmiş mallar;
2.1.3. istehsalat itkiləri - emal məhsulunun istehsalı prosesində əmələ gələn və həmişəlik itirilən materiallar;
2.1.4. istehsalat tullantıları - istehsal, yaxud işlərin (xidmətlərin) yerinə yetirilməsi prosesində əmələ gələn və ilkin istehlak xüsusiyyətlərini tam və ya qismən itirən xammal, material, maddə, yarımfabrikat, əşya və digər məhsulların qalıqları, habelə istehsal obyekti olmayan və öz istifadə olunma xüsusiyyətlərinə görə texnoloji prosesə daxil olmayan, yenidən əmələ gələn eyni mənşəli əşya və maddələr;
2.1.5. mal qalıqları - emal məhsulunun hazırlanması üçün gömrük ərazisindən kənara aparılmış daxili malların istifadə olunmamış hissəsi;
2.1.6. xaricdə emal - gömrük ərazisində sərbəst dövriyyədə olan mallarla emal əməliyyatlarının aparılması məqsədi ilə onların gömrük ərazisindən müvəqqəti aparılması və sonradan idxal gömrük rüsumlarından və vergilərdən tamamilə, yaxud qismən azad olunmaqla geri qaytarılmasından ibarət xüsusi gömrük proseduru.
3. Malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi
3.1. Xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilən daxili mallar emal üçün gömrük ərazisindən müvəqqəti ixrac edilir. Bu mallardan əldə edilən emal məhsulları bu Qaydaların 9-cu hissəsində göstərilən hallarda və qaydada idxal gömrük rüsumlarından və vergilərdən tam və ya qismən azad edilməklə sərbəst dövriyyəyə buraxılır.
3.2. Aşağıdakı daxili malların xaricdə emalına icazə verilmir:
3.2.1. ixracı idxal gömrük rüsumlarının və vergilərin geri qaytarılmasına və ya qanunvericilikdə nəzərdə tutulmuş hallarda onlardan azad olunması ilə nəticələnə biləcək mallar;
3.2.2. təmiri üzrə əməliyyatların aparıldığı hallar istisna olmaqla, ixracdan əvvəl son istifadə ilə əlaqədar gömrük rüsumlarından və vergilərdən tam və ya qismən azad edilməklə sərbəst dövriyyəyə buraxılmış mallar;
3.2.3. ixrac edilməsi ixrac üzrə gömrük ödənişlərinin geri qaytarılması ilə nəticələnən mallar.
3.3. Xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar onların qorunması, xarici görünüşünün və keyfiyyətinin yaxşılaşdırılması, satış və daşınma üçün hazırlanması məqsədi ilə adi işləmə formalarına məruz qala bilərlər.
3.4. Xaricdə emal prosedurunda ekvivalent mallar bu prosedur altında yerləşdirilmiş daxili malların əvəzinə emal olunan xarici mallardan ibarətdir.
3.5. Gömrük orqanının verdiyi icazəyə uyğun olaraq daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar, yaxud onların bir hissəsi, habelə emal edilmiş məhsullar emalı davam etdirmək məqsədi ilə xaricdə emal xüsusi gömrük prosedurunun şərtlərinə müvafiq olaraq gömrük ərazisindən kənara müvəqqəti təkrar ixrac edilə bilər.
3.6. Xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş daxili mallara, habelə təkrar idxal olunan emal məhsullarına və istehsalat tullantılarına Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq ticarət siyasəti tədbirləri tətbiq edilmir.
3.7. İstehsalat tullantıları və mal qalıqları ixrac gömrük proseduru altında yerləşdirilməlidir və ya təkrar idxal olunaraq sərbəst dövriyyəyə buraxılmalıdır.
3.8. İstehsalat itkiləri gömrük nəzarəti altında qalmaqla, onların gömrük rəsmiləşdirilməsi aparılmır.
4. Malların eyniləşdirilməsi
4.1. Xaricdə emal prosedurundan yalnız o halda istifadə etmək olar ki, istehsal materiallarından istifadə edilməsinə baxmayaraq xaricdə emal proseduru altında yerləşdirilmiş malları emal məhsulları ilə eyniləşdirmək mümkün olsun. Xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar Gömrük Məcəlləsinin 173-cü maddəsinə uyğun olaraq ekvivalent mallarla əvəz edildikdə, əvəz edilmiş mallar barəsində eyniləşdirmə tədbirləri həyata keçirilmir.
4.2. Emal məhsulunda daxili malların mövcudluğunu müəyyənləşdirmək məqsədi ilə gömrük orqanları Gömrük Məcəlləsinin 87.2-ci maddəsində nəzərdə tutulmuş vasitələrdən istifadə etməklə, malların eyniləşdirilməsi tədbirlərini həyata keçirirlər.
4.3. Emal məhsullarında daxili malların eyniləşdirilməsi tədbirləri gömrük orqanı tərəfindən malların xüsusiyyətləri və emal əməliyyatları nəzərə alınaraq müəyyən edilir.
5. Malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsinə icazənin verilməsi
5.1. Malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsinə icazə şəxsə aşağıdakı şərtlərlə verilir:
5.1.1. gömrük orqanının xaricdə emal xüsusi gömrük proseduruna nəzarəti həyata keçirmək imkanı olduqda;
5.1.2. icazənin verilməsi yerli istehsalçıların mühüm maraqlarına mənfi təsir göstərmədikdə.
5.2. Malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsinə icazə aşağıdakı şəxslərə verilir:
5.2.1. rezidentlərə;
5.2.2. gömrük əməliyyatlarının qanunvericiliyin tələblərinə uyğun aparılacağına zəmanət təqdim edən və gömrük borcunun yarandığı və yarana biləcəyi hallarda onun ödənilməsinə təminat verən şəxslərə.
5.3. Malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə kağız üzərində yazılı və ya elektron formada ərizə ilə müraciət edilir. Ərizədə "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 30.2-ci maddəsində təsbit edilən məlumatlarla yanaşı, aşağıdakılar da göstərilir:
5.3.1. ərizəçi hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda - vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN);
5.3.2. daxili malların və emal məhsullarının adları, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə kodları, XİFMN-də göstərilən ölçü vahidində miqdarı, ABŞ dolları ilə dəyəri;
5.3.3. mövcud olduqda istehsalat tullantılarının adları, XİFMN üzrə kodları, XİFMN-də göstərilən ölçü vahidində miqdarı, ABŞ dolları ilə dəyəri;
5.3.4. daxili malların ekvivalent mallarla əvəzlənməsi nəzərdə tutulduqda ekvivalent malların adları, XİFMN üzrə kodları, XİFMN-də göstərilən ölçü vahidində miqdarı, ABŞ dolları ilə dəyəri;
5.3.5. emal əməliyyatları barədə məlumat (texnologiya, müddət və s.);
5.3.6. xaricdə emal xüsusi gömrük proseduru üzrə yerinə yetirilən əməliyyatların hasilat norması;
5.3.7. eyniləşdirmə tədbirləri barədə məlumat;
5.3.8. daxili malların ekvivalent mallarla əvəz edilməsi barədə məlumat.
5.4. Ərizə ilə birlikdə aşağıdakılar da təqdim edilir:
5.4.1. daxili malların emal edilməsinə dair bağlanılmış müqavilə və ya malın keyfiyyəti üçün qarantiya öhdəlikləri göstərilmiş alqı-satqı müqaviləsi;
5.4.2. təmir məqsədi ilə xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilən malların qüsurlu olmasını təsbit edən sənəd;
5.4.3. fiziki şəxsin şəxsiyyət vəsiqəsinin və ya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin (dövlət reyestrindən çıxarışın) və nizamnaməsinin notarial qaydada təsdiq edilmiş surəti;
5.4.4. ərizəçi qeyri-kommersiya hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda, vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN-in) surəti;
5.4.5. gömrük əməliyyatlarının qanunvericiliyin tələblərinə uyğun aparılacağına dair zəmanət;
5.4.6. gömrük borcunun yarandığı və ya yarana biləcəyi hallarda onun ödənilməsinə dair təminat.
5.5. Daxil olmuş ərizəyə gömrük orqanı tərəfindən 3 (üç) iş günü müddətində baxılır. Bu Qaydaların 5.6-cı bəndində göstərilən hallar mövcud olmadıqda, malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsinə kağız üzərində yazılı və ya elektron formada icazə verilir. Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə ərizəçiyə dərhal məlumat verilir. Çatışmazlıqlar aradan qaldırıldıqda, müraciətə 1 (bir) iş günü müddətində yenidən baxılır və müvafiq qərar qəbul edilir.
5.6. Malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi üçün icazənin verilməsindən aşağıdakı hallarda imtina edilir:
5.6.1. malların gömrük ərazisinə gətirilməsi Gömrük Məcəlləsinin 214-cü və 215-ci maddələrinə əsasən qadağan edildikdə və ya məhdudlaşdırıldıqda;
5.6.2. icazənin verilməsi üçün təqdim edilmiş sənədlərdə yanlış məlumatlar olduqda;
5.6.3. bu Qaydaların 5.1-ci və 5.2-ci bəndlərində nəzərdə tutulan şərtlərə riayət edilmədikdə.
5.7. İcazənin verilməsindən imtina edildiyi halda imtinanın əsasları göstərilməklə, ərizəçiyə bu barədə yazılı məlumat verilir.
5.8. İcazənin verilməsindən imtinaya əsas olmuş hallar aradan qaldırıldıqdan sonra icazə almaq üçün bu Qaydalara uyğun olaraq yenidən gömrük orqanına müraciət edilə bilər.
5.9. İcazənin alınması üçün təqdim edilmiş məlumatlarda və sənədlərdə dəyişiklik olduqda, icazə sahibi dərhal bu barədə gömrük orqanına məlumat verir.
5.10. Malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi üçün icazə gömrük orqanı tərəfindən aşağıdakı hallarda ləğv edilir:
5.10.1. icazə sahibinin bu barədə müvafiq ərizəsi təqdim edildikdə;
5.10.2. icazəni almış hüquqi şəxs ləğv edildikdə, fiziki şəxs vəfat etdikdə, xəbərsiz itkin düşmüş və ya ölmüş elan olunduqda;
5.10.3. icazənin verilməsi üçün əsas olmuş şərtlərə riayət edilmədikdə;
5.10.4. məhkəmənin müvafiq qərarı olduqda;
5.10.5. bu Qaydaların 6.5-ci bəndində nəzərdə tutulmuş halda.
5.11. İcazə sahibi icazənin ləğv edilməsi barədə dərhal kağız üzərində yazılı və ya elektron formada məlumatlandırılır.
5.12. Xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar icazənin ləğv edildiyi gündən ixrac gömrük proseduru altında yerləşdirilmiş hesab olunur.
5.13. Xaricdə emal xüsusi gömrük proseduruna icazə sahibi icazənin verilməsindən sonra onun davam etdirilməsinə və ya məzmununa təsir edə bilən bütün amillər barədə gömrük orqanlarına məlumat verməyə borcludur.
6. Hüquqların və öhdəliklərin digər şəxslərə verilməsi
6.1. Xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallarla əlaqədar prosedur sahibinin hüquqları və öhdəlikləri həmin gömrük proseduru üçün müəyyən edilmiş şərtlərə əməl edən digər şəxslərə verilə bilər.
6.2. Xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallarla əlaqədar hüquq və öhdəliklərin həmin gömrük proseduru üçün müəyyən edilmiş şərtlərə əməl edən digər şəxsə ötürülməsi məqsədi ilə prosedur sahibi tərəfindən gömrük orqanına müraciət edilir.
6.3. Xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallarla əlaqədar hüquq və öhdəlikləri qəbul edən şəxsin müvafiq gömrük proseduru üçün müəyyən edilmiş şərtlərə əməl edəcəyinə zəmanət təqdim edildikdə, gömrük orqanı tərəfindən həmin şəxsə bu Qaydaların 5-ci hissəsinə uyğun olaraq icazə verilir.
6.4. Xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallarla əlaqədar hüquq və öhdəliklər bu prosedur altında yerləşdirilmiş mallar qismən istifadə olunduqdan sonra da digər şəxslərə ötürülə bilər.
6.5. Xaricdə emal xüsusi gömrük proseduruna dair hüquq və öhdəliklər digər şəxsə ötürüldükdə, əvvəlki icazə sahibinə verilmiş icazə ləğv edilir.
6.6. Xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallarla əlaqədar hüquq və öhdəliklərin digər şəxsə ötürülməsi həmin prosedur üçün müəyyən edilmiş müddətin axımına təsir etmir.
7. Xaricdə emal xüsusi gömrük prosedurunun başa çatması müddəti
7.1. Xaricdə emal xüsusi gömrük prosedurunun başa çatması müddəti 2 (iki) ildən artıq olmamalıdır.
7.2. Gömrük orqanı xaricdə emal xüsusi gömrük prosedurunun başa çatması müddətini müraciət etmiş şəxsin emal əməliyyatlarının aparılması müddəti barədə verdiyi məlumata əsasən müəyyənləşdirir.
7.3. Xaricdə emal xüsusi gömrük prosedurunun müddəti malların bu prosedur altında yerləşdirildiyi tarixdən başlayır və emal əməliyyatlarının, habelə bu prosedurun başa çatdırılması üçün tələb edilən vaxtı əhatə edir. Mallar partiyalarla aparıldıqda, bu müddət birinci partiyanın həmin prosedur altında yerləşdirildiyi gündən hesablanır.
7.4. Xaricdə emal xüsusi gömrük prosedurunun başlama və sona çatma müddətləri malların bu prosedur altında yerləşdirilməsi üçün gömrük orqanlarının verdiyi icazədə göstərilir.
7.5. Müəyyən edilən müddətdə mallar idxal edildikdə, həmin mallar idxal gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad olunur.
7.6. İcazə sahibinin əsaslandırılmış müraciəti olduqda, gömrük orqanı xaricdə emal xüsusi gömrük prosedurunun başa çatma müddətinin 1 (bir) ilədək uzadılması barədə qərar qəbul edir.
7.7. İcazə sahibi icazənin müddətinin uzadılması üçün prosedurun müddətinin başa çatmasına ən azı 15 (on beş) gün qalmış gömrük orqanına müraciət etməlidir. İcazədə göstərilmiş müddət bitdikdən sonra edilmiş müraciətlərə baxılmır.
7.8. Xaricdə emal xüsusi gömrük proseduru Gömrük Məcəlləsinin 169-cu maddəsində nəzərdə tutulmuş hallarda və qaydada başa çatır.
7.9. Emal məhsullarının gömrük ərazisinə idxal edilməsi zamanı şəxs tərəfindən mallar xaricdə emal xüsusi gömrük prosedurunu rəsmiləşdirmiş gömrük orqanına deyil, başqa gömrük orqanına təqdim edə bilər.
8. Gömrük ərazisindən kənarda həyata keçirilmiş emal əməliyyatlarına çəkilən xərclərin hesablanması
8.1. Bu Qaydaların 9.1-ci bəndində nəzərdə tutulmayan və advalor gömrük rüsumunun tətbiq edildiyi hallarda idxal gömrük rüsumlarının və vergilərin məbləği gömrük ərazisindən kənarda həyata keçirilmiş emal əməliyyatlarına çəkilən xərclər əsasında hesablanır.
8.2. Gömrük ərazisindən kənarda həyata keçirilmiş emal əməliyyatlarına çəkilən xərclər gömrük orqanları tərəfindən bu xərclərə dair təsdiqedici sənədlər əsasında hesablanır.
8.3. Gömrük ərazisindən kənarda həyata keçirilmiş emal əməliyyatlarına çəkilən xərcləri bu Qaydaların 8.2-ci bəndində göstərilən qaydada hesablamaq mümkün olmadıqda, həmin xərclər emal məhsullarının gömrük dəyəri ilə xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş daxili malların gömrük dəyəri arasında olan fərq əsasında müəyyən olunur.
9. Təkrar idxal edilən malların idxal gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad olunması
9.1. Aşağıdakı hallarda xaricdə emal edilərək gömrük ərazisinə qaytarılan mallar gömrük rüsumlarından və vergilərdən tamamilə azad olunur:
9.1.1. malların müqavilədən irəli gələn zəmanət öhdəlikləri, yaxud istehsal və ya material qüsurları ilə əlaqədar gömrük ərazisindən kənarda ödənişsiz təmir edildiyi müvafiq sənədlərlə təsdiq edildikdə;
9.1.2. qüsurlu daxili malların təmiri ilə əlaqədar standart mübadilə sistemindən istifadəyə icazə verildikdə;
9.1.3. xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar heç bir emala məruz qalmadan, eyni vəziyyətdə gömrük ərazisinə qaytarıldıqda.
9.2. Bu Qaydaların 9.1-ci bəndində nəzərdə tutulmayan hallarda xaricdə emal edilərək gömrük ərazisinə qaytarılan mallar gömrük rüsumlarından və vergilərdən qismən azad olunur.
9.3. Bu Qaydaların 9.2-ci bəndində göstərilən mallar barəsində gömrük rüsumlarının və əlavə dəyər vergisinin məbləğləri aşağıdakı qaydada hesablanır:
9.3.1. advalor gömrük rüsumunun məbləği bu Qaydaların 8-ci hissəsinə müvafiq olaraq hesablanmış emal əməliyyatlarına çəkilən xərclərə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş gömrük rüsumlarının dərəcələrinin tətbiqi ilə;
9.3.2. spesifik gömrük rüsumunun məbləği emal məhsulu barəsində hesablanan idxal gömrük rüsumunun məbləği ilə xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar barəsində şərti olaraq hesablanan idxal gömrük rüsumunun məbləği arasındakı fərq müəyyən olunmaqla;
9.3.3. əlavə dəyər vergisinin məbləği bu Qaydaların 8-ci hissəsinə müvafiq olaraq hesablanmış emal əməliyyatlarına çəkilən xərclərin, gömrük rüsumunun və aksiz vergisinin (Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 190.1-ci maddəsində nəzərdə tutulduğu hallarda) məbləğlərinin cəminə Azərbaycan Respublikasının Vergi Məcəlləsində əlavə dəyər vergisi üçün müəyyən edilən vergi dərəcəsinin tətbiqi ilə.
9.4. Bu Qaydaların 9.1-ci bəndində göstərilən hallar istisna olmaqla, emal məhsulları tam həcmdə aksiz vergisinə cəlb edilirlər.
10. Xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların ixracı zamanı gömrük ödənişləri
10.1. İxrac zamanı gömrük rüsumlarının və vergilərin ödənilməsi nəzərdə tutulan mallar xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirildikdə, Gömrük Məcəlləsinin 253.1-ci maddəsinə əsasən həmin mallara dair ixrac gömrük rüsumları və vergiləri miqdarında təminat alınır.
10.2. Daxili mallardan əldə edilən emal məhsulları təkrar idxal olunduqda, bu Qaydaların 10.1-ci bəndinə əsasən müəyyən olunan təminat şəxsə geri qaytarılır.
10.3. Xaricdə emal xüsusi gömrük proseduru üçün verilmiş icazənin qüvvədə olma müddəti bitənədək daxili mallar, emal məhsulları və istehsalat tullantıları təkrar idxal olunmadıqda, həmçinin icazənin ləğv edilməsi haqqında qərar qəbul edildikdə, bu Qaydaların 10.1-ci bəndinə əsasən müəyyən olunan təminat geri qaytarılmır.
11. Standart mübadilə sistemi
11.1. Standart mübadilə sistemi çərçivəsində idxal edilmiş məhsul (əvəzləyici məhsul) bu Qaydaların 11.2-ci-11.5-ci bəndlərinə müvafiq olaraq emal məhsulunu əvəz edə bilər.
11.2. Gömrük orqanları standart mübadilə sistemindən istifadəyə emal əməliyyatları qüsurlu daxili malların təmiri ilə əlaqədar olduğu hallarda icazə verirlər.
11.3. Əvəzləyici məhsullar təmirə məruz qalan qüsurlu mallarla eyni keyfiyyətə, eyni texniki göstəricilərə və xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə eyni rəqəmli koda malik olmalıdırlar.
11.4. Qüsurlu mallardan ixracdan əvvəl istifadə olunmuşdursa, əvəzləyici məhsullar da istifadə edilmiş olmalıdırlar.
11.5. Əvəzləyici məhsul qanundan irəli gələn öhdəliklər, müqavilədən irəli gələn zəmanət öhdəlikləri, yaxud istehsal və ya material qüsurları ilə əlaqədar olaraq ödənişsiz təmir edilmişdirsə, gömrük orqanları bu Qaydaların 11.4-cü bəndində qeyd olunan tələbdən imtina edirlər.
11.6. Emal edilmiş məhsullara tətbiq olunması nəzərdə tutulan müddəalar əvəzləyici məhsullara da şamil edilir.
12. Qüsurlu malların ixrac edilməsindən əvvəl əvəzləyici məhsulların idxal edilməsinə icazə verilməsi
12.1. Qüsurlu malların ixrac edilməsindən əvvəl əvəzləyici məhsulların idxal edilməsinə şəxsin müraciəti əsasında, bu Qaydaların 5.1-ci, 5.2-ci, 5.6-cı-5.11-ci bəndlərinin tələblərinə uyğun olaraq icazə verilir. Bu halda şəxsdən bu Qaydaların 12.4-cü bəndində göstərilən miqdarda təminat alınır.
12.2. Qüsurlu malların ixrac edilməsindən əvvəl əvəzləyici məhsulların idxal edilməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə kağız üzərində yazılı və ya elektron formada ərizə ilə müraciət edilir. Ərizədə "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 30.2-ci maddəsində təsbit edilən məlumatlarla yanaşı, aşağıdakılar da göstərilir:
12.2.1. ərizəçi hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN);
12.2.2. malların adı, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə kodu, XİFMN-də göstərilən ölçü vahidində miqdarı, ABŞ dolları ilə dəyəri;
12.2.3. qüsurlu daxili malların təmiri ilə əlaqədar emal əməliyyatları barədə məlumat (texnologiya, müddət və s.);
12.2.4. əvəzləyici məhsullar təmirə məruz qalan qüsurlu mallarla eyni keyfiyyətə, eyni texniki göstəricilərə və xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə eyni rəqəmli koda malik olması barədə məlumat.
12.3. Ərizə ilə birlikdə aşağıdakılar da təqdim edilir:
12.3.1. malların qüsurlu olmasını təsbit edən sənəd;
12.3.2. qarantiya müddəti müəyyənləşdirilmiş mallara dair bağlanılmış müqavilə;
12.3.3. fiziki şəxsin şəxsiyyət vəsiqəsinin və ya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin (dövlət reyestrindən çıxarışın) və nizamnaməsinin notarial qaydada təsdiq edilmiş surəti;
12.3.4. ərizəçi qeyri-kommersiya hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda, vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN-in) surəti;
12.3.5. gömrük əməliyyatlarının qanunvericiliyin tələblərinə uyğun aparılacağına dair zəmanət;
12.3.6. gömrük borcunun yarandığı və ya yarana biləcəyi hallarda onun ödənilməsinə dair təminat.
12.4. Bu Qaydaların 12.1-ci bəndində nəzərdə tutulan təminatın miqdarı qüsurlu məhsullar bu Qaydaların 12.5-ci bəndinə müvafiq olaraq ixrac edilmədiyi halda ödənilməli olan idxal gömrük rüsumlarının və vergilərin məbləğini əhatə etməlidir.
12.5. Qüsurlu məhsullar əvəzləyici məhsulların sərbəst dövriyyəyə buraxılması üçün verilmiş bəyannamənin gömrük orqanları tərəfindən təsdiq edildiyi tarixdən sonrakı 2 (iki) ay müddətində ixrac edilməlidir.
12.6. Qüsurlu məhsullar bu Qaydaların 12.5-ci bəndində göstərilmiş müddətdə üzrlü səbəblərə görə ixrac edilə bilmədikdə, gömrük orqanları şəxsin əsaslandırılmış müraciəti ilə bu müddəti 2 (iki) ayadək artırırlar.
11 Fevral 2014, 16:02
20 Noyabr 2014, 09:11
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında ətraflı...
20 Noyabr 2014, 09:11
“Beynəlxalq Antikorrupsiya Akademiyası”na üzv dövlətlərin Assambleyasının Üçüncü Sessiyasının iştirakçılarına ətraflı...
19 Noyabr 2014, 09:11
“Balıqçılıq haqqında”Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 28oktyabr tarixli 1092-IVQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
19 Noyabr 2014, 09:11
“Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə ətraflı...
19 Noyabr 2014, 09:11
“Ovçuluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1077-IVQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
19 Noyabr 2014, 09:11
“Ovçuluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə ətraflı...
19 Noyabr 2014, 09:11
“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 28 oktyabr tarixli1094-IVQD nömrəli Qanununun tətbiqi barədə ətraflı...
19 Noyabr 2014, 09:11
“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 28 oktyabr tarixli 1094-IVQD nömrəli Qanununun tətbiqi barədə ətraflı...
19 Noyabr 2014, 09:11
Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişikliklər edilməsi haqqında ətraflı...
19 Noyabr 2014, 09:11
“Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 28 oktyabr tarixli 1093-IVQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...