Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının NİZAMNAMƏSİ
Azərbaycan Respublikası Prezidentinin
2015-ci il 17 aprel tarixli Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 20 fevral tarixli 107 nömrəli Fərmanına əsasən yaradılmış Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası (bundan sonra – Akademiya) ali və əlavə təhsil proqramlarını, ali təhsilin magistratura və adyunktura (doktorantura) səviyyələrində kadr hazırlığını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı dövlət ali təhsil müəssisəsidir.
1.2. Akademiya hüquqi şəxsdir, onun müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, o cümlədən hərbi əmlak, xəzinə və bank hesabları, üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin (bundan sonra – Müdafiə Nazirliyi) və öz adı həkk olunmuş möhürü, ştampları və blankları vardır.
1.3. Akademiyanın fəaliyyətinin əsas məqsədi Azərbaycan Respublikası Silahlı Qüvvələri üçün xüsusi ixtisaslar üzrə ali hərbi təhsilli zabit kadrları hazırlamaq və hərbi elmlər sahəsində elmi tədqiqat işlərinin aparılmasını təşkil etməkdir.
1.4. Akademiya öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Müdafiə Nazirliyinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin normativ hüquqi aktlarını, Müdafiə Nazirliyinin kollegiyasının qərarlarını, Azərbaycan Respublikası müdafiə nazirinin əmr və sərəncamlarını, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi nizamnamələrini və bu Nizamnaməni rəhbər tutur.
1.5. Akademiyanın fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi və Akademiyanın akkreditasiyası “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanuna uyğun olaraq həyata keçirilir.
1.6. Akademiya dövlət orqanları və digər dövlətlərin müvafiq qurumları ilə əməkdaşlıq şəraitində fəaliyyət göstərir.
1.7. Akademiya “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq maliyyə hesabatlarını təqdim edir, fəaliyyətinin nəticələri barədə Müdafiə Nazirliyinə hesabat verir.
1.8. Akademiya Bakı şəhərində yerləşir.
2. Akademiyanın fəaliyyətinin əsas istiqamətləri
2.1. Akademiyanın fəaliyyətinin əsas istiqamətləri tədris, təlim-tərbiyə, metodik, elmi tədqiqat və redaksiya-nəşriyyat işlərindən ibarətdir.
2.2. Tədris işi hərbi-nəzəri və hərbi-praktiki biliklərə yiyələnmiş, intellektual təfəkkürə malik, əməliyyat-strateji və əməliyyat-taktiki səviyyələrdə hərbi idarəetmə orqanlarında komanda, qərargah və digər vəzifələrdə xidmət etmək üçün ali hərbi təhsilli zabit kadrlar hazırlamaqdan, əlavə təhsili və təlim məşğələlərini həyata keçirməkdən, kurs və diplom işlərinə, təcrübi məşğələlərə rəhbərlik etməkdən ibarətdir.
2.3. Təlim-tərbiyə işi şəxsiyyətin formalaşması üçün mütəşəkkil təşkil olunmuş məqsədyönlü prosesdir və hərbi vətənpərvərlik, mənəvi-əxlaqi, estetik, hüquqi və fiziki tərbiyə məsələlərinin həllinə kompleks yanaşma əsasında tədris prosesi ilə birgə aparılır. Təlim-tərbiyə işinin mahiyyəti aşağıdakılardan ibarətdir:
2.3.1 dəyişən heyətə vətənpərvərlik hissləri aşılamaq, onları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və digər qanunvericilik aktlarına, insan və vətəndaş hüquq və azadlıqlarına hörmət ruhunda tərbiyə etmək;
2.3.2. dəyişən heyətə dövlətə, xalqa sədaqət, xidməti borcun yerinə yetirilməsinə məsuliyyətlə yanaşma, yüksək intizam və mənəviyyat, mətinlik, fiziki dözümlülük və hərbi peşəkarlıq keyfiyyətlərini aşılamaq;
2.3.3. dəyişən heyətin hərbi nizam-intizamını, döyüş hazırlığını təmin etmək;
2.3.4. dəyişən heyətin milli və ümumbəşəri dəyərlərə yiyələnməsini təmin etmək.
2.4. Metodik işin məqsədi bütün növ tədris məşğələlərinin keçirilməsi metodikasını təkmilləşdirmək, onun keyfiyyətini və effektivliyini artırmaq, rəhbər heyətin, professor-müəllim heyətinin və təhsilalanların komandirlərinin peşə səviyyəsini artırmaqdır. Metodik işin əsas formaları aşağıdakılardır:
2.4.1. tədris məşğələlərinin, təlim-tərbiyə işinin aparılması və təminatı üçün tədris-metodik sənədlərin işlənilməsi;
2.4.2. rəhbər heyətin, professor-müəllim heyətinin və təhsilalanların komandirlərinin pedaqoji ustalıqlarının artırılması, həmin məqsədlə tədris-metodiki toplantı, müşavirə, elmi-metodik konfrans, seminar və metodiki məşğələlərin keçirilməsi;
2.4.3. tədris məşğələlərinə nəzarətin təşkili və aparılması;
2.4.4. pedaqoji (metodiki) təcrübənin keçirilməsi və onun nəticələrinin tədris prosesinə tətbiqi;
2.4.5. tədris və təlim-tərbiyə prosesi metodikasına elmi şura, kafedra iclaslarında baxılması.
2.5. Akademiyanın elmi fəaliyyəti hərb elminin müvafiq sahələrinin inkişafına və elmi tədqiqatların nəticələrinin tədris prosesinin tətbiqinə yönəldilir. Elmi tədqiqat işinin mahiyyəti aşağıdakılardır:
2.5.1. dərsliklər, dərs vəsaitləri, monoqrafiyalar, məcmuələr, mühazirə, elmi-metodik və konfrans materialları, məlumat bülletenləri hazırlamaq;
2.5.2. elmi araşdırmalar aparmaq;
2.5.3. elmi tədqiqat işlərinin aparılmasını təşkil etmək və həmin sahədə metodik kömək göstərmək.
2.6. Redaksiya-nəşriyyat işinin mahiyyəti dərsliklərin, dərs vəsaitlərinin, tədris-metodik vəsaitlərin, monoqrafiyaların, məcmuələrin, elmi-metodik və konfrans materiallarının, məlumat bülletenlərinin və digər materialların redaktə edilməsi və nəşrindən ibarətdir.
2.7. Tədris, metodik və elmi işlərə bilavasitə rəhbərliyi funksional vəzifə borclarına uyğun olaraq, Akademiyanın rəisinin tədris üzrə müavini həyata keçirir.
3. Akademiyanın vəzifələri və hüquqları
3.1. Akademiyanın vəzifələri aşağıdakılardır:
3.1.1. hərbi-nəzəri və hərbi-praktiki biliklərə yiyələnmiş, intellektual təfəkkürə malik, əməliyyat-strateji və əməliyyat-taktiki səviyyələrdə hərbi idarəetmə orqanlarında komanda, qərargah və digər vəzifələrdə xidmət etmək üçün təhsil pilləsinin magistratura və adyunktura səviyyələrində ali hərbi təhsilli zabit kadrları hazırlamaq, tələbata uyğun olaraq əlavə təhsili həyata keçirmək;
3.1.2. təhsil proqramlarını və tədris planlarını hazırlamaq;
3.1.3. dəyişən heyətin attestasiyasını keçirmək;
3.1.4. təhsil haqqında diplomlar, habelə “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təhsilə dair digər sənədlər vermək;
3.1.5. tədris prosesinin maddi-texniki təminatını həyata keçirmək, bina və otaqları mövcud norma və tələblərə uyğun qurmaq;
3.1.6. təlim-tərbiyə prosesini yüksək səviyyədə təşkil etmək, dəyişən heyətin intellektual, mədəni və mənəvi inkişafını təmin etmək, peşəkarlıq xüsusiyyətlərini formalaşdırmaq;
3.1.7. fəaliyyət sahəsi üzrə elmi tədqiqat işlərini təşkil etmək;
3.1.8. hərb elmləri sahəsində fundamental və tətbiqi elmi araşdırmalar aparmaq, Silahlı Qüvvələr üçün məlumat-analitik, elmi-metodik materiallar və tövsiyələr hazırlamaq;
3.1.9. elmi və elmi-pedaqoji kadrlar hazırlamaq;
3.1.10. dövlət orqanlarında çalışan yüksəkvəzifəli şəxslərə hərbi-strateji, hərbi-iqtisadi və hərbi-siyasi məsələlərin öyrədilməsini təşkil etmək;
3.1.11. kompyuter dəstəkli təlimlərin təşkilini və keçirilməsini təmin etmək;
3.1.12. hər il üçün təsdiq edilən dövlət büdcəsində Müdafiə Nazirliyi üçün nəzərdə tutulmuş vəsait çərçivəsində Akademiyaya ayrılan maliyyə vəsaitinin təyinatı üzrə istifadə olunmasını təmin etmək;
3.1.13. təhsil prosesinin təmin edilməsi üçün tədris, tədris-metodik, elmi ədəbiyyat, köməkçi materiallar hazırlamaq və nəşr etmək, maddi-tədris bazasını təkmilləşdirmək və inkişaf etdirmək;
3.1.14. dövlət sirrinin və məxfilik rejiminin qorunması və təhlükəsizliyin təmin olunması üçün zəruri tədbirlər görmək;
3.1.15. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
3.2. Akademiyanın aşağıdakı hüquqları vardır:
3.2.1. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Nizamnaməyə uyğun olaraq, tədris prosesini sərbəst həyata keçirmək;
3.2.2. Akademiyanın tədris, metodik, elmi tədqiqat və analitik-informasiya fəaliyyətlərini planlaşdırmaq və təşkil etmək;
3.2.3. tədris prosesinin metodiki təminatını təşkil etmək və təkmilləşdirmək;
3.2.4. iclaslar, seminarlar, konfranslar keçirmək və onların işində iştirak etmək;
3.2.5. Müdafiə Nazirliyinin və Akademiyanın fəaliyyəti ilə bağlı redaksiya-nəşriyyat işlərini həyata keçirmək;
3.2.6. Akademiyanın hərbi qulluqçularına və işçilərinə fəxri adlar, dövlət təltifləri və mükafatlar verilməsi üçün Müdafiə Nazirliyi qarşısında vəsatət qaldırmaq;
3.2.7. təlim mərkəzlərindən istifadə etmək;
3.2.8. Akademiyanın fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarından, hüquqi və fiziki şəxslərdən zəruri məlumatların alınması barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
3.2.9. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, beynəlxalq təşkilatlarla, xarici dövlətlərin müvafıq qurumları ilə əməkdaşlıq etmək və təcrübə mübadiləsi aparmaq;
3.2.10. Akademiyanın fəaliyyətinin təşkili məqsədi ilə qanuni aktlar qəbul etmək;
3.2.11. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
4. Akademiyanın strukturu və idarə olunması
4.1. Akademiyanın strukturunu, ştat cədvəlini və xərclər smetasını Azərbaycan Respublikasının müdafiə naziri təsdiq edir.
4.2. Akademiyanın strukturuna komandanlıq, tədris şöbəsi, fakültələr, kafedralar, digər şöbə və xidməti bölmələr daxildir.
4.3. Akademiya komandanlığı Akademiyanın rəisindən və Akademiyanın rəis müavinlərindən ibarətdir.
4.4. Akademiyanın rəisini və Akademiya rəisinin tədris üzrə müavinini Azərbaycan Respublikası müdafiə nazirinin təqdimatına əsasən Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. Akademiya rəisinin digər müavinlərini Akademiya rəisinin təqdimatına əsasən Azərbaycan Respublikasının müdafiə naziri vəzifəyə təyin və vəzifədən azad edir.
4.5. Akademiyanın rəisi bütün şəxsi heyətin birbaşa rəisi olmaqla, Akademiyanın fəaliyyətini təşkil edir və Akademiyaya həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.
4.6. Akademiyanın rəisi bu Nizamnamə ilə müəyyən olunmuş səlahiyyətləri çərçivəsində əmr və göstərişlər verir, Azərbaycan Respublikasının dövlət orqanları və digər qurumları ilə münasibətlərdə Akademiyanı təmsil edir.
4.7. Akademiyanın fəaliyyətinə bilavasitə rəhbərliyi Akademiyanın rəisi həyata keçirir. Akademiyanın rəisi:
4.7.1. Akademiyanın vəzifələrinin icrasına görə məsuliyyət daşıyır;
4.7.2. Akademiyanın tədris, metodiki, təlim-tərbiyə, elmi və maliyyə-təsərrüfat fəaliyyətinə rəhbərlik edir;
4.7.3. Akademiyanın struktur bölmələrinin fəaliyyətini tənzimləyən təlimatları təsdiq edir;
4.7.4. Akademiyada günün nizam qaydalarını təsdiq edir;
4.7.5. Müdafiə Nazirliyinə Akademiyanın ştatı, struktur bölmələrinin yaradılması, yenidən təşkili və ləğv edilməsi barədə təkliflər verir;
4.7.6. Akademiyada maddi vəsaitlərin uçotunu təşkil edir;
4.7.7. Azərbaycan Respublikası müdafiə nazirinin və onun müavinlərinin əmr və sərəncamlarında nəzərdə tutulmuş aidiyyəti tədbirlərin yerinə yetirilməsini təmin edir;
4.7.8. şəxsi heyətə hərbi rütbələrin verilməsi, şəxsi heyətin vəzifələrə təyin olunması və təltif edilməsi barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırır;
4.7.9. daimi və dəyişən heyətin pul təminatını, əməyinin ödənilməsini və mükafatlandırılmasını təşkil edir;
4.7.10. kargüzarlıq və arxiv işinin aparılmasını, dövlət sirrinin qorunmasını, təhlükəsizlik tədbirlərinin həyata keçirilməsini və məxfilik rejiminə riayət olunmasını təmin edir;
4.7.11. vətəndaşların qəbulunu və müraciətlərinə baxılmasını təmin edir.
4.8. Akademiyanın rəisi müavinlərinin funksional vəzifələrini Akademiyanın rəisi müəyyən edir. Akademiyanın rəisinin müavinləri Akademiyanın rəisinə tabe olmaqla, Akademiyanın şəxsi heyətinin birbaşa rəisləridirlər. Akademiyanın rəisi olmadıqda və ya üzrlü səbəblərdən öz səlahiyyətlərini icra edə bilmədikdə, Akademiyanın rəisinin tədris üzrə müavini onun səlahiyyətlərini həyata keçirir.
4.9. Akademiyada tədris, tədris-metodik və elmi tədqiqat işləri “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Müdafiə Nazirliyinin normativ hüquqi aktlarına uyğun təşkil edilir.
4.10. Akademiyanın fəaliyyətinin mühüm məsələlərinin müzakirəsi üçün ali idarəetmə orqanı – Akademiyanın Elmi Şurası (bundan sonra - Elmi Şura) yaradılır.
4.11. Elmi Şuranın tərkibini Müdafiə Nazirliyinin aparatının strukturunda Akademiyanın fəaliyyətinə cavabdeh olan rəis (bundan sonra - Akademiyanın tabe olduğu rəis) təsdiq edir. Elmi Şuranın tərkibinə tutduqları vəzifələrə görə Akademiyanın rəisi (Elmi Şuranın sədri), Akademiyanın rəisinin müavinləri, kafedra rəisləri, tədris, hərbi-elmi şöbələrin, kadrlar xidmətinin rəisləri daxildir. Akademiyanın rəisinin Akademiyanın tabe olduğu rəis qarşısında qaldırdığı vəsatətə əsasən, Elmi Şuranın tərkibinə digər şəxslər də daxil edilə bilər. Elmi Şuranın professor-müəllim heyətindən, elmi əməkdaşlardan və təhsilalanlardan ibarət olan digər üzvləri müvafiq kollektivlərin iclaslarında gizli səsvermə yolu ilə seçilirlər.
4.12. Akademiya rəisinin tədris üzrə müavini Elmi Şura sədrinin müavinidir. Elmi Şura üzvlərindən biri Elmi Şuranın katibi seçilir. Elmi Şuranın səlahiyyət müddəti 3 ildir. Elmi Şura üzvlərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi Elmi Şuranın qərarı əsasında həyata keçirilir. Elmi Şuranın vaxtından əvvəl yenidən yaradılması onun üzvlərinin azı üçdə iki hissəsinin tələbinə əsasən həyata keçirilir.
4.13. Elmi Şuranın fəaliyyəti Müdafiə Nazirliyinin normativ hüquqi aktlarının və Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş “Elmi Şura haqqında Əsasnamə”nin tələblərinə uyğun təşkil edilir. Elmi Şura ictimai əsaslarla fəaliyyət göstərir.
4.14. Elmi Şuranın qərarları Akademiya rəisinin əmrləri ilə təsdiq edilir.
4.15. Elmi Şura:
4.15.1. bu Nizamnamədə dəyişikliklər edilməsinə dair təkliflər hazırlayır, daimi və dəyişən heyətin vəzifə borclarını müzakirə edir və qərarlar qəbul edir;
4.15.2. Akademiyanın perspektiv inkişaf planının layihələrini müzakirə edir və qərarlar qəbul edir;
4.15.3. təhsil, elm, metodiki iş, təlim-tərbiyə işi, maddi-tədris bazası, redaksiya-nəşriyyat, döyüş və səfərbərlik hazırlığı sahələrində məsələləri müzakirə edir və qərarlar qəbul edir;
4.15.4. Akademiya, fakültə, kafedra, təhsilalanların bölmələri üzrə hesabatları dinləyir və qərarlar qəbul edir;
4.15.5. professor-müəllim heyətinin müvafiq vəzifələrə təyini üçün seçkilər keçirir və qərarlar qəbul edir;
4.15.6. professor-müəllim heyətinə elmi (professor və dosent) və fəxri adların, həmçinin digər dövlət təltiflərinin verilməsi üçün müzakirələr keçirir və qərarlar qəbul edir;
4.15.7. Akademiyanın fəaliyyət sahələri üzrə müzakirələr keçirir və qərarlar qəbul edir.
4.16. Akademiyanın tədris şöbəsi tədris prosesinin və tədris-metodiki işin planlaşdırılmasını, təşkilini və həmin sahədə nəzarəti həyata keçirir.
4.17. Fakültə Akademiyanın əsas təhsil və elm bölməsi olub, bir və ya bir neçə ixtisas (ixtisaslaşma) üzrə magistr və adyunkt (doktor) kadrlarının hazırlanmasını, həmçinin əlavə təhsil proqramlarını həyata keçirir. Fakültənin işinə bilavasitə fakültə rəisi rəhbərlik edir.
4.18. Kafedra Akademiyanın əsas tədris-elm struktur bölməsi olub, bir və ya bir neçə yaxın fənlər üzrə tədris, metodik, elmi-pedaqoji, elmi tədqiqat fəaliyyətini və əlavə təhsili həyata keçirir.
5. Akademiyaya qəbul
5.1. Akademiyanın magistratura təhsilinin əməliyyat-taktiki səviyyəsinə ali təhsilin bakalavr səviyyəsini bitirən (ali hərbi ixtisas təhsili və ya ali ixtisas təhsili olan) Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən zabitlər qəbul olunurlar.
5.2. Akademiyanın magistratura təhsilinin əməliyyat-strateji səviyyəsinə əməliyyat-taktiki səviyyəni bitirən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən zabitlər qəbul edilirlər.
5.3. Akademiyanın adyunktura səviyyəsinə ali təhsilin magistr səviyyəsini bitirən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən zabitlər qəbul olunurlar.
5.4. Akademiyaya daxil olmaq üçün namizədlərin seçilməsi (sağlamlıq, fiziki hazırlıq və hərbi ixtisaslar üzrə) Müdafiə Nazirliyi tərəfindən aparılır. Akademiyada magistraturaya qəbul biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə əsasən Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən həyata keçirilir.
5.5. Akademiyada adyunkturaya qəbul qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir.
5.6. Akademiyaya xarici ölkələrin silahlı qüvvələrində xidmət edən zabitlərin qəbulu Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq həyata keçirilir.
5.7. Akademiyada ali təhsilin magistratura və adyunktura səviyyələrinə qəbul planını Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya müəyyən edir.
6. Tədris işinin təşkili və elmi tədqiqat fəaliyyəti
6.1. Akademiyada tədris işi bu Nizamnamə və Azərbaycan Respublikasının müdafiə naziri tərəfindən təsdiq edilən “Xüsusi təyinatlı ali təhsil müəssisələrinin fəaliyyətinin təşkili haqqında Təlimat” əsasında təşkil olunur və aparılır.
6.2. Akademiya ali təhsilin səviyyələri üzrə aşağıdakı təhsil proqramlarını (kurikulumlarını) həyata keçirir:
6.2.1. magistratura;
6.2.2. adyunktura;
6.2.3. əlavə təhsil.
6.3. Semestrin müddəti, dinləyicilərin məcburi auditoriya dərsləri və həftəlik tədris işi ali təhsilin dövlət standartlarına müvafiq olaraq müəyyən edilir.
6.4. Akademiyada təhsil əyani və qiyabi formada təşkil olunur, tədris dili dövlət dili - Azərbaycan dilidir.
6.5. Akademiyanın tədris məşğələlərinə mühazirə, seminar, praktiki məşğələ, tematik mükalimə (kollokvium), məsləhət saatı və müstəqil hazırlıq saatı daxildir. Akademiyada ayrı-ayrı fənlər üzrə nəzəri (elmi-praktik) konfranslar və Elmi Şuranın qərarı ilə müəyyən edilmiş digər növ məşğələlər də keçirilə bilər.
6.6. Akademiyada mütəxəssis hazırlığı elmlə təhsilin vəhdəti əsasında həyata keçirilir.
6.7. Akademiyanın elm sahəsində fəaliyyəti Müdafiə Nazirliyinin fəaliyyətinin aktual problemləri üzrə elmi tədqiqat işlərinin aparılmasına, Akademiyanın profilinə uyğun olaraq elmin müvafiq sahələrinin inkişafına, elmi tədqiqatların nəticələrinin tədris prosesində və dövlətin müdafiə sahəsində tətbiqinə yönəldilir.
6.8. Akademiyada aparılan elmi tədqiqat işləri fundamental və tətbiqi xarakter daşıyır.
6.9. Akademiya apardığı elmi tədqiqat işlərinin nəticələrinin dövlətin müdafiə sahəsində və tədris prosesində (mühazirə, məşğələ, seminar və laboratoriya dərslərində, kurs layihələrində, kurs və buraxılış işlərində, magistr dissertasiyalarında) tətbiq olunmasını və onların monoqrafiyalar, elmi məqalələr, metodik vəsaitlər şəklində dərc olunmaqla, elmi forumlarda məruzə edilərək yayılmasını təşkil edir.
6.10. Akademiyada həyata keçirilən elmi tədqiqat fəaliyyətinin məqsədi aşağıdakılardır:
6.10.1. fundamental və tətbiqi-nəzəri araşdırmaların aparılmasını, elmi tədqiqat və elmi-texniki işlərin həyata keçirilməsini təmin etmək;
6.10.2. elmi xarakterli tapşırıqları icra etmək;
6.10.3. kadrların elmi potensialından səmərəli istifadə etməklə, təlimin keyfiyyətini yüksəltmək;
6.10.4. professor-müəllim heyətinin ixtisas səviyyəsini artırmaq;
6.10.5. elmi tədqiqatların nəticələrinin və nailiyyətlərinin tətbiqini təşkil etmək;
6.10.6. tədris və elmi proseslərin vəhdətini təmin etmək;
6.10.7. elmi tədqiqat işlərinin nəticələrini tədris prosesində və Silahlı Qüvvələrin praktiki fəaliyyətində tətbiq etmək;
6.10.8. elmi tədqiqat işlərinin əsas istiqamətləri üzrə milli və beynəlxalq təcrübəni öyrənmək və ümumiləşdirmək;
6.10.9. müraciət əsasında Silahlı Qüvvələr üçün analitik, məsləhət və proqnozlaşdırma fəaliyyətini həyata keçirmək;
6.10.10. normativ hüquqi aktların layihələrinin hazırlanmasında və ekspertizasının keçirilməsində iştirak etmək;
6.10.11. dərsliklər, dərs vəsaitləri, monoqrafiyalar, məqalələr, məruzələr, təkliflər və rəylər hazırlamaq;
6.10.12. milli və xarici ekspertlərin iştirakı ilə elmi seminarlar, konfranslar, simpoziumlar və konqreslər keçirmək.
6.11. Akademiyada elmi tədqiqat işlərinin istiqamətlərini Elmi Şura müəyyən edir.
6.12. Akademiyanın elmi tədqiqat fəaliyyəti Müdafiə Nazirliyi ilə razılaşdırılmaqla, Elmi Şuranın təsdiq etdiyi perspektiv və cari planlara uyğun olaraq həyata keçirilir.
7. Daimi və dəyişən heyət
7.1. Akademiyanın şəxsi heyəti daimi və dəyişən heyətdən ibarətdir.
7.2. Daimi heyət komandanlıq, təhsilalanların komandirləri, professor-müəllim və elmi heyətdən, vəzifələri təşkilati-ştat əmri ilə təsdiq edilmiş digər hərbi və mülki qulluqçulardan ibarətdir.
7.3. Daimi heyətdən olan hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə müvafiq olaraq, Müdafiə Nazirliyinin rəhbərliyi vəzifəyə təyin və vəzifədən azad edir. Hərbi qulluqçular istisna olmaqla, daimi heyətdən olan digər şəxsləri Akademiyanın rəisi işə qəbul və işdən azad edir.
7.4. Daimi heyətdən olan hərbi qulluqçuların hüquq və vəzifələri “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi”, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu və hərbi xidmət sahəsində Azərbaycan Respublikasının digər qanunları və Azərbaycan Respublikası Prezidentinin aktları, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Nizamnamə və Müdafiə Nazirliyinin normativ hüquqi aktları ilə müəyyən olunur.
7.5. Hərbi qulluqçular istisna olmaqla, daimi heyətin tərkibinə daxil olan digər şəxslərin, o cümlədən Akademiyanın inzibati, inzibati-idarəetmə, inzibati-təsərrüfat, mühəndis-texniki, tədris-köməkçi heyətinə aid şəxslərin hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Əmək Məcəlləsi, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, bu Nizamnamə və Müdafiə Nazirliyinin normativ hüquqi aktları ilə müəyyən olunur.
7.6. Daimi heyətə daxil olan şəxslər vəzifə borclarının yerinə yetirilməsi, təlim-tərbiyə prosesinin aparılması və ya təmin edilməsi ilə bağlı olmayan tədbirlərdə Akademiyanın tabe olduğu rəisin icazəsi ilə iştirak edə bilərlər.
7.7. Professor-müəllim heyətinə fakültə və kafedra rəisləri (müdirləri), onların müavinləri, silsilə rəisləri, professor, dosent, baş müəllim və müəllim vəzifələrini tutan hərbi və mülki qulluqçular aiddirlər.
7.8. Professor-müəllim heyətinin say tərkibi tədris yükündən asılı olaraq, Azərbaycan Respublikası müdafiə nazirinin əmri ilə müəyyən edilir.
7.9. Professor-müəllim heyətinin vəzifələrinin mülki qulluqçularla komplektləşdirilməsi müsabiqə yolu ilə həyata keçirilir.
7.10. Professor-müəllim heyəti və elmi işçi vəzifələrinə peşə hazırlığına, sağlamlığına və mənəvi keyfiyyətlərinə görə dərs demək və elmi tədqiqatlar aparmaq bacarığına malik hərbi qulluqçular və mülki şəxslər təyin olunurlar.
7.11. Professor-müəllim heyəti vəzifələrinə təyinat zamanı elmi ada və elmi dərəcəyə, vəzifənin profilinə uyğun ali təhsilə, pedaqoji təcrübəyə və iş stajına malik şəxslərə üstünlük verilir.
7.12. Professor-müəllim heyəti məşğələlərin keçirilməsi zamanı təhsilalanların rəisləri hesab olunur. Professor-müəllim heyətinin tədris məşğələlərinin keçirilməsi zamanı verdikləri göstərişlər təhsilalanlar tərəfindən mütləq yerinə yetirilməlidir.
7.13. Tədris, təlim-tərbiyə, metodiki və elmi tədqiqat işləri kafedraların planları, həmçinin tədris ili üçün fərdi planlar əsasında Akademiyanın professor-müəllim heyəti tərəfindən həyata keçirilir.
7.14. Professor-müəllim heyəti və elmi işçilər təlim-tərbiyə sahəsində uğurlarına görə Silahlı Qüvvələrin hərbi nizamnamələrində, Müdafiə Nazirliyinin normativ hüquqi aktlarında nəzərdə tutulmuş həvəsləndirmə tədbirləri ilə bərabər dövlət mükafatları, fəxri adlar, orden və medallar, döş nişanları, fəxri fərmanlarla mükafatlandırıla bilərlər.
7.15. Pedaqoji işçilərə fəxri adların verilməsi Azərbaycan Respublikası Prezidentinin aktları ilə tənzimlənir.
7.16. Professor-müəllim heyətinə və elmi işçilərə hərbi və əmək intizamını pozduqlarına görə intizam tənbehi tədbirləri hərbi qulluqçulara münasibətdə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi”ndə, digər işçilərə münasibətdə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada tətbiq edilir.
7.17. Professor-müəllim heyətinin və elmi işçilərin beynəlxalq tədbirlərdə iştirakına, onların kütləvi informasiya vasitələrində Akademiyanın adından çıxışlarına Akademiyanın tabe olduğu rəis icazə verir.
7.18. Akademiyanın dəyişən heyəti Akademiyada təhsil alan dinləyicilər və adyunktlardır (dissertantlardır).
7.19. Dinləyicilər Akademiyada ali təhsilin magistratura səviyyəsində və əlavə təhsil proqramı üzrə təhsil alanlardır.
7.20. Adyunktlar adyunkturada təhsil alan hərbi qulluqçulardır.
7.21. Dissertantlar müstəqil surətdə dissertasiya işini yerinə yetirən hərbi və mülki qulluqçulardır.
7.22. Dinləyicilərin əlavə təhsil alması “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
7.23. Dəyişən heyətin tərkibinə daxil olan hərbi qulluqçuların pul, əşya, ərzaq, tibb və yaşayış yeri (yataqxana) təminatı dövlət tərəfindən həyata keçirilir.
7.24. Dəyişən heyətin təhsil müddətində hüquq və vəzifələri “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi”, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu və hərbi xidmət sahəsində Azərbaycan Respublikasının digər qanunları və Azərbaycan Respublikası Prezidentinin aktları, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Nizamnamə və Müdafiə Nazirliyinin normativ hüquqi aktları ilə müəyyən olunur.
7.25. Dəyişən heyətdən olan hərbi qulluqçular təhsildə əldə etdikləri yüksək göstəricilərə, elmi tədqiqat işlərində fəal iştiraka və hərbi xidməti borcun nümunəvi yerinə yetirilməsinə görə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi”ndə və Müdafiə Nazirliyinin normativ hüquqi aktlarında nəzərdə tutulmuş qaydada həvəsləndirilirlər.
7.26. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, xarici ölkələrin ali hərbi təhsil müəssisələrində Müdafiə Nazirliyinə ayrılmış yerlərdə təhsil almaq məqsədi ilə Akademiyanın dinləyiciləri həmin ölkəyə ezam oluna bilərlər.
7.27. Hərbi və tədris intizamını pozduqlarına görə dəyişən heyətdən olan hərbi qulluqçulara “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi”ndə nəzərdə tutulmuş qaydada intizam tənbehi tədbirləri tətbiq edilir.
7.28. Dəyişən heyətə daxil olan şəxslər vəzifə borclarının yerinə yetirilməsi və təlim-tərbiyə prosesi ilə bağlı olmayan tədbirlərdə Akademiyanın tabe olduğu rəisin icazəsi ilə iştirak edə bilərlər.
7.29. Dinləyici aşağıda göstərilən əsaslardan biri olduqda, Akademiyadan xaric edilir:
7.29.1. təhsil almaq istəmədiyinə görə;
7.29.2. səhhətinə görə (hərbi-həkim komissiyasının qərarına əsasən);
7.29.3. təhsildə müvəffəqiyyətsizliyinə görə;
7.29.4. semestr ərzində hər hansı səbəbdən tədris planı üzrə nəzərdə tutulmuş məşğələlərin ümumi saat hesabının 30%-dən çoxunda iştirak etmədiyinə görə. Bu halda Elmi Şuranın qərarı əsas götürülür;
7.29.5. şəxsi intizamsızlığına görə;
7.29.6. hərbi qulluqçuların şərəfini ləkələyən nalayiq hərəkətlər törətdiyinə görə;
7.29.7. törətdiyi cinayət əməlinə görə məhkum olunduqda.
7.30. Təhsil almaq məqsədi ilə xarici ölkəyə ezam olunmuş dinləyici göndərildiyi hərbi təhsil müəssisəsindən təhsil almaq istəmədiyinə, səhhətinə, təhsildə müvəffəqiyyətsizliyinə və şəxsi intizamsızlığına görə xaric olunduğu halda, Akademiyadan da eyni əsasla xaric edilir. Digər səbəblərdən xarici ölkələrin hərbi təhsil müəssisəsindən xaric olunmuş dinləyicilərin Akademiyada təhsil alması məsələsinə Elmi Şurada baxılır.
7.31. Magistraturada təhsil proqramını (kurikulumunu) mənimsəmiş, dövlət buraxılış imtahanlarından müvəffəq qiymət almış və magistr dissertasiyasını müdafiə etmiş dinləyicilərə “magistr” ali elmi ixtisas dərəcəsi, təhsil haqqında dövlət sənədi (diplom) və döş nişanı verilir.
7.32. Adyunkturada və ya dissertantlıq yolu ilə təhsilini başa çatdırmış və müvafiq elmi dərəcə almış hərbi və mülki qulluqçulara həmin elmi dərəcəni təsdiq edən vahid formada dövlət nümunəli sənəd - diplom verilir.
7.33. Əlavə təhsil üzrə kursların proqramını mənimsəmiş və imtahanlardan müvəffəq qiymət almış təhsilalanlara əlavə təhsilin istiqaməti üzrə dövlət sənədi verilir.
8. Daimi və dəyişən heyətin vəzifələri və hüquqları
8.1. Daimi heyətdən olan professor-müəllim heyətinin və elmi işçilərin vəzifələri aşağıdakılardır:
8.1.1. təhsil proqramlarının mənimsənilməsini təmin etmək;
8.1.2. ixtisas və elmi-pedaqoji səviyyələrini yüksəltmək, elmi araşdırmalar aparmaq;
8.1.3. elmi tədqiqatla məşğul olmaq, elmi tədqiqat işlərinin nəticələrindən Elmi Şuranın tövsiyəsi ilə tədris prosesində istifadə etmək və bu nəticələrin Silahlı Qüvvələrin praktiki fəaliyyətində tətbiq olunmasına kömək göstərmək;
8.1.4. dərslik və dərs vəsaitlərinin, tədrisin qabaqcıl forma və metodlarını təmin edən elmi-metodiki materialların işlənib hazırlanmasında, müasir texniki vasitələrin tətbiqində iştirak etmək;
8.1.5. vətəndaşlıq və xidməti borcunu ləyaqətlə yerinə yetirmək, Akademiyanın daxili qaydalarına əməl etməklə, başqalarına şəxsi nümunə olmaq;
8.1.6. dəyişən heyətdə fəal vətəndaş mövqeyini formalaşdırmaq, onları vətənpərvərlik ruhunda tərbiyə etmək və əmək fəaliyyətinə hazırlamaq;
8.1.7. dəyişən heyəti elmi fəaliyyətə cəlb etmək;
8.1.8. şəxsi nümunəsi ilə dəyişən heyətdə Azərbaycan Respublikasının müstəqilliyinə, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, dövlət rəmzlərinə, Azərbaycan xalqının tarixinə, cəmiyyətə hörmət hissləri aşılamaq;
8.1.9. pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək;
8.1.10. təhsilalanlar tərəfindən tədris materiallarının yüksək səviyyədə mənimsənilməsini təmin edən üsul və vasitələri seçmək;
8.1.11. dəyişən heyətin fərdi keyfiyyətlərini öyrənmək, şərəf və ləyaqətinə hörmətlə yanaşmaq, onlardan dərs tapşırıqlarının yerinə yetirilməsini və hərbi nizam-intizama riayət olunmasını tələb etmək;
8.1.12. dəyişən heyəti zorakılığın bütün formalarından qorumaq, onları zərərli vərdişlərdən çəkindirmək;
8.1.13. dəyişən heyətin müstəqil hazırlığına, tədris materiallarının onlar tərəfindən mənimsənilməsinə kömək göstərmək;
8.1.14. attestasiyadan keçmək;
8.1.15. bu Nizamnamədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
8.2. Daimi heyətdən olan professor-müəllim heyətinin və elmi işçilərin aşağıdakı hüquqları vardır:
8.2.1. normal əmək, elmi-pedaqoji iş və təhsil şəraiti ilə, müasir standartlara cavab verən texnologiyalarla təmin olunmaq;
8.2.2. bu Nizamnaməyə uyğun olaraq, təhsil prosesinin təşkilində və idarə olunmasında iştirak etmək;
8.2.3. şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək;
8.2.4. Akademiyada vəzifə tutmaq, uyğun olduqda Elmi Şuraya və digər seçkili vəzifələrə seçmək və seçilmək;
8.2.5. əlavə təhsil almaq;
8.2.6. qanunlara və Azərbaycan Respublikası Prezidentinin aktlarına uyğun olaraq mükafatlandırılmaq və təltif olunmaq;
8.2.7. Müdafiə Nazirliyi tərəfindən müəyyən olunmuş qaydada Silahlı Qüvvələrin əməli fəaliyyətini əks etdirən aidiyyəti materiallarla tanış olmaq;
8.2.8. bu Nizamnaməyə uyğun olaraq, müəssisə və təşkilatlarda əvəzçiliklə elmi və pedaqoji fəaliyyətlə məşğul olmaq;
8.2.9. bu Nizamnamədə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
8.3. Daimi heyətin vəzifə borcları bu Nizamnaməyə və Azərbaycan Respublikası müdafiə nazirinin aktlarına uyğun hazırlanır və Akademiyanın tabe olduğu rəis tərəfindən təsdiq edilir.
8.4. Dəyişən heyətin vəzifələri aşağıdakılardır:
8.4.1. dövlət təhsil standartına uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmək;
8.4.2. tədris tapşırıqlarını vaxtında yerinə yetirmək, təhsil proqramlarında nəzərdə tutulmuş imtahanları vermək;
8.4.3. pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;
8.4.4. qanunlara əməl etmək, hərbi andın, hərbi nizamnamələrin, Müdafiə Nazirliyinin əmr, təlimat, göstəriş və sərəncamlarının, bu Nizamnamənin, habelə Akademiyanın daxili nizam qaydalarının tələblərini bilmək və yerinə yetirmək;
8.4.5. dövlət və cəmiyyət qarşısında məsuliyyətini dərk etmək;
8.4.6. məxfilik qaydalarına əməl etmək;
8.4.7. Akademiyanın əmlakına qayğı ilə yanaşmaq;
8.4.8. bu Nizamnamədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
8.5. Dəyişən heyətin aşağıdakı hüquqları vardır:
8.5.1. dövlət təhsil standartına uyğun keyfiyyətli təhsil almaq;
8.5.2. Akademiyanın mövcud infrastrukturundan (tədris, elmi tədqiqat, informasiya, mədəni-məişət, idman komplekslərindən, tibb məntəqəsindən, yataqxanalardan, kitabxanalardan) istifadə etmək;
8.5.3. insan ləyaqətini və şərəfini alçaldan, insan hüquqlarına zidd hərəkətlərdən müdafiə olunmaq;
8.5.4. təhsil prosesinin təşkilində və idarə olunmasında fəal iştirak etmək, öz fikir və mülahizələrini sərbəst ifadə etmək;
8.5.5. Akademiyanın elmi, ictimai, sosial və mədəni həyatında iştirak etmək;
8.5.6. elmi-praktik konfransların, seminarların, yığıncaqların və görüşlərin, habelə təhsil həyatı ilə bağlı digər tədbirlərin keçirilməsində iştirak etmək;
8.5.7. təhsilin, intizamın və məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı məsələlərin müzakirəsində, Elmi Şuranın işində, Akademiyada fəaliyyət göstərən özünüidarəetmə orqanlarında, hərbi-elmi cəmiyyətin işində, idman bölmələrində iştirak etmək;
8.5.8. bu Nizamnamədə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
8.6. Dəyişən heyətin vəzifə borcları bu Nizamnaməyə və Azərbaycan Respublikası müdafiə nazirinin aktlarına uyğun hazırlanır və Akademiyanın rəisi tərəfindən təsdiq olunur.
9. Maliyyə-təsərrüfat fəaliyyəti
9.1. Akademiya dövlət büdcəsindən maliyyələşdirilir.
9.2. Akademiya maddi dəyərlilərin, pul vəsaitlərinin vəziyyəti və istifadə edilməsi barədə Müdafiə Nazirliyinin müvafiq qurumları qarşısında hesabat verir, cari mühasibat uçotunu həyata keçirir.
9.3. Akademiyanın maddi-tədris bazası müəyyən olunmuş ixtisaslar üzrə tədris planlarına, proqramlarına və müasir tədris metodikasına uyğun olaraq, təhsilalanların hazırlığını təmin etmək üçün nəzərdə tutulmuş maddi və texniki vasitələr kompleksidir.
9.4. Akademiyanın maddi-texniki bazasını torpaq sahələri, binalar, tikililər, müxtəlif qurğular, silah və hərbi texnika, hərbi-tədris əmlakı, laboratoriya avadanlıqları, tədrisin texniki vasitələri, tədris-metodik materiallar, elmi və bədii ədəbiyyat, xüsusi texnika, nəqliyyat vasitələri, avadanlıqlar, tədris-idman bazaları, təlim mərkəzi və digər hərbi obyektlər, habelə başqa qiymətli maddi-texniki təchizat vasitələri təşkil edir.
9.5. Akademiyanın maddi-tədris bazası dövlət əmlakı hesab olunmaqla, səmərəli istifadə edilməlidir.
9.6. Azərbaycan Respublikası müdafiə nazirinin razılığı olmadan Akademiya tərəfindən istifadə edilən bina və qurğuların, torpaq sahələrinin xidməti təyinatının dəyişdirilməsinə icazə verilmir.
9.7. Akademiyanın maddi-tədris bazasının inkişafı və təkmilləşdirilməsi Azərbaycan Respublikasının müdafiə naziri tərəfindən təsdiq edilən perspektiv planlar və Akademiyanın rəisi tərəfindən təsdiqlənən illik planlar əsasında həyata keçirilir.
10. Beynəlxalq əməkdaşlıq
Akademiyanın xarici əlaqələri və beynəlxalq əməkdaşlığı, həmçinin kadrların hazırlanması sahəsində beynəlxalq əməkdaşlığı Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, o cümlədən Müdafiə Nazirliyi ilə xarici ölkələrin dövlət orqanları arasında bağlanılmış sazişlər əsasında həyata keçirilir.
11. Akademiyanın yenidən təşkili və ləğvi
11.1. Akademiyanın yenidən təşkili və ləğvi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.
11.2. Akademiya ləğv edildikdə, onun əmlakına Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq sərəncam verilir.
20 Aprel 2015, 09:046 Mart 2014, 09:03
Ş.H. Hacıyevin Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında ətraflı...
6 Mart 2014, 09:03
Ə.C. Muradovun Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru təyin edilməsi haqqında ətraflı...
5 Mart 2014, 10:03
"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 30 aprel tarixli 105 nömrəli qərarında dəyişikliklər edilməsi barədə ətraflı...
5 Mart 2014, 10:03
"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin şəxsi heyəti üçün ərzaq payı normalarının və xidməti heyvanlarının yemləmə normalarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 8 yanvar tarixli 2 nömrəli qərarında dəyişikliklər edilməsi barədə ətraflı...
5 Mart 2014, 10:03
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 1 fevral tarixli 22 nömrəli qərarı ilə təsdiq edilmiş "Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması Qaydaları"nda dəyişiklik edilməsi barədə ətraflı...
5 Mart 2014, 10:03
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 oktyabr tarixli 231 nömrəli qərarı ilə təsdiq edilmiş "Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları"nda dəyişiklik edilməsi barədə ətraflı...
5 Mart 2014, 10:03
11 nömrəli Xüsusi internat məktəbinin adının dəyişdirilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda dəyişiklik edilməsi haqqında ətraflı...
5 Mart 2014, 10:03
"Fövqəladə hallar orqanları əməkdaşlarının sosial və maddi təminatı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 4 may tarixli 67 nömrəli qərarında dəyişikliklər edilməsi barədə ətraflı...
5 Mart 2014, 10:03
"Dövlət və bələdiyyə təhsil müəssisələrində işləyən elmi-pedaqoji kadrların vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə əlavələrin həcminin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 98 nömrəli qərarında dəyişikliklər edilməsi barədə ətraflı...
5 Mart 2014, 10:03
"Ədliyyə orqanı işçisinin və onun ailə üzvlərinin yeni qulluq keçmə yerinə köçməsi pulunun və birdəfəlik kompensasiyanın ödənilməsi Qaydası"nın təsdiq edilməsi və ədliyyə orqanlarının işçiləri üçün elmi dərəcəyə görə əlavələrin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 6 fevral tarixli 23 nömrəli qərarında dəyişikliklər edilməsi barədə ətraflı...