“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yenidən təşkili yolu ilə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin tabeliyində səhmləri dövlətə məxsus və Xəzər dənizinin Bakı şəhərinə aid akvatoriyasında liman xidmətləri göstərmək hüququna malik olan “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra “Cəmiyyət”) yaradılsın.
2. Cəmiyyət Bakı Beynəlxalq Dəniz Ticarət Limanının hüquqi varisidir və onun bütün hüquq və öhdəlikləri, habelə əmlakı Cəmiyyətə keçir.
3. Müəyyən edilsin ki, Cəmiyyətdə səhmdarların ümumi yığıncağının səlahiyyətlərini aşağıdakı dövlət orqanları həyata keçirirlər:
3.1. Azərbaycan Respublikasının Prezidenti:
3.1.1. Cəmiyyətin yenidən təşkili və ləğvi məsələlərinin həll edilməsi;
3.1.2. Cəmiyyətin Baş direktorunun vəzifəyə təyin və vəzifədən azad edilməsi.
3.2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.2.1. Cəmiyyətin Nizamnaməsinin təsdiq edilməsi və nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;
3.2.2. Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin təklifləri əsasında Cəmiyyətin inkişaf istiqamətlərinin müəyyən olunaraq təsdiq edilməsi;
3.2.3. Cəmiyyətin illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi.
3.3. Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi:
3.3.1. Cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) bağlanmasına razılıq verilməsi;
3.3.2. Cəmiyyətin Baş direktorunun müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verilməsi;
3.3.3. Cəmiyyətin Təftiş Komissiyası üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;
3.3.4. bu Sərəncamda qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.
3.4. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi:
3.4.1. Cəmiyyətin törəmə müəssisələrinin yaradılmasına, yenidən təşkilinə və ya ləğv edilməsinə, həmçinin nümayəndəlik və filiallarının yaradılmasına və ya ləğv edilməsinə razılıq verilməsi.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
4.1. Cəmiyyətin Nizamnaməsini iki ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq təsdiq etsin;
4.2. Cəmiyyətin nizamnamə kapitalının formalaşdırılması üçün iki ay müddətində dövlət büdcəsindən zəruri maliyyə vəsaiti ayrılması məsələsini həll etsin;
4.3. Bakı şəhərinin Qaradağ rayonu Ələt qəsəbəsinin ərazisində yeni Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin tikintisi məqsədi ilə ayrılmış 400 hektar torpaq sahəsinin bir ay müddətində Cəmiyyətin daimi istifadəsinə, habelə kompleksin tikintisinin hər mərhələsi başa çatdıqdan sonra həmin kompleksin hazır hissələrinin bir ay müddətində Cəmiyyətin balansına verilməsini təmin etsin;
4.4. Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin təkliflərini nəzərə almaqla, dəniz limanlarının fəaliyyətinin müasir tələblərə uyğunlaşdırılması, dəniz limanlarının sahibkarlıq fəaliyyətinin təşviqi, o cümlədən vergi və gömrük sahələrində stimullaşdırıcı tədbirlərin tətbiqi, habelə dəniz limanları ilə Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası arasında səmərəli səlahiyyət bölgüsü ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.5. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.7. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.8. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
5. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin təkliflərini nəzərə almaqla Cəmiyyətin fəaliyyətinə aid olan tariflərə yenidən baxaraq onları bir ay ərzində təsdiq etsin.
6. Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Cəmiyyətin dövlət qeydiyyatına alınması üçün tədbirlər görsünlər.
7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 mart 2015-ci il.
19 Mart 2015, 09:0325 Noyabr 2022, 07:11
V.V.Timoşenkonun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
25 Noyabr 2022, 07:11
A.Q.Abiyevin 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
22 Noyabr 2022, 07:11
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
22 Noyabr 2022, 07:11
Azərbaycan Respublikası ədliyyə orqanları işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
21 Noyabr 2022, 15:11
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
21 Noyabr 2022, 07:11
A.Ə.Aslanovun Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
21 Noyabr 2022, 07:11
“Azərbaycan Respublikasında bəzi sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsinin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 28 mart tarixli 310 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
21 Noyabr 2022, 07:11
Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ətraflı...
18 Noyabr 2022, 08:11
“Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 401-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1526 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
18 Noyabr 2022, 08:11
X.N.Əhədovun Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...