Azərbaycan Respublikası Adından

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin

 

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair

 

18 dekabr 2014-cü il                Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən (məruzəçi-hakim) ibarət tərkibdə, məhkəmə katibi Elməddin Hüseynovun, maraqlı subyektlərin nümayəndələri Quba rayon Məhkəməsinin hakimi Zamin Tahirovun, Azərbaycan Respublikası Milli Məclisi Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin baş məsləhətçisi Eldar Əsgərovun, ekspert Bakı Dövlət Universitetinin Cinayət hüququ və kriminologiya kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Firudin Səməndərovun, mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri Şahin Yusifovun, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq idarəsinin böyük müstəntiqi Elman Yəhyanın iştirakı ilə, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin şərh edilməsinə dair Quba rayon Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxdı.

İş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

M Ü Ə Y Y Ə N   E T D İ:

 

Quba rayon Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 306.1-ci maddəsi və Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 2 oktyabr tarixli Qərarı (bundan sonra – Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarı) baxımından şərh olunmasını xahiş etmişdir.

 

Müraciətdə göstərilir ki, R.Babayev Quba rayon Məhkəməsinin 24 sentyabr 2010-cu il tarixli qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirməməsinə görə 25 oktyabr 2011-ci il tarixində Quba rayon Məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə təqsirli bilinərək, inzibati qaydada 3 gün müddətinə inzibati həbs cəzası ilə cəzalandırılmışdır. R.Babayev barəsində tətbiq olunmuş inzibati tənbehin icrası 28 oktyabr 2011-ci il tarixində bitmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq idarəsinin müstəntiqinin 25 noyabr 2013-cü il tarixli qərarı ilə R.Babayevin Quba rayon Məhkəməsinin 24 sentyabr 2010-cu il tarixli qanuni qüvvəyə minmiş qətnaməsini icra etməməsi faktına görə Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işi başlanmışdır.

Müraciətedən qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarında Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin, məhkəmə aktını icra etməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranması göstərilmişdir.

İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinə əsasən barəsində inzibati tənbeh tətbiq olunmuş şəxs tənbehin icrasının qurtardığı gündən etibarən bir il ərzində yeni inzibati xəta törətməmişsə, o, inzibati məsuliyyətə cəlb edilməmiş sayılır.

Müraciətedən hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsi Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə və Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarına əsasən şəxsin cinayət məsuliyyətinə cəlb olunması üçün hüquqi əsasın olub-olmamasının müəyyən edilməsi ilə bağlı məhkəmə təcrübəsində müəyyən çətinliklər yaradır.

Belə ki, bəzi yanaşmalara görə barəsində tətbiq edilən inzibati tənbehin icrası müddəti qurtardığı gündən etibarən şəxsin bir il ərzində inzibati xəta törətmədiyi halda inzibati məsuliyyətə cəlb edilməmiş sayılması, onun Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini istisna edir. Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarında Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinin yaranması üçün şəxsin İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi imperativ qayda kimi müəyyən edilir. Tənbehin icrası müddətinin faktiki bitməsi günündən bir il müddətin keçməsi isə şəxsin Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün zəruri olan inzibati məsuliyyəti aradan qaldırır. Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 129-cu maddəsinin I və II hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

Konstitusiyanın 60-cı maddəsində hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

Konstitusiya Məhkəməsi Plenumunun ədalətli məhkəmə araşdırması hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, ədalət mühakiməsi mahiyyət etibarilə ədalət anlayışına cavab verməli və hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir.

Məhkəmə təminatı hüququ məhkəmənin təkcə vətəndaşların şikayətlərinə baxmaq və qanuni, əsaslandırılmış və ədalətli qərar qəbul etmək vəzifəsini ehtiva etmir. Həmin təminat, həmçinin qəbul olunmuş məhkəmə aktlarının icra edilməsini də nəzərdə tutur. Belə ki, ədalət mühakiməsinin mühüm elementlərindən biri məhkəmə qərarlarının vaxtında və tam icrasına nail olunmasıdır. Əks halda, həmin qərarların vaxtında icra olunmaması ədalətli məhkəmə araşdırılması hüququnun pozulması hesab olunur. Ədalətli məhkəmə araşdırılması hüququ “İnsan hüqüqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyada (bundan sonra – Konvensiya) da öz əksini tapmışdır. Konvensiyanın 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırılması hüququ xəyali hüquq olardı. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi iş üzrə tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırılması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. Qeyd olunan maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı; halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırılmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır. (Hornsbi Yunanıstana qarşı iş üzrə 1997-ci il 19 mart tarixli Qərar, §40).

Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. (Burdov Rusiyaya qarşı iş üzrə 2002-ci il 7 may tarixli Qərar, §35).

“İcra haqqında” Azərbaycan Respublikasının Qanunu (budan sonra – “İcra haqqında” Qanun) məhkəmə qərarlarının məcburi icrası qaydalarını və şərtlərini ətraflı və dəqiq tənzimləyir. Belə ki, həmin Qanunun III Fəsli məcburi icra tədbirləri və onların tətbiqinin əsaslarını, IV Fəsli tələbin borclunun əmlakına yönəldilməsi, VI Fəsli isə tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsi qaydalarını müəyyən edir.

Məhkəmənin qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının, qərarının və ya əmrinin icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə aktlarını qərəzli icra etməmə, bir qayda olaraq, hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər. Cinayət Məcəlləsinin 306.1-ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətməyə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.5-ci maddəsinin və “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikası Qanununun 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2008-ci il 15 fevral tarixli Qərarında göstərilmişdir ki, “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin quruluşunda qanunverici tərəfindən inzibati preyudisiyadan istifadə olunmuşdur. Həmçinin inzibati məsuliyyətdən sonra borclunun hüquqazidd davranışı davam etdiyi halda onun cinayət məsuliyyətinə cəlb olunması, habelə bunun məhz Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada müvafiq orqana, məhkəmə icraçıları qurumunun rəhbərinin təqdimatı əsasında mümkünlüyü müəyyən olunmuşdur. Cinayət qanunvericiliyində inzibati preyudisiya, bir tərəfdən əməlin lazımsız kriminallaşdırılmasını istisna edir, digər tərəfdən isə analoji hüquq pozuntusuna görə şəxsi inzibati məsuliyyətə cəlb etmək vasitəsi ilə cinayətlərin qarşısının alınmasına imkan yaradır.

Bu halda, inzibati tənbeh təkcə inzibati hüquq pozuntusu ilə deyil, həm də cinayətlə mübarizədə hüquqi vasitə hesab edilir. Belə ki, inzibati pozuntu törətmiş və buna görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs təkrarən eyni pozuntunu törətməsi halında cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdar edilir. İnzibati məsuliyyətə cəlb edilmənin nəticəsiz qalması, bu inzibati tənbehin tərbiyəedici, xəbərdaredici təsir göstərmədiyini sübut edir. Belə olan halda, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilir. İnzibati tənbehin icrası zamanı və qanunla nəzərdə tutulmuş icradan sonrakı müddət şəxsin inzibati məsuliyyətə cəlb olunmuş hesab edildiyi müddətdir. Bu müddət ərzində şəxsin yeni inzibati xəta törətməsi faktı onun üçün hüquqi xarakterli mənfi nəticələr (inzibati məsuliyyəti ağırlaşdıran hal və daha ciddi inzibati tənbehin tətbiqi üçün tövsifedici əlamət) yarada bilər. İnzibati tənbehin ödənilməsi müddəti sınaq müddəti hesab edilir və bu müddətdə məsuliyyətə cəlb olunmuş şəxs özünün islah olunmasını sübut etməlidir. Cinayət hüququnda inzibati preyudisiya Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarında da öz əksini tapmışdır. Həmin Qərara əsasən Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi şəxs İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra yaranır. Lakin şəxsin İnzibati Xətalar Məcəlləsinin 313-1.l-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş olması qeyd şərtsiz olaraq onun Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb ola bilməz. Məhkəmə qərarını icra etməyən şəxsin bunu qərəzli olaraq edib-etməməsi və ya məhkəmə aktlarının icrasına maneçilik törətməsi həmin şəxs inzibati məsuliyyətə cəlb edildikdən sonra aydınlaşdırılmalıdır və yalnız bu əlamət mövcud olduqda cinayət təqibi başlana bilər.

Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Eyni zamanda, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi ilə məhkəmə qərarının icrasından yayınma məhkəmə aktlarının qərəzli icra edilməməsi kimi qiymətləndirilməlidir. Göstərilənlərlə yanaşı, məhkəmə qərarlarının icrası məsələsinin daim xüsusi əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, səlahiyyətli dövlət orqanları məhkəmə qərarlarının icrası ilə bağlı bütün lazımi tədbirləri vaxtında görməlidirlər. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd edir ki, məhkəmə qərarlarının icra edilməməsi uzanan cinayətdir. Uzanan cinayət müəyyən cinayət tərkibinin uzun müddət ərzində fasiləsiz olaraq həyata keçirilməsində ifadə olunur və cinayət əməlinin törədilməsi ilə bitmir.

Bu baxımdan, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin tələbləri məhkəmə qərarının icra edilməməsinə görə cinayət məsuliyyətinə cəlb edilməni istisna etmir.

Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin tələbləri inzibati xarakterli pozuntu törətmiş və bunun nəticəsində inzibati məsuliyyətə cəlb olunmuş şəxslərə aiddir. Belə ki, inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı il ərzində təkrar törətməsi onun üçün daha ciddi inzibati tənbehin tətbiqinə dair tövsifedici əlamətdir.

Yuxarıda qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsinə müvafiq olaraq barəsində inzibati tənbeh tətbiq olunmuş şəxs, məhkəmə aktını qərəzli olaraq icra etməməkdə davam edərsə, Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilir. Bu hallara İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin tələbləri şamil edilmir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

Q Ə R A R A   A L D I:

 

1. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsinə müvafiq olaraq barəsində inzibati tənbeh tətbiq olunmuş şəxs, məhkəmə aktını qərəzli olaraq icra etməməkdə davam edərsə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilir. Bu hallara Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin tələbləri şamil edilmir.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir. 3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin. 4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

Sədr        Fərhad Abdullayev

23 Yanvar 2015, 09:01

http://www.azertag.net

631—640 / 10511

2 İyun 2022, 14:06

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2017-ci il 13 iyul tarixli 3082 nömrəli, “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli, “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2017-ci il 27 noyabr tarixli 3406 nömrəli, “2018–2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 14 fevral tarixli 3672 nömrəli, “İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında” 2018-ci il 29 mart tarixli 3851 nömrəli, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 16 noyabr tarixli 711 nömrəli və “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 27 dekabr tarixli 852 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

2 İyun 2022, 14:06

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının fövqəladə hallar atlası”nın nəşri haqqında” 2016-cı il 2 mart tarixli 1843 nömrəli, “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016–2020-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2016-cı il 20 sentyabr tarixli 2345 nömrəli, “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 1 sentyabr tarixli 2295 nömrəli və “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2019-cu il 29 aprel tarixli 1143 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

2 İyun 2022, 14:06

Azərbaycan Respublikası Prezidentinin “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” 2020-ci il 27 noyabr tarixli 2306 nömrəli, “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” 2020-ci il 27 noyabr tarixli 2307 nömrəli, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” 2021-ci il 22 fevral tarixli 2517 nömrəli, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” 2021-ci il 30 mart tarixli 2552 nömrəli, “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” 2021-ci il 30 mart tarixli 2554 nömrəli, “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması haqqında” 2021-ci il 19 aprel tarixli 2584 nömrəli və “Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyasının yaradılması haqqında” 2021-ci il 4 may tarixli 2622 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

1 İyun 2022, 15:06

Azərbaycan Respublikası vətəndaşlarının 2022-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

1 İyun 2022, 15:06

Azərbaycan Respublikası mülki aviasiya işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

1 İyun 2022, 15:06

Azərbaycan Respublikasının mülki aviasiya işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

1 İyun 2022, 13:06

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası tərəfindən 1995-ci il yanvarın 10-da təsdiq edilmiş birləşmiş millətlər təşkilatının iqlim dəyişmələri üzrə çərçivə konvensiyasına uyğun Azərbaycan Respublikasının qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsinə dair tədbirlər haqqında” 1997-ci il 30 aprel tarixli 560 nömrəli, “Azərbaycan Respublikasında sərhəd-nəzarət buraxılış məntəqələrinin fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması üzrə Komissiya haqqında” 2000-ci il 20 may tarixli 423 nömrəli, “YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında” 2005-ci il 15 sentyabr tarixli 1006 nömrəli, “Azərbaycan Respublikasında biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə Dövlət Komissiyası və Dövlət Proqramının hazırlanması haqqında” 2006-cı il 6 mart tarixli 1348 nömrəli, “Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə” 2006-cı il 16 oktyabr tarixli 1737 nömrəli, “Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə” 2006-cı il 25 dekabr tarixli 1852 nömrəli, “Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” 2006-cı il 28 dekabr tarixli 1876 nömrəli, “Dövlət əmlakının özəlləşdirilməsinə nəzarət üzrə Dövlət Komissiyası haqqında” 2007-ci il 28 fevral tarixli 2006 nömrəli və “Azərbaycan Respublikası Hökuməti ilə Yunanıstan Respublikası Hökuməti arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq üzrə birgə komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə” 2007-ci il 6 mart tarixli 2015 nömrəli sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

1 İyun 2022, 13:06

Azərbaycan Respublikası Prezidentinin “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin nəqliyyatda cinayətkarlıqla mübarizədə əməkdaşlığı haqqında” Saziş üzrə səlahiyyətli orqanların müəyyən edilməsi barədə” 2007-ci il 17 sentyabr tarixli 2391 nömrəli, “Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında ikitərəfli əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” 2007-ci il 28 sentyabr tarixli 2413 nömrəli, “2007-ci il avqustun 28-də Lyublyana şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Sloveniya Respublikası Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” 2007-ci il 12 noyabr tarixli 2497 nömrəli, “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” 2007-ci il 22 noyabr tarixli 2505 nömrəli, “Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” 2009-cu il 10 avqust tarixli 437 nömrəli və “2009-cu il sentyabrın 23-də Nyu-York şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Estoniya Respublikası Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” 2009-cu il 30 oktyabr tarixli 557 nömrəli sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

1 İyun 2022, 13:06

Azərbaycan Respublikası Prezidentinin “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 23 fevral tarixli 66 nömrəli, “Azərbaycan Respublikasının Hökuməti ilə Bolqarıstan Respublikasının Hökuməti arasında elektron rabitə, informasiya texnologiyaları və elektron idarəçilik sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə” 2015-ci il 22 may tarixli 524 nömrəli, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 20 aprel tarixli 866 nömrəli, “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Fransa Respublikasının İqtisadiyyat və Maliyyə Nazirliyi arasında innovasiya, informasiya və kommunikasiya texnologiyaları sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında” 2017-ci il 5 aprel tarixli 1327 nömrəli, “Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi Qaydası”nın və “www.azexport.az” internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2017-ci il 12 sentyabr tarixli 1598 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

1 İyun 2022, 13:06

Azərbaycan Respublikası Prezidentinin “Dövlət sirrinə aid edilən məlumatların Siyahısı”nın təsdiq edilməsi haqqında” 2005-ci il 3 iyun tarixli 248 nömrəli, “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2005-ci il 9 avqust tarixli 277 nömrəli, “Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2005-ci il 30 avqust tarixli 284 nömrəli, “Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli, “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2005-ci il 16 noyabr tarixli 312 nömrəli, “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2005-ci il 26 dekabr tarixli 341 nömrəli və “Fövqəladə hallarda, fövqəladə və ya hərbi vəziyyət şəraitində zəruri telekommunikasiya şəbəkələrinin, qurğularının və vasitələrinin istifadəsində üstünlük hüququna malik olan və onların istifadəsini dayandıra, məhdudlaşdıra və ya rabitədən istifadə üçün xüsusi qaydalar tətbiq edə bilən səlahiyyətli dövlət hakimiyyəti orqanlarının siyahısı”nın təsdiq edilməsi haqqında” 2006-cı il 7 iyun tarixli 417 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...