"Milli Nüvə Tədqiqatları Mərkəzi" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 382

Bakı şəhəri, 3 dekabr 2014-cü il

"Milli Nüvə Tədqiqatları Mərkəzi" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında

"Nüvə texnologiyalarından dinc məqsədlərlə istifadə üçün Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində "Milli Nüvə Tədqiqatları Mərkəzi" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 may tarixli 442 nömrəli Sərəncamının 4.1.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. "Milli Nüvə Tədqiqatları Mərkəzi" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi" təsdiq edilsin (1 nömrəli əlavə).

2. "Milli Nüvə Tədqiqatları Mərkəzi" Qapalı Səhmdar Cəmiyyətinin strukturu" təsdiq edilsin (2 nömrəli əlavə).

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri                            Artur Rasi-zadə

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 dekabr tarixli 382 nömrəli qərarı ilə təsdiq edilmişdir

 1 nömrəli əlavə

"Milli Nüvə Tədqiqatları Mərkəzi" Qapalı Səhmdar Cəmiyyətinin

NİZAMNAMƏSİ

1. Ümumi müddəalar

1.1.  "Milli Nüvə Tədqiqatları Mərkəzi" Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra - Cəmiyyət) "Nüvə texnologiyalarından dinc məqsədlərlə istifadə üçün Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində "Milli Nüvə Tədqiqatları Mərkəzi" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 may tarixli 442 nömrəli Sərəncamına əsasən yaradılmışdır.

1.2.  Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur.

1.3.  Cəmiyyət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər qanunvericilik aktlarını və bu Nizamnaməni rəhbər tutur.

1.4.  Cəmiyyət Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində fəaliyyət göstərir.

1.5.  Cəmiyyətin aparatı, idarə, nümayəndəlik və filialları, həmçinin törəmə cəmiyyətləri Cəmiyyətin strukturunu təşkil edir.

1.6.  Cəmiyyətin rəsmi adı aşağıdakı kimidir:

tam halda - "Milli Nüvə Tədqiqatları Mərkəzi" Qapalı Səhmdar Cəmiyyəti;

qısaldılmış halda - "MNTM" QSC.

Cəmiyyətin ingilis dilində tam adı -"National Nuclear Research Center" Closed Joint Stock Company;

Cəmiyyətin ingilis dilində qısaldılmış adı -"NNRC" CJS Co.

Cəmiyyətin hüquqi ünvanı: Azərbaycan Respublikası, Bakı şəhəri.

2. Cəmiyyətin hüquqi statusu

2.1.   Cəmiyyət hüquqi şəxsdir, müstəqil balansa, banklarda hesablaşma hesabına (o cümlədən, xarici banklarda) və digər hesablara malikdir.

2.2.   Cəmiyyətin ayrıca əmlakı vardır və öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir. Cəmiyyət qanunvericiliyə uyğun olaraq əqdlər, sazişlər, müqavilələr bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmələrdə, həmçinin arbitrajlarda iddiaçı və ya cavabdeh qismində çıxış etmək hüququna malikdir.

2.3.   Cəmiyyət üzərində Azərbaycan Respublikasının Dövlət gerbi təsvir edilmiş, Cəmiyyətin adı göstərilmiş möhürə, müvafiq ştamplara və blanklara, emblem, loqotip və digər fərqləndirici nişanlara malikdir.

2.4.   Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının yaradılması və ya ləğv edilməsi, həmçinin törəmə cəmiyyətlərinin yaradılması, yenidən təşkili və ya ləğv edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və "Nüvə texnologiyalarından dinc məqsədlərlə istifadə üçün Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində "Milli Nüvə Tədqiqatları Mərkəzi" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 may tarixli 442 nömrəli Sərəncamına uyğun olaraq həyata keçirilir.

2.5.   Dövlət Cəmiyyətin öhdəlikləri üçün cavabdeh deyildir və Cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün dövlətə məxsus səhmlərin dəyəri həddində risk daşıyır.

2.6.   Cəmiyyət dövlətin üzərinə götürdüyü hər hansı öhdəliklərə görə cavabdeh deyildir.

3. Cəmiyyətin əsas məqsədi və fəaliyyət istiqamətləri

3.1.          Cəmiyyətin əsas məqsədi nüvə elmləri, nüvə texnologiyaları və nüvə energetikası sahəsində kompleks tədbirlərin həyata keçirilməsindən, o cümlədən nüvə texnologiyalarının müasir dövrün tələblərinə və milli mənafelərə uyğun dinc məqsədlərlə inkişaf etdirilməsindən və ondan istifadənin təmin olunmasından, nüvə elmləri və texnologiyaları sahəsinin maddi-texniki bazasının yaxşılaşdırılmasından, elmi tədqiqatların genişləndirilməsindən və yüksəkixtisaslı kadr potensialının gücləndirilməsindən ibarətdir.

3.2.          Cəmiyyət bu Nizamnamənin 3.1-ci bəndində göstərilən məqsədlərə nail olmaq üçün aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:

3.2.1.      nüvə elmləri, nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi üzrə Azərbaycan Respublikasının maraqlarına uyğun aktual elmi və elmi-texnoloji istiqamətlərin müəyyənləşdirilməsinə, müvafiq dövlət proqramı və layihələrinin hazırlanmasına dair Nazirliyə təkliflərin verilməsi və həyata keçirilməsi üzrə tədbirlərin görülməsi;

3.2.2.      nüvə elmləri və texnologiyalarının gələcək inkişafı üçün, tədqiqat nüvə reaktoru da daxil olmaqla, lazımi texniki bazanın yaradılması və istismarının təşkil edilməsi;

3.2.3.      nüvə və neytron fizikası, neytron radioqrafiyası, neytron spektroskopiyası, nüvə çevrilmələri, neytron optikası, nüvə tibbi, materialşünaslıq və digər istiqamətlərdə fundamental və praktiki elmi tədqiqatların aparılmasının təşkil edilməsi;

3.2.4.      materialların xassələrinin və tərkibinin modifikasiyası, elm və texnikanın müxtəlif sahələri üçün neytron analitik məqsədli işlərin həyata keçirilməsi;

3.2.5.     Cəmiyyətin elmi-təcrübi bazasının müasir infrastrukturunun yaradılması;

3.2.6.      tədqiqat nüvə reaktorunun milli və beynəlxalq norma və standartlara uyğun təhlükəsiz iş rejiminin təmin edilməsi üzrə tədbirlərin görülməsi;

3.2.7.      tədqiqat nüvə reaktoru, nüvə materialları, radioaktiv materiallar və radioizotop tərkibli qurğu və sistemlərin təhlükəsizliyinin və fiziki mühafizəsinin, habelə nüvə və radioaktiv materialların daşınmasının, işlənmiş nüvə yanacağı və radioaktiv tullantılarla davranılmasının, nüvə və radioloji qəza hallarına hazırlığın qanunvericiliyə, beynəlxalq və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin tələblərinə müvafiq təşkil edilməsi və ətraf mühitə təsirinin qiymətləndirilməsi;

3.2.8.      müasir tipli hissəcik və nüvə sürətləndiriciləri, radioizotop mənşəli şüalanma mənbəli qurğuların yaradılması və onların bazasında nüvə və radiasiya materialşünaslığı, nüvə çevrilmələri və digər elmi, praktik məqsədli işlərin icrası;

3.2.9.      müxtəlif enerjili neytron və hissəciklərin, bor neytron tutulma və digər radioterapiya sahələrinə aid müasir metod və texnologiyaların səhiyyədə tətbiqinə elmi metodiki dəstəyin göstərilməsi;

3.2.10.  nüvə, neytron, yüksək enerjili hissəcikləri və şüaları ayırd və qeyd edən materiallar və onların əsasında cihazların hazırlanması və tətbiqi;

3.2.11.  dinc məqsədlərlə Azərbaycan Respublikasının ərazisində nüvə xammal ehtiyatlarının axtarışı, potensiallarının qiymətləndirilməsi, ekoloji və iqtisadi səmərəli emal üsullarının işlənilməsi və uyğun texnologiyanın yaradılması;

3.2.12.  dinc məqsədlərlə nüvə materiallarını ayırıb saflaşdırma, zənginləşdirmə texnologiyalarının, nüvə yanacağı dövriyyəsinin, istehsal texnologiyalarının və tətbiq sahələrinin yaradılması;

3.2.13.  sənaye, kənd təsərrüfatı, tikinti və tibb sahələrində istifadə olunan materialların radiasiya üsulu ilə işlənilməsi, o cümlədən ölkədə istehsal edilən, idxal və ixrac olunan kənd təsərrüfatı, ərzaq məhsulları, tibbi və digər məmulatların radiasiya sterilizasiya texnologiyalarının yaradılması;

3.2.14.  nanomaterialların və radiasiya texnologiyalarının işlənilməsi, onların elm və texnikanın müxtəlif sahələrində tətbiqi;

3.2.15.  Azərbaycan Respublikasında nüvə və radiasiya texnologiyalarının tətbiqi ilə bağlı aparılacaq iş və xidmətlərə elmi-metodiki dəstəyin həyata keçirilməsi;

3.2.16.  Azərbaycan Respublikasının ərazisi üzrə radiasiya fonunun öyrənilməsində, eləcə də torpaq, su və havada radionuklid paylanmasının tədqiqində, aidiyyəti dövlət qurumlarının, yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin müraciətləri əsasında materialların, digər məmulatların radioloji laboratoriya sınaqlarında, respublikada aparılan nüvə və radiasiya təhlükəsizliyi üzrə layihə və dövlət proqramlarında iştirak edilməsi;

3.2.17.  radioloji fövqəladə hallarda müvafiq dövlət qurumlarının işlərinə elmi-metodiki və ekspert dəstəyinin göstərilməsi, eləcə də monitorinqlərin aparılmasında iştirak edilməsi;

3.2.18.  Azərbaycan Respublikasında nüvə energetikasının inkişafının milli və beynəlxalq tələblər kontekstində əsaslandırılmasının aparılmasında, nüvə energetikasının tətbiqi üzrə təkliflərin hazırlanmasında iştirak edilməsi və bu sahədə aparılan layihə və proqramlara elmi-metodiki dəstəyin göstərilməsi;

3.2.19.  nüvə elmləri, nüvə və radiasiya texnologiyaları, nüvə energetikası istiqamətlərində kadrların hazırlanması və ixtisaslarının artırılması, doktorantura üzrə elmi kadr hazırlığının həyata keçirilməsi;

3.2.20.  Cəmiyyətin fəaliyyət istiqamətlərinə uyğun olaraq, xarici ölkələrin müvafiq qurumları ilə, Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə və digər beynəlxalq təşkilatlarla əməkdaşlığın həyata keçirilməsi;

3.2.21.  Cəmiyyətin intellektual mülkiyyətinin idarə edilməsi və onun barəsində sərəncam verilməsi;

3.2.22.  dövlət sirrinin və qanunla məxfi hesab olunan informasiyanın qorunmasının təmin edilməsi və ona riayət edilməsinə nəzarət olunması;

3.2.23.  Cəmiyyətin tabeliyində olan qurum və təcrübi bazalarda səfərbərlik və mülki müdafiə hazırlığının təmin edilməsi, eləcə də qəza-xilasetmə və təhlükəsizlik tədbirlərinin təşkil edilməsi;

3.2.24.  Cəmiyyətin işçilərinin sosial müdafiəsinin və əmək şəraitinin yaxşılaşdırılması, əməyin mühafizəsi tədbirlərinin həyata keçirilməsi;

3.2.25.  Cəmiyyətin elmi tədqiqat planlarının icrası ilə əlaqədar malların (işlərin və xidmətlərin) satın alınması (həyata keçirilməsi) üçün qanunla müəyyən olunmuş qaydada tədbirlərin görülməsi;

3.2.26.  Azərbaycan Respublikasının nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi, nüvə materialları, nüvə tədqiqatları sahəsinə aid olan konvensiya və sazişlərə qoşulması barədə Nazirliyə təkliflərin verilməsi;

3.2.27.  ölkədaxili və xarici qurumlarla ikitərəfli sazişlərin bağlanılması və onların icrası, ödənişli əsasda xidmət və elmi-texniki işlərin həyata keçirilməsi;

3.2.28.  respublika və beynəlxalq miqyaslı seminar və konfransların keçirilməsi, öz elmi tədqiqat fəaliyyətlərində elmi jurnal və digər nəşrlərin həyata keçirilməsi;

3.2.29.  Cəmiyyətin məqsədinə uyğun olaraq, beynəlxalq elmi birliklər, mərkəzlər, elmi problematik kooperasiyalar tərəfindən həyata keçirilən qlobal elmi və elmi-texniki işlərin icrasında iştirakı ilə bağlı təklif verilməsi və bu işlərin icrasında iştirak edilməsi;

3.2.30.  xüsusi icazə və ya xüsusi razılıq (lisenziya) tələb edən fəaliyyət növlərinin yalnız aidiyyəti dövlət orqanları tərəfindən verilən xüsusi icazə və ya xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilməsi;

3.2.31.  nüvə və radioaktiv materialların idxal və ixracının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə, Azərbaycan Respublikasının "Əhalinin radiasiya təhlükəsizliyi haqqında" və "İxrac nəzarəti haqqında" qanunlarına uyğun olaraq aidiyyəti dövlət orqanları ilə razılaşdırılmaqla həyata keçirilməsi.

3.3. Cəmiyyətin nüvə və radioloji fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsinə nəzarət Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilir.

4. Cəmiyyətin nizamnamə kapitalı, əmlakı və mənfəəti

4.1.   Cəmiyyətin nizamnamə kapitalı bu Nizamnaməyə uyğun olaraq, təsisçinin qərarı ilə Cəmiyyətin mülkiyyətinə verilmiş və qanunla müəyyən edilmiş qaydada qiymətləndirilmiş aktivlərin balans dəyərindən təşkil olunur.

4.2.   Cəmiyyətin əmlakı əsas fondlardan, dövriyyə vəsaitlərindən və digər maddi və qeyri-maddi aktivlərdən ibarətdir. Cəmiyyətin əmlakı onun müstəqil balansında əks olunur. Cəmiyyət əmlakı üzərində sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir.

4.3.   Cəmiyyətin əmlakının dəyəri onun balansında göstərilir.

4.4.   Cəmiyyətin nizamnamə kapitalı 3 000 000 (üç milyon) manatdır və onun səhmlərinin nominal dəyərindən təşkil olunur. Nizamnamə kapitalı nominal dəyəri 10 (on) manat olan 300 000 (üç yüz min) ədəd adi səhmlərdən ibarətdir.

4.5.   Cəmiyyətin əmlakı aşağıda göstərilən mənbələr hesabına təşkil olunur:

4.5.1.          nizamnamə kapitalına daxil olan əmlak;

4.5.2.          maliyyə-təsərrüfat fəaliyyətinin həyata keçirilməsindən daxil olan gəlirlər;

4.5.3.          qanunla qadağan olunmayan digər mənbələr.

4.6.   Cəmiyyətin nizamnamə kapitalının artırılması və ya azaldılması Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada həyata keçirilir.

4.7.   Cəmiyyətin nizamnamə kapitalına qoyulan maya puldan, qiymətli kağızlardan, başqa əmlakdan, əmlak hüquqlarından və pul dəyəri olan digər hüquqlardan ibarət ola bilər.

4.8.   Cəmiyyət qanunlarda nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri müəyyən edilmiş qaydada ödədikdən sonra Cəmiyyətin, onun idarə, nümayəndəlik və filiallarının, həmçinin törəmə cəmiyyətlərinin fəaliyyətindən əldə edilmiş mənfəəti mərkəzləşdirilmiş fondlarda cəmləşdirmək və həmin vəsaitlər üzərində sərəncam vermək hüququna malikdir.

5. Cəmiyyətin ali idarəetmə orqanı

5.1.   Cəmiyyətin ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağıdır.

5.2.   Ümumi yığıncağın müstəsna səlahiyyətlərinə aid edilmiş məsələlər "Nüvə texnologiyalarından dinc məqsədlərlə istifadə üçün Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində "Milli Nüvə Tədqiqatları Mərkəzi" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 may tarixli 442 nömrəli Sərəncamına uyğun olaraq həll edilir.

6. Cəmiyyətin icra orqanı

6.1.   İdarə Heyəti Cəmiyyətin kollegial icra orqanıdır.

6.2.   İdarə Heyəti Azərbaycan Respublikasının Mülki Məcəlləsi və bu Nizamnamə ilə Cəmiyyətin səhmdarlarının ümumi yığıncağına və sədrinə verilmiş müstəsna səlahiyyətlər istisna olmaqla, Cəmiyyətin idarə edilməsi ilə bağlı bütün məsələləri həll edir.

6.3.   İdarə Heyətinin tərkibi 3 nəfərdən - Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən Cəmiyyətin sədri və Nazirlik tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən iki sədr müavinindən ibarətdir. İdarə Heyətinin işinə Cəmiyyətin sədri rəhbərlik edir.

6.4.   İdarə Heyəti:

6.4.1.Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada hesabat verir;

6.4.2.Cəmiyyətin işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməkhaqqı fondu dairəsində təşkil edir;

6.4.3.yeni texnologiyaların tətbiqi ilə bağlı qərarlar qəbul edir;

6.4.4.Cəmiyyətin daxili intizam qaydalarını müəyyən edir;

6.4.5.Cəmiyyətin aparatının struktur bölmələrinin, idarə, nümayəndəlik və filiallarının, həmçinin törəmə cəmiyyətlərinin rəhbərlərinin səlahiyyətlərini müəyyən edir;

6.4.6.     Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının, həmçinin törəmə cəmiyyətlərinin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin keçirilməsi ilə bağlı qərarlar qəbul edir;

6.4.7.Cəmiyyətin perspektiv inkişaf planı, digər hüquqi şəxslərə kapital qoyuluşu, bu Nizamnamədə dəyişikliklər edilməsi barədə Nazirliyə təkliflər verir;

6.4.8.Cəmiyyətin fəaliyyəti ilə bağlı, habelə Cəmiyyətin illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi üçün müvafiq təklifləri Nazirliyə təqdim edir;

6.4.9.     Cəmiyyətin saxlanılması və ona həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi üçün qanunda nəzərdə tutulmuş mənbələrdən (kreditlər, qrantlar, texniki yardımlar, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən daxilolmalar və s.) Cəmiyyətin sərəncamına daxil olan məqsədli vəsaitlərin təyinatı üzrə xərclənməsini təmin edir və bununla əlaqədar Nazirliyə mütəmadi olaraq hesabatlar təqdim edir;

6.4.10. Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) bağlanılmasına razılıq verilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət edilməsi məqsədi ilə Nazirliyə təkliflər verir;

6.4.11. qanunvericiliyə uyğun olaraq, Cəmiyyətin, onun idarə, nümayəndəlik və filiallarının, həmçinin törəmə cəmiyyətlərinin balansında olan əmlaka münasibətdə sərəncam vermək hüququnu həyata keçirir;

6.4.12. qanunvericiliyə uyğun olaraq, Cəmiyyətin, onun idarə, nümayəndəlik və filiallarının, həmçinin törəmə cəmiyyətlərinin istifadəsi üçün ayrılmış dövlət torpaqlarının istifadə edilməsinə, bu torpaqlardan istifadə hüquqlarının Cəmiyyətə, onun idarə, nümayəndəlik və filiallarına, həmçinin törəmə cəmiyyətlərinə ötürülməsinə və həmin torpaqların mülkiyyətçiyə geri qaytarılmasına müvafiq qaydada razılıq verir;

6.4.13. Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının yaradılmasına və ya ləğvinə, törəmə cəmiyyətlərinin yaradılmasına, yenidən təşkilinə və ya ləğvinə razılıq verilməsinə dair Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət edilməsi məqsədi ilə Nazirliyə təkliflər verir;

6.4.14. Cəmiyyətin iştirak etdiyi birgə layihələrə əmlak və (və ya) pul şəklində pay qoyur;

6.4.15. Cəmiyyətin fəaliyyətinə dair illik iş proqramlarını, onların yerinə yetirilməsi haqqında hesabatları təsdiq edir;

6.4.16. Cəmiyyətin Elmi Şurasının yaradılması, onun tərkibinin müəyyən olunması, həmçinin fəaliyyətinin təşkili ilə bağlı qərarlar qəbul edir.

6.5.   İdarə Heyətinin iclasları müvafiq qaydada protokollaşdırılır və müzakirə edilmiş məsələlər üzrə qərarlar qəbul edilir. Həmin qərarlar Cəmiyyətin sədri tərəfindən imzalandıqdan sonra qüvvəyə minir.

6.6.   Cəmiyyətin İdarə Heyətinin qərarları sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər bölündükdə, Cəmiyyətin sədrinin (Cəmiyyətin sədri olmadıqda, onu əvəz edən müavininin) səsi həlledicidir.

7. Cəmiyyətin sədri

7.1. Cəmiyyətin sədri:

7.1.1. Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir;

7.1.2. sədrin müavinləri arasında vəzifə bölgüsünü müəyyənləşdirir;

7.1.3. Cəmiyyətin İdarə Heyətinin fəaliyyətini təşkil edir və reqlamentini təsdiq edir;

7.1.4. Cəmiyyətin üzərinə düşən vəzifələrin yerinə yetirilməsi, onun hüquqlarının və öhdəliklərinin həyata keçirilməsi üçün zəruri tədbirlər görür;

7.1.5. Cəmiyyətin adından etibarnaməsiz fəaliyyət göstərir, habelə Cəmiyyəti bütün dövlət orqanlarında, idarə, müəssisə və təşkilatlarda, o cümlədən beynəlxalq təşkilatlarda təmsil edir;

7.1.6. Cəmiyyətin işçilərinin say həddinin, əməkhaqqı sisteminin müəyyən olunması və xərclər smetasının təsdiq edilməsi üçün təkliflər hazırlayır və müəyyən olunmuş qaydada Nazirliyə təqdim edir;

7.1.7. tədqiqat nüvə reaktorunun qurulması və istismarının təmin edilməsi ilə bağlı qərarlar qəbul edir;

7.1.8. Cəmiyyətin aparatının struktur bölmələrini müəyyən edir və onların əsasnamələrini, strukturunu və ştat cədvəlini təsdiq edir;

7.1.9. Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının, həmçinin törəmə cəmiyyətlərinin əsasnamələrini və nizamnamələrini təsdiq edir;

7.1.10. Cəmiyyətin qərarlarının yerinə yetirilməsinə nəzarəti təşkil edir;

7.1.11. Cəmiyyətin əmlakı barədə qanunlarla və bu Nizamnamə ilə müəyyən edilmiş qaydada sərəncam verir;

7.1.12. Cəmiyyətin idarə olunması ilə əlaqədar daxili sənədləri təsdiq edir;

7.1.13. Cəmiyyətin səmərəli fəaliyyət göstərməsini təmin edir;

7.1.14. müqavilələr (o cümlədən, xarici şirkətlərlə) bağlayır və onların yerinə yetirilməsini təmin edir;

7.1.15. etibarnamələr verir, banklarda hesablaşma hesabı və digər hesablar açır, hesabları və tədiyə tapşırıqlarını imzalayır;

7.1.16. Cəmiyyətin mərkəzləşdirilmiş fondlarının yaradılması və istifadə olunması qaydaları barədə qərarlar qəbul edir;

7.1.17. Cəmiyyətə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi üçün qanunda nəzərdə tutulmuş mənbələrdən (kreditlər, qrantlar, texniki yardımlar, işlərin görülməsinə, xidmətlərin göstərilməsinə görə daxilolmalar və s.) Cəmiyyətin sərəncamına daxil olan məqsədli vəsaitlərin təyinatı üzrə istifadəsini təmin edir;

7.1.18. Cəmiyyətin aparatının struktur bölmələrinə, idarə, nümayəndəlik və filiallarına, həmçinin törəmə cəmiyyətlərinə göstərişlər verir;

7.1.19. Cəmiyyətin aparatının işçilərini (sədrin müavinləri istisna olmaqla), onun idarə, nümayəndəlik və filiallarının, həmçinin törəmə cəmiyyətlərinin rəhbərlərinin müavinlərini və digər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;

7.1.20. Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarının, digər normativ hüquqi aktların və Nazirliyin əmr və sərəncamlarının icrasını təmin edir;

7.1.21. Cəmiyyətin idarə edilməsi, cari fəaliyyətinin tənzimlənməsi üçün ona verilmiş səlahiyyətlər daxilində icrası məcburi olan əmrlər, sərəncamlar və göstərişlər verir;

7.1.22. Cəmiyyətdə, onun idarə, nümayəndəlik və filiallarında, həmçinin törəmə cəmiyyətlərində beynəlxalq maliyyə, kadr, təchizat və digər idarəetmə qaydalarının və standartlarının tətbiqi ilə bağlı tədbirlər görür;

7.1.23. fəaliyyət məqsədlərinə uyğun olaraq komissiyalar, komitələr və işçi qrupları yaradır;

7.1.24. malların alınması, işlərin görülməsi və xidmətlərin göstərilməsi üçün müsabiqələrin keçirilməsi üzrə komissiyalar yaradır;

7.1.25. Cəmiyyətin idarə, nümayəndəlik və filialları, həmçinin törəmə cəmiyyətləri arasındakı münasibətlərdə yaranan mübahisələri həll edir;

7.1.26. Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının, həmçinin törəmə cəmiyyətlərinin işinin təşkil edilməsi və onların təsdiq edilmiş gəlir və xərclər smetası üzrə xərclərinin ödənilməsini həyata keçirir;

7.1.27. Cəmiyyətin fəaliyyətini səmərəli təşkil etmək üçün hüquqi şəxs yaratmaqla (birgə müəssisələr) və ya hüquqi şəxs yaratmadan (alyanslar, ittifaqlar) birgə layihələri həyata keçirir və bu layihələri təsis sənədlərinə uyğun olaraq idarə edir.

7.2.  Cəmiyyətin sədri vəzifələrini yerinə yetirərkən, vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etməyə, dövlətin və Cəmiyyətin maraqlarına sadiq olmağa və bu maraqları öz maraqlarından üstün tutmağa və ehtiyatlı olmağa borcludur və bu vəzifələrin Cəmiyyətin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır.

7.3.  Cəmiyyətin sədri özünün ayrı-ayrı səlahiyyətlərinin icrasını Cəmiyyətin komissiya və komitə rəhbərlərinə həvalə edə bilər.

7.4.   Cəmiyyətin sədri öz vəzifəsini yerinə yetirə bilmədikdə, ezamiyyətdə və ya məzuniyyətdə olduqda, onun səlahiyyətlərini müvəqqəti olaraq Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri tərəfindən müəyyən edilən sədrin müavini həyata keçirir.

8. Cəmiyyətin mühasibat və statistik uçotunun aparılması və maliyyə hesabatlarının tərtib edilməsi

8.1.  Cəmiyyət "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mühasibat uçotunu aparır və maliyyə hesabatlarını tərtib edir. Cəmiyyət maliyyə hesabatlarını Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən tərtib edir.

8.2.  Cəmiyyət "Rəsmi statistika haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, statistik uçotu aparır və statistik hesabatları tərtib edir.

8.3.  Cəmiyyətin birinci maliyyə ili dövlət qeydiyyatına alındığı vaxtdan başlayır və həmin ilin dekabrın 31-də başa çatır. Növbəti maliyyə ili isə yanvarın 1-dən başlayır və dekabrın 31-də başa çatır.

8.4.  Cəmiyyət nümayəndəlik və filiallarının seqment maliyyə hesabatları ilə birlikdə öz maliyyə hesabatlarını tərtib edir, həmçinin törəmə cəmiyyətlərinin rüblük və illik maliyyə hesabatlarına baxır. Cəmiyyət törəmə cəmiyyətlərə malik olduqda, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib edir. Törəmə cəmiyyətlər illik maliyyə hesabatlarını hər il maliyyə ili bitdikdən sonra 4 ay ərzində Cəmiyyətə təqdim edir. Cəmiyyət illik birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hər il maliyyə ili bitdikdən sonra 6 aydan gec olmayan müddətdə auditor rəyi ilə birlikdə, həmçinin Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) bağlanması barədə məlumatı mətbu orqanda dərc etdirir.

8.5.  Cəmiyyət dövlət büdcəsindən maliyyə vəsaiti aldığı təqdirdə, illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hər il maliyyə ili bitdikdən sonra, müvafiq olaraq 4 və 6 aydan gec olmayaraq, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edir və dərc etdirir.

8.6.  Cəmiyyət nümayəndəlik və filiallarının, həmçinin törəmə cəmiyyətlərinin maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasının aparılmasını təmin edir.

9. Daxili audit və maliyyə nəzarəti

9.1. Cəmiyyət daxili audit xidmətini təsis edir. Daxili audit xidmətinin əməkdaşları öz funksiyalarını icra edərkən, müstəqil qiymət vermək, nəticə çıxarmaq hüququna malikdirlər.

9.2.  Cəmiyyətin daxili audit xidmətinin əməkdaşları ali iqtisadi və ya hüquqi təhsilə və ya digər ixtisas üzrə ali təhsilə, audit, yaxud əlaqədar sahələrdə 4 (dörd) il iş stajına malik olmalıdırlar.

9.3. Daxili audit xidməti aşağıdakıları yerinə yetirir:

9.3.1. Cəmiyyətin, onun idarə, nümayəndəlik və filiallarının, həmçinin törəmə cəmiyyətlərinin fəaliyyətinin Azərbaycan Respublikasının qanunvericiliyinə və Cəmiyyətin daxili qaydalarına uyğunluğunu yoxlayır;

9.3.2. Cəmiyyətin təsərrüfat fəaliyyətinin, habelə maliyyə vəziyyətinin dəqiq qiymətləndirilməsi məqsədi ilə bütün sahələrdə aparılan əməliyyatlara mütəmadi nəzarəti həyata keçirir;

9.3.3. daxili audit yoxlamalarının nəticələri, habelə aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması haqqında Cəmiyyətin sədrinə məlumat və təkliflər verir.

9.4.  Cəmiyyətin bütün əməkdaşları daxili auditi həyata keçirən əməkdaşların tələbi ilə zəruri olan sənədləri təqdim etməyə, onlara öz vəzifələrinin icrası üçün lazımi şərait yaratmağa borcludurlar.

10. Cəmiyyətin müstəqil (kənar) auditi

10.1.  Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin müstəqil (kənar) auditi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və "Auditor xidməti haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

11. Cəmiyyətin idarə, nümayəndəlik və filialları, həmçinin törəmə cəmiyyətləri ilə qarşılıqlı münasibətləri

11.1.  Cəmiyyətin idarə, nümayəndəlik və filialları, həmçinin törəmə cəmiyyətləri ilə qarşılıqlı münasibətləri Azərbaycan Respublikasının qanunlarına, bu Nizamnaməyə, habelə onların nizamnamələrinə (əsasnamələrinə) və Cəmiyyətin daxili sənədlərinə uyğun olaraq tənzimlənir.

11.2.  Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının, həmçinin törəmə cəmiyyətlərinin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırılmaqla Nazirlik tərəfindən həyata keçirilir.

11.3.  Cəmiyyət idarə, nümayəndəlik və filialları, həmçinin törəmə cəmiyyətləri ilə qarşılıqlı münasibətlərdə aşağıdakı səlahiyyətlərə malikdir:

11.3.1. Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının, həmçinin törəmə cəmiyyətlərinin balansında olan əmlakın hüquqi və fiziki şəxslərə icarəyə vermək, balansında olan əsas vəsaitlərin silinməsi barədə müəyyən edilmiş qaydada Nazirliyə təkliflər vermək;

11.3.2. Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının, həmçinin törəmə cəmiyyətlərinin idarəetmə orqanlarını formalaşdırmaq;

11.3.3. Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının, həmçinin törəmə cəmiyyətlərinin təsərrüfat fəaliyyəti üzrə proqnoz göstəricilərinin formalaşdırılmasına və hesabatlara nəzarət etmək, bu məsələlərə aid tövsiyələr və təkliflər vermək, onların müzakirəsində iştirak etmək;

11.3.4. Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının, həmçinin törəmə cəmiyyətlərinin fəaliyyətlərinin yekunlarına baxılmasını təmin etmək;

11.3.5. Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının, həmçinin törəmə cəmiyyətlərinin təqsiri üzündən Cəmiyyətə dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək;

11.3.6. Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının, həmçinin törəmə cəmiyyətlərinin maliyyə-təsərrüfat fəaliyyətlərini təhlil və təftiş etmək;

11.3.7. Cəmiyyətin fəaliyyət istiqamətləri ilə bağlı aparılan nüvə və radiasiya sahəsində fəaliyyətin təhlükəsizliyi qaydalarına riayət olunmasını təmin etmək;

11.3.8. Cəmiyyətin idarə, nümayəndəlik və filialları, həmçinin törəmə cəmiyyətləri tərəfindən Azərbaycan Respublikasının normativ hüquqi aktlarına, bu Nizamnaməyə, onların nizamnamələrinə və ya əsasnamələrinə, Cəmiyyətin idarəetmə orqanlarının qərarlarına zidd olaraq qəbul edilmiş qərarları ləğv etmək.

11.4.  Cəmiyyətin törəmə cəmiyyətlərinin blanklarında, möhür və ştamplarında, digər fərqləndirici nişanlarında həmin müəssisələrin adı ilə yanaşı Cəmiyyətin adı da göstərilir.

12. Cəmiyyətin yenidən təşkili və ya ləğv edilməsi

12.1. Cəmiyyətin yenidən təşkili və ya ləğv edilməsi barədə qərarlar Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edilir.

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 dekabr tarixli 382 nömrəli qərarı ilə təsdiq edilmişdir  2 nömrəli əlavə

"Milli Nüvə Tədqiqatları Mərkəzi" Qapalı Səhmdar Cəmiyyətinin

STRUKTURU

1. "Milli Nüvə Tədqiqatları Mərkəzi" Qapalı Səhmdar Cəmiyyətinin aparatı.

2. Cəmiyyətin idarə, nümayəndəlik və filialları.

3. Cəmiyyətin törəmə cəmiyyətləri.

15 Dekabr 2014, 09:12

http://cabmin.gov.az/

9651—9660 / 10511

1 Avqust 2014, 11:08

"Azərbaycan Respublikasında baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 4 dekabr tarixli 255 nömrəli qərarında dəyişiklik edilməsi barədə   ətraflı...

1 Avqust 2014, 11:08

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 sentyabr tarixli 218 nömrəli qərarı ilə təsdiq edilmiş "Qiymətli daşların ekspertizasının və diaqnostikasının keçirilməsi halları və Qaydaları"nda dəyişiklik edilməsi barədə   ətraflı...

1 Avqust 2014, 11:08

"Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə və onun şərtlərinin gözlənilməsinə nəzarət Qaydaları"nın və "Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi üçün tələb olunan əlavə Şərtlər"in təsdiq edilməsi haqqında"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 8 may tarixli 120 nömrəli qərarında dəyişikliklər edilməsi barədə   ətraflı...

1 Avqust 2014, 11:08

"Azərbaycan Respublikasında baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 7 mart tarixli 65 nömrəli qərarında dəyişiklik edilməsi barədə   ətraflı...

1 Avqust 2014, 10:08

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları"nda dəyişikliklər edilməsi barədə   ətraflı...

1 Avqust 2014, 10:08

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 16 avqust tarixli 154 nömrəli qərarı ilə təsdiq edilmiş "Yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində standartlara və tələblərə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları"nda dəyişikliklər edilməsi haqqında   ətraflı...

1 Avqust 2014, 09:08

Cəlilabad rayonunun Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

31 İyul 2014, 09:07

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yeni inzibati binasının tikilməsi haqqında   ətraflı...

30 İyul 2014, 09:07

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında   ətraflı...

30 İyul 2014, 09:07

“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 4 oktyabr tarixli 401 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında   ətraflı...