"Malların beynəlxalq və daxili tranzit xüsusi gömrük prosedurları altında yerləşdirilərək daşınması Qaydaları"nın təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 5

Bakı şəhəri, 14 yanvar 2014-cü il

"Malların beynəlxalq və daxili tranzit xüsusi gömrük prosedurları altında yerləşdirilərək daşınması Qaydaları"nın təsdiq edilməsi haqqında

 "Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının 1.1.20-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

"Malların beynəlxalq və daxili tranzit xüsusi gömrük prosedurları altında yerləşdirilərək daşınması Qaydaları" təsdiq edilsin (əlavə olunur).

 Azərbaycan Respublikasının Baş naziri  Artur Rasi-zadə

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 14 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmişdir

Malların beynəlxalq və daxili tranzit xüsusi gömrük prosedurları altında yerləşdirilərək daşınması

QAYDALARI

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin (bundan sonra - Gömrük Məcəlləsi) 175.4-cü maddəsinə əsasən hazırlanmışdır və malların beynəlxalq və daxili tranzit xüsusi gömrük prosedurları altında yerləşdirilərək daşınması qaydalarını müəyyən edir.

1.2. Bu Qaydalar beynəlxalq uçuşları həyata keçirən hava nəqliyyatının Azərbaycan Respublikasının gömrük ərazisinə (bundan sonra - gömrük ərazisi) məcburi (texniki) enmə hallarına (malların hava nəqliyyatına yüklənilməsi, oradan boşaldılması və bununla əlaqədar digər yük əməliyyatlarının aparılmaması şərtilə) şamil edilmir.

1.3. Malların beynəlxalq poçt göndərişləri, boru kəmərləri və elektrikötürücü xətlər vasitəsilə tranziti Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Qaydalara uyğun olaraq həyata keçirilir.

1.4. Gömrük orqanları Gömrük Məcəlləsinin 13.2-ci maddəsində əks olunan məqsədlər üçün gömrük sərhədindən keçirilən malların tranziti ilə bağlı əldə edilən məlumatların öz aralarında və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 7 may tarixli 95 nömrəli qərarı ilə təsdiq edilmiş "Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə daxil olması, çıxması və tranziti ilə bağlı əldə edilən məlumatların başqa ölkələrin gömrük və digər səlahiyyətli dövlət orqanları ilə mübadiləsi Qaydaları"na uyğun olaraq başqa ölkələrin gömrük və digər səlahiyyətli dövlət orqanları ilə mübadiləsini həyata keçirirlər.

1.5. Daxili tranzit xüsusi gömrük proseduru üçün bəyan edilən daxili mallar və nəqliyyat vasitələri müvafiq gömrük bəyannaməsi gömrük orqanı tərəfindən təsdiq olunduğu vaxtdan başlayaraq, gömrük ərazisindən aparılana, dövlətin xeyrinə imtina və ya məhv edilənə, yaxud gömrük bəyannaməsinin Gömrük Məcəlləsinin 154-cü maddəsinə uyğun olaraq ləğvinədək gömrük nəzarəti altında olurlar.

1.6. Dəniz, çay və hava gəmiləri gömrük ərazisində daxil olduqları, yaxud yola düşdükləri su və hava limanında bəyan edilir.

2. Əsas anlayışlar

2.1. Bu Qaydaların məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. göndərən gömrük orqanı - tranzit xüsusi gömrük prosedurunun başlandığı gömrük orqanı;

2.1.2. təyinat gömrük orqanı - tranzit xüsusi gömrük prosedurunun başa çatdığı gömrük orqanı;

2.1.3. tranzit - malların gömrük nəzarəti altında bir gömrük orqanından digər gömrük orqanına daşınmasından ibarət xüsusi gömrük proseduru.

 3. Tranzit xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara dair tələblər

3.1. Tranzit xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara olan tələblər aşağıdakılardır:

3.1.1. təbii aşınma nəticəsində dəyişikliklər və ya təbii itki halları istisna olmaqla, dəyişilməz vəziyyətdə qalmalıdır;

3.1.2. göndərən gömrük orqanı tərəfindən müəyyən edilən marşrutla və müddətdə təyinat gömrük orqanına çatdırılmalıdır.

 4. Beynəlxalq tranzit xüsusi gömrük proseduru

4.1. Beynəlxalq tranzit xüsusi gömrük proseduru xarici malların gömrük rüsumları, əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq edilmədən, gömrük nəzarəti altında bir yerdən başqa yerə daşınmasıdır.

4.2. Malların beynəlxalq tranzit xüsusi gömrük proseduru altında yerləşdirilərək daşınması aşağıdakı qaydada həyata keçirilir:

4.2.1. malların daşınması gömrük ərazisindən kənarda başlanır, yaxud başa çatır;

4.2.2. malların daşınması gömrük ərazisinin iki məntəqəsi arasında gömrük ərazisindən kənar ərazidən keçməklə baş verir.

4.3. Bu Qaydaların 4.1-ci bəndində qeyd edilən daşınma aşağıda göstərilənlər əsasında həyata keçirilir:

4.3.1. beynəlxalq tranzit xüsusi gömrük proseduru;

4.3.2. beynəlxalq gömrük tranziti üzrə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr;

4.3.3. mallar Ümumdünya Poçt İttifaqının Aktları əsasında hüquqlara malik olan və öhdəliklər daşıyan subyektlər (poçt rabitəsi operatorları) və ya onlar üçün beynəlxalq poçt göndərişlərinin daşınmasında vasitəçilik edən şəxslər tərəfindən daşındığı halda, bu Aktlara müvafiq olaraq beynəlxalq poçt göndərişlərinin mübadiləsi sistemi.

 5. Beynəlxalq tranzit xüsusi gömrük proseduru altında yerləşdirilən malların rəsmiləşdirilməsi

5.1. Beynəlxalq tranzit xüsusi gömrük proseduru altında yerləşdirilən mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on beş) gündən gec olmayaraq verilməlidir. Göstərilən müddət bəyannaməçi tərəfindən müvafiq sənədlərin və məlumatların toplanması üçün kifayət etmədikdə, onun əsaslandırılmış müraciəti əsasında gömrük orqanı həmin müddəti uzadır. Gömrük bəyannaməsinin təqdim edilməsi müddətinin uzadılmasına malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti çərçivəsində yol verilir.

5.2. Gömrük orqanları tələb etdikləri məlumatların ətraflı qeyd olunduğu və malların daşınması zamanı istifadə olunan Azərbaycan Respublikasının qanunvericiliyində, habelə tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş istənilən kommersiya və ya nəqliyyat sənədini gömrük bəyannaməsi kimi qəbul edir.

5.3. Malların beynəlxalq tranzit xüsusi gömrük proseduru altında yerləşdirilərək daşınmasına icazənin alınması üçün şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 12 oktyabr tarixli 228 nömrəli qərarı ilə təsdiq edilmiş "Ayrı-ayrı gömrük əməliyyatı və ya gömrük proseduru ilə bağlı gömrük orqanının icazəsinin verilməsi Qaydaları"na müvafiq olaraq gömrük orqanına Gömrük Məcəlləsinin 146.3-cü maddəsinə əsasən müəyyən edilən sənədlərlə birlikdə müraciət edir və icazə dərhal müvafiq qeydiyyat aparılmaqla verilir.

5.4. Malların beynəlxalq tranzit xüsusi gömrük proseduru altında yerləşdirilməsi üçün icazənin verilməsindən aşağıdakı hallarda imtina edilir:

5.4.1. malların gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması Gömrük Məcəlləsinin 214-cü və 215-ci maddələrinə əsasən qadağan edildikdə və ya məhdudlaşdırıldıqda;

5.4.2. icazənin verilməsi üçün təqdim edilmiş sənədlərdə yanlış məlumatlar olduqda.

5.5. İcazənin verilməsindən imtina barədə qərar, imtinanın əsasları göstərilməklə şəxsə dərhal kağız üzərində yazılı və ya onun arzusu ilə elektron formada verilir.

5.6. Şəxs icazənin verilməsindən imtinaya əsas olmuş halları aradan qaldırdıqdan sonra icazə almaq üçün bu Qaydalara uyğun olaraq yenidən gömrük orqanına müraciət edə bilər.

5.7. Malların dərhal digər gömrük proseduru altında yerləşdirilməsi halları istisna olmaqla, beynəlxalq tranzit xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar icazənin ləğv edildiyi gündən müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş hesab olunur.

5.8. Malların beynəlxalq tranzit xüsusi gömrük proseduru altında yerləşdirilməsi üçün təqdim edilən sənədlərin surətləri 3 il müddətində gömrük orqanlarında saxlanılır.

5.9. Beynəlxalq tranzit xüsusi gömrük proseduru göndərən gömrük orqanına və təyinat gömrük orqanına təqdim olunan məlumatların gömrük orqanları tərəfindən müqayisəsi əsasında onun düzgün yerinə yetirildiyi müəyyən edildikdən sonra başa çatır. Gömrük proseduru başa çatmadıqda, gömrük orqanları müvafiq mallarla bağlı vəziyyətin tənzimlənməsi üçün bütün lazımi tədbirləri həyata keçirirlər.

 6. Daxili malların beynəlxalq tranzit xüsusi gömrük proseduru altında yerləşdirilməsi halları və şərtləri

6.1. Daxili mallar aşağıdakı hallarda beynəlxalq tranzit xüsusi gömrük proseduru altında yerləşdirilir:

6.1.1. mallar gömrük ərazisinin iki məntəqəsi arasında gömrük ərazisindən kənar ərazidən keçməklə daşındıqda;

6.1.2. mallar gömrük ərazisinin iki məntəqəsi arasında gömrük ərazisindən kənar ərazidən keçməklə daşınaraq üçüncü ölkəyə aparıldıqda.

6.2. Daxili mallar aşağıdakı şərtlərlə beynəlxalq tranzit xüsusi gömrük proseduru altında yerləşdirilir:

6.2.1. malların gömrük rəsmiləşdirilməsi bu Qaydaların 5.3-cü-5.6-cı bəndlərinə uyğun olaraq həyata keçirildikdə;

6.2.2. malların statusu dəyişdirilmədən gömrük ərazisinin bir yerindən digər yerinə daşındıqda.

 7. Daxili tranzit xüsusi gömrük proseduru

7.1. Daxili tranzit xüsusi gömrük proseduru gömrük ərazisindən aparılması məqsədi ilə bəyan edilən daxili malların, onların statusunu dəyişdirmədən bir gömrük orqanından digər gömrük orqanına daşınmasıdır.

7.2. Bu Qaydaların 7.1-ci bəndində qeyd edilən daşınma poçt sistemi daxilində daşınan mallara da şamil edilir.

7.3. Malların daxili tranzit xüsusi gömrük proseduru altında yerləşdirilərək daşınması gömrük orqanlarının icazəsi ilə həyata keçirilir.

7.4. Daxili tranzit xüsusi gömrük proseduru üçün bəyan edilən daxili mallar Gömrük Məcəlləsinin 83.2-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində gömrük nəzarəti altında olur.

7.5. Daxili tranzit xüsusi gömrük proseduru göndərən gömrük orqanına və təyinat gömrük orqanına təqdim olunan məlumatların gömrük orqanları tərəfindən müqayisəsi əsasında onun düzgün yerinə yetirildiyi müəyyən edildikdən sonra başa çatır. Gömrük proseduru başa çatmadıqda, gömrük orqanları müvafiq mallarla bağlı vəziyyətin tənzimlənməsi üçün bütün lazımi tədbirləri həyata keçirirlər.

 8. Daxili tranzit xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların gömrük rəsmiləşdirilməsi

8.1. Daxili tranzit xüsusi gömrük proseduru altında yerləşdirilən mallara dair gömrük bəyannaməsi həmin mallar təyinat gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on beş) gündən gec olmayaraq verilməlidir. Göstərilən müddət bəyannaməçi tərəfindən müvafiq sənədlərin və məlumatların toplanması üçün kifayət etmədikdə, onun əsaslandırılmış müraciəti əsasında gömrük orqanı həmin müddəti uzadır. Gömrük bəyannaməsinin təqdim edilməsi müddətinin uzadılmasına malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti çərçivəsində yol verilir.

8.2. Daxili tranzit xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların gömrük rəsmiləşdirilməsi bu Qaydaların 5.3-cü-5.6-cı bəndlərinə uyğun olaraq həyata keçirilir.

 9. Göndərən gömrük orqanının müəyyən etdiyi marşrutla və müddətdə malların təyinat gömrük orqanına və ya onlarla razılaşdırılmış digər yerə çatdırılması

9.1. Malların tranzit xüsusi gömrük proseduru altında yerləşdirilərək daşınmasına icazə almış şəxs həmin malları göndərən gömrük orqanı tərəfindən müəyyən edilmiş marşrutla və müddətdə təyinat gömrük orqanına və ya onlarla razılaşdırılmış digər yerə çatdırmalıdır.

9.2. Təqdim edilmiş nəqliyyat sənədlərində göstərilən məlumatlar nəzərə alınmaqla, tranzit xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların təyinat gömrük orqanına və ya onlarla razılaşdırılmış digər yerə çatdırılması üçün marşrut göndərən gömrük orqanı tərəfindən müəyyən edilir.

9.3. Malların təyinat gömrük orqanına və ya onlarla razılaşdırılmış digər yerə çatdırılması üçün marşrutu müəyyən edən göndərən gömrük orqanı nəqliyyat vasitələrinin növü və imkanlarını, daşınma şərtlərini, sürücünün iş rejimi və istirahət vaxtını, habelə mallara dair səlahiyyətli şəxsin, onun nümayəndəsinin və ya daşıyıcının müraciətini nəzərə almalıdır.

9.4. Marşrutun və müddətin dəyişdirilməsi mallara dair səlahiyyətli şəxsin, onun nümayəndəsinin və ya daşıyıcının əsaslandırılmış müraciətinə əsasən göndərən gömrük orqanının, malların daşınması zamanı isə həmin ərazidə fəaliyyət göstərən digər gömrük orqanının icazəsi ilə həyata keçirilir.

9.5. Malların daşınması zamanı marşrutun və müddətin dəyişdirilməsinə icazə vermiş gömrük orqanı bu barədə göndərən və təyinat gömrük orqanlarını elektron informasiya sistemləri vasitəsilə məlumatlandırır.

9.6. Fors-major halların yaranması nəticəsində bu Qaydaların 9.1-ci bəndi ilə müəyyən edilmiş öhdəlikləri yerinə yetirə bilməyən şəxs və ya onun maraqlarından çıxış edən şəxs bu barədə gömrük orqanlarını təxirəsalınmadan məlumatlandırmalıdır. Belə hallarda mallar tam itkiyə məruz qalmadıqda, gömrük orqanlarına onların dəqiq yeri barədə məlumat verilməlidir.

9.7. Bu Qaydaların 9.6-cı bəndində qeyd olunan hallarda gömrük orqanları nəqliyyat vasitəsində olan malların başqa gömrük orqanına və ya razılaşdırılmış digər yerə çatdırılması üzrə tədbirləri müəyyənləşdirirlər.

 10. Tranzit xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların eyniləşdirilməsi

10.1. Gömrük orqanları gömrük nəzarəti altında qalmaqla, gömrük ərazisindən tranzitlə keçirilməsi nəzərdə tutulan mallara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 31 oktyabr tarixli 253 nömrəli qərarı ilə təsdiq edilmiş "Mallara gömrük təminatının vurulması Qaydaları"na uyğun olaraq gömrük təminatının vurulmasını həyata keçirirlər. 

10.2. Fors-major hallarında malların və nəqliyyat vasitələrinin mühafizəsini təmin etmək məqsədləri istisna olmaqla, onlara tətbiq edilmiş eyniləşdirmə vasitələrinin götürülməsini və ya məhv edilməsini yalnız gömrük orqanları, gömrük orqanları tərəfindən səlahiyyət verildiyi hallarda isə səlahiyyətli iqtisadi operatorlar həyata keçirə bilərlər.

10.3. Eyniləşdirmə vasitələri fors-major hallarında götürüldükdə və ya məhv edildikdə, dərhal gömrük orqanlarına məlumat verilməli və göstərilən halların mövcudluğunu sübut edən dəlillər təqdim olunmalıdır.

10.4. Gömrük orqanları malların eyniləşdirilməsinə və digər tələblərin yerinə yetirilməsinə əmin olduqda, tranzit xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların digər gömrük proseduru altında yerləşdirilmiş mallarla birlikdə gömrük orqanının nəzarəti altında bir nəqliyyat vasitəsində daşınmasına icazə verirlər.

 11. Tranzit xüsusi gömrük proseduru altında yerləşdirilərək daşınan malların digər gömrük proseduru altında yerləşdirilməsi

11.1. Tranzit xüsusi gömrük proseduru altında yerləşdirilərək daşınan mallar digər gömrük proseduru altında yerləşdirilə bilər.

11.2. Tranzit xüsusi gömrük proseduru altında yerləşdirilərək daşınan malların digər gömrük proseduru altında yerləşdirilməsi zamanı həmin mallar bəyan edilməli və müvafiq gömrük proseduru üçün müəyyən edilmiş şərtlərə əməl olunmalıdır.

11.3. Malların digər gömrük proseduru altında yerləşdirilməsini rəsmiləşdirən gömrük orqanı bu barədə göndərən və təyinat gömrük orqanlarına məlumat verir.

11.4. Tranzit xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların bir hissəsi digər gömrük proseduru altında yerləşdirildikdə, həmin mallar üzərində bu Qaydaların 12-ci hissəsinə uyğun olaraq yük əməliyyatları aparılır.

 12. Tranzit xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar üzərində həyata keçirilən yük əməliyyatları

12.1. Gömrük ərazisindən malları tranzit daşıyan nəqliyyat vasitələrinə əlavə malların yüklənməsinə, malların nəqliyyat vasitəsindən boşaldılmasına və ya malları daşıyan nəqliyyat vasitəsinin dəyişdirilməsinə yol verilir. Tranzit xüsusi gömrük proseduru altında daşınan malların bir hissəsi digər gömrük proseduru altında yerləşdirildikdə, həmin mallar nəqliyyat vasitəsindən qismən boşaldılır.

12.2. Gömrük ərazisi ilə tranzit daşınan mallar üzərində yük əməliyyatları gömrük nəzarəti zonalarında və ya gömrük orqanının müəyyən etdiyi digər yerlərdə gömrük orqanının vəzifəli şəxslərinin iştirakı ilə həyata keçirilir. Yük əməliyyatları aparıldıqda, tranzit daşınma müddəti belə əməliyyatların aparılması üçün zəruri olan vaxt nəzərə alınmaqla müəyyən edilir.

12.3. Mallar üzərində yük əməliyyatları göndərən gömrük orqanı və ya əməliyyatların aparıldığı ərazidə fəaliyyət göstərən gömrük orqanı tərəfindən verilən icazə əsasında həyata keçirilir.

12.4. Malların bir nəqliyyat vasitəsindən digər nəqliyyat vasitəsinə yenidən yüklənməsinə icazə həmin ərazidə fəaliyyət göstərən gömrük orqanı tərəfindən verilir. Malların yenidən yüklənməsinə icazə vermiş gömrük orqanı göndərən gömrük orqanına bu barədə məlumat verir. Yenidən yüklənmiş mallar təyinat gömrük orqanına gömrük nəzarəti altında daşınmalıdır.

12.5. Malların məhvi, itirilməsi və ya əhəmiyyətli dərəcədə korlanması təhlükəsi varsa, daşıyıcı və ya mallara dair səlahiyyətli şəxs malların boşaldılması və ya yenidən yüklənməsi üçün tədbirlər həyata keçirir. Bu halda daşıyıcı müvafiq akt tərtib edilməsi üçün malların ən yaxın gömrük orqanına daşınmasını və ya gömrük orqanının vəzifəli şəxslərinin malların olduğu yerə gətirilməsini təmin etməli və malların qorunması məqsədi ilə tədbirlər həyata keçirməyə məcbur olduğunu əsaslandırmalıdır. Akt üç nüsxədə tərtib edilir, aktın birinci nüsxəsi onu tərtib edən gömrük orqanında saxlanılır, ikinci nüsxəsi göndərən gömrük orqanına göndərilir, üçüncü nüsxəsi isə daşıyıcıya təqdim edilir.

12.6. Malların tranzit daşınması zamanı yol nəqliyyat hadisəsi baş verdikdə, bu Qaydaların 12.5-ci bəndinə uyğun olaraq akt tərtib edilməsi üçün malların ən yaxın gömrük orqanına daşınması və ya gömrük orqanının vəzifəli şəxslərinin malların olduğu yerə gətirilməsi təmin edilməlidir. Malların təyinat gömrük orqanına sonrakı daşınması gömrük nəzarəti altında həyata keçirilir.

12.7. Zədələnmiş qablaşdırmanın düzəldilməsinə, qablaşdırmanın açılmasına, qablaşdırmaya və ya yenidən qablaşdırmaya zərurət yaranarsa, bu halda həmin yük əməliyyatlarının aparılmasına icazə həmin ərazidə fəaliyyət göstərən ən yaxın gömrük orqanı tərəfindən verilir.

 13. Yekun müddəalar

13.1. Beynəlxalq tranzit xüsusi gömrük proseduru altında yerləşdirilərək daşınan xarici mallar itirildiyi, təyinat yerinə çatdırılmadığı hallarda gömrük borcu hesablanarkən, onların müvafiq gömrük proseduru altında yerləşdirilməsi barədə gömrük orqanının qərarının qəbul edildiyi gün qüvvədə olan gömrük rüsumlarının və vergilərin dərəcələri və "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən müəyyən edilən gömrük dəyəri əsas götürülür.

13.2. Daşıyıcı və onun nəqliyyat vasitələri Gömrük Məcəlləsinin tələblərinə cavab vermədikdə, malların daşınması gömrük daşıyıcısı tərəfindən gömrük müşayiəti (malların, nəqliyyat vasitələrinin və onlara aid sənədlərin gömrük orqanının vəzifəli şəxsi tərəfindən müşayiəti) altında davam etdirilir. Malların gömrük müşayiəti altında daşınmasına görə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş məbləğdə gömrük yığımları alınır.

13.3. Xarici dövlətlərin və beynəlxalq təşkilatların rezidentlərin mənafeyinə zərər vuran ayrı-seçkilik və digər iqtisadi siyasət tədbirlərinə cavab kimi, Azərbaycan Respublikasının Nazirlər Kabineti həmin dövlətlərin və müvafiq beynəlxalq təşkilatlara daxil olan dövlətlərin mallarının gömrük ərazisindən beynəlxalq tranzitinə qadağalar və məhdudiyyətlər tətbiq edə bilər.

 

 

28 Yanvar 2014, 11:01

http://cabmin.gov.az/

91—100 / 9443

28 İyul 2021, 16:07

R.E.Məmmədovun Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

28 İyul 2021, 16:07

V.İ.Sadıqovun Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

28 İyul 2021, 16:07

Q.M.İsrafilovun Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

28 İyul 2021, 16:07

F.E.İsgəndərovun Azərbaycan Respublikasının Belçika Krallığında, Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı vəzifələrindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

28 İyul 2021, 16:07

V.İ.Sadıqovun Azərbaycan Respublikasının Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

28 İyul 2021, 16:07

F.E.İsgəndərovun Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

28 İyul 2021, 16:07

C.Ə.Axundovun Azərbaycan Respublikasının Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

28 İyul 2021, 16:07

E.İ.Sultanovun Azərbaycan Respublikasının Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

28 İyul 2021, 16:07

A.A.Məhərrəmovun Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

28 İyul 2021, 16:07

E.E.Süleymanovun Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının Amerika Dövlətləri Təşkilatı yanında daimi müşahidəçisi vəzifələrindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...