"Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 4

Bakı şəhəri, 14 yanvar 2014-cü il

"Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında

 "Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının 1.1.25-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

"Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləş-dirilməsi Qaydaları" təsdiq edilsin (əlavə olunur).

 Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 14 yanvar tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmişdir

Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi

QAYDALARI

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin (bundan sonra - Gömrük Məcəlləsi) 197.5-ci maddəsinin tələblərinə uyğun olaraq hazırlanmışdır və malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müəyyən edir.

1.2. Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi gömrük orqanının icazəsi ilə həyata keçirilir.

1.3. Daxildə emal xüsusi gömrük prosedurundan Gömrük Məcəlləsinin 173-cü maddəsi ilə müəyyən edilmiş ekvivalent mallarla bağlı şərtlərə əməl olunduqda istifadə olunur.           

1.4. Gömrük orqanları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 229 nömrəli qərarı ilə təsdiq edilmiş "Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları"na əsasən gömrük anbarında malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilərək, həmin prosedur üçün müəyyən edilmiş şərtlərə uyğun olaraq emalına icazə verirlər.

 2. Əsas anlayışlar

2.1. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. daxildə emal - müəyyən malların emal əməliyyatları aparıldıqdan sonra ixrac edilməsi məqsədi ilə Azərbaycan Respublikasının gömrük ərazisinə (bundan sonra - gömrük ərazisi) gömrük rüsumları və vergilər alınmadan gətirilməsindən ibarət xüsusi gömrük proseduru;

2.1.2. ekvivalent mallar - daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş xarici malların əvəzinə emal olunan və əvəz etdikləri mallarla eyni keyfiyyətə, eyni texniki göstəricilərə və xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (bundan sonra - XİFMN) üzrə eynirəqəmli koda malik daxili mallar;

2.1.3. emal əməliyyatları - quraşdırılma, yığılma və başqa mallara uyğunlaşdırılma da daxil olmaqla, malın hazırlanması, malın emalı və təkrar emalı, bərpaedilmə və qaydaya salınma da daxil olmaqla, malın təmiri, emal prosesinə xidmət edən və ya bunu asanlaşdıran bəzi mallardan tamamilə və ya qismən istifadə olunması;

2.1.4. emal məhsulları - emal xüsusi gömrük proseduru altında yerləşdirilərək, emal əməliyyatlarından keçmiş mallar;

2.1.5. istehsalat itkiləri - emal məhsulunun istehsalı prosesində əmələ gələn və həmişəlik itirilən materiallar;

2.1.6. istehsalat tullantıları - istehsal, yaxud işlərin (xidmətlərin) yerinə yetirilməsi prosesində əmələ gələn və ilkin istehlak xüsusiyyətlərini tam və ya qismən itirən xammal, material, maddə, yarımfabrikat, əşya və digər məhsulların qalıqları, habelə istehsal obyekti olmayan və öz istifadə olunma xüsusiyyətlərinə görə texnoloji prosesə daxil olmayan, yenidən əmələ gələn eyni mənşəli əşya və maddələr;

2.1.7. mal qalıqları - emal məhsulunun hazırlanması üçün gömrük ərazisinə gətirilmiş xarici malların istifadə olunmamış hissəsi.

 

3. Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi

3.1. Daxildə emal proseduru altında yerləşdirilən xarici mallar aşağıda göstərilənlər tətbiq olunmadan gömrük ərazisində bir və ya bir neçə emal əməliyyatında istifadə edilir:

3.1.1. idxal gömrük rüsumları;

3.1.2. malların idxalı üzrə qanunvericilikdə nəzərdə tutulmuş əlavə dəyər vergisi və aksizlər;

3.1.3. ticarət siyasəti tədbirləri.

3.2. Aşağıda göstərilən mallar da daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilə bilər:

3.2.1. sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunun texniki şərtlərinə uyğunluğun təmin edilməsi məqsədi ilə emal əməliyyatlarına məruz qalmalı olan mallar;

3.2.2. Gömrük Məcəlləsinin 172-ci maddəsində qeyd olunan adi işləmə formalarına məruz qalmalı olan mallar.

3.3. Aşağıdakılar emal əməliyyatları hesab edilmir:

3.3.1. heyvanlardan bala alınması, heyvanların, quşların, balıqların, xərçəngkimilərin və molyuskaların yetişdirilməsi və kökəldilməsi;

3.3.2. ağac və bitkilərin becərilməsi;

3.3.3. faydalı qazıntıların çıxarılması;

3.3.4. balıqların, xərçəngkimilərin tutulması;

3.3.5. ov edilməsi;

3.3.6. göbələk və bitkilərin yığılması;

3.3.7. daşınma zamanı malların ilkin vəziyyətdə qalmasının təmin edilməsi;

3.3.8. məlumatların, istənilən informasiya daşıyıcılarında audioyazıların və videoyazıların surətlərinin köçürülməsi və çoxaldılması;

3.3.9. bütün növ enerjilərin alınması;

3.3.10. texnoloji prosesdə xarici mallardan köməkçi vasitələr (avadanlıq, dəzgahlar, qurğular və s.) kimi istifadə edilməsi.

3.4. Emal nəticəsində əmələ gələn istehsalat tullantıları (kommersiya məqsədləri üçün yararsız olduğu hallar istisna olmaqla), habelə mal qalıqları təkrar ixrac bildirişi əsasında gömrük ərazisindən aparılmalı və ya sərbəst dövriyyəyə buraxılmalıdır.

3.5. İstehsalat itkiləri gömrük nəzarəti altında qalmaqla, onların gömrük rəsmiləşdirilməsi aparılmır.

3.6. Gömrük orqanları şəxsin müraciəti əsasında qüsurlu xarici malların gömrük ərazisindən aparılması əvəzinə onların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsinə icazə verirlər.

 4. Malların eyniləşdirilməsi

4.1. Malların təmiri və məhv etmə halları istisna olmaqla, daxildə emal prosedurundan yalnız o halda istifadə etmək olar ki, istehsal materiallarından istifadə edilməsinə baxmayaraq daxildə emal proseduru altında yerləşdirilmiş malları emal məhsulları ilə eyniləşdirmək mümkün olsun. Daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar Gömrük Məcəlləsinin 173-cü maddəsinə uyğun olaraq ekvivalent mallarla əvəz edildikdə, əvəz edilmiş mallar barəsində eyniləşdirmə tədbirləri həyata keçirilmir.

4.2. Emal məhsulunda xarici malların mövcudluğunu müəyyənləşdirmək məqsədi ilə gömrük orqanları Gömrük Məcəlləsinin 87.2-ci maddəsində nəzərdə tutulmuş vasitələrdən istifadə etməklə, malların eyniləşdirilməsi tədbirlərini həyata keçirirlər.

4.3. Emal məhsullarında xarici malların eyniləşdirilməsi tədbirləri gömrük orqanı tərəfindən malların xüsusiyyətləri və emal əməliyyatları nəzərə alınaraq müəyyən edilir.

 5. Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsinə icazənin verilməsi

5.1. Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsinə icazə şəxsə aşağıdakı şərtlərlə verilir:

5.1.1. gömrük orqanının daxildə emal xüsusi gömrük proseduruna nəzarəti həyata keçirmək imkanı olduqda;

5.1.2. icazənin verilməsi yerli istehsalçıların mühüm maraqlarına mənfi təsir göstərmədikdə.

5.2. Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsinə icazə aşağıdakı şəxslərə verilir:

5.2.1. gömrük əməliyyatlarının qanunvericiliyin tələblərinə uyğun aparılacağına zəmanət təqdim edən və gömrük borcunun yarandığı və yarana biləcəyi hallarda onun ödənilməsinə təminat verən şəxslərə;

5.2.2. daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallardan emal əməliyyatları aparan şəxsə.

5.3. Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə kağız üzərində yazılı və ya elektron formada ərizə ilə müraciət edilir. Ərizədə "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 30.2-ci maddəsində təsbit edilən məlumatlarla yanaşı, aşağıdakılar da göstərilir:

5.3.1. ərizəçi hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda - vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN);

5.3.2. xarici malların və emal məhsullarının adları, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə kodları, XİFMN-də göstərilən ölçü vahidində miqdarı, ABŞ dolları ilə dəyəri;

5.3.3. mövcud olduqda istehsalat tullantılarının adları, XİFMN üzrə kodları, XİFMN-də göstərilən ölçü vahidində miqdarı, ABŞ dolları ilə dəyəri;

5.3.4. xarici malların ekvivalent mallarla əvəzlənməsi nəzərdə tutulduqda ekvivalent malların adları, XİFMN üzrə kodları, XİFMN-də göstərilən ölçü vahidində miqdarı, ABŞ dolları ilə dəyəri;

5.3.5. emal əməliyyatları barədə məlumat (texnologiya, müddət və s.);

5.3.6. eyniləşdirmə tədbirləri barədə məlumat;

5.3.7. xarici malların ekvivalent mallarla əvəz edilməsi barədə məlumat;

5.3.8. daxildə emal xüsusi gömrük proseduru üzrə yerinə yetirilən əməliyyatların hasilat norması.

5.4. Ərizə ilə birlikdə aşağıdakılar da təqdim edilir:

5.4.1. xarici malların emal edilməsinə dair bağlanılmış müqavilə və ya malın keyfiyyəti üçün qarantiya öhdəlikləri göstərilmiş alqı-satqı müqaviləsi;

5.4.2. təmir məqsədi ilə daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilən malların qüsurlu olmasını təsbit edən sənəd;

5.4.3. fiziki şəxsin şəxsiyyət vəsiqəsinin və ya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin (dövlət reyestrindən çıxarışın) və nizamnaməsinin notariat qaydasında təsdiq edilmiş surəti;

5.4.4. ərizəçi qeyri-kommersiya hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda - vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN-in) surəti;

5.4.5. gömrük əməliyyatlarının qanunvericiliyin tələblərinə uyğun aparılacağına dair zəmanət;

5.4.6. gömrük borcunun yarandığı və ya yarana biləcəyi hallarda onun ödənilməsinə dair təminat.

5.5. Daxil olmuş ərizəyə gömrük orqanı tərəfindən 3 (üç) iş günü müddətində baxılır və bu Qaydaların 5.6-cı bəndində göstərilən hallar mövcud olmadıqda, malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsinə kağız üzərində yazılı və ya elektron formada icazə verilir. Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə ərizəçiyə dərhal məlumat verilir. Çatışmazlıqlar aradan qaldırıldıqda, müraciətə 1 (bir) iş günü müddətində yenidən baxılır və müvafiq qərar qəbul edilir.

5.6. Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi üçün icazənin verilməsindən aşağıdakı hallarda imtina edilir:

5.6.1. malların gömrük ərazisinə gətirilməsi Gömrük Məcəlləsinin 214-cü və 215-ci maddələrinə əsasən qadağan edildikdə və ya məhdudlaşdırıldıqda;

5.6.2. icazənin verilməsi üçün təqdim edilmiş sənədlərdə yanlış məlumatlar olduqda;

5.6.3. bu Qaydaların 5.1-ci və 5.2-ci bəndlərində nəzərdə tutulan şərtlərə riayət edilmədikdə.

5.7. İcazənin verilməsindən imtina edildiyi halda imtinanın əsasları göstərilməklə, ərizəçiyə bu barədə yazılı məlumat verilir.

5.8. İcazənin verilməsindən imtinaya əsas olmuş halları aradan qaldırdıqdan sonra icazə almaq üçün bu Qaydalara uyğun olaraq yenidən gömrük orqanına müraciət edilə bilər.

5.9. İcazənin alınması üçün təqdim edilmiş məlumatlarda və sənədlərdə dəyişiklik olduqda, icazə sahibi dərhal bu barədə gömrük orqanına məlumat verir.

5.10. Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi üçün icazə gömrük orqanı tərəfindən aşağıdakı hallarda ləğv edilir:

5.10.1. icazə sahibinin bu barədə müvafiq ərizəsi təqdim edildikdə;

5.10.2. icazəni almış hüquqi şəxs ləğv edildikdə, fiziki şəxs vəfat etdikdə, xəbərsiz itkin düşmüş və ya ölmüş elan olunduqda;

5.10.3. icazənin verilməsi üçün əsas olmuş şərtlərə riayət edilmədikdə;

5.10.4. məhkəmənin müvafiq qərarı olduqda;

5.10.5. bu Qaydaların 6.5-ci bəndində nəzərdə tutulmuş halda.

5.11. İcazə sahibi icazənin ləğv edilməsi barədə dərhal kağız üzərində yazılı və ya elektron formada məlumatlandırılır.

5.12. Malların dərhal digər gömrük proseduru altında yerləşdirilməsi halları istisna olmaqla, daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar icazənin ləğv edildiyi gündən müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş hesab olunur.

 6. Hüquqların və öhdəliklərin digər şəxslərə verilməsi

6.1. Daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallarla əlaqədar prosedur sahibinin hüquqları və öhdəlikləri həmin gömrük proseduru üçün müəyyən edilmiş şərtlərə əməl edən digər şəxslərə verilə bilər.

6.2. Daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallarla əlaqədar hüquq və öhdəliklərin həmin gömrük proseduru üçün müəyyən edilmiş şərtlərə əməl edən digər şəxsə ötürülməsi məqsədi ilə prosedur sahibi tərəfindən gömrük orqanına müraciət edilir.

6.3. Daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallarla əlaqədar hüquq və öhdəlikləri qəbul edən şəxsin müvafiq gömrük proseduru üçün müəyyən edilmiş şərtlərə əməl edəcəyinə zəmanət təqdim edildikdə, gömrük orqanı tərəfindən həmin şəxsə bu Qaydaların 5-ci hissəsinə uyğun olaraq icazə verilir.

6.4. Daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallarla əlaqədar hüquq və öhdəliklər bu prosedur altında yerləşdirilmiş mallar qismən istifadə olunduqdan sonra da digər şəxslərə ötürülə bilər.

6.5. Daxildə emal xüsusi gömrük proseduruna dair hüquq və öhdəliklər digər şəxsə ötürüldükdə, əvvəlki icazə sahibinə verilmiş icazə ləğv edilir.

6.6. Daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallarla əlaqədar hüquq və öhdəliklərin digər şəxsə ötürülməsi həmin prosedur üçün müəyyən edilmiş müddətin axımına təsir etmir.

 7. Daxildə emal xüsusi gömrük prosedurunun başa çatması müddəti

7.1. Daxildə emal xüsusi gömrük prosedurunun başa çatması müddəti 2 (iki) ildən artıq olmamalıdır.     

7.2. Gömrük orqanı daxildə emal xüsusi gömrük prosedurunun başa çatması müddətini müraciət etmiş şəxsin emal əməliyyatlarının aparılması müddəti barədə verdiyi məlumata əsasən müəyyənləşdirir. Bu müddət müəyyənləşdirilərkən emal məhsullarının ixrac edilməsi, habelə istehsalat tullantıları barədə sərəncam verilməsi üçün tələb olunan vaxt da nəzərə alınır.

7.3. Daxildə emal xüsusi gömrük prosedurunun müddəti malların bu prosedur altında yerləşdirildiyi tarixdən başlayır və emal əməliyyatlarının, habelə bu prosedurun başa çatdırılması üçün tələb edilən vaxtı əhatə edir. Mallar partiyalarla gətirildikdə, bu müddət birinci partiyanın həmin prosedur altında yerləşdirildiyi gündən hesablanır.

7.4. Daxildə emal xüsusi gömrük prosedurunun başlama və sona çatma müddətləri malların bu prosedur altında yerləşdirilməsi üçün gömrük orqanlarının verdiyi icazədə göstərilir.

7.5. Müəyyən edilən müddət ərzində mallar ixrac edildikdə, həmin mallar idxal gömrük rüsumlarından və vergilərdən tamamilə azad olunur.

7.6. İcazə sahibinin əsaslandırılmış müraciəti olduqda, gömrük orqanı daxildə emal xüsusi gömrük prosedurunun başa çatması müddətinin 1 (bir) ilədək uzadılması barədə qərar qəbul edir.

7.7. İcazə sahibi icazənin müddətinin uzadılması üçün prosedurun müddətinin başa çatmasına ən azı 15 (on beş) gün qalmış gömrük orqanına müraciət etməlidir. İcazədə göstərilmiş müddət bitdikdən sonra edilmiş müraciətlərə baxılmır.

7.8. Daxildə emal xüsusi gömrük proseduru Gömrük Məcəlləsinin 169-cu maddəsində nəzərdə tutulmuş hallarda və qaydada başa çatır.

7.9. Emal məhsullarının gömrük ərazisindən ixrac edilməsi zamanı şəxs tərəfindən mallar daxildə emal xüsusi gömrük prosedurunu rəsmiləşdirmiş gömrük orqanına deyil, başqa gömrük orqanına təqdim edilə bilər.

 8. Yekun müddəalar

8.1. Daxildə emal xüsusi gömrük proseduruna dair icazədə göstərilmiş müddətdə prosedur başa çatmadıqda, daxildə emal xüsusi gömrük proseduru dəyişdirilərək, mallar sərbəst dövriyyəyə buraxılış gömrük proseduru altında yerləşdirilir və mallara dair müvafiq gömrük rüsumları və vergilər tətbiq olunur.

8.2. Gömrük orqanının verdiyi icazəyə uyğun olaraq daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar, yaxud onların bir hissəsi, habelə emal edilmiş məhsullar emalı davam etdirmək məqsədi ilə xaricdə emal xüsusi gömrük prosedurunun şərtlərinə müvafiq olaraq gömrük ərazisindən kənara müvəqqəti təkrar ixrac edilə bilər.

8.3. Daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar onların qorunması, xarici görünüşünün və keyfiyyətinin yaxşılaşdırılması, satış və daşınma üçün hazırlanması məqsədi ilə adi işləmə formalarına məruz qala bilərlər.

8.4. Şəxs tərəfindən xarici malların emalına dair qanunvericiliklə müəyyən edilmiş öhdəliklər yerinə yetirilmədikdə, idxal gömrük rüsumları tutulmalı olan mallar üzrə gömrük borcu yaranır.

 

 

28 Yanvar 2014, 11:01

http://cabmin.gov.az/

10141—10150 / 10511

3 Aprel 2014, 10:04

Səyahət sənədinin spesifikasiya   ətraflı...

3 Aprel 2014, 10:04

Səyahət sənədi haqqında   ətraflı...

3 Aprel 2014, 10:04

Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün   ətraflı...

3 Aprel 2014, 09:04

“Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”nın təsdiq edilməsi haqqında   ətraflı...

3 Aprel 2014, 09:04

Ə.C.Seyidovun Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilməsi haqqında   ətraflı...

3 Aprel 2014, 09:04

“Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasının Xəzər dənizinin quruda yerləşən mənbələrdən və quruda həyata keçirilən fəaliyyət nəticəsində çirklənmədən mühafizəsi haqqında” Protokolunun təsdiq edilməsi barədə   ətraflı...

3 Aprel 2014, 09:04

Qax rayonunun Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

2 Aprel 2014, 13:04

"Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında dəyişikliklər edilməsi barədə   ətraflı...

2 Aprel 2014, 13:04

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 5 fevral tarixli 28 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının vətəndaşlarına, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən fərdi identifikasiya nömrəsinin daxil edilməli olduğu və həmin şəxslərin uçotunun aparıldığı digər dövlət informasiya sistemlərinin Siyahısı"nda dəyişiklik edilməsi barədə   ətraflı...

2 Aprel 2014, 09:04

İsmayıllı rayonunun İsmayıllı-Göytəpə-Ruşan-Qalınçaq avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...