Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları
Azərbaycan Respublikası Prezidentinin
2014-cü il 17 noyabr tarixli Fərmanı
ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin (bundan sonra – Məcəllə) 90.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin (bundan sonra – Agentlik) nəzdində fəaliyyət göstərən Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi (bundan sonra – ekspertiza müəssisəsi) tərəfindən müəyyən obyektin tikintisi (inşası, əsaslı təmiri, yenidən qurulması, bərpası və ya sökülməsi) ilə bağlı şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əsasən hazırlanmış tikinti layihəsinin ekspertizadan keçirilməsi mexanizmini müəyyən edir.
1.2. Tikinti layihələrinin ekspertizadan keçirilməsində məqsəd həmin layihələrin etibarlılıq və təhlükəsizlik baxımından şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun yoxlanılmasından, dövlət vəsaitləri hesabına maliyyələşdirilən obyektlərə ayrılmış vəsaitlərin səmərəli istifadəsinin qiymətləndirilməsindən ibarətdir.
2. Ekspertizadan keçirilməsi tələb olunan tikinti layihələri
2.1. Məcəllənin 88.1-ci maddəsinə əsasən bu Qaydaların 3.1-ci bəndində nəzərdə tutulmuş obyektlərin tikinti layihələri istisna olmaqla, mülkiyyət formasından və təyinatından asılı olmayaraq aşağıdakı tikinti layihələrinin ekspertizadan keçirilməsi məcburidir:
2.1.1.tikintisinə icazə tələb olunan obyektlərin tikinti layihələri – şəhərsalma və tikintiyə dair normativ sənədlərin, o cümlədən yanğın təhlükəsizliyi tələblərinə uyğunluğunun yoxlanılması baxımından;
2.1.2.dövlət vəsaitləri hesabına maliyyələşdirilən obyektlərin layihə və smeta sənədləri – bu Qaydaların 2.1.1-ci bəndində nəzərdə tutulanlardan əlavə, həm də həmin tikinti obyektlərinə ayrılmış vəsaitlərdən səmərəli istifadənin qiymətləndirilməsi baxımından.
2.2. Bu Qaydaların 3.1-ci bəndində nəzərdə tutulmuş obyektlər istisna olmaqla, mürəkkəb-texniki və ya təhlükə potensiallı obyektlərin, komplekslərin və bu qəbildən olan başqa tikinti obyektlərinin sökülməsi ilə bağlı tərtib olunmuş tikinti layihələrinin tikinti (söküntü) işlərinin təşkili bölməsi ekspertizadan keçirilməlidir.
2.3. Ekspertizadan keçirilmiş tikinti layihələrində konstruktiv və dayanıqlığa təsir edə biləcək dəyişikliklər edildikdə, həmin layihələr bu Qaydaların 2.1-ci bəndində nəzərdə tutulmuş mənada təkrar ekspertizadan keçirilməlidir.
2.4. Bu Qaydaların 2.1-ci bəndində göstərilən obyektlərin tikinti layihələri sifarişçinin istədiyi hallarda və müstəqil müraciəti əsasında tikintiyə icazə icraatından əvvəl də bu Qaydaların tələblərinə uyğun olaraq ekspertizadan keçirilir.
2.5. Azərbaycan Respublikasının qanunlarında, Azərbaycan Respublikası Prezidentinin aktlarında, Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarında, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu hallarda, eləcə də sifarişçinin təşəbbüsü ilə tikintiyə dair Texniki-İqtisadi Hesablamalar (TİH), Texniki-İqtisadi Əsaslandırmalar (TİƏ) və Tender layihələri də ekspertizadan keçirilir.
3. Ekspertizadan keçirilməsi tələb olunmayan tikinti layihələri
3.1. Aşağıdakı tikinti layihələrinin ekspertizadan keçirilməsi tələb olunmur:
3.1.1.insanların yaşaması və toplanması, habelə istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmayan birmərtəbəli, aşırımının uzunluğu ən çoxu 6 metr olan tikinti obyektlərinin layihələri;
3.1.2.sanitar-mühafizə zonalarının ayrılmasını tələb etməyən və ya mövcud sanitar-mühafizə zonalarından istifadə olunması şərtilə tikilməsi nəzərdə tutulan istehsalat təyinatlı, sahəsi ən çoxu 1000 m2, hündürlüyü və aşırımının uzunluğu ən çoxu 6 metr olan birmərtəbəli tikinti obyektlərinin layihələri;
3.1.3.mövcud tikinti obyektlərinə və (və ya) onların hissələrinə həmin obyektlərin konstruktiv və digər təhlükəsizlik göstəricilərinə təsir etməyən və icazə verilmiş tikintinin parametrlərini keçməyən dəyişikliklərin edilməsi barədə tikinti layihələri;
3.1.4.ekspertizadan keçirilmiş, təkrar istifadə olunan və ya birtipli layihələr əsasında həmin layihələrdə nəzərdə tutulmuş şəraitə (qrunt, iqlim şəraiti, seysmik rayonlaşdırma və digər) uyğun zonalarda inşa ediləcək tikinti obyektlərinin layihələrinin 0 (sıfır) səviyyəsindən yuxarı hissəsi, habelə tikinti obyektlərinə onların konstruktiv və digər təhlükəsizlik göstəricilərinə təsir göstərməyən dəyişikliklərin edilməsi barədə layihələr;
3.1.5.Məcəllənin 79-80-ci maddələrinə uyğun olaraq tikintisinə icazə tələb olunmayan və barəsində məlumatlandırma icraatının tətbiq olunduğu obyektlərin tikinti layihələri.
3.2. Bu Qaydaların 3.1.3-cü və 3.1.4-cü bəndlərində nəzərdə tutulmuş layihələrlə bağlı hər hansı şübhələr olduqda, yerli icra hakimiyyəti orqanı şübhə doğuran halların aydınlaşdırılması barədə ekspertiza müəssisəsinə sorğu ilə müraciət edir. Sorğuya obyektin tikinti layihəsi əlavə olunmalıdır.
3.3. Bu Qaydaların 3.2-ci bəndində göstərilən sorğunun daxil olduğu tarixdən 10 gün müddətində ekspertiza müəssisəsi tərəfindən sorğuda aydınlaşdırılması tələb olunan halların şəhərsalma və tikinti qanunvericiliyinə uyğunluğu və təqdim edilmiş layihənin ekspertizadan keçirilməsinin zəruriliyi və ya belə zərurətin olmadığı barədə yerli icra hakimiyyəti orqanına əsaslandırılmış cavab verməlidir.
4. Ekspertiza müəssisəsinə təqdim edilən sənədlərin tərkibi və tikinti layihələrinin ekspertizadan keçirilməsi qaydası
4.1. Sifarişçinin tikintiyə icazə icraatı çərçivəsində təqdim etdiyi sənədlərin tamlığı Məcəllənin 75.2-ci maddəsinə uyğun olaraq təmin olunduqdan sonra yerli icra hakimiyyəti orqanı tikinti layihələrini ekspertizadan keçirilməsi üçün ekspertiza müəssisəsinə göndərir.
4.2. Ekspertizadan keçirilməsi üçün təqdim olunan tikinti layihəsinə aşağıdakı sənədlər əlavə edilməlidir:
4.2.1.layihəçinin xüsusi razılığının (lisenziyası) surəti;
4.2.2.izahat yazısı (obyekt haqqında müfəssəl məlumat);
4.2.3.tikinti layihəsinin hazırlanması zamanı istifadə olunmuş şəhərsalma və tikintiyə dair normativ sənədlərin layihəçi tərəfindən təsdiq edilmiş siyahısı;
4.2.4.təchizat müəssisələri tərəfindən verilmiş texniki şərtlər;
4.2.5.aşağıdakı bölmələrdən ibarət olan tikinti layihəsi:
4.2.5.1.mühəndis-axtarış işləri;
4.2.5.2.tikinti ərazisinin baş planı, memarlıq-planlaşdırma bölməsi;
4.2.5.3.konstruksiya bölməsi;
4.2.5.4.mühəndis-kommunikasiya təminatı bölməsi;
4.2.5.5.texnologiya bölməsi (Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda);
4.2.5.6.ekologiya bölməsi;
4.2.5.7.tikinti (söküntü) işlərinin təşkili bölməsi;
4.2.5.8.smeta bölməsi (tikintisi dövlət vəsaiti hesabına maliyyələşdirilən obyektlər üçün).
4.3. Tikinti obyektinin sökülməsi ilə bağlı ekspertizadan keçirilməsi üçün təqdim olunan tikinti layihəsinə bu Qaydaların 4.2.4-cü, 4.2.5.1-ci, 4.2.5.5-ci yarımbəndlərində göstərilən sənədlərin əlavə olunması tələb edilmir.
4.4. Ekspertiza müəssisəsi bu Qaydaların 4.2-ci və 4.3-cü bəndlərinə uyğun olaraq təqdim olunmuş sənədlərin tamlığını 5 gün müddətində yoxlayır.
4.5. Təqdim edilmiş sənədlər natamam olduqda, ekspertiza müəssisəsi sifarişçiyə və müvafiq yerli icra hakimiyyəti orqanına bu barədə məlumat verir və sənədlərin tamlığının təmin olunması üçün 5 gün müddət təyin edir. Göstərilən müddət ərzində sənədlərin tamlığı təmin edilmədiyi və həmin sənədlər olmadan rəy verilməsi mümkün olmadığı təqdirdə, tikinti layihəsi müvafiq yerli icra hakimiyyəti orqanına, tikinti layihəsi bu Qaydaların 2.4-cü bəndinə uyğun olaraq təqdim edildiyi hallarda isə sifarişçiyə qaytarılır.
4.6. Tikinti layihələri ekspertiza müəssisəsi ilə sifarişçi arasında bağlanmış müqavilə əsasında ekspertizadan keçirilir.
4.7. Ekspertiza zamanı tikinti layihəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olmadığı aşkar edildiyi halda, həmin sənədə istinad edilməklə, mövcud çatışmazlıqların aradan qaldırılması üçün ekspertiza müəssisəsi birbaşa sifarişçiyə müraciət edir və bu məqsədlə ona 10 gün müddət təyin edir.
4.8. Birbaşa müraciətdə göstərilən çatışmazlıqlar həmin müddət ərzində aradan qaldırılmadıqda ekspertiza müəssisəsi əsaslandırılmış rəy verir və həmin rəy rəsmi qaydada tikintiyə icazə verən müvafiq yerli icra hakimiyyəti orqanına, tikinti layihəsi bu Qaydaların 2.4-cü bəndinə uyğun olaraq təqdim edildiyi hallarda isə sifarişçiyə göndərilir.
4.9. Mərhələli layihələndirmə yolu ilə inşa edilən obyektlərin tikinti layihələrinin müvafiq olaraq mərhələlər üzrə ekspertizadan keçirilməsinə icazə verilir.
4.10.Tikintisi dövlət vəsaiti hesabına maliyyələşdirilməyən obyektin tikinti layihəsinin smeta bölməsi də sifarişçinin arzusu ilə ekspertizadan keçirilir.
4.11.Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu hallarda xarici dövlətlərin və ya beynəlxalq təşkilatların şəhərsalma və tikinti ilə bağlı normativləri və standartları tətbiq olunmaqla hazırlanmış tikinti layihələrinin ekspertizadan keçirilməsi zamanı ekspertiza müəssisəsi bu sahədə təcrübəsi olan xarici mütəxəssislər cəlb edilə bilər və (və ya) həmin layihələr üzrə hesablamaların aparılması üçün müvafiq xarici və ya beynəlxalq proqram təminatlarından istifadə edə bilər.
5. Tikinti layihələrinə dair ekspertiza müəssisəsinin rəyinin hazırlanması
5.1. Tikinti layihəsinin ekspertizadan keçirilməsinin nəticəsinə dair ekspert rəyi hazırlanır. Həmin rəy xüsusi mühafizə nişanları olan blankda 3 nüsxədə tərtib olunur, hər bir nüsxə ekspertlər tərəfindən imzalanır, ekspertiza müəssisəsinin rəhbəri tərəfindən təsdiq edilir və müvafiq qaydada qeydiyyata alınır.
5.2. Ekspertiza müəssisəsinin rəyinin iki nüsxəsi müvafiq yerli icra hakimiyyəti orqanına, tikinti layihəsi bu Qaydaların 2.4-cü bəndinə uyğun olaraq təqdim edildiyi hallarda isə sifarişçiyə göndərilir. Rəyin üçüncü nüsxəsi isə ekspertiza müəssisəsində saxlanılır.
5.3. Ekspertiza müəssisəsinin rəyində tikinti layihəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğu (uyğunsuzluğu) əsaslandırılmalıdır.
5.4. Bu Qaydalara uyğun olaraq ekspertizadan keçirilmiş tikinti layihələrinin bir nüsxəsi ekspertiza müəssisəsində saxlanılır.
6. Tikinti layihələrinin ekspertizadan keçirilməsi müddəti
6.1. Tikinti layihələrinin ekspertizası bağlanmış müqavilənin qüvvəyə mindiyi andan 20 gün müddətində keçirilir.
6.2. Siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən mürəkkəb-texniki və ya təhlükə potensiallı obyektlərin, komplekslərin və bu qəbildən olan başqa tikinti obyektlərinin layihələrinin ekspertizadan keçirilməsi müddəti 3 ayadək uzadılır.
6.3. Bu Qaydaların 4.7-ci bəndinə əsasən ekspertiza müəssisəsi çatışmazlıqların aradan qaldırılması üçün birbaşa sifarişçiyə müraciət etdiyi hallarda tikinti layihələrinin ekspertizadan keçirilməsi müddətinin axını 10 günədək dayandırılır.
7. Tikinti layihələrinin ekspertizasının maliyyələşdirilməsi
7.1. Tikinti layihələrinin ekspertizadan keçirilməsi ilə bağlı xərcləri ekspertiza müəssisəsi ilə sifarişçi arasında bağlanmış müqavilə əsasında sifarişçi ödəyir.
7.2. Ekspertiza xərcləri sifarişçi tərəfindən, ekspertizanın nəticəsinə dair ekspert rəyinin məzmunundan asılı olmayaraq ödənilir.
7.3. Bu Qaydaların 3.2-ci bəndinə müvafiq olaraq sorğu göndərildiyi hallarda sifarişçi tərəfindən xərc ödənilmir.
8. Yekun müddəalar
8.1. Ekspertizaya təqdim edilən tikinti layihələri dövlət dilində tərtib olunmalıdır.
8.2. Bu Qaydaların 3.1-ci bəndində göstərilən obyektlərin tikinti layihələri sifarişçinin istədiyi hallarda və müstəqil müraciəti əsasında bu Qaydaların tələblərinə uyğun olaraq ekspertizadan keçirilir.
18 Noyabr 2014, 09:115 Aprel 2022, 16:04
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamənin, komitənin strukturunun təsdiq edilməsi, aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” 2007-ci il 9 noyabr tarixli 647 nömrəli, “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 3 may tarixli 1361 nömrəli, “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 26 iyun tarixli 148 nömrəli və “Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” 2019-cu il 19 mart tarixli 597 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
5 Aprel 2022, 16:04
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamənin təsdiq edilməsi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın tərkibi barədə” 1999-cu il 9 dekabr tarixli 224 nömrəli, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 29 dekabr tarixli 435 nömrəli, “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunun təsdiq edilməsi haqqında” 2003-cü il 4 avqust tarixli 911 nömrəli və “Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda dəyişikliklər edilməsi barədə” 2012-ci il 1 noyabr tarixli 718 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
5 Aprel 2022, 16:04
Azərbaycan Respublikası Prezidentinin “2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” 2016-cı il 11 mart tarixli 1890 nömrəli və “Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında” 2018-ci il 16 iyul tarixli 334 nömrəli sərəncamlarında dəyişiklik edilməsi, “Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin işçilərinin əməkhaqlarının müəyyən edilməsi haqqında” 2008-ci il 8 fevral tarixli 2673 nömrəli və “Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin işçilərinin əməkhaqlarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 8 fevral tarixli 2673 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” 2013-cü il 18 dekabr tarixli 169 nömrəli sərəncamlarının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
5 Aprel 2022, 16:04
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2005-ci il 26 dekabr tarixli 341 nömrəli, “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 3 may tarixli 1361 nömrəli, “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 26 iyun tarixli 148 nömrəli, “Xüsusi rabitə ilə bağlı bəzi məsələlər haqqında” 2019-cu il 11 aprel tarixli 622 nömrəli fərmanlarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin yaradılması və Nizamnaməsinin təsdiq edilməsi haqqında” 2007-ci il 12 noyabr tarixli 648 nömrəli, “Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təsis edilməsi haqqında” 2014-cü il 7 may tarixli 160 nömrəli fərmanlarının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
5 Aprel 2022, 16:04
“Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
5 Aprel 2022, 15:04
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 15 fevral tarixli 795 nömrəli və “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 23 fevral tarixli 1256 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
5 Aprel 2022, 15:04
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
5 Aprel 2022, 08:04
İ.Ə.Nəcəfovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
5 Aprel 2022, 08:04
İ.H.Kərimovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
5 Aprel 2022, 08:04
“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...