Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikasının dövlət siyasəti iqtisadiyyatın hərtərəfli inkişafının təmin edilməsini, o cümlədən yüksək texnologiyalar əsasında sənayenin dinamik inkişafını və şaxələndirilməsini nəzərdə tutur. Uğurla həyata keçirilən bu siyasətin nəticəsi olaraq son illərdə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində müxtəlif təyinatlı yüzlərlə sənaye müəssisəsi tikilib istifadəyə verilmiş, minlərlə yeni iş yeri yaradılmışdır. Ölkədə rəqabətədavamlı sənaye məhsulları istehsalını daha da artırmaq məqsədi ilə hazırda sənaye parklarının yaradılması istiqamətində iş aparılır.

Regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsində və yerli ehtiyatlardan səmərəli istifadə etməklə sənaye sahələrinin inkişaf etdirilməsində bir istiqamət də ölkənin ayrı-ayrı şəhərlərində sənaye məhəllələrinin yaradılmasıdır. Sənaye məhəllələri istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması, kooperasiya əlaqələrinin gücləndirilməsi, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi və sair məsələlərin həlli baxımından böyük əhəmiyyət kəsb edir.

Ölkədə sənaye məhəllələrinin yaradılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1.Müəyyən edilsin ki:

1.1. sənaye məhəlləsi – sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura malik olan, kiçik və orta sahibkarlar tərəfindən məhsul istehsalı və xidmət göstərilməsi üçün istifadə edilən ərazidir;

1.2. sənaye məhəllələrinin yaradılması haqqında qərarı Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin təklifi əsasında Azərbaycan Respublikasının Prezidenti qəbul edir;

1.3. sənaye məhəllələrinin yaradılması və fəaliyyəti ilə bağlı müvafiq ərazilərin yararlı vəziyyətə gətirilməsi, xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə obyektlərinin, inzibati və digər təyinatlı obyektlərin) qurulması və sənaye məhəllələrində sahibkarlıq fəaliyyətinin səmərəli təşkili ilə bağlı müvafiq tədbirləri Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi həyata keçirir;

1.4. sənaye məhəllələrinin fəaliyyətinin təşkili və tənzimlənməsi “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinə həvalə edilir.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi ilə birlikdə üç ay müddətində “Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə”nin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi sənaye məhəllələrinin fəaliyyətinin təşkili, tənzimlənməsi və həyata keçirilməsi, məhəllələrin iştirakçılarının fəaliyyətinin dəstəklənməsi (məsləhət, treninq, peşə hazırlığı xidmətlərinin, güzəştli kreditlər verilməsi və səmərəli fəaliyyət üçün digər xidmətlərin göstərilməsi), habelə məsləhətçilərin cəlb edilməsi ilə bağlı zəruri tədbirlər görülməsini təmin etsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi:

4.1. bu Fərmandan irəli gələn digər məsələləri həll etsinlər;

4.2. bu Fərmanın icrası ilə bağlı görülən işlər barədə ildə iki dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versinlər.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 8 oktyabr 2014-cü il.

 

9 Oktyabr 2014, 09:10

http://www.azertag.net

5561—5570 / 10511

5 Aprel 2017, 09:04

Azərbaycan Respublikasında şəkər çuğunduru istehsalının stimullaşdırılması haqqında   ətraflı...

5 Aprel 2017, 09:04

Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə-smeta sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası   ətraflı...

5 Aprel 2017, 09:04

Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında   ətraflı...

5 Aprel 2017, 09:04

“Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 27 oktyabr tarixli 661 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə   ətraflı...

5 Aprel 2017, 09:04

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişikliklər edilməsi haqqında   ətraflı...

4 Aprel 2017, 09:04

Nursultan Nazarbayevin “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

3 Aprel 2017, 09:04

V.Q.Əhmədovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

31 Mart 2017, 09:03

Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017–2020-ci illər üçün Tədbirlər Planı   ətraflı...

31 Mart 2017, 09:03

“Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017–2020-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında   ətraflı...

31 Mart 2017, 09:03

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxslərin yüksək texnologiyalı reabilitasiya vasitələri ilə təmin olunmasına dair əlavə tədbirlər haqqında   ətraflı...