2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair
Dövlət Proqramı
Azərbaycan Respublikası Prezidentinin
2014-cü il 17 yanvar tarixli Sərəncamı ilə
TƏSDİQ EDİLMİŞDİR
GİRİŞ
Ümummilli lider Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycan ötən on ildə yeni inkişaf mərhələsinə qədəm qoymuş, bir çox uğurlara nail olmuşdur.
Azərbaycan iqtisadi qüdrəti gündən-günə artan etibarlı tərəfdaş kimi dünyada yüksək nüfuza malik olan ölkəyə, regionun bütün siyasi və iqtisadi məsələlərinin həllində əvəzolunmaz iştirakçıya və əsas söz sahibinə çevrilmişdir.
Həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmiz dinamik inkişaf edir, makroiqtisadi sabitlik qorunub saxlanılır, iqtisadiyyatın şaxələnməsi uğurla təmin olunur, özəl bölmənin inkişafı üçün əlverişli investisiya və rəqabət mühiti formalaşır.
Bu dövr, həmçinin Azərbaycan xalqının maddi rifahının və həyat səviyyəsinin xeyli yüksəlməsi, ölkənin şəhər və kəndlərinin, eyni zamanda paytaxt Bakının və onun qəsəbələrinin simasının dəyişməsi və yeniləşməsi ilə də səciyyələnir.
Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair qəbul edilmiş dövlət proqramlarının (“Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı”nın və “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın) icrası nəticəsində Bakının qəsəbə və kəndlərində uğurlu infrastruktur layihələri həyata keçirilmiş, kommunal və sosial xidmətlərin həcmi və keyfiyyəti daha da yaxşılaşmış, abadlıq işləri geniş vüsət almış, əhalinin həyat səviyyəsi daha da yüksəlmişdir.
Bu gün başlıca vəzifələrdən biri müvafiq dövlət proqramları çərçivəsində görülmüş işlərin davam etdirilməsindən və şəhərətrafı qəsəbələrin və kəndlərin sakinlərinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasından ibarətdir.
“2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” qarşıda duran vəzifələrin davamlı yerinə yetirilməsi məqsədi ilə hazırlanmışdır.
1. “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində görülmüş işlər
“2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın uğurlu icrası nəticəsində Bakının bütün rayonlarında, qəsəbə və kəndlərində infrastruktur təminatı, o cümlədən yol-nəqliyyat infrastrukturu daha da təkmilləşdirilmiş, əhalinin su və kanalizasiya, qaz, elektrik enerjisi, istilik təchizatı daha da yaxşılaşdırılmış, təhsil, səhiyyə, mədəniyyət və idmanın inkişafı təmin edilmiş, yeni sosial obyektlər tikilmiş, mövcud binalar əsaslı təmir edilmiş, sahibkarlığın inkişafı, sənaye, kənd təsərrüfatı, turizm, ekologiya, əhalinin sosial müdafiəsi və təhlükəsizliyi sahəsində mühüm işlər görülmüşdür. Proqramda nəzərdə tutulmuş tədbirlərin icrasına 3 milyard manat vəsait xərclənmişdir.
Dövlət Proqramının icrası nəticəsində 3 il ərzində paytaxt və qəsəbələrdə, eləcə də Abşeron rayonunun qəsəbə və kəndlərində 3500 km qaz kəməri çəkilmiş, əlavə 132 min abonent qazla təmin olunmuşdur. 39 elektrik yarımstansiyası və 264 transformator tikilmiş və ya təmir edilmiş, 4400 km elektrik kabel xətti çəkilmiş, nəticədə əhalinin və iqtisadiyyatın enerji təchizatı təmin olunmuşdur. Dövlət Proqramının tələblərinə uyğun olaraq, əhalinin rahat həyat şəraitinin təmin edilməsi üçün istilik təchizatının səviyyəsi xeyli yüksəldilmiş, 21 qazanxana tikilmiş və ya modernləşdirilmiş, 36540 mənzilin istilik sistemi yenidən qurulmuş və 130 sosial obyekt istiliklə təchiz edilmişdir.
Son illər Bakı şəhərində və ümumən Abşeron yarımadasında infrastrukturun sürətli inkişafı nəzərə alınaraq, su təchizatı və kanalizasiya sahəsində əhəmiyyətli işlər görülmüşdür. Dövlət Proqramına uyğun olaraq su təminatı zəif olan ərazilər əsas götürülməklə, Bakı şəhərində və ətraf qəsəbələrdə 820 kilometr uzunluğunda supaylayıcı şəbəkə, ümumi tutumu 100 min kubmetr olan 7 ədəd su anbarı tikilmiş, 53 min mənzildən ibarət 900 çoxmənzilli yaşayış binasının daxili supaylayıcı sistemləri yenilənmiş, 120 min ədəd smart-kart tipli sayğac quraşdırılmış, uzunluğu 61 km olan Ceyranbatan-Balaxanı-Ramana-Qala magistral su kəməri istifadəyə verilmişdir. Dövlət Proqramının icra edildiyi müddətdə 220 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin edilmiş və fasiləsiz su alan əhalinin sayı 900 min nəfərdən 1 milyon 760 min nəfərə çatdırılmışdır. Eyni zamanda, əhaliyə verilən suyun keyfiyyətinə nəzarət etmək üçün müasir standartlara cavab verən Mərkəzi Laboratoriya tikilib istifadəyə verilmişdir. Dövlət Proqramı çərçivəsində 200 kilometr uzunluğunda kanalizasiya şəbəkəsi tikilmiş, uzun illər lillənərək suburaxma imkanını 50 faizə qədər itirmiş 225 kilometr uzunluğunda kanalizasiya kollektoru və şəbəkəsi xüsusi maşınlarla yuyularaq təmizlənmişdir. 320 min nəfərin yaşadığı 1220 binanın zirzəmisində 6000 metr kanalizasiya xətti yenilənmiş və ya bərpa edilmiş, nəticədə həmin binaların zirzəmilərinin sanitariya-gigiyena vəziyyəti yaxşılaşmışdır.
Yol infrastrukturunun təkmilləşdirilməsi də Dövlət Proqramında diqqət mərkəzində olmuşdur. Belə ki, Zabrat-Maştağa-Buzovna, “Zığ dairəsi-aeroport” yolundan Qala stansiyasınadək gedən yolda və Zabrat-Kürdəxanı-Pirşağı yolunda yenidənqurma işləri başa çatmış, Bilgəh-Novxanı-Sumqayıt, Zığ-Hövsan yollarında və Binə qəsəbəsinin baş yolunda isə işlər davam etdirilir. 22 qəsəbənin 420 mindən çox sakininin istifadə etdiyi 62 km qəsəbələrarası yol təmir olunmuş, rayon və qəsəbədaxili yollara 3 milyon kv.m-dən çox asfalt örtüyü salınmış, 41 körpü, tunel və piyada keçidi istifadəyə verilmişdir.
Rabitə və informasiya texnologiyalarının tətbiqi sahəsində proqram çərçivəsində 11 ATS, 9 poçt şöbəsi üçün bina tikilmiş, 28 ATS yenidən qurulmuş, Zirə, Gürgan və Pirallahı qəsəbələrinə fiber-optik kabel çəkilmiş, Bakinternetin qlobal internet şəbəkəsinə çıxış sürəti saniyədə 7,5 giqabitə çatdırılmışdır. Eyni zamanda Pirallahı Yüksək Texnologiyalar Parkının yaradılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti 2013-cü il sentyabrın 16-da Fərman vermişdir.
Aparılan sənayeləşmə siyasəti şəhərin və ətraf qəsəbələrin dinamik inkişafına ciddi təkan vermiş, son 3 ildə Bakıda gəmiqayırma, müasir tikinti materialları, metal konstruksiyalar, gəmi təmiri, təcrübə-sınaq, sement zavodları və digər sənaye müəssisələri tikilmiş, bir sıra istehsal və emal sənayesi müəssisəsinin tikintisi davam etdirilmişdir. Eyni zamanda Dövlət Proqramının icrası çərçivəsində Bakı şəhərində Balaxanı Sənaye Parkının yaradılması haqqında 2011-ci il dekabrın 28-də Azərbaycan Respublikasının Prezidenti Sərəncam imzalamış, 2012-ci il dekabrın 19-da isə Balaxanı Sənaye Parkının rəsmi təməlqoyma mərasimi keçirilmişdir. Hazırda Sənaye Parkının infrastrukturunun qurulması, həmçinin Balaxanı qəsəbəsində plastik tullantı materiallarının, işlənmiş şinlərin və işlənmiş akkumulyatorların təkrar emalı müəssisələrinin yaradılması istiqamətində işlər davam etdirilir.
Bakıətrafı qəsəbələrdə aqrar sahənin inkişafına dəstək vermək məqsədi ilə Abşeron magistral kanalında yenidənqurma işləri davam etdirilmiş, Xəzər, Sabunçu, Suraxanı və Abşeron rayonlarında əkin və həyətyanı sahələrin su təminatının yaxşılaşdırılması üçün 278 min metr boru kəməri çəkilmiş, 6 baytarlıq məntəqəsi tikilmişdir.
Dövlət Proqramının əsas hədəflərindən biri olan sahibkarlığın inkişafı daim diqqət mərkəzində saxlanılmış, Proqramın qəbulundan ötən dövr ərzində “Bakı qəsəbələrində sahibkarlığın inkişafına dövlət dəstəyi”nə dair 33 tədbir keçirilmiş və 4550 sahibkara layihələrin seçilməsi, biznes-planların hazırlanması işində texniki yardım göstərilmişdir.
Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə Bakı qəsəbələri üzrə 680 sahibkara 148,2 milyon manat güzəştli kredit verilmiş və 5300-dək yeni iş yerinin açılması imkanı yaranmışdır. Müasir texnologiyaların tətbiqinə əsaslanan 53 iri layihə, o cümlədən 13 çörək zavodu, 48 hektar ərazidə 13 istixana kompleksi, 9 quşçuluq təsərrüfatı, 2 ət emalı fabriki, 2 metal konstruksiya və 14 digər sənaye müəssisəsi maliyyələşdirilmişdir.
İstifadəyə verilmiş və illik istehsal gücü 150 min ton olan müasir çörək zavodları Bakı şəhərində və ətraf qəsəbələrdə yaşayan əhalini geniş çeşiddə yüksək keyfiyyətli çörək və çörək məhsulları ilə təmin edir.
İllik istehsal gücü 5,3 min ton quş əti və 67 milyon ədəd damazlıq və əmtəəlik yumurta olan quşçuluq təsərrüfatlarının və illik istehsal gücü 1,8 min ton ət kəsimi və 10 min ton ət emalı olan emal fabriklərinin fəaliyyətə başlaması əhalinin ərzaq təminatının daha da yaxşılaşmasına öz töhfəsini verməkdədir.
Sosial sahənin inkişafı Dövlət Proqramının prioritetlərindən biri olmuş, təhsil, səhiyyə, mədəniyyət, gənclər, idman və digər sosialyönümlü sahələrdə əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. Proqram çərçivəsində 174 məktəbdə və 121 uşaq bağçasında, 4 peşə məktəbində və 3 yaradıcılıq məktəbində təmir-tikinti işləri başa çatdırılmışdır.
İnsan amilinə xidmət edən sosial siyasətə uyğun olaraq, yeni və müasir tibb müəssisələrinin açılması, mövcud müəssisələrin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində rayon və qəsəbələrdə 41 xəstəxana, poliklinika, sanatoriya və digər tibb müəssisələri tikilmiş və ya təmir edilərək müasir avadanlıqla təchiz edilmişdir.
Ölkəmizin mədəniyyət və turizm sahələrinin inkişafı istiqamətində də bir sıra əhəmiyyətli layihələr həyata keçirilmiş, milli-mədəni irsimizin qorunması və inkişaf etdirilməsi istiqamətində ciddi nəticələrə nail olunmuşdur. Proqram çərçivəsində 12 mədəniyyət obyektində təmir-tikinti işləri yekunlaşmış, digər obyektlər üzrə isə işlər davam etdirilir.
Eyni zamanda Heydər Əliyev Fondunun qayğısı nəticəsində respublikamızın digər bölgələrində olduğu kimi, Bakıda, şəhərətrafı qəsəbə və kəndlərdə də milli və mədəni irsimizin qorunması, mədəniyyətin, təhsilin, səhiyyənin, idmanın və digər sahələrin inkişafı ilə bağlı mühüm işlər görülmüşdür.
Əhalinin, xüsusilə gənc nəslin hərtərəfli inkişafına xidmət edən bədən tərbiyəsi və idman infrastrukturunun genişləndirilməsi istiqamətində 9 gənclər və idman obyekti təmir-tikinti işlərindən sonra istifadəyə verilmişdir.
Əhalinin sosial müdafiəsi sahəsində də əhəmiyyətli işlər görülmüşdür. Buzovna qəsəbəsində 9 saylı İxtisaslaşdırılmış Ruhi-Əsəb İnternat Evinin əsaslı təmiri başa çatdırılmış, Bilgəh qəsəbəsində Müharibə və Əmək Əlilləri üçün Pansionatın (Qocalar Evi) yeni korpusu tikilmiş, Yeni Ramana qəsəbəsində Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzi istifadəyə verilmişdir. Həmçinin, Gözdən Əlillər üçün Tədris Bərpa Mərkəzinin, yetkinlik yaşına çatmayanlar üçün 50 yerlik İxtisaslaşdırılmış Reabilitasiya Mərkəzinin və Sosial Sığınacağın tikintisi, Bakı Protez-Ortopedik Bərpa Mərkəzinin, Respublika Əlillərin Bərpa Mərkəzinin təmiri işləri davam etdirilmişdir.
Əhalinin təhlükəsizliyinin təmin olunması məsələləri də diqqət mərkəzində saxlanılmış, bu məqsədlə Müşfiqabad və Hövsan qəsəbələrində yanğından mühafizə bölmələri tikilmiş, Biləcəri qəsəbəsində qəzalı vəziyyətdə olan yaşayış evi yenidən tikilərək istifadəyə verilmişdir.
Ətraf mühitin sağlamlaşdırılmasına, ekoloji durumun yaxşılaşdırılmasına yönəldilmiş tədbirlər ölkəmizdə ekoloji problemlərin həllini prioritet istiqamətlərdən birinə çevirmişdir.
Bakı şəhərinin ekoloji vəziyyətinə mənfi təsir edən amillərin aradan qaldırılması üçün neftlə çirklənmiş torpaqların və göllərin təmizlənməsi, sənaye müəssisələrinin şəhərətrafı ərazilərə köçürülməsi və yeni yaradılan müəssisələrə ciddi ekoloji tələblərin qoyulması artıq öz müsbət nəticəsini verməkdədir.
Belə ki, neftlə çirklənmiş 228 hektar ərazi rekultivasiya edilmiş, 1350 hektar sahədə 1,3 milyon ədəd ağac əkilmiş, 408 hektar ərazi abadlaşdırılmış, 53 yeni mədəniyyət və istirahət parkı salınmışdır.
Abşeron yarımadasında yerləşən 9 gölün və ətraf ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə aparılan hazırlıq işləri bitmək üzrədir. Eyni zamanda Böyük Şor gölünün şərq hissəsindəki ərazinin ekoloji bərpası üçün layihələndirmə və mühəndis işlərinə başlanılmışdır.
Balaxanı poliqonunda tullantıların zərərsizləşdirilməsi prosesi daha da təkmilləşdirilmiş, bərk məişət tullantılarının yandırılması və bərk məişət tullantılarının çeşidlənməsi zavodları istifadəyə verilmişdir.
2. “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın əsas məqsədləri
“2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi nəticəsində aşağıdakı məqsədlərə nail olunacaqdır:
1.əhalinin su və kanalizasiya təminatının, elektrik enerjisi, qaz və istilik təchizatının daha da yaxşılaşdırılması;
2.yol və nəqliyyat infrastrukturunun daha da yaxşılaşdırılması;
3.ekoloji vəziyyətin daha da yaxşılaşdırılması;
4.sosial-mədəni infrastruktur obyektlərinin (təhsil, səhiyyə, mədəniyyət, idman və gənclər, turizm və s.) beynəlxalq standartlara uyğun tikinti (inşası, yenidən qurulması) işlərinin davam etdirilməsi;
5.sahibkarlığın inkişafı istiqamətində yeni iş yerlərinin və müəssisələrin açılması siyasətinin davam etdirilməsi;
6.əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması.
3. 2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafının əsas istiqamətlər.
Qarşıdakı illərdə Bakı şəhərində və onun qəsəbələrində aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur:
1.Bakının qazla təmin edilməyən qəsəbələrinin qaz təchizatının başa çatdırılması;
2.elektrik enerjisi ilə təchizatın daha da yaxşılaşdırılması istiqamətində müvafiq işlərin davam etdirilməsi;
3.mövcud istilik məntəqələrinin bərpası, modernləşdirilməsi və yenilərinin yaradılması istiqamətində işlərin davam etdirilməsi;
4.su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması və yaradılması sahəsində müvafiq layihələrin davam etdirilməsi;
5.yol təsərrüfatı və nəqliyyat infrastrukturunun inkişafının davam etdirilməsi;
6.informasiya və kommunikasiya texnologiyalarının tətbiqi sahəsində işlərin davam etdirilməsi;
7.rəqabətqabiliyyətli və ixracyönümlü sənaye və kənd təsərrüfatı məhsullarının istehsalının dəstəklənməsi, sahibkarların maarifləndirilməsi sahəsində tədbirlərin davam etdirilməsi;
8.şəhərətrafı qəsəbələrdə suvarma və meliorasiya təminatının yaxşılaşdırılması;
9.təhsil müəssisələrinin əsaslı təmiri və tikintisi, texniki təchizatının və kadr təminatının daha da yaxşılaşdırılması;
10.səhiyyə müəssisələrinin əsaslı təmiri və tikintisi, müasir avadanlıqla təminatının daha da yaxşılaşdırılması;
11. daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması, istifadəsi və bərpası, yeni mədəniyyət və istirahət mərkəzlərinin yaradılması sahəsində işlərin davam etdirilməsi;
12.bədən tərbiyəsi və idmanın maddi-texniki bazasının daha da inkişafı və möhkəmləndirilməsi sahəsində işlərin davam etdirilməsi;
13. sosial müdafiəyə ehtiyacı olan şəxslərin sosial vəziyyətinin, həyat şəraitinin yaxşılaşdırılması və sosial mərkəzlərin yaradılması sahəsində işlərin davam etdirilməsi;
14.ekoloji vəziyyətin yaxşılaşdırılması, o cümlədən məişət tullantılarının toplanması və daşınması, zərərsizləşdirilməsi və emalı sahəsində işlərin davam etdirilməsi məqsədi ilə tədbirlərin həyata keçirilməsi, abadlıq və yaşıllaşdırma işlərinin genişləndirilməsi;
15.əhalinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlərin davam etdirilməsi.
4. 2014-2016-cı illərdə həyata keçiriləcək tədbirləri
maliyyələşdirmə mənbələri
“2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində həyata keçiriləcək tədbirlərin aşağıdakı mənbələr hesabına maliyyələşdirilməsi nəzərdə tutulur:
1.Azərbaycan Respublikasının dövlət büdcəsi;
2. Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun və “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin vəsaiti;
3.qanunvericiliyə zidd olmayan digər mənbələr.
21 Yanvar 2014, 09:015 Noyabr 2014, 09:11
“Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə ətraflı...
5 Noyabr 2014, 09:11
2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı KONSEPSİYASI ətraflı...
5 Noyabr 2014, 09:11
“2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”nın təsdiq edilməsi haqqında ətraflı...
5 Noyabr 2014, 09:11
“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 30 sentyabr tarixli 1045 IVQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında ətraflı...
5 Noyabr 2014, 09:11
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında ətraflı...
5 Noyabr 2014, 09:11
“Cinayət yolu iləəldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 30 sentyabr tarixli 1039-IVQD nömrəli Qanununun tətbiqi və “Cinayət yolu iləəldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 23 fevral tarixli 66 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında ətraflı...
5 Noyabr 2014, 09:11
“Cinayət yolu iləəldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə ətraflı...
5 Noyabr 2014, 09:11
“Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə ətraflı...
5 Noyabr 2014, 09:11
“Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 30 sentyabr tarixli 1040-IVQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
5 Noyabr 2014, 09:11
“Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 30 sentyabr tarixli 1049 IVQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...