"Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası"nın təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 292
Bakı şəhəri, 26 avqust 2014-cü il
"Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası"nın təsdiq edilməsi barədə
"Mədəniyyət haqqında" Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 15 fevral tarixli 828 nömrəli Fərmanının 1.1.18-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
"Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası" təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 avqust tarixli 292 nömrəli qərarı ilə təsdiq edilmişdir
Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi
Q A Y D A S I
1. Ümumi müddəalar
1.1. Bu Qayda "Mədəniyyət haqqında" Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli Qanununun (bundan sonra - Qanun) 45.2-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və qeyri-hökumət təşkilatları (bundan sonra-QHT) tərəfindən mədəniyyət sahəsində Qanunun 45.3-cü maddəsində nəzərdə tutulmuş tədbirlərin dövlət büdcəsindən maliyyələşdirilməsi məsələlərini tənzimləyir.
1.2. QHT-nin mədəniyyət sahəsində layihələri Qanunun 21-ci maddəsində göstərilən təşkilati tədbirlər vasitəsilə həyata keçirilir.
1.3. Dövlət büdcəsinin vəsaitləri hesabına QHT-lər tərəfindən həyata keçirilən mədəniyyət tədbirləri Qanunun 4-cü maddəsi ilə müəyyən edilən mədəniyyət sahəsində dövlət siyasətinin prinsiplərinə uyğun olmalıdır.
1.4. Dövlət büdcəsinin vəsaitləri hesabına QHT-lər tərəfindən mədəniyyət tədbirinin həyata keçirilməsi ilə bağlı tələb olunan xərclər Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi (bundan sonra - Nazirlik) ilə QHT-lər arasında imzalanacaq qrant müqaviləsi əsasında maliyyələşdirilir.
2. Nazirlik tərəfindən müəyyən edilən tədbirlər
2.1. Mədəniyyət sahəsində QHT-nin fəaliyyətinin dəstəklənməsi məqsədi ilə hər il yanvarın 31-dək Nazirlik tərəfindən tədbirlər müəyyən edilir. Bu tədbirlərin siyahısı və həmin tədbirlərdə iştirak etmək niyyətində olan QHT-lər arasında müsabiqənin keçirilməsi barədə elan və müsabiqə şərtləri 3 (üç) iş günü müddətində Nazirliyin rəsmi elektron saytında dərc edilir.
2.2. Müsabiqədə iştirak etmək istəyən QHT-lər hər il martın 1-dək ərizələrini müsabiqənin şərtlərinə uyğun aşağıdakı sənədlərlə birlikdə Nazirliyə təqdim edirlər:
2.2.1. QHT-nin dövlət qeydiyyatına alınması barədə hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;
2.2.2. tədbirin keçirilməsi nəzərdə tutulan mədəniyyət sahəsində mövcud vəziyyətin təhlili;
2.2.3. tədbirlə bağlı qarşıya qoyulan vəzifələrin əhatə olunması və gözlənilən nəticələr barədə qısa məlumatlar;
2.2.4. tədbirin keçiriləcəyi yer və tarix;
2.2.5. tədbirin keçirilməsi ilə bağlı xərclər smetası (müvafiq hesablamalar və əsaslandırıcı sənədlərlə birlikdə);
2.2.6. tədbirin təşkilatçıları və iştirakçıları ilə bağlı məlumatlar.
2.3. Ərizələr Nazirliyə daxil olduğu gün qeydiyyata alınır və təqdim edilmiş sənədlərin düzgünlüyünün və tamlığının yoxlanılması üçün müvafiq şöbəyə təqdim edilir.
2.4. Sənədlərdə çatışmazlıqlar aşkar etdikdə, 5 (beş) gün müddətində bu barədə QHT-lərə məlumat verilir. QHT-lər göstərilən çatışmazlıqları aradan qaldırdıqdan sonra sənədlərin qəbulu üçün müəyyən olunmuş müddətdə onları yenidən təqdim edə bilərlər.
2.5. Müsabiqə iştirakçılarının təkliflərinin qiymətləndirilməsi məqsədi ilə Nazirlik tərəfindən ictimai əsaslarla fəaliyyət göstərən Müsabiqə Komissiyası (bundan sonra - Komissiya) yaradılır.
2.6. Komissiya 9 üzvdən ibarət tərkibdə fəaliyyət göstərir. Komissiyanın 3 üzvü mədəniyyət sahəsində fəaliyyət göstərən QHT-lər tərəfindən irəli sürülmüş namizədlər, digər 6 üzvü isə Nazirlik tərəfindən irəli sürülmüş namizədlər sırasından Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri tərəfindən təyin edilir.
2.7. Komissiyanın üzvlüyünə namizədlər ali təhsilli, mədəniyyət sahəsində nüfuza və yüksək mənəvi dəyərlərə malik olan şəxslər olmalıdırlar.
2.8. Komissiyanın hər bir üzvü onun iclaslarında baxılan məsələlər üzrə şəxsi maraqlarına toxunan, habelə onun qərəzliliyinə əsas verə bilən hallar olduqda, bu barədə Komissiyanı məlumatlandırmalı və qərarların qəbul edilməsində iştirak etməməlidir. Belə əsaslar olduqda, Komissiyanın üzvünə yazılı və ya şifahi formada əsaslandırılmış etiraz edilə bilər.
2.9. Komissiyanın iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli sayılır, qərarları sadə səs çoxluğu ilə qəbul edilir və protokolla rəsmiləşdirilir. Komissiya öz iş qaydasını müəyyən edir.
2.10. Komissiya QHT-lərin təkliflərini 15 (on beş) gün müddətində qiymətləndirərək mədəniyyət sahəsi üzrə qalibləri və ikinci yer tutanları müəyyən edir. Komissiya təklifləri qiymətləndirərkən ilk növbədə ən aşağı maliyyə tutumu olan və müsabiqə şərtlərində müəyyən olunan tələblərə cavab verən təkliflərə üstünlük verir.
2.11. Müsabiqə qaliblərinin siyahısı Nazirliyin rəsmi elektron saytında dərc edilir və onlara müqavilələrin bağlanılması üçün 5 (beş) gün müddətində yazılı dəvət göndərilir.
2.12. Müsabiqənin qalibi müqaviləni 5 (beş) iş günü müddətində imzalamadıqda və ya imzalamaqdan imtina etdikdə, ikinci yeri tutan iştirakçı ilə müqavilə bağlanılır.
3. QHT-lər tərəfindən mədəniyyət sahəsində keçirilməsi nəzərdə tutulan tədbirlər
3.1. QHT-lər tərəfindən mədəniyyət sahəsində keçirilməsi nəzərdə tutulan tədbirlərin dövlət büdcəsindən maliyyələşdirilməsi ilə bağlı ərizələr hər il mayın 1-dək bu Qaydanın 2.2.1-2.2.6-cı yarımbəndlərində göstərilən müvafiq sənədlərlə birgə Nazirliyə təqdim edilir.
3.2. Ərizələrin qəbulu və aşkar edilən çatışmazlıqların aradan qaldırılması bu Qaydanın 2.3-2.4-cü bəndlərinə müvafiq olaraq həyata keçirilir.
3.3. Qəbul edilən ərizələr barədə məlumat onların qəbul edildiyi tarixdən etibarən 1 gün sonra Nazirliyin rəsmi elektron saytında dərc edilir.
3.4. QHT-lərin təklifləri Komissiya tərəfindən ərizələrin qəbulu müddəti başa çatandan sonra 15 gün müddətində qiymətləndirilir. Qiymətləndirmə aparılarkən QHT-lərin bu sahədə təcrübəsi, təqdim edilən layihənin ictimai əhəmiyyəti, təkrarolunmazlığı, müvafiq mədəniyyət sahəsinin inkişafının təmin edilməsi, cəmiyyətin həssas üzvlərinin (qaçqınlar və məcburi köçkünlər, valideyn himayəsindən məhrum olan uşaqlar, əlillər və sağlamlıq imkanları məhdud uşaqlar, tənha ahıl vətəndaşlar və s.) həmin tədbirdə iştirakı meyarları əsas götürülür, habelə onun maliyyə tutumu nəzərə alınır.
3.5. Komissiya QHT-nin təklifini müsbət qiymətləndirdikdə, onun maliyyə təminatı ilə bağlı xərclərin növbəti ilin dövlət büdcəsi layihəsində proqnozlaşdırılması barədə qərar qəbul edir. Həmin qərar bu Qaydanın 4.1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilir.
3.6. Komissiyanın qəbul etdiyi qərarlardan və vəzifəli şəxslərin hərəkətlərindən inzibati və məhkəmə qaydasında şikayət verilə bilər.
4. Maliyyələşdirmə və nəzarət
4.1. Növbəti ildə QHT-lər tərəfindən mədəniyyət sahəsində keçirilməsi nəzərdə tutulmuş tədbirlərin dövlət büdcəsindən maliyyələşdirilməsi barədə Nazirliyin təklifi cari ilin iyulun 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə göndərilir.
4.2. QHT-lər tərəfindən mədəniyyət sahəsində keçiriləcək tədbirlərlə bağlı xərclər hər il dövlət büdcəsində Nazirliyin mərkəzləşdirilmiş xərclərində müvafiq məqsədlər üçün nəzərdə tutulmuş vəsait dairəsində maliyyələşdirilir.
4.3. QHT-lər tərəfindən mədəniyyət sahəsində tədbirlərin keçirilməsi üçün ayrılmış vəsaitlərin təyinatı üzrə səmərəli xərclənməsinə Nazirlik nəzarət edir.
4.4. QHT-nin mədəniyyət sahəsində keçirdiyi tədbirlər, o cümlədən ayrılmış maliyyə vəsaitlərinin xərclənməsi barədə müsabiqə şərtlərində müəyyən edilmiş forma və qaydada Nazirliyə hesabat təqdim edilir.
4.5. QHT-lər tərəfindən mədəniyyət sahəsində həyata keçirilməsi planlaşdırılan tədbirlər baş tutmadıqda və ya onların keçirilməsi üçün ayrılmış vəsaitin müəyyən edilmiş məqsədlərə xərclənməsi mümkün olmadıqda və ya ayrılmış vəsaitə qənaət edildikdə, bu vəsait təxirəsalınmadan Nazirliyə qaytarılır.
1 Sentyabr 2014, 12:0921 Sentyabr 2015, 09:09
Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında ətraflı...
21 Sentyabr 2015, 09:09
Azərbaycan Respublikasının neft sənayesi işçilərinə fəxri adların verilməsi haqqında ətraflı...
21 Sentyabr 2015, 09:09
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında ətraflı...
21 Sentyabr 2015, 09:09
Kürdəmir şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında ətraflı...
21 Sentyabr 2015, 09:09
Ağsu Rayon Mərkəzi Xəstəxanasının tikintisinin tamamlanması ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
21 Sentyabr 2015, 09:09
IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında ətraflı...
21 Sentyabr 2015, 09:09
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamında dəyişikliklər edilməsi və Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə ətraflı...
17 Sentyabr 2015, 09:09
“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında ətraflı...
17 Sentyabr 2015, 09:09
“Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında ətraflı...
17 Sentyabr 2015, 09:09
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 393 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə ətraflı...