"İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Qaydaları"nın təsdiq edilməsi haqqında

AZƏRBAYCAN   RESPUBLİKASININ

NAZİRLƏR  KABİNETİ

QƏRAR

№ 275

Bakı şəhəri, 13 avqust 2014-cü il

"İstehlakçıların  su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Qaydaları"nın təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin "Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2011-ci il 18 mart tarixli 90-IVQD nömrəli Qanununun tətbiqi və "Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 26 yanvar tarixli 266 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" 2011-ci il 20 aprel tarixli 423 nömrəli Fərmanının 1.4-cü bəndinin və "Elektroenergetika haqqında" Azərbaycan Respublikasının Qanununa, "Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının Qanununa və "Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2010-cu il 2 aprel tarixli 980-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında" 2010-cu il 24 may tarixli   262 nömrəli Fərmanının 1.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

"İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Qaydaları" təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri   Artur Rasi-zadə

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin  2014-cü il 13 avqust tarixli 275 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

İstehlakçıların  su  təchizatı  və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması

 QAYDALARI

 1. Ümumi müddəalar

 1.1. Bu Qaydalar "Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və istehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması qaydalarını, onlara dair tələbləri müəyyən edir.

1.2. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.2.1. su təchizatı və tullantı sularının axıdılması sistemi (bundan sonra - STTSAS) - suyu mənbədən götürən, təmizləyən və istehlakçıya çatdıran bir və ya bir qrup qurğu, o cümlədən magistral (ümumiləşdirilmiş) və paylayıcı (daxili) su kəmərləri (xətləri) şəbəkəsi, həmçinin yaşayış məntəqəsi və sənaye müəssisələrində formalaşan tullantı sularını qəbul edən, nəql edən, təmizləyən və kənarlaşdıran şəbəkə və qurğular kompleksidir;

1.2.2. texniki şərtlər - obyektlərin STTSAS-a qoşulması məqsədi ilə layihənin hazırlanmasına əsas verən, su təchizatının və kanalizasiya xidmətlərinin təmin edilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəddir;

1.2.3. sifarişçi - su təchizatı və kanalizasiya müəssisəsinin (bundan sonra - STKM) STTSAS-aqoşulması nəzərdə tutulan tikinti obyektlərinə mülkiyyət (sahiblik) və ya digər əşya hüququ əsasında sahiblik edən hüquqi və ya fiziki şəxs olan istehlakçı;

1.2.4. tikinti obyekti - tikinti fəaliyyəti prosesində yaradılan və ya yaradılmış bina (o cümlədən, yaşayış binaları, yaşayış evləri) və ya qurğu;

1.2.5. yaşayış binası - daimi və ya müvəqqəti yaşayış üçün nəzərdə tutulan yaşayış sahələrindən ibarət və ümumi istifadə sahələrinə birbaşa giriş imkanı olan çoxmənzilli tikili;

1.2.6. yaşayış evi - otaqlardan, habelə yaşamaq üçün məişət və digər ehtiyacların ödənilməsini nəzərdə tutan yardımçı sahələrdən ibarət, yerləşdiyi torpaq sahəsinə birbaşa girişi olan fərdi müəyyən edilmiş ev;

1.2.7. tikinti obyektlərinin STTSAS-a qoşulması (texnoloji qoşulma) - texniki şərtlərə uyğun olaraq, tikinti obyektindən STTSAS-a qoşulma nöqtəsinədək yeni STTSAS-ın layihələndirilməsi və inşası, əlavə tələbatla bağlı layihə sənədlərinin hazırlanması və tikinti-quraşdırma işlərinin görülməsi, tikinti obyektlərinin, su təchizatı qurğularının  STTSAS-a fiziki qoşulması və qoşulma aktının tərtib edilməsinə dair göstərilən kompleks xidmət;

1.2.8. balans mənsubiyyəti sərhədi - STKM ilə sifarişçi arasında STTSAS-ın balans mənsubiyyətini müəyyənləşdirən ayırma nöqtəsi;

1.2.9. istismar məsuliyyəti sərhədi - STKM və sifarişçi arasında su təchizatı və kanalizasiya qurğularının və avadanlıqlarının istismarına görə məsuliyyət sərhədini müəyyənləşdirən ayırma nöqtəsi;

1.2.10. balans mənsubiyyəti sərhədi aktı - STKM və sifarişçi arasında balans mənsubiyyəti sərhədini müəyyənləşdirən sənəd;

1.2.11. tərəflərin istismar məsuliyyəti aktı - STKM və sifarişçi arasında su təchizatı və kanalizasiya qurğularının və avadanlıqlarının istismarına görə məsuliyyət sərhədini müəyyənləşdirən sənəd;

1.2.12. qoşulma aktı - sifarişçinin tikinti obyektlərinin STKM-in STTSAS-a qoşulmasını təsdiq edən sənəd;

1.2.13. qoşulma nöqtəsi - bu Qaydaların tələblərinə uyğun olaraq, STTSAS-a fiziki qoşulma yeri.

1.3. Bu Qaydaların heç bir müddəası sifarişçinin mənafeyini ağırlaşdıran formada təfsir edilə bilməz. Texniki şərtlərin verilməsi üçün müraciətlərə baxarkən, inzibati prosedurlar bu Qaydalara zidd ola bilməz. Texniki şərtlər və qoşulma nöqtələrinə dair tələblər bütün hallarda əsaslandırılmalıdır.

1.4. Bu Qaydalar qüvvəyə minənədək STTSAS-a normativ sənədlərin tələblərinə uyğun olaraq qoşulmuş (suölçən cihaz quraşdırılmış) istehlakçılara onun müddəaları şamil edilmir.

1.5. Bu Qaydalara uyğun olaraq, hər bir sifarişçinin STTSAS-a qoşulma hüququ vardır.

1.6. Texniki şərtlərin verilməsi ilə əlaqədar heç bir ayrı-seçkiliyə yol verilə bilməz, bu Qaydalarda nəzərdə tutulmadığı hallarda sifarişçinin tikinti obyektlərinin və su təchizatı qurğularının STTSAS-a qoşulması üçün texniki şərtlər verməkdən imtina edilə bilməz.

1.7. Texniki şərtlərin verilməsi üçün haqq ödənilmir.

1.8. Texniki şərtlər Azərbaycan Respublikasının Şəhərsalmavə Tikinti Məcəlləsinin 11-ci maddəsi ilə müəyyən edilmiş tələblər və ərazi planlaşdırılma sənədləri nəzərə alınmaqla verilir.

1.9. Bu Qaydaların 2.6-cı bəndində nəzərdə tutulmuş sifarişçilər üçün tikinti layihələrinin mühəndis-kommunikasiya təminatı bölməsində layihələndirmə ilə bağlı STKM tərəfindən əlavə tədbirlər (ehtiyat su anbarının, nasos stansiyasının, müəssisələr üçün yaranan tullantı sularının yol verilən həddə qədər təmizlənməsi üçün lokal təmizləyici qurğuların layihələndirilməsi) müəyyən edilir.

1.10. STKM özünün STTSAS-nı ərazi planlaşdırma sənədlərinə uyğunlaşdırmaq məqsədi ilə gücləndirməyə (genişləndirməyə) borcludur. Müvafiq yerli icra hakimiyyəti orqanı (bundan sonra - MYİHO) ərazi planlaşdırma sənədlərində nəzərə alınan mühəndis-kommunikasiya sistemləri, bununla bağlı abadlıq, yenidənqurma və tikinti-quraşdırma işləri barədə STKM-ə hər il 1 yanvar tarixinədək məlumat təqdim edir.

 2. Texniki şərtlərin hazırlanması və verilməsi

2.1. Sifarişçinin tikinti obyektinin STTSAS-a qoşulması STKM tərəfindən verilən texniki şərtlər əsasında həyata keçirilir.

2.2. Fərdi yaşayış evinin su təchizatı və kanalizasiya sistemlərinə birləşdiriləcəyi paylayıcı şəbəkə və qurğulara qədər məsafə L=30,0 m olduğu halda qoşulmalar  STKM tərəfindən hazırlanan texniki şərtlərə əsasən, bu məsafədən artıq olduğu halda fərdi yaşayış evinin yerləşdiyi ərazinin perspektiv layihəsinə uyğun şəbəkələrin inşası ilə verilməlidir.

2.3. STKM sifarişçinin tikinti obyektinin yerləşdiyi əraziyə ən yaxın məsafədə olan lazımi gücə malik və tikinti normalarına uyğun STTSAS-ın mənbəyini müəyyən etməli və texniki şərtlər verməlidir.

2.4. Sifarişçinin tələblərinə əsasən suyun ümumi buraxılış həcminin artırılması və STTSAS-a qoşulma nöqtələrinin dəyişdirilməsi halları istisna olmaqla, digər hallarda yeni texniki şərtlərin alınması tələb olunmur.

2.5. STKM tərəfindən STTSAS-da edilən dəyişikliklərə görə istehlakçıdan yeni texniki şərtlərin alınması tələb edilə bilməz. Bu halda STKM istehlakçını qabaqcadan xəbərdar etməli və onun yeni yaradılmış STTSAS-a qoşulmasını təmin etməlidir.

2.6. Tikintiyə icazə icraatı çərçivəsində şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq, tikinti obyekti üçün texniki şərtlər (tələbatından asılı olmayaraq) sifarişçinin MYİHO-ya müraciətinə (ərizəsinə) əsasən MYİHO-nun STKM-ə sorğusu əsasında verilir. MYİHO sorğu ilə yanaşı sifarişçinin ərizəsinin surətini, habelə bu Qaydaların    2.9.2-ci bəndinə uyğun olaraq həmin ərizəyə əlavə edilmiş sənədlərin surətlərini də STKM-ə təqdim etməlidir.

2.7. Mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evləri, həmçinin tikintisinə icazə tələb olunmayan tikinti obyektləri üçün texniki şərtlər (tələb edilən gücdən asılı olmayaraq) həmin yaşayış evinin və ya tikinti obyektinin məxsus olduğu sifarişçinin STKM-ə bilavasitə müraciəti əsasında verilir.

2.8. MYİHO bu Qaydaların 2.6-cı bəndində nəzərdə tutulmuş sifarişçinin ərizəsinin qəbulunu, STKM, MYİHO-nun sorğusunun və bu Qaydaların 2.7-ci bəndində nəzərdə tutulmuş sifarişçinin ərizəsinin qəbulunu elektron qaydada, bu mümkün olmadığı təqdirdə isə poçt rabitəsi vasitəsilə və ya birbaşa həyata keçirirlər. MYİHO və STKM müvafiq olaraq sifarişçinin ərizəsini və MYİHO-nun sorğusunu qəbul etməkdən imtina edə bilməzlər.

2.9. Bu Qaydaların 2.6-cı bəndində nəzərdə tutulmuş sifarişçinin MYİHO-ya təqdim etdiyi ərizədə aşağıdakılar göstərilməlidir:

2.9.1. sifarişçi hüquqi şəxs olduqda - adı, hüquqi ünvanı və VÖEN-i barədə məlumatlar, fiziki şəxs olduqda isə - adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsi (hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən şəxslər - həmçinin VÖEN-i) barədə məlumatlar, tikinti obyektinin təyinatı və fəaliyyət növü;

2.9.2. tikinti ərazisinin vəziyyət planı, obyektin tikintisinə dair layihənin surətləri, binanın (binaların), qeyri-yaşayış sahələrinin bütün yeraltı kommunikasiyaları, xarakteristikası (binaların, qeyri-yaşayış sahələrinin hündürlüyü və ya mərtəbəliliyi, mənzillərin sayı, suya olan tələbatı, axıdılacaq tullantı sularının miqdarı (həcmi) barədə məlumatlar.

2.10. Bu Qaydaların 2.7-ci bəndində nəzərdə tutulmuş sifarişçinin təqdim etdiyi ərizədə aşağıdakı məlumatlar göstərilir:

2.10.1. fiziki şəxsin - adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsi barədə məlumatlar;

2.10.2. sifarişçinin STTSAS-a qoşulması nəzərdə tutulan tikinti obyektinin ünvanı;

2.10.3. tələb olunan su sərfiyyatı və tullantı sularının miqdarı (həcmi).

2.11. Texniki şərtlərin verilməsi ilə əlaqədar bu Qaydalarda nəzərdə tutulmayan məlumatlar və sənədlər sifarişçidən tələb edilə bilməz.

2.12. STKM texniki şərtlər almaq üçün təqdim edilmiş MYİHO-nun sorğusunu və ya sifarişçinin ərizəsini qəbul etdiyi gündə xüsusi kitabda (və elektron bazada) qeydiyyata alır və 1 (bir) iş günündən gec olmayaraq ərizənin qeydiyyat tarixi və nömrəsi haqqında arayış və ya məlumatı müraciət edənə verir.

2.13. Bu Qaydaların 2.20-ci bəndində nəzərdə tutulmuş imtina halları olmadıqda, sorğunun və ya ərizənin daxil olduğu gündən sonra 10 (on) iş günü müddətində STKM texniki şərtlərin verilməsini təmin etməlidir. Texniki şərtlər verildiyi gündən 2 (iki) il müddətində icra edilmədiyi təqdirdə qüvvəsini itirmiş hesab edilir.

2.14. Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar və uyğunsuzluqlar olduqda, bu barədə STKM tərəfindən MYİHO-ya və ya sifarişçiyə 3 (üç) iş günündən gec olmayaraq yazılı məlumat verilir. Bu halda Qaydaların 2.13-cü bəndində göstərilən müddətin axımı dayandırılır. MYİHO və sifarişçi tərəfindən çatışmazlıqlar və uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra həmin müddətin axımı dayandırıldığı yerdən davam edir. Sifarişçi çatışmazlıq və uyğunsuzluqlar barədə məlumatı aldıqdan sonra 1 (bir) ay müddətində onun tərəfindən lazımi sənədlərin təqdim edilməməsi bu Qaydaların 2.20-ci bəndinə uyğun olaraq texniki şərtlərin verilməsindən imtina üçün əsasdır. 

2.15. Texniki şərtlər hazırlanarkən STKM tərəfindən müvafiq ərazidə su təchizatı və ya kanalizasiya şəbəkə və qurğularının mövcudluğu araşdırılır. Araşdırma nəticəsində belə şəbəkə və qurğular aşkar edildikdə texniki şərtlərdə onların mühafizəsi və ya başqa yerə köçürülməsi barədə müvafiq tələblər irəli sürülür.

2.16. Texniki şərtlərin verilməsi haqqında qərar qəbul olunduqda, iki nüsxədə texniki şərtlər tərtib olunur, STKM-in səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiq edilir və texniki şərtlərin bir nüsxəsi müvafiq olaraq MYİHO-ya və ya sifarişçiyə rəsmi qaydada təqdim edilir. MYİHO ona ərizə ilə müraciət etmiş sifarişçini bu barədə dərhal rəsmi qaydada məlumatlandırmaqla texniki şərtləri ona təqdim edir.

2.17. Texniki şərtlər bu Qaydaların 1 nömrəli əlavəsinə uyğun olaraq birtipli formada tərtib edilir.

2.18. Texniki şərtlərdə aşağıdakılar göstərilir:

2.18.1. STTSAS-a qoşulma yeri;

2.18.2. qoşulmaya aid layihə sənədlərinin razılaşdırılması üzrə tələblər;

2.18.3. qoşulmanın icrasına dair texniki tələblər;

2.18.4. suölçən cihazlara və digər suölçən qovşaqlara (siyirtmələr, süzgəc və s. avadanlıqla təchiz edilmiş kamera) dair texniki tələblər;

2.18.5. texniki şərtlərin qüvvədə olma müddəti.

2.19. Qoşulma nöqtəsi aşağıdakı yerlərdə olmalıdır:

2.19.1. çoxmənzilli yaşayış binasında olan mənzillər üçün pilləkən qəfəsində;

2.19.2. tullantı suları üçün tikinti layihəsində müəyyən edilmiş yerlərdə;

2.19.3. yaşayış binasının daxilində yerləşən qeyri-yaşayış sahələri üçün yaşayış binasının girişində;

2.19.4. fərdi yaşayış evləri və ayrılıqda yerləşən qeyri-yaşayış obyektləri üçün paylayıcı şəbəkələrdən fərdi qaydada veriləcək birləşmə nöqtələrində.  

2.20. Texniki şərtlərin verilməsindən aşağıdakı hallarda səbəbləri konkret əsaslandırılmaqla rəsmi qaydada imtina edilir:

2.20.1. Qaydaların 2.9-cu və 2.10-cu bəndlərində nəzərdə tutulmuş sənədlərin bu Qaydaların 2.14-cü bəndi ilə müəyyən edilmiş müddətdə tam təqdim edilməməsi (çatışmazlıqların və uyğunsuzluqların aradan qaldırılmaması);

2.20.2. texniki şərtlərin verilməsinin STKM-in indiki və gələcək məişət (təsərrüfat)-içməli məqsədli su istehlakçıları qarşısındakı öhdəliklərinin yerinə yetirilməsinə maneələr yaratması;

2.20.3. istehlakçının daxili su və kanalizasiya xidmətlərinin şəbəkəsinin vəziyyəti su və kanalizasiya şəbəkələrinin xətlərinin texniki istismarı üzrə normativ hüquqi aktlara uyğun gəlməməsi;

2.20.4. sifarişçinin qoşulma barədə müraciətindən imtina etməsi;

2.20.5. tikinti sahəsində mövcud su təchizatı və ya kanalizasiya şəbəkə və qurğularının mühafizəsi və ya köçürülməsinin mümkün olmaması.

2.21. MYİHO sifarişçinin ərizəsinə əsasən sorğu ilə, bu Qaydaların 2.7-ci bəndində nəzərdə tutulmuş sifarişçi isə ərizə ilə STKM-ə təkrar müraciət etmək hüququna malikdir.

2.22. Sifarişçi və ya MYİHO verilmiş texniki şərtlərin tələbləri ilə razı olmadıqda inzibati və məhkəmə qaydasında şikayət verilə bilər.

2.23. Tikinti obyektləri inşa edilərkən texniki şərtlərdən kənara çıxma zərurəti yarandıqda, sifarişçi bilavasitə öz ərizəsi və ya MYİHO-nun sorğusu əsasında texniki şərtləri vermiş STKM ilə həmin dəyişikliyi razılaşdırmalıdır. Bu zaman STKM ərizə və ya sorğu daxil olduğu gündən 10 (on) iş günü müddətində texniki şərtlərdə edilmiş dəyişikliklərə rəsmi münasibətini bildirməlidir. Bu müddətdə cavab verilmədikdə, layihə razılaşdırılmış hesab edilir.

2.24. Texniki şərtlər haqqında sənədi itirmiş sifarişçinin ərizəsinə əsasən STKM əvvəllər verilmiş sənədin dublikatını 3 (üç) iş günü müddətində ona ödənişsiz qaydada təqdim etməlidir.

2.25. Texniki şərtlərin müddəaları yerinə yetirilənədək obyektin tikintisinin başa çatdırılması məqsədi ilə STKM sifarişçini razılaşdırılmış tələbat həddində su təchizatı və tullantı sularının axıdılması xidməti ilə müvəqqəti texniki şərtlər əsasında təmin etməlidir.

2.26. Bu Qaydaların texniki şərtləri üçün nəzərdə tutulmuş müddəaları müvəqqəti texniki şərtlərin verilməsinə də şamil edilir.

2.27. Tikinti obyektlərinin inşası üçün quraşdırılmış müvəqqəti su təchizatı və tullantı sularının axıdılması xəttinə digər sifarişçinin (istehlakçının) qoşulmasına yol verilmir.

2.28. Müvəqqəti texniki şərtlərin qüvvədə olma müddəti tikintiyə icazə (obyektin layihələndirilməsi və tikilib başa çatdırılması) üçün müəyyən olunmuş müddətdən az olmamalıdır.

2.29. Müvəqqəti texniki şərtlərin qüvvədə olma müddətində STKM ilə sifarişçi (istehlakçı) arasında suyun sərfinə görə hesablaşmanın aparılması üçün balans mənsubiyyəti sərhədində (bu texniki cəhətdən mümkün olduqda) Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq suölçən cihaz quraşdırılır. Tipi təsdiq edilməmiş, standartlara cavab verməyən sayğacların və digər ölçmə vasitələrinin quraşdırılmasına yol verilmir.

2.30. Suölçən cihazın balans mənsubiyyəti sərhədində quraşdırılması texniki cəhətdən mümkün olmadıqda STKM-in və ya sifarişçinin (istehlakçının) təşəbbüsü ilə qarşılıqlı razılıq əsasında əvəzsiz olaraq və ya əvəzi ödənildikdə sifarişçinin (istehlakçının) balansında olan suölçən cihazla qoşulma nöqtəsi arasındakı hissə STKM-in balansına verilməlidir.

3. STTSAS-a qoşulma

3.1. Sifarişçinin STTSAS-a qoşulması onun texniki şərtləri, o cümlədən qoşulma ilə bağlı layihə işlərini yerinə yetirməsi şərtilə texniki şərtlərin verilməsi haqqında qərar qəbul olunduğu gündən sonra ən geci    15 (on beş) iş günü müddətində STKM tərəfindən aşağıdakı qaydada həyata keçirilir:

3.1.1. bu Qaydaların 2.6-cı bəndində göstərilən sifarişçiyə münasibətdə - sifarişçinin vəsaiti hesabına (Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən müəyyən olunan qoşulma haqqı həmin müddətdə STKM-in bank hesabına ödənilir);

3.1.2. bu Qaydaların 2.7-ci bəndində nəzərdə tutulan sifarişçiyə münasibətdə - STKM-in vəsaiti hesabına.

3.2. Yaşayış binalarının STTSAS-a qoşulması üçün ümumi texniki şərtlərin verildiyi və qoşulma haqqının ödənildiyi nəzərə alınaraq, həmin binalarda yerləşən mənzillərin STTSAS-a qoşulması üçün ayrıca texniki şərtlərin alınması və qoşulma haqqının ödənilməsi tələb olunmur.

3.3. STTSAS-a qoşulmaya dair tədbirlər aşağıdakı mərhələlərdə ardıcıllıqla yerinə yetirilir:

3.3.1. texniki şərtlər əsasında qoşulma işlərinin (qoşulma ilə bağlı layihənin hazırlanması və razılaşdırılması da daxil olmaqla) həyata keçirilməsi;

3.3.2. yeni su kəmərləri və qurğularının zərərsizləşdirilməsi və yuyulması;

3.3.3. sifarişçi ilə STKM arasında balans mənsubiyyəti sərhədi, istismar məsuliyyəti və qoşulma aktlarının imzalanması.

3.4. Tərəflərin texniki şərtlərdə göstərilən qoşulmaya dair tədbirlərin yerinə yetirilməsi üzrə öhdəlikləri aşağıdakı kimi müəyyən edilir:

3.4.1. sifarişçinin öz istismarı üzrə öhdəliklərini istismar məsuliyyəti sərhədinədək, öz balansı üzrə öhdəliklərini isə qoşulma nöqtəsinədək icra etməsi;

3.4.2. STKM-in öz istismarı üzrə öhdəliklərini istismar məsuliyyəti sərhədinədək, öz balansı üzrə öhdəliklərini isə qoşulma nöqtəsinədək icra etməsi.

3.5. Yeni su kəmərləri və qurğularının zərərsizləşdirilməsi   və yuyulması STKM-in nümayəndəsinin iştirakı ilə müvafiq olaraq sifarişçinin vəsaiti hesabına (bu Qaydaların 2.6-cı bəndində nəzərdə tutulan halda) və ya STKM-in vəsaiti hesabına (bu Qaydaların 2.7-ci bəndində nəzərdə tutulan halda) yuyulma işini yerinə yetirən icraçı (su kəməri  və qurğularını inşa edən podratçı) tərəfindən həyata keçirilir.

3.6. Zərərsizləşdirilmə və yuyulmaya dair STKM-in və yuyulma işini yerinə yetirən icraçının nümayəndələri tərəfindən akt tərtib edilir. Akt onu tərtib edən şəxslərin, habelə dövlət sanitariya nəzarəti orqanlarının nümayəndələri tərəfindən imzalanır. İçməli su təchizatı sisteminə qoşulan zərərsizləşdirilmiş, yuyulmuş yeni su kəmərləri və qurğularından sanitar-epidemioloji sahədə qüvvədə olan normativ hüquqi aktların tələblərinə uyğun qaydada laboratoriya müayinəsinə götürülmüş içməli suyun kimyəvi və bakterioloji göstəricilərinin dövlət standartlarının tələblərinə cavab verməsi barədə müvafiq dövlət sanitar-epidemioloji xidməti qurumu tərəfindən xüsusi akt tərtib edilir.

3.7. Sifarişçi ilə STKM arasında qoşulma aktı bu Qaydaların 2 nömrəli əlavəsində göstərilən birtipli formada iki nüsxədə tərtib edilir. Nüsxələrin biri sifarişçidə, digəri isə STKM-də qalır.

3.8. Qoşulma aktının ayrılmaz hissələri olan balans mənsubiyyəti sərhədi aktı və istismar məsuliyyəti aktı müvafiq olaraq bu Qaydaların 3 və 4 nömrəli əlavələrində nəzərdə tutulan birtipli formada hər biri iki nüsxədə tərtib edilirlər. Nüsxələrin biri sifarişçidə, digəri isə STKM-də qalır. Qoşulma aktı yalnız bu aktların hər ikisi imzalandıqdan sonra imzalanır.

3.9. Qoşulma aktı, balans mənsubiyyəti sərhədi aktı və istismar məsuliyyəti aktı imzalandıqdan sonra Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən qaydada sifarişçi ilə STKM arasında suyun alqı-satqı müqaviləsi bağlanılır və sifarişçiyə (istehlakçıya) su verilir.

3.10. Hər hansı şəxsin STTSAS-a qanunsuz (özbaşına) qoşulmasına və ya bu Qaydaya uyğun mövcud qoşulmanın hər hansı texniki parametrinin STKM ilə razılaşdırmadan dəyişdirməsinə yol verilmir.

3.11. STTSAS-a qanunsuz (özbaşına) qoşulma STKM tərəfindən dərhal ləğv edilir.

3.12. STTSAS-a qanunsuz (özbaşına) qoşulma qanunda nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

 

 

"İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi  və qoşulması Qaydaları"na

 

1 nömrəli əlavə

 

Təsdiq edirəm:

STKM-in məsul nümayəndəsi__________________

                                                   (soyadı, adı, atasının adı)

                                   İmza____________________________

 

                                          M.Y

 

 

 

 

İstehlakçının su təchizatı və kanalizasiya şəbəkələrinə qoşulması üçün

 

T E X N İ K İ   Ş Ə R T L Ə R

 

№ _________

 

"______" _________ 20___il

 

Müraciət edən ________________________________________________

(hüquqi şəxs olduqda - adı, fiziki şəxs olduqda - soyadı, adı, atasının   adı,şəxsiyyət vəsiqəsinə dair məlumatlar)

Müraciət edənin ünvanı_________________________________________

Əlaqə telefonları______________________________________________

Obyektin adı_________________________________________________

Obyektin ünvanı_______________________________________________                                     

Müraciət sənədinin nömrəsi və tarixi                   _____________________

Müraciət sənədinin daxilolma nömrəsi və tarixi  ______________________

 

 

Tələb olunan su sərfiyyatı                  ___________

 

İcazə verilən su sərfiyyatı                  ___________

 

 

Texniki şərtlərin qüvvədə olma müddəti "_____" "__________" _______ il

1. Obyektin su və kanalizasiya şəbəkələrinə qoşulma şərtləri:

1.1. İstehlakçının supaylayıcı və kanalizasiya şəbəkələrinə qoşulma nöqtəsi (qoşulma  sxemi əlavə olunur)____________________________________

  ____________________________________________________________

 

 

1.2. Qoşulma nöqtəsində suyun təzyiqi

                                                yuxarı həddi ________________________

                                                  aşağı həddi _________________________

1.3. Nəzarət-ölçü cihazlarına və suölçən qovşaqlarına verilən xüsusi tələblər_______________________________________________________

1.4. Qoşulma nöqtəsindən obyektə çəkiləcək su və kanalizasiya xətlərinə aid tələblər____________________________________________________

1.5. Su təchizatı və kanalizasiya qurğularının inşasına qoyulan tələblər______________________________________________________

2.Su təchizatı və kanalizasiya sistemlərinin layihəsi "Tikinti Norma və Qaydaları"na əsasən işlənməlidir.

3.Hazırkı texniki şərtlər _____________________ xarakter daşıyır.

                                                                   (daimi və ya müvəqqəti)

4.Layihə sənədləri xüsusi icazəsi (lisenziyası) olan layihə təşkilatı tərəfindən hazırlanmalıdır.

5.Su təchizatı və kanalizasiya sisteminin layihə sənədləri STKM ilə razılaşdırılmalıdır.

6.Su sayğacı və su qurğuları Azərbaycan Respublikasının Standartlaşdırma,

Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən sertifikatlaşdırılmalı və onların siyahısı təsdiq olunaraq, dövlət reyestrinə daxil edilməlidir.

 

STKM-in nümayəndəsi ________    _______________________________

                              (imza)                 (soyadı, adı, atasının adı)

 
 

"İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi  və qoşulması Qaydaları"na

2 nömrəli əlavə

 Su təchizatı və kanalizasiya sisteminə qoşulma

 

AKTI

 

 

"____"   _________ 20_____    il               ______________şəhəri (rayonu)

 

 

Biz, aşağıda imza edənlər:

1.Su təchizatı və kanalizasiya müəssisəsinin nümayəndəsi_____________

_____________________________________________________________

(vəzifəsi, soyadı, adı, atasının adı)

 

2. Sifarişçi (və ya nümayəndəsi) _________________________________

_____________________________________________________________

(vəzifəsi, soyadı, adı, atasının adı)

 

3. Tikinti təşkilatının nümayəndəsi _______________________________

(vəzifəsi, soyadı, adı, atasının adı)

_____________________________________________________________

_____________________________________________________________

(tikinti obyektinin yerləşdiyi ünvan)

 

ünvanında yerləşən tikinti obyektinin su təchizatı və kanalizasiya qurğularının texniki sənədlərinə baxdıq və su xətlərinə baxış keçirdik. Su xətləri və qurğularının  layihəyə və tikinti normalarına uyğun tikildiyi və su təchizatı və kanalizasiya şəbəkəsinə qoşulmaq üçün hazır olduğu müəyyən edildi.

 

Layihə sənədi №____________     _______________tarixində verilmişdir.

 

Tikinti obyektinin su xətləri ­­­­­­­­­­­_____________  tarixində  _______________ nömrəli aktla istismara qəbul olunmuşdur.

Bunları nəzərə alaraq, tikinti obyektinin su təchizatı və kanalizasiya müəssisəsinin şəbəkəsinə qoşulmasına qərar verildi.

Qoşulma başa çatdırıldı  _______________                _____________

 

                                 (tarix)                                   (saat)

İmzalar: 

________________             ___________________________

                                            (soyadı, adı, atasının adı)

________________             ___________________________

                                            (soyadı, adı, atasının adı)

________________             ___________________________

                                           (soyadı, adı, atasının adı)

 

M.Y.  

 

  

 

"İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi  və qoşulması Qaydaları"na

3  nömrəli əlavə

  

                   Su təchizatı və kanalizasiya müəssisəsi və istehlakçı

                      arasında  su təchizatı və kanalizasiya sisteminin

                               balans mənsubiyyəti sərhədi barədə

 

                                                      AKT

"_____"__________20___il                              ____________ şəhər (rayon)

 

Biz, aşağıda imza edənlər:  _____________________________________

(su təchizatı və kanalizasiya müəssisəsi adından)

_____________________________________________________________

                                                     (vəzifəsi, soyadı, adı, atasının adı)

şəxsində və ___________________________________________________

______________________________müəssisəsi (və ya istehlakçı) adından

_____________________________________________________________ (vəzifəsi, soyadı, adı, atasının adı)

şəxsində tərəflər arasında su təchizatı və tullantı sularının axıdılması sisteminin balans mənsubiyyəti sərhədini aşağıdakı kimi müəyyən edirik:

 

(su təchizatı və tullantı sularının axıdılması sisteminin balans mənsubiyyəti

sərhədi müəyyən olunmuş yer)

_____________________________________________________________

_____________________________________________________________

_____________________________________________________________

_____________________________________________________________

 

İmzalar:

_____________________                         _____________________

_____________________                         _____________________

  (soyadı, adı, atasının adı)                      (soyadı, adı, atasının adı)  

 

 

         M.Y.                                                        M.Y.

 

 

 

"İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi  və qoşulması Qaydaları"na

4  nömrəli əlavə

 Su təchizatı və kanalizasiya müəssisəsi və istehlakçı

arasında  su təchizatı və kanalizasiya sisteminin

istismar mənsubiyyəti sərhədi barədə

 

AKT

"_____" __________ 20___ il                        _____________ şəhər (rayon)

 

Biz, aşağıda imza edənlər:

 _______________________________________________________________________________

             (su təchizatı və kanalizasiya müəssisəsi adından)

 

 _________________________________________________________________________________

               (vəzifəsi, soyadı, adı, atasının adı)

şəxsində və __________________________________________________

_______________________________müəssisəsi (və ya istehlakçı) adından

_____________________________________________________________ (vəzifəsi, soyadı, adı, atasının adı)

şəxsində tərəflər arasında su təchizatı və tullantı sularının axıdılması sisteminin istismar mənsubiyyəti sərhədini aşağıdakı kimi müəyyən edirik:

 

_________________________________________________________________________

(su təchizatı və tullantı sularının axıdılması sisteminin balans mənsubiyyətisərhədi müəyyən olunmuş yer)

 

_____________________________________________________________

_____________________________________________________________

_____________________________________________________________

İmzalar:

___________________                                              __________________

 

___________________                                              __________________ 

 (soyadı, adı, atasının adı)                                        (soyadı, adı,atasının adı)

 

            M.Y                                                                      M.Y                         

 

22 Avqust 2014, 10:08

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

3991—4000 / 10511

7 Mart 2018, 08:03

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

7 Mart 2018, 08:03

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

7 Mart 2018, 08:03

“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

7 Mart 2018, 08:03

“İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

7 Mart 2018, 08:03

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu   ətraflı...

7 Mart 2018, 08:03

“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 1 fevral tarixli 982-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

6 Mart 2018, 08:03

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

6 Mart 2018, 08:03

Yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

6 Mart 2018, 08:03

“Azərbaycan Respublikası ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 26 avqust tarixli 1640 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

6 Mart 2018, 08:03

Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...